Məhkəmə qərarları › İş №2(103)-3927/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3927/2023

24.06.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3927/2023 24.06.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə (Açar sözlər: çəkilmiş xərcin tutulması) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X1 ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, Cavabdehin nümayəndəsi-vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “çəkilmiş xərcin tutulması tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-330/2023 saylı 28 fevral 2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 24 iyun 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(012)-136/2021 saylı qətnaməsi ilə iddiaçı Cavabdehlər İddiaçı, X6 və X2 qarşı zəbt edilmiş torpaq sahəsindən və üzərində inşa edilmiş fərdi yaşayış evindən çıxarılma tələbinə dair iddiası təmin edilmiş, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş xx.xx.2019-cu il tarixli **********55 reyestr nömrəli çıxarışa əsasən Cavabdeh mülkiyyətində olan Abşeron rayonu, Fatmayı kəndində yerləşən 0.0250 ha torpaq sahəsindən və üzərində inşa edilmiş 110 kv.metr sahəsi olan 3 otaqlı tikilidən İddiaçı və X4 çıxarılması, iddia ərizəsi verilərkən dövlət rüsumu kimi ödənilmiş 10 manat məbləğində vəsaitinin əvəzinin İddiaçı, X3 tutularaq iddiaçı Cavabdeh ödənilməsi, İddiaçı, X3 50 manat eksperti xərcinə görə pulun tutulub, Məhkəmə Ekspertizası Mərkəzinin dövlət xəzinədar Agentliyinin AZ34 CTRE******************** saylı hesabına köçürülməsi qət edilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəfindən Abşeron rayonu, Xırdalan şəhəri, Fatmayı kəndində yerləşən 0.0250 ha torpaq sahəsində fərdi yaşayış evinin inşa edilməsinə görə çəkilmiş 80.000 manat məbləğində xərcin və 330 manat məbləğində ödənilmiş dövlət rüsumunun cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. İddiaçı tələbini belə əsaslandırmışdır ki, 2013-cü ildə X5 ilə nikaha daxil olaraq ailə qurmuş, birgə nikah dövründə ailənin birgə gəlirləri hesabına Abşeron rayonu, Xırdalan şəhəri, Fatmayı kəndində yerləşən 0.0250 ha torpaq sahəsi əldə edilmiş, daha sonra həmin torpaq sahəsində ümumi sahəsi 110 kv m. olan 3 otaqlı fərdi yaşayış evi inşa edilmişdir. Həmin yaşayış evi uzun müddət onun istifadə və sahibliyində olmuşdur, bugünkü günədək ailə üzvləri ilə birlikdə sözügedən mənzildə yaşamışdır. Lakin bir müddət sonra Cavabdeh hazırda faktiki olaraq məskunlaşdığı torpaq sahəsinə qeyri-hüquqi yollarla mülkiyyət hüququ əldə etmiş və həmin torpaq sahəsini öz adına rəsmiləşdirmişdir. Cavabdeh formal alqı-satqı münasibətlərinin rəsmiləşdirilməsindən sonra “ona məxsus” torpaq sahəsinin boşaldılması tələbini irəli sürmüş və həmin torpaq sahəsindən istifadə etməyə imkan verməyəcəyini bildirmişdir. Dəfələrlə cavabdehə torpaq sahəsinin uzun müddət mülkiyyətində olduğunu və burada inşa etdiyi fərdi yaşayış evində yaşadığını bildirsə də, buna heç bir əhəmiyyət verilməmişdir. Sonradan iddiaçı Cavabdeh tərəfindən “zəbt edilmiş torpaq sahəsindən və üzərində inşa edilmiş fərdi yaşayış evindən çıxarılmağa dair” iddia tələbi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edilmiş, Məhkəmənin xx.xx.2021-ci il tarixli, 2(012)-136/2021 saylı qətnaməsinə əsasən iddia tələbi təmin edilmiş, Cavabdeh mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, Fatmayı kəndində yerləşən 0.0250 ha torpaq sahəsindən və üzərində inşa edilmiş 110 kv.m sahəsi olan 3 otaqlı tikintidən cavabdehlərin çıxarılması qət edilmişdir. Qətnamə icra edilməsi üçün Abşeron Rayon İcra şöbəsinə göndərilmişdir. Mübahisə predmetini təşkil edən torpaq sahəsində öz qazancı hesabına ev tikilmişdir. Hazırda cavabdeh məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə onu sözügedən torpaq sahəsindən çıxarıb, min bir əziyyətlə tikdiyi evdə məskunlaşmışdır. Ev tərəfindən inşa edildiyi üçün ona dair mülkiyyət hüququ da ona məxsusdur, onun mülkiyyəti kimi çıxış edir. Lakin mövcud vəziyyət mülkiyyəti üzərində hüquqlarının həyata keçirilməsinə əsassızcasına mane olmaqdadır.

4. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 28 fevral 2023-cü il tarixli 2(010)-330/2023 saylı qətnaməsi ilə (hakim Rübabə Qafarova) iddia rədd edilmişdir.

5. Məhkəmə belə nəticəyə gəlmişdir ki, Abşeron rayonu, Fatmayı kəndində yerləşən 0.0250 ha torpaq sahəsinin Cavabdeh mülkiyyətində olması və torpaq sahəsindən və onun üzərində inşa edilmiş 110 kv.metr sahəsi olan 3 otaqlı tikilidən hazırki mülki iş üzrə İddiaçı qanunsuz əsaslarla istifadə etməsi qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edildiyindən bu hallar hazırkı iş üzrə yenidən sübuta yetirilmir və məhkəmə tərəfindən mübahisələndirilmədən tanınır. İddiaçının Cavabdeh qarşı sonuncunun mülkiyyətində olan Abşeron rayonu, Fatmayı kəndində yerləşən 0.0250 ha torpaq sahəsi üzərində inşa edilmiş tikiliyə çəkilmiş xərcin tutulması tələbi ilə bağlı məhkəmədə iddia qaldırmaq üçün ilk növbədə iddiaçının buna subyektiv hüququ olmalıdır. Hazırkı işdə isə İddiaçı Abşeron rayonu, Xırdalan şəhəri, Fatmayı kəndində 0.0250 ha torpaq sahəsində yerləşən tikili üzərində hər hansı bir hüququnun olmaması aşkardır. Odur ki, İddiaçı bu cür iddiayla məhkəməyə müraciət etməyə subyektiv hüququ olmamışdır.

6. Məhkəmə gəldiyi nəticəni Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 82.3, 88, 107, 119.1, 217.3, 217.4-cü maddələrinə, “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Republikası Konstitusiya Məhkəmə Plenumunun 30 iyul 2008-ci il Qərarına istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

7. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək onun ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

8. Apellyasiya şikayətində iddia ərizəsində qeyd olunanlar sadalanmaqla, göstərilmişdir ki, yaşayış sahəsi ilə bağlı kommunal xidmətlərin xərcləri tərəfindən ödənilmişdir. İddianın rədd edilməsi ilə məhkəmə cavabdehin əsassız varlanmasına səbəb olmuşdur.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

10. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi-vəkili apelyasiya şikayətinin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

11. İşə baxılmasının vaxtı və yeri barədə lazimı qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasına gəlmədiyindən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

12. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

13. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

14. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir

15. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

16. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

17. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

18. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

19. İddiaçı tərəfindən tam mübahisələndirilərək qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi xahiş edildiyindən, qətnamə bütövlükdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

20. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır.

21. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qənaəti qanuni və əsaslı olmuşdur.

22. Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(012)-136/2021 saylı qətnaməsi ilə müəyyən edilmişdir ki, X7 adlı şəxsin mülkiyyətində olan Abşeron rayonu, Fatmayı kəndində yerləşən 0,1 ha torpaq sahəsinin üzərində özbaşına inşa edilmiş üç otaqlı tikili olan 0.0250 ha hissəsini xx.xx.2019-cu il tarixli Daşınmaz Əmlakın alqı-satqısı müqaviləsi üzrə Cavabdeh satmışdır, xx.xx.2019-cu il tarixli çıxarışa əsasən Abşeron rayonu, Fatmayı kəndində yerləşən 0.0250 ha torpaq sahəsi Cavabdeh mülkiyyətindədir. Həmin qətnamə ilə həmçinin müəyyən edilmişdir ki, İddiaçı ilə X5 2013-cü ildən 2017-ci il tarixədək faktiki nikahda olmaqla İddiaçı uşaqları da onlarla birlikdə həmin tikilidə yaşamış, 2017-ci ildən Kamran Muradov həmin tikilini tərk etmiş, İddiaçı isə orada yaşamağa davam etmişdir. Məhkəmə hesab etmişdir ki, mübahisəli torpaq sahəsi Cavabdeh mülkiyyətindədir, onun üzərindəki tikilinin isə İddiaçı və X5 tərəfindən tikilməsi hər hansı sübutla təsdiq olunmadığından İddiaçı, X6 həmin tikilidən və torpaq sahəsindən qanunsuz əsaslarla istifadə etmiş hesab olunduğundan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş xx.xx.2019-cu il tarixli **********55 reyestr nömrəli çıxarışa əsasən Cavabdeh mülkiyyətində olan Abşeron rayonu, Fatmayı kəndində yerləşən 0.0250 ha torpaq sahəsindən və üzərində inşa edilmiş 110 kv.metr sahəsi olan 3 otaqlı tikilidən İddiaçı və X6 çıxarılmalıdırlar. Sözügedən qətnamə artıq qanuni qüvvəsini almışdır.

23. Göründüyü kimi qüvvədə olan qətnaməyə əsasən mübahisəli tikilinin İddiaçı və Kamran Muradov tərəfindən tikilməsi hər hansı sübutla təsdiq olunmamışdır.

24. İddiaçı mübahisəli tikiliyə münasibətdə hər hansı hüququnun olmaması mübahisəsiz olduğundan, məhkəmə haqlı olaraq belə nəticəyə gəlmişdir ki, iddiaçının həmin tikiliyə görə çəkilmiş xərci tələb etməsi üçün subyektiv hüququ olmamışdır.

25. İddiaçı apellyasiya şikayətində hər hansı konkret dəlilə əsaslanmamış, mübahisəli tikiliyə görə çəkdiyini iddia etdiyi 80000 manat xərci tələb etsə də, tələbini təsdiq edən hər hansı sübutu nə birinci instansiya məhkəməsində təqdim etməmiş, nə də apellyasiya şikayətinə əlavə etməmişdir.

26. Qeyd olunanlara əsasən Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qənaəti qanuni və əsaslı olmuşdur.

27. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-330/2023 saylı iş üzrə 28 fevral 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun surəti rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar