Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3917/2025 04.08.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə Açar sözlər: alimentin tutulması X1 (sədrlik edən və məruzəçi), Şirinov İkram Sabir oğlundan və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi X2, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin tutulması” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(006)-2124/2025 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. İddiaçı (bundan sonra “iddiaçı”) ilə Cavabdeh (bundan sonra “cavabdeh”) arasında xx.xx.2009-cu il tarixdə nikah bağlanmışdır. Tərəflərin birgə nikahından xx.xx.2011-ci il tarixdə X8 və xx.xx.2016-cı il tarixdə X7 doğulmuşdur. Şabran Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(031)-498/2022 saylı qətnaməsinə əsasən tərəflər arasında bağlanmış nikah pozulmuş, birgə nikahdan doğulmuş uşaqlar iddiaçının yanında saxlanılmışdır. Şabran Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(031)-611/2024 saylı qətnaməsinə əsasən xx.xx.2011-ci il təvəllüdlü X4 atası Cavabdeh yanında saxlanılmışdır. Şabran Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(031)-94/2025 saylı qətnaməsinə əsasən xx.xx.2024-cü il tarixdən başlayaraq xx.xx.2011-ci il tarixdə anadan olmuş X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün iddiaçıdan cavabdehin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,50 misli həddində sabit pul məbləğində aliment tutulmuşdur. Tərəflərin rəsmi əmək münasibətlərində olması müəyyən edilməmişdir.
Birinci instansiya məhkəməsindəki icraat
2. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh xx.xx.2011-ci il təvəllüdlü X4 və xx.xx.2016-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün sabit pul məbləğində hər bir uşağa hər ay 246 manat olmaqla, cəmi 492 manat alimentin onun xeyrinə tutulmasını xahiş etmişdir.
3. İddiaçı tələbini işin faktiki hallarına istinad edərək onunla əsaslandırmışdır ki, uşaq saxlamaq çox çətindir. Ona görə də qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun alimentin tutulmasını xahiş edir.
4. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(006)- 2124/2025 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, xx.xx.2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2025-ci il tarixdən başlayaraq Cavabdeh sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,61 misli həddində sabit pul məbləğində alimentin İddiaçı xeyrinə ödənilməsi, alimentin tutulması hissəsində qətnamənin dərhal icra edilməsi, Cavabdeh 49,52 manat məbləğində dövlət rüsumunun tutularaq dövlət büdcəsinə keçirilməsi qət olunmuşdur. (hakim X9)
5. Məhkəmə iddiaya münasibətdə qeyd etmişdir ki, uşaqlardan yalnız xx.xx.2016-cı il təvəllüdlü X7 iddiaçının himayəsində olsa da, iddiaçı tələbində hər iki uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün cavabdehdən aliment tələb etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi də xx.xx.2011-ci il təvəllüdlü İskəndərov Ənvərin atasının, xx.xx.2016-cı il təvəllüdlü İskəndərova Nigarın isə anasının himayəsində saxlanıldığını bildirmişdir. Belə olan halda məhkəmə iddiaçının yanında qalan xx.xx.2016cı il təvəllüdlü İskəndərova Nigarın saxlanılması üçün cavabdehdən alimentin tutulmasını, digər uşağa münasibətdə isə iddianın rədd edilməsini məqsədəmüvafiq hesab etmişdir.
6. Məhkəmə alimentin məbləğinə münasibətdə qeyd etmişdir ki, xx.xx.2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanması üçün Cavabdeh sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının (iddia ərizəsinin verildiyi 2025-ci il üçün minimum aylıq əmək haqqının məbləği 400 manat müəyyən edilmişdir) 0,61 misli həddində (400 x 0,61 = 246 manat) sabit pul məbləğində alimentin tutulması hər iki tərəfə münasibətdə ədalətli və ağlabatandır.
7. Məhkəmə, həmçinin, qeyd etmişdir ki, iddiaçı müvafiq iddia ərizəsi ilə xx.xx.2025ci il tarixdə məhkəməyə müraciət etmişdir. Ona görə alimentin tutulması həmin tarixdən hesablanmalıdır.
8. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci, 34cü, BMT-nin “Uşaq hüquqları haqqında” Konvensiyasının 3-cü, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75-ci, 78-ci, 100.2-ci, 110.2-ci, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü, 5-ci, Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 14.2-ci, 77.1-ci, 217.4-cü, 234.2.1-ci maddələrinə və “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” xx.xx.2024-cü il tarixli Qərarına istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
9. Həmin qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin alimentin məbləği ilə bağlı hissədə dəyişdirilərək, yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
10. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə prosesində iddiaçı Azərbaycan Respublikasının hüdudlarında olduğu üçün iştirak etməmişdir. Qətnamədə görsənir ki, iddiaçının əvəzinə onun vəkili iştirak etmişdir. Lakin elektron məhkəmə portalında işlə tanış olduqda vəkilin hər hansı orderi və ya etibarnaməsi görsənmir. Ümumiyyətlə, prosesdə vəkil iştirak etməmişdir. Vəkil Vüsalə xanım mediasiya prosesinə onlayn görüntü ilə qoşulmuşdur. Hətta Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakim köməkçisi də ona məhkəməyə vatsappla görüntülü qoşulmağını təklif etmişdir. Bu səbəbdən düşünür ki, vəkil Vüsalə xanım prosesdə iştirak etməyib nə də ki, yazılı sənəd təqdim etməyibdir. Məhkəmənin gəldiyi nəticə ilə razı deyil. Hesab edir ki, məhkəmə ona qarşı qərəzli olmuşdur. İddiaçı iddia tələbinin əsasını təşkil edən hər hansı sübutu təqdim etməmiş, məhkəmə də müəyyən edilmiş faktlar üzrə səhv nəticəyə gəlmiş, düzgün araşdırma aparmamışdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
12. Məhkəmə iclasında Cavabdeh apellyasiya şikayətini müdafiə edərək, şikayətin məzmununa uyğun izahat vermiş və əlavə olaraq qeyd etmişdir ki, ondan tutulan aliment məbləğ etibarı ilə onun himayəsində qalmış uşaq üçün ödənilən alimentin məbləğindən artıqdır. Halbuki, tutulduğu təqdirdə eyni məbləğdə olmalıdır. Göstərilənlərin nəzərə alınmasını və apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.
13. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, hər hansı üzürlü səbəb göstərmədən İddiaçı məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə uyğun olaraq məhkəmə kollegiyası apellyasiya şikayətinə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
14. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar; 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşağın saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur; 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, yaxud qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşağın saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər; 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir; 100.2-ci maddəsinə görə aliment məhkəməyə müraciət edilən vaxtdan tutulur.
15. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun: 4-cü maddəsinə əsasən Azərbaycan Respııblikasında uşaq hüquqlarının müdafıəsini müvaliq icra hakimiyyəti, məhkəmə və prokurorluq orqanları, bələdiyyələr, habelə ictimai birliklər, həmkarlar ittifaqı təşkilatları təmin etməlidirlər. Bu orqanlar, birliklər və təşkilatlar fəaliyyətlərində uşaq hüquqlarının üstün mühafizəsi prinsipini əsas tutmalıdırlar; 13-cü maddəsinə əsasən hər bir uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır; 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi təlabatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafızəsi valideynlərin əsas vəzifələridir.
16. Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununa əsasən 2025-ci il üçün yaşayış minimumu uşaqlar üçün 246 manat məbləğində müəyyən edilmişdir.
17. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda - bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir; 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır; 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
18. Məhkəmə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76-cı, 78-ci və 112-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2016-cı il tarixli qərarına istinadən qeyd etməyi zəruri hesab edir ki, ailə qanunvericiliyində məhkəmə qaydasında alimentin tutulmasının 2 qaydası: birincisi aliment ödəyənin aylıq qazancının (gəlirinin) müəyyən hissəsi miqdarında, ikincisi - sabit pul məbləğində tutulması müəyyən edilmişdir. Bundan əlavə ailə qanunvericiliyində valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin sabit məbləğdə tutulmasının bir neçə əsasını müəyyən etmişdir, yəni birincisi aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ikincisi - aliment verməyə borclu olan valideyn qazancının (gəlirinin) hamısını və ya bir hissəsini natura və ya xarici valyuta ilə alırsa, üçüncüsü - aliment verməyə borclu olan valideynin qazancı və ya sair gəliri yoxdursa və dördüncüsü - alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda. Bu əsaslardan hər hansı biri mövcud olduqda alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Məhkəmə, alimenti qazancın (gəlirin) müəyyən hissəsi kimi deyil, sabit pul məbləğində tutarsa bunu qətnamədə əsaslandırmalıdır. Qanunvericinin yuxarıda göstərilən maddədə müəyyən etdiyi əsas şərtlərdən biri də ondan ibarətdir ki, alimentin sabit məbləğində tutulması yalnız uşaqların saxlanılması üçün aliment tutulması ilə bağlı məhkəməyə müraciət edən şəxsin tələbi əsasında mümkündür. Yəni qanunverici məhkəməyə alimentin sabit pul məbləğində tutulmasını öz təşəbbüsü əsasında, yaxud cavabdehin vəsatəti əsasında həll etmək hüququnu verməmişdir. Həmçinin qeyd edilmişdir ki, alimentin miqdarı müəyyən olunarkən məhkəmənin üzərinə bir sıra məsələlərin, yəni tərəflərin maddi və ailə vəziyyətinin, diqqətəlayiq digər halların, uşağın əvvəlki təminatının səviyyəsinin araşdırılması vəzifəsini qoymuşdur. Məhkəmə tərəfindən tərəflərin maddi vəziyyətinin araşdırılması zamanı, onların gəlirləri (məsələn, vergi ödəyicisi kimi ödənilən verginin məbləği və s.), digər qazanc mənbəyi, təhsili, hansı peşəyə sahib olması, əvvəlki iş yeri, yaşayış səviyyəsi (hansı şəraitdə yaşaması və s.), əmlak vəziyyəti (daşınar və daşınmaz əmlaklarının olub-olmaması), özünün saxlanılması üçün minimum tələbatını ödəyə bilməsi və s. qanunvericiliyə müvafiq olaraq müəyyən edilməlidir. Ailə vəziyyətinin araşdırılması zamanı məhkəmə, tərəflərin yenidən ailə qurubqurmaması, yeni ailədə uşaqların olub-olmaması, başqa aliment ödəmələrinin olubolmaması, tutulacaq alimentin miqdarının digər uşaqların təminatının əsaslı dərəcədə aşağı düşməsinə səbəb ola biləcəyinə və s. məsələlərə diqqət yetirməlidir. Diqqətəlayiq digər halların araşdırılması zamanı məhkəmə, tərəflərin əmək qabiliyyətini və sağlamlıq vəziyyətini, öhdəsində digər şəxslərin (əmək qabiliyyəti olmayan valideynlər və s.) olubolmamasını və s. məsələləri nəzərə almalıdır.
19. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli qərarının: 8.2-ci bəndinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir; 8.3-cü bəndinə əsasən məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Bu zaman məhkəmələr uşağın valideynlərinin birgə yaşadıqları dövrdə ailənin maddi vəziyyəti və yaxud ayrı yaşadıqları dövrdə uşağın saxlanmasına valideynlərdən biri tərəfindən könüllü qaydada vəsait ödənilməsini və uşağın bu ödəmənin dayandırıldığı vaxtadək olan dövrdəki təminat səviyyəsini nəzərə almalıdırlar. Əlavə haqq ödənilməklə uşağın məktəbəqədər tərbiyə müəssisəsinə, musiqi, rəsm, idman, rəqs və digər dərnəklərə gedibgetməməsi də nəzərə alınmalıdır; 8.4-1-ci bəndinə əsasən Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini “xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün B-dən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun” məzmununda ifadə etməlidir).
Apellyasiya baxışının hədləri
20. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
21. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
22. Hazırkı apellyasiya şikayətində hüquqi nəticə etibarı ilə qətnamənin alimentin məbləği ilə bağlı hissədə dəyişdirilməsi xahiş edildiyindən, qətnamə yalnız həmin hissədə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
23. Məhkəmə kollegiyası cavabdehin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə nəzərdən keçirib, hesab edir ki, birinci instansiya məhkəməsi qətnamənin mübahisələndirilən hissəsində işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, həmin hissədə qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmışdır. Bu səbəbdən birinci instansiyası məhkəməsinin qətnaməsinin alimentin məbləği ilə bağlı hissədə dəyişdirilməsinə hər hansı əsas yoxdur.
24. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və işin hallarına istinadən qeyd edir ki, tərəflər arasında xx.xx.2009-cu il tarixdə bağlanmış nikah məhkəmə qaydasında pozulan zaman tərəflərin birgə nikahından doğulmuş hər iki uşaq, yəni xx.xx.2011-ci il təvəllüdlü X8 və xx.xx.2016-cı il təvəllüdlü X7 iddiaçının yanında saxlanılmışdır. Sonradan xx.xx.2011-ci il təvəllüdlü X8 məhkəmə qətnaməsi ilə cavabdehin himayəsinə verilmiş və hazırda da onunla yaşayır. Eyni zamanda, məhkəmə qaydasında X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün iddiaçıdan cavabdehin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,50 misli həddində sabit pul məbləğində aliment tutulmuşdur. Birgə nikahdan doğulmuş xx.xx.2016-cu il təvəllüdlü X7 isə hazırda iddiaçının himayəsindədir. Tərəflərin arasında alimentin ödənilməsi barədə saziş yoxdur.
25. Məhkəmə kollegiyası bu sahəni tənzimləyən qanunvericiliyin yuxarıda göstərilən və digər aidiyyəti müdəalarına istinadən qeyd etməyi zəruri hesab edir ki, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən, tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar, habelə uşağın minimum dolanacaq xərcindən az olmayan maddi təminat almaq hüququnun təminatı və valideynləri ilə birlikdə yaşadığı vaxtdakı təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir.
26. İddiaçı hazırda onun himayəsində olan xx.xx.2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən onun xeyrinə sabit pul məbləğində alimentin tutulmasını tələb edir. Cavabdeh ümumilikdə aliment ödənilməsinə etiraz etmir, sadəcə olaraq aliment məbləğinin onun himayəsində qalmış uşaq üçün ödənilmiş aliment məbləği ilə eyni məbləğdə müəyyən edilməsini tələb edir.
27. Məhkəmə kollegiyası vurğulayır ki, tərəflərin birgə nikahından doğulmuş uşaqların Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Hazırda iddiaçı 2025-ci il üzrə uşaqlar üçün müəyyənləşdirilmiş yaşayış minimumu həddinə sabit pul məbləğində pulun tutulmasını tələb edir. 246 manat məbləğ etibarı ilə maksimum deyil, 2025-ci il üzrə 1 uşaq üçün müəyyən edilmiş yaşayış minimumudur. Bu məbləğin hər hansı miqdarda azaldılması uşağı, həmin hüququnun tələb edilən səviyyədə reallaşmasından uzaqlaşdırır.
28. Digər tərəfdən Şabran Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(031)- 94/2025 saylı qətnaməsinə əsasən cavabdehlə yaşayan xx.xx.2011-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün iddiaçıdan cavabdehin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,50 misli həddində sabit pul məbləğində alimentin tutulması, iddiaçı ilə yaşayan xx.xx.2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən də iddiaçının xeyrinə əmək haqqının eyni misli həddində sabit pul məbləğinin tutulmasını şərtləndirmir. Hər bir halda, cavabdeh də onun himayəsində uşağın saxlanılması üçün alimentin artırılması ilə bağlı iddiaçıya qarşı məhkəməyə müraciət edə bilər.
29. Məhkəmə kollegiyası xüsusilə o halı da qeyd edir ki, iddiaçıdan fərqli olaraq xx.xx.2016-cı il təvəllüdlü X5 münasibətdə cavabdehin bu məsələdə öhdəliyi yalnız hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,61 misli həddi ilə məhdudlaşdırılır (bundan əlavə hər hansı məbləğin verilməsi cavabdehin iradəsinə bağlıdır, lakin cavabdeh hazırda tutulan məbləğin özünün azaldılmasını tələb edir). Bu baxımdan birgə nikahdan doğulmuş və onun himayəsində olan uşaqla bağlı bu məbləğdən artıq yaranmış bütün xərcləri məhz iddiaçı qarşılamaq məcburiyyətindədir. Artıq məbləğin yaranması da istisna deyil. Belə ki, məsələn, uşağın istifadəsində olan geyim və digər əşyaların sıradan çıxması və istifadə üçün yararsız hala düşməsi, onların yenisi ilə əvəz edilməsini şərtləndirir. Bu itkilərin maddi baxımdan qarşılanması da bilavasitə iddiaçının üzərinə düşəcəkdir. Uşağın qidalanmasından, habelə digər məsələlərdən irəli gələn xərclərlə bağlı da iddiaçının eyni çətinliklərlə üzləşməsi istisna deyil. Başqa sözlə, hamıya məlum olan və hamılıqla qəbul olunan bir haldır ki, reallıqda uşaqla bağlı tez-tez “Planlaşdırılmamış xərclər” yaranır və onlar məhz iddiaçı tərəfindən qarşılanacaqdır. Hər bir halda, müəyyən edilmiş aliment məbləği 2025-ci il üzrə müəyyən edilmiş yaşayış minimumu məbləğdir. Bu məbləğ hesabına da uşağın hər hansı deyil, məhz minimum dolanacaq xərcindən az olmayan maddi təminat almaq hüququ təmin edilmiş olur.
30. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsində icraat zamanı iddiaçı tərəfin məhkəmədə iştirak etməməsi və heç bir tələbinin olmaması ilə bağlı apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, hazırki icraat zamanı birinci instansiya məhkəməsində keçirilmiş iclasların audio-video yazısına baxış keçirilmiş və iddiaçının nümayəndəsi və vəkilinin həqiqətən də məhkəmə iclasında iştirak etdiyi müəyyən edilmişdir. Həmin şəxsin bu səlahiyyətlərə malik olmasını təsdiq edən müvafiq etibarnamə və vəkil orderi də iş materiallarına əlavə edilmişdir.
31. Beləliklə, məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq, belə qənaətə gəlir ki, cavabdehin apellyasiya şikayətində irəli sürdükləri yalnız formal mülahizələrdir. Faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnamə isə yalnız formal mülahizələrə görə dəyişdirilə bilməz. Bu səbəbdən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehin apellyasiya şikayəti üzrə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdlr. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir.
32. Hazırkı iş üzrə qətnamənin mübahisələndirilən hissəsində (hətta tam hissəsində) iddianın qiyməti məbləğ etibarı ilə (246 – 235 = 11 x 12 = 132 manat) beş min manatdan az olduğundan, qətnamədən kassasiya şikayəti verilə bilməz.
33. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci, 382-ci, 384-cü, 392-ci, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(006)-2124/2025 saylı qətnaməsi Cavabdeh apellyasiya şikayəti üzrə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu Cavabdeh aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir.