Məhkəmə qərarları › İş №2(103)-393/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-393/2020

17.01.2020 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-393/2020 17.01.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Məhərrəmova Şeyda Ədalət qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, məhkəmə iclas katibi Murtuzayeva Yeganə Hüseyin qızının katibliyi ilə, iddiaçılar İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı1, İddiaçı6, İddiaçı7, İddiaçı8, İddiaçı14, X3, İddiaçı10, İddiaçı16, İddiaçı17 və (sonradan vəfat etmiş) İddiaçı13 cavabdehlər X16, Cavabdeh4, Cavabdeh5 Diliqam oğlu, Cavabdeh6, X5, Cavabdeh8, Cavabdeh9, Cavabdeh1, Cavabdeh10, Cavabdeh2, Cavabdeh11, Bünyat-zadə Orxan İlqar oğlu, X12, Məmmədov Məmməd Telman oğlu, X19, X6 və Kürdəxanı Bələdiyyəsinə qarşı “torpaq sahəsinin boşaldılması və sair tələbləri barədə” ilk iddiasına cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh1 və Cavabdeh10 iddiaçılara qarşı “maddi və mənəvi ziyanın əvəzinin ödənilməsi tələbi barədə” qarşılıqlı iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 15 sentyabr 2017-ci il tarixli qətnamədən ilk iddia üzrə iddiaçıların birgə verdikləri apellyasiya şikayətinə əsasən mülki işə, iddiaçılar İddiaçı1 və Abbasqulu Qəhrəmanovun, iddiaçıların vəkili (nümayəndəsi) X7, cavabdeh Elbrus Həsənovun və cavabdeh Bələdiyyənin nümayəndəsi X1 iştirakları ilə, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Birgə iddiaçılar, ilk iddia ərizəsi və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 53-cü maddəsinə əsasən verilmiş “iddia tələbinin həcminin dəyişdirilməsi barədə” ərizə ilə Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, son nəticədə, cavabdehlər tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş ərazisindəki bağ sahələrində özbaşına inşa edilmiş 31/32, 35/36 nömrəli bağ sahələrinin ərazilərində 1 mərtəbəli fərdi yaşayış evinin, 1/2-9225/9226, 3/4, 5/6-9229/9230, 7/8, 9/10-9233/9237, 11/12, xx/xx-9237/9238, xx/xx-9239/9240, xx/xx-9243/9244, xx/xx-9245/9246, xx/xx- 9249/9250, xx/xx-9253/9254, xx/xx-9261/9262 nömrəli bağ sahələrində memarlıq planlaşdırma normalarına uyğun olmayan yol və keçidlərin tutulması və bağlanılması ilə nəticələnən mişar daşından tikilmiş hasarların və digər bağ sahələrində inşa edilmiş yarımçıq tikililərin Bakı Şəhər İcra Hakimiyyətinin Baş Memarlıq və Şəhərsalma İdarəsi tərəfindən “Bağban” Bağçılıq Yoldaşlığına verilmiş tikinti torpaq sahəsinin ayrılması haqqında ayrıc aktında göstərilmiş dəqiq sərhədlər daxilində cavabdehlərin pul vəsaiti hesabına sökülməsi, Kürdəxanı Bələdiyyəsi tərəfindən mübahisəli torpaq sahəsi ilə əlaqədar cavabdehlərlə bağlanmış icarə müqavilələrinin bağlandığı gündən etibarsız hesab edilməsi, iddiaçılar tərəfindən tikilmiş daş hasarın cavabdehlər tərəfindən sökülməsi nəticəsində iddiaçılara dəymiş zərərin əvəzi olaraq cəmi 30.240 manat, mənəvi zərərin əvəzi olaraq 900.000 manat məbləğində pulun cavabdehlərdən müştərək qaydada tutulub İddiaçı13 xeyrinə 100.000 manat, digər iddiaçıların hər birinin xeyrinə isə 50.000 manat ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İlk iddia əsasında Rayon Məhkəməsi tərəfindən hazırki mülki iş üzrə icraat başlanmışdır. Bundan sonra cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh1, Cavabdeh10 iddiaçılara qarşı qarşılıqlı iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, iddiaçılar tərəfindən onlara vurulmuş maddi və mənəvi zərərin əvəzi olaraq 100.000 manat məbləğində pulun iddiaçılardan müştərək qaydada tutularaq onlara verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Qarşılıqlı iddia da Rayon Məhkəməsi tərəfindən icraata qəbul edilərək ilk iddia ilə birlikdə baxılmışdır. Mülki işə baxmış Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnamə (İş № 2(008)-617/2017) ilə ilk və qarşılıqlı iddiaların rədd edilməsini qət etmişdir. İş üzrə iddiaçılar həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verərək, qətnamənin ilk iddianın rədd edilməsi hissəsində ləğv edilməsi və ilk iddianın tam təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişlər. Apellyasiya baxışı zamanı müəyyən edilmişdir ki, iddiaçılardan İddiaçı13 xx.xx.2018-ci il tarixdə vəfat etmişdir. Bununla əlaqədar həmin iddiaçının vərəsəsi X8 onun prosessual hüquq varisi kimi tanınmışdır. Apellyasiya şikayətinə əsasən mülki işə baxmış Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası iş üzrə qəbul etdiyi xx.xx.2018-ci il tarixli qətnamə (İş № 2(103)- 397/2018) ilə apellyasiya şikayətinin təmin edilməməsini, qətnamənin mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmasını qət etmişdir. Həmin qətnamədən iddiaçıların verdiyi kassasiya şikayətinə əsasən mülki işə baxmış Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası iş üzrə qəbul etdiyi xx.xx.2019-cu il tarixli qərarı (İş № 2(102)-3945/2019) ilə kassasiya şikayətinin təmin edilməsini, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli qətnaməsinin ləğv edilməsini, işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsini qərara almışdır. Bu səbəbdən, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) tərəfindən mülki işə yenidən baxılır. İlk iddia üzrə iddiaçıların apellyasiya şikayətinə əsasən mülki işə yenidən baxan Məhkəmə, ilk növbədə apellyasiya baxışının hədləri ilə bağlı bildirir ki, işə baxmış Rayon Məhkəməsi ilk iddia ilə yanaşı qarşılıqlı iddianı da təmin etməsə də, cavabdehlər qətnamədən apellyasiya şikayəti verməmiş, qarşılıqlı iddianın təmin edilməməsi barədə nəticəni mübahisələndirməmişlər. Qətnamədən apellyasiya şikayəti vermiş iddiaçılar isə Rayon Məhkəməsinin qətnaməsini yalnız ilk iddiaya aid hissədə mübahisələndirmişlər. MPM-nin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Göstərilənləri nəzərə alan Məhkəmə, qətnamənin yalnız ilk iddiaya aid hissəsinin əsaslılığı yoxlamışdır. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı Şəhəri Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin xx.xx.1989-cu il tarixli 11/387 nömrəli qərarı ilə, Sabunçu rayonu Nardaran qəsəbəsinin Şimal-Qərb hissəsində yerləşən Ləhiş bağlar massivinin ərazisində Daxili İşlər Nazirliyinin X21 İdarəsinin yanında “Bağban” Bağçılıq-yoldaşlığı yaradılmış, 2,37 ha torpaq sahəsi bağçılıq-yoldaşlığının üzvlərinə verilmişdir. “Bağban” Bağçılıq-yoldaşlığının üzvləri olan iddiaçılar onlara ayrılan torpaq sahəsində tikinti işlərinə başlayıb, əvvəlcə daş hasar çəkiblər. Tikinti zamanı xx.xx.2005-ci il tarixdə Kürdəxanı Bələdiyyəsinin sədri Kamil adlı şəxs onlara maneçilik törədib və tikililəri xəbərdarlıq olmadan söküblər. Buna əsas kimi istifadəyə verilən torpaq sahəsinin Nardaran qəsəbəsində yaşamış və vəfat etmiş babalarının və ulu babalarının torpaq sahələri olması, bu səbəbdən onlara tikinti aparmağa imkan verilməyəcəyi bildirilib. xx.xx.2005-ci il tarixdə Bələdiyyə sədrinin qanunsuz əməlləri barədə ərizə ilə Sabunçu Rayon Polis İdarəsinə və xx.xx.2005-ci il tarixdə ərizə ilə Sabunçu Rayon Prokurorluğuna müraciət etmişlər. Lakin Bələdiyyə sədri yenə 5-6 nəfərlə onların ərazisinə gəlib, tikintini davam etməyə imkan verməyib və tikilmiş hasarın 15-20 metr hissəsini söküblər. Bu barədə tədbir görülməsi üçün xx.xx.2005-ci il tarixdə təkrar ərizə ilə Rayon Prokurorluğuna və Polis İdarəsinə müraciət edib, sökülən hasarı bərpa etmişlər. İstifadəyə verilmiş bağ torpaq sahələrində yoldaşlığın üzvləri tərəfindən 400 metr uzunluğunda, 1,4 metr hündürlüyündə mişar daşından hasar çəkilib. Bağçılıq-yoldaşlığın üzvləri tərəfindən həmin işlərə ümumilikdə 10.240 manat pul xərclənib, torpaq sahəsini qorumaq üçün mühafizəçiyə 5 il hər aya 100 manat olmaqla 6.000 manat pul vermişlər. xx.xx.2013-cü il tarixdə ərizə ilə Sabunçu Rayon Polis İdarəsinə müraciət edərək bağçılıq-yoldaşlığın 20 nəfər üzvünə ayrılmış torpaq sahəsinin 50 sotunun zəbt edildiyini, həmin sahədə tikilmiş daş hasar naməlum şəxslər tərəfindən uçurulduğu, yoldaşlığa külli miqdarda maddi ziyan vurulduğu bildirmişlər. xx.xx.2015-ci il tarixdə Bakı Şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən 18/10-8/111 saylı məktubla Sabunçu Rayon İcra Hakimiyyətinin başçısına və Sabunçu Rayon Polis İdarəsinin rəisinə onların əməkdaşları tərəfindən Sabunçu Rayon İcra Hakimiyyəti nümayəndələrinin iştirakı ilə torpaq sahəsində yerində baxış keçirilməsinə dair müraciət olunmuşdur. Baxış zamanı müəyyən edilmişdir ki, göstərilən ərazidə müxtəlif ölçülərdə olan torpaq sahələri qismən daş hasara alınmış, ərazidə tikinti işlərinin davam etdirilməsi müşahidə edilməyib. Təqdim edilmiş sənədlərə əsasən müəyyən edilmişdir ki, Bağçılıq təsərrüfatının üzvlərinə məxsus bağ sahələri X16, X13 və digərləri tərəfindən zəbt edilərək hasarlanmışdır. Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən xahiş olunmuşdur ki, Ləhiş bağları ərazisindəki torpaq sahələrinin qanuna uyğun sənədləşmə əsasında istifadəsinə verilmiş vətəndaşlara qaytarılması istiqamətində zəruri tədbirlər görülsün. Bakı Şəhər Sabunçu Rayon İcra Hakimiyyəti başçısının 1-ci müavini tərəfindən “Bağban” bağçılıq-yoldaşlığının sədri İddiaçı13 və başqalarına xx.xx.2016-cı il tarixli, İ-100-148(İ-106) saylı; xx.xx.2016-cı il tarixli; 1-1-48/2 (K8-93) saylı və xx.xx.2016-cı il tarixli, 1-80/3-143/3(KL-90) saylı məktublarla bildirilmişdir ki, Bakı Şəhər Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin 11/387 saylı, xx.xx.1989-cu il tarixli qərarı əsasında Nardaran qəsəbəsinin şimal-qərb hissəsində Bağçılıq-yoldaşlıq təsərrüfatı üçün ayılmış 2,37 ha torpaq sahəsində tikinti işlərinin aparılmasına dair Sabunçu Rayon İcra Hakimiyyəti tərəfindən rəsmi sənəd verilməmişdir. Mövcud hasarların sökülməsi qanuna uyğun olaraq məhkəmənin müvafiq qətnaməsi əsasında icra məmurları tərəfindən həyata keçirilə bilər. Məsələ ilə əlaqədar məhkəmənin qərarı olarsa icra hakimiyyəti hasarların sökülməsində iştirak edəcəkdir. Cavabdehlər onların çəkdiyi 400 metr uzunluğunda daş hasarı söküb, torpağın plan və ölçüsünə uyğun olmayan formada özləri onların torpağını bölüşdürmüş və mişar daşından hasar tikmişlər. Sonradan öz torpaq sahələrini müəyyən edəndə onların ərazilərinə düşən qanunsuz tikilmiş hasarın bir hissəsini sökəndə cavabdehlər ərizə ilə Rayon Polis İdarəsinə müraciət edərək xx.xx.2014-cü il tarixdə naməlum şəxslər tərəfindən onların sahibliyində olan 2 hektar torpaq sahəsinin dörd tərəfinə çəkilmiş mişar daşlardan olan hasarı söküb dağıtmaqla özgənin əmlakını qəsdən məhv edib, zərər çəkmiş şəxslərin hər birinə 3.000-11.000 manat arası külli miqdarda ziyan vurulduğu bildirmişlər. xx.xx.2014-cü il tarixdə fakt üzrə Cinayət Məcəlləsinin 186.2.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanmış və istintaq zamanı müəyyən edilmişdir ki, sözügedən torpaq sahələri iddiaçılar İddiaçı13, A.Abbasovun adına verilmişdir. Belə olan halda özgə əmlakının məhv edilməsi və ya zədələnməsi mövcud deyildir. Tərəflər arasında mülki mübahisə mövcuddur və mülki mübahisənin həlli məhkəmə qaydasında həyata keçirilməlidir. Rayon Polis İdarəsinin xx.xx.2015-ci il tarixdə cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilmişdir. Apellyasiya baxışının iclasında iştirak edən iddiaçılar İddiaçı1 və Abbasqulu Qəhrəmanov, iddiaçıların vəkili (nümayəndəsi) T.Qənbərov apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, şikayətin və ilk iddia ərizəsinin məzmununa uyğun izahat verdilər. Apellyasiya baxışında iştirak edən cavabdeh Elbrus Həsənov, habelə apellyasiya baxışının əvvəlki iclasında iştirak edən cavabdeh Orxan Bünyət-zadə apellyasiya şikayətinin dəlillərinə etiraz etdilər və Rayon Məhkəməsinin qətnaməsinin apellyasiya baxışının predmetinə aid hissədə əsaslarına uyğun izahat verdilər. Cavabdeh Bələdiyyənin nümayəndəsi Məmməd Ağakişiyev apellyasiya baxışı iclasında iştirak edərək apellyasiya şikayətinin dəlillərinə etiraz etdi və Rayon Məhkəməsinin qətnaməsinin məzmununa uyğun izahat verdi. O, apellyasiya baxışı zamanı bildirdi ki, mübahisəli torpaq sahəsi Kürdəxanı bələdiyyəsinin mülkiyyətinə verilib. Lakin bunu təsdiq edən sənədləri Bələdiyyədə aşkar edə bilmədi. İşdə iştirak edən digər şəxslər işə apellyasiya qaydasında baxılmanın iclaslarının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunsalar da, məhkəmə iclaslarına gəlməmiş və bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmişlər. Məhkəmə, qeyd edilən halın işin baxılmasına mane olmadığını nəzərə alaraq, MPM-nin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki, qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. Apellyasiya baxışının həddini nəzərə alan Məhkəmə apellyasiya şikayətinin dəlillərini və mülki işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Rayon Məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə ləğv edilməli və həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməlidir. Belə ki, Məhkəmə tərəfindən müəyyən edilir ki, Bakı Şəhəri Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin xx.xx.1989-cu il tarixli 11/387 nömrəli qərarı ilə, Sabunçu rayonu Nardaran qəsəbəsinin Şimal-Qərb hissəsində yerləşən Ləhiş bağlar massivinin ərazisində Daxili İşlər Nazirliyinin X21 İdarəsinin yanında “Bağban” Bağçılıq-yoldaşlığı yaradılmış, 2,37 ha torpaq sahəsi bağçılıq-yoldaşlığının üzvlərinə verilmişdir. Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının X4 və İstismarı Birliyi tərəfindən verilmiş: -xx.xx.2007-ci il tarixli, 39387 saylı müqaviləyə əsasən, Bakı şəhəri Sabunçu rayonu Ləhiş ərazisində 0,10 ha torpaq sahəsində yerləşən 37/38, 9261/9262 saylı bağ sahəsi İddiaçı13, -xx.xx.2007-ci il tarixli, 39393 saylı müqaviləyə əsasən, eyni ərazidə 0,10 ha torpaq sahəsində yerləşən 15/16, 9235/9240 saylı bağ sahəsi İddiaçı2, -xx.xx.2007-ci il tarixli, 39789 saylı müqaviləyə əsasən, eyni ərazidə 0,10 ha torpaq sahəsində yerləşən 39/40, 9263/9264 saylı bağ sahəsi İddiaçı3 Səftar oğlunun, -xx.xx.2007-ci il tarixli, 39404 saylı müqaviləyə əsasən, eyni ərazidə 0,10 ha torpaq sahəsində yerləşən 33/34, 9257/9258 saylı bağ sahəsi İddiaçı4, -xx.xx.2007-ci il tarixli, 39403 saylı müqaviləyə əsasən, eyni ərazidə 0,10 ha torpaq sahəsində yerləşən 9/10, 9233/9234 saylı bağ sahəsi İddiaçı5, -xx.xx.2007-ci il tarixli, 39386 saylı müqaviləyə əsasən, eyni ərazidə 0,10 ha torpaq sahəsində yerləşən 1/2, 9225/9226 saylı bağ sahəsi İddiaçı1, -xx.xx.2007-ci il tarixli, 39790 saylı müqaviləyə əsasən, eyni ərazidə 0,10 ha torpaq sahəsində yerləşən 21/22, 9245/9246 saylı bağ sahəsi İddiaçı6, -xx.xx.2007-ci il tarixli, 39406 saylı müqaviləyə əsasən, eyni ərazidə 0,10 ha torpaq sahəsində yerləşən 23/24, 9247/9248 saylı bağ sahəsi İddiaçı8, -xx.xx.2007-ci il tarixli, 39408 saylı müqaviləyə əsasən, eyni ərazidə 0,10 ha torpaq sahəsində yerləşən 25/26, 9249/9250 saylı bağ sahəsi İddiaçı14, -xx.xx.2007-ci il tarixli, 39407 saylı müqaviləyə əsasən, eyni ərazidə 0,10 ha torpaq sahəsində yerləşən 19/20, 9243/9244 saylı bağ sahəsi İddiaçı9, -xx.xx.2007-ci il tarixli, 39390 saylı müqaviləyə əsasən, eyni ərazidə 0,10 ha torpaq sahəsində yerləşən 27/28, 9251/9252 saylı bağ sahəsi İddiaçı10, -xx.xx.2007-ci il tarixli, 39391 saylı müqaviləyə əsasən, eyni ərazidə 0,10 ha torpaq sahəsində yerləşən 17/18, 9241/9242 saylı bağ sahəsi İddiaçı11, -xx.xx.2007-ci il tarixli, 39392 saylı müqaviləyə əsasən, eyni ərazidə 0,10 ha torpaq sahəsində yerləşən 29/30, 9253/9254 saylı bağ sahəsi X14, -xx.xx.2007-ci il tarixli, 39443 saylı müqaviləyə əsasən, eyni ərazidə 0,10 ha torpaq sahəsində yerləşən 31/32, 9255/9256 saylı bağ sahəsi X9, -xx.xx.2007-ci il tarixli 39444 saylı müqaviləyə əsasən, eyni ərazidə 0,10 ha torpaq sahəsində yerləşən 35/36, 9259/9260 saylı bağ sahəsi İddiaçı16, -xx.xx.2007-ci il tarixli, 39402 saylı müqaviləyə əsasən, eyni ərazidə 0,10 ha torpaq sahəsində yerləşən 13/14, 9237/9238 saylı sahəsi İddiaçı17, -xx.xx.2007-ci il tarixli, 39409 saylı müqaviləyə əsasən, eyni ərazidə 0,10 ha torpaq sahəsində yerləşən 5/6, 9229/9230 saylı bağ sahəsi İddiaçı7 istifadəsinə verilmişdir. İstifadəyə verilmə barədə xx.xx.2007-ci il tarixdə X4 və İstismarı Birliyi ilə İddiaçı13 arasında müqavilə bağlanmışdır. Sabunçu Rayon Polis İdarəsinin İstintaq şöbəsinin müstəntiqi Rüfət Allazov tərəfindən qəbul edilmiş xx.xx.2015-ci il tarixli “cinayət işi üzrə icraata xitam verilməsi haqqında” qərarla, ********* saylı cinayət işi üzrə icraata Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.1-ci maddəsinə əsasən, həmin cinayət işi üzrə İddiaçı13 və X15 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 186.2.1-ci maddəsi ilə cinayət təqibinə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.2 maddəsinə əsasən xitam verilməsi və X15 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin ləğv edilməsi qərara alınmışdır. DİN Baş Kadrlar İdarəsi tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli məktubla bildirilmişdir ki, sabiq polis polkovnik-leytenantı İddiaçı13 Bakı Şəhər BPİ-nin Təşkilati- İnspektor İdarəsinin Nəzarət əlaqələndirmə şöbəsinin xüsusilə mühüm tapşırıqlar üzrə baş inspektoru vəzifəsində işləyərkən qüvvədə olan normativ sənədlərin tələblərini pozaraq Kürdəxanı qəsəbəsi, Ləhic bağlarındakı torpaq sahəsinə olan mülki iddiasını məhkəmə yolu ilə həll etmək əvəzinə xx.xx.2014-cü il tarixdə Elbrus Həsənov və başqalarına məxsus torpaq sahələrini əhatə edən daş hasarlarını sökdürməklə özgənin əmlakını qəsdən məhv etdirdiyinə və yol verdiyi qəbahətləri təkzib etməklə xidməti təhqiqat zamanı qeyri-səmimi mövqe tutduğuna, bu hərəkətləri ilə daxili işlər orqanları əməkdaşı adına və polisin nüfuzuna xələl gətirdiyinə görə daxili işlər orqanlarında xidmətdən xaric edilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli və xx.xx.2016-cı il tarixli məktublarla iddiaçılara bildirilmişdir ki, Ləhiş bağ massivi ünvanda yerləşən bağ sahələri üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ərizələrinə baxılmış, idarənin mütəxəssisləri tərəfindən yoxlama-ölçmə işlərinin görülməsi üçün şərait yaradılmamışdır. Məktubda ölçmə işlərinin aparılmasına şərait yaradıldıqdan sonra məsələyə yenidən baxılacağı bildirilmişdir. Həmin İdarə tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli, **********50 nömrəli məktubla bildirilmişdir ki, hüquq müəyyənedici sənəddə qeyd edilən bağ sahələri ilə bağlı təsdiq edilmiş ayrıc aktı, həmçinin digər cavabdeh vətəndaşların istifadəsində olan mübahisəli bağ sahələrinə dair hüquqmüəyyənedici sənədlər təqdim olunmadığına və idarənin elektron məlumat bazasında “Bağban” bağçılıq yoldaşlığı haqqında heç bir məlumat olmadığına görə bağ sahələrinin üst-üstə düşüb-düşməməsini müəyyənləşdirmək mümkün olmamışdır. Həmin İdarə tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli, **********51 nömrəli məktubla bildirilmişdir ki, “Yerli İcra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli sərəncamı ilə yerli İcra hakimiyyəti orqanlarının, o cümlədən Bakı Şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların yalnız arxivlərinin Xidmətə verilməsi qərara alınmışdır. Ləhiş bağ massivində yerləşən bağ sahələrinin istifadəyə verilməsinə dair müqavilələr Bakı şəhər ərazi idarəsinin arxivində mövcuddur. Lakin bağ sahələrinə dair arxiv qovluqlarında plan-cizgi aşkar olunmamışdır, sözügedən bağ sahələrinin dövlət reyestrində qeydiyyata alınması ilə bağlı məlumat İdarənin arxivində aşkar olunmamışdır. Rayon Məhkəməsi işin müəyyən edilmiş hallarına Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.4-cü maddəsini tətbiq etməklə belə qənaətə gəlmişdir ki, ilkin iddia təmin edilməməlidir. Məhkəmə həmin hissədə mövqeyini onunla əsaslandırmışdır ki, bağ sahələri ilə bağlı təsdiq edilmiş ayrıc aktı, həmçinin digər cavabdehlərin istifadəsində olan mübahisəli bağ sahələrinə dair hüquq müəyyənedici sənədlər təqdim olunmadığına və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər ərazi idarəsinin elektron məlumat bazasında “Bağban” bağçılıq yoldaşlığı haqqında heç bir məlumat olmadığına görə bağ sahələrinin cavabdehlərin faktiki istifadələrində olan torpaq sahələri ilə üst-üstə düşüb-düşməməsini müəyyənləşdirmək mümkün olmamışdır. Hazırki iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası tərəfindən qəbul edilmiş qərardad qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi ilk iddianı rədd edərkən bağ sahələrinin iddiaçılara verilməsi ilə əlaqədar təsdiq edilmiş ayrıc aktının təqdim olunmamasını, Reyestr Xidməti İdarəsinin elektron məlumat bazasında “Bağban” bağçılıq yoldaşlığı haqqında heç bir məlumatın olmamasına görə bağ sahələrinin cavabdehlərin faktiki istifadəsində olan torpaq sahələri ilə üst-üstə düşübdüşməməsinin müəyyənləşdirilməsinin mümkün olmamasını və belə vəziyyətdə iddiaçıların hazırki tələblə məhkəməyə müraciət etmək üçün subyektiv hüquqa malik olmamalarını, bağ sahələrində iddiaçılar tərəfindən təxminən 15 il ərzində heç bir abadlıq və becərmə işlərinin aparılmamasını əsas göstərmişdir. Kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin həmin nəticəsi səthi yoxlanılmış sübutlara əsaslandığından qətnamə qanuni sayıla bilməz. İş materiallarından görünür ki, “Bağban” bağçılıq yoldaşlığına Bakı Şəhər XDS İK tərəfindən 2,37 hektar torpaq sahəsi ayrılmış və bu barədə qəbul edilmiş qərarda həmin sahənin Nardaran qəsəbəsinin Şimal-Qərb hissəsində olan Ləhiş bağlar massivinin ərazisində, DİN-in X21 İdarəsinin yanında yerləşməsi göstərilməklə qərarda həmin yer dəqiqləşdirilmiş və bu, iddiaçılarla X4 və İstismarı Birliyi arasında xx.xx.2007-ci il tarixli Ləhiş bağlar massivində yerləşən bağ sahələrinə dair müqavilələrin bağlanması üçün əsas olmuşdur. Bağların istifadəyə verilməsinə dair bütün müqavilələr 10 il müddətinə xx.xx.2017-ci il tarixə kimi bağlanmışdır. İş üzrə cavabdehlərin faktiki istifadəsində olan torpaq sahələri isə onlara Kürdəxanı Bələdiyyəsi tərəfindən 2013-cü ildən başlayaraq icarəyə verilmişdir. İşin birinci cildinin 324-342 vərəqlərində olan bağçılıq-yoldaşlıq Nizamnaməsi və həmin Nizamnamənin təsdiq olunması barədə Bakı şəhəri Lenin rayon XDS İK-nin xx.xx.1996-cı il tarixli qərarı ilə “Bağban” bağçılıq-yoldaşlığının həqiqətən yaradılması və ona 1989-cu ildə 2,37 hektar torpaq sahəsinin ayrılması öz təsdiqini tapır. Lakin Rayon Məhkəməsi Dövlət Reyestri Xidmətinin elektron məlumat bazasında “Bağban” bağçılıq-yoldaşlığı haqqında heç bir məlumatın olmaması ilə kifayətlənməklə bağçılıq- yoldaşlığın mövcud olmaması nəticəsinə gəlmişdir. İddiaçılar tərəfindən icarə müqavilələri və bağçılıq-yoldaşlığın xx.xx.1995-ci il tarixli ümumi iclasının qərarı ilə təsdiq olunmuş bağ sahələrinin yerləşmə sxemləri məhkəməyə təqdim edilmişdir. Bağ sahələrinin ayrılması üçün əsas verən təsdiqedici sənədlərin, o cümlədən ayrıc aktlarının saxlanmamasına görə iddiaçılar məsuliyyət daşımır. Rayon Məhkəməsinin bağ sahələrinə dair təsdiq olunmuş ayrıc aktlarının məhkəməyə təqdim olunmamasının iddiaçılara hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüquq verməməsi qənaəti əsassızdır. İddiaçılar hesab edirlər ki, onların istifadəsinə ayrılmış torpaq sahələri hazırda cavabdehlərin faktiki istifadə etdikləri torpaq sahələri ilə üst-üstə düşür. Mübahisələndirilən torpaq sahələrinin cavabdehlərin faktiki istifadəsində olan torpaq sahələri ilə üst-üstə düşüb-düşməməsinin araşdırılması xüsusi bilik tələb etdiyindən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin mütəxəssisləri cəlb edilməklə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin ekspertlərinə həvalə edilmiş, iş materialları ilə birlikdə iddiaçılar tərəfindən təqdim edilmiş “Bağban” bağçılıq-yoldaşlığının arxiv qovluğu da Ekspert Mərkəzinə göndərilmişdir. Lakin təqdim olunan sənədlər əsasında bağ sahəsinin künc nöqtələrini (koordinatlarını) müəyyən etmək mümkün olmadığından və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin elektron kadastr bazasında “Bağban” bağçılıq-yoldaşlığının ayrıc aktı olmadığından iş üzrə bağ sahələrinin mübahisəli torpaq sahələri isə üst-üstə düşüb-düşmədiyi barədə rəy verilməsi mümkün olmamışdır. Qeyd olunanlara əsaslanan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası belə nəticəyə gəlmişdir ki, iddiaçıların təqdim etdiyi sənədlər, habelə səlahiyyətli dövlət orqanlarına verilmiş sorğular (təyin edilmiş ekspertizalar) əsasında mübahisəli torpaq sahələrinin onlara məxsus bağ sahələri ilə üst-üstə düşdüyünü müəyyən etmək mümkün deyildir və bu səbəbdən iddiaçılar mübahisəli torpaq sahələrinin boşaldılması və onlara qaytarılması tələbini irəli sürməklə bağlı müvafiq subyektiv hüquqa malik şəxs kimi qəbul edilə bilməzlər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşmayan Azərbaycan Respublikası Ali Məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi xx.xx.2019-cu il tarixli qərarında qeyd edilir ki, apellyasiya instansiyası məhkəməsi həqiqətə nail olmaq üçün tərəflərə lazımi şərait yaratmamış, iddiaçıların dəlillərinin yoxlanılması və iş üzrə mütəxəssis rəyinin əldə edilməklə mübahisəyə aydınlıq gətirilməsi üçün qanunda müəyyən olunmuş bütün imkanlardan istifadə etməmişdir. MPM-nin 420-ci maddəsinə görə isə, kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Məhkəmənin xx.xx.2019-cu il tarixli qərardadı ilə iddiaçı tərəfin vəsatəti əsasında iş üzrə əlavə məhkəmə-tikinti-texniki ekspertizası təyin edilmiş, ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında X2 Təşkili üzrə Dövlət Agentliyinin və "xxxx" MMC-nin mütəxəssisləri cəlb edilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinə həvalə edilmiş və yekunda Məhkəmə Ekspertiza Mərkəzinin 26485 nömrəli xx.xx.2019-cu il tarixli rəyi alınmışdır. Həmin rəylə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında X2 Təşkili üzrə Dövlət Agentliyinin xx.xx.2019-cu il tarixli **********12 saylı məktubun və "xxxx" MMC-nin direktoru Ruslan Bayramovun imzası ilə təsdiq edilmiş xx.xx.2019-cu il tarixli 105 saylı məktubla, "xxxx" MMC-nin mütəxəssisi, yerquruluşu mühəndisi Ayaz Şıxəliyevin tərtib etdiyi mütəxəssis rəyinə əsasən mülki iş üzrə iddianın predmetini təşkil edən, cavabdehlərin faktiki istifadəsində olduğu bildirilən mübahisəli torpaq (bağ) sahələrinin dövlət mülkiyyətində olan torpaqlara aid olduğu, eləcə də həmin torpaq sahələrinin Bakı Şəhəri Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin xx.xx.1989-cu il tarixli 11/387 nömrəli qərarı ilə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi X21 İdarəsinin “Bağban” bağçılıq-yoldaşlığına ayrılmış 2,37 ha torpaq sahəsi (bağçılıq-yoldaşlığının üzvlərinin bağ sahələri) ilə tam üst-üstə düşür. Göründüyü kimi, Rayon Məhkəməsi tərəfindən lazımi qaydada ekspertiza düzgün təşkil edilmədiyi üçün işin həqiqi hallarını müəyyən etmək mümkün olmamışdır. İşin hazırki mərhələsində Məhkəmə tərəfindən müəyyən edilir ki, ekspertiza düzgün təşkil edilsəydi rəyin alınması mümkün olardı. Lakin buna baxmayaraq, iddiaçılar bağ sahələrinin onlara ayrılmasından sonra uzun müddət ərzində (iddiaçılar özləri apellyasiya şikayətində onlara ayrılmış torpaq sahələrində tikinti işlərinə yalnız 2005-ci ildə başladıqlarını qeyd edirlər) həmin sahələrə faktiki sahiblik etməmiş, ondan təyinatı üzrə istifadə etməmiş, qanunsuz sahiblikdən geri tələb etməmişlər. Bakı Şəhəri İcra Hakimiyyətinin xx.xx.1998-ci il tarixli, 124 nömrəli sərəncamının 2ci bəndi ilə bağçılıq yoldaşlıqları ərazilərindən beş ildən artıq müddət ərzində torpaq sahələri götürmələrinə baxmayaraq həmin sahələrdə heç bir abadlıq və becərmə işləri aparmayan – torpaq sahələri istifadəyə ayrılan vaxtdakı vəziyyətdə olan vətəndaşların adından həmin torpaq sahələrinin Bağlar təsərrüfatı birliyinin nümayəndəsinin və aidiyyəti bağçılıq yoldaşlığının üç üzvünün iştirakı ilə tərtib edilmiş akt əsasında silinməsi və bu vətəndaşların üzvlük kitabçalarının öz hüquqi qüvvəsini itirmiş hesab etməsi qərara alınmışdır. Azərbaycan Respublikasının xx.xx.1991-ci il tarixədək qüvvədə olmuş Torpaq Məcəlləsinin 46-cı maddəsinin mənasına görə, vətəndaş torpaq sahəsindən dalbadal 2 il istifadə etmədikdə və ya ondan müəyyən edilmiş məqsədə müvafiq surətdə istifadə etmədikdə, torpaq sahəsindən istifadə hüququna xitam verilə bilər. Azərbaycan Respublikasının xx.xx.1999-cu il tarixədək qüvvədə olmuş Torpaq Məcəlləsinin 32-cı maddəsinin mənasına görə, qeyri-kənd təsərrüfatı istehsalı üçün verilmiş torpaq sahəsindən dalbadal 2 il ərzində üzrlü səbəb olmadan istifadə edilmədikdə torpaq sahəsindən istifadə hüququna xitam verilir. Hazırda qüvvədə olan Torpaq Məcəlləsinin 73-cü maddəsinin tələblərindən görünür ki, qeyri-kənd təsərrüfatı ehtiyacları üçün verilmiş torpaq sahəsindən 1 il ərzində üzrlü səbəb olmadan istifadə etmədikdə torpaq sahəsindən istifadə hüququna xitam verilir. Göründüyü kimi, istər torpaq sahəsi bağçılıq-yoldaşlığına ayrılan zaman, istərsə də, həmin sahələrə dair iddiaçılar ilə müqavilələr bağlanan zaman qüvvədə olan Torpaq Məcəllələrinin yuxarıda şərh olunan müddəaları baxımından ilk iddia üzrə iddiaçılar mübahisəli torpaq sahələri üzərində subyektiv hüquqlarını itirmişlər. İlk iddia üzrə iddiaçıların mübahisəli torpaq sahələrinə dair subyektiv hüquqlarının artıq olmamasını nəzərə alan Məhkəmə hesab edir ki, mübahisəli torpaq sahələrinin Kürdəxanı bələdiyyəsinin sərəncamına ayrılıb-ayrılmamasından asılı olmayaraq subyektiv hüquqa söykənməyən ilk iddia tələbi əsaslı hesab edilib təmin oluna bilməz. Beləliklə də, apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsi ilk iddianı təmin etməsə də, qəbul edilmiş qətnamə apellyasiya baxışının predmeti olan hissədə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Odur ki, MPM-nin 385-ci maddəsinin tələbini nəzərə alan və MPM-nin 384-cü maddəsində təsbit olunmuş səlahiyyətlərinə əsaslanan Məhkəmə hesab edir ki, qətnamə apellyasiya baxışının predmeti olan hissədə ləğv edilməli və ilk iddianın yuxarıda şərh edilən başqa əsasla təmin edilməməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməlidir. İlk iddia üzrə iddiaçılar qətnamənin ləğv edilməsini xahiş etdikləri üçün hesab edilməlidir ki, apellyasiya şikayəti qismən təmin edilir. Ekspertiza tədqiqatının dəyərini təşkil edən 50 manat pul ilk iddia üzrə iddiaçılardan tutularaq dövlət nəfinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 384, 392, 393 və 405-ci maddələrinin rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: İlk iddia üzrə iddiaçıların apellyasiya şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 15 sentyabr 2017-ci il tarixli qətnamə apellyasiya baxışının predmeti olan hissədə ləğv edilsin və həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilsin. İlk iddia üzrə iddiaçılar İddiaçı2 və başqalarının cavabdehlər X16 və başqalarına qarşı “torpaq sahəsinin boşaldılması və sair tələbləri barədə” ilk iddiası təmin edilməsin. Ekspertiza tədqiqatının dəyərini təşkil edən 50 (əlli) manat məbləğində pul ilk iddia üzrə iddiaçılar İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı1, İddiaçı6, İddiaçı7, İddiaçı8, İddiaçı14, X3, İddiaçı10, İddiaçı16 və İddiaçı17 müştərək qaydada tutularaq dövlət nəfinə ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Hakimlər (imza) Məmməd Məmmədov (imza) Şeyda Məhərrəmova (imza) Elşad Şamayev “Əsli ilə düzdür” Hakim Məmməd Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar