Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3906/2024 14.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X1 və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, 2(006)-1641/2024 nömrəli mülki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 15 aprel 2024-cü il tarixli qərardaddan İddiaçı verdiyi şikayətə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər ləğv prosesində olan Cavabdeh2 Açıq Səhmdar Cəmiyyəti və Bankın ləğvedicisi olan Əmanətlərin Sığortalanması Fonduna qarşı iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, əmək müqaviləsi üzrə işlədiyi müddətdə əmək haqqı kimi hesablanmış 2.340 manat, istifadə edilməmiş məzuniyyət günləri üçün hesablanmış 3.078 manat və mediasiya xərci kimi ödənilmiş 60 manat olmaqla, ümumilikdə 5.478 manatın cavabdeh Fondan tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə iş üzrə icraata xitam verilməsi, qeyd olunan tələblə ləğv prosesində olan Bankın iflas proseduruna nəzarəti həyata keçirən Bakı Apellyasiya Məhkəməsinə (inzibati kollegiya) müraciət etmək hüququna malik olmasının, həmçinin, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində ümumi məhkəməyə təkrar müraciət edilməsinə yol verilməsinin iş üzrə iddiaçıya izah edilməsi qərara alınmışdır. Rayon Məhkəməsi həmin tarixdə iş üzrə qəbul etdiyi qətnamə ilə iddianın icraatda qalmış hissəsinin rədd edilməsi qət etmişdir. İddiaçı həmin qərardaddan Rayon Məhkəməsinə şikayət verərək “icraata hissəvi xitam verilməsi barədə” qərardadın ləğv edilməsini və xitam verilmiş hissə üzrə məhkəmə prosesinin davam etdirilməsini Şikayət onunla əsaslandırılmışdır ki, Rayon Məhkəməsi tərəfindən prosessual hüquq normaları pozularaq qanunvericiliyin tələblərinə zidd qərardad qəbul edilmişdir. İddia ərizəsində son 3 ayın əmək haqqısı kimi göstərilən 2.340 manat əmək haqqı yox, işdən çıxma müavinətidir. Ərizədə də qeyd edildiyi kimi, həmin məbləğin hesablanaraq iddiaçıya verilməsi fərdi şəxsi hesab portalında (esosial-da) göstərilmişdir. Yəni bu pulun iddiaçıya verilməsi barədə hesabat DSMF-yə verilmişdir. Beləliklə, məlum olur ki, həmin məbləğ guya iddiaçıya 2016-cı ilin dekabr ayında ləğv prosesində olan Cavabdeh2 ASC tərəfindən ödənilib, halbuki, bu pul ona verilməyib. İddia ərizəsində göstərilən 3.078 manat isə onun işlədiyi dövr ərzində məzuniyyətə çıxmadığı dövrlərin haqqıdır ki, bu pul da ona ödənilməlidir. Şikayətə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qərardad ilə şikayətin təmin edilməməsini və baxılması üçün şikayətin, mülki işlə birlikdə, Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini qərara almışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, barəsində şikayət verilmiş qərardad dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2-1(81)-3620/2016 nömrəli qərarından görünür ki, Cavabdeh2 ASCnin məcburi ləğv edilməsi, Əmanətlərin Sığortalanması Fondunun xx.xx.2016-cı il tarixindən etibarən Cavabdeh2 ASC-nin ləğvedicisi təyin edilməsi qərara alınmışdır. İddiaçı tərəfindən LPO Cavabdeh2 ASC-yə ünvanlanmış xx.xx.2023-cü il tarixli pretenziya məktubundan görünür ki, əmək haqqının, gecikdirilmiş vaxt üçün hesablanmış 1 % məbləğində ödəncin və istifadə edilməmiş əmək məzuniyyətinə görə haqqın 10 gün müddətində ödənilməsini xahiş etmişdir. LPO Cavabdeh2 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2023-cü il tarixli cavab məktubundan görünür ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2-1(81)-3620/2016 nömrəli qərarına əsasən Cavabdeh2 ASC məcburi ləğv edilmiş və Əmanətlərin Sığortalanması Fondu bankın ləğvedicisi təyin edilmişdir. Məhkəmənin xx.xx.2016-cı il tarixli, 2-1(81)-3620/2016 nömrəli qərarı ilə Cavabdeh2 ASC müflis elan edilərək barəsində iflas proseduruna başlanılmışdır. İstifadə edilməmiş məzuniyyət günləri üçün hesablanmış vəsait “Banklar haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq kreditor tələbi kimi qeydə alınmışdır. Qanuna əsasən qeydə alınmış kreditor tələbin ödənilməsi həmin Qanunun 82ci maddəsində göstərilmiş növbəlilik qaydasında həyata keçiriləcəkdir. Hazırda LPO bank tərəfindən Qanunun 82.1.2-ci maddəsinə uyğun olaraq Əmanətlərin Sığortalanması Fondunun reqress hüququ üzrə tələbləri ödənilməkdədir. Göründüyü kimi, iddiaçının cavabdeh ləğv prosesində olan Banka qarşı olan tələbi kreditor tələbdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «“Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72.1.2 və 72.1.3-cü maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.2, 153.2.1 və 261.0.1-ci maddələri ilə, eləcə də Azərbaycan Respublikası Əmək Məcəlləsinin 178-ci maddəsinin 2ci bəndinin, “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72, 77 və 82-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair» xx.xx.2017-ci il tarixli Qərarında xüsusilə vurğulanmışdır ki, qanunverici bank barəsində iflas proseduruna başlanılması və müflis elan olunaraq ləğv edilməsinin xüsusi qaydalarını nəzərdə tutur. Belə qaydalar “Banklar haqqında” Qanunun 72-ci maddəsində nəzərdə tutulmuşdur. Bu qaydalara əsasən bankın müflis elan olunmasına dair qərar qüvvəyə mindiyi andan: - banka qarşı məhkəmə icraatı prosesində olan bütün iddialar dayandırılır; - bank barəsində digər məhkəmə icraatına başlanılmır və banka qarşı bütün tələblər yalnız bu Qanunda nəzərdə tutulan iflas proseduru çərçivəsində irəli sürülür və s. Təcrübədə müflis elan olunmuş banklarla bağlı məhkəmə işləri müxtəlif xarakterli olmaqla, iddianın predmeti, hüquqi əsasları, mülki dövriyyədə yaranmış müxtəlif münasibətlərdən irəli gəlməsi və mübahisənin hüquqi təbiətinə görə fərqlənirlər. Bunu nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu hesab etmişdir ki, göstərilən fərqləndirici əlamətlərinə görə müflis elan olunmuş banka qarşı (və ya bankın iddiaçı olduğu) iddiaları 2 əsas qrupa bölmək olar:
1. müflis elan olunmuş bankın bilavasitə bank fəaliyyəti ilə bağlı olan iddialar;
2. müflis elan olunmuş bankın hüquqi şəxs kimi hüquq qabiliyyətindən irəli gələn fəaliyyəti ilə bağlı iddialar. “Banklar haqqında” Qanunun X fəslində iflas prosesinə məruz qalan banka qarşı iflas proseduru çərçivəsində irəli sürülən tələblərin dairəsi müəyyən edilmişdir. Plenum tərəfindən müəyyən olunmuşdur ki, müflis elan olunmuş bankın ləğvetmə prosedurunda bankın kreditorlarının banka qarşı tələblər irəli sürməsi və bu tələblərin icrası mülki və mülki prosessual qanunvericilikdə nəzərdə tutulan ümumi əsaslar və qaydalar üzrə deyil, məhz “Banklar haqqında” Qanunun yuxarıda qeyd edilən maddələrinin xüsusi tələbləri çərçivəsində həyata keçirilir. İflas proseduruna məhkəmə nəzarəti məhz bu prosedur çərçivəsində müəyyən edilmişdir. Belə fərqləndirmə mübahisələrin mülki məhkəmə icraatı qaydasında və yaxud iflas proseduruna məhkəmə nəzarəti qaydasında baxılmalı olmasını şərtləndirir. Konstitusiya Məhkəməsinin Plenumu hesab etmişdir ki, “Banklar haqqında” Qanunun 76-82 və 87-ci maddələrinin müddəalarında bankın kreditorlarının tələblərinin qeydə alınması, tələblərə etiraz edilməsi, qeydə alınmış və etiraz edilmiş tələblərin məhkəmə tərəfindən təsdiq edilməsi, qeydə alınmış tələblərin ödənilməsinin xüsusi proseduru və s. müəyyən edildiyindən, bu cür kreditor tələbləri ilə bağlı məhkəmələrdə olan işlər üzrə icraata Mülki Prosessual Məcəllənin 261.0.1-ci maddəsinə uyğun olaraq xitam verilməli, tərəflərə pozulmuş hüquqlarının müdafiə edilməsi üçün iflas proseduruna nəzarət edən məhkəməyə müraciət edilməsi izah olunmalıdır. Müflis elan olunmuş bankın işçilərinin əmək haqlarının əmək qanunvericiliyinə uyğun olaraq birinci növbədə, yaxud bank qanunvericiliyində müəyyən edilmiş növbəlilik qaydasında ödənilməli olması ilə bağlı suala cavab olaraq Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, əmək haqqı tələbi apellyasiya instansiyası məhkəməsinin icraatında olan iş üzrə lisenziyası ləğv olunmuş banka qarşı yönəlmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 178.2-ci maddəsində müəssisənin müflisləşməsi nəticəsində iflasa uğradığı hallarda işçilərə həmin ödənclərin qanunvericilikdə nəzərdə tutulmuş qaydada ödənilməsi müəyyən edilmişdir. Müflis elan olunmuş bank lisenziyasının ləğvi ilə əlaqədar ləğv edilmiş bankla müqayisədə öz öhdəliklərini tam yerinə yetirmək, bütün kreditorların tələblərini ödəmək iqtidarında olmur. Bu zaman əmək haqqı tələb edən işçilər də kreditorlardan birinə çevrilir. Ona görə “Banklar haqqında” Qanunun 82-ci maddəsində müflis elan olunmuş banka qarşı tələblərin xüsusi ödəniş növbəliliyi nəzərdə tutulmuşdur. “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun 10.3-cü maddəsinə görə, ziddiyyət təşkil edən normativ hüquqi aktlar bərabər hüquqi qüvvəyə malikdirsə, konkret münasibətlərə sahə normativ hüquqi aktı tətbiq edilir, bu şərtlə ki, həmin münasibətlər eyni hüquqi tənzimləmə sahəsinə aiddir. Göstərilənlərdən belə nəticəyə gəlinmişdir ki, “Banklar haqqında” Qanunun 82-ci maddəsində lisenziyanın ləğvi ilə əlaqədar ləğv edilmiş banklardan fərqli olaraq, müflis elan edilmiş bankın işçilərinin əmək haqlarının 4-cü növbədə ödənilməsinin nəzərdə tutulması Əmək Məcəlləsinin 178.2-ci maddəsi ilə ziddiyyət təşkil etmir və “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun 10.3-cü maddəsinə uyğundur. Beləliklə, Konstitusiya Məhkəməsinin Plenumu qərara almışdır ki, “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72.1.2-ci maddəsinin “dayandırma” ifadəsi bankın müflis elan olunmasına dair məhkəmənin qərarı qüvvəyə mindiyi andan banka qarşı kreditor tələblərlə bağlı mülki məhkəmə icraatında olan işlərin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254-cü maddəsində nəzərdə tutulmuş qaydada icraatının dayandırılmasını deyil, bu Məcəllənin 261.0.1-ci maddəsinə əsasən icraatına xitam verilməsini nəzərdə tutur; müflis elan edilmiş bankın işçilərinin əmək haqlarının “Banklar haqqında” Qanunun 82-ci maddəsində müəyyən edilən növbəlilik üzrə ödənilməsinin nəzərdə tutulması Əmək Məcəlləsinin 178.2-ci maddəsi ilə ziddiyyət təşkil etmir. MPM-in 261.0 və 261.0.1-ci maddələrinin mənasına görə, iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. Belə olan halda, Məhkəmə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun mövqeyinə əsasən belə qənaətə gəlir ki, hazırki iddianın cavabdeh ləğv prosesində olan "xxxx" ASC-yə aid olan hissəsində iş üzrə icraata xitam verməklə Rayon Məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmişdir. Şikayətin dəlilləri əsassızdır. Beləliklə də, göstərilənləri nəzərə alan, MPM-in 398-ci maddəsində təsbit edilmiş səlahiyyətlərindən çıxış edən və MPM-in 400, 402-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə
QƏRARA ALDİ: İddiaçı şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 15 aprel 2024-cü il tarixli qərardad dəyişdirilmədən saxlanılsın. Qərardaddan, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 10 gün müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.