Məhkəmə qərarları › İş №2(103)-3886/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3886/2023

07.06.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3886/2023 07.06.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iddia tələbinə dair iş üzrə (Açar sözlər: iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam edilməsi, işə məhkəmə qaydasında baxılmasının yolverilməzliyi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (məruzəçi), Mərdanova Xumar Afət qızından və X1 ibarət tərkibdə İddiaçı Cavabdeh qarşı “mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 04 may 2023-cü il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi: İşin halları

1. Zeynalov X5 Afət Qabil qızına və X3 qarşı “mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə (məhkəmə) müraciət edərək, səsləndirdiyi həqiqətəuyğun olmayan böhtan və təhqir xarakterli ifadələr nəticəsində ona vurduğu mənəvi zərərin qarşılığı olaraq Cavabdeh 500 (beş yüz) manat təzminat məbləğinin xeyrinə tutulması, barəsində Azərbaycan Respublikasının DİN-in 102 Məlumat Mərkəzinə məlumat verməklə Kürdəmir RPŞ-nə böhtan xarakterli şikayət ərizəsi ilə müraciət edən X2 qeyd olunan əməlinin nəticəsində ona vurduğu mənəvi zərərə görə 500 (beş yüz) manat təzminat məbləğinin tutulması haqqında qətnamə çıxarılmasını xahiş etmiş, həmin mülki iş İddiaçı ərizəsi əsasında məhkəmənin xx.xx.2023-cü il tarixli (e- 2(007)-445/2023 saylı iş üzrə) qərardadı ilə baxılmamış saxlanılmışdır.

2. İddiaçı xx.xx.2023-cu il tarixdə yenidən eyni iddia ərizəsi ilə məhkəməyə müraicət etmiş, bununla belə xx.xx.2023-cü il tarixdə ərizə ünvanlayaraq iddiadan imtina etdiyini bildirdiyindən məhkəmənin xx.xx.2023- cü il tarixli (e-2(007)-1228/2023 saylı iş üzrə) qərardadı ilə mülki işin icraatına xitam verilmiş və iddiaçıya izah olunmuşdur ki, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir.

Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı

3. Zeynalov X5 Afət Qabil qızına qarşı xx.xx.2023-cü il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, barəsində yalan olduğunu bildiyi halda 19 yanvar 2023-cü il tarixdə Azərbaycan Respublikası DİN-in Abşeron RPİ-nə böhtan xarakterli şikayət etməklə ona mənəvi zərər vuran Cavabdeh mənəvi zərərin qarşılığı olaraq 900 (doqquz yüz) manatın xeyrinə tutulması haqqında qətnamə çıxarılmasını xahiş etmişdir.

4. Məhkəmənin 04 may 2023-cü il tarixli qərardadı ilə iddia ərizəsinin icraata qəbulundan imtina edilmiş, ərizənin ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılması qərara alınmışdı.

5. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, İddiaçı Cavabdeh qarşı Azərbaycan Respublikası DİN-in Abşeron RPİ-nə böhtan xarakterli şikayət etməklə ona mənəvi zərər vurduğunu qeyd edərək hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir, halbuki yuxarıda göstərilən işlər üzrə cavabdehə qarşı qaldırılmış iddialarla hazırkı iddia eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə qaldırılmış iddiadır. Belə ki, e-2(007)-1228/2023 saylı iş üzrə iddiada iddiaçı Cavabdeh yardım və dəstək göstərdiyini, bundan sonra aralarındakı münasibətlərin pozulması nəticəsində Cavabdeh tərəfindən Abşeron RPİ-nə, atası X4 tərəfindən isə Kürdəmir RPŞ-nə böhtan xarakterli şikayət ərizələri ilə müraciət edildiyini və s. halları qeyd edərək iddiasını əsaslandırmışdır. Cavabdeh qarşı qaldırılmış hazırkı iddia, e-2(007)-1228/2023 saylı iş üzrə eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə qaldırılmış iddiadır və həmin iş üzrə icraata xitam verilmişdir. Beləliklə, İddiaçı oğlunun hazırkı iddia ərizəsi MPM-nin tələblərinə riayət edilməklə verilmədiyindən, yəni eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olduğundan ərizənin məhkəmə icraatı mümkün deyil və yolverilməzliyinə görə ərizənin icraata qəbul edilməsindən imtina edilməli, ərizə ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır.

6. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci, 153.2.2-ci, 153.4-cü, 153.5-ci və 153.6-cı maddələrnə istinadla əsaslandırmışdır.

7. Qərardaddan İddiaçı şikayət verərək onun ləğv olunmasını, iş üzrə icraatın mümkünlüyü və buna müvafiq olaraq sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsinə dair qanuni qərardad çıxarılmasını xahiş etmişdir.

8. İddiaçı şikayətini belə əsaslandırmışdır ki, cavabdehə qarşı irəli sürdüyü hazırkı iddia tələbinin predimetini “mənəvi zərərin ödənilməsi" təşkil etsə də, əsasını tamamilə başqa fakt təşkil etmişdir. İş materiallarından görmək mümkündür ki, irəli sürdüyü iddia tələbinin əsasını cavabdehin barəsində yalan olduğunu bildiyi halda “intihar həddinə çatması” ilə əlaqədar olaraq 19 yanvar 2023-cü il tarixdə Abşeron RPİ-nə müraciət etməsi, bu faktın təsdiqi kimi Azərbaycan Respublikası DİN-in Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən ona ünvanlanmış 14 fevral 2023-cü il tarixli məktubu təşkil etmişdir. Cavabdehlə arasında olan bundan öncəki “mənəvi zərərin ödənilməsi” tələbinə dair iş üzrə göstərdiyi faktla bağlı məhkəməyə 25 yanvar 2023-cü il tarixdə sadəcə məlumat vermiş və həmin məlumatda qeyd etmişdir ki, bu faktla bağlı da məhkəməyə müraciət etməyi istisna etmir. Qeyd olunan məlumat tərəfindən ona görə məhkəməyə təqdim olunmuşdur ki, cavabdeh yol verdiyi qanunsuz əməli ilə icraatda olan mülki iş üzrə iddia tələbindən imtina etməsi üçün ona təzyiq göstərməyə çalışmışdır. Bunu cavabdehlə aralarında olan və məhkəməyə təqdim edilmiş 17 yanvar 2023-cü il tarixə təsadüf edən “whatsapp” yazışması da təsdiq edir. Cavabdehin göstərilən əməli həmin zamana münasibətdə tərəfindən iddia tələbinin həcminin artırılması kimi dəyərləndirilməmiş, bununla bağlı olaraq məhkəməyə MPM-in 53.1-ci maddəsinə əsasən “dəqiqləşdirmə haqqında ərizə” verilməmişdir. Çünki fakt üzrə məlumatın təqdim ediliyi 25 yanvar 2023-cü il tarixə münasibətdə bu mümkün ola bilməzdi, ona görə ki, cavabdehin barəsində etdiyi şikayət üzrə hüquq-mühafizə orqanlarında araşdırma aparılırdı. Həmin araşdırma isə artıq yekunlaşmış, cavabdehin barəsində etdiyi şikayətin maddi əsası tapılmadığından cinayət işi başlanılmamışdır. Ona görə də hazırkı iddia ərizəsi qeyd olunan məsələ ilə bağlı araşdırma yekunlaşdıqdan sonra məhkəməyə təqdim edilmiş və bu baxımdan əsası tam fərqli olmuşdur. Cavabdehlə aralarında gerçəkləşmiş və icraatına xitam verilmiş iş üzrə iddia tələbinin göstərilmiş əsasları hazırkı mülki iş üzrə iddia tələbinə aid edilməmişdir. Bir sözlə, cavabdehlə aralarında olan hazırkı iddia tələbinə dair mülki iş üzrə əsas tamamən fərqlidir.

9. Məhkəmənin 08 may 2023-cü il tarixli qərardadı ilə şikayət təmin olunmayaraq baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.

Apellyasiya baxışı

10. Şikayətə məhkəmə iclasında baxılmasını zəruri edən MPM-in 397.2-ci maddəsində nəzərdə tutulan hallar aşkar edilməmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

11. Maddə 151.1. İddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür.

12. Maddə 151.2. Zəruri hallarda iddia ərizəsinin mümkünlüyü haqqında məsələyə çəkişmə prinsipinə riayət edilməklə, tərəflərin iştirakı ilə baxıla bilər.

13. Maddə 153.2. Hakim aşağıdakı hallarda iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir: ...153.2.2. eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa.

14. Maddə 398.0. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: 398.0.1. məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; 398.0.2. qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; 398.0.3. qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək. Apellyasiya baxışının həddi

15. Mülki Prosessual Məcəllənin 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi

16. Baxılan şikayət üzrə yaranmış fikir ayrılığı Azərbaycan Respublikası MPMnin 153.2.2-ci maddəsinin tətbiqi ilə bağlıdır.

17. Qeyd edilməlidir ki, iddianın yolverilməzliyinə görə iddia ərizəsinin icraatından qəbul olunmaması şəxsin Konstitusiya ilə təminat verilmiş məhkəmə müdafiəsi hüququ ilə bilavasitə bağlı olduğuna görə, bununla bağlı müvafiq qərar verilərkən bunun üçün müəyyən edilmiş qanuni əsasların olub-olmaması dəqiq araşdırılmalı, işin halları bu əsaslara tam uyğun olmadığı halda iddia icraata götürlməlidir.

18. MPM-nin 153.2.2-ci maddəsinin baxılan işə tətbiqi onu ehtiva edir ki, İddiaçı xx.xx.2023-cü il tarixdə məhkəməyə təqdim etdiyi iddia tələbi ilə, məhkəmənin 17 mart 2023-cü il tarixli qərardadının aid olduğu işdə tərəflər, iddianın predmeti, habelə iddianın əsasları eyni olsun.

19. İddianın əsasını irəli sürülən iddia tələblərinin əsaslandırıldığı hüquqi faktlar təşkil edir. Onlara əqdlər, xüsusi olaraq müqavilələr, müddətin bitməsi faktı, hüquqların pozulması, ziyanın vurulması və s. aid edilə bilər. İddianın əsası adətən bir faktdan deyil, iddianın faktiki tərkibi adlanan faktların məcmusundan ibarət olur.

20. Prosesdə iddianın predmeti dedikdə, iddiaçının, barəsində qərar qəbul olunmasını xahiş etdiyi subyektiv hüquq başa düşülür. İddianın predmetinə qanunla qorunan maraqları, o cümlədən bütövlükdə hüquq münasibətlərini aid etmək olar.

21. İşdən göründüyü kimi İddiaçı xx.xx.2023-cü il tarixdə məhkəməyə təqdim etdiyi iddia tələbi üzrə tərəflər, irəli sürülmüş iddianın predmeti və əsasları, məhkəmənin 17 mart 2023-cü il tarixli qərardadının aid olduğu işin tərəfləri, predmeti və əsasları ilə eynilik təşkil edir.

22. Belə ki, İddiaçı xx.xx.2023-cü il tarixdə məhkəməyə təqdim etdiyi iddia ərizəsi üzrə tələbin faktiki əsasını “Cavabdeh Abşeron RPİ-nə böhtan xarakterli şikayət etməklə ona mənəvi zərər vurması” təşkil etmiş, məhkəmənin 17 mart 2023-cü il tarixli qərardadının aid olduğu işdə də o, iddia tələbini digər hallarla yanaşı, həmçinin “Cavabdeh tərəfindən Abşeron RPİ-nə böhtan xarakterli şikayət ərizəsi ilə müraciət edildiyi” halı ilə əsaslandırmışdır.

23. İş materiallarından aydın olur ki, hər iki iddia tələbində istinad edilən “Abşeron RPİ-nə göndərilən böhtan xarakterli şikayət ərizəsi” eyni ərizədir.

24. Şərh olunanlara əsasən kollegiya hesab edir ki, İddiaçı xx.xx.2023-cü il tarixdə məhkəməyə təqdim etdiyi iddia tələbi ilə eyni tərəfli, eyni predmetli və eyni əsaslı iddia tələbi üzrə qanuni qüvvədə olan məhkəmə qərarı olduğundan, həmin tələbə mahiyyəti üzrə yenidən baxılması mülki-prosessual qanunverciliyin mənasına, habelə hüquqi müəyyənlik prinsipinə uyğun deyildir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi Ryabix Rusiya Federasiyasına qarşı iş üzrə 24 iyul 2003-cü il tarixli qərarında qeyd etmişdir ki, “hüquqi müəyyənlik “res judicata” prinsipinə, yəni bir dəfə həll edilmiş işə təkrar baxılmanın yolverilməzliyi prinsipinə hörmət edilməsini nəzərdə tutur. Prinsip onu əks etdirir ki, tərəflərdən heç biri yalnız işə təkrar baxılması və yeni qərara nail olmaq məqsədilə yekun, qanuni quvvəyə minmiş qərara yenidən baxılmanı tələb edə bilməz”.

25. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261, 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏRARA ALDİ: Şikayət təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-1664/2023 saylı iş üzrə 04 may 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar