Məhkəmə qərarları › İş №2(103)-3927/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3927/2020

21.05.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3927/2020 21.05.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), X1 və X2 ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs “xxxx” AçıqSəhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı Xammal və X5 Mərkəzi Cavabdehnə qarşı “hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsi”tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Xammal və X5 Mərkəzi Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə ünvanında yerləşən 15 saylı evin 56 saylı mənzilinin açıq hərracdan satılması barədə xx xxxxxx 2019-cu il tarixli “hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilə”nin etibarsız sayılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, Abşeron Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə ondan “xxxx” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə cəmi 55 264,99 (əlli beş min iki yüz altmış dörd dollar doxsan doqquz sent) ABŞ dolları məbləğində kredit borcunun və 25 manatın tutulması, ona məxsus Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə ünvanında yerləşən 15 saylı evin 56 saylı mənzilinə tutma yönəldilməsi, ipoteka predmetinin 80 000 (səksən min) manat ilkin satış qiyməti ilə açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin hesabına “xxxx” Açıq Səhmdar Cəmiyyətinə olan borcunun ödənilməsi, ipoteka predmetinin açıq hərracda satışından əldə olunmuş vəsait hesabına borcu tam ödənildikdən sonra vəsaitin qalan hissəsinin ona qaytarılması qət olunmuş, həmin qətnamədən verilən apellyasiya şikayətləri Sumqayıt Apelyasiya Məhkəməsinin xx xxxx 2018-ci il tarixli qətnaməsi ilə təmin edilməmiş, qətnamə icraya yönəldilmiş, icra zamanı ona məxsus mənzil hərraca çıxarılmış, xx.xx.2019-cu il tarixdə 51 000 manat müqabilində 40/02 saylı hərracın yekunları barədə protokol və müqabilə əsasında tələbkar “xxxx” Açıq Səhmdar Cəmiyyətinin özünə satılmışdır. Lakin həmin tarixdə keçirilmiş hərracla bağlı xəbərdar edilməmişdir, bilərəkdən iştirakı təmin olunmamış, evin qiyməti həddindən artıq aşağı salınaraq tələbkarın özünə satılmışdır. Halbuki, həmin ərazidə yerləşən ev alqı-satqı ofislərinə bu evin satış qiymətini yaxınlaşıb soruşsalar hərracda tələbkara satılan qiymətdən kifayət qədər yeksək məbləğ təklif edəcəklər. Bu səbəblə 80 000-90 000 manat dəyəri olan əmlakın 51 000 manata tələbkara satılması tam absurddur, hüquqdan sui-istifadədir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməməsi qət olunmuşdur. Qətnamədən apellyasiya şikayəti verən iddiaçı onun ləğv, iddianın isə təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini iddia ərizəsinin yuxarıda göstərilən məzmununa uyğun əsaslandırmaqla məhkəmənin maddi və prosessual hüquq normalarının tələblərini pozduğu, işin faktiki hallarını araşdırmadığı və sübutlara düzgün hüquqi qiymət vermədiyini irəli sürmüşdür. İşə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçı (nümayəndəsi), habelə cavabdeh “xxxx” MMC-nin nümayəndəsi məhkəməyə gəlməmiş, məhkəmə iclasında iştirak edən “xxxx” AçıqSəhmdar Cəmiyyətinin nümayəndəsi isə apellyasiya şikayətinin əsassız olduğunu bildirməklə birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. İşin halları və şikayətə toplanmış materiallar əsasında baxılmasının mümkünlüyü də nəzərə alınmaqla işə, gəlməyən tərəflərin (nümayəndələrinin) iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq kollegiya hesab edir ki, şikayət təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iddiaçı, əmlakının real qiymətindən daha aşağı qiymətlə satıldığını və hərracın qanun pozuntusu ilə keçirildiyini iddia edərək hazırkı apellyasiya baxışının predmeti olan iddia tələbini irəli sürmüş, iddiasının faktiki əsası kimi həm də, hərracın ona məlumat verilmədən keçirildiyinə istinad etmişdir. İşin müəyyən olunmuş hallarına görə, Abşeron Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə cəmi 55 264,99 (əlli beş min iki yüz altmış dörd dollar doxsan doqquz sent) ABŞ dolları məbləğində kredit borcunun və 25 manatın İddiaçı tutularaq “xxxx” Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, tutmanın borcun təminatı olan Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə ünvanında yerləşən 15 saylı evin 56 saylı mənzilinə yönəldilməsi, həmin mənzilin açıq hərracda satılması, satışdan əldə ediləcək pul vəsaiti hesabına borcun ödənilməsi, ipoteka predmetinin açıq hərracda satışından əldə olunmuş vəsait hesabına borc tam ödənildikdən sonra vəsaitin qalan hissəsinin iddiaçıya qaytarılması, mənzilin ilkin satış qiymətinin 80 000 (səksən min) manat müəyyənləşdirilməsi qət olunmuş, həmin qətnamədən verilən apellyasiya şikayətləri Sumqayıt Apelyasiya Məhkəməsinin xx xxxx 2018-ci il tarixli qətnaməsi ilə təmin edilməmiş, qətnamə icraya yönəldilmişdir. İş materiallarından görünür ki, “xxxx” MMC tərəfindən Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə ünvanında yerləşən 15 saylı evin 56 saylı mənzili 80 000 manat ilkin satış qiyməti ilə xx.xx.2019-cu il tarixdə hərraca çıxarılmış, ilkin hərrac baş tutmadığından, “İpoteka haqqında” Qanunun 43.5-cü maddəsinə əsasən ilkin satış qiyməti 15% endirilərək 68 000 manat olmaqla xx.xx.2019-cu il tarixdə təkrar hərrac keçirilmiş, təkrar hərrac da baş tutmadığından, həmin mənzil xx.xx.2019-cu il tarixdə “xxxx” ASC tərəfindən “İpoteka haqqında” Qanunun 43.7-ci maddəsinə əsasən təkrar hərracdakı qiyməti 25% endirilməklə 51 000 manata alınmış, bu barədə xx.xx.2019-cu il tarixdə 40/02 №-li “Hərracın nəticələri haqqında yekun protokol” tərtib olunaraq elə həmin tarixdə əmlakın alqı-satqısı barədə müqavilə bağlanmışdır. İşin müəyyən edilən halı həmçinin ondan ibarətdir ki, Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə ünvanında yerləşən 15 saylı evin 56 saylı mənzili xx.xx.2019-cu il tarixdə “xxxx” ASC-nin adına qeydiyyatdan keçmiş və hal-hazırda onun mülkiyyətindədir. Göründüyü kimi, iddiaçıya məxsus olmuş əmlak bilavasitə məhkəmə qətnaməsi əsasında müəyyənləşdirilmiş ilkin satış qiyməti ilə açıq hərraca çıxarılmışdır və bu səbəblə də kollegiya, əmlakın hərraca çıxarıldığı qiymətlə bağlı araşdırma aparılmasına ümumiyyətlə zərurət olmadığını vurğulayır. Keçirilmiş hərracın və bunun nəticəsində mənzilinin banka satılmasının qanunsuzluğu ilə əlaqədar iddiaçının irəli sürdüyü arqumentlərlə bağlı isə kollegiya aşağıdakıları qeyd edir: İş materiallarından göründüyü və birinci instansiya məhkəməsinin də müəyyən etdiyi kimi, “xxxx” MMC,Abşeron rayon icra və probasiya şöbəsinin sifarişi əsasında Abşeron Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli icra vərəqəsinin icrası istiqamətində hərrac proseduruna başlamış və ilkin satış qiyməti 80 000 manat müəyyənləşdirilmiş mənzil 51 000 manata tələbkara (“xxxx” ASC-nə) satılmışdır. İş materiallarından görünür ki, “xxxx” MMC tərəfindən əmlakın ilkin satış qiyməti və hərracın keçirilmə vaxtı və yeri göstərilməklə İddiaçı qeydiyyatda olduğu ünvanına göndərilmiş bildirişlər poçt qəbzlərinə Lalə Babayeva tərəfindən imza edilməklə qəbul edilmiş, hərrac barədə tələbkar tərəfindən də iddiaçıya bildirişlər göndərilmiş, “Birja Yenilikləri” qəzetinin müxtəlif tarixli buraxılışlarında mənzilin ilkin satış qiyməti 80 000 manat olmaqla xx.xx.2019-cu il tarixdə hərraca çıxarılacağı barədə hərracın keçiriləcəyi yer göstərilməklə məlumat dərc edilmiş, həmin tarixə təyin edilmiş ilkin hərrac baş tutmadığından, xx.xx.2019-cu il tarixdə satış qiyməti 68 000 manat olmaqla təkrar hərraca çıxarılacağı barədə elan yerləşdirilmiş, daha sonra təkrar hərracın baş tutmadığı barədə məlumat verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 415.2-ci maddəsinə görə, qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci 30 gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericilikdə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Həmin Məcəllənin 319.5-ci maddəsinə əsasən, əgər birinci hərracın keçirilməsi zamanı əşyanın ilkin satış qiymətinin yetmiş faizinə çatan təklif olmazsa, hərrac yenidən keçirilməlidir. Təkrar hərrac, təkrarən keçirilməsinə istinad edilərək, birinci hərracın formasında elan edilməli və həmin qaydada keçirilməlidir. Təkrar hərrac zamanı ipoteka predmetinin ən aşağı satış qiyməti heç olmasa hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olmalıdır. Bu baş verməzsə, hərrac keçirilmir. Hərrac üzrə xərclər mülkiyyətçinin üzərinə qoyulur. “İpoteka haqqında” Qanunun 43.3-cü, 43.4-cü, 43.5-ci, 43.6-cı və 43.7-ci maddələrinə görə isə, hərracın baş tutmaması barədə elanın dərc edildiyi gündən sonra 10 təqvim günü müddətində ipoteka saxlayan ipoteka qoyanla müqavilə əsasında ipoteka predmetini ilkin satış qiymətilə ala bilər. İpoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda, birinci hərracın keçirildiyi gündən bir 45 təqvim günündən gec olmayaraq, təkrar hərrac keçirilir. Təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərrac təşkilatçısı ipoteka predmetini ilkin satış qiymətilə, bu Qanunun 43.1.2-ci maddəsində nəzərdə tutulmuş səbəbə görə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxarır. Təkrar hərracda bir iştirakçı olduqda hərrac baş tutmuş hesab olunur və bu halda həmin şəxs hərracın qalibi olur. Bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə, ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər. Göstərilənlərə əsasən kollegiya birinci instansiya məhkəməsinin gəldiyi qənaətlə razılaşaraq hesab edir ki, mənzilinin satılması ilə bağlı keçirilmiş hərracın vaxtı, yeri, forması, keçirilmə qaydası, əmlakın satış qiyməti barədə ona yazılı bildirişlərin göndərilməməsi, hərracın ondan gizlin keçirilməsi barədə iddiaçının arqumentləri öz təsdiqini tapmamışdır. Kollegiya, “F. Cavadov və V. Aslanovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxxxxxx 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli Qərarındakı hüquqi mövqeyi də nəzərə alaraq qeyd edir ki, həmin qərarında Konstitusiya Məhkəməsi MM-in 415.2-ci maddəsində nəzərdə tutulmuş bildirişin ümumiyyətlə hüquqi təbiətinə görə birtərəfli əqd kimi qeyriməhdud şəxslər dairəsinə ünvanlanan təklif (oferta) hesab edildiyini və bu maddənin hərracın keçirilməsini bildirişin yazılı surətdə bilavasitə borcluya, yaxud da tələbkara göndərilməsindən və onların məcburi iştirakından asılı edərək qadağa qoymadığını, yalnız “İpoteka haqqında” Qanununun hərracın keçirilməsi qaydasını tənzimləyən 42-ci maddəsində elan və bildiriş anlayışlarının fərqləndirildiyini, elanın kütləvi informasiya vasitələrində dərc etdirilməsi, bildirişin isə ipoteka saxlayana və ipoteka qoyana verilməsi, o cümlədən hərracda ipoteka saxlayanın və ipoteka qoyanın alıcı qismində iştirak etmək hüququna malik olmaları, elan və bildirişdə göstərilməsi zəruri olan məlumatların dairəsinin nəzərdə tutulduğunu vurğulamışdır. Mülki Məcəllənin 416-cı maddəsinə görə, bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, əmlakın açıq hərracdan satılması ilə bağlı qanunvericilik müddəalarının pozuntusu müəyyən edilmədiyindən iddia tələbini təmin etməməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Belə hüquqi mövqenin tutulması mülki dövriyyə sabitliyinin, onun iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin qorunması, habelə MM-in 6-cı maddəsində öz əksini tapmış mülki qanunvericiliyin prinsiplərinə əməl etmək baxımından da ədalətli və qanunidir. Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-371/2020 saylı iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği iddiaçının özünə aid olunsun. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar