Məhkəmə qərarları › İş №2(103)-3865/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3865/2024

13.08.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3865/2024 13.08.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: valideynlərin əlavə xərclərə cəlb olunması) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim X16 qızının sədrliyi və məruzəsi ilə, hakimlər Babayev Fuad Fikrət oğlundan və X5 ibarət tərkibdə, məhkəmə iclas katibi İsmayılova Ayşən Səaddin qızının katibliyi, Cavabdeh və onun nümayəndəsi və vəkili Məmmədova Nərminə Rəşid qızının iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “birgə nikahdan doğulmuş uşağın təhsil haqqının yarısının ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 1485/2024 saylı, 18 aprel 2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(004)-98/2024 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı “nikahın pozulması, uşaqların ananın yanında saxlanılması və aliment tutulması” tələbinə dair iddiası təmin edilmiş, Cavabdeh və İddiaçı arasında Səadət Sarayında (Bakı Nikah Evi) xx.xx.2004-cü il tarixdə 3372 nömrəli akt qeydi ilə bağlanmış nikah pozulmuş, tərəflərin birgə nikahdan doğulmuş övladı - xx.xx.2012-ci il təvəllüdlü X2 anası İddiaçı yanında qalması, xx.xx.2023-cü il tarixdən başlayaraq xx.xx.2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.

2. X12 Universiteti tərəfindən verilmiş çıxarışa əsasən Nuray Həsənova 2023-2024 akademik təhsil ili üçün həmin universitetdə media və vizual incəsənət fakültəsinə qəbul olmuşdur və oxuması üçün 16.124,50 ABŞ dolları vəsait ödənilmişdir.

Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı Cavabdeh qarşı “birgə nikahdan doğulmuş övladın təhsil haqqının yarısının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə və iddia ərizəsinə əlavə ilə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət edərək, İddiaçı Əlisəfa qızı tərəfindən 2023cü ilin avqust ayında cavabdehlə birgə nikahından doğulmuş övladları - xx.xx.2005-ci il təvəllüdlü X7 Türkiyə Respublikasında yerləşən Koç Universitetində 12 aylıq təhsil haqqı üçün ödənilmiş 16.124,50 ABŞ dollarının yarısını təşkil edən 8.062,25 ABŞ dollarının və Koç Universitetinin yataqxanasına 12 ay ərzində yaşayışı üçün ödənilmiş 7.216 manatın yarısı olan 3.607 manatın və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 211 manat dövlət rüsumunun Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. İddia onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə xx.xx.2004-cü il tarixdə rəsmi nikah bağlayaraq ailə qurmuşlar, birgə nikahdan onların xx.xx.2005-ci il təvəllüdlü X11 və xx.xx.2012-ci il təvəllüdlü X8 adlı iki övladı var. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsi ilə Cavabdeh və onun arasında xx.xx.2004-cü il tarixdə bağlanmış nikah pozulmuşdur. O, 2023-cü ilin may ayından başlayaraq, Cavabdeh ayrı olaraq uşaqları ilə birlikdə yaşayır. Tərəfindən 2023-cü ilin avqust ayında cavabdehlə birgə nikahından doğulmuş övladları - xx.xx.2005-ci il təvəllüdlü X7 Türkiyə Respublikasında yerləşən Koç Universitetində 12 aylıq təhsil haqqı üçün ödənilmiş 16.124,50 ABŞ dollarının yarısını təşkil edən 8062,25 ABŞ dollarının və Koç Universitetinin yataqxanasına 12 ay ərzində yaşayışı üçün ödənilmiş 7.216 manatın yarısı olan 3.607 manatın və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 211 manat dövlət rüsumunun Cavabdeh tutularaq ona ödənilməlidir.

5. Cavabdeh iddiaya etiraz edərək qeyd etmişdir ki, o, xx.xx.2005-ci il təvəllüdlü X7 xarici ölkəyə gedib universitetdə oxumasına razı olmamışdır. X11 ADA Universitetinə qəbul olunmuşdu. Lakin iddiaçı, onun anası və bəzi qohumlarının israrı nəticəsində Türkiyə Respublikasında yerləşən KOÇ Universitetinə daxil olmuşdur. Onun qızının təhsil haqqını ödəməyə maddi imkanı çatmır. "xxxx" MMC-də işləsə də, ona hər hansı əmək haqqı ödənilməmiş, ordan başqa heç yerdə işləmir. Hazırda işdən çıxarılmışdır. İddiaçı özü övladını ödənişli universitetdə oxutmağı qərara almışdır və təhsil haqqını da özü ödəməlidir.

6. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1485/2024 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə (hakim K.Xudayev) iddiaçı X1 cavabdeh X6 qarşı “pul” tələbinə dair iddiası rədd edilmiş, iş üzrə ödənilmiş 410 (dörd yüz on) manat məbləğində dövlət rüsumu iddiaçı X3 aid edilmişdir.

7. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, valideyn uşağının orta təhsilinə qədərki dövrdə onun təhsil müəssisəsini və təhsilinin formasını seçə bilər. Orta təhsil başa çatdıqdan sonra isə təhsil müəssisəsini və təhsilin formasını uşaqlar özləri seçirlər. Yəni orta təhsil bitdikdən sonra uşağın təhsil müəssisəsini və təhsilin formasını seçməsinə valideynin müdaxiləsi qanunla nəzərdə tutulmamışdır. Bununla əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, ümumi orta təhsildən fərqli olaraq əlavə və ya peşə təhsili, eləcə də ali təhsilin seçim xüsusiyyətinə malik olması, müsabiqə əsasında təşkil olunması və daha çox fərdin maddi vəziyyəti ilə bağlı olması baxımından, uşağın ümumi orta təhsili başa vurduqdan sonra əlavə və ya peşə təhsili, ali təhsil almasına, böyük xərc tələb edən müsabiqə və sair tədbirlərdə iştirakına görə valideynlərin əlavə xərclərdə iştirakı, onlardan bu məsələ ilə bağlı vəsait tələb olunması əsassızdır.

8. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 58.4, 58.5, 80.1, 81.1-ci maddələrinə; “Təhsil haqqında” Azərbaycan Respublikasının 2009-cu il 19 iyun tarixli Qanununun (bundan sonra - “Təhsil haqqında” Qanun) 19.4, 19.14 və 19.18-ci maddələrinə; Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2015- ci il tarixli qərarına istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin dəlilləri

9. İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 18 aprel 2024-cü il tarixli, 2(004)-1485/2024 saylı qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə yeni qətnamənin çıxarılması xahiş etmişdir. 10.Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, onunla cavabdehin birgə nikahdan olan övladları xx.xx.2005-ci il təvəllüdlü X4 Universitetinə daxil olan zaman, o və Cavabdeh birgə nikahda olaraq bir yerdə yaşayırdılar. Belə ki, həmin vaxt cavabdeh tərəfindən valideyn olaraq həmin universitetdə oxumağa razı olmadığı tədqirdə, valideyn kimi qadağa qoyulacaq idi və Nuray Həsənova Azərbaycan Respublikasının ərazisində yerləşən Universitetlərin birinə daxil ola bilərdi. Yəni bu kimi hal onu təsdiq edir ki, Cavabdeh Yasamal Rayon Məhkəməsində yanlış ifadə veribdir. Bunu da bildirir ki, Cavabdeh tərəfindən sonradan hətta bunadair övladın Azərbaycan Respublikasının sərhədlərinin hüdudlarından kənar çıxmaq üçün notarial qaydada icazə vermişdir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

12. İştirak etdiyi məhkəmə iclasında iştirak edən İddiaçı vəkili və nümayəndəsi https://cms.justice.loc/Cases/Default.aspx?caseId=2892843Vəkil1 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək təmin olunmasını və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, tərəflər ailə qurduqdan sonra iki uşaqları dünyaya gəlmişdir. Birgə nikah dövründən olan X14 hələ 17 yaşı tamam olmayanda Türkiyə Respublikasında yerləşən Koç universitetinə daxil olmuşdur. Həmin dövrdə cavabdeh də bu prosesdə iştirak etmiş, Turkiyə Respublikasına getmiş və yataqxanada da olmuşdur. Daha sonra tərəflərin arasında mübahisə olmuş və boşanmışlar. İddiaçı tur şirkətinin rəhbəridir, X9 bütün təhsil xərclərini özü çəkmişdir. Qarşı tərəfin X9 xaricə çıxarılmasına razı olduğu barəsində ərizə də mövcuddur. X9 2024-cü ilin noyabr ayında 18 yaşı olacaq.

13. Məhkəmə iclasında iştirak edən Cavabdeh vəkili-nümayəndəsi Vəkil2 apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 1485/2024 saylı, 18 aprel 2024-cü il tarixli qətnaməsi qanuni və əsaslıdır. Cavabdeh tərəfindən X9 Türkiyə Respublikasına getmək üçün icazə verilmişdir. Qanunveriliciliyə görə valideynlər uşaqlar yetkinlik yaşına çatana qədər onların ehtiyaclarını ödəməlidir. Yetkinlik yaşına çatmış uşaqların ali təhsil alması, peşə təhsili seçmək öz hüququdur. Hüquqlarını müdafiə etdiyi şəxs qızının Turkiyə Respublikasında təhsil almasının tərəfdarı deyildir, bunu eyni zamanda maddi imkanı olmadığı üçün istəmir. Təmsil etdiyi şəxsin imzaladığı ərizə X9 xaricə çıxarılması ilə əlaqədardır. Təhsillə bağlı qarşı tərəfə heç bir razılıq verməmişdir. Avqust ayında ödənilən məbləğ təhsil haqqının tam hissəsidir. Həmin vaxt, avqust ayının 23-də Həsənova Nurayın 17 yaşı var idi.

14. Məhkəmə iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmiş və bildirmişdir ki, X10 xaricdə təhsil alması üçün razılıq verməmişdir. Hal-hazırda tələb edilən pulu verməyə imkanı yoxdur.

15. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış iddiaçı məhkəmə iclasında təmsil edilmədiyindən və məhkəmə iclasında üzrlü səbəblərdən iştirak edə bilməyəcəyi barədə mötəbər sübutlar təqdim etmədiyindən məhkəmə kollegiyası işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Apellyasiya baxışının hədləri

16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

17. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

18. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır.

19. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv edilməsi, iddianın təmin edilməsi xahiş edilmişdir. Bu səbəbdən kollegiya hesab edir ki, apellyasiya baxışının predmetini iddianın rədd edilməsi barədə qətnamənin tam yoxlanılması təşkil edir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Konstitusiyasının

20. 17-ci maddəsinə görə, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur.

Azərbaycan Respublikasının Ailə Məcəlləsinin

21. 58.4-cü və 58.5-ci maddələrinə əsasən valideynlər uşaqların əsas ümumi təhsil almasını təmin etməyə borcludurlar. Valideynlər uşaqların ümumi orta təhsil almasına qədər onların maraqlarını nəzərə almaqla təhsil müəssisəsini və təhsil formasını seçmək hüququna malikdirlər.

22. 60.3, 75.1, 75.2 və 75.4-cü maddələrinə müvafiq olaraq uşaqların tərbiyə və təhsilinə aid olan bütün məsələlər uşaqların hüquq və mənafeləri, onların rəyi nəzərə alınmaqla, valideynlərin qarşılıqlı razılığı əsasında həll olunur. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur.

23. 81.1-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, əlilliyi müəyyən edilmiş uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər.

24. 81.2 və 81.3-cü maddələrinə əsasən valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər.

25. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 yanvar 2015-ci il tarixli Qərarında gğstərilmişdir ki, valideyn uşağının orta təhsilinə qədərki dövrdə onun təhsil müəssisəsini və təhsilinin formasını seçə bilər. Orta təhsil başa çatdıqdan sonra isə təhsil müəssisəsini və təhsilin formasını uşaqlar özləri seçirlər. Yəni orta təhsil bitdikdən sonra uşağın təhsil müəssisəsini və təhsilin formasını seçməsinə valideynin müdaxiləsi qanunla nəzərdə tutulmamışdır. Bununla əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, ümumi orta təhsildən fərqli olaraq əlavə və ya peşə təhsili, eləcə də ali təhsilin seçim xüsusiyyətinə malik olması, müsabiqə əsasında təşkil olunması və daha çox fərdin maddi vəziyyəti ilə bağlı olması baxımından, uşağın ümumi orta təhsili başa vurduqdan sonra əlavə və ya peşə təhsili, ali təhsil almasına, böyük xərc tələb edən müsabiqə və sair tədbirlərdə iştirakına görə valideynlərin əlavə xərclərdə iştirakı, onlardan bu məsələ ilə bağlı vəsait tələb olunması əsassızdır.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin

26. 14.2-ci maddəsinə əsasən, maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

27. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

28. 77.3-cü maddəsinə əsasən, işdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər

29. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

30. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

31. Ailə Məcəlləsinin 81-ci maddəsində valideynlərin uşaqlara görə əlavə xərclərdə iştirakı nəzərdə tutulur. Həmin Məcəllənin 81.1-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və s.) bağlı yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər.

32. Göründüyü kimi təhsil üçün çəkilən xərclər Ailə Məcəlləsinin 81-ci maddəsinə əsasən valideynlərin məhkəmə tərəfindən ödənilməsinə cəlb oluna bildiyi əlavə xərclərə aid edilmir və bu normaya istinadən əlavə xərc kimi təhsil üçün çəkilmiş xərcin digər valideyndən tələb edilməsi əsassızdır.

33. Beləliklə kollegiya birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi qənaətlə razılaşaraq qeyd edir ki, ümumi orta təhsildən fərqli olaraq əlavə və ya peşə təhsili, eləcə də ali təhsilin seçim xüsusiyyətinə malik olması, müsabiqə əsasında təşkil olunması və daha çox fərdin maddi vəziyyəti ilə bağlı olması baxımından, uşağın ümumi orta təhsili başa vurduqdan sonra ali təhsil almasına, böyük xərc tələb edən müsabiqə və sair tədbirlərdə iştirakına görə valideynlərin əlavə xərclərdə iştirakı, onlardan bu məsələ ilə bağlı vəsait tələb olunması əsassızdır.

34. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan mübahisələndirilən qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

35. MPM-nin 384.0.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

36. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir.

37. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 384, 392, 393, 402.1 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1485/2024 saylı, 18 aprel 2024cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən təqdim olunduğu gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Cəmilə Musayeva Hakimlər: Fuad Babayev Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar