Məhkəmə qərarları › İş №2(103)-3851/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3851/2021

12.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3851/2021 12.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi ilə, İddiaçı cavabdeh “xxxx” ASC-yə qarşı “zərərin əvəzinin ödənilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli 2(009)- 154/2021 saylı qətnaməsindən cavabdehin apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh “xxxx” ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh ASC-dən mülkiyyətində olan “VAZ-21154” markalı ** CE *** qeydiyyat nişanlı avtomobilə dəymiş: təmir işlərinin dəyəri 790 manat, nəqliyyat vasitəsinin təzə hissələrinin, detallarının və ləvazimatlarının dəyəri isə 560 manat, təzə materialların dəyəri (rənglənmə ilə bağlı) 260 manat, cəmi 1610 manat zərərin, 48,96 manat mütəxəssis rəyinə ödənilən pul və 30 manat məbləğində dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, “VAZ-21154” markalı ** CE *** qeydiyyat nişanlı avtomobil onun mülkiyyətindədir. Həmin avtomobili etibarnamə əsasında X3 etibar etmişdir, sonuncu isə oğlu X4 idarə etmək üçün etibarnamə vermişdir. Mülkiyyətində olan “VAZ-21154” markalı ** CE *** qeydiyyat nişanlı avtomobili X5 xx.xx.2020-ci il tarixdə saat 20.40 radələrində Mingəçevir şəhəri, H.Əliyev prospektində Kür çayı istiqamətində idarə edərkən, Yevlax rayonu, Gülövşə kəndində qeydiyyatda olan X1 idarə etdiyi “VAZ-21154” markalı ** KA *** qeydiyyat nişanlı avtomobil ilə Rəşad Musayevin idarə etdiyi avtomobilin arxa hissəsindən vuraraq xeyli ziyanla nəticələnən yol-nəqliyyat hadisəsi törətmişdir. DYPB-nin əməkdaşı hadisə yerinin sxemini çəkmiş, yol-nəqliyyat hadisəsinin X2 tərəfindən törədilməsi sübuta yetirilmiş və o, inzibati qaydada cərimə edilmişdir. X1 idarə etdiyi “VAZ-21154” markalı ** KA *** qeydiyyat nişanlı avtomobil “xxxx” ASC tərəfindən sığortalanmışdır. Sığorta hadisəsi baş verdikdən sonra sığortanın işçiləri hadisə yerində olmuş, avtomobillərin şəkillərini çəkmiş, bundan sonra zərər dəymiş avtomobilə dəymiş zərər müəyyən edilərək, dəymiş zərərin əvəzinin ödənilməsinə söz vermişlər. “xxxx” ASC dəymiş zərəri 550 manat qiymətləndirmiş və həmin məbləği təklif etmişlər. 2012-ci il istehsalı, ağ rəngli, heç bir detalı dəyişməyən, sonradan rənglənməyən, “VAZ-21154” markalı avtomobilin arxa hissəsi demək olar ki, tam əzilmiş, belinin bir hissəsi qatlanmış, qabıları qatlanmış avtomobilə detalların, rənglənmənin, ustanın əl haqqısı ilə birlikdə təklif edilən 550 manat, doğrudan da gülünc rəqəmdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli 2(009)-154/2021 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, xx.xx.2020-ci il tarixdə baş vermiş yolnəqliyyat hadisəsi ilə əlaqədar “VAZ-21154” markalı ** CE *** dövlət nömrə nişanlı avtomaşına vurulmuş ziyanla bağlı “xxxx” ASC-dən İddiaçı xeyrinə sığorta ödənişi kimi 1370 manat, avtomaşının təmirinə dair rəyə görə ödənilən 48,96 manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat, cəmi 1448,96 manat məbləğində pulun tutulması, “xxxx” ASC-dən keçirilmiş ekspertiza xərcinin əvəzi kimi 100 manatın tutularaq dövlət nəfinə keçirilməsi qət edilmişdir. Həmin qətnamədən cavabdeh apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddianın yeni təyin olunacaq əmtəəşünaslıq ekspertizasının verdiyi əsas götürülməklə təmin olunması, dövlət rüsumu və ekspertiza xərcinin qanunvericiliyin tələbləri nəzərə alınmaqla hər iki tərəfdən tutulmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayətinə görə qətnamə qanunsuz və əsassızdır. “İcbari Sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun tələbinə əsasən sığorta hadisəsi nəticəsində dəymiş zərəri sığortaçı bilavasitə özü qiymətləndirir, buna baxmayaraq, məhkəmə sığorta şirkətinin ziyan məbləğinin hesablanmasında maraqlı tərəf hesab olunduğunu bildirərək, ASC tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli zərərin hesablanması aktını əsassız hesab etmişdir. İddiaçı faydalanan şəxs qismində çıxış etdiyi üçün o da dəymiş ziyanın hesablanmasında maraqlı tərəfdir, məhkəmə heç bir əsas olmadan dəymiş zərəri olduğundan çox qiymətləndirmişdir. Ekspert rəyi də əsaslı hesab edilə bilməz, ekspert avtomobilə, hətta zərərə məruz qalan avtomobilin fotoşəkillərinə baxış keçirmədən rəy vermişdir. Ekspertiza xərcinin tam olaraq Şirkətdən tutulması qanunsuz və əsassızdır. İşə baxılmasının vaxtı və yeri barədə məlumatlandırılmış tərəflər (nümayəndələri) məhkəməyə gəlmədiklərinə görə, kollegiya işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır. İşin müəyyən olunmuş hallarına əsasən xx.xx.2020-ci il tarixdə X2 idarə etdiyi “VAZ- 21154” markalı ** KA *** dövlət nömrə nişanlı avtomaşınla hərəkət edən zaman iddiaçının mülkiyyətində olan “VAZ-21154” minik markalı **-CE-*** dövlət nömrə nişanlı avtomaşınla toqquşmuş və toqquşma nəticəsində iddiaçıya məxsus avtomaşına maddi ziyan dəymişdir. Həmin hadisə nəticəsində X2 Azərbaycan Respublikası İXM-nın 327.1-ci maddəsi ilə təqsirli bilinib 40 manat məbləğində cərimə edilmişdir. X2 tərəfindən idarə olunan “VAZ- 21154” minik markalı ** KA *** dövlət nömrə nişanlı avtomaşın “xxxx” ASC tərəfindən “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası şəhadətnaməsi” ilə sığortalanmışdır. “xxxx” ASC tərəfindən tərtib edilmiş dəymiş zərərin hesablanmasına dair xx.xx.2020-ci il tarixli aktın kserosurətindən görünür ki, “VAZ-21154” minik markalı ** CE *** dövlət qeydiyyat nişanlı avtomobilinə baxış keçirilmiş və avtomobilin təmiri və ehtiyyat hissələrinin dəyişdirilməsi üçün cəmi 550 manat vəsait hesablanmışdır. “xxxx” MMC avtotexniki xidmət stansiyası tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli nəqliyyat vasitələrinin təmirinə (bərpa edilməsinə) dair Smetadan (haqqı-hesabdan) görünür ki, “VAZ-21154” minik markalı ** CE *** dövlət qeydiyyat nişanlı avtomobilinə baxış keçirilmiş və avtomobilin təmiri və ehtiyyat hissələrinin dəyişdirilməsi üçün cəmi 1610 manat vəsait hesablanmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2021-ci il tarixli 9/4341 saylı rəyinə əsasən - nəzəri hesablama yolu ilə nəqliyyat vasitələrinin təmirinə dair xx.xx.2020-ci il tarixli smetadakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2012-ci il buraxılışlı “VAZ-21154” markalı, ** CE *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 1370,0 manat müəyyən edilmişdir; - nəzəri hesablama yolu ilə “xxxx” ASC-nin xx.xx.2020ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2012-ci il buraxılışlı “VAZ-21154” markalı, ** CE *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 635,0 manat müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi işin müəyyən olunmuş hallarını, sığorta şirkəti tərəfindən təklif olunan sığorta ödənişinin sığortalı əmlaka vurulmuş ziyanın aradan qaldırılması üçün kifayət etmədiyini, ekspert rəyini nəzərə alaraq, iddia tələbinin qismən təmin edilməsi qənaətinə gəlmişdir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgündür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Həmin Məcəllənin 888.3-cü maddəsinə əsasən mülki məsuliyyətin sığortası zamanı üçüncü şəxslərin həyatına, sağlamlığına, yaxud əmlakına zərər vurulması nəticəsində yaranan öhdəliklərə görə (zərər vurmağa görə mülki məsuliyyətin sığortası), habelə mülki-hüquqi müqavilələrlə bağlı yaranan məsuliyyətə görə (müqavilə şərtlərini pozmağa görə mülki məsuliyyətin sığortası) risklər sığortalanır. Həmin Məcəllənin 922.1-ci maddəsinə görə sığorta hadisəsi qanunvericiliyə və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. Sığorta hadisəsi hesab edilən hadisələr və hallar icbari sığorta üzrə icbari sığorta qanunvericiliyində, könüllü sığorta üzrə isə tərəflərin razılaşması əsasında sığorta müqaviləsində müəyyən edilir (həmin Məcəllənin 922.2-ci maddəsi) Həmin Məcəllənin 926.1-ci maddəsinə əsasən sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq, sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası qanununun 52.1-ci maddəsinə əsasən avtonəqliyyat vasitəsinin Azərbaycan Respublikasının ərazisində istifadəsi nəticəsində zərərçəkən üçüncü şəxslərin sağlamlığına və (və ya) əmlakına dəymiş zərərin əvəzinin ödənilməsi üzrə mülki məsuliyyətin yaranması faktı sığorta hadisəsi hesab olunur. 56.1.2-ci maddəsinə əsasən üçüncü şəxsə dəyə bilən zərərə görə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasına dair standart və sərhəd sığorta müqavilələri üzrə sığorta məbləğləri - üçüncü şəxslərin əmlakına dəyən zərər üzrə 5000 manat müəyyən edilir. Birinci instansiya məhkəməsi işin müəyyən edilmiş hallarına, sadalanan qanunvericilik normalarının tələblərinə əsaslanaraq və dəymiş zərərin məbləği ilə bağlı ekspert rəyini nəzərə alaraq belə nəticəyə gəlmişdir ki, avtomobilə dəymiş maddi ziyana görə 1370 manat məbləğində pul iddiaçıya ödənilməlidir. Cavabehin dəlilinə münasibətdə Kollegiya qeyd edir ki, ASC tərəfindən tərtib edilmiş dəymiş zərərin hesablanmasına dair xx.xx.2020-ci il tarixli aktla zərərin məbləği 550 manat məbləğində müəyyən edilmişdir ki, bu da iddiaçının avtomobilinə vurulmuş zərərin real dəyərinə uyğunluq təşkil etmir, apelyasiya baxışı zamanı Kollegiya tərəfindən avtomobilin fotoşəkillərinə baxış keçirilərkən də müəyyən edilmişdir ki, avtomobilə vurulmuş zərərə görə Sığorta Şirkətinin təklif etdiyi sığorta ödənişi sığortalı əmlaka vurulmuş ziyanın aradan qaldırılması üçün real və ağlabatan məbləğ deyildir. Belə ki “xxxx” MMC avtotexniki xidmət stansiyası tərəfindən dəymiş ziyanın məbləği 1610 manat məbləğində, ekspert rəyi ilə isə 1370 manat müəyyən edilmişdir. Göründüyü kimi, heç bir uyğunsuzluq müəyyən olunmur. Cavabdehin istinad etdiyi dəlillər əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən ekspert rəyi nəzərə alınmaqla iddiaçıya ödənilməli olan məbləğ düzgün müəyyən edilmişdir. Təkrar ekspertiza keçirilməsinə zərurət yoxdur, cavabdeh bu arqumentinin yoxlanılmasına əsas verəcək heç bir sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcllənin 77.1-ci maddəsinə tələbinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanları ümumiləşdirərək kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki halları ilə bağlı düzgün nəticəyə gəlmişdir və apelyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 401-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q ə t e t d i: Cavabdeh “xxxx” ASC-nin apelyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-154/2021 saylı iş üzrə xx xxxxxx 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar