Məhkəmə qərarları › İş №2(103)-385/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-385/2023

09.02.2023 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-385/2023 09.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh (LPO) Pakistan Milli Bankının Bakı Filialına qarşı “ödənilməmiş əmək haqqının ödənilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: əmək haqqı) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X2 (sədrlik edən və məruzəçi), X1 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Şahbazlı Nəzrin Elmar qızının katibliyi, İddiaçı Cavabdeh (LPO) Pakistan Milli Bankının Bakı Filialının nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdeh (LPO) Pakistan Milli Bankının Bakı Filialına qarşı “ödənilməmiş əmək haqqının ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1560/2022 saylı,xx.xx.2022-ci il tarixli qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. İddiaçı ilə cavabdeh Pakistan Milli Bankının Bakı Filialı arasında bağlanmış 31 oktyabr 2008-ci il tarixli əmək müqaviləsinə əsasən, o, İnsan Resursları və Administrasiya üzrə müdir müavini vəzifəsinə qəbul edilmiş və müqavilənin 4.1-ci maddəsində qeyd edilir ki, işçinin illlik əmək haqqının məbləği US $ 11.100 (on bir min yüz) ABŞ dollarına bərabər olur. Həmin bənddə eyni zamanda qeyd edilir ki, əmək haqqı və əmək münasibətlərindən irəli gələn digər ödənişlər Azərbaycan manatına, Azərbaycan Respublikası Mərkəzi Bankının ödəniş gününə olan rəsmi məzənnəsinə çevrilərək AZN ilə ödəniləcək.

2. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 11 may 2022-ci il tarixli, 9/1430 saylı ekspert rəyində qeyd edilir ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan sənədlərə əsasən İddiaçı əmək haqqı bank kart hesabı məlumatlarına əsasən 25 fevral 2015-ci il tarixdən 21 yanvar 2022-ci il tarixədək ümumilikdə 85.025,25 manat məbləğində pul vəsaiti mədaxil olunmuşdur. Tədqiqatla 21 fevral 2015-21 yanvar 2022-ci il tarixədək olan dövr üzrə (məzənnə fərqi və əmrlər nəzərə alınmaqla) İddiaçı ödənilməli olan əmək haqqı fərqi 69.943,38 manat məbləğində müəyyən olunmuşdur. İstinad edilən rəyə əsasən 2021-ci il üçün iddiaçıya ödənilməli olan əmək haqqı məbləği 11.302,61 manat, 2022-ci il üçün isə 844.64 manat olması müəyyən edilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı cavabdeh Pakistan Milli Bankının Bakı Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Pakistan Milli Bankının Bakı Filialından 123.373,36 manatın tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddiaçı tələbini belə əsaslandırmışdır ki, iddiaçı ilə cavabdeh arasında əmək müqaviləsi bağlanmış, əmək müqaviləsində ABŞ dolları ilə müəyyən olunmuş məbləğlərinə bərabər tutulan məbləğlərin ödəniş gününə Mərkəzi Bankın rəsmi məzənnəsinə çevrilərək manat ilə ödənilməsi nəzərdə tutulmuşdur. Lakin 2015-ci ilin fevral ayında baş vermiş devalvasiyadan, həmçinin sonrakı devalvasiyalardan sonra manatın ABŞ dollarına olan məzənnəsi kəskin surətdə aşağı düşməsinə baxmayaraq, cavabdeh tərəfindən ödənişlər müqavilədə nəzərdə tutulan qaydada deyil, sadəcə 1 ABŞ dolları=1 manat kimi hesablanmaqla ödənilmişdir. İddiaçı ilə Pakistan Milli Bankının Bakı Filialı arasında bağlanmış 31 oktyabr 2008-ci il tarixli əmək müqaviləsinə əsasən, o, İnsan Resursları və Administrasiya üzrə Müdir müavini vəzifəsinə qəbul edilmiş, illik əmək haqqı 11.100 ABŞ dolları (aylıq 925 dollar) müəyyən edilmişdir. Cavabdehin 19 mart 2010-cu il tarixli, 22 saylı əmri ilə İddiaçı aylıq əmək haqqı məbləği 01 mart 2010-cu il tarixdən 125 ABŞ dolları, 25 sentyabr 2012- ci il tarixli, 130 saylı əmri ilə daha 63.67 ABŞ dolları artırılaraq aylıq əmək haqqı 1146,06 ABŞ dolları müəyyən edilmişdir

5. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1560/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, cavabdeh Pakistan Milli Bankının Bakı Filialından əmək haqqı kimi 12.147,25 (on iki min yüz qırx yeddi manat iyirmi beş qəpik) manat pul vəsaiti tutularaq İddiaçı ödənilməsi, cavabdeh Pakistan Milli Bankının Bakı Filialından 126.44 manat dövlət rüsumu və iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olaraq 100 manat tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməsi qət edilmişdir.

6. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, cavabdeh tərəfin məhkəməyə təqdim etdiyi 10 iyun 2011-ci il tarixli 51 saylı əmrə əsasən iddiaçıya ödənilən əmək haqqının manatla olan dəyərinin 850 manat məbləğində müəyyən edilmişdir. Daha sonra 12 sentyabr 2012-ci il tarixli məktuba əsasən isə iddiaçının əmək haqqının artması ilə bağlı yəni 1082,39 ABŞ dollarından 1146,06 ABŞ dolları olması səbəbi ilə 900 manat həddində olması qeyd edilmişdir. İstinad edilən sənədlərdən bəlli olur ki, tərəflər dollarla ödənilməli olan əməkhaqqının azərbaycan manatına nisbətdə necə hesablanmalı olması ilə bağlı razılığa gəlmişlər və Mərkəzi bankın rəsmi səhifəsinə uyğun olaraq istinad edilən dövr üzrə 1 ABŞ dollarının 1 AZN-nə olan məzənnəsinə dair hesablama aparılmışdır. Cavabdeh tərəf istinad edilən əmrin iddiaçı tərəfindən də imzalanmasını əmək müqaviləsinin dəyişdirilməsi ilə bağlı razılıq kimi qəbul edilməli olunmasına istinad etmiş və həmin sənədin əmək müqaviləsinə əlavə kimi qəbul edilməli olmasını qeyd etmişdir. Cavabdeh tərəfin mövqeyinə münasibətdə məhkəmə qeyd etmişdir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 46.1-ci maddəsinə əsasən, əmək müqaviləsinə dəyişikliklər yalnız tərəflərin razılığı ilə edilir. Razılaşdırılmış dəyişikliklər əmək müqaviləsinə daxil edilir. Həcmcə çox olduğuna görə dəyişiklikləri əmək müqaviləsinə daxil etmək mümkün olmadıqda ilkin əmək müqaviləsi yenidən tərtib edilir, yaxud həmin dəyişikliklər ayrılıqda tərtib edilib təsdiqlənirlər. Beləliklə, tərəflər arasında iddiaçıya məxsus əmək haqqının 900 manat müəyyən edilməsinə dair əmək müqaviləsinə hər hansı dəyişikliklər nəzərdə tutan razılaşma mövcud olmamışdır. Sözügedən razılaşma mövcud olsaydı belə, bu qanunvericiliyin tələblərinə zidd olardı. Belə ki, bu məcəllədə və digər normativ hüquqi aktlarda nəzərdə tutulan əmək, sosial və iqtisadi normalara nisbətən işçilərin vəziyyətini pisləşdirən müqavilənin və sazişin şərtləri etibarsızdır. Məhkəmə iddia müddətinin tətbiqi ilə bağlı cavabdehin nümayəndəsi tərəfindən verilmiş ərizəyə qiymət verərək hesab edir ki, ərizə əsaslıdır. Hazırkı iş üzrə iddiaçının 2012-ci ildə əmək haqqı artırılaraq 1146,06 ABŞ dolları məbləğində müəyyən edilmişdir. Həmin pulun manatla məzənnəsi isə 900 manat həddində olmuşdur. Ölkədə baş vermiş devalvasiyadan sonra 21 fevral 2015-ci il tarixdən məzənnə fərqinin yaranmasına baxmayaraq, iddiaçı həmin dövrdən 2022-ci ilədək hər hansı iddia tələbi irəli sürməmişdir. O, hazırkı iddia tələbi ilə məhkəməyə 19 yanvar 2022ci il tarixdə müraciət edərək, bir illik iddia müddətini ötürmüşdür. Məhkəmə hesab etmişdir ki, iddiaçı tərəfindən bütün istinad etdiyi dövrü əhatə edən tələb etmə müddəti ötürüldüyündən, iddia tələbi qismən təmin edilməli və yanvar 2021-ci il tarixdən iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi yanvar 2022-ci il tarixədək olan son bir illik müddətə aid olan əmək haqqı üzrə tam şəkildə ödənilməyən məbləğ iddiaçıya geri qaytarılmalıdır.

7. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Konstitusiyasının 35-ci maddəsinə, Əmək Məcəlləsinin 46.1, 154, 158.1, 172.1, 296.2, 296.4-ci maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 88, 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

8. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1560/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinin ləğv edilərək, iddianın tam təmin edilməsini, əmək haqqı fərqi olan 69.943,38 manat məbləğində pulun və apellyasiya şikayəti verilən zaman ödənilmiş dövlət rüsumunun cavabdeh Pakistan Milli Bankının Bakı Filialından tutularaq İddiaçı ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. Apellyasiya şikayətində göstərilmişdir ki, məhkəmənin çıxardığı 2(011)-1560/2022 saylı xx.xx.2022-ci il tarixli qətnamə qanunvericiliyin tələblərinə zidd olaraq çıxarılmışdır və şəxsin hüquqlarını məhdudlaşdırıcı yöndə qət edilmişdir. Belə ki, məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 296.4-cü maddəsinə əsasən, pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. Məhkəmə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin tələblərinə əsaslanaraq hesab edir ki, pul tələbi ilə əlaqədar işçinin hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 ilərzində məhkəməyə müraciət etmək hüququ mövcuddur. Lakin, “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edilməsinə dair 30 iyul 2021-ci il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı”nda qeyd edilir ki, əmək mübahisələri ilə bağlı işlərin təhlili göstərir ki, işə bərpa, əmək haqqı və sair bu qəbildən olan mübahisələrlə bağlı iddiaçılar (işçilər) məhkəməyə müraciət etməzdən öncə, bir qayda olaraq, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinə (bundan sonra – X3 Xidməti) müraciət edirlər. Bu isə fərdi əmək mübahisələri zamanı qeyd edilən X3 Xidmətinin mübahisələrə məhkəməyə qədər baxan orqan kimi qəbul olunmasını şərtləndirir. İddiaçı bu məsələ ilə bağlı iradlarını rəhbərliyə bildirsə də ona hər dəfəsində bu pulların ödənəcəyi deyilmiş və şəxs bu məvacibdən məhrum qala biləcəyini düşünməmişdir. İddiaçı bu halı 2020-ci ildə aşkar etmiş və 2021-ci ilin yanvar ayında bu məsələ ilə bağlı məhkəməyə müraciət etmişdir. Bu dövr ərzində mediasiya qaydasında məsələni həll etməyə çalışmış lakin, qarşı tərəf buna şərait yaratmamışdır. Odur ki, hesab edilir ki, iddiaçı tərəfin vəsatəti əsasında iddiaçıya ödənilməli olan əmək haqqının miqdarının müəyyən edilməsi üçün məhkəmə mühasibatlıq ekspertizası təyin edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 11 may 2022-ci il tarixli, 9/1430 saylıekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan sənədlərə əsasən İddiaçı əmək haqqı bank kart hesabı məlumatlarına əsasən 25 fevral 2015-ci il tarixdən 21 yanvar 2022-ci il tarixədək ümumilikdə 85.025,25 manat məbləğində pul vəsaiti mədaxil olunmuşdur. Tədqiqatla 21 fevral 2015-21 yanvar 2022-ci il tarixədək olan dövr üzrə (məzənnə fərqi və əmrlər nəzərə alınmaqla) İddiaçı ödənilməli olan əmək haqqı fərqi 69.943,38 manat məbləğində müəyyən olunmuşdur. Müəyyən olunmuş 69.943,38 manat məbləğin hamısı iddiaçıya ödənilməsi üçün cavabdehdən tutulmalı idi. Məhkəmə iddia müddətini tədbiq etməklə son ilin deyil, əmək haqqının ödənilməmiş hissəsini bir bütün alacaq olaraq qəbul etməli və yuxarıda qeyd edilən rəqəmin iddiaçıya ödənilməsi üçün cavabdeh tərəfdən tutulmasına dair qətnamə çıxarmalı idi. Məhkəmə ədalətsiz, vicdanlılıq prinsipinə uyğun düşməyən və qanunsuz bir qətnamə çıxarmışdır. "xxxx" MMC-nin 28 aprel 2017-ci il tarixli hesabatında bu hal göz önünə çıxmış, bununla bağlı şirkət rəhbərliyinə hətta tövsiyə xarakterli məlumat verilmişdir. Lakin bu hal iddiaçı tərəfindən sonradan bilinmişdir. Mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələblərinə iddia müddəti şamil edilmir. İddiaçı ödənilməli əmək haqqı fərqi olan 69.943,38 manat məbləğində pul iddiaçının sahib olduğu artıq əldə etdiyi hüququdur və bu hüququ cavabdeh tərəfindən pozulmuşdur. Məhkəmə qətnamə çıxararkən bu amili də nəzərə almayaraq qanuna zidd, qərəzli və tərəfli mövqe ilə yanaşaraq zəif şəxs olan işçinin hüquqlarını, qazanılmış haqlarını heçə sayaraq qətnamə çıxarmışdır və bu qətnamənin ləğv edilməsi zərurəti vardır.

10. Qətnamədən cavabdeh apelyasiya şikayəti verərək Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1560/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinin ləğv edilərək, iddianın tamamilə rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. Apellyasiya şikayətində göstərilmişdir ki, birinci instansiya məhkəməsi, Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci və 4-cü bəndlərinin hər ikisinə istinad etmiş, nəticə etibarı ilə 4-cü bəndi tətbiq etmişdir. Lakin məhkəmə nəzərə almamışdır ki, həmin normanın tətbiq edilməsi iddiaçının iddia tələbinin hüquqi əsası üzrə “pozuntunun” hansı tarixdən yarandığını düzgün müəyyən edə bilməmişdir. Bununla bağlı qətnamədə qeyd edilir ki: “hazırkı iş üzrə iddiaçının 2012-ci ildə əmək haqqı artırılaraq 1146,06 ABŞ dolları məbləğində müəyyən edilmişdir. Həmin pulun manatla məzənnəsi isə 900 manat həddində olmuşdur. Ölkədə baş vermiş devalvasiyadan sonra 21 fevral 2015-ci il tarixdən məzənnəfərqinin yaranmasına baxmayaraq, iddiaçı həmin dövrdən 2022-ci ilədək hər hansı iddia tələbi irəli sürməmişdir. O, hazırkı iddia tələbi ilə məhkəməyə 19 yanvar 2022ci il tarixdə müraciət edərək, bir illik iddia müddətini ötürmüşdür”. Lakin məhkəmə nəzərə almamışdır ki, hazırkı işdə iddiaçının irəli sürdüyü tələblər və bu tələblərinin əsaslandığı fakt hələ 2012-ci ildən ona məlum olmuşdur və bu, işin mübahisələndirilməyən hallarına aiddir. Belə ki, iş materiallarında olan sənədlərdən də göründüyü kimi, iddiaçı Pakistan Milli Bankının Bakı Filialında 31 oktyabr 2008-ci il tarixdən İnsan resursları və Administrasiya üzrə müdir müavini vəzifəsində işləmişdir. Pakistan Milli Bankının Bakı Filialı üzrə xx.xx.2011-ci il tarixli 51 saylı əmrlə Filialın yerli işçi heyətinin əmək haqları manatla, həmin əmrdə göstərilən cədvəldə qeyd edilən məbləğdə müəyyən edilmişdir. Həmin əmrlə iddiaçı da tanış olmuş və beləliklə əmrlə razılaşaraq imzalamışdır. Bundan əlavə, 12 sentyabr 2012-ci ildə Pakistan Milli Bankının Regional Ofisi tərəfindən Filialın işçilərinin əmək haqqı məbləğlərinin artırılması barədə əmr daxil olmuş və hər bir işçinin ayrı-ayrılıqda əmək haqqı məbləği Azərbaycan manatı ilə göstərilmişdir. Həmin əmrin icrası ilə bağlı Filialın Baş meneceri tərəfindən hazırkı iş üzrə iddiaçıya dərkənar qoyulmaqla əmr verilməsinə dair tapşırıq verilmiş və onun tərəfindən də icra edilmişdir. Göründüyü kimi, iddiaçıya ödənilməli olan əmək haqqının manatla ödənilməsi hələ 2012-ci ildən müəyyən edilmiş, onun özünün nəinki bundan xəbəri olmuş, hətta bununla razılaşaraq, manatla müəyyən olunmuş əmək haqqını almış və buna qarşı heç bir tələb irəli sürməmişdir. Başqa sözlə iddia etdiyi “pozuntu” ona 2012-ci ildən məlumdur. Məhkəmə isə iddianın hüquqi əsasını təşkil edə biləcək həmin “pozuntu” tarixini bir kənara qoyaraq, 2015-ci ildə baş vermiş devalvasiya ilə əlaqələndirmişdir. “Əmək haqqı”məbləğinin 06 sent və 39 sent dəqiqliyi ilə müəyyən edilməsinin ağlabatan olmaması, yəni, manatla müəyyən edilmiş normal məbləğlərin (850 və 900 manat) guya, “1082,39 ABŞ dolları” və “1146,06 ABŞ dolları” əmək haqqı məbləğinin ekvivalenti kimi göstərilməsinə dair dəlillərin qeyri-ciddi olduğu aşkardır. Göründüyü kimi, iddiaçı onun əmək haqqı məbləğinin 10 iyun 2011-ci il tarixli 51 saylı əmrə əsasən 850 manat müəyyən edildiyini bilmiş və bunu öz imzası ilə təsdiq etmiş, 25 sentyabr 2012-ci il tarixli 130 saylı əmrə əsasən isə əmək haqqı 50 manat artırılaraq 900 manat olmuşdur. Digər tərəfdən məhkəmə qətnaməsində qeyd edilən “....dollarla ödənilməli olan əmək haqqının azərbaycan manatına nisbətdə necə hesablanmalı olması ilə bağlı razılığa gəlmişlər..” ifadəsinin təsdiqi həmin əmrlərdə və ya digər sənədlərdə öz əksini tapmır. Əksinə, qeyd edilən sənədlərdən birmənalı görünür ki, həmin tarixlərdən başlayaraq əmək haqqı manatla (müvafiq olaraq 850 manat və 900 manat) müəyyən edilir. Belə olan halda, iddiaçının iddia tələbinin əsasını manatın və ya dolların dəyər itirməsi və ya bahalanması deyil, əmək haqqı məbləğinin manatla müəyyən edilməsi ola bilərdi ki, bu “pozuntunu” mübahisələndirməyə dair iddia müddəti də həmin əmrlə tanış olub onu imzaladığı gündən hesablanmalıdır. Hazırkı işdə iddiaçının iddia etdiyi “pozuntu”-nun əslində mövcud olmadığı, həmin “pozuntu”-nun iddiaçıya 10 ildən də artıq müddət əvvəl məlum olduğuna dair kifayət qədər sübut olsa da, məhkəmə, cavabdehin buna dair dəlillərinə əhəmiyyət verməmiş, tutulmasını qət etdiyi məbləğin manatın devalvasiyasına aidiyyatının olmadığını, əksinə iddiaçının əmək haqqının manatla verilməsinə dair əmrin mövcudluğu və bu əmrlə onun tanış olmasına dair sübutları, həmçinin mühasiblə birlikdə əmək haqqı cədvəllərinə iddiaçının da imza etməsi kimi faktiki halları aydınlaşdırmamışdır.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Cavabdeh (LPO) Pakistan Milli Bankının Bakı Filialınının nümayəndəsi və vəkili Vəkil2 tərəfindən elektron qaydada iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə qarşı etiraz daxil olmuşdur. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı, apellyasiya şikayətində qətnamənin mübahisələndirilən hissələrinə münasibətdə Əmək Məcəlləsinin bir sıra maddələrinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edilməsinə dair” 30 iyul 2021-ci il tarixli Qərarındakı hüquqi mövqelərə istinad etsə də, həmin normaların və hüquqi mövqelərin hazırkı işə tətbiqini əlaqələndirə və əsaslandıra bilməmişdir. İddiaçının iddia ərizəsinə tərəflərindən verilən etirazda iddianın tamamilə əsassız olması, məhkəmə qətnaməsindən verilən apellyasiya şikayətində isə qətnamənin təmin olunmuş hissəsinə münasibətdə maddi hüquq normalarının düzgün tətbiq edilmədiyi kifayət qədər əsaslandırılmışdır. İddiaçı birinci instansiya məhkəməsi tərəfindən Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cii bəndini, yəni 1 illik iddia müddətinin tətbiq edilməsini düzgün hesab etmir və bildirir ki, onun tələbinə ümumiyyətlə iddia müddəti tətbiq edilə bilməz. Əslində həmin maddənin düzgün tətbiq edilmədiyi barədə tərəflərindən verilən apellyasiya şikayətində də qeyd edilmiş və apellyasiya məhkəməsinin diqqətinə çatdırılmışdır ki, hazırkı mübahisə üzrə 1 aylıq iddia müddəti tətbiq edilməli idi. Belə ki, hazırkı mübahisə Əmək Məcəlləsinin 288-ci maddəsinin d) bəndində müəyyən olunmuş mübahisə olmaqla, fərdi əmək mübahisəsinin predmetinə aid olan mübahisədir. Qeyd edilən normaya əsasən, “d) əmək haqqının, habelə digər ödəmələrin müəyyən edilməsi və hesablanması, yaxud ödənilməsi” ilə bağlı yaranmış mübahisə, fərdi əmək mübahisəsidir. Əmək Məcəlləsinin 296.2-ci maddəsi belə mübahisələr üzrə iddia müddətini 1 aylıq müddətlə məhdudlaşdırmışdır. İstənilən digər yanaşma maddi hüquq normasının düzgün tətbiq edilməməyi kimi qiymətləndirilməlidir. Həmin maddəyə əsasən, bu maddənin birinci hissəsində göstərilən haldan (kollektiv müqavilələrdə nəzərdə tutulmuş hallar nəzərdə tutulur) başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Əmək Məcəlləsinin 296.4-cü maddəsinə gəldikdə isə qeyd edilməlidir ki, həmin maddədə göstərilən "Pul və digər əmlak tələbləri" ifadəsi “əmək haqqı” tələbi ilə eyniləşdirilə bilməz. Belə ki, Əmək Məcəlləsinin 288-ci maddəsinin d) bəndində “əmək haqqının, habelə digər ödəmələrin müəyyən edilməsi və hesablanması, yaxud ödənilməsi;” fərdi əmək mübahisəsinin predmeti kimi göstərildiyi halda, həmin maddədə "Pul və digər əmlak tələbləri" fərdi əmək mübahisəsinin predmeti kimi göstərilməmişdir. Göründüyü kimi, iddiaçının tələbi bilavasitə əmək haqqı tələbi ilə bağlı olduğundan Əmək Məcəlləsinin 296.2-ci maddəsi, yəni, 1 aylıq iddia müddəti tətbiq edilməlidir. Hazırkı mübahisənin guya Mülki Məcəllənin 384.0.4-cü maddəsinin tətbiq dairəsinə düşməsi və iddia müddətinin tətbiq edilə bilməməyi barədə dəlilin də heç bir hüquqi əsası yoxdur. Belə ki, Mülki Məcəllənin 373.4-cü maddəsinə əsasən, tələblərin ayrı-ayrı növləri üçün bu Məcəllə ilə ümumi müddətə nisbətən qısaldılmış və ya uzadılmış xüsusi iddia müddətləri təyin edilə bilər. Əmək Məcəlləsinin “Fərdi əmək mübahisələrinin həllində iddia müddətləri” adlanan 296- cı maddəsinin d) bəndində əmək haqqı və onunla bağlı ödənişlər üçün 1 aylıq iddia müddəti nəzərdə tutulmuşdur. Məsələyə iddiaçının məntiqi ilə yanaşılsa, onda 296.2-ci maddədə göstərilənlər işçinin “mülkiyyəti” kimi qiymətləndirilərdi və ümumiyyətlə həmin tələblər üçün iddia müddəti nəzərdə tutulmazdı. Şərh edilənlər iddiaçının apellyasiya şikayətində göstərilən dəlillərin tamamilə əsassız olması ilə yanaşı cavabdehin apellyasiya şikayətinin əsaslı olduğunu da bir daha təsdiq edir.

b) Proses iştirakçılarının izahatı

13. Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərinə etiraz edərək izahatında əlavə olaraq bildirdi, hər ay əmək haqqı alırdı, lakin azaldılmış formada alırdı. Onlara 51 saylı əmrin əmək haqqının dəyişilməsi barədə olduğu bildirilməmişdi, hüquqşünas olmadığına görə bilməyib ki, qanun pozuntusu olub. Əmək haqqı barədə İnsan Resursları şöbəsinə heç bir məlumat daxil olmayıb. O sonradan anlayıb ki, 2015-ci ildən pozuntular var. 51 saylı əmr qəpiklərin yuvarlaşdırılmasını göstərir, ona görə həmin əmri imza edib. Əmək müqaviləsini idarənin hüquqşünası öz imzası ilə təsdiq etmişdir. 14.Məhkəmə iclasında iştirak edən cavabdeh Pakistan Milli Bankının Bakı Filialının nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillətinə etiraz edərək izahatında əlavə olaraq bildirdi, 2008-ci ildə bağlanmış müqavilədən sonrakı olan dəyişiklik Pakistan Milli Bankının Baş ofisi tərəfindən müəyyən edilmişdir. Dəyişiklikləri bütün işçilər qəbul edib imzalayıblar. İşçilərin əmək haqları əmrlə müəyyən edilmişdir. İddiaçı razı deyildisə əmri imzalamazdı. Qəpiklərin yuvarlaşdırılması barədə əmr olmayıb. İddiaçı tərəfindən təqdim edilən sənədlər saxtadır. Həmin əmri əqd kimi baş düşmək olar.

Tətbiq edilən hüquq normaları:

15. Azərbaycan Respublikası Konstitutsiyasının 35-ci maddəsinin Vİ bəndində qeyd edilir ki, hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır.

16. Əmək Məcəlləsinin 43-cü maddəsinin “ə” bəndində qeyd edilir ki, işçinin əmək şəraitinin şərtləri — iş və istirahət vaxtı, əmək haqqı və ona əlavələr, əmək məzuniyyətinin müddəti, əməyin mühafizəsi, məcburi dövlət sosial sığorta və digər icbari sığorta olunması əmək müqaviləsində mütləq göstərilməlidir.

17. Həmin Məcəllənin 43-cü maddəsinin 4-cü bəndində qeyd edilir ki, bu Məcəllədə başqa hal nəzərdə tutulmayıbsa, əmək müqaviləsinin şərtləri birtərəfli qaydada dəyişdirilə bilməz.

18. Məcəllənin 46-cı maddəsinin 5-ci bəndində qeyd edilir ki, bu Məcəllənin 43-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş şərtlərdən hər hansı biri göstərilmədən bağlanmış əmək müqaviləsi tərəflərdən birinin təşəbbüsü ilə etibarsız hesab edilə və ya yenidən tərtib edilməsi tələbi qoyula bilər. Həmin şərtin (şərtlərin) əmək müqaviləsində göstərilmədiyi aşkar olunduğu andan onlar işəgötürən tərəfindən əmək müqaviləsinə daxil edilməlidir. Bu halda tərəflərin arasında başqa razılıq olmamışdırsa, əmək müqaviləsi həmin şərtin (şərtlərin) daxil edildiyi tarixdən asılı olmayaraq bağlandığı və ya yazılı formada tərtib edildiyi gündən etibarlı hesab olunur.

19. Məcəllənin 46-cı maddəsinin 6-cı bəndində qeyd edilir ki, əmək müqaviləsinə dəyişikliklər yalnız tərəflərin razılığı ilə edilir. Razılaşdırılmış dəyişikliklər əmək müqaviləsinə daxil edilir. Həcmcə çox olduğuna görə dəyişiklikləri əmək müqaviləsinə daxil etmək mümkün olmadıqda ilkin əmək müqaviləsi yenidən tərtib edilir, yaxud həmin dəyişikliklər ayrılıqda tərtib edilib təsdiqlənirlər.

20. Məcəllənin 154-cü maddəsinin 1-ci bəndində qeyd edilir ki, əmək haqqı — müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. Həmin maddənin 2-ci bəndində qeyd edilir ki, bu Məcəllənin 16-cı maddəsində nəzərdə tutulmuş ayrı-seçkiliyə yol verilməməsi prinsiplərini pozaraq işçilərin əmək haqqı məbləğinin hər hansı şəkildə azaldılması və onlara dövlətin müəyyən etdiyi minimum əmək haqqı miqdarından az əmək haqqı verilməsi qadağan edilir.

21. Əmək Məcəlləsinin 158-ci maddəsində qeyd edilir ki, əməyin ödənilməsi növləri, sistemləri, tarif (vəzifə) maaşları, ona edilmiş əlavələr, mükafatlar, digər həvəsləndirici ödənclərin miqdarı kollektiv müqavilələrlə, əmək müqavilələri ilə müəyyən edilir, kollektiv müqavilənin bağlanmadığı hallarda əmək müqaviləsi ilə və ya işəgötürənlə həmkarlar ittifaqları təşkilatı arasında razılaşmalarla müəyyən edilir. Büdcədən maliyyələşdirilən müəssisələrdə çalışan işçilərin əməyinin ödənilməsi sistemi, növləri və məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İşçinin əmək haqqının miqdarı onun əmək funksiyasının icrasının nəticələri, şəxsi işgüzarlıq və peşəkarlıq səviyyəsi ilə müəyyən edilir və hər hansı hədlə məhdudlaşdırıla bilməz.

22. Əmək Məcəlləsinin 288-ci bəndində qeyd edilir ki, əmək haqqının, habelə digər ödəmələrin müəyyən edilməsi və hesablanması, yaxud ödənilməsi zamanı yaranan fərdi əmək mübahisələrinin həlli Əmək Məcəlləsi ilə tənzimlənir.

23. Əmək Məcəlləsinin 296-cı maddəsinin 3-cü bəndində qeyd edilir ki, hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Həmin maddənin 4-cü bəndində qeyd edilir ki, pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir.

Apellyasiya baxışının hədləri

24. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

25. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

26. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, həmin qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, iddianın tam təmin olunmasını xahiş etmişdir. Qətnamədən eyni zamanda cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, kollegiya qətnamənin əsaslılığını tam yoxlayır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

27. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayətləri əsassız olduğundan təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

28. İş materialları ilə müəyyən edilir ki, “İşəgötürən” adlandırılacaq Pakistan Milli Bankının Bakı Filialı ilə “İşçi” adlandırılacaq İddiaçı arasında 31 oktyabr 2008-ci il tarixdə əmək müqaviləsi imzalamışdır. Müqavilənin 1.2-ci maddəsinə əsasən işçinin vəzifəsi (peşəsi) İnsan Resursları və Administrasiya üzrə Müdir müavini adlanacaqdır. Müqavilənin 21.-ci bəndində qeyd edilir ki, bu müqavilə 31 oktyabr 2008-ci ildən qüvvəyə minir və Azərbaycan Respublikasının Əmək Məcəllənin 45-ci maddəsinə əsasən müddətsiz bağlanır.

29. İddiaçı 2015-ci ildən baş vermiş devalvasiya nəticəsində dolların manata nisbətində olan fərqin ona əmək haqqı ödənilməsi zamanı nəzərə alınmamasına istinad etmiş, əmək haqqının manatın 2015-ci ilə kimi olan məzənnəsi ilə ödənildiyinə əsaslanaraq ödənilməmiş əmək haqqı məbləğlərinin ödənilməsi ilə bağlı məhkəməyə müraciət etmişdir.

30. Cavabdehin işə birinci instansiya məhkəməsində baxılması zamanı təqdim etdiyi etirazının və apellyasiya şikayətinin dəlili ondan ibarətdir ki, iddiaçı Pakistan Milli Bankının Bakı Filialının 10 iyun 2011-ci il tarixli 51 saylı əmrinə əsasən əmək haqqının 850 manat müəyyən edildiyini bilmiş, əmrlə tanış olması barədə sənədə imza atmışdır. Cavabdehin mövqeyinə görə iddiaçı həmçinin Filial işçilərinin əmək haqqlarının artırılması ilə bağlı 12 sentyabr 2012-ci il tarixli əmrlə də tanış olmuş, ona ödənilən əmək haqqının 900 manat məbləğində müəyyən edilməsi ilə bağlı məlumatlı olmuşdur. Göründüyü kimi, iddiaçı ona əmək haqqının manatla ödənilməsinin müəyyən edilməsi barədə məlumatlı olmuş və iddia ərizəsi verilən tarixədək olan müddət ərzində bunu mübahisələndirməmişdir.

31. Məhkəmə kollegiyası iş üzrə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, tərəflər arasında bağlanmış 31 oktyabr 2008-ci il tarixli müqavilənin 4.1-ci maddəsində qeyd edilir ki, işçinin illlik əmək haqqının məbləği US $ 11.100 (on bir min yüz) ABŞ dollarına bərabər olur. Həmin bənddə eyni zamanda qeyd edilir ki, əmək haqqı və əmək münasibətlərindən irəli gələn digər ödənişlər Azərbaycan manatına, Azərbaycan Respublikası Mərkəzi Bankının ödəniş gününə olan rəsmi məzənnəsinə çevrilərək AZN ilə ödəniləcək.

32. Göründüyü kimi, tərəflər arasında müqavilə imzalanan zaman işçiyə ödənilən əmək haqqının ABŞ dolları ilə müəyyən edilməsi və Azərbaycan Respublikası Mərkəzi Bankının ödəniş gününə olan rəsmi məzənnəsinə çevrilərək AZN ilə ödənilməsi ilə bağlı tərəflər arasında razılıq əldə edilmiş və bu müqavilədə öz əksini tapmışdır.

33. Azərbaycan Respublikası 158-ci maddəsinin 1-ci bəndindən də müəyyən edildiyi kimi əməyin ödənilməsi növləri, sistemləri, tarif (vəzifə) maaşları, ona edilmiş əlavələr, mükafatlar, digər həvəsləndirici ödənclərin miqdarı kollektiv müqavilələrlə, əmək müqavilələri ilə müəyyən edilir, kollektiv müqavilənin bağlanmadığı hallarda əmək müqaviləsi ilə və ya işəgötürənlə həmkarlar ittifaqları təşkilatı arasında razılaşmalarla müəyyən edilir.

34. Məhkəmə kollegiyası cavabdehin şikayətinin dəlillərini əsassız hesab edərək və həmçinin Əmək Məcəlləsinin 46-cı maddəsinin 6-cı bəndinə istinad edərək qeyd edir ki, hazırkı halda tərəflər arasında bağlanmış müqavilə ilə iddiaçıya əmək haqqının ödənilməsi qaydası müəyyən edilir. Pakistan Milli Bankının Bakı Filialının 10 iyun 2011-ci il tarixli 51 saylı əmri və 12 sentyabr 2012-ci il tarixli əmrlə əmək haqqının manatla ekvivalentinin göstərilməsi əmək haqqının ödənilməsi ilə bağlı əmək müqaviləsinə edilmiş dəyişiklik və ya bu dəyişikliyi özündə əks etdirən Razılaşma kimi qiymətləndirilməməlidir. Belə ki, Əmək Məcəlləsinin 46-cı maddəsinin tələbinə əsasən əmək müqaviləsinə edilən hər hansı dəyişiklik əmək müqaviləsinə daxil edilir və daxil etmək mümkün olmadıqda ilkin əmək müqaviləsi yenidən tərtib edilir, yaxud həmin dəyişikliklər ayrılıqda tərtib edilib təsdiqlənirlər. Bu səbəbdən məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi iddiaçının əsaslı olaraq iddia tələbi ilə məhkəməyə müraciət etməsi qənaətinə gəlməkdə haqlı olmuşdur.

35. Məhkəmə kollegiyası həmçinin cavabdehdən tutulmalı olan pul məbləğinin miqdarı ilə bağlı da birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və bununla bağlı iddiaçının apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək qeyd edir ki, iddiaçı ilə cavabdeh arasında olan mübahisə əməyin ödənilməsi ilə bağlı fərdi əmək mübahisəsidir. Bu səbəbdən birinci instansiya məhkəməsi iddiaçının pul tələbi ilə bağlı mübahisəsinin həll edərkən düzgün olaraq Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü bəndinə istinad etmişdir.

36. Beləliklə, məhkəmə kollegiyası belə qənatə gəlir ki, iddiaçı ona ödənilməyən əmək haqqının ödənilməsi tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuş, lakin bununla bağlı 1 illik iddia müddətini ötürdüyü üçün ona iddia ilə məhkəməyə müraciət etdiyi 19 yanvar 2022-ci il tarixdən əvvəlki 1 il üçün ödənilməyən pul məbləği ödənilməlidir.

37. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

38. Kollegiyanın qənaətinə görə, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir.

39. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinə görə ödənilmiş dövlət rüsumu tərəflərin özlərinə aid edilməlidir.

40. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

İddiaçı və cavabdeh (LPO) Pakistan Milli Bankının Bakı Filialı tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1560/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş dövlət rüsumu tərəflərin özlərinə aid olunsun. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Məhəmməd Rüstəmli Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar