Məhkəmə qərarları › İş №2(103)-3905/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3905/2021

12.04.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3905/2021 12.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, Cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı (Bakı şəhəri Sabunçu rayon İcra və probasiya şöbəsi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmaqla) “ödənilməmiş hesablanan alimentin silinməsi tələbinə dair” ilkin, Cavabdeh İddiaçı qarşı “alimentin miqdarının artırılması və aliment borcunun tutulması tələbinə dair” qarşılıqlı iddiası barədə mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(008)- 4197/2020 saylı qətnaməsindən İddiaçı apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən e t d i: İddiaçı Cavabdeh qarşı (Bakı şəhəri Sabunçu rayon İcra və probasiya şöbəsi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmaqla) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən hesablanmış 6000 manat ödənilməmiş qalıq alimentin silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Eyni zamanda Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizələr ilə məhkəməyə müraciət edərək, Sabunçu Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli 2-(008)-2466/2011 saylı qətnaməsi ilə təyin edilmiş alimentin miqdarının artırılaraq xx.xx.2007-ci ildə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən hər ay 170 manat miqdarında alimentin sabit pul məbləğində tutularaq ona verilməsi, xx xxxx 2011-ci il tarixdən 2020-ci ilin noyabr ayınadək ödənilməyən 11.480 manat məbləğində aliment borcunun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh ilə 1999-cu ildə qeyri-rəsmi, xx xxxx 2006-cı ildə isə rəsmi nikaha daxil olmuş, birgə nikahdan xx.xx.2000-ci il tarixdə X3 və xx.xx.2007-ci il tarixdə X4 doğulmuşdur. Cavabdehlə aralarında olan nikah ləğv edilmiş və Sabunçu Rayon məhkəməsinin xx xxxx 2011-ci il tarixli 2(008)-2466/2011 saylı qətnaməsi ilə uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün ondan Cavabdeh xeyrinə xx.xx.2011-ci il tarixdən başlayaraq hər ay 160 manat məbləğində alimentin tutulması qət edilmişdir. Hər ay 160 manat məbləğində alimenti 2013-cü ilin may ayına kimi nəğd formada ödəmiş, lakin 2013-cü ilin aprel ayının ortalarında işdən çıxdığı üçün anası X2 öz təqaüd kartını cavabdehə vermişdir, ondan ötrü ki, həmin aylıq təqaüddən 160 manat alimenti götürdükdən sonra qalıq məbləği anasına geri qaytarsın. 2013-cü ilin may ayından həmin ilin oktyabr ayına kimi anasının aylıq təqaüdü 215 manat, mart 2016cı ildən isə aylıq təqaüdü 230 manat təşkil etmiş, aliment ödənilməsi məqsədilə anasının təqaüd kartına köçürülən 2013-cü ilin may ayından sentyabr 2016-cı il tarixə kimi olan dövrdə təqaüdü cavabdeh tam olaraq kartdan çıxararaq anasına qalıq məbləğini belə qaytarmamışdır. Bundan sonra onun anası sentyabr 2016-cı ildə cavabdehdə olan kartı bağlamış və yeni kart almışdır, həmin vaxtdan da o, cavabdehə bu günə kimi hər ay 160 manat aliment borcunu nəğd şəkildə ödəmişdir. 2013-cü ilin may ayından 2016-cı ilin sentyabr ayına kimi cavabdeh alimentin ödənilməsi məqsədi ilə anasının təqaüd kartından çıxardığı məbləğ ümumilikdə 9.055 manat təşkil etmişdir. Belə ki, Sabunçu rayon İcra və probasiya şöbəsinin icra məmuru onu şöbəyə dəvət edərək tələbkar Cavabdeh sözlərinə görə onun 6000 manat aliment borcunun olduğunu və həmin məbləğin könüllü icra etməyi barədə onu məlumatlandırmış, o da tələbkara hər ay alimenti vaxtlı-vaxtında ödədiyini və tələbkara heç bir borcunun olmadığını, hətta aliment məbləğindən də artıq ödədiyini bildirmiş, lakin bütün bunlara baxmayaraq, icra məmuru tələbkara bu günə kimi 6000 manat aliment borcunun olduğunu bildirmişdir. Cavabdeh qarşılıqlı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli qətnaməsi ilə onun cavabdehə qarşı aliment tutulmasına dair iddia tələbi təmin edilərək iki uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən onun xeyrinə hər uşağa 80 manat olmaqla cəmi 160 manat məbləğində alimentin tutulması qət edilmişdir. Cavabdeh İddiaçı iddia ərizəsində qeyd edir ki, guya onun aliment borcu yoxdur, anasının təqaüd kartını ona vermiş və o, 2013-cü ilin may ayından 2016-cı ilə kimi anasının aylıq təqaüdünü almış, 9.055 manat məbləğində aliment almış, onun hal-hazırda aliment borcu yoxdur. Bütün bunlar tam yalandır və həqiqətə uyğun deyildir. Belə ki, cavabdehin anasının pensiya kartı onda cəmi 1 il 6 ay olmuşdur, sonra isə cavabdehin anası pensiya kartını dayandırmış və özünə yeni kart almışdır. Cavabdeh 10 ay ərzində hər ay 100 manat aliment pulu, cəmi 1000 manat, bibisi 8 ay müddətində hər ay 50 manat olmaqla 400 manat aliment pulu ödəmiş, 2020-ci ilin iyul ayında isə cavabdeh tərəfindən onun bank hesabına 200 manat aliment yüklənmişdir. Cavabdehin anasının pensiya kartından isə 18 ay ərzində ona 2200 manat aliment verilmişdir. Beləliklə, 2011-ci ildən bu günə qədər cavabdeh ona cəmi 3800 manat məbləğində aliment ödəmişdir. Cavabdehin hal-hazıra kimi ona 16.000 manat aliment borcundan 3800 manat ödədiyi üçün 12.200 manat aliment borcu qalmışdır. Cavabdeh həmin borcu ona ödəmədiyindən o, məhkəməyə müraciət etmişdir. Hal-hazıradək cavabdeh ona aliment ödəmir. Bundan başqa təyin olunmuş alimentin miqdarı 80 manat çox aşağıdır, bir uşağın saxlanması üçün həmin məbləğ yetərli deyil. Özü heç bir yerdə işləmir, asma, hipertoniya, kəskin nevroz xəstəliyindən müalicə alır. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(008)- 4197/2020 saylı qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı ödənilməmiş hesablanan alimentin silinməsi tələbinə dair ilk iddia tələbi təmin edilməmiş, qarşılıqlı iddia tələbi qismən təmin edilmiş, Sabunçu Rayon Məhkəməsinin xx xxxx 2011-ci il tarixli 2(008)-2466/2011 saylı icra sənədinə əsasən ödənilməyən 9.857,33 manat məbləğində aliment borcunun İddiaçı tutularaq Cavabdeh ödənilməsi, Sabunçu Rayon məhkəməsinin xx xxxx 2011-ci il tarixli 2- (008)-2466/2011 saylı qətnaməsi ilə xx xxxx 2007-ci il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanması üçün təyin olunmuş alimentin miqdarının artırılaraq, xx xxxx 2007-ci il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanması üçün İddiaçı hər ay 170 manat sabit pul məbləğində alimentin Cavabdeh xeyrinə tutulması qət edilmiş, aliment hissəsinin dərhal icra edilməsi müəyyən edilmişdir. Qətnamədən İddiaçı apelyasiya şikayəti verərək, onun ləğv edilməsi, ilkin iddia tələbinin təmin edilməsi, qarşılıqlı iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayətində göstərilmişdir ki, məhkəmə tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş, iş üçün əhəmiyyətli olan faktiki hallar aydınlaşdırılmamışdır. O, ümumilikdə uşaqların saxlanılması üçün 9404 manatdan artıq aliment ödəmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) apelyasiya şikayətinin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İşə baxılmasının vaxtı və yeri barədə məlumatlandırılmış iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) məhkəmə iclasına gəlmədiyinə görə, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadı ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-4197/2020 saylı iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi qismən - «cavabdeh tərəfindən hesablanmış 6000 manat ödənilməmiş qalıq alimentin silinməsi» tələbinə dair ilkin iddianın rədd və «xx xxxx 2011-ci il tarixdən 2020-ci ilin noyabr ayınadək ödənilməyən 11.480 manat məbləğində aliment borcunun cavabdehdən tutulması» tələbinə dair qarşılıqlı iddianın qismən təmin edilərək Sabunçu Rayon Məhkəməsinin xx xxxx 2011-ci il tarixli 2(008)-2466/2011 saylı icra sənədinə əsasən ödənilməyən 9.857,33 manat məbləğində aliment borcunun İddiaçı tutularaq Cavabdeh ödənilməsi hissəsində ləğv edilmiş və həmin hissələrdə işin icraatına xitam verilmişdir. Qarşılıqlı iddianın qalan hissəsi ilə bağlı məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, qətnamə xx.xx.2007-ci il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanması üçün təyin olunmuş alimentin miqdarı artırılaraq İddiaçı hər ay 170 manat sabit pul məbləğində alimentin Cavabdeh xeyrinə tutulmasının dərhal icra edilməsi hissəsində dəyişdirilməli və alimentin tutulması qətnamənin qanuni qüvvəyə mindiyi vaxtdan hesablanmalıdır. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi işin müəyyən edilmiş hallarını, 2020-ci il üzrə uşaqlar üçün yaşayış minimumunu nəzərə alaraq, aliment məbləğinin artırılaraq 170 manat müəyyən edilməsi hissəsində düzgün nəticəyə gəlmiş olsa da, qətnamənin aliment hissəsində dərhal icra edilməsi barədə yalnış nəticəyə gəlmişdir. İşdə olan Sabunçu Rayon Məhkəməsinin xx xxxx 2011-ci il tarixli 2(008)- 2466/2011 saylı qətnaməsindən görünür ki, xx xxxxxx 2000-ci il tarixdə anadan olmuş X3 və xx xxxx 2007-ci il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdeh İddiaçı Cavabdeh xeyrinə xx.xx.2011-ci il tarixdən başlayaraq hər ay 160 manat məbləğində alimentin tutulması qət edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 234.1-ci maddəsinə görə bu Məcəllənin 234.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. 234.2-ci maddəsinə əsasən isə şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında; məişət zorakılığından zərər çəkmiş şəxsə uzunmüddətli mühafizə orderinin verilməsi haqqında qətnamələr dərhal icra olunur. Göründüyü kimi qanunvericilikdə aliment alınması haqqında, yəni məhkəmə tərəfindən aliment müəyyən edilməsi barədə qətnamənin dərhal icrası nəzərdə tutulmuşdur. Hazırki tələb isə artıq müəyyən edilmiş aliment miqdarının artırılması ilə bağlı olduğundan, məhkəmə tərəfindən isə daha əvvəl müəyyən edilmiş aliment məbləği artırıldığından aliment tutulması dərhal deyil, qətnamə qanuni qüvvəyə mindiyi vaxtdan hesablanmalıdır. Mülki Prosessual Məcəllənin 384.0.3-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Apelyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-4197/2020 saylı iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi xx.xx.2007-ci il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanması üçün təyin olunmuş alimentin miqdarı artırılaraq İddiaçı hər ay 170 manat sabit pul məbləğində alimentin Cavabdeh xeyrinə tutulmasının dərhal icra edilməsi hissəsində dəyişdirilsin və alimentin tutulması qətnamənin qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar