Məhkəmə qərarları › İş №2(103)-3892/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3892/2021

22.04.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3892/2021 22.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tofiq Səməd oğlu Səmədovun sədrliyi və məruzəsi ilə, İkram Sabir oğlu Şirinov və X1 ibarət tərkibdə, İsmayılova Günel Rza qızının katibliyi, İddiaçının nümayəndəsi X2 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı vurulmuş mənəvi ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 2(003)-2830/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi iddia tələbi qismən təmin edilərək, Cavabdeh1 1000 (bir min) manat və Cavabdeh2 1000 (bir min) manat olmaqla, cəmi 2000 (iki min) manat məbləğində mənəvi ziyanın tutularaq İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir. İddia tələbi qalan hissədə təmin edilməmişdir. İş materiallarından görünür ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “vurulmuş mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 hər birindən 25000 manat olmaqla, ümumilikdə 50000 manat mənəvi ziyanın tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, 2004-cü ildən Türkan qəsəbəsində yerləşən 262 saylı orta məktəbdə Azərbaycan dili-ədəbiyyat müəlliməsi işləyir. İşlədiyi müddət ərzində həm müəllim, həm şagird kollektivinin hörmətini qazanmaqla yanaşı, həm də nümunəvi şəxsi həyatı ilə şagirdlərinə daima örnək olmuşdur. Lakin hazırki iddia tələbinin cavabdehləri olan Cavabdeh1 və Cavabdeh2 ona qarşı qanunsuz hərəkətləri nəinki onun ləyaqətinə, şərəfinə, işgüzar nüfuzuna xələl yetirmiş, həm də illərdir şərəfi ilə qoruduğu ailəsinin dağılmasına gətirib çıxarmışdır. Belə ki, xx.xx.2019-cu il tarixdə saat 11.15 radələrində idarə etdiyi avtomaşınla işdən evə qayıdarkən 2 nəfər mülki geyimli (sonradan cavabdehlər olduğunu öyrəndiyi şəxslər) şəxs əxlaq və insanlıq normalarına zidd şəkildə avtomobilinə hücum çəkərək daxil olub ona polis əməkdaşları olduqlarını bildirmişlər. O, əvvəlcə çox qorxsa da onların polis əməkdaşı olduğunu bilib sakitləşmiş və düşünmüşdür ki, hər şey qaydasındadır. Çünki onun həyat yoldaşı da təqaüddə olan polis əməkdaşı olduğuna görə o, polislərə sonsuz hörmət bəsləyir. Lakin əfsuslar olsun ki, polis adına ləkə olan Cavabdeh1 və Cavabdeh2 onunla Azərbaycan qadınına və müəlliməsinə yaraşmayan tərzdə danışaraq onun narkotik vasitələrin aludəçisi olduğunu iddia edərək guya üstündə olan narkotik vasitəni tələb etməyə başlamışlar. İddiaçı onlara üstündə hansısa narkotik vasitə olmadığını, özünün də narkotik vasitələrdən istifadə etmədiyini bildirsə də, onlar iddiaçıya məhəl qoymayaraq onunla dilinə gətirməyə belə utandığı sözlərlə danışmağa başlamışlar. O, çox qorxduğuna görə hətta onlara yalvarmağa və ağlamağa başlamışdır. Lakin həmin şəxslər onun ağlamağından və gücsüzlüyündən istifadə edərək ona qarşı daha da aqressivləşməyə başlamışlar. Həmçinin onu narkoloji müayinədən keçirib daha sonra isə həbs edəcəklərini bildirmişlər. Daha sonra isə həmin şəxslər onu iradəsinin əleyhinə olaraq məcburi şəkildə narkoloji müayinəyə aparmışlar. Narkoloji müayinədən sonra isə məlum olmuşdur ki, o, narkotik vasitələrin istifadəçisi deyil. Bütün bu başına gələnləri bir müddətdən sonra həm ailə üzvləri, həm qonşuları, həm də işlədiyi kollektiv öyrənmişdir. Heç bir günahı olmamasına baxmayaraq insanların simasında ona qarşı ikrah hisslərini görüb həm utanır, həm də mənəvi sarsıntı keçirir. Bütün bunlara görə ailəsi də artıq dağılma ərəfəsindəir. Bu qanunsuzluqla bağlı isə ərizə ilə Daxili İşlər Nazirliyinə müraciət etmiş və haqlı olaraq Pirallahı RPŞ-nin CAB-nin rəisi Cavabdeh2 və Pirallahı RPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili Cavabdeh1 ona qarşı qanusuz və polis adına yaraşmayan hərəkətlər etdiyinə görə DİN-in xx.xx.2019-cu il tarixli əmri ilə daxili işlər orqanlarında xidmətdən xaric edilmişlər. İddiaçıya qarşı cavabdehlər tərəfindən edilmiş bu qanunsuz və əxlaqsız hərəkətlər həm iddiaçının şərəf-ləyaqətini alçatmış, həm işgüzar nüfuzuna və cəmiyyətdəki hörmətinə ciddi ziyan vurmuş, həm də dərin mənəvi sarsıntı (xəstəlik) keçirməyinə səbəb olmuşdur. Bütün bu mənəvi ziyanın əvəzini isə 50.000 (əlli min) manat qiymətləndirir. Qeyd olunanları nəzərə alıb, iddia tələbnin təmin olunmasını xahiş etmişdir. İşə baxan birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi yuxarıda göstərilən qaydada qismən təmin edilmişdir. Bakı şəhəri Xəzər rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən İddiaçı apellyasiya şikayəti verərək qətnaməni ləğv edib, iddianın tam həcmdə təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını kollegiyadan xahiş etmişdir. Apellyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən hazırki iş üzrə qətnaməni qəbul edilərkən işi tam, obyektiv və hərtərəfli araşdırmamış, maddi və prosessual hüquq normaları pozulmuş, işin faktiki halları nəzərə alınmamışdır, işin hallarına düzgün hüquqi qiymət verilməmiş, obyektiv araşdırılmamışdır, işdə olan sübutlara obyektiv qiymət verilməmiş, maddi və prosessual hüquq normalarına düzgün əsaslandırılmamış, məhkəmə tərəfindən mötəbər hallara qiymət verilməmişdir. Bu və digər əsasları göstərməklə, apellyasiya şikayətinin təmin olunması xahiş edilmişdir. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmasına baxmayaraq cavabdehlər Cavabdeh1 və Cavabdeh2 kollegiyanın iclasına gəlməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən Kollegiya işə gəlməyən cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. İşə apellyasiya qaydasında baxan Kollegiya apellyasiya şikayətlərinin dəlillərini müzakirə edib, apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş edən iddiaçının səlahiyyətli nümayəndəsini dinləyib, işdə olan sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayətləri təmin olunmamalı, Xəzər rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarına əlavə edilmiş Azərbaycan DİN-in Respublikası X3 ünvanlanmış xx.xx.2019cu il tarixli məktubunun surətindən aydın olur ki, Pirallahı RPŞ əməkdaşlarının qanunsuz hərəkətləri ilə bağlı Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvekkilindən (Ombudsmandan) və Azərbaycan Respublikasının Baş Prokurorluğundan DİN-ə daxil olmuş eyniməzmunlu təkrar müraciətlərinizə baxılmışdır. Bir daha bildirilir ki, Pirallahı RPŞ CAB-in baş əməliyyat müvəkkili Cavabdeh1 "Hyundai" markalı ** KC *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü, həyat yoldaşınız İddiaçı və tanışı Binyət Abbasovun mütəmadi olaraq narkotik vasitə təsiri altında olmaları barəda əldə etdiyi məlumatla əlaqədar CAB-in rəisi Cavabdeh2lə birlikdə Zirə-Pirallahı yolunun 20-ci kilometrliyində hərəkətdə olan həyat yoldaşınız İddiaçı idarə etdiyi avtomobili həmin ərazidə xidmət edən Pirallahı RPŞ DYPB-nin YPX inspektoru Qahir Mahmudovun vasitəsilə əsassız dayandırmışlar. CAB-in rəisi Cavabdeh2 və polis mayoru Cavabdeh1 tərəfindən sərnişin Binyat Abbasovun üzerində və nəqliyyat vasitesində qanunsuz baxış keçirildikdən sonra sonuncu ve sürücü İddiaçı RPŞ-nin inzibati binasının qarşısına əsassız gətirmiş, onları narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirərək sərbəst buraxılmaları müqabilində şəxsi maraqlarından irəli gələn mövzuda danışıqlar aparmış, daha sonra həmin şəxsləri Respublika Narkoloji Mərkəzində tibbi müayinədən keçirərək sidik nümunələrinin tərkibində narkotik vasitə aşkar olunmaması haqda müvafiq protokollar tərtib edildikdən sonra göstərilən tarixdə saat 15.00 radələrində sərbəst buraxmışlar. Qeyd olunan nöqsanlara yol verdiklərinə görə Pirallahı RPŞ CABın baş əməliyyat müvəkkili Cavabdeh1 ve CAB-ın rəisi Cavabdeh2 DİN-in müvafiq əmri ilə DİO-da xidmətdən xaric olunmuş, digər aidiyyəti əməkdaşlar isə intizam tənbehinə layiq bilinmişlər. İş materiallarında olan 26 saylı Birləşmiş Şəhər Xəstəxanası tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli xəstənin tibbi kartasından çıxarışdan aydın olur ki, İddiaçı xx.xx.2019-cu il tarixdən şəkərli diabet İİ dərəcə ilə qeydiyyatdadır. İş materiallarına əlavə olunmuş 26 saylı Birləşmiş Şəhər Xəstəxanası tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli xəstənin tibbi kartasından çıxarışdan aydın olur ki, İddiaçı xx.xx.2019-cu il tarixində poliklinkaya müraciət etmişdir. Xəstədə görmənin get-gedə zəifləməsi baş vermişdir. xx.xx.2019-xx.xx.2019-cu il tarixlərində xəstə ambulator müalicə olunmuşdur. Məhkəmə kollegiyası işə baxan birinci instansiya məhkəməsi ilə razılaşaraq hesab edir ki, cavabdehlərin hərəkətləri nəticəsində iddiaçı mənəvi sarsıntı keçirmiş və bununla bağlı vurulmuş mənəvi ziyanın ödənilməsini tələb etmək də haqlıdır. Qanunverici isə bu halda mənəvi ziyanın pul məbləğində ifadə olunmasını mümkün sayır. Belə ki, iş materiallarından müəyyən olunmuşdur ki, mülki iş üzrə cavabdehlər polis əməkdaşı olmaqla iddiaçının avtomobilini Pirallahı RPŞ DYPB-nin YPX-nin inspektoru vasitəsi ilə əsassız dayandırmış, onun avtomobilinə qanunsuz baxış keçirməklə onu əssasız olaraq RPŞ-nin inzibati binasının qarşısına gətirmişlər. Cavabdehlər, yəni keçmiş polis əməkdaşlarının iddiaçını qanunsuz olaraq polis bölməsinə aparması, onun üzərinə baxış keçirilməsi, ondan analiz nümunələrinin götürülməsi qanunsuz həyata keçirilmişdir. Həmçinin cavabdehlər işə birinci instansiya məhkəməsində baxılarkən, məhkəmə iclasında da etdikləri qanunsuz əməllərə görə cəza aldıqlarını, yəni polis orqanlarından xaric olunduqlarını bildirmişlər. Göründüyü kimi, iddiaçı cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində mənəvi sarsıntı keçirmişdir. Bununla yanaşı məhkəmə, iddiaçının diabet xəstəliyinin həmin hadisədən sonra yaranmasına dair iddiaçının dediklərini inandırıcı saymır. Beləki, iddiaçı şəkərli diabet xəstə olmasına və gözlərinin zəifləməsinə dair sənədləri iş materillarına əlavə etsədə, həmin halların məhz cavabdehlərin qanunsuz hərəkətləri nəticəsi olaraq baş verməsi sübuta yetirilmir. Məhkəmə kollegiyası eyni zamanda, cavabdehlərin hərəkətləri nəticəsində iddiaçıya dəymiş mənəvi zərərin əvəzi hesabına cavabdehlərin hər birindən 25000 manat olmaqla, ümumilikdə 50000 manat məbləğində mənəvi zərərin tələb edilməsi baş verməsinə səbəb olmuş hərəkətlərin təhlükəlilik dərəcəsinə, iddiaçının keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakterinə və ağırlığına, cavabdehlərin təqsirinə və əmlak vəziyyətinə, iddiaçının fərdi xüsusiyyətinə uyğun hesab etmir və iddiaçı tərəfindən verilmiş iddia tələbində cavabdehlərin təqsirli hərəkətlərinin olması ilə bağlı iddia tələbinin iddiaçıya vurulmuş 50 000 manat mənəvi ziyanın tutulması hissəsi haqlı olaraq qismən təmin olunmuşdur. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci və 23-cü maddələrinin şərhedilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxx 2002- ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşları hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarateri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. Vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2008-ci il tarixli, 7 saylı qərarının göstərilmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, aparılan əməliyyatlar nəticəsində iddiaçının sağlamlığına zərər vurulduğundan onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi və sarsıntılar keçirməsi danılmazdır. Ona görə də məhkəmə işin hallarını nəzərə alaraq, cavabdehlərin hər birindən 1000 (bir min) manat olmaqla, cəmi 2000 (iki min) manat məbləğində mənəvi ziyanın tutulmasını ağlabatan və ədalətli hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd edilənlərə əsasən kollegiya Binəqədi rayon Məhkəməsinin hazırkı iş üzrə qətnaməsinin ləğv edilməsinə hüquqi əsasların olmaması qənətinə gəlir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 393, 405-ci maddələrini rəhbər tutaraq, kollegiya qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xrayon Məhkəməsinin hazırkı iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar