Məhkəmə qərarları › İş №2(103)-3867/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3867/2023

16.06.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3867/2023 16.06.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: uşağın saxlanılması üçün aliment tutulması, uşağın üstün mənafeyi, alimentin tutulma müddəti) hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və X1 ibarət tərkibdə, Qasımov Ramil Rəşid oğlunun katibliyi, İddiaçı nümayəndəsi (vəkili) Vəkil1 iştirakı ilə İddiaçı Cavabdeh qarşı “aliment ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 18 oktyabr 2022-ci il tarixli qətnaməsindən iddiaçının nümayəndəsi (vəkili) tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları

1. X3 ilə Cavabdeh 26 may 2018-ci il tarixdə rəsmi nikaha daxil olmuş, nikahları 3 saylı Bakı “ASAN Xidmət” mərkəzinin Qeydiyyat şöbəsində rəsmiləşdirilmiş, nikah bağlandıqdan sonra arvada “Yusubova” soyadı verilmiş, nikahlarından xx.xx.2018-ci il tarixdə Osman adını verdikləri uşaqları anadan olmuşdur.

2. Onlar hazırda faktiki olaraq ayrı yaşayırlar və birgə təsərrüfat aparmırlar, uşaq anasının himayəsindədir.

3. Ülkər Yusibova xx.xx.2022-ci il tarixdə Cavabdeh “nikahın pozulması, aliment və ailə məsələləri barədə” mediasiya təklifi göndərmişdir.

Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı

4. İddiaçı (iddiaçı) Cavabdeh (cavabdeh) qarşı iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, cavabdehlə birgə nikahlarından doğulmuş xx.xx.2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 300 manat sabit pul məbləğində alimentin cavabdehdən tutulub ona ödənilməsi, alimentini tutulmasının xx.xx.2022-ci il tarixdən hesablanması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, cavabdehlə 28 aprel 2017-ci il tarixində ailə qurmuş, nikahları 26 may 2018-ci il tarixdə rəsmiləşdirilmiş, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 26 may 2018-ci il tarixdə 1611 nömrə ilə qeydiyyat aparılmışdır. Nikahlarından xx.xx.2018-ci il tarixdə Osman adlı uşaqları doğulmuşdur. Cavabdehlə ilk vaxtlar mehriban olmuş, hətta onunla birlikdə vəsait sərf edərək ünvan 1 ünvanında yerləşən mənzili alaraq ora köçüb birgə yaşamışlar. Lakin sonradan ona məlum olmuşdur ki, cavabdeh dini qruplaşmaya qoşularaq vahibiliklə məşğuldur. Cavabdehin fəaliyyətinin əleyhinə çıxaraq bu işdən əl çəkməsini ona dəfələrlə bildirmiş, onu yolundan döndərə bilmədiyi üçün məcbur olub ondan ayrılmaq qərarına gəlmişdir. Odur ki, 2019-cu ilin sonlarında cavabdehdən ayrılaraq uşaqları ilə valideynlərinin yanına gəlmişdir. O vaxtdan da valideynlərinin yanında yaşayır. Cavabdehlə uşağın saxlanılmasına dair aliment barədə aralarında razılaşma və ya hər hansı müqavilə olmamışdır. Cavabdehdən ayrıldıqdan sonra cavabdeh uşağın saxlanmasında iştirak etməmişdir. Ondan ayrılıb valideynlərinin yanına gələndən bəri uşağını valideynlərinin maddi yardımı ilə saxlayır. Lakin cavabdeh bir dəfə də olsun uşağına maddi yardım göstərməmiş, hətta uşağı ilə maraqlanmamış, onunla ünsiyyət saxlamamışdır. Artıq uşaq böyüyür, onun maddi ehtiyacları hər gün artır. Ona görə də cavabdeh uşağın saxlanmasında öz valideynlik vəzifəsini yerinə yetirərək aliment ödəməlidir. Cavabdehin rəsmi müqavilə ilə işlədiyi iş yeri vardır, bundan əlavə o, günəmuzd işləyərək pul qazanır.

6. Cavabdehin nümayəndəsi (vəkili) məhkəməyə etiraz təqdim edərək iddianın qismən təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmiş, etirazında göstərmişdir ki, cavabdehin aylıq qazancı 600-800 manat aralığında dəyişir və 300 manat aliment məbləğini ödəmək imkanı yoxdur. Cavabdehin aylıq qazancı sabit deyil, işlədiyi günlərə nisbətdə qazancı dəyişir. Ailənin yeganə qazanc gətirəni odur, ondan başqa ailədə çalışan yoxdur. Ailə 5 nəfər şəxsdən ibarətdir. Atasının dərman xərcləri 80 manat təşkil edir. Anası karpal tunel sindromu xəstəliyindən əziyyət çəkir və aylıq dərmanlarına 80-100 manat pul ödəyir. Əvvələr günəmuzd işləyib əlavə qazanc əldə etmiş olsa da, hazırda rəsmi iş yerindən başqa heç bir işdə işləmir, həmin aylıq məvacibindən başqa heç bir əlavə qazancı yoxdur.

7. Cavabdehin məhkəmə iclasında iştirak edən nümayəndəsi (vəkili) Vəkil2 iddianı qismən qəbul edərək izahatında bildirmişdir ki, təmsil etdiyi şəxs alimenti uşaqlar üçün yaşayış minimumu həddində, yəni hər ay 193 manat məbləğində ödəyə bilər.

8. Birinci instansiya məhkəməsinin 18 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh birgə nikahdan olan xx.xx.2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 193 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi, alimentin tutulmasının 11 avqust 2022-ci il tarixdən hesablanması, qətnamənin dərhal icra edilməsi, 43,16 manat dövlət rüsumunun Cavabdeh tutulub dövlət büdcəsinə ödənilməsi qət olunmuşdur.

9. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci və 34-cü, Ailə Məcəlləsinin 75-ci və 100.2-ci, “Uşaq hüquqları haqqında” Qanunun 19-cu maddələrinə, “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Qanuna, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 132.1.1 və 132.1.2-ci maddələrinin şərh edilməsinə dair” 5 oktyabr 2012-ci il tarixli Qərarına, “Uşaq Hüquqları haqqında Konvensiya”ya istinad edən məhkəmə, mövqeyini belə əsaslandırmışdır ki, Cavabdeh xx.xx.2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 193 manat sabit pul məbləğində aliment tutulmalıdır.

10. Məhkəmə hesab etmişdir ki, iddiaçı cavabdehin daha artıq aliment ödəməyə qadir olması ilə bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Digər tərəfdən alimentin tutulmasının başlanğıcı iddiaçının tələb etdiyi qayda ilə, yəni xx.xx.2022-ci il tarixdən hesablana bilməz, çünki Ailə Məcəlləsinin 100.2-ci maddəsinin tələbinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur.

11. Qətnamədən iddiaçının nümayəndəsi (vəkili) apellyasiya şikayəti verərək onun qismən, yəni iddianın təmin olunmaması ilə bağlı hissədə ləğv olunub iddianın tam təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmaqla, məhkəmənin işin hallarına, iddiaçının mediasiyaya məhz xx.xx.2022-ci il tarixdə müraciət etmiş olmasına, uşağın 2019-cu ildən iddiaçının himayəsində qaldığına əhəmiyyət vermədiyini, Ailə Məcəlləsinin tətbiq edilməli olan normalarını tətbiq etmədiyini irəli sürmüşdür.

Apellyasiya şikayətinə qarşı etiraz

12. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir (daxil olmamışdır).

Apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclası, verilən izahat

13. İddiaçının məhkəmə iclasında iştirak edən nümayəndəsi (vəkili) apellyasiya şikayətini müdafiə etmiş, cavabdeh isə məhkəməyə gəlməmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Ailə Məcəlləsi

14. Maddə 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar.

15. Maddə 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur.

16. Maddə 76.1. Aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay aşağıdakı miqdarda aliment tutulur: 76.1.1. 1 uşağa görə - qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi; 76.1.2. 2 uşağa görə - qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi; 76.1.3. 3 və daha çox uşağa görə - qazancın (başqa gəlirlərin) yarısı.

17. Maddə 76.2. Bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər.

18. Maddə 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər.

19. Maddə 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir.

20. Maddə 100.1. Aliment almaq hüququ olan şəxs, aliment ödənilməsi barədə saziş üzrə əvvəllər ona aliment ödənilməmişsə, aliment almaq hüququnun yarandığı vaxtdan asılı olmayaraq istənilən müddətdə məhkəməyə aliment tutulması barədə ərizə ilə müraciət etmək hüququna malikdir.

21. Maddə 100.2. Aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur.

22. Maddə 100.3. Məhkəmə iddiaçının aliment almaq üçün məhkəməyə müraciət edənədək tədbirlər gördüyünü, lakin aliment ödəməli olan şəxsin onu verməkdən boyun qaçırması nəticəsində alimentin alınmadığını müəyyən edərsə, əvvəlki dövr üçün aliment 3 illik müddət həddində verilə bilər.

“Uşaq hüquqları haqqında” Qanun

23. Maddə 13. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.

“Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Qanun

24. Maddə 1. 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 220 manat məbləğində müəyyən edilsin.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

25. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

26. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

27. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.

28. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

29. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

30. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.

31. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

32. Maddə 384.0.3. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər

33. Maddə 385. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi.

34. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının həddi

35. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

36. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

37. Cavabdeh qətnamədən şikayət vermədiyindən, qətnamə iddianın qismən təmin olunması ilə bağlı hissədə, eləcə də “43,16 manat dövlət rüsumunun Cavabdeh tutulub dövlət büdcəsinə ödənilməsi” hissəsində yoxlanılmır. Qətnamə iddianın təmin olunmayan hissəsi üzrə apellyasiya baxışının predmetidir.

İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi

38. Ailə qanunvericiliyin sadalanan müddəaları (§18-19) alimentin məbləğinin müəyyənləşdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir. Bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar da nəzərə alınmalıdır.

39. Aliment öhdəliyi dedikdə, ailə münasibətlərinin iştirakçısı olan ər-arvad, valideynlər və uşaqlar arasında yaranan elə hüquq münasibətləri başa düşülür ki, burada bir tərəf digər tərəfin saxlanılması üçün onlar arasında olan razılıq əsasında və ya qanunvericiliyə uyğun olaraq məcburi qaydada müəyyən edilən vəsaiti (alimenti) ödəməyə borclu olur.

40. Ailə qanunvericiliyində məhkəmə qaydasında alimentin tutulmasının 2 qaydası müəyyən edilmişdir: aliment ödəyənin aylıq qazancının (gəlirinin) müəyyən hissəsi miqdarında (§ 16); sabit pul məbləğində (§ 18,19). Eyni zamanda, ailə qanunvericiliyi hər iki qaydada tutulan alimentin miqdarını müəyyən edərkən məhkəmənin üzərinə bəzi hüquq və vəzifələr qoymuşdur. Belə ki, Ailə Məcəlləsinin 76.1-ci maddəsində göstərilən payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər (§ 17), həmçinin sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir (§ 19).

41. Ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu özlüyündə müəyyən meyar kimi çıxış etməklə, minimum təminat səviyyəsini nəzərdə tutur.

42. “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli Qərarında Konstitusiya Məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, “...nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir”.

43. Bu mənada məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin müəyyən etdiyi aliment məbləği göstərilən halların məcmusu baxımından ədalətli deyildir və cavabdehdən 220 (iki yüz iyirmi) manat məbləğində alimentin alınaraq iddiaçıya verilməsi hazırki mübahisənin halları baxımından daha düzgün olar.

44. Cavabdehin daha yüksək gəlirlər əldə etməsinə dair iddiaçının irəli sürdüyü arqumentlər isə hər hansı sübutla təsdiqlənmədiyi üçün formal mülahizələr olaraq qəbul edilməlidir. Cavabdehin özünün izahatları ilə müəyyən olunur ki, onun aylıq qazancı 600- 800 manat arasında dəyişir.

45. Kollegiya həmçinin qeyd edir ki, alimentin 11 avqust 2022-ci il tarixdən hesablanmaqla tutulmalı olduğunu müəyyən etməklə birinci instansiya məhkəməsi maddi hüquq normasını düzgün tətbiq etməmişdir. Belə ki, Ailə Məcəlləsinin 100.2-ci maddəsində alimentin məhkəməyə müraciət edildiyi vaxtdan tutulduğu təsbit edilsə də, iddiaçının məhz xx.xx.2022-ci il tarixdə cavabdehə mediasiya təklifi göndərdiyi müəyyən olunmuşdur; belə olan halda alimentin tutulmasının iddia ərizəsinin məhkəməyə verildiyi gündən hesablanması qanunun mənasına uyğun deyildir.

46. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDİ:

İddiaçı nümayəndəsinin (vəkilinin) apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-2460/2022 saylı iş üzrə 18 oktyabr 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə, yəni alimentin məbləğinə və tutulma qaydasına (müddətinə) aid hissədə dəyişdirilsin. Cavabdeh xx.xx.2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün xx.xx.2022-ci il tarixindən hesablanmaqla hər ay 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar