Məhkəmə qərarları › İş №2(103)-3830/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3830/2025

13.08.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3830/2025 13.08.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı (Daxili İşlər Nazirliyi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) iş üzrə (Açar sözlər: “vurulmuş mənəvi ziyanın ödənilməsi” tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X2 (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Abdullayeva Çiçək qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı (Daxili İşlər Nazirliyi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “vurulmuş mənəvi ziyanın ödənilməsi” tələbinə mülki işlə bağlı Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1488/2025 nömrəli 22 aprel 2025-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(051)-40/2023 nömrəli hökmü ilə İddiaçı barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə təqsirliliyi sübuta yetirilmədiyindən bəraət verilmiş və İddiaçı barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv olunaraq məhkəmə zalında azad edilməsi hökm edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 26 iyul 2023-cü il tarixli 1(107)-207/2023 saylı qərarı ilə apellyasiya protesti təmin edilməmiş, Mingəçevir Şəhər Məhkəməsinin 16 mart 2023-cü il tarixli hökmü apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 26 iyul 2023-cü il tarixli qərarından kassasiya protesti verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2024-cü il tarixli, 1(102)-439/2024 saylı qərarı ilə Mingəçevir Şəhər Məhkəməsinin 16 mart 2023-cü il tarixli hökmü ilə İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə bəraət verilməsinə dair cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 26 iyul 2023-cü il tarixli qərarı kassasiya protestinə əsasən dəyişdirilmədən saxlanılmışdır.

Birinci instansiya məhkəməsindəki icraat

2. İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirılməsi barədə ərizə təqdim edərək, qanunsuz olaraq cinayət məsuliyyətinə cəlb olunmaqla, barəsində həbs qətimkan tədbiri seçilməklə və təqsirləndirilən şəxs qismində cəlb edilməyi ilə əlaqədar vurulmuş mənəvi ziyanın əvəzi kimi 30000 manat məbləğində pulun cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsi ilə dövlət büdcəsi vəsaiti hesabına ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilərək məhkəməyə verilmişdir. Barəsində Mingəçevir Şəhər Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir. Lakin məhkəmə istintaqı zamanı onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməyi sübutlarla öz əksini tapmamışdır. Belə ki, Mingəçevir Şəhər Məhkəməsinin 16 mart 2023-cü il tarixli, 1(051)-40/2023 saylı hökmü ilə ona qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə irəli sürülmüş cinayət əməlində cinayət tərkibi olmadığından ona həmin maddə ilə bəraət verilmişdir. Şəki Apellyasiya Məhkəməsinin 26 iyul 2023-cü il tarixli, 1(007)-40/2023 saylı qərarı ilə dövlət ittihamçısı X1 tərəfindən verilmiş apellyasiya protesti təmin edilməmiş, Mingəçevir Şəhər Məhkəməsinin 16 mart 2023-cü il tarixli, 1(051)-40/2023 saylı hökmü verilmiş apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Həmin qərardan narazı qalan dövlət ittihamçısı kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 20 fevral 2024-cü il tarixli, 1(102)- 439/2024 saylı qərarı ilə dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti təmin edilməmişdir. Göründüyü kimi o, qanunsuz həbsdə saxlanılmışdır. Bu müddət ərzində, yəni onun cinayət məsuliyyətinə cəlb edilməsinə görə o və ailə üzvləri mənəvi iztirab keçirmişlər. Barəsində müxtəlif şaiyələr gəzmiş, şərəf və ləyaqətini ləkələyən məlumatlar formalaşmışdır. Beləliklə, təhqiqat, ibtidai istintaq və prokurorluq orqanlarının qanunsuz hərəkətləri nəticəsində ziyan çəkmiş, cəmiyyət işində hörmətdən düşmüşdür. Hər kəs ondan nə baş verdiyini soruşmuş, bunun da nəticəsində o sarsıntı keçirmiş və ona mənəvi ziyan vurulmuşdur. Odur ki, ona vurulmuş mənəvi zərərin əvəzi ödənilməlidir. Vurulmuş mənəvi zərəri 30.000 manat məbləğində qiymətləndirir.

4. Cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinin nümayəndəsi X5 tərəfindən məhkəməyə iddia ərizəsinə etiraz göndərilmişdir. Həmin etirazda qeyd olunmuşdur ki, İddiaçı təhqiqat və ibtidai istintaq orqanlarının qanunsuz hərəkətləri nəticəsində dəymiş mənəvi ziyana görə 30000 manat kompensasiya ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət etmişdir. Məlum olduğu kimi Maliyyə Nazirliyi bu işə cavabdeh kimi cəlb edilmişdir. İddia tələbinə etiraz edərək bildirilir ki, qeyd olunan tələb əsaslı olmadığından iddia tələbi rədd edilməlidir. İddiaçı mənəvi zərərin əvəzi olaraq 30000 manat ödənilməsini tələb edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixli qərarında qeyd edilir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyriəmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyn hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf,ləyaqət,işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ və s. şəxsi qeyri-əmlak hüquqlar və digər çaddi nemətlət) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 03 noyabr 2008-ci il tarixli, 7№-li qərarına əsasən Plenum izah edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli-əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Plenum izah edir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və srsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Hesab edilir ki, iddiaçı onun barəsində mənfi fikrin formalaşmasına, onu əhatə edən şəxslərə münasibətlərin pisləşməsinə dair əsaslı sübutlar göstərə bilməmişdir. Bundan başqa, mənəvi zərərin müəyyən edilməsi zamanı analojinorma kimi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 190-cı maddəsinin müddəaları nəzərə alınmalıdır. Belə ki, həmin maddədə zərər çəkmiş şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə ona vurulmuş ziyana görə müvafiq məbləğdə kompensasiya almaq hüququ müəyyən edilmişdir. (ona qarşı xüsusilə ağır cinayət törədildikdə - üç yüz otuz manat, ona qarşı ağır cinayət törədildikdə - yüz altmış beş manat, ona qarşı az ağır cinayət törədildikdə - əlli beş manat, ona qarşı böyük icimai təhlükə törətməyən cinayət törədildikdə - on bir manat). Göründüyü kimi qanunvericiliyə əsasən hər hansı şəxsə qarşı xüsusilə ağır cinayət törətdiyi halda ona ödəniləcək kompensasiyanın məbləği üç yüz otuz manatdır. Aərbaycan Respublikası Prezidentinin 9 fevral 2009-cu il tarixli 48 nömrəli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Maliyyə Nazirliyi haqqında Əsasnamə”yə əsasən Maliyyə Nazirliyi Azərbaycan Respublikası Milli Məclisi tərəfindən hər il üçün təsdiq edilmiş dövlət büdcəsinin xərc maddələri üzrə büdcə daxilolmalarının vəziyyətindən asılı olaraq bütün büdcə təşkilatlarını (kredit sərəncamçıları) yalnız onların sifarişinə və məxaric cədvəllərinə əsasən onların xərc smetalarında nəzərdə tutulmuş vəsaitlər həddində maliyyələşməsini həyata keçirir. Maliyyə Nazirliyində büdcə təşkilatları əvəzinə vəsaiti hər hansı bir təyinata yönəltmək səlahiyyəti Maliyyə Nazirliyinin büdcə təşkilatları əvəzinə vəsaiti hər hansı bir təyinata yönəltmək səlahiyyəti yoxdur. Eyni zamanda “Dövlət büdcəsi” ifadəsi də ümumi anlayışdır və burada hər bir büdcə təşkilatına (kredit sərəncamçılarına) müvafiq məqsədlər üçün xərc maddələri üzrə vəsait nəzərdə tutulur. Xərc maddələri isə qanunda təsdiq olunduğundan Maliyyə Nazirliyinin onu dəyişdirmək hüququ yoxdur. “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən Azərbaycan Respublikası dövlət büdcəsinin məqsədi ölkənin iqtisadi, sosial və digər strateji proqramlarının və problemlərinin həlli, dövlətin funksiyalarının həyata keçirilməsi üçün qanunvericiliklə müəyyən edilmiş qaydada maliyyə vəsaitinin toplanmasını və istifadəsini təmin etməkdir. Azərbaycan Respublikası MülkiProsessual Məcəlləsinin 77-ci maddəsinin tələblərinə görə hər bir tərəf öz tələbərinin və etirazlarının əsası kimi istinad etdiyi halalrı sübut etməlidir. İddiaçı maddi və mənəvi zərərə məruz qaldığını bildirsə də, onun iddia ərizəsində bu zərəri sübut edəcək heç bir fakt mövcud deyildir. İddiaçı ona maddi və mənəvi ziyanın dəyməsi halalrının təsdiq edən hər hansı bir sübut təqdim etmədən və ümumi ifadələrlə kifayətlənərək ziyanın ödənilməsini tələb etmişdir. Göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsi xahiş edilmişdir.

5. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1488/2025 nömrəli 22 aprel 2025ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyindən (dövlət büdcəsinin vəsaiti hesabına) İddiaçı xeyrinə 3500 manat məbləğində mənəvi zərərin və hüquqi xidmətə görə ödənilmiş 300 manatın əvəzinin ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. (hakim X3)

6. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096-cı, 1100-cü, 1101-ci maddələrinə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 57.1-ci, 58-ci maddələrinə, «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» Azərbaycan Respublikası Qanununun 4-cü, 5-ci, 6-cı, 7-ci, 12-cı maddələrinə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14-cü, 81-ci, 217-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” xx.xx.2002-ci il tarixli qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 87.6.14, 89.4.12 və 422.3-cü maddələrinə dair” xx.xx.2002-ci il tarixli qərarına, Avropa Məhkəməsinin “ədalətli kompensasiya tələbləri barədə Praktiki Qaydaları” nın 13-cü bəndinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

7. Qətnamədən cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Maliyyə Nazirliyi Azərbaycan RespublikasıMilli Məclisi tərəfindən hər il üçün təsdiq edilmiş dövlət büdcəsinin xərc maddələri üzrə büdcə daxilolmalarının vəziyyətindən asılı olaraq bütün büdcə təşkilatlarını onların şifarişləri əsasında tərtib olunmuş smetalarına uyğun olaraq mütəmadi maliyyələşdirir. Maliyyə Nazirliyinin kredit sərəncamçıları(hüquq-mühafizə orqanları) əvəzinə vəsaiti hər hansı bir təyinata yönəltmək səlahiyyəti yoxdur. Xərc maddələri isə qanunla təsdiq olunduğundan və Maliyyə Nazirliyinin onu dəyişdirmək hüququ olmadığından məhkəmə qərarının icrasının aidiyyəti büdcə təşkilatına deyil, birbaşa və maliyyə mənbəyi göstərilmədən mücərrəd şəkildə dövlət büdcəsinə yönəldilməsi tamamilə yanlışdır və belə olan halda yuxarıda sadalanan pozuntular nəticəsində qəbul edilən məhkəmə qərarının icrası ümumiyyətlə mümkünsüzdür. Başqa sözlə, büdcə təşkilatı Nazirliyin müvafiq xəzinədarlıq qurumuna sifariş vermək öhdəliyindən kənarda qaldığından xəzinədarlığın əsas prinsipləri pozulmuşdur və vəsaitin hansı xərclərdən ödənilməli olması məsələsi isə mübahisə doğurmaqdadır. Məhkəmə tərəfindən dövlət büdcəsindən vəsaitin iddiaçıya ödənilməsi qət edilərkən, həmin vəsaitin gələcəkdə dövlət büdcəsinə bərpası(qaytarılması) məqsədilə ziyanı vuran təqsirli vəzifəli şəxs müəyyən edilməmişdir. Eyni zamanda hesab edirik ki, mənəvi zərərin müəyyən edilməsi zamanı analoji norma kimi Azərbaycan RespublikasıCinayət-Prosessual Məcəlləsinin 190-cımaddəsinin müddəaları nəzərə alınmalıdır. Belə ki, həmin maddədə zərər çəkmiş şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə ona vurulmuş ziyana görə müvafiq məbləğdə kompensasiya almaq hüququ müəyyən edilmişdir. (ona qarşı xüsusilə ağır cinayət törədildikdə — üç yüz otuz manat, ona qarşı ağır cinayət törədildikdə — yüz altmış beş manat, ona qarşı az ağır cinayət törədildikdə — əlli beş manat, ona qarşı böyük ictimai təhlükə törətməyən cinayət törədildikdə — on bir manat). Göründüyü kimi mövcud qanunvericiliyə əsasən hər hansı şəxsə qarşı xüsusilə ağır cinayət törədildiyi halda ona ödəniləcək kompensasiyanın məbləği üç yüz otuz manatdır. Fikrimizcə Cinayət-Prosessual Məcəllənin yuxarıda sadalanan norması kontekstində iddiaçıya mənəvi zərərə görə 3500 manat məbləğində kompensasiya hesablanması tamamilə əsassızdır. Qətnamədən göründüyü kimi məhkəmə tərəfindən maddi zərərlə bağlı 6900 manat vəsaitin dövlət büdcəsindən ödənilməsi qət edilərkən hər hansı fakt göstərilməmiş, hər hansı sübut tədqiq olunmamışdır. Məhkəmə yalnız iddiaçının fikir və mülahizələrinə etimad göstərməklə kifayətlənmişdir. Maddi zərərlə bağlı sübutlar mövcud olduğu halda məhkəmə onların hər birinə konkret istinad etməklə (sənədin adı, tarixi və digər rekvizitləri qeyd olunmaqla) hər bir xərci ayrıca göstərməli idi. Bu baxımdan məhkəmənin qətnaməsi mövcud qanunvericiliyin tələblərinə zidd olduğundan ləğv edilməlidir Qətnamədən də göründüyü kimi məhkəmə baxışı zamanı qeyd olunanlarla bağlı, hər hansı faktlar göstərilməmiş, eyni zamanda, mənəvi zərərlə də bağlı hər hansı sübut tədqiq olunmamışdır. Şəxsin fiziki və mənəvi iztirabları barədə sübutlar mövcud olduğu halda məhkəmə onların hər birinə konkret istinad etməklə (sənədin adı, tarixi və digər rekvizitləri qeyd olunmaqla) hər bir xərci ayrıca göstərməli idi.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

10. İddiaçı, cavabdeh və iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Daxili İşlər Nazirliyinin nümayəndəsi məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, hər hansı üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə uyğun olaraq məhkəmə apellyasiya şikayətinə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

11. Azərbaycan Respublikasının Konstitusiyasının 68-ci maddəsinin 3-cü hissəsinə əsasən hər kəsin dövlət orqanlarının yaxud onların vəzifəli şəxslərinin qanuna zidd hərəkətləri və ya hərəkətsizliyi nəticəsində vurulmuş zərərin dövlət tərəfindən ödənilməsi hüququ vardır.

12. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir; Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər; 1100-cü maddəsinə əsasən dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir; 1101.1-ci maddəsinə əsasən qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qəti imkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir.

13. “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikası Qanununun: 1-ci maddəsinin 5-ci hissəsinə əsasən bu Qanunun və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarının müddəalarına əsasən Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində şəxsin qanunsuz həbs olunması və ya tibbi, yaxud tərbiyə müəssisəsinə məcburi yerləşdirilməsi, habelə qanuni əsas olmadan müəyyən edilmiş müddətdən artıq həbsdə saxlanılması nəticəsində həmin şəxsə vurulmuş ziyan təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq tam həcmdə ödənilir; 4-cü maddəsinə əsasən vurulmuş ziyanın bu Qanunla müəyyən edilmiş hallarda, miqdarda və qaydada ödənilməsi hüququ bəraətverici hökm çıxarıldıqda yaranır; 5-ci maddəsinin 5-ci hissəsinə əsasən bu Qanunun 1-ci maddəsində nəzərdə tutulmuş hallarda hər bir şəxsə vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir; 6-cı maddəsinə əsasən bu Qanunun 5-ci maddəsində nəzərdə tutulmuş hallarda vurulmuş ziyanın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir; 7-ci maddəsinə əsasən təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində şəxsə vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. Şəxsin barəsində mənfi fikrin formalaşmasına, onu əhatə edən şəxslərlə münasibətlərin pisləşməsinə gətirib çıxaran və digər mənəvi xarakterli mənfi nəticələr mənəvi ziyan hesab edilir. Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində şəxsə vurulmuş fiziki və mənəvi ziyan mülki qanunvericiliklə nəzərdə tutulmuş qaydada ödənilir. 12-ci maddəsinə əsasən fiziki və mənəvi ziyan, Azərbaycan Respublikasının qanunvericiliyi ilə digər hal nəzərdə tutulmayıbsa, məhkəmə tərəfindən ədalətli hesab olunmuş məbləğdə ödənilir. İstintaq və ya inzibati icraat müddətində və ya cəza çəkdiyi dövrdə şəxsə vurulmuş mənəvi ziyanın ümumi məbləği Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məhkəmə tərəfindən müəyyən edilir. Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi barədə işlər üzrə ziyan çəkmiş tərəf məhkəmə məsrəflərinin ödənilməsindən azad olunur.

14. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixli qərarında qeyd edilmişdir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloci reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Həmin qərara əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür.

15. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

16. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.13-cü maddəsinə əsasən təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxsə vurulmuş ziyanın ödənilməsi haqqında mübahisələr üzrə - tərəflər dövlət rüsumu ödəməkdən azad olunurlar.

17. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli Qərarının: 2-ci bəndində izah edilmişdir ki, zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. 4-cü bəndində qeyd edilmişdir ki, şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. 7-ci bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1115-ci maddəsinə əsasən zərərin ödənilməsi zərərin əvəzini naturada ödəməklə və ya vurulmuş zərərin əvəzini pulla ödəməklə həyata keçirilə bilər. Məhkəmələr nəzərə almalıdırlar ki, mənəvi zərərin əvəzi bir qayda olaraq pulla müəyyən edilir və ödənilir. 8-ci bəndində isə izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. 10-cu bəndində izah edilmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır.

Apellyasiya baxışının hədləri

18. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

19. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

20. Hazırkı apellyasiya şikayətində qətnamənin ləğv edilib, iddianın rədd edilməsi xahiş olunduğundan, qətnamə tam yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

21. Məhkəmə kollegiyası аpеllyаsiyа şikаyətinin dəlillərini iş mаtеriаllаrı ilə birlikdə аrаşdırıb, hеsаb еdir ki, birinci instansiya məhkəməsi işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmışdır. Apellyasiya şikayətinin dəlilləri əsassızdır, birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsinə və ya dəyişdirilməsinə hər hansı əsas yoxdur.

22. Hazırkı işin həlli baxımından məhkəmə kollegiyası vurğulayır ki, iş materiallarına əlavə olunmuş Mingəşevir ŞPŞ-nin 21 avqust 2022-ci il tarixli qərarı ilə xx.xx.1992-ci ildə Şuşa şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, subay, məhkumluğu olmayan, Şuşa şəhəri, Q.B.Zakir küçəsi, ev 12-də qeydiyyatda olan, Mingəçevir şəhəri H.Əliyev prospekti, ev 7, mənzil 16-da yaşayan İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulması qərara alınmışdır. Mingəçevir ŞPŞ-nin 22 avqust 2022-ci il tarixli, ********* saylı “təqsirləndirilən şəxs qismində cəlb etmək” barədə qərarı ilə İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi və ona həmin maddədə nəzərdə tutulan ittihamın elan edilməsi qərara alınmışdır. Mingəçevir ŞPŞ-nin 22 avqust 2022-ci il tarixli, ********* saylı “təqsirləndirilən şəxsin müvəqqəti saxlama yerindən dərhal azad edilməsi” barədə qərarı ilə təqsirləndirilən şəxs İddiaçı saxlanıldığı Mingəçevir ŞPŞ-nin MSY-dən dərhal azad edilməsi qərara alınmışdır. Mingəçevir ŞPŞ-nin 22 avqust 2022-ci il tarixli, ********* saylı “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin seçilməsi barədə qərarı ilə xx.xx.1992-ci ildə Şuşa şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, subay, məhkumluğu olmayan, Şuşa şəhəri, Q.B.Zakir küçəsi, ev 12-də qeydiyyatda olan, Mingəçevir şəhəri H.Əliyev prospekti, ev 7, mənzil 16-da yaşayan İddiaçı barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilməsi qərara alınmışdır. Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarxili, 1(051)-40/2023 saylı qərarı ilə xx.xx.1992-ci ildə Şuşa şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, subay, məhkumluğu olmayan, Şuşa şəhəri, Q.B.Zakir küçəsi, ev 12-də qeydiyyatda olan, Mingəçevir şəhəri H.Əliyev prospekti, ev 7, mənzil 16- da yaşayan İddiaçı barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbirinin həbs qətimkan tədbiri ilə əvəz edilməsi və onun barəsində axtarış elan olunması qərara alınmışdır. Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(051)-40/2023 saylı hökmü ilə İddiaçı barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə təqsirliliyi sübuta yetirilmədiyindən bəraət verilmiş və İddiaçı barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv olunaraq məhkəmə zalında azad edilməsi hökm edilmişdir. Beləliklə, qanunsuz olaraq həbsdə saxlanılma və azadlıqdan məhrum olunma nəticəsində İddiaçı mənəvi əzab və sarsıntı keçirməsi şəksizdir.

23. Göründüyü kimi iddiaçı iddia ərizəsində qeyd etdiyi kimi xx.xx.2022-ci il tarixdən xx.xx.2021-cü il tarixədək 5 ay olmaqla barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək 2 ay 3 gün olmaqla həbsdə saxlanılmışdir. Buna görə də birinci instansiya məhkəməsi işin faktiki hallarını və İddiaçı keçirdiyi mənəvi əzab və sarsıntının dərəcəsini, habelə mövcud məhkəmə təcrübəsini nəzərə alaraq mənəvi zərərin əvəzi kimi 3500 manat pulun (həbsdə saxlanıldığı müddəti nəzərə alıb hər ay üçün 1.000 manat, polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri ilə bağlı hər ay 300 manat olmaqla) Azərbaycan Respublikasının Maliyyə Nazirliyindən (Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına) İddiaçı xeyrinə tutmaqla düzgün nəticəyə gəlmişdir.

24. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə istinadən ilk növbədə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1101.1-ci maddəsində konkret halda zərərin əvəzinin Azərbaycan Respublikası tərəfindən ödənilməsi, “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsində vurulmuş ziyanın ödənilməsinin dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilməsi təsbit olunmuşdur.

25. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» 31 may 2002-ci il tarixli qərarında Konstitusiya Məhkəməsi aşağıdakıları qeyd etmişdir: «Hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Mülki Məcəllənin 21.1-ci maddəsində göstərilir ki, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Məcəllənin 21.2-ci maddəsində müəyyən edidlir ki, zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və çəkməli olduğu xərclər, əmlakından məhrum olunması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Beləliklə, bu maddədə nəzərdə tutulmuş zərər real zərər və əldən çıxmış faydadan ibarətdir.

26. Konstitusiya Məhkəməsi həmçinin qeyd etmişdir ki, mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixioloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də, cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır.

27. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi «Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 87.6.14, 89.4.12 və 422.3-cü maddələrinə dair» 19 mart 2002-ci il tarixli qərarında da «Cinayət və hakimiyyətdən sui-istifadə qurbanları üçün ədalət müşakiməsinin əsas prinsipləri haqqında» Bəyamnaməyə istinad etmişdir: «Bəyannamənin 4-cü maddəsində göstərilir ki, qurbanlara (qurbanlar dedikdə, milli cinayət qanunlarının pozulması nəticəsində bədən xəsarəti və ya mənəvi ziyan, emosional əzab, maddi zərər, yaxud əsas hüquqlarının xeyli dərəcədə sıxışdırılması daxil olmaqla fərdi, yaxud kollektiv şəkildə zərər yetirilən şəxslər başa düşülür) mərhəmət göstərmək və ləyaqətlərinə hörmətlə yanaşmaq lazımdır. Onlara ədalət mühakiməsinin vasitələrindən istifadə etmək və milli qanunvericiliyə əsasən dəymiş zərərin tezliklə ödənilməsini təmin etmək üçün şərait yaradılmalıdır.

28. Məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi iddiaçının mənəvi zərərə məruz qalması və bu zərərin əvəzinin dövlət büdcəsinin vəsaiti hesabına ödənilməli olması barədə düzgün nəticəyə gəlmişdir. Eyni zamanda kollegiya kollegiya hesab edir ki, mənəvi zərərin 3500 manat məbləğində təmin olunmasını məhkəmə ədalətli və ağlabatan hesab edir.

29. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarında göstərilmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır.

30. Eyni zamanda kollegiya Maliyyə Nazirliyinin apellyasiya şikayətinin digər dəlilinə münasibətdə kollegiya qeyd edir ki, Mülki Məcəllənin 43.3-cü maddəsinə əsasən Azərbaycan Respublikası mülki hüquq münasibətlərində eynilə digər hüquqi şəxslər kimi iştirak edir. Bu hallarda Azərbaycan Respublikasının səlahiyyətlərini onun hüquqi şəxslər olmayan orqanları həyata keçirirlər. Azərbaycan Respublikası Prezidentinin 9 fevral 2009cu il tarixli, 48 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında Əsasnamə”nin İ hissəsinin 1-ci bəndinə müvafiq olaraq Maliyyə Nazirliyi Azərbaycan Respublikasının maliyyə siyasətini işləyib hazırlayan və həyata keçirən, dövlət maliyyəsinin idarə olunmasını təşkil edən, dövlət və icmal büdcələrin layihələrini hazırlayan və dövlət büdcəsinin kassa icrasını təmin edən, dövlət borcunun və maliyyə öhdəliklərinin idarə edilməsi, mühasibat uçotunun təşkili və aparılması sahələrində dövlət tənzimlənməsinin, dövlət büdcəsi vəsaitindən istifadə, qiymətli metalların və qiymətli daşların istehsalı, emalı və dövriyyəsi sahələrində dövlət nəzarətinin həyata keçirilməsini təmin edən mərkəzi icra hakimiyyəti orqanıdır.

31. Belə olan halda, hazırkı iş üzrə iddiaçıya kompensasiya qismində ödənilməli olan pul vəsaiti də dövlət büdcəsi hesabına dövlət maliyyəsinin idarə olunmasını təşkil edən və dövlət büdcəsinin kassa icrasını təmin edən Maliyyə Nazirliyi tərəfindən icra edilməlidir. Nəzərə alınmalıdır ki, hər il təsdiq olunan Dövlət büdcəsində hüquq mühazifə orqanlarının qanunsuz hərəkətləri nəticəsində ziyan çəkmiş, bəraət almış şəxslərə vəsaitlərin ödənilməsi ilə bağlı ayrıca bənd nəzərdə tutulur.

32. Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyana görə Azərbaycan Respublikası məsuliyyət daşıdığından və “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında Əsasnamə”yə əsasən dövlət büdcəsinin kassa icrasını təmin edən mərkəzi icra hakimiyyəti orqanı kimi Maliyyə Nazirliyi nəzərdə tutulduğundan, belə kateqoriyadan olan işlər üzrə dövlətin adından cavabdeh kimi Azərbaycan Respublikasının Maliyyə Nazirliyi cəlb olunur.

33. Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin belə kateqoriyadan olan işlərdə cavabdeh kimi cəlb olunması həmin dövlət orqanının delikt törədən şəxs kimi qəbul olunması anlamını vermir. Apellyasiya şikayətinin ziyanı vuran təqsirli vəzifəli şəxsin müəyyən edilməməsi barədə dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, bu kateqoriyadan olan işlərə baxılarkən ziyanı vuran təqsirli vəzifəli şəxsin müəyyən edilməsi məhkəmənin vəzifəsi deyildir.

34. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayətində irəli sürdükləri yalnız formal mülahizələrdir; faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnamə isə yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu səbəbdən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

35. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 372-ci, 382-ci, 384cü, 392-ci, 393-cü, 402-ci, 403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət etdi:

Cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinin apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1488/2025 nömrəli 22 aprel 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar