Məhkəmə qərarları › İş №2(103)-3853/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3853/2022

31.05.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3853/2022 31.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X2 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Əsgərov Qürbət Ağa oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Nizamlı Aygün Ülviyyət qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı aliment miqdarının azaldılması tələbinə dair Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi 2(008)- 954/22 saylı işi üzrə 08 fevral 2022-ci il tarixli qətnamədən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı məhkəməyə iddia və iddia tələbinin dəqiqləşdiriməsi barədə ərizə verərək Nizami rayon Məhkəməsinin 2(007)-685/2017 N-li işi üzrə qəbul edilmiş 11.01.2017-ci il tarixli icra sənədinə əsasən 21.09.2016-ci il tarixdə doğulmuş X1 üçün alimentin miqdarının azaldılması və hər ay 200 manat miqdarında sabit alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat zamanı müəyyən edilir ki: İddiaçı Cavabdeh ilə olan nikahları 23.12.2017-ci il tarixdə ləğv edilmişdir;- Onların uşaqları X10 21.09.2016ci il tarixdə doğulmuşdur Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin X3 mütəxəssis vəzifəsində aylıq əmək haqqı 937,75 manat təşkil edir;-Bakı şəhəri Nizami rayon İcra Şöbəsi tərəfindən 13.02.2017-ci il tarixdə Nizami rayon Məhkəməsinin 2(007)-685/2017 N-li iş üzrə verilmiş 11.01.2017-ci il tarixli icra sənədinə əsasən icrat başlamaq haqqında qərar qəbul edilmişdir. Qeyd olunan icra sənədində 15.12.2016-cı il tarixdən başlayaraq 21.09.2016-ci il tarixdə doğulmuş X7 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay qazancının (başqa gəlirlərinin) 1/4 hissəsi miqdarında alimentin tutularaq, X4 verilməsi nəzərdə tutulmuşdur; - İddiaçının banklarda iki aktiv krediti var:Yapı-Kredi Bankda 01.09.2018-ci il tarixdən 01.08.2043-cü il tarixədək aylıq ödəniş ortalama 192 manat; həmin bankda 16.03.2021-ci il tarxdən 16.02.2024-cü il tarixədək aylıq ödəniş təxmini 196 manat;- Bakı Teyran Tibb Mərkəzi tərəfindən verilmiş ultrosonoqrafiyayaya əsasən X6 12.11.2021-ci il tarixdə 3-4 həftəlik hamilə olmuşdur (səh.6,7,10, 28, 36, 37 ) Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi 2(008)- 954/22 saylı işi üzrə 08 fevral 2022ci il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi qət edilmişdir. Qətnamədə Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112.1; Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.4-ci maddələrinə istinadən qeyd edilmişdir ki, iddiaçı maddi vəziyyətində əhəmiyyətli pisləşməsini təsdiq edən kifayət qədər sübut məhkəməyə təqdim etmişdir. Belə ki, qeyd edildiyi kimi, iddiaçının ailəsi var, uşağı dünyaya gəlməlidir, iddiaçı ödənişli əsaslarla tələbədir, banklarda iki aktiv krediti var. İddiaçının ödəmək istədiyi aliment 2022-ci il üçün uşaqlar üçün nəzərdə tutulmuş yaşayış minimumundan az deyil. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, Bakı şəhər Sabunçu rayon Məhkəməsinin 2(008)-954/2022 saylı 08.02.2022-ci il tarixli qətnaməsinin ləğv edilməsini, iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Şikayətdə Ailə Məcəlləsinin 76.1, 112; Mülki Prosessual Məcəllənin 88, 185.4-ci maddələrinə istinadən qeyd edilmişdir ki, qanun birbaşa olaraq qeyd edir ki, sabit gəliri olan valideyndən uşaqların sayına müvafiq olaraq gəlirin müəyyən hissəsi tutulur. Yalnız qazancı və ya sair gəliri olmayan, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı təqdirdə Məhkəmə tərəfindən sabit pul məbləğində aliment təyin oluna bilər. Bu halların heç biri isə iddiaçıya aid deyil, onun daimi iş yeri və əmək haqqı var. Məhkəmənin qətnamə qəbul edərkən əsaslandığı Ailə Məcəlləsinin 112-ci maddəsinə əsasən isə aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Bu norma, Məhkəmə tərəfindən düzgün şərh edilməmiş, işin faktiki halları araşdırılmadan tətbiq edilmişdir. Nizami Məhkəməsinin qətnaməsi ilə uşağın saxlanması üçün 500 manat və ya 1000 manat aliment tutulmamışdır ki, Məhkəmə diqqətəlayiq halları nəzərə alsın və alimenti azaltsın. Eyni zamanda Sabunçu rayon Məhkəməsinin qətnamə çıxararkən diqqətəlayiq hesab edərək nəzərə aldığı hallar olan iddiaçının kreditləri, pullu təhsil alması və arvadının hamilə olması isə işin faktiki hallarına uyğun araşdırılmamış, həmin halların diqqətəlayiq kimi nəzərə alınması sırf qərəzli yanaşmanın göstəricisidir. Belə ki, Məhkəmə diqqətəlayiq olması üçün kreditin nəyə sərf edildiyini araşdırmamış, öz rahatçılığı, kefi üçün götürdüyü kreditləri, iddiaçının özü üçün, gələcəyi üçün təhsilinə yatırım eləməsini uşağının hesabına həll etmişdir. Belə çıxır ki, hər kəs alimentdən qərəzli olaraq yayınması üçün, Məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra gedib kredit götürüb, pullu təhsil alıb, diqqətəlayiq hal kimi Məhkəmədən nəzərə alınmasını tələb edə bilər. Məhkəmənin bu formada yanaşması isə islahat keçərək yenilənən və inkişaf edən məhkəmə hüquq sistemi üçün yekə bir xaosun göstəricisidir. Həmçinin, arvadının hamilə olmasına gəldikdə isə, yeni bir uşağın doğulacaq olması var olan uşağın maddi təminatının azaldılmasına, ona qarşı ayrı-seçkilik edilməsinə, hüquqlarının məhdudlaşdırılmasına yol açmamalıdır. Məhkəmənin bu yanaşması, eyni zamanda insanların valideynlik məsuliyyətini dərk etməsinə mənfi təsir edərək, onları valideynlik yükünün azaldılmasına şərait yaradır və gələcəkdə bu formada övladının maddi təminatını fikirləşmədən uşaqlar dünyaya gətirməsinə sövq edir. Halbuki, hər bir valideyn hər şeydən öncə dünyaya gətirdiyi övladının maddi və mənəvi tələbatlarını ödəməlidir, çünki bu onun valideynlik borcudur. Eyni zamanda əvvəlki məhkəmə prosesində iştirak etdiyi zaman, kreditlərinin olduğunu, həmçinin ağır xəstəlikdən əziyyət çəkdiyini Məhkəmədə vurğulamış, nədənsə həqiqətən əsaslı və diqqətəlayiq olmalı olan hallar Məhkəmə tərəfindən qətnamə qəbul edilərkən heç nəzərə belə alınmamışdır. Belə ki, hazırda evi yoxdur, kirayədə yaşayır. Xərçəng xəstəliyindən 2 dəfə əməliyyat keçirmiş, 1 dəfə radioaktiv yod almış, hazırda ikinci seansı qəbul etməyə hazırlaşır. Lakin, heç bir zaman oğlunun heç nəyini əksik etməmişdir. Lazım gəldikdə onu özəl bağçaya qoymuş, iddiaçının ödədiyi aliment heç oğlunun bağça pulunu belə ödəməmişdir. Ümumiyyətlə, iddiaçı tərəfindən oğlunun saxlanılması üçün ödənilən aliment oğlunun maddi tələbatlarını heç bir zaman tam ödəməmiş, əsas xərclər hər zaman öz üzərində olmuşdur. Eyni zamanda, xəstəliyi ilə əlaqəli kredit götürmüş, lakin alimentin artırılması ilə bağlı Məhkəməyə müraciət etməmişdir. Çünki bu xərcidir, uşağı ilə bağlı deyil. Çəkdiyi əziyyətlərə, mübarizə apardığı xəstəliyinə rəğmən bu yükün altında tək olduğu halda, iddiaçı tərəfindən sədəqə kimi verilən alimentin hələ bir öz kefi üçün götürdüyü kreditlərinə, pullu təhsilinə görə Məhkəmə tərəfindən azaldılması qəbuledilməzdir, əsassızdır, ədalət mühakimisini yerinə yetirən orqan üçün utancvericidir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini müdafiə edərək, uşağın artıq məktəbə başlayacağını, bu səbəblə də xərclərinin artacağını, kirayədə yaşadıqlarını, xərçəng xəstəsi olduğunu, cavabdehin aylıq qazancından ¼ hissə məbləğində sabit pulun tutmasını tələb etdiyini, görüşlə bağlı şərait yaratdığını, lakin iddiaçının uşaqla maraqlanmadığını bildirmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini qəbul etməyərək, qarşı tərəfin görüşə maneələr yaratdığını, uşaqla görüşən zaman onun ehtiyaclarına dair xərclər çəkdiyini, hal-hazırda ikinci nikaha daxil olduğunu və ikinci nikahından övladının olacağını,maddi vəziyyəti nəzərə alınaraq qərar çıxarılmasını xahiş etdiyini bildirmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını “Uşaq hüquqları haqqında” Qanunun 5, 6, 13; “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu; Ailə Məcəlləsinin 75-78, 81, 99, 112.1; Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli 8-2/2016 №li Qərarı; Mülki Prosesual Məcəllənin 14.2, 76, 77.1, 80, 81, 82.1, 106.2, 119.1, 216, 217.3, 217.4, 372, 385, 390-cı maddələrinə və iş üzrə təqdim edilmiş sübutlara müvafiq mübahisələndirilən dəlillərə (hissəyə) münasibətdə yoxlayan məhkəmə kollegiyası hesab edir ki, iddiaçının maddi vəziyyətinin ağır olması, isə valideynin övladı qarşısında olan vəzifələrinin həyata keçirilməsindən tam və ya qismən azad edilməsi üçün əsas ola bilməz. Kollegiya hesab edir ki, məhkəmə sadaladığı hallar üzrə əsassız olaraq səhv nəticəyə gəlmişdir. Belə ki, digər amillərdən çıxış edərək uşaqların mənafeyi baxımından nəzərə alınmaması üzrə dispozitiv imkanı istisna edən hallar müəyyən edilmir. İş üzrə müəyyən edilir ki, tərəflər ayrı yaşamaqla ayrı təsərrüfat aparırlar və uşaqlar ananın (cavabdehin) yanındadır, cavabdehin kifayət qədər maddi duruma malik olması müəyyən edilmir. Hamıya bəlli olan halların sübuta yetirilməsinə ehtiyac yoxdur. Məhkəmənin özünün gəldiyi nəticə əsaslandırıcı hissədə ziddiyyətlidir və uşağın tələbatlarının azalması və əvvəlki vəziyyətdən aşağı olmayan şəraitə uyğun uşağın dolanacaq səviyyəsinin mümkünlüyü müəyyən edilmir. Digər tərəfdən iddiaçının qaldırdığı məsələnin digər iş üzrə müzakirə edilməsi müəyyən edilmir. Ailə Məcəlləsinin 76 və 78-ci maddələrinin tələblərinə görə: Aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay: - 1 uşağa görə—qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi; - 2 uşağa görə—qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi; - 3 və daha çox uşağa görə—qazancın (başqa gəlirlərin) yarısı.miqdarda aliment tutulur. Bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Uşaqlar üçün valideynlərinin aliment tutulan, manat və xarici valyuta ilə aldıqları əmək haqqının və (və ya) başqa gəlirlərinin növləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Tərəflərdən hər biri ilə uşaq qalıbsa, bir valideyndən az təminatlı digər valideynin xeyrinə hər ay tutulan alimentin miqdarı bu Məcəllənin 78.2-ci maddəsinə uyğun olaraq məhkəmə tərəfindən sabit pul məbləğində müəyyən edilir. Qeyd edilən müddəaların tələblərindən görünür ki, alimentin sabit pul məbləğində tutulmasının tələb etmək hüququ - uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsə mənsub olmaqla, uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilməlidir. “Məhkəmənin müəyyən etdiyi alimentin miqdarının dəyişdirilməsi və aliment ödəməkdən azadetmə” adlanan Ailə Məcəlləsinin 112.1-ci maddəsinin tələbllərinə görə, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Məhkəmənin tətbiq etdiyi maddənin adından və dispozitiv şərtindən görünür ki, bu maddə məhkəmənin müəyyən etdiyi aliment miqdarının dəyişdirilməsini və aliment ödəməkdən azadetməni nəzərdə tutur. “Aliment miqdarı” anlayışı Hazırki halda, sabit pul məbləğində təyin edilməyən aliment miqdarının dəyişdirilməsi (azaldılması) bu maddənin tənzimlənmə predmeti ola bilməz. Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli qərarına müvafiq: 1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. 2. Bu Qərarın nəticə hissəsinin 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Qeyd edilənlərə görə və birinci instansiya məhkəməsinin qətnaməsi üzrə qəbul edilən qənaətin tam fərqli əsasları müəyyən edildiyi üçün, iddia rədd edilməklə apellyasiya şikayəti təmin edilməli, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi 2(008)- 954/22 saylı işi üzrə 08 fevral 2022-ci il tarixli qətnaməsi ləğv edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi 2(008)- 954/22 saylı işi üzrə 08 fevral 2022-ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh qarşı “aliment miqdarının azaldılması” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar