Məhkəmə qərarları › İş №2(103)-3846/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3846/2025

23.07.2025 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3846/2025 23.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh MMC-yə qarşı iş üzrə QƏTNAMƏ İş № 2(103)-3846/2025 (Açar sözlər: ödənilməmiş əmək haqqı) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Babayev Fuad Fikrət oğlu (məruzəçi), X2 və X1 ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi ilə, İddiaçının nümayənsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “əmək haqqı” tələbinə dair mülki iş üzrə üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-1752/2025 saylı 13 mart 2025-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 23 iyul 2025-ci il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktı a) Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı məhkəməyə müraciət edərək Cavabdeh MMC-dən tutularaq İddiaçı 2024cü ilin aprel ayından etibarən ödənilməmiş əmək haqqı məbləğinin ödənilməsi, İddiaçı istifadə edilməyən əmək məzuniyyəti günlərinə görə kompensasiya məbləğinin Cavabdeh MMC-dən tutularaq iddiaçıya verilməsi, İddiaçı hər gecikdirilmiş gün üçün əmək haqqının bir faizi məbləğində ödəncin Cavabdeh MMC-dən tutularaq iddiaçıya verilməsi, 61 manat məbləğində mediasiya xərcinin və 250 manat vəkilin göstərdiyi yardıma görə xərcin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı əmək müqaviləsinə əsasən işəgötürən Cavabdeh MMC-də xx.xx.2020-ci il tarixindən başlayaraq xx.xx.2024-cü il tarixinə kimi “kiçik mühəndis proqramçı” vəzifəsində çalışmışdır. Bu müddət ərzində əmək haqqı məbləği bir neçə dəfə artırılmış, sonuncu dəfə aylıq əmək haqqı 1698.29 manat olaraq müəyyən edilmişdir. Əmək müqaviləsi bağlandığı tarixdən iddiaçıya cavabdeh tərəfindən 2024-cü ilin aprel ayına qədər əmək haqqı ödənilmişdir. 2024-cü ilin fevral ayının əmək haqqısı mart ayında, mart ayının əmək haqqısı isə aprel ayında ödənilmişdir. Tərəflər arasında əmək münasibətləri mövcud olsa da, məhz 2024-cü ilin aprel ayından başlayaraq iddiaçıya cavabdeh tərəfindən əmək haqqının ödənilməsi ümumiyyətlə dayandırılmışdır. Bununla bağlı iddiaçı dəfələrlə cavabdehə məlumat verərək əmək haqqının ödənilməsini tələb etsə də, ona gözləməli olduğu bildirilmişdir. xx.xx.2024-cü il tarixində iddiaçı cavabdeh tərəfindən qəbul olunmuş 43 nömrəli əmrə əsasən, AR Əmək Məcəlləsinin 68-ci maddəsinin 2a bəndinə əsasən tutduğu vəzifədən azad edilmişdir.

3. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-1752/2025 saylı 13 mart 2025ci il tarixli qətnaməsi ilə (hakim Samirə Eyvazova) iddianın təmin edilməsi, Cavabdeh MMC-dən 2024-cü ilin aprel ayından etibarən ödənilməmiş əmək haqqı, əmək haqqının gecikdirməsinə görə hər gecikdirilmiş gün üçün əmək haqqının 1 faizi məbləğində cərimə və ödənilməmiş məzuniyyət günlərinə görə kompensasiya məbləğinin tutularaq İddiaçı ödənilməsi, iddiaçı tərəfindən ödənilmiş 61 manat mediasiya xərcinin Cavabdeh MMC-dən tutularaq İddiaçı ödənilməsi və həmçinin iddiaçı tərəfindən hüquqi yardım üçün ödənilmiş 250 manat xərcin Cavabdeh MMC-dən tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.

4. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2.2, 2.3, 3.3, 3.5, 3.9, 42.2, 68.1, 68.2, 83.2, 114.2, 131.1, 131.2, 135.1, 140.1, 142, 143.1, 143.2, 144.2, 154, 172.1, 172.5-ci maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 107, 119.1, 217.1-217-4-cü maddələrinə, xx.xx.1996-cı il tarixli Avropa Sosial Xartiyasının 24 və 26.2-cı maddələri, həmçinin Konstitusiya Məhkəməsinin 11 aprel 2023-cü il tarixli Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinin şərh edilməsinə dair xx.xx.2023-cü il tarixli Qərarına istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

5. Qətnamədən cavabdeh apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilərək, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. Apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən işin halları aydınlaşdırılarkən, əmək haqqının hansı səbəbdən ödənilməməsi, ödənilməməyə görə cavabdehin təqsirli hərəkəti və bu hərəkətlə təqsir arasında səbəbliəlaqə araşdırılmamışdır. İddia tələbinə bir qayda olaraq, iddiaçı tərəfindən təqdim olunan sənədlər əsasında baxılmış, cavabdehin prosesdə iştirakı təmin edilməmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

7. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

8. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili apellyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini xahiş etdi.

9. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış cavadehin nüamyəndəsi məhkəmə iclasında iştirak etməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.. Məhkəmə kollegiyası prosesə gəlməyən cavadehin nüamyəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Əmək Məcəlləsi (tərəflər arasında mübahisəli hüquq münasibəti mövcud olam vaxt qüvvədə olan redaksiya)

10. Maddə 2. 3-cü hissə. Əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması, maddi, mənəvi, sosial, iqtisadi və digər həyati tələbatlarını ödəmək məqsədi ilə əqli, fiziki və maliyyə imkanlarından sərbəst istifadə etməsinin təmin edilməsi və əmək müqaviləsi (kontrakt) üzrə öhdəliklərinin icrasına hüquqi təminat yaradılması prinsiplərinə əsaslanır.

11. Maddə 131.2. İşçiyə altı ay işlədikdən sonra birinci iş ili bitənədək əmək məzuniyyəti ərizəsi əsasında işəgötürənlə razılaşdırıldığı vaxtda verilə bilər.

12. Maddə 140.1. Məzuniyyət vaxtı üçün ödənilən orta əmək haqqı onun hansı iş ili üçün verilməsindən asılı olmayaraq məzuniyyətin verildiyi aydan əvvəlki 12 təqvim ayının orta əmək haqqına əsasən müəyyən edilir.

13. Maddə 142.1. Məzuniyyət vaxtının əmək haqqı əməyin ödənilməsi üçün nəzərdə tutulan vəsait hesabına ödənilir.

14. Maddə 143.1. Müvafiq iş ilinin (illərinin) məzuniyyətindən istifadə etməmiş işçi ilə, bu Məcəllənin 70-ci maddəsinin «a» və «ç» bəndlərində nəzərdə tutulmuş əsaslarla işdən çıxarılma halları istisna olmaqla qalan hallarda əmək müqaviləsinə xitam verilərkən işçinin arzusu ilə həmin iş ili (illəri) üçün ona məzuniyyət verilir və işdənçıxma tarixi məzuniyyətin son günü hesab edilir.

15. Maddə 143.2. İşçi bu maddədə nəzərdə tutulmuş hallarda və qaydada məzuniyyətdən istifadə etmək istəmədikdə ona bu Məcəllənin 144-cü maddəsi ilə müəyyən edilmiş qaydada və şərtlərlə istifadə edilməmiş məzuniyyətə görə pul əvəzi ödənilir.

16. Maddə 144.2. Əmək müqaviləsinə xitam verilməsinin səbəbindən və əsasından asılı olmayaraq işçiyə işdən çıxan günədək hər hansı şərt və ya məhdudiyyət qoyulmadan istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətlərinə görə pul əvəzi ödənilməlidir.

17. Maddə 154.1. Əmək haqqı — müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur.

18. Maddə 172.1. Aylıq əmək haqqı işçilərə, bir qayda olaraq, iki hissəyə bölünərək (avans olaraq və qalan hissəsi məbləğində) on altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə verilməlidir. Əmək haqqı illik dövr üçün hesablanan işçilərə isə ayda bir dəfədən az olmayan müddətdə verilməlidir.

19. Maddə 172.5. Əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin «Əmək mübahisələri» bölməsində nəzərdə tutulan qaydada həll edilir.

1996-cı il 3 may tarixli Dəyişdirilmiş Avropa Sosial Xartiyası:

20. Maddə 4. Əməyin ədalətli ödənilməsi hüququnun səmərəli həyata keçirilməsini təmin etmək məqsədilə Tərəflər aşağıdakı öhdəlikləri götürürlər:: a) işçilərin əməyinin işçilərə və ailələrinə layiqli həyat səviyyəsini təmin edəcək dərəcədə ödənilməsi hüququnu tanımaq;

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

21. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

22. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

23. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

24. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

25. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

26. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

27. Cavabdeh tərəfindən qətnamə tamamilə mübahisələndirildiyindən, hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının tam yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

28. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

29. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir.

30. Belə ki, iş materiallarında olan xx.xx.2024-cü il tarixli, 43 No-li Əmək müqaviləsinə xitam verilməsi barədə əmrə əsasən, Cavabdeh MMC bölməsində “Kiçik mühəndis proqramçı” vəzifəsində işləyən İddiaçı ilə bağlanmış xxxxxxx000100 nömrəli əmək müqaviləsinə, AR-ın ƏM-nin 68.2. “a”-“tərəflərdən birinin təşəbbüsü” maddəsinə əsasən xx.xx.2024-cü il tarixində xitam verilmişdir. İşçinin xx.xx.2020-ci il tarixindən xx.xx.2024-cü il tarixinə qədər istifadə edilməmiş 58 məzuniyyət gününün son haqqhesabının qanunvericiliyə uyğun şəkildə hesablanıb ödənilməsi Maliyyə şöbəsinə həvalə edilmişdir.

31. xx.xx.2020-ci il tarixli, xxxxxxx000100 nömrəli əmək müqaviləsi bildirişinə əsasən, İddiaçı vəzifə maaşı 432 manat məbləğindədir.

32. xx.xx.2023-cü il tarixli, xxxxxxx000106 nömrəli əmək müqaviləsi bildirişinə dəyişikliyə əsasən, İddiaçı vəzifə maaşı 1698,29 manat məbləğindədir.

33. "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli xx.xx.2023-xx.xx.2024-cü il tarixlərini əhatə edən hesabdan çıxarışa əsasən İddiaçı son dəfə Cavabdeh MMC tərəfindən xx.xx.2024-cü il tarixində 1500 manat məbləğində əmək haqqı ödənilmişdir. 34 xx.xx.2024-cü il tarixli, **********2 No-li ödəniş qəbzinə əsasən, “Ədalət” Vəkil Bürosuna 250 manat məbləğində pul vəsaiti ödənilmişdir.

35. Yuxarıda adları çəkilən iş materiallarından da göründüyü kimi xx.xx.2024-cü il tarixində tərəflər arasında bağlanmış əmək müqaviləsinə xitam verilsə də, İddiaçı aprel ayından əmək müqaviləsinə xitam verilən dövrədək əmək haqqı almamış, cavabdeh tərəfindən də bu halı təkzib edəcək hər hansı dəlil təqdim edilməmişdir. Odur ki, birinci instansiya məhkəməsinin İddiaçı aprel ayından əmək müqaviləsinə xitam verilən dövrədək ödənilməmiş əmək haqqısının Cavabdeh MMC-dən tutularaq iddiaçıya ödənilməsi barədə mövqeyi əsaslı olmuşdur.

36. Belə ki, Əmək Məcəlləsinin 178-ci maddəsinin 1-ci hissəsinə müvafiq olaraq, işəgötürən maliyyə vəziyyətindən asılı olmayaraq işçiyə onun gördüyü işin müqabilində müəyyən edilmiş əmək haqqını bu Məcəllənin 172-ci maddəsi ilə müəyyən edilmiş müddətlərdə ödəməyə borcludur. İşçiyə aylıq əmək haqqının ödənilməməsində təqsirkar olan işəgötürən qanunvericilikdə nəzərdə tutulan qaydada müvafiq məsuliyyətə cəlb edilməlidir.

37. Beləliklə, işçinin əmək müqaviləsi üzrə əsas hüququ qanunvericiliklə müəyyən edilmiş minimum məbləğdən aşağı olmayan əmək haqqı almaqdır. Odur ki, işçilərin vaxtında, tam məbləğdə və ədalətli əmək haqqı alması təmin edilməlidir. Əmək müqaviləsinin şərtlərindən biri vaxtında işçiyə əmək haqqının ödənilməsidir. Bu şərt əmək müqaviləsinin əvəzli xarakterindən irəli gəlir, əmək müqaviləsi bağlanarkən tərəflər işçinin müəyyən növdən və ixtisasdan asılı olan əməyi hansı miqdarda yerinə yetirməli olduğu və işgötürənin bu əməyə görə hansı miqdarda əmək haqqını ödəməli olduğu barədə razılığa gəlirlər.

38. Məhkəmə istifadə edilməyən əmək məzuniyyəti günlərinə görə kompensasiya məbləğinin ödənilməsi tələbinə münasibətdə isə aşağıdakıları qeyd edir.

39. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli, 43 №-li Əmək müqaviləsinə xitam verilməsi barədə əmrə əsasən, İddiaçı istifadə edilməmiş 58 məzuniyyət günü olmuşdur. Əmək Məcəlləsinin 140.1-ci maddəsinə əsasən, 12 təqvim ayından az işləyib məzuniyyətə çıxan işçinin orta aylıq əmək haqqı onun faktik işlədiyi tam təqvim aylarına əsasən hesablanır. Məzuniyyət günlərinin əmək haqqını müəyyən etməkdən ötrü məzuniyyətdən əvvəlki 12 təqvim ayının əmək haqqının cəmlənmiş məbləğini 12-yə bölməklə orta aylıq əmək haqqının məbləği tapılır və alınan məbləği ayın təqvim günlərinin orta illik miqdarına — 30,4-ə bölmək yolu ilə bir günlük əmək haqqının məbləği müəyyən edilir. Bu qayda ilə müəyyən edilmiş bir günlük əmək haqqının məbləği, məzuniyyətin müddətinin təqvim günlərinin sayına vurulur. Bu maddədə nəzərdə tutulmuş məzuniyyət haqqının ödənilməsi üçün əmək haqqının hesablanması qaydası işçiyə istifadə edilməmiş məzuniyyətə görə pul əvəzi ödənilərkən də tətbiq edilir.

40. Qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, iddiaçı ilə əmək müqaviləsinə xitam verilərkən son haqq-hesab zamanı onun istifadə edilməmiş 58 məzuniyyət gününün əvəzi ödənilmədiyindən və cavabdeh tərəfindən bunun əksini sübut edəcək hər hansı dəlil təqdim olunmadığından şikayət həmin hissədə də təmin edilməməlidir.

41. Kollegiya hesab edir ki, apelyasiya şikayətində qeyd olunan “işəgötürənin əmək haqqı və istifadə edilməmiş məzuniyyət günlərinə görə işçiyə ödəniş etməməsinə dair təqsirli hesab olunmayan hərəkətlərinə görə ödənclərin verilməməsinə dair” hallarla bağlı həmçinin aşağıdakılar qeyd edilməlidir.

42. Şəxs öz əmək haqqını vaxtında aldıqda əvvəlcədən planlaşdırdığı və ya yaranmış öhdəliklərini (aldığı borc və s.) vaxtında ödəmək imkanı əldə edir. Öz öhdəliyini vaxtında yerinə yetirə bilməmək isə şəxs üçün əlavə zərərə gətirib çıxara bilər (məsələn, gecikmiş kredit borcuna görə dəbbə pulu və s.).

43. Buna görə işçinin əmək haqqının vaxtında ödənilməsi ilə bağlı məsələlər qanunvericiliklə tənzimlənir və bu öhdəliyin icra edilməməsinə və ya layiqincə icra edilməməsinə görə məsuliyyət nəzərdə tutulur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsində əməyin ödənilməsi ilə bağlı mübahisələrə baxılarkən mülkiyyət hüququnun müdafiəsini təmin edən “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın” 1 saylı Protokolunun 1-ci maddəsinə istinad edilir. Məhkəmə tərəfindən işə baxılması ona əsaslanır ki, əmək haqqının ödənilməsi mülkiyyətin əldə edilməsinin “qanuni gözlənti”sini təşkil edir. Bununla bağlı mübahisələndirilən ödəmə müqavilə və ya normativ aktla müəyyən edilməli və işəgötürənin müvafiq öhdəlikləri yaranmış olmalıdır.

44. Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinə əsasən, əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin “Əmək mübahisələri” bölməsində nəzərdə tutulan qaydada həll edilir.

45. Göstərilən normada əlavə ödəncin verilməsi müəyyən edilməklə, işçinin Əmək Məcəlləsinin 9-cu maddəsinin “d” bəndində və 54-cü maddəsində təsbit edilən əmək haqqı hüququnun müdafiəsinə əlavə təminat verilmişdir. Göstərilən qayda işəgötürənin əmək haqqının vaxtında verilməsi məsələsində intizamlı olmağa məcbur etdiyi kimi, həm də işçinin pozulmuş hüququnun əvəzində kompensasiya mahiyyəti daşıyır.

46. Qeyd olunan normaların məzmunundan göründüyü kimi, qanunverici işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməsinin iki şərtini müəyyən etmişdir. İlk növbədə əmək haqqının verilməsi gecikdirilməli və bu gecikdirilmə işəgötürənin təqsiri üzündən baş verməlidir.

47. Kollegiya qeyd etməyi zəruri hesab edir ki, qanunverici təqsirin baş vermə hallarının dairəsini konkret qeyd etməsə də, burada əsasən əmək haqqının müəyyən edilmiş vaxt ərzində hesablanmaması, onun müvəkkil bankdan alınmaması, maliyyə və mühasibat uçotu əməliyyatlarının vaxtında aparılmaması nəticəsində, habelə bilavasitə işəgötürənin iradəsindən və imkanlarından asılı olan hallarda müəyyən edilən müddətdə işçilərə əmək haqqının ödənilməməsi başa düşülməlidir. Hazırki iş üzrə də cavabdeh tərəfindən ödənişin həyata keçirilməməsi ilə bağlı hər hansı üzrlü səbəb təqdim edilməmiş, bununla da təqsirin mövcudluğu öz təsbitini tapmışdır.

48. Göründüyü kimi, işəgötürən tərəfindən qeyd olunan qanunazidd hərəkətlər edildiyindən və əməkhaqqının ödənilməsi təmin edilmədiyindın kollegiya belə hesab edir ki, birinci instansiya məhkəməsi düzgün qənaətə gəlmişdir.

49. Kollegiya apelyasiya şikayətinin cavabdehin birinci instansiya məhkəməsinin iclasında iştirakının təmin edilməməsi tələbinə dair hissəsində də əsassız olduğundan təmin edilməməsi qənaətinə gəlmişdir.

50. Belə ki, Mülki-Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Hazırki iş üzrə də cavabdehə öz nümayəndələrinin iştirakı üçün istər birinci instansiya məhkəməsində, istərsə də apellyasiya baxışında kifayət qədər şərait yaradılsa da, məhkəmə iclaslarına gəlməmiş, öz arqumentlərini əsaslandıracaq hər hansı mötəbər dəlillə çıxış etməmişdir.

51. Qeyd olunanlara əsasən kollegiyanın qənaəti bundan ibarətdir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı düzgün nəticəyə gəlmişdir və apelyasiya şikayətinin dəlilləri qətnamənin mübahisələndirilən hissədə ləğvi üçün əsas deyildir.

52. Məhkəmə kollegiyası qeyd edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı).

53. Məhkəmə kollegiyası onu da vurğulamağı zəruri hesab edir ki, Mülki Prosessual Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

54. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür.

55. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

56. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, MPM-in 119.1-ci maddəsinin tələbləri nəzərə alınaraq apelyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilməlidir.

57. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-1752/2025 saylı 13 mart 2025-ci il tarixlira qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu məbləği onu ödəmiş şəxsin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Fərrux Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar