Məhkəmə qərarları › İş №2(103)-3921/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3921/2021

22.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3921/2021 22.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Məmmədovanın sədrliyi və məruzəsi ilə, Emin Əlixan oğlu Mehdiyev və Xəyal Əjdər oğlu Sarıyevdən ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, İddiaçı iştirakları ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-5343/2020 saylı, 23.11.2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Nəsimi rayon Məhkəməsinə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən İddiaçı xeyrinə 6600 (altı min altı yüz) manat məbləğində sığorta pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Sovetlər Birliyi zamanı yəni 1986-cı ildə X2 Stansiyasında baş vermiş məlum qəzanın aradan qaldırılmasında Qaradağ rayon Hərbi Komissarlığı tərəfindən həqiqi hərbi xidmətini başa vurduqdan sonra hərbi toplantı qaydasında əlavə hərbi xidmətə çağırılmışdı və 06.05.1987-ci ildən 16.07.1987-ci il tarixlərdə qəza işlərində elektrik qaynaqçısı vəzifəsində çalışmışdır. Ordu sıralarından tərxis olunduqda bir müddət sonra həmin qəzanın fəsadlarında əmək qabiliyyətini itirmiş və buna görə də ona 03.10.1997-ci il tarixdən müvafiq hərbi həkim ekspert komissiyasının rəyi ilə İİ qrup Çernobil əlili dərəcəsi və vəsiqəsi verilmişdi. Hal-hazırda təqaüdçü hesab olunur və əmək qabiliyyətsizdir.O zaman bütün hərbi qulluqçulara şamil olunan və halhazırda da qüvvədə olan “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası təminatı barədə” Azərbaycan Respublikasının Dövlət Sığortası Şirkətinə rəsmi müraciətinə baxmayaraq, adıgedən cavabdeh icra orqanı ona könüllü olaraq aid olan icbari şəxsi sığorta haqqını indiyə kimi ödəməmişdi və ödəmək niyyəti də yoxdur. Belə ki, həmin Dövlət Sığorta Kommersiya Şirkəti onun ərizəsinə imtina cavabı vermişdir.Bu da onun qanunvericilikdə nəzərdə tutulan hüquqlarına toxunur. Bunun üçün də o Nəsimi Rayon Məhkəməsinə müraciət etmək qərarına gəlmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-5343/2020 saylı, 23.11.2020-ci il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməməsi qət olunmuşdur. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-5343/2020 saylı, 23.11.2020-ci il tarixli qətnaməsini ləğv edib, iddianın təmin olunması barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı apellyasiya şikayətini iddia ərizəsi ilə eyni məzmunda əsaslandırmışdır. Apellyasiya baxışı zamanı iddiaçı apellyasiya şikayətini müdafiə etdiyini bildirərək şikayətin təmin olunmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir.Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kolegiyası iddiaçını dinləyərək, İş üzrə materialları, apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi maddi hüquq normalarının tətbiq olunması baxımından ləğv olunmalı, iddia rədd olunmalıdır. Belə ki, iş materiallarından görünür ki, Azərbaycan Respublikası Dövlət Sığorta Şirkətinin 27 fevral 2020-ci il tarixli 07-07-100 nömrəli məktubu ilə iddiaçıya bildirilmişdir ki, Sizin əlilliyiniz ilə əlaqədar hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası üzrə sığorta ödənişinin verilməsi barədə Şirkətə göndərdiyiniz sənədlərə baxıldı. Bildiririk ki, “Hərbi qulluqçuların icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının 20 may 1997-ci il tarixli Qanununda Çernobıl hadisələri ilə əlaqədar sığorta ödənişinin verilməsi nəzərdə tutulmamışdır. Buna görə də Sizə Qanunda nəzərdə tutulmuş sığorta ödənişinin verilməsi qeyri-mümkündür. İş materiallarında Azərbaycan Respublikası Əmək və Əhalınin Sosial Müdafiəsi Nazirliyinin 01 saylı Zona Tibbi Sosial Ekspert Komissiyasının 760468 saylı arayışından görünür ki, İddiaçı ikinci qrup əlildir.Əlilliyin səbəbi: ÇAES-də hərbi vəzifələrinin icrası zamanı almışdır. “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununa görə: M a d d ə 2 . Bu Qanunun məqsədləri üçün hərbi qulluqçulara (sığorta olunanlara) Azərbaycan Respublikası Silahlı Qüvvələrinin, dövlət təhlükəsizliyi, xarici kəşfiyyat orqanlarının şəxsi heyəti, habelə hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) hərbi xidmətdə olan şəxslər və toplanışlarda olan hərbi vəzifəlilər aid edilirlər. M a d d ə 3 . Hərbi qulluqçuların sığortaçısı dövlət sığorta orqanıdır. Sığortaçı müvafiq riskləri sığorta etdirmək üçün müraciət edən və sığorta marağı olan bu Qanunun 6-cı maddəsinin birinci hissəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanları ilə icbari sığorta müqaviləsi bağlamaqdan imtina edə bilməz. Maddə 6 . Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası müvafiq icra hakimiyyəti orqanları (sığortalılar) üçün bu məqsədlə hər il dövlət büdcəsində nəzərdə tutulmuş vəsait hesabına aparılır. Sığortalılar hərbi qulluqçuların dövlət icbari şəxsi sığortasını təmin etmək üçün onlara bu məqsədlə dövlət büdcəsindən ayrılan vəsaitdən tələb olunan sığorta haqlarının məbləğini hər il rüblər üzrə sığortaçıya ödəyirlər. Sığortaçı hər bir müvafiq icra hakimiyyəti orqanlarına əvvəlki rübün icrasına dair hesabat təqdim edir. Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası üzrə işlərin aparılması xərclərinə ayırmalar müvafiq sığorta haqlarının 10 faizi miqdarında müəyyən edilir. Sığortaçı, yaxud onun ərazi bölmələri bu Qanunda nəzərdə tutulmuş şərtlərə və məbləğdə sığorta olunana və ya onun vərəsələrinə sığorta ödənişini müvafiq sənədləri aldığı gündən 7 gün ərzində verir. Sığorta ödənişi verilmiş sığorta hadisəsi ilə bağlı yeni sığorta hadisəsi baş verdikdə əvvəl ödənilmiş məbləğ nəzərə alınır. Sığortaçı sığorta ödənişini bu maddənin beşinci hissəsi ilə müəyyən edilmiş müddətdə ödəmədikdə, hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulu ödəyir. Kollegiya hesab edir ki, iddiaçı toplanışlarda olan hərbi vəzifəlilərə aid edilsə də, onun dövlət icbari şəxsi sığortası müvafiq icra hakimiyyəti orqanları (sığortalılar) üçün bu məqsədlə hər il dövlət büdcəsində nəzərdə tutulmuş vəsait hesabına aparılmamışdır. Belə ki, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanunu 20 may 1997-ci il tarixdə qüvvəyə minmiş, iddiaçı isə Sovetlər Birliyi zamanı, yəni 1986-cı ildə X2 Stansiyasında baş vermiş qəzanın aradan qaldırılmasında iştirak etmək üçün Qaradağ rayon Hərbi Komissarlığı tərəfindən həqiqi hərbi xidmətini başa vurduqdan sonra hərbi toplantı qaydasında əlavə hərbi xidmətə çağırılmışdır. Odur ki, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanunu iddiaçıya şamil olunmadığından, iddia təmin edilə bilməz. Beləliklə, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə görə apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qət etdi: Apelyasiya şikayəti qismən təmin olunsun. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-5343/2020 saylı, 23.11.2020-ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi rədd edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Şərafət Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar