Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3908/2023 07.08.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı işi üzrə QƏTNAMƏSİ Açar sözlər : «alimentin miqdarının azaldılması» hakimlər X2 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, hakim köməkçisi Həsənova Ləman Rasim qızının katibliyi, iddiaçının iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «alimentin miqdarının azaldılması» tələbinə dair Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-1419/2023 saylı işi üzrə 10 aprel 2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı:
1. İddiaçı Cavabdeh qarşı «alimentin miqdarının azaldılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 30 iyun 2022-ci il tarixli, 2(006)-1535/2022 saylı qətnaməsi ilə 23 yanvar 2018-ci il təvəllüdlü qızı X3 18 yaşına çatana kimi saxlanılması üçün təyin olunmuş 250 manat alimentin miqdarının 50 manat məbləğində azaldılması və 200 manat olaraq müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İşin icraatı zamanı müəyyən edilmişdir ki : - Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1535/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2017-ci il tarixdə 1 saylı Bakı "ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsində 995 saylı akt qeydi ilə bağlanmış nikahın pozulması, xx.xx.2018-ci il təvəllüdlü X3 iddiaçı Cavabdeh yanında saxlanılması, xx.xx.2018-ci il təvəllüdlü X3 iddiaçı Cavabdeh yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2022-ci il tarixdən başlayaraq İddiaçı Cavabdeh xeyrinə hər ay 250 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir; - Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi 5 saylı Bakı DOST Mərkəzinin xx.xx.2023-cü il tarixli, 3-17- 7/2-P-7610/2023 saylı arayışına əsasən İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin "Əmək və Məşğulluq” altsisteminə əsasən xx.xx.2023-cü il tarixdən işsiz kimi qeydiyyatdadır və "Əmək müqaviləsi bildirişi” altsisteminə əsasən adına qüvvədə olan əmək müqaviləsi aşkar edilməmişdir; - Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi 5 saylı Bakı DOST Mərkəzinin xx.xx.2023-cü il tarixli, 3-17-7/2-P-15543/2023 saylı arayışından görünür ki, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin "Əmək və Məşğulluq” altsisteminə əsasən qüvvədə olan əmək müqaviləsi aşkar edilməmişdir (iş səh. 2, 10,29, 47).
3. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-1419/2023 saylı işi üzrə 10 aprel 2023-cü il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməməsi qət edilmişdir. Qətnamədə Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 2-ci hissəsinə; Ailə Məcəlləsinin 56.1, 58.1- 58.3, 75.1, 78.2, 112.1; Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.4; «Uşaq hüquqları» haqqında Azərbaycan Respublikası Qanununun 4, 19; Birləşmiş Millətlər Təşkilatının X4 3-cü maddəsinə istinadən qeyd edilmişdir ki, tərəflər rəsmi nikaha daxil olaraq ailə qurmuşlar.Birgə nikahlarından bir övladları -xx.xx.2018-ci il təvəllüdlü X5 anadan olmuşdur. Sonradan aralarında olan nikah münasibətlərinə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 30 iyun 2022-ci il tarixli, 2(006)-1535/2022 saylı qətnaməsi ilə son qoyulmuşdur. Yuxarıda qeyd edilən qətnamənin qəbul edilməsi zamanı nikahın pozulması tələbi ilə yanaşı uşağın valideynlərindən kimin himayəsinə verilməsi və azyaşlının saxlanılması üçün tutulmalı olan aliment məbləğinə də münasibət bildirilmişdir. Belə ki, 2(006)-1535/2022 saylı mülki işə baxılarkən azyaşlı uşağın ananın himayəsində saxlanılması qərara alınmış və həmin işdə cavabdeh olan İddiaçı xx.xx.2018-ci il təvəllüdlü X1 üçün ondan hər ay 250 manat məbləğində alimentin tutulmasına etiraz etməmiş, əskinə məhkəməyə vermiş olduğu izahatında iddia tələbini etiraf etmişdir. İddiaçı Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 30 iyun 2022-ci il tarixli, 2(006)-1535/2022 saylı qətnaməsi ilə ödənilməli olan alimentin miqdarı müəyyən edildikdən sonra onun mövcud olan maddi və ailə vəziyyətində hər hansı dəyişikliyin baş verməsi ilə bağlı məhkəməyə heç bir sübutu təqdim etməmiş və bununla da Mülki Prosessual Məcəllənin 77.1 -ci maddəsi ilə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir. İddia ərizəsində qeyd olunan hallar isə (iddiaçının işsiz olması və s.) məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra baş verməmişdir. Belə ki, iddiaçı 2(006)-1535/2022 saylı mülki işə baxılan dövrdə də işsiz olmuş və bu səbəbdən maddi vəziyyətində dəyişiklik olmasını sübuta yetirməmişdir. Məhkəmə eyni zamanda qeyd etməyi zəruri hesab edir ki, hazırda iddiaçı ilə cavabdehin birgə nikahlarından olan azyaşlı uşaq cavabdehin himayəsindədir. Uşağın saxlanılması, bütün qayğıları ilə, təlim-tərbiyəsi ilə məşğul olmaq hazırda cavabdehin üzərindədir. Belə olan halda iddiaçının uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması vəzifəsindən boyun qaçırması və uşağın əvvəlki qaydada maddi tələbatının ödənilməsindən yayınması əsassızdır və yolverilməzdir. Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri:
4. İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri, Nəsimi rayon Məhkəməsinin 10 aprel 2023-cü il tarixli, 2(006)-1419/2023 saylı qətnaməsi ləğv edilməsini, iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Konstitusiyasının 60, 127; Mülki Prosessual Məcəllənin 14.2, 217.1, 77.1, 82, 88, 217.3-217.4, 386, 387.1-ci maddələrinə istinadən qeyd edilmişdir ki, birinci instansiya məhkəməsi, özü tərəfimdən təqdim edilmiş sübutlarımı sadalayaraq qətnamədə göstərmişdir ki, “....Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi 5 saylı Bakı DOST Mərkəzinin xx.xx.2023-cü il tarixli, 3-17-7/2-P-7610/2023 saylı arayışından görünür ki, İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək və Məşğulluq" altsisteminə əsasən xx.xx.2023-cü il tarixdən işsiz kimi qeydiyyatdadır və “Əmək müqaviləsi bildirişi" alt sisteminə əsasən adına qüvvədə olan əmək müqaviləsi aşkar edilməmişdir”. Onun işsiz kimi qeydiyyatda olmağına dair məhkəməyə təqdim etdiyi rəsmi sənəd bunu təsdiq edir. Əvvəllər təyin edilmiş aliment onun işsiz omadığı dövrə, yəni işlədiyi, qazancının olduğu dörə aiddir. Ailə Məcəlləsinin 112-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərin birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətə layiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Məhkəmə, aliment təyin edildikdən sonra onun maddi durumunda olan dəyişikliyə, yəni işsiz qalmağına, maddi ehtiyacda qalmağına əhəmiyyətsiz yanaşmışdır.Təqdim etdiyi sübutlar, araşdırılmadan qətnamə qəbul edilmişdir. Apellyasiya icraatında müəyyən edilən hallar və məhkəmə proses iştirakçılarının izahatları:
5. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək, şikayətlə eyniməzmunlu izahat vermiş və işsiz olmasının nəzərə alınmasını məhkəmədən xahiş edərək qanunvericiliklə müəyyən edilmiş uşaqlar üçün yaşayış minimumu olan 220 manat məbləğində alimenti ödəməyə hazır olduğunu, 8 aydır işsiz olduğundan həmin məbləğdən daha artığını ödəmək imkanın olmadığını qeyd etmişdir.
6. Məlumatlandırılması üçün qanunla nəzərdə tutulmuş müvafiq tədbirlərin görülməsi nəticə vermədiyindən cavabdehin iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri:
7. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarına və Mülki Prosessual Məcəllənin 372-ci maddəsinə əsasən: maddi və prosessual hüquq normalarına riayət etməsi baxımından birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə yoxlanılmalıdır. Tətbiq edilən hüquq və apelyasiya instansiyası məhkəməsinin mövqeyi:
8. Azərbaycan Respublikası Ailə Məcəlləsinə görə: 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.
9. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləyə görə: 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 77.3. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər.
10. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını “Uşaq hüquqları” haqqında Qanunun 5, 6, 13; Ailə Məcəlləsinin 75-78, 99, 112; Mülki Prosesual Məcəllənin 14, 76, 77, 80- 82, 106.2, 119.1, 216, 217, 385-390-cı maddələrinə; “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa və iş üzrə təqdim edilmiş sübutlara müvafiq mübahisələndirilən dəlillərə (hissəyə) münasibətdə yoxlayan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətlərinin dəlilləri uşaqların üstün mənafeləri və təminatları baxımından qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Diqqətə çatdırılmalıdır ki, yaşayış səviyyəsinə olan maddi tələbatın artması hamıya bəlli olan haldır və “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmiş, apellyasiya şikayətlərinin dəlilləri ilə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun (uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılmasının) alternativ forması, habelə əvvəlki qətnamə ilə ödənilməli olan alimentin miqdarı müəyyən edildikdən sonra mövcud maddi və ailə vəziyyətində hər hansı dəyişikliyin baş verməsi ilə bağlı dəlillər sübuta yetirilmir. Kollegiya hesab edir ki, uşaq üçün tələb edilən alimentin miqdarı təkcə onun dolanacaq və qidalanmaq üçün kifayət edən minimum bazar səbətinin ekvivalenti ilə dəyərləndirilməli deyildir, valideynlər dünyaya gətirdikləri övladın xoşbəxt gələcəyini təmin etməkdə maksimal həddə bərabər məsuliyyət daşımalı, uşaqlara münasibətdə hər hansı gərginliyin yaranmaması üçün birgə səylər göstərməlidirlər. Dəyişən şəraitə və tələbatlara müvafiq hazırki iddia üzrə sübuta yetirilməyən dəlillər isə aliment məbləğinin dəyişdirilməsi üzrə digər tələblərin yenidən baxılmasını istisna etmir. 11.Kollegiya məhkəmə xərcləri barədə məsələni müzakirə edərək qeyd edir ki, məhkəməyə müraciətlə bağlı ödənilmiş dövlət rüsumu onu ödəyən tərəfə aid edilməlidir.
12. Mübahisələndirilən hissədə iddianın qiyməti 5000 (beş min) manatdan az olan əmlak xarakterli iddialar üzrə qəbul edilmiş qətnamədən kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır.
13. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Q Ə T E T D İ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)- 1419/2023 saylı işi üzrə 10 aprel 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın.