Məhkəmə qərarları › İş №2(103)-3939/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3939/2023

22.08.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3939/2023 22.08.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Azneft” İB-yə qarşı mənəvi zərərin əvəzinin ödənilməsi ttələbinə dair mülki iş üzrə (açar sözlər: mənəvi zərərin əvəzinin ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X5 (sədrlik edən və məruzəçi), X14 və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Orucova Məryəm Faiq qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Azneft” İB-yə qarşı mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 11 aprel 2023-cü il tarixli, e2(009)-518/2023 nömrəli qətnaməsindən iddiaçı və cavabdehin apellyasiya şikayətlərinə əsasən mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. X8 ilə X9 arasında nikah 17 fevral 1978-ci il tarixdə qeydə alınmışdır.

2. X8 29 oktyabr 2011-ci ildə vəfat etmişdir.

3. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 10 iyul 2012-ci il tarixli, 1(003)-262/2012 nömrəli hökmündən görünür ki, X11 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 162.2-ci maddəsi ilə təqsirli bilinərək vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə 2 il müddətinə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə təqsirli bilinərək 2 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən X7 təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə üzərində qəti olaraq 2 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Azərbaycan Respublikası CM-nin 70-ci madddəsinə əsasən cəzası 1 il sınaq müddəti ilə şərti hesab edilmişdir.

Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 60000 manat məbləğdə pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddianın əsaslarına görə, X11 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 162.2-ci maddəsi ilə təqsirli bilinərək vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə 2 il müddətinə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə təqsirli bilinərək 2 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən X7 təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə üzərində qəti olaraq 2 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Azərbaycan Respublikası CM-nin 70-ci madddəsinə əsasən cəzası 1 il sınaq müddəti ilə şərti hesab edilmişdir. Yaşar Muradovun məhkum edilməsinə səbəb onun səhlənkarlıq, yəni vəzifəli şəxs olaraq işə vicdansız və laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini lazımi qaydada yerinə yetirməməsi nəticəsində ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmasıdır. Belə ki, X11 Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Azneft” İB-nin 28 may NQÇİ-də Quyuların Əsaslı və Yeraltı Təmir sexinin rəisi vəzifəsində işləyən zaman, 29 oktyabr 2011-ci ildə saat 09 radələrində Xəzər dənizinin “Günəşli” neft yatağındakı 3 saylı X22 125 saylı istismar quyusunda təmir işləri aparılarkən səhlənkarlıq, yəni vəzifəli şəxsin işə vicdansız və laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsinin lazımi qaydada yerinə yetirilməməsi nəticəsində fiziki şəxslərin və dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmuş, eləcə də “Neftqazçıxarma sənayesində təhlükəsizlik qaydalarının” 1.14.4.11, 1.14.4.16, 1.19.5, “Quyuların əsaslı yeraltı təmiri sexi rəisinin” vəzifə təlimatının 2.16, 2.17, 2.36 bəndlərinin tələblərini yəni, qaldırıcı qurğu aparılan yükləmə-boşaltma işlərinin mühəndis-texniki heyyətdən xüsusi olaraq ayrılmış şəxsin nəzarəti altında aparılması, uzunölçülü yüklə qaldırılan zaman ona əl ilə istiqamət verilməsinin qarşısının alınması üçün tədbirlə və fərdi mühafizə vasitələrindən-qoruyucu dəbilqədən düzgün istifadə edilməsinə nəzarəti, habelə təhlükəsiz və sağlam iş şəraitini, ustaların, briqadaların, işin əlaqələndirmək, müəyyən olunmuş vaxtda idarə rəhbərliyini sexdəki əmək şəraitinin vəziyyəti, əmək şəraitini yaxşılaşdırılması və sağlamlaşdırılması üzrə görülən işlər, verilən əmr, sərəncam və göstərişlərin yerinə yetirilməsi haqqında məlumat verilməsini təşkil etməmiş, həmin vaxt təmir quyusundan çıxarılan dəmir borulardan biri X24 tipli elavatorun qıfılından açılaraq qazmaçı X8 və qazmaçı köməkçisi X12 dəymiş, nəticədə Nəhməd Gözəlov təpə nahiyyəsinin əzilmiş yarası, başın yumşaq toxumalarının iç səthinə beyin toxumasına və beyinin yumşaq qişasına geniş qansızma, Fikrət Qazıyev isə təpə nahiyyəsinin əzilmiş yarası, təpə sümüyünün xətti sınığı, başın yumşaq toxumalarının iç səthinə, beyin toxumasına və beyinin yumşaq qişasına qansızmalarla müşayiət olunan ağır dərəcəli zərərvurmaya aid xəsarətlər alaraq hadisə yerində ölmüş, bununla da o, ehtiyatsızlıqdan insan ölümünə səbəb olan səhlənkarlıq və əmək mühafizəsi qaydalarını pozmuşdur. Baş vermiş cinayət hadisəsi nəticəsində 33 il birgə yaşadığı həyat yoldaşının həlak olmasından sonra sanki həyatı sönüb. Keçirdiyi ruhi sarsıntı, iztirab indiyədək davam edir. Həmişə sevincini, kədərini həyat yoldaşı ilə bölüşərdi. O həlak olandan sonra isə onu görməkdən, ünsiyyətdə olmaqdan, sevincli anlar yaşamaqdan məhrum olub. Əzizini itirmək ona unudulması mümkün olmayan davamlı əzab və iztirab verir.

6. Cavabdeh iddia ərizəsinə etiraz verərək bildirmişdir ki, 29 oktyabr 2011-ci il tarixdə X6 öz xidməti vəzifəsinin lazımi qaydada yerinə yetiriİməməsi nəticəsində X2 ölümünə səbəb olmuşdur. X13 barəsində Azərbaycan Respublikası CM-nin 162.2 və 314.2-ci maddələri ilə cinayət işi başlanılmış və o, törətdiyi cinayət əməlinə görə Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 10 iyul 2012-ci il tarixli, 1(003)262/2012 nömrəli hökmü ilə təqsirli bilinərək, 2 il 6 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Cavabdehin neft-qaz yataqların işlənməsi, qaz anbarının istismarı, neft-qaz çıxarmanın texniki-iqtisadi cəhətdən səmərəliliyinin təmin edilməsi istiqamətində fəaliyyət göstərir. Respublikanın büdcə gəlirlərinin yüksək hissəsi neft-qaz satışından əldə edilir. Hazırda işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı yenidənqurma və təmir işlərini həyata keçirir. Qeyd olunan işlərin uğurla həyata keçirilməsi böyük maliyyə vəsaiti tələb edilir. İddiaçının mənəvi ziyan tələbi ilə əlaqədar olaraq bildirlər ki, zərərin əvəzini zərər vurmuş şəxs ödəməlidir.

7. Cavabdeh etiraza əlavə verərək bildirmişdir ki, iddia ərizəsinə dair etiraz məhkəməyə təqdim edilmiş, lakin 10 aprel 2023-cü il tarixdə iddia tələbinin əsassız olmasına dair yeni sübutlar əldə olunmuşdur. “Azneft” İB ilə "Paşa Həyat" sığorta arasında “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarına” dair 0094/11 nömrəli sığorta müqaviləsi bağlanmışdır. Həmin sığorta müqaviləsi üzrə sığorta olunan X10, 108035,28 manat sığorta məbləği müəyyən edilmişdir. 10 avqust 2015-ci il tarixli sığorta aktından və 11 avqust 2015-ci il tarixli ödəniş tapşırığından görünür ki, “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarına” dair ******* nömrəli sığorta müqaviləsi üzrə X3 vəfatı ilə əlaqədar 5243,34 manat İddiaçı ödənilmişdir. 20 sentyabr 2016-cı il tarixli sığorta aktından və 23 sentyabr 2016-cı iİ tarixli ödəniş tapşırığından görünür ki, “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsmdə peşə əmək qabiliyyətinin itirilməsi hallarına” dair 0094/11 nömrəli sığorta müqaviləsi üzrə X3 vəfatı ilə əlaqədar 22046,84 manat İddiaçı ödənilmişdir. Həmçinin, iddiaçı Məlahət X1 vəfati ilə əlaqədar olaraq 19 avqust 2013-cü il tarixdə 10489,64 manat və 19 avqust 2014-ci il tarixdə 5243,34 manat pul ödənilmişdir. Göründüyü kimi, X3 vəfatı ilə əlaqədar həyat yoldaşı, İddiaçı cavabdehin təşəbbüsü ilə bağlanmış sığorta müqaviləsi üzrə 43023,16 manat pul ödənilmişdir.

8. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 11 aprel 2023-cü il tarixli, e2(009)- 518/2023 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Azneft” İB-dən 10000 manat pul vəsaitinin tutularaq İddiaçı ödənilməsi, cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Azneft” İB-dən dövlət nəfinə dövlət rüsumunun əvəzi kimi 120 manat məbləğdə pulun tutulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.

9. Qətnamənin əsaslarına görə, iddiaçının həyat yoldaşının iş yerində baş vermiş bədbəxt hadisə nəticəsində vəfat etməsi işin sübuta yetirilmiş halıdır. Bununla bağlı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Azneft” İB-nin işçisi X13 məhkəmə hökmü ilə təqsirli bilinərək 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Deməli, hazırkı işdə zərərçəkənin həyat yoldaşının ölümünün cavabdeh təşkilatın işçisinin qanunsuz hərəkəti nəticəsində baş verməsi, həmin hərəkətlə mənəvi zərər arasında səbəbli əlaqənin olması sübuta yetirilmişdir. Həyat yoldaşının hadisə nəticəsində vəfat etməsinin iddiaçı üçün mənəvi məhrumiyyətlərlə nəticələnməsi labüddür. Təqsirkarın təqsirinin dərəcəsi də təzminatın miqdarının müəyyən edilməsində əhəmiyyət kəsb edir. Çünki, ehtiyatsızlıqla cinayət törətmiş şəxsdən tutulan zərərin məbləği, qəsdən cinayət törətmiş şəxsdən tutulan zərənin məbləğindən fərqləndirilməlidir. Ona görə ki, ehtiyatsızlıqla cinayət törədən şəxs həmin əməlin ictimaitəhlükəli nəticələrini ya görmür, və yaxud arzu etmir, amma qəsdən cinayət törədən şəxslər əksinə, ictimai təhlükəli nəticəni görür, arzu edir (daha təhlükəli əməl). Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Hadisədən uzun müddət keçdikdən sonra mənəvi zərərin təsirinin azalması da labüddür. Belə ki, iddiaçı mənəvi ziyana görə altmış min manat pul tələb edir. Məhkəmə hesab etmişdir ki, zərərçəkənin ölümünə səbəb olmuş hadisə ehtiyatsızlıqla törədilmiş cinayət olduğundan zərərin məbləği 10000 manat məbləğdə müəyyən edilməlidir.

10. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097, 1115-ci maddələri, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixli Qərarına istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

11. İddiaçı və cavabdeh qətnamədən apellyasiya şikayətləri verərək, iddiaçı qismən ləğv edilib, iddianın tam təmin olunması, cavabdeh isə ləğv edilib iddianın təmin olunmaması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər.

12. İddiaçının şikayətin dəlillərinə görə, qətnamədə qeyd olunur ki, iztirab və sarsıntının nəticəsi olan zərər, zərərçəkənin hiss etdiyi fiziki və ya psixoloji ağrı şəklində ortaya çıxdığına görə təzminat bu ağrının dərəcəsinə mütənasib olmalıdır. Ağrının şiddəti obyektiv faktorlara görə dəyərləndirilir. Belə obyektiv faktorlara, törədilən hüquqazidd əməlin növü, ölçüsü, şiddəti, davam etdiyi müddət, zərərçəkən şəxsdə mənfi fiziki və psixoloji təsiri misal göstərmək olar. Zərərin ağırlığının çox olması təzminat miqdarının yüksək olmasını, zərərin ağırlığının az olması isə təzminat miqdarının aşağı olmasını şərtləndirir. 12 ildən artıqdır o bu sarsıntılara, əzablara, iztirablara məruz qalır. Ərinin faciəli şəkildə ölməsindən sonra onun xəsarətli cəsədi gözünün önündə bir şəkil kimi canlanır. Bu və iddia ərizəsində sadalanan digər hallar onun qadın olaraq davamlı mənəvi iztirab və sarsıntı keçirməsinə səbəb olur. Məhkəmə yalnız kompensasiyanın ödənilməli olmasını deyil, həm də ödəniləcək məbləğin miqdarını da əsaslandırmağa borcludur. Vəkilin izahatında analoji işlər üzrə təyin edilən kompensasiya məbləği ilə bağlı məhkəmə aktlarına istinad etmiş, qərarlara əsasən səhlənkarlıq cinayəti nəticəsində mülki hüquq pozuntusu səbəbi ilə 1 nəfərin ölümünə görə vurulmuş mənəvi zərərə təyin edilən kompensasiya məbləğinin 30000 manat və daha yuxarı həddə təmin edildiyini bildirmişdir. Lakin, məhkəmə, analoji işlərlə bağlı məhkəmə təcrübəsinə toxunmamış, bərabərlik, ədalətli məhkəmə araşdırması, hüquq və azadlıqların məhkəmə təminatına dair konstitusion prinsipləri pozmuşdur. Bu da iddiaçıya qeyri-mütənasib, az kompensasiyanın təyin edilməsi, pozuntunun adekvat və effektiv şəkildə aradan qaldırılması prinsipinə uyğun olmayaraq həll edilməsi ilə nəticələnmişdir. Birinci instansiya məhkəməsi qətnamədə qeyd edir ki, hadisədən uzun müddət keçdikdən sonra mənəvi zərərin təsirinin azalması da labüddür. Həyat yoldaşıyla bərabər o da ölsəydi labüd olardı. O hər gün mərhum ərinin yoxluğunu yaşayır. Əziz insanın, xüsusən ailə başçısı olan kişinin yoxluğunun yüklədiyi mənəvi zərərə məruz qalan qadının çəkdiyi sarsıntı, iztirablar azalırmı? Onun 64 yaşı var, 20 yaşı yoxdur ki, bütün həyatı qarşıdadır, gedib yenidən ailə quraram deyib heç nə olmamış kimi yaşamağa davam etsin. Konstitusiya Məhkəməsi Plenumunun 24 aprel 2020-ci il tarixli qərarında qeyd olunur ki, mənəvi təzminatın həcmi (miqdarı, məbləği) müəyyən edilərkən iddia irəli sürən insanla ölən və ya sağlamlığına zərər vurulmuş şəxs arasındakı şəfqət və mənəvi bağlılığının möhkəmliyi, keçirilmiş iztirabın vəsarsıntının dərəcəsi, onların birlikdə və ya ayrı yaşamaları, ər-arvad olduqları təqdirdə, həmçinin evlilik həyatının müddəti və s. amillər nəzərə alınmalıdır.

13. Cavabdehin şikayətinin dəlillərinə görə, zərərin əvəzini zərər vurmuş şəxs ödəməlidir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 10 iyul 2012-ci il tarixli, 1(003)- 262/2012 nömrəli hökmündən də görünür ki, X13 öz xidməti vəzifəsinə lazımi qaydada yerinə yetirməməsi, səhlənkarlığa yol verməsi nəticəsində fiziki şəxs vəfat etmişdir. “Azneft” İB tərəfindən nə cinayət, nə də mülki hüquq pozuntusu olmadığından, hazırki iddia tələbi cavabdehdən deyil X4 tələb edilə bilər. X3 vəfatı ilə əlaqədar həyat yoldaşı, İddiaçı cavabdehin təşəbbüsü ilə bağlanmış sığorta müqaviləsi üzrə 43023,16 manat pul ödənilmişdir. Məhkəmə iddiaçının cavabdehin təşəbbüsü ilə bağlanmış sığorta müqaviləsi üzrə 43023,16 manat pulu almasını və hadisədən uzun müddət ötməsini, mənəvi zərərin təsirinin artıq olmamasını nəzərə almalı idi.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Apellyasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

15. İddiaçının nümayəndəsi Vəkil1 iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti ilə eyni məzmunlu izahat verdi və cavabdehin apellyasiya şikayətinin dəlilləri ilə razı olmadığını bildirdi.

16. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh məhkəmə iclasına gəlmədiyi üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmışdır.

Tətbiq edilən hüquq

17. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.6. Başqa şəxsə zərər vurulması; Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir; Maddə 1099.1. Hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir; Maddə 1099.2. Bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun; Maddə 1114.1. Başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır.

18. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixli Qərarı: “Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. ... Mənəvi təzminatı tələb etmək hüququ olan şəxslərin dairəsinə gəlincə isə qeyd edilməlidir ki, bu hüquqa ölən və ya sağlamlığına zərər vurulan şəxsin yaxınları malik ola bilər. Şəxsin “yaxını” dedikdə onun məhz ailə hüququ çərçivəsində qohumu deyil, ölmüş və ya sağlamlığına zərər vurulmuş şəxslə xüsusi bağlılığı ilə səciyyələnən, səmimi münasibətinin və mənəvi yaxınlığının olduğu, həyatında mühüm yer tutan, uzun müddət birgə yaşadığı və birgə təsərrüfat apardığı, ölümündən və ya sağlamlığına vurulan zərər nəticəsində həyat şəraiti dəyişmiş, həqiqətən mənəvi sarsıntı, əzab və iztirab keçirmiş insan nəzərdə tutulur. Məhkəmələr mənəvi zərərə görə təzminat müəyyən edərkən hər baxılan iş üzrə sosial, psixoloji və iqtisadi qiymətləndirməni mütənasiblik və ədalətlilik prinsipləri əsasında aparmalıdırlar. Mənəvi təzminatın həcmi (miqdarı, məbləği) müəyyən edilərkən iddia irəli sürən insanla ölən və ya sağlamlığına zərər vurulmuş şəxs arasındakı şəfqət və mənəvi bağlılığının möhkəmliyi, keçirilmiş iztirabın və sarsıntının dərəcəsi, onların birlikdə və ya ayrı yaşamaları, ər-arvad olduqları təqdirdə, həmçinin evlilik həyatının müddəti və s. amillər nəzərə alınmalıdır. Ana və atanın uşaqlarının, nənə və babanın nəvələrinin ölümü və ya sağlamlığına zərər vurulması səbəbi ilə mənəvi təzminat tələblərində zərərçəkmişin tək uşaq (nəvə) olması, valideynlərin yenidən uşaq dünyaya gətirəcək yaşda olub-olmamaları kimi amillər də diqqətə alınmalıdır. Uşaqların ana və atalarının ölümü və ya sağlamlığına zərər vurulması səbəbi ilə mənəvi təzminat tələblərində onların ata və analarına möhtac yaşda olmaları, fiziki və ya əqli məhdudiyyətli olmaları əsas götürülməlidir. Hüquqazidd hərəkətdən zərərçəkmiş qardaş və ya bacıların mənəvi təzminat tələbinə baxılarkən onlar arasında doğmalıq və sevgi hislərinin, mütəmadi və sıx ünsiyyətlərinin olub-olmaması kimi məqamlar nəzərdən keçirilməlidir. ... Beləliklə, mənəvi zərərin vurulmasının sübut edilməsinin kifayət qədər mürəkkəb olması mübahisəsizdir. Bu növ iddialarda şəxs maddi deyil, mənəvi aləmində, şüurunda baş vermiş mənfi halları, sarsıntını, yaşamaq eşqinin azalmasını və s. məhkəmə qarşısında sübut etməlidir. Bu baxımdan Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, məhkəmədə mənəvi zərərlə bağlı işə baxılarkən zərərçəkmiş şəxsin mənəvi və fiziki iztirablar keçirməsi ilə əlaqədar zərərin hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində vurulması, zərər vuranın təqsirinin dərəcəsi və mübahisənin həlli üçün əhəmiyyət kəsb edən digər hallar ətraflı araşdırılaraq müəyyən edilməlidir. Vurulmuş mənəvi zərərə görə təzminatın məbləğinin hesablanması zamanı məhkəmələr cavabdehin maddi durumunu nəzərə almalıdır. Həmçinin məhkəmələr tərəfindən nəzərə alınmalıdır ki, şəxsin ölümü və ya sağlamlığına vurulmuş zərər təkcə qohumlarının deyil, həm də onun dostlarının, tanışlarının da mənəvi sarsıntı, məyusluq hissləri keçirməsinə səbəb ola bilər. Lakin məhkəmələr hüquq pozuntusu nəticəsində yaranan mənəvi zərərə görə şəxsin məsuliyyətini müəyyən edərkən güclü emosional hisslərlə ağır mənəvi sarsıntı və iztirab hisslərini fərqləndirməlidirlər.”

19. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 03 noyabr 2008-ci il tarixli Qərarı: “8. Plenum izah edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur.”

20. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” 24 aprel 2020-ci il tarixli Qərarı: “Mənəvi təzminatı tələb etmək hüququ olan şəxslərin dairəsinə gəlincə isə qeyd edilməlidir ki, bu hüquqa ölən və ya sağlamlığına zərər vurulan şəxsin yaxınları malik ola bilər. Şəxsin “yaxını” dedikdə onun məhz ailə hüququ çərçivəsində qohumu deyil, ölmüş və ya sağlamlığına zərər vurulmuş şəxslə xüsusi bağlılığı ilə səciyyələnən, səmimi münasibətinin və mənəvi yaxınlığının olduğu, həyatında mühüm yer tutan, uzun müddət birgə yaşadığı və birgə təsərüfat apardığı, ölümündən və ya sağlamlığına vurulan zərər nəticəsində həyat şəraiti dəyişmiş, həqiqətən mənəvi sarsıntı, əzab və iztirab keçirmiş insan nəzərdə tutulur. Məhkəmələr mənəvi zərərə görə təzminat müəyyən edərkən hər baxılan iş üzrə sosial, psixoloji və iqtisadi qiymətləndirməni mütənasiblik və ədalətlilik prinsipləri əsasında aparmalıdırlar. Mənəvi təzminatın həcmi (miqdarı, məbləği) müəyyən edilərkən iddia irəli sürən insanla ölən və ya sağlamlığına zərər vurulmuş şəxs arasındakı şəfqət və mənəvi bağlılığının möhkəmliyi, keçirilmiş iztirabın və sarsıntının dərəcəsi, onların birlikdə və ya ayrı yaşamaları, ər-arvad olduqları təqdirdə, həmçinin evlilik həyatının müddəti və s. amillər nəzərə alınmalıdır.”

21. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 18 aprel 2022-ci il tarixli Qərarı: “İşəgötürənin iqtisadi vəziyyətinin işçi ilə müqayisədə daha üstün olması və zərər görmüş üçüncü şəxslərin mənafeyinin müdafiəsinin mümkün qədər tez vaxtda təmin edilməsi düşüncəsindən çıxış edərək qanunverici işəgötürənin işçisinin vurmuş olduğu zərərə görə mülki hüquq məsuliyyəti daşımasını ədalətli və məqsədəmüvafiq hesab etmişdir. Lakin bu heç də işçinin təqsirli olaraq törətmiş olduğu mülki hüquq pozuntusuna görə məsuliyyətinin istisna edilməsini ifadə etmir. Belə ki, qeyd edildiyi kimi, Mülki Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Odur ki, zərərçəkənin istəyinə uyğun olaraq dəymiş zərərin əvəzinin ödənilməsi iddiası birgə məsuliyyətlilərdən işəgötürənə və ya işçiyə və ya eyni vaxtda hər ikisinə qarşı sürülə bilər. Həmçinin Mülki Məcəllənin 1114.1-ci maddəsinə əsasən, başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır.”

22. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər; Maddə 5.1. Hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır; Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.3. qətnaməni dəyişdirə bilər.

Apellyasiya baxışının hədləri

23. İddiaçının apellyasiya şikayəti ilə qətnamə iddia təmin olunmayan, cavabdehin apellyasiya şikayəti ilə isə iddia təmin olunan hissələrdə mübahisələndirildiyindən, məhkəmə aktı hər iki şikayətin dəlilləri üzrə tam yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

24. İşin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından qiymət verən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən tutulmuş mənəvi zərərin məbləği dəyişdirilməlidir.

25. İlk öncə qeyd olunmalıdır ki, birinci instansiya məhkəməsi işin halları üzrə mənəvi zərərin tutulmalı olması ilə bağlı ümumən doğru nəticəyə gəlmişdir. Şikayətlərin dəlilləri qətnamənin ləğvinə əsas vermir.

26. İddiaçının şikayətinin dəlilləri keçirdiyi mənəvi iztirabların, sarsıntıların ağırlığı, birinci instansiya tərəfindən müəyyən edilmiş mənəvi zərər məbləğinin bu iztirablara mütənasib olmaması ilə bağlıdır.

27. Məhkəmə kollegiyası iddiaçının şikayətinin dəlillərini qismən əsaslı hesab edərək, qeyd edir ki, anoloji işlərlə bağlı formalaşmış məhkəmə təcrübəsi əsasında, həmçinin hazırkı işin spesifik halları baxımından birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş mənəvi zərərin məbləği ədalətli hesab edilə bilməz. Kollegiya hesab edir ki, iddiaçının ərinin ölümü nəticəsində keçirdiyi mənəvi sarsıntıların, psixoloji stressin və əzab-əziyyətin qarşılığı olaraq mənəvi zərərin məbləği 20000 manat məbləğdə müəyyənləşdirilməlidir.

28. Belə ki, Konstitusiya Məhkəməsi Plenumunun 24 aprel 2020-ci il tarixli Qərarında qeyd olunur ki, mənəvi təzminatın həcmi (miqdarı, məbləği) müəyyən edilərkən iddia irəli sürən insanla ölən və ya sağlamlığına zərər vurulmuş şəxs arasındakı şəfqət və mənəvi bağlılığının möhkəmliyi, keçirilmiş iztirabın vəsarsıntının dərəcəsi, onların birlikdə və ya ayrı yaşamaları, ər-arvad olduqları təqdirdə, həmçinin evlilik həyatının müddəti və s. amillər nəzərə alınmalıdır.

29. Hazırkı işdən isə müəyyən olunur ki, iddiaçı mərhum əri ilə 1978-ci ildə ailə həyatı qurmuş, təxminən 33 il evli qalmışlar.

30. Lakin, baş vermiş hadisədən artıq 12 il keçməsi onu qəti surədə deməyə əsas verir ki, iddiaçının hadisənin ilk vaxtlarında keçirdiyi arzuolunmaz mənəvi-psixoloji stressin səviyyəsi ilə hazırkı vaxtda keçirdiyi stressin səviyyəsi eyni ola bilməz. Ona görə də iddia tələbinin iddiaçının qeyd etdiyi formada, tam həcmdə təmin olunması əsaslar lf hazırda mövcud deyildir.

31. Məhkəmə kollegiyası cavabdehin şikayətinin dəlilləri ilə isə razılaşmayaraq qeyd edir ki, zərərin əvəzini zərər vurmuş şəxsin özünün ödəməli olması ilə bağlı mövqe əsaslı hesab edilə bilməz. Çünki, iddiaçı hazırkı tələbini işəgötürənə qarşı yönəltməklə mümkün qanuni seçim imkanlarından birini seçmişdir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 18 aprel 2022-ci il tarixli Qərarında göstərilmişdir ki, işəgötürənin iqtisadi vəziyyətinin işçi ilə müqayisədə daha üstün olması və zərər görmüş üçüncü şəxslərin mənafeyinin müdafiəsinin mümkün qədər tez vaxtda təmin edilməsi düşüncəsindən çıxış edərək qanunverici işəgötürənin işçisinin vurmuş olduğu zərərə görə mülki hüquq məsuliyyəti daşımasını ədalətli və məqsədəmüvafiq hesab etmişdir.

32. İddiaçının mərhum ərinin vəfatı ilə əlaqədar sığorta müqaviləsi üzrə sığorta ödənişinin ödənilməsi barədə dəlil isə ona görə əsassızdır ki, sözügedən sığorta müqaviləsinin təyinatı istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarıdır və bu cür sığorta ödənişi heç bir halda mənəvi zərərin qarşılığı qismində nəzərə alına bilməz.

33. Beləliklə, hazırkı mülki işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın qismən təmin edilməsi ilə əlaqədar gəldiyi nəticə mənəvi zərərin məbləği hissədə düzgün olmamışdır, iddiaçının apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə qismən təsdiq olunmaqla, qətnamənin dəyişdirilməsinə əsas verir. Bununla bağlı olaraq, iddiaçının şikayəti qismən təmin edilməli, qətnamə müzakirə olunan qaydada dəyişdirilməli, cavabdehin şikayəti təmin olunmamalıdır.

34. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:

Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 11 aprel 2023-cü il tarixli, e-2(009)- 518/2023 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 11 aprel 2023-cü il tarixli, e-2(009)- 518/2023 nömrəli qətnaməsi mənəvi zərərin məbləği hissəsində dəyişdirilsin. Mənəvi zərərin məbləği 20000 manat müəyyən edilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Azneft” İstehsalat Birliyinin şikayəti təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

HAKİMLƏR Fərrux Qasımov

Fuad Abdıyev Xəyal Sarıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar