Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3932/2023 11.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Nizami oğlunun cavabdeh “X9 Company Limited” Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinə qarşı iş üzrə (Açar sözlər: əmək haqqının ödənilməsi və s.) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X4 ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçı Nizami oğlu və nümayəndəsi-vəkili Vəkil1, Cavabdehin nümayəndəsi-vəkili Vəkil2, nümayəndələri Nümayəndə və X1 iştirakı ilə, İddiaçı Nizami oğlunun cavabdeh “X9 Company Limited” Şirkətinin Azərbaycan Respublikasında nümayəndəliyinə qarşı “əmək haqqının ödənilməsi və s. tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-780/2023 saylı 18 aprel 2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 11 iyul 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. “X9 Company Limited” Şirkətinin Azərbaycan Respublikasında nümayəndəliyi ilə İddiaçı Nizami oğlu arasında 12 iyul 2010-cu il tarixdə bağlanmış əmək müqaviləsinə əsasən Babayev X5 hidrotexniki qurğularının istismarı, təmiri və korroziya ilə mübarizə üzrə mühəndis vəzifəsinə işə qəbul edilmişdir. Vəzifə maaşı 360 manat təşkil etmişdir.
2. Cədvəldən görünür ki, İddiaçı Nizami oğlu “X9 Company Limited” X2 üzvü olaraq hər ay üzvlük haqqının (bir faiz) mühasibatlıq tərəfindən tutularaq Həmkərkar İttifaqı Komitəsinin hesabına köçürülməsinə etiraz etmir.
3. İddiaçı Nizami oğlu tərəfindən xx.xx.2011-ci il tarixdə yazılmış ərizədə xx.xx.2011-ci il tarixindən qrafik dəyişikliyinə etiraz etmir.
4. “X9 Company Limited” Şirkətinin Azərbaycan Respublikasında nümayəndəliyinin 25 iyul 2011-ci il tarixli 648 nömrəli əmri ilə xx.xx.2011-ci il tarixindən xx.xx.2011-ci il tarixinə kimi DNMHQİT sexinin mühəndisi İddiaçı Nizami oğlunun iş qrafiki 8 saatdan 12 saatlıq iş qrafikinə keçirilmiş və qrafik dəyişikliyinə görə əlavə haqqın ödənilməsinin təmin edilməsi əmr edilmişdir.
5. Əmək haqqı üzrə ödəniş qəbzindən görünür ki, “X9 Company Limited” Şirkətinin Azərbaycan Respublikasında nümayəndəliyi tərəfindən İddiaçı Nizami oğlunun hesabına 2011-ci ilin iyul ayı üzrə 809,40 manat məbləğində pul köçürülmüşdür.
6. İddiaçı Nizami oğlu tərəfindən xx.xx.2011-ci il tarixdə yazılmış ərizədə sonuncu xx.xx.2011-ci il tarixindən dəniz şəraitində vaxt metodlu iş rejimində işləməyə razı olduğunu bildirmişdir.
7. “X9 Company Limited” Şirkətinin Azərbaycan Respublikasında nümayəndəliyinin 05 sentyabr 2011-ci il tarixli 895 nömrəli əmri ilə xx.xx.2011-ci il tarixindən xx.xx.2011-ci il tarixinə kimi DNMHQİT sexinin mühəndisi İddiaçı Nizami oğlunun iş qrafiki 8 saatdan 12 saatlıq iş qrafikinə keçirilmiş və qrafik dəyişikliyinə görə əlavə haqqın ödənilməsinin təmin edilməsi əmr edilmişdir.
8. Əmək haqqı üzrə ödəniş qəbzinə əsasən “X9 Company Limited” Şirkətinin Azərbaycan Respublikasında nümayəndəliyi tərəfindən İddiaçı Nizami oğlunun hesabına 2011-ci ilin avqust ayı üzrə 686,29 manat məbləğində pul köçürülmüşdür.
9. İddiaçı Nizami oğlu tərəfindən xx.xx.2011-ci il tarixdə yazılmış ərizədə sonuncu xx.xx.2011-ci il tarixindən dəniz şəraitində vaxt metodlu iş rejimində işləməyə razı olduğunu bildirmişdir.
10. “X9 Company Limited” Şirkətinin Azərbaycan Respublikasında nümayəndəliyinin 30 sentyabr 2011-ci il tarixli 1028 nömrəli əmri ilə DNMHQİT sexinin mühəndisi İddiaçı Nizami oğlunun 8 saatdan 12 saatlıq iş qrafikinə keçirilməsi müddəti xx.xx.2011-ci il tarixindən xx.xx.2011-ci ilə kimi uzadılmış və qrafik dəyişikliyinə görə əlavə haqqın ödənilməsinin təmin edilməsi əmr edilmişdir.
11. Əmək haqqı üzrə ödəniş qəbzinə görə “X9 Company Limited” Şirkətinin Azərbaycan Respublikasında nümayəndəliyi tərəfindən İddiaçı Nizami oğlunun hesabına 2011-ci ilin sentyabr ayı üzrə 821,18 manat məbləğində pul köçürülmüşdür.
12. Əmək haqqı üzrə ödəniş qəbzindən müəyyən edilir ki, “X9 Company Limited” Şirkətinin Azərbaycan Respublikasında nümayəndəliyi tərəfindən İddiaçı Nizami oğlunun hesabına 2018-ci ilin dekabr ayı üzrə 961,75 manat, 2019-cu ilin yanvar ayı üzrə 909,53 manat, 2019-cu ilin fevral ayı üzrə 946,39 manat, 2019-cu ilin mart ayı üzrə 943,69 manat, 2019-cu ilin iyun ayı üzrə 1294,53 manat, 2019-cu ilin avqust ayı üzrə 956,07 manat, 2019-cu ilin sentyabr ayı üzrə 1791,35 manat, 2019-cu ilin oktyabr ayı üzrə 983,37 manat, 2019-cu ilin noyabr ayı üzrə 1423,66 manat, 2020-ci ilin iyul ayı üzrə 1024,77 manat, 2020-ci ilin avqust ayı üzrə 999,99 manat, 2020-ci ilin sentyabr ayı üzrə 1006,90 manat, 2020-ci ilin oktyabr ayı üzrə 1044,31 manat, 2020-ci ilin noyabr ayı üzrə 1100,80 manat, 2020-ci ilin dekabr ayı üzrə 1197,90 manat, 2021-ci ilin yanvar ayı üzrə 720,57 manat, 2021-ci ilin fevral ayı üzrə 976,15 manat, 2021-ci ilin mart ayı üzrə 968,91 manat, 2021-ci ilin aprel ayı üzrə 980,98 manat, 2021-ci ilin may ayı üzrə 968,91 manat, 2021-ci ilin iyun ayı üzrə 1340,91 manat məbləğində pul köçürülmüşdür.
13. 14 aprel 2016-cı il tarixli “əmək müqaviləsinə əlavə razılaşma”ya əsasən 000757 saylı əmək müqaviləsinin 1.4-cü bəndi dəyişdirilərək aşağıdakı redaksiyada verilmişdir: “işçi mühəndislik və inspeksiya qrupu, tikinti departamenti, Metalkonstruksiyalar üzrə mühəndis vəzifəsinə keçirilsin.”
14. 01 iyun 2017-ci il tarixli “əmək müqaviləsinə əlavə razılaşma”ya əsasən 000757 saylı əmək müqaviləsinin 1.4-cü bəndi dəyişdirilərək aşağıdakı redaksiyada verilmişdir: “işçi Metalkonstruksiyalar üzrə mühəndis/Neft-Qaz-Mədən qurğularının tikintisi və təmiri istehsalat şöbəsi, mühəndislik və inspeksiya qrupu, tikinti departamenti vəzifəsinə keçirilsin.”
15. 02 iyul 2018-ci il tarixli “əmək müqaviləsinə əlavə razılaşma”ya əsasən 000757 saylı əmək müqaviləsinin 4.1-ci bəndi dəyişdirilərək aşağıdakı redaksiyada verilmişdir: “işəgötürən işçiyə hər ay 735 manat məbləğində vəzifə maaşı ödəyir.
16. 03 sentyabr 2018-ci il tarixli “əmək müqaviləsinə əlavə razılaşma”ya əsasən 000757 saylı əmək müqaviləsinin 4.1-ci bəndi dəyişdirilərək aşağıdakı redaksiyada verilmişdir: “işəgötürən işçiyə hər ay 770 manat məbləğində vəzifə maaşı ödəyir.
17. 21 noyabr 2019-cu il tarixli “əmək müqaviləsinə əlavə razılaşma”ya əsasən 000757 saylı əmək müqaviləsinin 4.1-ci bəndi dəyişdirilərək aşağıdakı redaksiyada verilmişdir: “işəgötürən işçiyə hər ay 808,5 manat məbləğində vəzifə maaşı ödəyir.
18. 28 noyabr 2019-cu il tarixli şəhadətnamə ilə İddiaçı Nizami oğlu ayın işçisi mükafatına layiq görülmüşdür.
19. 18 iyun 2020-ci il tarixli “əmək müqaviləsinə əlavə razılaşma”ya əsasən 000757 saylı əmək müqaviləsinin 4.1-ci bəndi dəyişdirilərək aşağıdakı redaksiyada verilmişdir: “işçinin aylıq tarix (vəzifə) maaşı 646,80 manat (qanunvericiliklə müəyyən edilmiş icbari ödəmələr daxil olmaqla) təşkil edir.
20. 21 iyul 2020-ci il tarixli “əmək müqaviləsinə əlavə razılaşma”ya əsasən 000757 saylı əmək müqaviləsinin 1.4-cü bəndi dəyişdirilərək aşağıdakı redaksiyada verilmişdir: “işçi əməliyyat departamenti, mühəndislik və inspeksiya qrupuna Metalkonstruksiyalar üzrə mühəndis vəzifəsinə keçirilsin.”
21. “X9 Company Limited” Şirkətinin Azərbaycan Respublikasında nümayəndəliyi tərəfindən İddiaçı Nizami oğluna ünvanlanmış 27 iyul 2021-ci il tarixli BE/01-436 nömrəli “əmək müqaviləsinə xitam verilməsi barədə” xəbərdarlıqla iş həcminin azalması səbəbindən Nümayəndəlikdə işçilərin sayının azaldılması və ştatların ixtisar edilməsi qərara alınmışdır. Bununla əlaqədar Metalkonstrulsiyalar üzrə mühəndis vəzifəsi 29 sentyabr 2021-ci il tarixdən ləğv ediləcəkdir.
22. “X9 Company Limited” Şirkətinin Azərbaycan Respublikasında nümayəndəliyinin 27 sentyabr 2021-ci il tarixli 234 nömrəli əmri ilə İddiaçı Nizami oğlu ilə nümayəndəlik arasında xx.xx.2010-cu il tarixdə bağlanmış əmək müqaviləsinə xx.xx.2021-ci il tarixdən xitam verilmişdir.
23. Dövlət Statistika Komitəsinin 15 iyul 2022-ci il tarixli 04/1-76 nömrəli məktubuna əsasən istehla qiymətləri indeksi 2022-ci ilin iyun ayında 2004-cü ilin iyul ayına nisbətən 355,1 faiz təşkil etmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
24. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “X9 Company Limited” Şirkətinin Azərbaycan Respublikasında Nümayəndəliyindən onun xeyrinə istirahət və bayram günləri işə görə (hesablanmaqla) 2208 manat məbləğində normadan artıq işə görə əmək haqqının, iş vaxtından artıq işlərdə əlavə vaxtda işlədiyinə görə 41.952 manat məbləğində normadan artıq işə görə əmək haqqının (xx.xx.2010-xx.xx-2014-cü illər), xx.xx.2020-ci ildən xx.xx.2021-ci ilədək olan dövrdə ona ödənilməmiş 2263,8 manat məbləğində əmək haqqının, 65.163 manat dəniz əmsalına görə əlavə pulun, 20.050,8 manat susuzluğa görə əlavə, 40.101,6 manat gecə puluna görə əlavə əmək haqqının, 1531,2 manat üzvlük haqqının ödənilməsi (geri qaytarılması) və manatın inflayasiyasının səviyyəsinə uyğun olaraq ümumi məbləğə (173.270,4 manat) 50% əlavə olunmaqla 259.905,6 manat pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
25. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 18 aprel 2023-cü il tarixli 2(010)-780/2023 saylı qətnaməsi ilə (hakim Təranə Mahmudova) iddia rədd edilmişdir.
26. Məhkəmə qeyd etmişdir ki, iş materiallarında olan Bakı şəhəri 4 saylı Mediasiya təşkilatının “Mediasiya sessiyasında iştirak edilməməsi” barədə arayışından görünür ki, İddiaçı Nizami oğlu xx.xx.2022-ci il tarixdə mediasiyanın tətbiqi barədə təkliflə müraciət etmiş, lakin cavabdeh “X9 Company Limited” Şirkətinin Azərbaycan Respublikasında nümayəndəliyi mediasiyada iştirak etmədiyi üçün xx.xx.2022-ci il tarixdə ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış tərtib edilmişdir. Bundan sonra iddiaçı xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət etmiş, lakin məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə mülki iş baxılmamış saxlanılmışdır. Məhkəmə tərəfindən iş materialları araşdırılarkən müəyyən edilmişdir ki, cavabdeh “X9 Company Limited” Şirkətinin Azərbaycan Respublikasında nümayəndəliyi mediasiyada iştirakla bağlı məlumatlandırılmamışdır (2(010)-4514/2022 nömrəli işlə bağlı müvafiq sənədlər iş materiallarına əlavə edilir). Bundan sonra iddiaçı, xx.xx.2022-ci il tarixdə təkrarən mediasiya təşkilatına müraciət etmiş və xx.xx.2022-ci il tarixdə “mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış” tərtib edilmişdir. xx.xx.2022-ci il tarixdə isə iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296.4-cü maddəsinə əsasən hazırki iş üzrə iddia müddəti 1 il təşkil edir. İddiaçı ilə cavabdeh arasında əmək müqaviləsinə xx.xx.2021-ci il tarixdə xitam verildiyindən, iddia müddətinin axımı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 368-ci maddəsinə əsasən, xx.xx.2021ci il tarixdən sonrakı gün, yəni xx.xx.2021-ci il tarixdən başlamışdır.
27. Məhkəmə hesab etmişdir ki, hazırki iş üzrə iddia müddəti hesablanarkən nəzərə alınmamalı olan müddətlər aşağıdakı kimidir: İddiaçının ilk dəfə mediasiyaya müraciət etdiyi müddət (xx.xx.2022-xx.xx.2022) və ikinci dəfə mediasiyaya müraciət etdiyi müddət (xx.xx.2022-xx.xx.2022). Qeyd olunan müddətlər çıxıldıqdan sonra geri qalan aşağıdakı müddətlər iddia müddətinə hesablanmalıdır: İddiaçının işdən çıxdığı tarixdən ilk dəfə mediasiyaya müraciət etdiyi tarixədək olan müddət (xx.xx.2021xx.xx.2022, 10 ay 18 gün), ilkin mediasiyanın qurtardığı vaxtdan ikinci dəfə mediasiyaya müraciət etdiyi tarixədək olan müddət (xx.xx.2022-xx.xx.2022, 2 ay 15 gün), sonrakı mediasiyanın qurtardığı vaxtdan hazırki iddia ərizəsilə məhkəməyə müraciət etdiyi vaxtadək olan müddət (xx.xx.2022-xx.xx.2022, 4 gün). Məhkəmə iddiaçının ilkin olaraq məhkəməyə müraciət etdiyi tarixdən işin baxılmamış saxlandığı tarixədək olan müddəti (xx.xx.2022-xx.xx.2022) də iddia müddətinə hesablamışdır. Məhkəmə hesab etmişdir ki, Mülki Məcəllənin 381.1-ci maddəsinə əsasən əgər iddia məhkəmə tərəfindən baxılmamış saxlanmışdırsa, iddia irəli sürülənədək başlanmış iddia müddətinin axımı ümumi qaydada davam edir. İddiaçı hüququnun pozulduğunu bildiyi andan 1 il 1 ay 7 gün sonra hazırki iddia ərizə ilə məhkəməyə müraciət etmişdir.
28. Məhkəmə iddiaçının “buraxılmış prosessual müddətin bərpası”na dair ərizəsinə münasibətdə qeyd etmişdir ki, hazırki iş üzrə Əmək Məcəlləsinin 296.6-cı maddəsində nəzərdə tutulmuş üzürlü səbəblərin, yəni müddəti bərpa etmək üçün qanunda müəyyən olunmuş əsasların (iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblər) olmadığı üçün buraxılmış müddət bərpa edilə və mübahisəyə mahiyyəti üzrə baxıla bilməz.
29. Məhkəmə gəldiyi nəticəni Əmək Məcəlləsinin 87, 95, 154, 159, 296-cı, Mülki Məcəllənin 368, 372, 375, 379, 381-ci maddələrinə, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanuna, “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edilməsinə dair” 30 iyul 2021-ci il tarixli Qərarına, Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 2013-cü il 3 iyun tarixli Qərarına və Mülki Prosessual Məcəllənin 14.2, 88, 217.4, 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
30. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək onun ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
31. Əsasları iddia ərizəsi ilə eynilik təşkil edən apellyasiya şikayətində göstərilmişdir ki, iş vaxtından artıq, normadan artıq və əlavə işlərə və s. cəlb edilərək işləməyi ilə əlaqədar faktları həmin vaxt onunla birlikdə işləmiş qaynaqçı və çilingər işləmiş şəxslər də təsdiq edə bilərlər. Onların məhkəmə baxışına dəvət olunaraq izahatlarının alınması ədalətli və məqsədəmüvafiqdir. Bununla əlaqədar məhkəmə prosesində iki dəfə vəsatət versə də nədənsə hakim təmin etməmiş, şahidləri dindirməmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
32. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
33. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı tərəf apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.
34. Cavabdeh tərəf apellyasiya şikayətinin əsassız olduğunu bildirərək, təmin edilməməsini xahiş etdi.
35. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadəsində göstərmişdir ki, “1977- 2017-ci illər ərzində “X9 Company Limited” Şirkətinin Azərbaycan Respublikasında nümayəndəliyində qüllə quraşdıran vəzifəsində işləmişdir. İddiaçı ilə 2010-2011-ci illərdə dənizdə bir yerdə işləmişdir. Bəzən iş vaxtından artıq işləyirdilər, konkret tarixlər yadında olmasa da, işi yekunlaşdırmaq üçün gecə də qaldıqları vaxt olmuşdur. Gecə qalmaları bəzən rəsmiləşdirilir və haqqı ödənilirdi, bəzən isə rəsmiləşdirilmir və ödənilmirdi. 2013-2014-cü ildən sonra iddiaçı ilə birlikdə işləməmişlər. 10-15 gündən bir olurdu ki, iddiaçı gecə qalırdı.”
36. X3 ifadəsində göstərmişdir ki, “o, əsasən daxili estakadada işləmişdir. 2008-2021-ci ilin iyun ayına qədər işləmişdir. Çilingər vəzifəsində işləmişdir. İddiaçı mühəndis işləyirdi, onu daimi olaraq estakadada görmüşdür.”
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Əmək Məcəlləsi
37. Maddə 87.1. İşçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir.
38. Maddə 95.1. İş vaxtının rejimi qaydaları - gündəlik iş vaxtının müddəti, onun başlanması və qurtarması, işdə fasilələrin vaxtı və müddəti, sutkadakı növbələrin sayı, növbə sənədləri və onların tərtibi, bir növbədən digər növbəyə keçirilmə, iş vaxtının cəmlənmiş uçotu, işlənmiş iş günlərinin istirahət günləri ilə əvəz edilməsi (əvəzgünün verilməsi) qaydaları, habelə həftəlik iş günlərinin sayı müəssisədaxili intizam qaydaları və ya əmək müqaviləsi, kollektiv müqavilə ilə müəyyən edilir.
39. Maddə 154.1. Əmək haqqı - müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur.
40. Maddə 159.1. Əmək şəraiti ağır və zərərli olan işlərdə və iqlim şəraitinə görə işləmək üçün əlverişli olmayan iş yerlərində işçilərin və Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində işləyən mütəxəssislərin əmək haqqının yüksək məbləğdə ödənilməsini təmin edən artımlar (əmsallar) müəyyən edilir. Əmək haqqına belə artımların (əmsalların) məbləğinin minimum miqdarı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.
41. Maddə 296.2. İşçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər.
42. Maddə 296.3. Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən biləbilə qəsdən pozulduğu gündür.
43. Maddə 296.4. Pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir. Mülki Məcəllə
44. Maddə 381.1. Əgər iddia məhkəmə tərəfindən baxılmamış saxlanmışdırsa, iddia irəli sürülənədək başlanmış iddia müddətinin axımı ümumi qaydada davam edir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
45. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
46. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
47. Maddə 384.0.2. Apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
Apellyasiya baxışının hədləri
48. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
49. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
50. Qətnamə tam yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
51. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddia rədd edilməlidir.
52. Birinci instansiya məhkəməsi iddiaçının ilkin olaraq məhkəməyə müraciət etdiyi tarixdən işin baxılmamış saxlandığı tarixədək olan müddəti də iddia müddətinə hesablamaqla prosessual pozuntuya yol vermişdir. Belə ki, iddia məhkəmə tərəfindən baxılmamış saxlandıqda, iddia irəli sürülənədək başlanmış iddia müddətinin axımı ümumi qaydada davam edir, yəni işin məhkəmənin icraatında olduğu müddət iddia müddətinə daxil olmur. Buna görə də qətnamə ləğv edilməlidir.
53. İddia ərizəsindən görünür ki, iddiaçının hazırki tələbi bir neçə hissədən ibarətdir.
54. İddia tələbinin əsaslandırılmasına görə xx.xx.2020-ci ildən xx.xx.2021-ci ilədək olan dövr ərzində vəzifə maaşının birtərəfli qaydada 20% (161,7 m.) kəsilməsini, yəni azaldılaraq 646,8 manat olmasına görə yaranmış fərq olaraq ona (161,7x14 ay) 2263,8 manat ödənilməlidir.
55. Apellyasiya baxışı zamanı iddiaçı bildirdi ki, pandemiya ilə əlaqədar olaraq 18 iyun 2020-ci il tarixli “əmək müqaviləsinə əlavə razılaşma”ya əsasən 000757 saylı əmək müqaviləsinin 4.1-ci bəndi dəyişdirilərək aylıq vəzifə maaşı 646,80 manat müəyyən olunsa da, o, buna etiraz etdiyi üçün maaşı dəyişilməz olaraq qalmış və və 808,5 manat almışdır. Bu hal hesabdan çıxarışlarla da təsdiq olunur.
56. Odur ki, iddia tələbinin bu hissə artıq mübahisə predmetinə daxil deyildir.
57. Daha sonra iddiaçı göstərmişdir ki, xx.xx.2010-cu ildən xx.xx.2014-cü ilədək 8 saat əvəzinə 12 saat işləmiş, normadan artıq işlədiyi 3 il 2 ay 3x14 = 52 ayda isə hər ayın 15 gününü işdə, 15 gününü evdə olmuşdur. Deməli, 15 gün x 4 saat = 60 saat x 52 ay = 3120 saat. 808,5 manat əmək haqqının 1 saatı üçün əmək haqqı 4,6 manat edir. Yəni, 3120 saat x 4,6 manat = 14352 x 2 = 28.704 manat, ona 14.352 manat əlavə ödənilməlidir.
58. Bundan başqa xx.xx.2014-cü ildən 8 saatlıq iş qrafikinə keçmiş, 2015-ci ilin yanvar ayından “Qum-dəniz” yatağında çalışmaqla bərabər hər ay ən azı 4-5 dəfə gəmi ilə “Bahar” yatağının müxtəlif DSÖ-lərində platformanın ümumi vəziyyətini, gəmi yanalma meydançalarının vəziyyətini, körpülərin vəziyyətini, quyuağzı işçi meydançasının vəziyyətini, rlatformalır dayaqlarının (svay) vəziyyətini, məhəccər, su, neft, qaz dirəklərinin (stoyak-dənizə enən) inspeksiyasını və təmirini həyata keçirmək məqsədi ilə getmişdir. Beləliklə, xx.xx.2015-ci ildən xx.xx.2021-ci ilədək olan dövrdə dənizdə normadan artıq əlavə işlərə cəlb edilmiş və bu 6 il – 72 ay ərzində hər ay azı 2 dəfə bu hal olmuşdur. Nəticədə 144 dəfə, hər dəfə gecə vaxtları da daxil olmaqla 10 saatdan artıq vaxt ərzində normadan artıq işlərə cəlb olunmuş və bunların saatı 10 x 144 = 1440 saat təşkil edir. Bunun pul ifadəsi ilə 1440 saat x 4,6 m = 6624 m x 2 = 13.248 manat təşkil edir.
59. Bundan başqa iddiaçı hesab edir ki, qanunvericiliyə görə istirahət və bayram günlərində işə görə əmək haqqı 2 qat məbləğdə ödənilir. Onun əmək haqqı ada əmsalı (dəniz əmsalı), susuzluğa görə, gecə vaxtı işə görə, istirahət və bayram günlərində işə görə əlavə ödənişlər ödənilməklə formalaşmalı idi. Dənizdə işləməyə görə tarif (vəzifə) maaşına 65% əlavə əmək haqqı, susuzluğa görə 20% əlavə ödəniş hesablanmalı, eləcə də axşam saatlarında işə görə əmək haqqının 40% miqdarında əlavə ödəniş edilməli idi: - istirahət və bayram günlərində işə görə - 2208 manat; - gecə vaxtı işə görə - 40.101,6 manat; - susuzluğa görə - 20.050,8 manat; - dəniz əmsalına görə isə əmək haqqının 65% ilə göütürüldükdə: 525,5m x 52 = 27.327,3 m; 525,5 m x 72 = 37.836 m. Cəmi: 65.163 manat.
60. Bundan başqa ödənilməli olan əmək haqları 2010-2014 və 2015-2021-ci illərə aiddir. Həmin illərdən indiyədək manatın məzənnəsi 55-60 %-dək devalvasiyaya uğarmış və ya istehlak qiymətləri indeksi həmin illərə nisəbətən 355 % təşkil etmişdir (AMB və DSK-nın arayışları). Manatın inflayasiyasının səviyyəsinə uyğun olaraq ümumi məbləğə (173.270,4 manat) 50% əlavə olunmaqla 259.905,6 manat təşkil edir.
61. Nəhayət, iddiaçı hesab edir ki, Həmkarlar İttifaqına ödədiyi 1531,2 manat üzvlük haqqı geri qaytarılmalıdır.
62. Cavabdeh tərəf iddianı əsassız hesab edir, bildirir ki, iddiaçının əmək haqqı həmişə yerinə yetirilmiş işlərə uyğun hesablanaraq ödənilmişdir. Əks təqdirdə iddiaçı bu qədər zaman gözləməzdi. Pandemiya dövründə işçilərin maaşı 20% azaldıldıqda iddiaçı buna etiraz etdiyi üçün onun maaşı dəyişməmişdir.
63. Cavabdeh tərəf həmçinin iddia müddətinin tətbiqi barədə ərizə vermişdir.
64. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296.4-cü maddəsinin tələbinə görə pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir.
65. Qanunvericiliyin tələbindən görünür ki, pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələri ilə bağlı 1 illik iddia müddəti müəyyən edilmişdir. Bu tələblərlə bağlı işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən 1 il ərzində iddia qaldırmalıdır.
66. İddiaçı 27 sentyabr 2021-ci il tarixdə işdən çıxmışdır.
67. Kollegiya qeyd edir ki, iddiaçı işdən çıxdığı tarixdən əvvəlki bir ilə qədər olan dövr üzrə iddia müddətini ötürmüşdür. Ona görə də prosessual qənaət prinsipi baxımından həmin dövr üçün hər hansı araşdırma aparılmadan həmin hissələrdə iddia tələbi rədd edilməlidir.
68. Son bir il üzrə iddia tələbinə münasibətdə isə Kollegiya qeyd edir ki, iddiaçı tələbini təsdiq edən halları sübuta yetirə bilməmişdir. İddiaçı tələbinin əsası kimi istinad etdiyi hallara dair, yəni hansı tarixlərdə və hansı müddətdə əlavə işlərə cəlb olunması ilə bağlı hər hansı konkret məlumat təqdim edə bilmir, tələbini ümumi sözlərlə əsaslandırır (mütamadi olaraq, demək olar ki, hər həftə və s.). Cavabdeh isə iddiaçının dəlillərini qəbul etmir və bildirir ki, iddiaçıya əmək haqqı əmək qanunvericiliyinə uyğun şəkildə ödənilmiş, iddiaçının bununla bağlı heç vaxt heç bir etirazı olmamışdır.
69. İddiaçı sübut kimi şahid ifadələrinə istinad etsə də, şahid ifadələri də müfəssəl deyil, ümumi sözlərdən ibarətdir. Ona görə də həmin ifadələr iddianı təsdiq edən sübut kimi qəbul oluna bilməz.
70. Həmkarlar Təşkilatına ödənilmiş üzvlük haqqı ilə bağlı iddiaçının ərizəsi olmuşdur və həmin ödənişin (son bir il üçün) geri qaytarılması da yolverilməzdir.
71. Qanunverici məhkəmənin üzərinə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırıb, onlardan istifadə etmək vəzifəsini, tərəflərin üzərinə isə tələb və etirazlarının əsası kimi istinad etdikləri halları məhkəmədə sübut etmək vəzifəsini qoymuşdur.
72. İddiaçı hazırki tələbinin əsasını təşkil edən halları sübuta yetirə bilmədiyi üçün iddia tələbi rədd edilməlidir.
73. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-780/2023 saylı iş üzrə 18 aprel 2023-cü il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı Nizami oğlunun cavabdeh “X9 Company Limited” Şirkətinin Azərbaycan Respublikasında nümayəndəliyinə qarşı “əmək haqqının ödənilməsi və s. tələbinə dair” iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən iki ay müddətində Azərbaycan Respublikasının Ali Məhkəməsinə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.