Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3915/2020 30.07.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şərafət Asif qızı Məmmədovanın sədrliyi və məruzəsi ilə, Emin Əlixan oğlu Mehdiyev və Xəyal Əjdər oğlu Sarıyevdən ibarət tərkibdə, Azər Aydın oğlu Mövlayevin katibliyi ilə, İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil, Cavabdehlər Cavabdeh2 və Cavabdeh3, Cavabdeh1 nümayəndəsi və vəkili X12 iştirakları ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli 2(001)- 91/2019 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh1 qarşı iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, heç bir rəsmi icazəsi və fəaliyyətlə məşğul olmaq üçün təhsili olmayan cavabdeh tərəfindən qızı xx xxxxxx 2002-ci il təvəllüdlü X1 vurduğu zərərin (ödənilmiş xərclər də daxil olmaqla) yenidən əvvəlki vəziyyətinə bərpasına çəkiləcək xərclər də nəzərə alınmaqla ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı tələbinin həcmini artıraraq və əlavə olaraq Cavabdeh3 və Cavabdeh2 da cavabdeh qismində cəlb edərək, yetkinlik yaşına çatmayan övladı X2 zərər yetirildiyinə görə reabilitasiya və sair xərclərin tutularaq, bu günə qədər xərclədiyi 40 000 manat, sonrakı 3 il ərzində aparılacaq reabilitasiya prosedurası üçün tələb olunan əlavə xərclər kimi 70 000 manat, mənəvi zərərin əvəzi olaraq 2 000 manat kompensasiya olmaqla ümumilikdə 112 000 manat pulun cavabdehlərdən müştərək qaydada xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı sonradan Azərbaycan Respublikası Maliyyə Nazirliyinin və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin də cavabdeh qismində cəlb edilməsi barədə vəsatət təqdim etmiş (həmin vəsatət təmin edilməmişdir), həmçinin iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə təkrarən məhkəməyə müraciət edərək, cavabdehlərin hərəkətləri nəticəsində yetkinlik yaşına çatmayan övladı X2 ciddi zərər yetirməsinin, yəni cavabdehlərin əməlləri nəticəsində qızının 3-4 dərəcəli skolioz xəstəliyinə tutulmasının tanıması, cavabdehlərdən reablitasiya və sair xərclərin tutularaq, onun bu günə kimi xərclədiyi 40 000 manat, sonrakı 3 il ərzində aparılacaq reablitasiya prosedurlarına görə tələb olunan əlavə xərclər kimi 70000 manat, mənəvi zərərə görə 20 000 manat kompensasiya pulunun, ümumilikdə 130 000 manat pul məbləğinin müştərək qaydada tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, qızı X8 xx xxxxxx 2002-ci ildə Bakı şəhərində doğulmuşdur, onun tərbiyəsi ilə tək məşğul olur. Qızı Suel 8 aylıq doğulmuş, iki həftə ərzində doğum evində müalicədə olmuş, 6 ayadək uşaq sağlam olmuşdur. Həyatının 6-cı ayında qızının səhhətində problemlər başlanmış, təxminən bir yaşınadək qızının müalicəsi ilə Bakı şəhərində məşğul olmuş, bir yaşı tamam olandan sonra qızını Rusiyanın Moskva şəhərinə müalicəyə aparmış və Skvortsov adına psixonevroloji mərkəzdə onun müalicəsinə başlamışlar. Beləliklə 2003-cü ilin fevral ayından başlayaraq bu günədək əvvəl üç ayda bir dəfə, uşağın 4 yaşından isə ildə bir dəfə psixonevroloji mərkəzə müalicəyə aparır. Qızı simptomatik epilepsiya, X24, ikitərəfli qemiplegiya diaqnozu ilə müalicə olunmuşdur. 2014-cü ildə tanışlarının məsləhəti ilə Bədən Tərbiyəsi və İdman İnstitutununda dekan müavini vəzifəsində işləyən Cavabdeh3 Bəhram oğlu ilə 012 *** ** ** nömrəli ev telefonu vasitəsilə zəngləşib qızı ilə müalicəvi bədən tərbiyəsi ilə məşğul olmasını xahiş etmiş, lakin Əhməd qızının yanına gələ bilməmişdi. 2015-ci ilin təxminən oktyabr ayında tanışı - əvvəllər Bədən Tərbiyəsi və İdman İnstitutunu bitirmiş X23 təsadüfən əvvəllər tanıdığı Cavabdeh3la görüşüb ondan xahiş etmişdir ki, onun qızına baxsın. 2016-cı ilin yanvar ayında Əhməd Elmirlə birlikdə onun evinə gəlib qızına baxaraq demişdir ki, uşağın əsas problemi sol ayağındadır. Sonradan məlum olduğu kimi həmin vaxt qızında artıq onurğanın əyilməsi başlanırdı, lakin Əhməd bildirirdi ki, qızının onurğasında heç bir problem yoxdur. Əhməd söz vermişdi ki, həftədə 3 dəfə gəlib qızı ilə məşğul olacaq və hər seansa görə ondan 50 manat pul alacaq. Qızında həmin vaxt soyuqdəymə olduğu üçün belə razılaşmışdılar ki, uşaq sağalan kimi Əhmədə məlumat veriləcək və o da gəlib uşaqla məşğul olacaq. 2016-cı ilin mart ayında Əhmədə zəng edərək qızının soyuqdəymədən artıq sağaldığını bildirmiş və gəlib uşaqla məşğul olmasını xahiş etmişdir. Lakin Əhməd bir aylıq Almaniyaya ezamiyyətə getdiyini bildirərək uşaqla məşğul olması üçün özünün ortağını onun yanına göndərəcəyini, bir aydan sonra isə özünün qayıdaraq uşaqla məşğul olacağını demişdir. Beləliklə Əhmədin təşəbbüsü ilə hazırki iş üzrə cavabdeh qismində cəlb etdiyi Cavabdeh1lə tanış olmuş və sonra öyrənmişdir ki, Renad onun tanışı olan Cavabdeh2 qardaşıdır. Elmiradan soruşanda bildirmişdir ki, qardaşı Yasamal rayonu, A.M.Şərifzadə küçəsi 100 ünvanında yerləşən “Ginezis” sağlamlıq mərkəzində işləyir və klinikanın aparıcı həkimidir. Beləliklə Renad xx xxxxx 2016-cı il tarixindən xx xxxx 2016-cı il tarixinədək qızı ilə müalicəvi bədən tərbiyəsi ilə məşğul olaraq hər həftə üçün ondan 90 manat pul almışdır. Həmin dövr ərzində Renadın bacısı Elmira da, hər həftənin şənbə günü onun qızı ilə məşğul olmuşdur. Renadın və bacısı Elmiranın qızı ilə məşğul olmaları nəticəsində qısa müddət ərzində qızının əvvəllər sağlam olan onurğası əyilmiş və sonradan məlum olmuşdur ki, uşaqda 4cü dərəcə skolioz xəstəliyi əmələ gəlmişdir. Renadın və Elmiranın onun qızı ilə məşğul olmasının videogörüntülərini kompüterə yazmışdır. Bu barədə Əhmədə deyərək ondan gəlib uşağa baxmasını tələb etsə də, Əhməd onunla heç bir əlaqəyə girməmişdir. Uşağın səhhətinin pisləşməsini və onurğasının əyilməsini nəzərə alaraq yenə də onu Moskva şəhərinə aparmış və orada tibb mərkəzində müayinə olunandan sonra xx xxxxxx 2016-cı il tarixdə qızına 4-cü dərəcəli S-vari skolioz diaqnozu təyin edilmişdir. Sonradan apardığı araşdırmalar nəticəsində ona məlum olmuşdur ki, Cavabdeh3 Bəhram oğlu, Cavabdeh1 və Cavabdeh2 müalicəvi bədən tərbiyəsi sahəsində mütəxəssis deyillər. Uşağı Moskva şəhərinə aparıb həkimlərə göstərəndə onlar bu “müalicənin” qeyri peşəkar şəxslər tərəfindən aparıldığını və övladına fıziki və mənəvi sağalmaz zərər yetirildiyini bildirmişlər. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli 2(001)- 91/2019 nömrəli qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 qarşı “şikəstetmə və ya səhhəti sair şəkildə zədələməyə görə pulun ödənilməsi” tələbi barədə iddiasının təmin edilməməsi qət olunmuşdur. Qətnamədən narazı qalan İddiaçı apelyasiya şikayəti verərək, Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsini ləğv edib, X15, Ravilyevna Cavabdeh2 və Cavabdeh3 hərəkətləri nəticəsində İddiaçı yetkinlik yaşına çatmayan övladı X2 ciddi zərər yetirməsini, yəni onların əməlləri nəticəsində qızının 3-4 dərəcəli skolioz xəstəliyinə tutulmasının tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin dəlillərinə istinad edərək, apelyasiya şikayətini onunla əsaslandırır ki, məhkəmənin həmin qətnaməsi əsassız və qanunsuzdur. Məhkəmə onun arqumentlərinə diqqət verməmişdir. Məhkəmə Rusiya Federasiyasına sorğu göndərib və iddiaçının qızına aid sənədləri tələb edib. Xəstəxana onun qızına aid bütün sənədləri məhkəməyə təqdim edib. Məhkəmə sözü gedən sənədləri ekspertizaya təqdim edib. Ekspertiza rəyi isə tamamilə təhrif edilmiş şəkildə məhkəməyə təqdim edilmişdir. O, dəfələrlə məhkəməyə bildirmişdir ki, ekspertiza rəyində açıq şəkildə vaxtlar təhrif edilib. Qoyulan diaqnozlarda da qüsurlar var. İddiaçı dəfələrlə Cavabdeh1 məhkəmədə iştirak etməsini, ona veriləcək suallarının olduğunu deyib. Lakin məhkəmə onun vəsatətini təmin etməmişdir. Məhkəmə onun Konvensiya ilə müdafiə edilən ədalətli məhkəmə araşdırması hüququnu, bərabərlik hüququnu və əsaslandırılmış məhkəmə qərarı almaq hüququnu pozub. Üstəlik, məhkəmə qərəzli olub. Məhkəmə kolegiyasının iclasında iştirak edən İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil iddia tələbinin dəlillərinə istinad etməklə, apelyasiya şikayətinin məzmunununa uyğun izahat verərək, apelyasiya şikayətinin təmin edilməsini, qətnamənin ləğv olunmasını və iddia tələbinin təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kolegiyasının iclasında iştirak edən cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 nümayəndəsi və vəkili X20 apelyasiya şikayətinə etiraz edərək, apelyasiya şikayətinin təmin edilməməsini və qətnamənin dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Məhkəmə kolegiyası iş üzrə materialları, apelyasiya şikayətinin dəlillərini və tərəflərin izahatlarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin olunmamalı və qətnamə dəyişdirilmədən qüvvədə saxlanmalıdır. Mülki işin materiallarından görünür ki, iddiaçının övladı olan xx.xx.2002-ci il təvəllüdlü Suel Fərzəliyevaya xx.xx.2002-ci il tarixdə “perenatal hipoksik ensefalopatiya, vaxtından əvvəl doğulmuş uşaq” diaqnozu qoyulmuş, xx.xx.2003-cü ildə “periventirikulyar ensefalopatiya, ensefalomielodisplaziya, USİ tetraparez forması, distolik forması, strabizm, endokrinopatiya, psixomotor ləngiməsi” diaqnozu müəyyən edilmiş, 2003-cü ildə Moskva şəhərində Psixonevroloji Əlillərin müalicəsi və profilaktikası ETM-də müayinə və müalicə olunmuş, 2005-ci ildə Moskva şəhər 18 saylı Uşaq Psixo-nevroloji xəstəxanasında müayinə olunmuş və ona “MSS-nin orqanik zədələnməsi; Spastik qiplegiya; Epilepsiya; Psixi-fiziki inkişafın ləngiməsi” diaqnozu qoyulmuşdur. xx.xx.2005-ci ildə isə “mərkəzi sinir sisteminin orqanik, simptomatik epilepsiya, gec-gec tutmalarla, psixofiziki və nitqi inkişafın geriləməsi” diaqnozu ilə mütəmadi olaraq Moskva şəhərində stasionar müalicədə olmuşdur. xx.xx.2006-cı ildə həkim məsləhət komissiyasından keçirilən zaman onun iki aylığından nevropatoloqda dispanser qeydiyyatda olması qeyd edilmişdir. Moskva şəhərində 2002-2005-ci ildəki dövrlərdə uşaq nevroloji xəstəxanasında, Moskva şəhəri Psixonevroloji əlillərin müalicə profilaktika elmi-terapevtik mərkəzində müayinə və müalicədə olmuşdur. 2006-cı, 2007-ci, 2008-ci, 2009-cu, 2010-cu, 2011-ci və 2012-ci illərdə Moskva şəhərində anadangəlmə kəllə-üz patologiyaları ilə doğulan uşaqlara yardım Elmi-Praktik Mərkəzdə müayinə və müalicə olunmuş, ona “Epilepsiya, tez- tez təkrarlanan qıcolma tutmaları; USİ hemiparez” diaqnozu qoyulmuşdur. xx.xx.2015-ci ildə X7 və Epilepsiya Mərkəzində müayinə olunmuşdur. xx.xx.2016-cı il tarixdə baxış zamanı onurğa sütununda əyrilik, kürək sümüklərində assimmetriya izlənilmiş, müalicə bərpa şöbəsinə göndərilmişdir (təyinat: masaj; diaqnoz: “skalioz”). xx.xx.2016-cı il tarixdə Moskva şəhərində müayinədə olmuş və ona “Fokal simptimatik epilepsiya; USİ onurğada parolitik deformasiya; Skalioz 3-4 dərəcə” diaqnozu qoyulmuşdur. xx.xx.2016-cı ildə isə Moskva şəhərində müayinə və müalicə olunmuş, ona “Total simptomatik epilepsiya; X24; Hemiparez” diaqnozu qoyulmuşdur. Mülki işin materiallarında olan Azərbaycan Respublikası Əmək və X16 Nazirliyi yanında Dövlət Tibbi-Sosyal Ekspertiza və Reabilitasiya Xidmətinin X3 verilən arayış və qaiməyə əsasən xx xxxx 2016-cı il tarixində X9 tərəfindən İddiaçı xx.xx.2002-ci il təvəllüdlü Suel Fərzəliyeva üçün əlil arabası və araba üçün yastıq verilmişdir. Mülki iş üzrə birinci instansiya məhkəməsi tərəfindən tibb ekspertizası təyin edilmiş, Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya ETT Birliyinin xx.xx.2017-ci il tarixli, 290/KEŞ saylı məhkəmə-tibbi ekspertiza rəyində ekspert qarşısında qoyulmuş sullara cavab olaraq göstərilmişdir ki, “Suel Fərzəliyevanın adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən, o, “X24; Hemiparez; Epilepsiya; Skalioz İV dərəcə” diaqnozu ilə 20 saylı uşaq poliklinikasında dispanser qeydiyyatdadır. X24 baş beynin doğuşdan əvvəl, doğuş zamanı və ya doğuşdan sonrakı dövrlərdə müxtəlif səbəblərdən zədələnmə nəticəsində əmələ gələn, adətən erkən uşaqlıq dövründə aşkarlanan və hərəki pozğunluqlarla: ifliclər, əzələ zəifliyi, koordinasiya pozğunluqları, qeyri-iradi hərəkətlərlə xarakterizə olunan bir haldır. Hərəki funksiyaların bərpası və inkişafı komplesk müalicə ilə yanaşı bədən tərbiyəsi, masaj, isti vannalar tətbiqi mühüm əhəmiyyət kəsb edir. Xüsusi aparat vasitəsilə müvafiq proqram üzrə iflic olan əzələlərə elektroimpulslar verilir. Ortopedik kömək nəticəsində deformasiya və kontrakturların qarşısı alına bilər. Eyni zamanda xəstəyə B1, B2, B6, В12, E, A vitaminlərindən ibarət müalicə kursu təyin olunur. Tərtib edilmiş 117 sdaylı “Uşağın inkişaf kitabçası”ndan görünür ki, Suel Fərzəliyevanın düçar olduğu “X24” xəstəliyi fonunda əvvəllər onda skalioz əlamətlərin olduğu xx.xx.2016cı il tarixdə biruzə vermişdir, lakin xəstəliyin dərəcəsi müyyənləşdirilməmişdir. Tibbi təcrübəyə əsasən, skaliozun meydana çıxması bir çox amillərdən asılıdır. Eyni zamanda orqanizmin inkişaf mərhələsində olmasının nəzərə alaraq “USİ” xəstəliyinin ağırlaşması (skaliozun) əmələ gəlməsi inkar olunmur. Suel Fərzəliyevanm düçar olduğu X24 ilə əlaqədar ona aparılmış bədən tərbiyəsi müalicəsinin müsbət effekti olmasa da, tətbiq olunan müalicənin xəstəliyin yaranmasına səbəb olması istisna edilir. Belə ki, skoliozun müalicəsində müvafiq proqram üzrə bədən tərbiyəsi təsdiq edilir. Müalicəvi bədən tərbiyəsi xüsusi biliyə malik olan profil üzrə tibb işçisi və müvafiq lisenziya almış şəxs tərəfindən yerinə yetirilə bilər. Suel Fərzəliyevanın hal-hazırki sağlamlıq durumu ilə əlaqədar onun konservativ müalicələrin davam etdirilməsi ilə yanaşı operativ müdaxilənin keçirilməsinə ehtiyacı vardır. Müalicələrin hansı tibb müəssisəsində aparılması vətənadaşın öz seçimindən asılıdır”. Birinci instansiya məhkəməsində məhkəmə iclasında ekspert qismində iştirak edən X10 ifadəsində göstərmişdir ki, Nevrologiya sahəsi üzrə həkimdir. Rəy verərkən, xəstəyə baxmış, ev şəraitində müayinə etmiş, sənədlərlə də tanış olaraq əmin olmuşdur ki, uşaqda X24 və epilepsiyası, sümüklərin skelet dəyişiklikləri vardır. Skelet dəyişiklikləri dedikdə, sümüklərin dəyişiklikləri, oynaqların dəyişiklikləri nəzərdə tutulur. Sümüklərin dəyişikliklərində, kəllənin və ətrafların patologiyası və digər patalogiyalar ola bilər. Bu patologiyada kimdəsə ağır nəticələr olur, kimdəsə yüngül, kimdəsə intellekt azalır və s. Xəstəyə baxarkən o faktiki olaraq köməksiz hərəkət edə bilmirdi. Əvvəllər xəstəni görməmişdir və buna görə onun əvvəllər gəzə bilib-bilmədiyini deyə bilməz. İşdə olan materialların hamısına baxmış, Diskdəki görüntüləri isə izləməmişdir. Fiziki müalicənin isə həmin nəticəni verəcəyini düşünmür. Birinci instansiya məhkəməsində məhkəmə iclasında ekspert qismində iştirak edən Behbudov Rövşən Əbdüləli oğlu ifadəsində göstərmişdir ki, skaloz anadangəlmə olur. Yalnız 12-13 yaşında özünü biruzə verir. Travmotologiya institunda skaliozun müalicəsini edən xüsusi şöbə var və həmin müalicə yalnız orada keçirilə bilər. Müayinə və müalicəni yalnız onlar təyin edirlər. Hətta orada həmin mütəxəssislərin nəzarəti altında idman hərəkətləri keçirilə bilər. Bu hərəkətlər uşağın vəziyyətini ağırlaşdırmaz. Müalicəvi bədən tərbiyyəsi, vannalar edirlər ki, əzələlər yumşalsın və vəziyyəti pisləşməsin. Skalioz elə səbəblərdən yarana bilər ki, 10-15 gün ərzində dərəcəsi daha da böyüyə bilər və ya daha yaxşı effekt verə bilər. Skalioz varsa, şəxsdə onun ikişafının qarşısını almaq olar, ancaq onun əvvəlki vəziyyətə qayıtması qeyri-mümkündür. Müalicəvi bədən tərbiyəsi hərəkətlərinə nə qədər tez başlamlsa daha yaxşıdır. Bu xəstəyə vertiklaşdırmanın uyğun olub-olmamasını müayinə edən həkim təyin edir. Xəstədə 4-cü dərəcə skalioz var və bunu əməliyyat etmək üçün, bir neçə etapdan keçmək lazımdır. Hansı etaplar olduğunu, müayinə edən həkim təyin edir. Bərpa etməyin əməliyyatla mümkün olduğuna qarantiya vermək olmaz. Rəy verərkən, təqdim edilən diskə baxış keçirməmiş və təqdim edilən sənədlər əsasında rəy vermişlər. Tibb tarixçəsinə (kartoçkasına) baxmamış, tibb kitabçasına olunan qeydlər əsasında rəy vermişlər. Skaliozun diaqnozunu ən birinci rengenoloq verir. Tibb kitabçasında olan qeydə əsasən bildirmişlər ki, uşaqda əvvəllər skalioz simptomları olmuşdur. Ortopedik hərəkətlərin və idman hərəkətlərinin hamısı skaliozun qarşısını almağa kömək edir. Həmin xəstəyə vannalar edilə bilər ki, əzələlər yumşalsın və başını düz tutmalıdır ki, onurğada əyilmə getməsin. Hansı hərəkətlərin edilməli olduğunu mütəxəssislər təyin edir. Birinci instansiya məhkəməsində məhkəmə iclasında ekspert qismində dindirilmiş X18 bildirmişdir ki, orqanizmə individual yanaşmaq lazımdır. Müalicəvi bədən tərbiyəsi hərəkətləri o ərəfəyə düşüb ki, uşağın orqanizmində skaliozun ilkin simptomları artıq mövcud olub. Müalicəvi idman hərəkətlərinin düzgün aparılacağı halda bunun əks təsiri ola bilməz. Həmin hərəkətlər bu sahə üzrə mütəxəssis olan şəxs tərəfindən aparılmalıdır. Tibb kitabçasından başa düşülür ki, uşağın bir çiyni aşağı ollmuş, nəticə olaraq diaqnoz qoyulmuşdur. Biruzə vermə xəstənin ilkin əlamətləri deməkdir. Masaj sahəsi üzrə mütəxəssis olmadığından hansı nəticə verəbiləcəyini deyə bilməmişdir. İşdə olan diskə baxmamışdır. Tibb kitabçasında cərrahın qeydini şəxsən özü aşkar etmişdir. Təqdim edilən sənədləri araşdıraraq rəy vermişlər. Kitabçaya heç bir müdaxilə edilə bilməz, bu cinayətdir. Həmin qeyddən əvvəl skaliozla bağlı heçbir qeyd aşkar etməmişdir. Tibb kartoçkasından görünür ki, mütəmadi olaraq Rusiya Federasiyasında müayinələr aparılmış, lakin, ilkin qeyd xx xxxxxx 2016-cı ildə aşkar edilmişdir. 20 saylı uşaq poliklinikasının həkim cərrahı tərəfindən ev şəraitində baxış keçirilərkən uşaqda ilkin skalioz simptomları aşkar edilmiş və rentgendən keçməsi tövsiyyə olunmuşdur. Bakı şəhəri Baş Səhiyyə İdarəsi 20 Nömrəli Uşaq Poliklinikasının xx xxxxxx 2018-ci il tarixli məktubunda göstərilmişdir ki, xx.xx.2002-ci il təvəllüdlü Suel Fərzəliyeva “Anadangəlmə X24-tetraplegik forma Epilepsiya” diaqnozu ilə poliklinikanın dispanser qeydiyatındadır. xx.xx.2016-cı il tarixdə həkim travmatoloq-ortoped Sehranə Vəliyeva evdə baxış zamanı uşaqda skolioz əlamətlərinin olmasını aşkarlamış, skoliozun dərəcəsini dəqiqləşdirmək üçün rentgen müayinəsi məsləhət görülsə, ana Azərbaycanda hər hansı bir müayinə etdirməyəcəyini, müayinələri yalnız Moskva şəhərində etdirdiyini bildirilmişdir. Yuxarıda qeyd edilənUşaq Poliklinikasının xx xxxxx 2018-ci il tarixli məktubu da oxşar məzmunda yazılmış, əlavə olaraq uşağa “Dəqiqləşdirilməmiş skolioz” diaqnozunun qoyulduğu və diaqnozu dəqiqləşdirmək üçün onurğa sütunun rentgen müayinəsinin məsləhət görüldüyü qeyd edilmişdir. Mülki iş üzrə birinci instansiya məhkəməsində mülki işin baxışı zamanı əldə edilmiş Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya ETT Birliyinin xx.xx.2018-ci il tarixli, 267/KEŞ saylı məhkəmə-tibbi ekspertiza rəyində göstərilmişdir ki, “Ekspertiza tədqiqatına təqdim edilmiş CD disk görüntülərinə əsasən, Suel Fərzəliyevanın düçar olduğu X24 xəstəliyi fonunda onun onurğa sütünunda skolioz əlamətlərinin olduğu müəyyən edilir. Tərtib edilmiş tibbi sənədlərdən göründüyü kimi, onda skolioz əlamətləri xx.xx.2016-cı il tarixdə də özünü biruzə vermişdir, lakin xəstəliyin dərəcəsi müəyyənləşdirilməmişdir. Tibbi təcrübəyə əsasən, skoliozun meydana çıxması bir çox amillərdən asılıdır. Eyni zamanda orqanizmin inkişaf mərhələsində olmasından, passiv həyat tərzindən, eləcə də “USİ” xəstəliyinin ağırlaşmasından skoliozun əmələ gəlməsi inkar olunmur. Qeyd olunanları nəzərə alaraq və CD disk görüntülərində qeyd olunan passiv idman hərəkətləri skoliozun proqressivləşməsinə və 4-cü dərəcəyə çatmasına səbəb ola bilməzdi. Ekspertiza tədqiqatına təqdim edilmiş CD disk görüntülərinə əsasən, passiv idman hərəkətləri yalnız aşağı ətrafların və çanaq nahiyyəsinin əzələ tonusunun yaxşılaşdırılması istiqamətində aparılmışdır. Bu hərəkətlər icra müddətindən asılı olmayaraq onurğa sütünunun yüklənməsinə mənfi təsiri olmamışdır. Ekspertiza tədqiqatına təqdim edilmiş CD disk görüntülərində qeyd olunan şəkillər və videolar passiv idman hərəkətlər növünə aiddirlər”. Mülki iş üzrə birinci instansiya məhkəməsində mülki işin baxışı zamanı keçirilmiş Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya ETT Birliyinin xx.xx.2019-cu il tarixli, 151/MEŞ saylı məhkəmə-tibbi ekspertiza rəyində isə ekspertlər belə nəticəyə gəlmişlər ki, “Moskva şəhərində yerləşən müxtəlif tibb müəssisələrinin müayinə aktlarına əsasən (xx.xx.2016-cı il) X5 “Bel üçbucağının asimmetriyası, gövdənin qeyri-düzgün formada olması və onurğa sütununun deformasiyası hesabına qısalması; sol kürəyin sağa nisbətən 2,0 sm yuxarı səviyyədə yerləşməsi; başın orta xətdən sağa yerdəyişməsi; döş qəfəsinin asimmetriyası və sol tərəfli qabırğa donqarlığı; göbəyin orta xətdən 3,0 sm sağa yerini dəyişməsi; döş qəfəsinin hiperkifozu; bel lordozunun yüksəlməsi; onurğanın döş-bel şöbəsinin sol tərəfli skoliotik tipli deformasiyası; yuxarı və aşağı ətrafların oynaqlarında hərəkətlər məhdudluğu; pəncələrdə daxilə doğru varus tipli paralitik deformasiya” kimi patoloji dəyişikliklərin kliniki əlamətləri aşkar edilmiş və ona “X24, döş-bel skoliozu lll-İV dərəcə fonunda onurğanın paralitik deformasiyası, ayaq pəncəsinin deformasiyalaşdıran iflici” diaqnozu qoyulmuşdur. Belə ki, X4 düçar olduğu “Epilepsiya simptomatik forma, remissiya mərhələsində (2010-cu il). X24, ikitərəfli hemlplegiya” əsas xəstəliyinin ağırlaşması olan “X24 fonunda onurğa sütununun deformasiyalaşdıran iflici, döş-bel nahiyəsinin İİİ, İV dərəcəli skoliozu, ayaq pəncələrini deformasiyalaşdıran iflici” xəstəliyinin kiçik yaşlarından başlayaraq vaxtında və düzgün müalicə olunmaması hesabına proqressivləşməsi baş verə bilərdi. X6 adına tərtib olunmuş epikrizlərə əsasən təsdiq edilmiş diaqnoz skeletin və sinir sisteminin anadangəlmə ağır bətndaxili inkişaf qüsurudur. Heç bir fizioterapiya və ya müalicəvi idman hərəkətləri olan deformasiyaları artıra bilməz. Deformasiyaların artması yalnız illərə, xəstənin fiziki və psixi inkişafı ilə əlaqədardır. X6 düçar olduğu “X24, döş-bel skoliozu lll-İV dərəcə fonunda onurğanın paralitik deformasiyası, pəncənin deformasiya- laşdıran iflici” xəstəliyinin proqressivləşməsinin profilaktikası korreksiyaedici gimnastika, müalicəvi idman yolu ilə aparılır. Bu halda X6 onurğa sütununa hər hansı bir fiziki təsir olmadan, o cümlədən idman hərəkətləri edilmədən İV dərəcəli skolioz xəstəliyinin əmələ gəlməsi baş vermişdir”. Mülki işin materiallarından həmçinin görünür ki, İddiaçı “mütəxəssis Cavabdeh1 2016-cı ilin aprel-iyul aylarında müalicəvi idman hərəkətlərini düzgün tədbiq etməməsinin anadangəlmə X24ndən əziyyət çəkən 2002-ci il təvəllüdlü qızı Suel Fərzəliyevanın səhhətinin pisləşməsinə səbəb olması” barədə şikayəti Binəqədi RPİ-də araşdırılmış, nəticə etibarı ilə cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır. Sözügedən işə birinci instansiya məhkəməsində baxılarkən də məhkəmə-tibbi ekspertizaları keçirilmişdir; Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya ETT Birliyinin T 16/2017 saylı rəyində ekspertiza qarşısında qoyulan suallara cavab olaraq göstərilmişdir ki, “Azyaşlı S.M.Fərzəliyevanın adına 20 saylı şəhər poliklinikasında tərtib olunmuş uşağın inkişaf tarixi kitabçasına əsasən ona xx.xx.2002-ci ildə “peronatal hipoksik ensefalopatiya, vaxtından əvvəl doğulmuş uşaq” diaqnozu qoyulmuşdur. xx.xx.2003-cü ildə isə onda “periventrikulyar ensefalopatiya, ensefalomieolodisplaziya, USİ tetraparez forması, distonik forması, strabizion, endokrinopatiya?, psixomotor ləngiməsi” diaqnozu müəyyən edilmişdir. xx.xx.2005-ci ildə o, “mərkəzi sinir sisteminin orqanik, simptomatik epilepsiya gec-gec tutmalarla, psixofıziki və nitqi inkişafın geriləməsi” diaqnozu ilə mütəmadi olaraq Moskva şəhərində stasionar müalicədə olmuşdur. O, iki aylığından nevropatoloqun dispanser qeydiyyatında olmuş, xx.xx.2006-cı ildə həkim məsləhət komissiyasından keçirilmişdir. 2002-2005-ci ildəki dövrlərdə Moskva şəhərindəki uşaq nevroloji xəstəxanasında və Psixonevroloji əlillərin müalicə elmi-terapevtik mərkəzində müayinə və müalicədə olmuşdur. Azərbaycan Respublikasının Əmək və X19 Nazirliyinin xx.xx.1999-cu il tarixli müvafiq əmrinə əsasən əlillik müavinəti alması üçün o, “epilepsiya, embiriopatik, USİ, ikincili hemiplegiya, nitqin ləngiməsi” diaqnozu ilə həkim əmək ekspert komissiyasına göndərilmişdir. Qeyd olunan diaqnozla əlaqədar mütəmadi olaraq həm konservativ, həm də fizioterapevtik müalicələr almışdır. xx.xx.2017-ci ildə evdə cərrahın baxışı zamanı ikitərəfli İİİ-İV dərəcəli skolioz aşkar edilmişdir. Qeyd edilən xəstəliklər anadangəlmə olduğundan müalicəli idman hərəkətləri nəticəsində yarana bilməzdi. Qeyd edilən kobud patologiya nevrogen mənşəli olduğundan müvafiq sertifikatı olmayan şəxs tərəfindən müalicəvi idman hərəkətlərinin aparılması, o cümlədən məşğul olması yol verilməzdir”. Həmin araşdırma zamanı əldə edilmiş Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya ETT Birliyinin 308/KEŞ saylı rəyində ekspert komissiyası belə nəticəyə gəlmişlər: “Suel Fərzəliyevanın adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən, o, “X24; Hemiparez; Epilepsiya; Skalioz İV dərəcə” diaqnozu ilə 20 saylı uşaq poliklinikasında dispanser qeydiyyatdadır. Tərtib edilmiş 117 sdaylı “Uşağın inkişaf kitabçası”ndan görünür ki, Suel Fərzəliyevanın düçar olduğu “X24” xəstəliyi fonunda əvvəllər onda skalioz əlamətlərin olduğu xx.xx.2016-cı il tarixdə biruzə vermişdir, lakin xəstəliyin dərəcəsi müəyyənləşdirilməmişdir. Tibbi təcrübəyə əsasən, skaliozun meydana çıxması bir çox amillərdən asılıdır. Eyni zamanda orqanizmin inkişaf mərhələsində olmasını nəzərə alaraq “USİ” xəstəliyinin ağırlaşması (skaliozun) əmələ gəlməsi inkar olunmur. Suel Fərzəliyevanın düçar olduğu X24 ilə əlaqədar ona aparılmış bədən tərbiyəsi müalicəsinin müsbət effekti olmasa da, tədbiq olunan müalicənin xəstəliyin yaranmasına səbəb olması isisna edilir”. İddia tələblərindən göründüyü kimi iddiaçı, körpə vaxtlarından səhhətində müxtəlif problemlər olan və “epilepsiya, X24, ikitərəfli qemiplegiya” xəstəliyindən əziyyət çəkən qızı (övladı) xx.xx.2002-ci il təvəllüdlü Suel Fərzəliyevanın əvvəllər sağlam olan onurğa sütununun cavabdehlərin əməlləri (uşağın bədən tərbiyəsi ilə düzgün məşğul olmamaları) nəticəsində əyildiyini, onun İV dərəcə skalioz xəstəliyinə düçar olduğunu iddia edərək hazırkı iddia tələblərini irəli sürmüş, iddiasının hüquqi əsası kimi Mülki Məcəllənin 1096-cı maddəsinə istinad etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. İddiaçı iddia tələblərinin qanuni əsasını təşkil edən Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Mülki qanunvericiliyin qeyd edilən müddəasının mənasına görə, mülki hüquq pozuntusuna (deliktə) görə məsuliyyətin yaranması üçün üç əsas ünsürün məcmu halda mövcud olması lazımdır – zərərin mövcud olması; zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması; zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin mövcudluğu və zərər vuran şəxsin təqsirliliyi. Bu o deməkdir ki, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır. Bununla yanaşı qeyd olunmalıdır ki, iddia tələbi üzrə sübutetmə yükü bilavasitə iddiaçının üzərinə düşür və məhz o, iddia etdiyi kimi qızının əvvəllər sağlam olan onurğa sütununun cavabdehlərin əməlləri (uşağın bədən tərbiyəsi ilə düzgün məşğul olmamaları) nəticəsində əyildiyini və onun İV dərəcə skalioz xəstəliyinə düçar olduğunu sübuta yetirməlidir. Həmçinin nəzərə alınmalıdır ki, mülki prosessual qanunvericilikdə birbaşa göstərilməsə də, lakin nəzərdə tutulan dispozitivlik prinsipinə görə proses hakimin (məhkəmənin) deyil, yalnız tərəflərin iradəsi və fəallığından asılı olaraq həyata keçirilir. Bu mənada prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Belə ki, MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə özü sübutları toplamamalı, tərəflərə çəkişmə prosesində iştirak etmək və onlar tərəfindən sübutların təqdim edilməsi üçün şərait yaratmalı, tərəflər istinad etdikləri halları özləri sübut etməli, məhkəmə isə təqdim edilmiş faktlar (hallar) əsasında müəyyən hüquqi nəticəyə gəlməlidir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. “Qavazov Bolqarıstana qarşı” iş üzrə xx xxxx 2008-ci il tarixli qərarında isə həmin Məhkəmə qeyd etmişdir ki, “sübutları qiymətləndirərkən, bir qayda olaraq, “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir”. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı, hazırkı məhkəmə baxışının predmetini təşkil edən iddia tələblərini irəli sürməkdə haqlı olmamışdır. Çünkü o (iddiaçı), qızının əvvəllər sağlam olan onurğa sütununun cavabdehlərin əməlləri (uşağın bədən tərbiyəsi ilə düzgün məşğul olmamaları) nəticəsində əyildiyini və onun İV dərəcə skalioz xəstəliyinə düçar olduğunu təsdiq edən hər hansı mötəbər sübut təqdim etməmişdir; əksinə iş üzrə dəfələrlə ekspertiza təyin edilmiş və həmin ekspert rəylərində xəstə üzərində aparılan idman hərəkətlərinin passiv idman hərəkətləri növünə aid edildiyi, passiv idman hərəkətlərinin yalnız aşağı ətrafların və çanaq nahiyyəsinin əzələ tonusunun yaxşılaşdırılması istiqamətində aparıldığı, bu hərəkətlərin skoliozun proqressivləşməsinə və 4-cü dərəcəyə çatmasına səbəb olmasının mümkünsüz olduğu, həmçinin icra müddətindən asılı olmayaraq onurğa sütünunun yüklənməsinə mənfi təsir göstərmədiyi göstərilmiş, o cümlədən skoliozun meydana çıxmasının bir çox amillərdən asılı olduğu, orqanizmin inkişaf mərhələsində olmasından, passiv həyat tərzindən və “USİ” xəstəliyinin ağırlaşmasından əmələ gəlməsinin inkar olunmadığı xüsusi olaraq vurğulanmışdır. Həmin rəylərdə həmçinin qeyd edilmişdir ki, “X6 adına tərtib olunmuş epikrizlərə əsasən təsdiq edilmiş diaqnoz skeletin və sinir sisteminin anadangəlmə ağır bətndaxili inkişaf qüsurudur. Heç bir fizioterapiya və ya müalicəvi idman hərəkətləri olan deformasiyaları artıra bilməz. Deformasiyaların artması yalnız illərə, xəstənin fiziki və psixi inkişafı ilə əlaqədardır”. Digər tərəfdən, iddiaçı özünün iddia ərizəsində Cavabdeh1 xx xxxxx 2016-cı il tarixindən xx xxxx 2016-cı il tarixinədək qızı ilə müalicəvi bədən tərbiyəsi ilə məşğul olduğunu qeyd etmiş, bununla belə iş materialları ilə uşaqdakı skolioz əlamətlərinin hələ xx.xx.2016-cı il tarixdə özünü biruzə verdiyi müəyyən edilmişdir ki, işin qeyd edilən faktiki halı da xx.xx.2002-ci il təvəllüdlü Suel Fərzəliyevanın onurğa sütununun cavabdehlərin əməlləri (uşağın bədən tərbiyəsi ilə düzgün məşğul olmamaları) nəticəsində əyilməsini və nəticədə onun İV dərəcə skalioz xəstəliyinə düçar olmasını istisna edir. Bu qənaətə gələrkən məhkəmə kollegiyası həmçinin onu da nəzərə alır ki, İddiaçı “mütəxəssis Cavabdeh1 2016-cı ilin aprel-iyul aylarında müalicəvi idman hərəkətlərini düzgün tədbiq etməməsinin anadangəlmə X24ndən əziyyət çəkən 2002-ci il təvəllüdlü qızı Suel Fərzəliyevanın səhhətinin pisləşməsinə səbəb olması” barədə şikayəti Binəqədi RPİdə araşdırılaraq nəticə etibarı ilə cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmış, həmin araşdırma zamanı da məhkəmə-tibbi ekspertizaları keçirilmiş və həmin rəylərdə də ekspertlər bənzər nəticəyə gələrək, “xx.xx.2002-ci il təvəllüdlü Suel Fərzəliyevadakı xəstəliklərin anadangəlmə olduğundan müalicəli idman hərəkətləri nəticəsində yaranmasının mümkün olmadığını” və “...aparılan bədən tərbiyəsi müalicəsinin sözügedən xəstəliyin yaranmasına səbəb olmadığını” qeyd etmişlər. Apellyator apellyasiya şikayətində göstərmişdir ki, CD-də göstərilən idman hərəkətlərinin 2 ay və həftədə 3 dəfə 150 dəqiqə olmaqla bir ay və əlavə 5 gün ərzində yerinə yetirdikdə xx.xx.2002-ci il təvəllüdlü Suel Fərzəliyevanın onurğa sütununun əyilməsinə və nəticədə onun İV dərəcə skalioz xəstəliyinə düçar olmasına səbəb olubolmaması barədə ekspertiza qarşısında sual qoyulması vəsatətləri təmin olunmamışdır və bununla da iş tam, hərtərəfli araşdırılmamışdır. Kollegiya apellyatorun qeyd edilən dəlilləri ilə bağlı vurğulayır ki, Mülki iş üzrə birinci instansiya məhkəməsində mülki işin baxışı zamanı əldə edilmiş Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya ETT Birliyinin xx.xx.2018-ci il tarixli, 267/KEŞ saylı məhkəmə-tibbi ekspertiza rəyində göstərilmişdir ki, “Ekspertiza tədqiqatına təqdim edilmiş CD disk görüntülərinə əsasən, Suel Fərzəliyevanın düçar olduğu X24 xəstəliyi fonunda onun onurğa sütünunda skolioz əlamətlərinin olduğu müəyyən edilir. Tərtib edilmiş tibbi sənədlərdən göründüyü kimi, onda skolioz əlamətləri xx.xx.2016-cı il tarixdə də özünü biruzə vermişdir, lakin xəstəliyin dərəcəsi müəyyənləşdirilməmişdir. Tibbi təcrübəyə əsasən, skoliozun meydana çıxması bir çox amillərdən asılıdır. Eyni zamanda orqanizmin inkişaf mərhələsində olmasından, passiv həyat tərzindən, eləcə də “USİ” xəstəliyinin ağırlaşmasından skoliozun əmələ gəlməsi inkar olunmur. Qeyd olunanları nəzərə alaraq və CD disk görüntülərində qeyd olunan passiv idman hərəkətləri skoliozun proqressivləşməsinə və 4-cü dərəcəyə çatmasına səbəb ola bilməzdi. Ekspertiza tədqiqatına təqdim edilmiş CD disk görüntülərinə əsasən, passiv idman hərəkətləri yalnız aşağı ətrafların və çanaq nahiyyəsinin əzələ tonusunun yaxşılaşdırılması istiqamətində aparılmışdır.Bu hərəkətlər icra müddətindən asılı olmayaraq onurğa sütünunun yüklənməsinə mənfi təsiri olmamışdır. Ekspertiza tədqiqatına təqdim edilmiş CD disk görüntülərində qeyd olunan şəkillər və videolar passiv idman hərəkətlər növünə aiddirlər”. Beləliklə, CD disk görüntülərindəki hərəkətlərin icra müddətindən asılı olmayaraq onurğa sütünunun yüklənməsinə mənfi təsiri olmaması artıq araşdırılmış və qiymət verilmişdir.Odur ki, həmin idman hərəkətlərinin icra müddətinin 2 ay və həftədə 3 dəfə 150 dəqiqə olmaqla bir ay və əlavə 5 gün ərzində yerinə yetirdikdə xx.xx.2002-ci il təvəllüdlü Suel Fərzəliyevanın onurğa sütununun əyilməsinə və nəticədə onun İV dərəcə skalioz xəstəliyinə düçar olmasına səbəb olub-olmaması barədə ekspertiza qarşısında sual qoyulması vəsatətləri təmin olunmaması və bununla da iş tam, hərtərəfli araşdırılmaması dəlilləri əsassızdır. Həmçinin, bu səbəbdən apellyasiya baxışı zamanı iddiaçının vəkili və nümayəndəsinin verdiyi eyni məzmunlu vəsatət təmin olunmamışdır. Daha sonra Kollegiya, apellyasiya şikayətinin xx.xx.2002-ci il təvəllüdlü Suel Fərzəliyevanın xəstəlik sənədlərində və bununla da ekspertiza rəylərində tarixlərin saxtalaşdırılması dəlilləri ilə bağlı qeyd edir ki, iddiaçı iddia edir ki, CD-dəki idman hərəkətləri xx.xx.2002-ci il təvəllüdlü Suel Fərzəliyevanın onurğa sütununun əyilməsinə və nəticədə onun İV dərəcə skalioz xəstəliyinə düçar olmasına səbəb olmuşdur.X17 xəstəlik sənədlərində və bununla da ekspertiza rəylərində hətta tarixlərin texniki yanlış göstərilməsi belə iş üzrə gəlinən nəticəyə təsir etmir.Belə ki, iş üzrə dəfələrlə ekspertiza təyin edilmiş və həmin ekspert rəylərində xəstə üzərində aparılan idman hərəkətlərinin passiv idman hərəkətləri növünə aid edildiyi, passiv idman hərəkətlərinin yalnız aşağı ətrafların və çanaq nahiyyəsinin əzələ tonusunun yaxşılaşdırılması istiqamətində aparıldığı, bu hərəkətlərin skoliozun proqressivləşməsinə və 4-cü dərəcəyə çatmasına səbəb olmasının mümkünsüz olduğu, həmçinin icra müddətindən asılı olmayaraq onurğa sütünunun yüklənməsinə mənfi təsir göstərmədiyi göstərilmiş, o cümlədən skoliozun meydana çıxmasının bir çox amillərdən asılı olduğu, orqanizmin inkişaf mərhələsində olmasından, passiv həyat tərzindən və “USİ” xəstəliyinin ağırlaşmasından əmələ gəlməsinin inkar olunmadığı xüsusi olaraq vurğulanmışdır. Həmin rəylərdə həmçinin qeyd edilmişdir ki, “X6 adına tərtib olunmuş epikrizlərə əsasən təsdiq edilmiş diaqnoz skeletin və sinir sisteminin anadangəlmə ağır bətndaxili inkişaf qüsurudur. Heç bir fizioterapiya və ya müalicəvi idman hərəkətləri olan deformasiyaları artıra bilməz. Deformasiyaların artması yalnız illərə, xəstənin fiziki və psixi inkişafı ilə əlaqədardır”. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 qarşı “şikəstetmə və ya səhhəti sair şəkildə zədələməyə görə pulun ödənilməsi” tələbi barədə iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələbinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göründüyü, kimi birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyinəzərindən qanuni və əsaslıdır, apelyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla qətnamənin ləğvi üçün əsaslar yoxdur, maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq olunmuşdur. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qət etdi: Apelyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli 2(001)- 91/2019 nömrəli qətnaməsi İddiaçı münasibətdə dəyişdirilmədən saxlansın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Şərafət Məmmədova
Məhkəmə qərarları › İş №2(103)-3915/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3915/2020
30.07.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver