Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3904/2020 08.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızından və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment miqdarının azaldılması” tələbinə dair iddia ərizəsi üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli, 2(001)-1959/2019 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx xxxxxxx 2016-cı il tarixli, 2(103)- 7859/2016 saylı qətnaməsinə əsasən xx xxxxxx 2007-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün tutulan 500 manat məbləğində alimentin miqdarının azaldılaraq, minimum miqdarda müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi iş üçün mühüm əhəmiyyət kəsb edən faktları qətnaməsində formal olaraq göstərsə də, düzgün hüquqi qiymət verməyərək kobud qanun pozuntusuna yol vermişdir. Belə ki, qətnamədə göstərilmişdir ki, iddiaçıya Sosial-Ekspert Komissiyasının qərarı ilə xx xxxxxxx 2023-cü ilədək gözdən əlil kimi 2-ci qrup əlillik dərəcəsi verilmişdir. Eyni zamanda həmin qətnamədə göstərilmişdir ki, Vergilər Nazirliyi yanında Bakı şəhəri X9 Departamentinin xx xxxxxx 2018-ci il tarixli məktubunda İddiaçı sahibkarlıq və digər vergi tutulan əməliyyatları xx xxx 2017-ci il tarixdən bugünkü günə kimi dayandırılmış vəziyyətdədir. Lakin hakim hazırki alimentin azaldılması üçün real əsas olan bu sadalanan hallara düzgün hüquqi qiymət verməmişdir. Çünki iddiaçı sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu dövrdə qazancı olduğuna görə 500 manat məbləğində müəyyən olunmuş alimenti ödəməyə imkanı var idi. Lakin hazırda heç bir sahibkarlıq fəaliyyətinin olmaması və nəticə etibarı ilə gəlirinin də olmaması müəyyən olunmuş alimentin azaldılması üçün əsas olduğu halda hakimin buna diqqət yetirməyərək düzgün hüquqi qiymət verməməsi yol verilməzdir. Bundan başqa mübahisələndirilən qətnamənin 2-cı səhifəsinin 10-cu abzasında göstərilmişdir ki, “xxxxxxx” QSC-nin xx xxxxx 2018-ci il tarixli 47 nömrəli əmrinin surətindən görünür ki, həmin tarixdən İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilmiş və baş müdür vəzifəsindən azad edilmişdir.” Eyni zamanda iş materiallarından görünür ki, ilk əvvəl alimentin miqdarı 110 manat məbləğində müəyyən edilsə də, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxx 2016-cı il tarixli 2(103)-7859/2016 saylı qətnaməsi ilə alimentin miqdarı artılaraq 500 manat müəyyən olunmuşdur. Həmin qətnamədə alimentin artırılması üçün əsas götürülən yuxarıda sadalanan halların mövcud olmaması, həmin vaxt iddiaçının maddi durumunun yaxşı olmasına dəlalət edən halların artıq olmaması özü-özlüyündə alimentin azaldılması üçün də əsas olmalı idi. Bundan başqa mübahisəli qətnamədə göstərilir ki, Cavabdeh Bakı Xoreoqrafıya Akademiyasının Magistratura və Doktorantura şöbəsinin müdiri vəzifəsində çalışır və aylıq əmək haqqısı 690 manat təşkil edir. Göründüyü kimi 690 manat əmək haqqı hazırki dövrdə Bakı şəhərində kirayə haqqı ödəməyən istənilən ailə üçün normal, hətta normaldan da yuxarı sayıla biləcək həyat şəraiti qurmağa imkan verir. Halbuki cavbdehin alimentin artırılması zamanı əmək haqqı məbləği hazırki qədər olmamışdır. İddiaçı vicdanlı bir valideyn kimi qızının anasına, yəni Cavabdeh Bakı şəhərinin mərkəzində 4 otaqlı mənzil və həmin mənzilin qarajını bağışlamışdır. Lakin birinci instansiya məhkəməsi digər iş üçün əhəmiyyət kəsb edən sadaladığı hallarda olduğu kimi bu hala da düzgün hüquqi qiymət verməmişdir. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-9949/2019 saylı, xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə iddiaçının apelyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-154/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərarı ilə iddiaçının kassasiya şikayəti qismən təmin edilmiş, apelyasiya instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Yeni apelyasiya baxışı zamanı iddiaçı şikayəti müdafiə edərək təmin olunmasını xahiş etdi. Cavabdeh apelyasiya şikayətinə etiraz edərək təmin olunmamasını xahiş etdi və izahatında bildirdi ki, İddiaçı bundan əvvəl də alimentin miqdarının azaldılması barədə məhkəmədə iddia qaldırmış, eyni əsasları həmin mülki iş üzrə də bildirmişdir. Lakin həmin vaxt o, çox çətinliklə onun ticarət obyektlərinə malik olması, yüksək gəliri barədə sübutları əldə edərək məhkəməyə təqdim etmişdir. İddiaçı hazırda da imkanı çox yüksəkdir və eyni əsaslarla təkrar müraciət etməsinin səbəbi alimenti ödəməkdən yayınmaqdır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməlidir. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.6-cı maddəsinə görə apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası işin yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi barədə qərarında göstərmişdir ki, apellyasiya instansiyası məhkəməsi qanunvericilyin tələbləri baxımından işin faktiki hallarına düzgün hüquqi qiymət verməmişdir. MPM-in 420-ci maddəsinə müvafiq olaraq kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Birinci instansiya məhkəməsi iş üzrə tədqiq edilmiş sübutlar əsasında müəyyən etmişdir ki, İddiaçı və Cavabdeh birgə nikahlarından xx xxxxxx 2007-ci il təvəllüdlü X5 adlı bir uşaqları anadan olmuşdur. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4311/2016 saylı, xx xxxx 2016-cı il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, 110 manat alimentin məbləği artırılaraq 117 manat məbləğində müəyyən edilməsi və həmin pul vəsaitinin xx xxxxx 2016-cı il tarixindən başlayaraq İddiaçı hər ay sabit pul məbləğində tutularaq X3 ödənilməsi qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxx 2016-cı il tarixli, 2(103)-7859/2016 saylı qətnaməsi Bakı şəhəri, Nəsimi Rayon Məhkəməsinin 2(006)- 4311/2016 saylı, xx xxxx 2016-cı il tarixli qətnaməsinin dəyişdirilməsi, xx xxxxxx 2007-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən Binəqədi Rayon Məhkəməsinin 2(001)-1014/2014 saylı, xx xxx 2014-cü il tarixli qətnaməsi ilə tutulan 110 manat alimentin məbləğinin artırılaraq 500 manat məbləğində müəyyən edilməsi və həmin pul vəsaiti qətnamə qanuni qüvvəyə mindiyi vaxtdan başlayaraq İddiaçı hər ay sabit pul məbləğində tutularaq Cavabdeh ödənilməsi, İddiaçı dövlət nəfinə 15 manat dövlət rüsumuna görə pul vəsaiti tutulması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-2764/2017 saylı iş üzrə, xx xxx 2017-ci il tarixli qərarına əsasən məlum olur ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxx 2016-cı il tarixli, 2(103)-7859/2016 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(001)- 11509/2017 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı alimentin miqdarının azaldılması barədə iddia ərizəsi rədd edilmişdir. Həmin qətnamə mübahisələndirilmiş və dəyişdirilmədən saxlanılmışdır. X1 müayinə qərarına (xx.xx.2018-ci il qiymətləndirmə və təyinat tarixli sənəd və Z.Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin xx.xx.2018-ci il tarixli Tibbi Rəyi) əsasən, İddiaçı-“DİAQNOZ:OU-tor qişanın mərkəzi distrofiyası., Mürəkkəb hipermetropik astiqmatiziya, Binokulyar, ağır görmə pozğunluğu., OD=0,05 korreksiya etmir.,OS=0,06 k/etmir..”-olmaqla, əlillik və ya sağlamlıq imkanlarının məhdudluq müddəti xx.xx.2023-cü il tarixinədək,ümumi xəstəlik-gözdən əlil kimi ikinci dərəcəli əlillik verilmişdir. Azərbaycan Respublikası Əmək və X6 Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti Xətai rayon Məşğulluq Mərkəzinin arayışına əsasən Xətai rayonu, S.Orucov küçəsi, ev 13, mənzil 126 ünvanında yaşayan İddiaçı xx.xx.2018-ci il tarixindən Xətai rayon Məşğulluq Mərkəzində işaxtaran vətəndaş kimi qeydiyyata alınmışdır. Birinci instansiya məhkəməsi işin müəyyən edilmiş hallarına Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1, 78.2 və 112.1-ci maddələrini tətbiq etməklə belə qənaətə gəlmişdir ki, iddia təmin edilməməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı mahiyyəti üzrə düzgün nəticəyə gəlmişdir. Qeyd etmək lazımdır ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(001)-11509/2017 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı alimentin miqdarının azaldılması barədə iddia ərizəsi rədd edilmiş, iddia rədd edildiyindən İddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumu iddiaçının özünə aid edilmişdir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2016cı il tarixli qərarında məhkəmələrə tövsiyə edilmişdir ki, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir (8.2-ci bənd). “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxx 2016-cı il tarixli qərarındakı hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Apelyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. Belə ki, iddiaçının göstərdiyi dəlillər onu uşağı ilə bağlı hər hansı bir vəzifəsindən, o cümlədən uşağı saxlamaq, saxlamadıqda isə uşağın saxlanması üçün məhkəmə qaydasında müəyən edilmiş aliment ödəmək vəzifəsindən azad etmir. Bundan başqa, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxx 2016-cı il tarixli, 2(103)-7859/2016 saylı qətnaməsi ilə sabit pul məbləğində aliment təyin edildikdən sonra iddiaçının ailə və maddi vəziyyətində ciddi dəyişiklik olmamış, maddi vəziyyəti ilə bağlı şikayətində göstərdiyi dəlillər isə həmin vaxt da mövcud olmuşdur. Habelə, iddiaçının sahibkar kimi maddi və maliyyə vəziyyətinin pisləşməsi ilə bağlı problemlərinin olması onu həm mənəvi, həm də hüquqi cəhətdən borclu olduğu uşağının saxlanılmasına görə müəyyən edilmiş aliment ödəmək öhdəliyindən azad edilməsi üçün əsas ola bilməz. Bununla yanaşı, uşağın ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə edilməsi, müstəqil həyata hazırlanması, qabiliyyətinin inkişaf etdirilməsi, maddi və mənəvi tələbatlarının layiqli şəkildə təmin edilməsi, həmçinin digər hüquq və mənafelərinin mühafizəsinin zəruriliyi iddiaçının da valideyn kimi borcu və vəzifəsi olduğundan onun da həmin proseslərdə bu və ya digər formada iştirak etməsini tələb edir. Qeyd edilməlidir ki, ikinci dərəcə əlilliyinin olması iddiaçını əmək qabiyyətindən məhrum edən və müstəqil gəlir əldə etməsinə maneə olan hal hesab edilə bilməz. Mülki iş materiallarından görünür ki, iddiaçıya ikinci dərəcəli əlillik təyin edilsə də, o əmək qabiliyyətlidir. İddiaçının işsizlik vəziyyətinin daimi və ya uzunmüddətli olacağı labüd deyil və hazırkı iddianın təmin edilməsini şərtləndirmir. Beləliklə, apelyasiya şikayəti təmin edilmədən, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Cavabdeh İddiaçı apelyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli, 2(001)- 1959/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-3904/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3904/2020
08.09.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver