Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3909/2023 07.08.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı işi üzrə QƏTNAMƏSİ Açar sözlər: ("mənəvi zərərin əvəzinin ödənilməsi”) hakimlər X1 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, hakim köməkçisi Həsənova Ləman Rasim qızının katibliyi, iddiaçının nümayəndəsi vəkil Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı “mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-240/2023 saylı işi üzrə 18 aprel 2023-cü il tarixli qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı:
1. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı "mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən iddiaçıya vurulmuş mənəvi zərərin əvəzi olaraq 50 000 manat məbləğində pulun cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyindən tutularaq İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən iddia ərizəsinə etiraz təqdim edilərək, iddianın rədd edilməsi xahiş edilmişdir.
2. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-240/2023 saylı işi üzrə 18 aprel 2023-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin vasitəsi ilə dövlət büdcəsinin vəsaiti hesabına mənəvi zərərin əvəzi olaraq 12000 manat məbləğində pulun İddiaçı xeyrinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədə Azərbaycan Respublikası Konstitusiyasının 68-ci maddəsinin İİ hissəsinə; Mülki Məcəlləsinin 1101.1 ; Mülki-Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 21.1, 218.3, 220.4; Cinayət Prosessual Məcəllənin 56.0.2, 56.0.3; “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 4; «İnsan hüquqları haqqında Ümumi Bəyannaməsi»nin 3; «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 41; Birləşmiş Millətlər Təşkilatı Baş Məclisinin 1985-ci il 29 noyabr tarixdə qəbul etdiyi «Cinayət və hakimiyyətdən sui-istifadə qurbanları üçün ədalət mühakiməsinin əsas prinsipləri haqqında» Bəyannamənin 1-ci maddələrinə; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 87.6.14, 89.4.12 və 422.3-cü maddələrinə dair» 19 mart 2002-ci il tarixli qərarına; Avropa Məhkəməsinin «Ədalətli kompensasiya tələbləri barədə Praktiki Qaydaları»nın 13-cü bəndinə; Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixli qərarına; «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarına istinadən qeyd edilmişdir ki, hüquqi cəhətdən dəyərləndirilməli olan məsələlərdən biri də kompensasiyanın nədən ibarət olmasıdır. Məhkəmə belə qənaətdədir ki, zərərin kompensasiya edilməsi nəinki onunla bağlı maddi ziyanları - gəlirin və əldə edilə biləcək faydanın itirilməsi, həmçinin ayrı-ayrı şəxslərə vurulmuş qeyri-maddi zərəri də əhatə edir. Qeyri-maddi zərər dedikdə, bir qayda olaraq doğma və yaxınlarının itirilməsi, ağrı və əzablar, şəxsiyyətə və ya şəxsi həyata qəsdlə əlaqədar hisslərə toxunulma başa düşülür. Məhkəmə qeyd edir ki, istər milli, istərsə də beynəlxalq qanunvericilikdə kompensasiyanın vəzifəsi ziyanın təminindən ibarət olması kimi göstərilmişdir. Məhkəmə hesab edir ki, İddiaçı əsassız olaraq cinayət məsuliyyətinə cəlb olunması nəticəsində ona mənəvi zərər vurulmuşdur. Məhkəmə mənəvi zərərin iddia edilən məbləğdə təmin edilməsini mümkün hesab etməyərək, iddianın qismən, yəni 12000 manat həcmində təmin olunmasını ədalətli hesab edir. Belə ki, İddiaçı 1 il 07 gün həbsdə saxlanılmağı ona inamsızlıq, narahatlıq, məyusluq hissləri, streslər, əzab və əziyyətlər yetirsə də, bunun qarşılığının dəymiş mənəvi ziyana görə iddia edilən 50 000 manat məbləğdə ödənilməsi ağlabatan deyildir.
3. İşin icraatı zamanı müəyyən edilmişdir ki: - Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 4(005)-1402/2020 saylı, 18 dekabr 2020-ci tarixli qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş İddiaçı barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 16 dekabr 2020-ci il tarixdən hesablanmışdır; - Şəki Ağır Cinayətlər Məhkəməsinin 23 dekabr 2021-ci il tarixli 1 (091)-117/2021 nömrəli hökmünə əsasən İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirliliyi sübuta yetirilmədiyindən ona bəraət verilmiş, barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilmiş və dərhal məhkəmə iclas zalından azad olunmuş, bəraət alması ilə əlaqədar İddiaçı cinayət təqibi orqanlarının qanunsuz hərəkətləri nəticəsində vurulmuş ziyanın, məhkəmə xərclərinin ödənilməsi tələbi ilə müraciət hüququnun olması izah olunmuşdur; - Şəki Apellyasiya Məhkəməsinin 1(107)-93/2022 saylı xx.xx.2022-ci il tarixli qərarına əsasən dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edilməmiş, İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə bəraət verilməsinə dair Şəki Ağır Cinayətlər Məhkəməsinin 23 dekabr 2021-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmış, qərar elan olunduğu andan qanuni qüvvəyə minmişdir; - Azərbaycan Respublikası Ali Məhkəməsinin 1(102)-200/2023 saylı xx.xx.2023-ci il tarixli qərarına əsasən dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti təmin edilməmiş, Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının İddiaçı barəsində olan 27 iyul 2022-ci il tarixli, 1(107)-93/2022 nömrəli qərarı dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır; - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin xx.xx.2023-cü il tarixli, 3-16-17/6/2-3263/2023 nömrəli məktubuna əsasən Penitensiar xidmətin Şəki penitensiar müəssisəsində saxlanılmış xx.xx.1994-cü il təvəllüdlü həbs edilmiş şəxs İddiaçı (xx.xx.2020-ci il tarixdə Bakı istintaq təcridxanasına daxil olmuş və xx.xx.2021-ci il tarixində Şəki penitensiar müəssisəsinə, xx.xx.2021-ci il tarixdə Müalicə müəssisəsinə, xx.xx.2021-ci il tarixdə Şəki penitensiar müəssisəsinə, xx.xx.2021-ci il tarixdə Bakı istintaq təcridxanasına, xx.xx.2021-ci il tarixdə Səhiyyə Nazirliyinin 1 saylı Ruhi- Əsəb xəstəxanasına, xx.xx.2021-ci il tarixdə Bakı istintaq təcridxanasına, xx.xx.2021-ci il tarixdə Şəki penitensiar müəssisəsinə keçirilmişdir) Şəki Ağır Cinayətlər Məhkəməsinin 23 dekabr 2021-ci il tarixli hökmünə əsasən barəsində AR CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirliliyi sübuta yetirilmədiyindən bəraət verilərək xx.xx.2021-ci il tarixdə məhkəmə iclas zalından azad edilmişdir(iş səh. 10, 21, 38, 142). Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri:
4. İddiacı apellyasiya şikayəti verərək, Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin 2(006)- 240/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin iddia tələblərinin təmin edilmədiyi hissədə ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Konstitusiyasının 60, 68, 71; Cinayət Prosessual Məcəllənin 36,57, 58.2, 61; Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 4, 7; “Polis haqqında“ qanunun 5; Mülki Prosessual Məcəllənin 88, 217.1, 217.2, 217.3, 384.0.2, 385; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1101-cü maddələrinə; İnsan hüquqları haqqında" Ümumi Bəyannamənin 8-ci maddəsinə; BMT-nin Baş Assambleyası tərəfindən 29 noyabr 1985-ci ildə qəbul edilmiş "Cinayət və hakimiyyətdən sui-istifadə qurbanları üçün ədalət mühakiməsinin əsas prinsipləri haqqında" Bəyannamənin 4-cü bəndinə; "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Konvensiyanın 5-ci maddəsinin 5-ci bəndinə; "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Konvensiyanın 41-ci maddəsinə; Mülki Məcəllənin 23-cü maddəsinin şərh edilməsinə dair" Konstitusiya Məhkəməsinin xx.xx.2020-ci il Qərarına: “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2008-ci il 03 noyabr tarixli 7 nömrəli Qərarına istinadən qeyd edilmişdir ki, istintaq dövründə iddiaçının ağır cinayətdə ittiham edilib qanunsuz olaraq 372 gün həbsdə saxlanılması kimi ağır və aşağılayıcı cinayət əməlinin törədilməsi nəticəsinə gəlindi. Dövlət orqanlarının etdiyi səhv nəticəsində qanunsuz olaraq tutulmağı özünə və ailəsinə çox böyük maddi və mənəvi zərər dəymişdir. Dövlət orqanlarının etdiyi səhv nəticəsində şəxsə vurulmuş mənəvi zərər aşağıdakılardan ibarətdir: 1) 18 dekabr 2020-ci il tarixində şəxsin barəsində həbs qətimkan tədbiri seçilmiş və Şəki Ağır Cinayətlər məhkəməsinin 23 dekabr 2021-ci il tarixli hökmü ilə bəraət alana kimi 372 gün ailə üzvlərindən uzaq qalmış. 2) Həbsdə olarkən ailəsi mənəvi məhrumiyyətlərlə üzləşmiş,narkotacir ailəsi damğası ilə yaşamaq məcburiyyətində qalmışlar.3) Qanunsuz həbs iddiaçının şəxsiyyətinə və mənliyinə elə zərbə vurmuşdur ki, indiyə kimi dostlar və qohumlar ondan qaçmağa çalışır, həyatin hər sferasında bu damğanı hiss edir. 4) Qanunsuz həbsi nəticəsində iddiaçı özünə uyğun iş tapa bilmir. 5) Hər dəfə ailəsi İstintaq Təcridxanasına gələndə görüşlərdən sonra iddiaçı özünə gələ bilmirdi. 6)İstintaq Təcridxanasında saxlanıldığı müddətdə şəxsin səhhətində problemlər yaranmışdır. 7) İbtidai istintaq hərəkətləri qanunsuz olaraq keçirilmiş və iddiaçıya zor və işgəncə tətbiq edərək cinayəti' etiraf etməsinə vadar etmişlər və bu şəxsin şəxsiyyətinə və mənliyinə çox böyük zərbə olmuşdur. Lakin yekunda bəraət hökmü çıxarılmışdır. Hazırki mülki iş üzrə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda qeyd olunan işin faktiki halları nəzərə alınmamışdır. Lakin işə baxan birinci instansiya məhkəməsi qeyd olunan prosessual hüquq normalarını kobud şəkildə pozmuş və işə hazırkı iş üzrə sübutlara tətbiq edilməli olan hüquq normalarına qiymət verməmişdir. Belə ki, iş üzrə təqdim olunmuş sübutlarla - işin faktiki halları və bəraət hökmü ilə iddiaçı tərəfindən verilmiş iddia ərizəsinin məzmununda göstərilən hallarla öz təsdiqini tapır. İddiaçının narkotik ticarətində ittiham edilib qanunsuz olaraq 372 gün saxlanılması və əlavə olaraq apellyasiya və kassasiya instansiyasında dövlət ittihamçısı tərəfindən verilmiş protestləri də nəzərə alınmaqla şəxsin təqsirləndirilən statusunda qalması ilə birlikdə təxminən 812 gün təqsirləndirilən statusunda qalmasına baxmayaraq, məhkəmə 12 000 manat məbləğində mənəvi zərərin əvəzi ödənilməsi qət edilmişdir. Yəni məhkəmə yuxarıda qeyd olunduğu kimi iddiaçının azadlıqdan məhrum olunması ona inamsızlıq, narahatlıq, məyusluq hissləri, streslər, əzab və əziyyətlər yetirməsini qətnamədə göstərsə də, şərti olaraq hesablansa təxminən azadlıqdan məhrum olunduğu hər günə 33 manat olaraq dəyərləndirilmişdir.
5. Cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 18 aprel 2023-cü il tarixli e2(006)-240/2023 nömrəli qətnaməsinin ləğv olunması və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətdə “Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının xx.xx.2002-ci il tarixli, 358-İİQ nömrəli qanununun 15-ci və 17-ci maddələrinə; Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli 15 nömrəli Qərarın 71-ci hissəsinə; Mülki Prosessual Məcəllənin 387.2.8; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6, 43.3, 1096, 1100, 1101-ci maddələrinə istinadən qeyd edilmişdir ki, iddiaçıya münasibətdə Maliyyə Nazirliyi heç bir delikt törətmədiyi və iddiaçıya Nazirlik tərəfindən heç bir ziyan vurulmadığı halda, iddiaçının kompensasiya tələbini cavabdeh qismində Maliyyə Nazirliyinə yönəltməsinin heç bir hüquqi əsası yoxdur. İddiaçının tələbi onun barəsində müvafiq hərəkətlərə yol verən, müvafiq qərarlar qəbul edən orqana yönəlməli və iddia tələbinə həmin orqana münasibətdə baxılmalıdır. Halbuki, ədalət mühakiməsi müstəqil surətdə və azad şəkildə qərar qəbul etməyə bocludur. Tam şəkildə aydındır ki, iddiaçıya ziyan vuran tərəf hüquq-mühafizə orqanı (orqanın məsul əməkdaşı, əməkdaşları) və bu orqanın ittihamı əsasında şəxsin təqsirləndirilməsi barədə hökm (qərar) qəbul etmiş məhkəmədir (hakimdir). Qəbul edilmiş məhkəmə qərarlarında həqiqi ziyanı vurmuş şəxslərin kimliyi barədə izah belə verilmir. Bu məsələdə ziyan vuran şəxsin “dövlət” və ya “Azərbaycan Respublikası” məhfumu ilə eyniləşdirilməsi isə kökündən səhv yanaşmadır. Həqiqi ziyan vurmuş qurumun və şəxslərin məsuliyyətdən kənarda qalması yolverilməz hesab olunmalıdır. Eyni zamanda Azərbaycan Respublikası hüquq münasibətlərində orqanları (qurumları) vasitəsilə təmsil olunur. Bu mənada yalnız Maliyyə Nazirliyi dövləti təmsil etmir. Hər bir dövlət orqanı (qurumu) müvafiq səlahiyyətlər çərçivəsində fəaliyyət göstərir və dövlət adından çıxış edir. Buna görə də dövlətin cavabdehlik daşıması onu ayrı-ayrı sahələrdə təmsil edən və müvafiq qərarlar qəbul edən orqanların öz hərəkətlərinə görə məsuliyyət daşıması kimi qəbul edilməlidir. Məhkəmə Maliyyə Nazirliyini cavabdeh qismində tanımaqla qanunvericiliyin tələblərini pozmuşdur. Burada iddia tələbi hüquq pozuntusu törətmiş orqan və onun vəzifəli şəxsinə qarşı yönəlməli və iddiaya həmin tərəflərə münasibətdə baxılmalıdır. Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq hər ilin dövlət büdcəsi üzrə Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən Qanunla müəyyən edilmiş ayırmalar ciddi şəkildə öz təyinatına uyğun olaraq maliyyələşdirilir və onların icra müddəti büdcə ilinin sonunda başa çatır. Maliyyə Nazirliyi hər il üçün Qanunla təsdiq edilmiş dövlət büdcəsinin xərc maddələri üzrə büdcə daxilolmalarının vəziyyətindən asılı olaraq bütün büdcə təşkilatlarını onların sifarişləri əsasında tərtib olunmuş smetalarına uyğun olaraq mütəmadi maliyyələşdirir. Maliyyə Nazirliyinin kredit sərəncamçıları (hüquqmühafizə orqanları və s.) əvəzinə vəsaiti hər hansı bir təyinata yönəltmək səlahiyyəti yoxdur. Xərc maddələri isə qanunla təsdiq olunduğundan və Maliyyə Nazirliyinin onu dəyişdirmək hüququ olmadığından məhkəmə qərarının icrasının aidiyyəti büdcə təşkilatına deyil, birbaşa və maliyyə mənbəyi göstərilmədən mücərrəd şəkildə dövlət büdcəsinə yönəldilməsi tamamilə yanlışdır. Başqa sözlə, büdcə təşkilatı Nazirliyin müvafiq xəzinədarlıq qurumuna sifariş vermək öhdəliyindən kənarda qaldığından xəzinədarlığın əsas prinsipləri pozulmuş və vəsaitin hansı xərclərdən ödənilməli olması məsələsi isə mübahisə doğurmaqdadır. Məhkəmə tərəfindən dövlət büdcəsindən vəsaitin iddiaçıya ödənilməsi qət edilərkən, həmin vəsaitin gələcəkdə dövlət büdcəsinə bərpası (qaytarılması) məqsədilə ziyanı vuran təqsirli vəzifəli şəxsi müəyyən edilməmişdir. Mənəvi zərərə görə ödənilməli olan pulun məbləğini müəyyən edərkən zərərçəkmiş şəxsin fərdi xüsusiyyətləri ilə əlaqədar keçirdiyi fiziki, mənəvi iztirabların xarakterini, cinayət törətmiş şəxsin təqsirlilik dərəcəsini, maddi vəziyyətini, zərərçəkmiş şəxsin qanunsuz və ya əxlaqsız hərəkətlərinin cinayətin törədilməsinə təsir edib-etməməsini və verilmiş mülki iddianın həllinə təsir göstərən digər halları nəzərə almalı, hər bir halda ağlabatanlıq və ədalətlilik kimi meyarlar baxımından kompensasiyanın məbləğini nəzərdən keçirməlidir. Lakin göründüyü kimi məhkəmə tərəfindən dövlət büdcəsinin mənafeyi nəzərə alınmamış, əsassız və şişirdilmiş şəkildə iddiaçının xeyrinə mənəvi zərərə görə 12.000 manat müəyyən edilmişdir. İddia tələbindən də göründüyü kimi iddiaçının hüquq-mühafizə və məhkəmə orqanlarının hərəkətini qanunsuz hesab etməsi, bununla bağlı iddia tələbini Maliyyə Nazirliyinə yönəltməsi və Nazirliyin Nəsimi Rayon Məhkəməsi tərəfindən cavabdeh qismində tanınması əsassız olduğundan, məhkəmə tərəfindən iddia baxılmamış saxlanılmalı və ya iş üzrə icraata xitam verilməli idi. Apellyasiya icraatında müəyyən edilən hallar və məhkəmə prosesi iştirakçılarının izahatları:
6. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi vəkil Nümayəndə apellyasiya şikayətini müdafiə edərək, onunla eyni məzmunda izahat verməklə, birinci instasniya məhkəməsi tərəfindən iddia tələbinin tam təmin edilməməsinin yalnız bir cümlə ilə - “dəymiş mənəvi ziyana görə iddia edilən 50 000 manat məbləğdə ödənilməsi ağlabatan deyildir” əsaslandırılması ilə razılaşmadıqlarını bildirmiş və iddia tələbinin tam təmin edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
7. Məlumatlandırılması üçün qanununvericilikdən nəzərdə tutulan tədbirlərin görülməsi nəticə vemədiyindən cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri:
8. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarına və Mülki Prosesual Məcəllənin 372-ci maddəsinə və əsasən: məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsi baxımından birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə yoxlanılmalıdır. Tətbiq edilən hüquq və apelyasiya instansiyası məhkəməsinin mövqeyi:
9. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı mübahisələndirilən hissədə yoxlayan məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiyasının 28-71; 1966-cı ildə BMT tərəfındən qəbul edilmiş «Vətəndaş və siyasi hüquqlar haqqında Beynəlxalq Pakt»ın 9-cu maddəsinə; «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyanın 5-ci maddəsinə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 56- 63; “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarına; Mülki Məcəllənin 21; 1101; Mülki Prosessual Məcəllənin 4.1, 39.1, 76.1, 77.1, 80-82, 89, 106.2, 119, 217.4, 220.5, 385-390-cı maddələrinə istinadən hesab edir ki, apellyasiya şikayətlərinin faktiki və hüquqi əsasları olmayan dəlilləri formal mülahizə xarakteri daşıdığından əsassızdır və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Birinci instansiya məhkəməsi tərəfindən mənəvi zərərə görə ağlabatan məbləğdə tutulan kompensasiyanın sübutu qanunvericiliklə müəyyən edilən və hamıya bəlli olan hallardır (qanunsuz cinayət təqibi və sair), qətnamənin qəbul edilməsində qanunvericiliyin tətbiqi zamanı pozuntu müəyyən edilmir. Ümumiyyətlə diqqətə çatdırılmalıdır ki, iddia tələbində əmək hüquqları üzrə əmək haqqından məhrum olması göstərilmədiyindən və bu əsasla maddi ziyan tələb edilmədiyindən iddiaçın bu əsasla yenidən məhkəməyə müraciət etmək hüquqları istisna edilmir.Belə ki, “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikası Qanunun 9-cu maddəsinə görə şəxsin tutulma, həbsdə olma, cəza çəkmə müddətləri və işdən (vəzifədən) kənarlaşdırılması ilə əlaqədar işləmədiyi müddət həm ümumi əmək stajına, həm də ixtisas üzrə və fasiləsiz staja daxil edilir.
10. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.1 və 82.4-cü maddələrinin tələblərinə əsasən: Hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.
11. Mülki Məcəllənin 1101.1-ci maddəsinə əsasən Qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qəti imkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir. Məcəllənin 1101.2-ci maddəsinin tələblərinə görə, Təhqiqat, ibtidai istintaq, prokurorluq orqanlarının qanunsuz fəaliyyəti nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərər bu Məcəllənin 1101.1-ci maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmadıqda onun əvəzi qanunla müəyyənləşdirilmiş əsaslarla və qaydada ödənilir.
12. Mənəvi zərərin məbləğinə gəldikdə isə qeyd edilməlidir ki, insana təbii hüquq olaraq anadangəlmə məxsus azadlığın əlindən alınması digər hüquqlarının da məhdudlaşmasına səbəb olur və iddiaçının azadlıqdan məhrumetmə yerində cəza çəkməsinin müddətini, hansı cinayətdə ittiham olunmasını, həbsdə saxlanmaların onun şəxsiyyətinə, sağlamlığına və mənəvi-psixoloji vəziyyətinə təsirini, həmin illər ərzində keçirdikləri mənəvi əzab və stressləri nəzərə alaraq və bunların dəyərləndirilməsi baxımından qət edilən məbləğ daha çox simvolik səciyyə daşıyır. İddiaçının apellyasiya şikayətinin əsasları maddi zərər hissədə deyil, mənəvi zərərlə bağlı olmuş olduğundan kollegiya hesab edir ki, maddi zərərə dair münasibət bildirmək məhkəmənin özünün qulluq mövqeyindən irəli gələn əsas kimi qiymətləndirilə bildiyindən yolverilməzdir. Belə ki, Mülki Prosessual Məcəllənin 9.3-cü maddəsinə əsasən, Məhkəmə, qərarını özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Məcəllənin 372.6-cı maddəsinə əsasən, Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun mübahisə edilən hissəsi üzrə yoxlayır. Hər iki tərəfin şikayətlərinin verməsi və qətnamənin tam yoxlanıldığı nəzərə alınsa belə, hazırki münasibətlərdə dövlətin cavabdehlik daşıdığı məsələ üzrə məhkəmə kollegiyası mənəvi ziyan məbləğinin fərqli tutulmalı olması ilə bağlı apellyasiya şikayətlərində təsbit edilmiş dayanıqlı (sübutlar) dəlillər müəyyən etmir. Cavabdehin apellyasiya şikayətində büdcə vəsaitlərinin ayrılmaması və təqsirli vəzifəli şəxslərin iş üzrə prosesə cəlb edilməsi dəlillərinə dair isə kollegiya fərqli maddi və ya prosessual hüquqi əsaslar müəyyən etmir.
13. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: İddiaçı və cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin apellyasiya şikayətləri təmin edilməsin. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-240/2023 saylı işi üzrə 18 aprel 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.