Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3882/2021 25.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri - Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Şirinov Ziya Allahverdi oğlu və X1 ibarət tərkibdə, X13 oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «alimentin ödənilməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 03 fevral 2021-ci il tarixli, 2(002)-381/2021 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «alimentin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, Cavabdeh 15.02.2003-cü il təvəllüdlü X2 və 13.03.2010 təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay əmək haqqından hər ay qazancının (başqa gəlirlərinin) 1/3 hissəsi miqdarında aliment tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, onun Cavabdeh ilə faktiki nikahdan 15.02.2003-cü il təvəllüdlü X5 və 13.03.2010 təvəllüdlü X6 adında iki uşağı vardır. Cavabdeh könüllü olaraq atalığı qəbul etmişdir. Cavabdehlə faktiki olaraq ayrı-ayrı ünvanlarda yaşayırlar. Uşaqlar onun himayəsində yaşayır. Cavabdeh «Azneft» İstehsalat Birliyi «Bibiheybətneft» NQÇİ-də baş mexanik vəzifəsində işləyir və yüksək əmək haqqı alır. Qeyd edilənlərə əsasən məhkəmədən iddia ərizəsinin təmin olunmasını xahiş etmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 03 fevral 2021-ci il tarixli, 2(002)- 381/2021 saylı qətnaməsi ilə (hakim İlkin Rüstəmli) iddia təmin olunmuş, Cavabdeh 15.02.2003-cü il təvəllüdlü X4 və 13.03.2010 təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay bir uşağa görə qazancının və başqa gəlirlərinin 1\3 (üçdə bir) hissəsi miqdarında aliment tutularaq İddiaçı xeyrinə ödənilməsi, alimentin 25.11.2020-ci il tarixdən tutulması, alimentin tutulması hissəsində qətnamənin dərhal icra edilməsi, iş üzrə ödənilməli olan 30 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınaraq dövlət büdcəsinə köçürülməsi qət olunmuşdur. Cavabdeh birinci instansiya məhkəməsinin qeyd edilən qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti – birinci instansiya məhkəməsinin qətnaməsinin qismən əsassız olması, maddi və prosessual hüquq normalarının pozulması, iddiaçı ilə faktiki nikahda olması və 15.02.2003-cü il təvəllüdlü Laləzər adında qızının olması, lakin 13.03.2010 təvəllüdlü Əlisəid İbrahimlinin atası olmaması, buna dair əsaslı şübhələrinin olması, həmin uşağın atasının Vüqar adlı şəxs olması, bunu bildikdən sonra iddiaçı ilə münasibətlərinin pozulması, lakin iddiaçı bu faktı etiraf etdiyindən və maddi vəziyyətini nəzərə alaraq onunla barışması, 2021-ci ilin yanvar ayınadək uşaqların saxlanılması üçün maddi köməklik etməsi, 13.03.2010 təvəllüdlü Əlisəid İbrahimlinin onun uşağının oubolmamasının yoxlanılması üçün müvafiq ekspertizanın təyin olunmalı olması kimi əsaslandırmış, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməsi xahiş olunmuşdur. Tərəflərin izahatlari, prosessual məsələlər: Məhkəmə iclasında iştirak edən cavabdeh apellyasiya şikayətini müdafiə edərək, şikayətdə göstərilən dəlillərə uyğun izahat vermiş, əlavə olaraq göstərmişdir ki, o, qətnamədən 15.02.2003-cü il təvəllüdlü qızı Laləzəra aliment tutulması hissəsində narazı deyildir. Lakin, özünü 13.03.2010 təvəllüdlü Əlisəid İbrahimlinin atası hesab etmədiyindən ona aliment ödəməli deyildir. İddiaçı ilə aralarında rəsmi nikah olmasa da, faktiki nikah münasibətlərində olmuşlar və hər iki uşağa görə atalığını vermiş, doğum haqqında şəhadətnamələrdə ata kimi qeyd olunmuşdur. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək, iddia ərizəsində göstərilənlərə və birinci instansiya məhkəməsində verdiyi izahata uyğun izahat vermiş, əlavə olaraq göstərmişdir ki, cavabdeh hər iki uşağa könüllü olaraq atalığını vermiş, bu səbəbdən də doğum haqqında şəhadətnamələrdə ata kimi qeyd olunmuşdur. Cavabdehin məqsədi aliment öhdəliyindən yayınmaqdır və əsassız apellyasiya şikayəti vermişdir. Qeyd edilənlərə əsasənməhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR : Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini və izahatları dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanmalıdır. Belə ki, işdə olan AZ-İ seryalı 400815 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 15.02.2003-cü il tarixdə Bakı şəhərində anadan olmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. İşdə olan AZ-İİ seryalı 558346 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 oğlu 13.03.2010-cu il tarixdə Bakı şəhərində anadan olmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. Məhkəmə kollegiyası hazırki mübahisə ilə bağlı apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərkən Azərbaycan Respublikası Konstitusiyanın, ailə qanunvericiliyinin və beynəlxalq müqavilələrin müddəalarının nəzərdən keçirilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. «Uşaq hüquqları haqqında» BMT-nin 12 noyabr 1989-cu il tarixli Konvensiyasının 3cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən edilsin. Həmin Konvensiyanın 6-cı maddəsində göstərilir ki, iştirakçı dövlətlər uşağın sağ qalmasını və sağlam inkişaf etməsini maksimum mümkün olan dərəcədə təmin edirlər. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə görə dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. «Uşaq Hüquqları Haqqında Konvensiya»nın 18-ci maddəsinin İ bəndinə əsasən iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin birgə və eyni dərəcədə məsuliyyət daşıdığına dair prinsipin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı maraqları-onlara əsas qayğı obyektidir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avrova Konvensiyasının 7 saylı Protokolunun 5-ci maddəsinə görə, ər-arvad habelə nikaha daxil olmaq, nikahda olmaq və boşanma ilə bağlı məsələlərdə öz aralarında və uşaqları ilə münasibətlərdə bərabər hüquqlara malikdirlər və bərabər mülki-hüquqi cavabdehlik daşıyırlar. Bu maddə uşaqların maraqlarına riayət olunması üçün zəruri tədbirlər görməkdə dövlətlərə mane olmur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin (bundan sonra, AM) 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Göründüyü kimi, istər daxili, istərsə də beynəlxalq hüquq normalarının tələblərinə görə uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Valideynlər uşaqların tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar. Uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarədəri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən edilsin. İşin faktiki halları və işdə olan sübutlarla müəyyən edilir ki, tərəflərin faktiki nikahından iki yetkinlik yaşına çatmayan uşaqları vardır. Doğum haqqında şəhadətnamələrə əsasən cavabdeh uşaqların atası kimi qeyd edilmişdir (atalığı müəyyən olunmuşdur). Tərəflər hazırda ayrı yaşamaqla, uşaqlar iddiaçının yanında qalır. Həmçinin, cavabdehin izahatından da aydın olur ki, o işləməklə aylıq əmək haqqı alır. AM-in 76.1.3-cü maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda, uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 2 uşağa görə qazancın (və ya) valideynlərin başqa gəlirlərinin 1/3 hissəsi miqdarında aliment tutulur. Göründüyü kimi, birinci instansiya məhkəməsi alimentin miqdarını AM-in 76.1.3-cü maddəsinə uyğun müəyyən etməkdə haqlı olmuşdur. Cavabdeh apellyasiya şikayətində 13.03.2010 təvəllüdlü Əlisəid İbrahimlinin atası olmamasını göstərsə də, yuxarıda da qeyd edildiyi kimi işdə olan doğum haqqında şəhadətnamədə cavabdeh həmin uşağın atası kimi qeyd edilmişdir. Cavabdehin özü də həmin uşaq üzərində atalığının müəyyən olunmasını bildirmiş, lakin sonradan buna şübhələrinin olmasını qeyd etmişdir. Belə olan halda isə, məhkəmə kollegiyası həmin dəlillərin (ekspertiza təyin olunması və s.) hazırki icraat çərçivəsində araşdırılmasını mümkün hesab etmir. Ailə qanunvericiliyinin tələblərinə əsasən maraqlı şəxslər atalığa dair məhkəmə qaydasında iddia verməklə mübahisə aça bilər (Ailə Məcəlləsinin 47-ci mad). Həmçinin qeyd edilməlidir ki, AM-nin 100.2-ci maddəsində göstərilir ki, aliment məhkəməyə müraciət edilən vaxtdan tutulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin tələbinə görə, məhkəməyə müraciət olunan istənilən fərdi şikayət açıq əsaslandırılmamış və ya şikayət vermə hüququndan sui-istifadə edilmiş hesab edirsə, qəbul olunmayan elan edilə bilər. MPM-in 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və MPM-in 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı «alimentin ödənilməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 03 fevral 2021-ci il tarixli, 2(002)-381/2021 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 03 fevral 2021-ci il tarixli, 2(002)-381/2021 saylı qətnaməsi apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 02 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-3882/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3882/2021
25.05.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver