Məhkəmə qərarları › İş №2(103)-3942/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3942/2024

05.07.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3942/2024 05.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə (Açar sözlər: alimentin miqdarının artırılması) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X5 (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X2 ibarət tərkibdə, Əliyev Ülfət Vilayət oğlunun katibliyi, cavabdehin nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsindən Cavabdeh (nümayəndəsi və vəkili Nümayəndə vasitəsilə) tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı:

1. Tərəflər vaxtilə rəsmi nikaha daxil olmuşlar və birgə nikahlarından övladları dünyaya gəlmişdir. Sonradan məhkəmə qətnaməsi ilə tərəflərin nikahları pozulmuş, uşaqlar ananın himayəsinə verilmişdir. Hazırda cavabdeh uşaqlarının yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün aylıq gəlirlərinin 1/3 hissəsi miqdarında aliment ödəyir. Qanuna əsasən, hər uşaq üçün yaşayış minimumu 235 manat məbləğində müəyyən edildiyindən iddiaçı məhkəməyə müraciət edərək, alimentin miqdarının artırılmasını və sabit pul məbləğində tutulmasını tələb etmiş, məhkəmə tərəfindən qətnamə çıxarılaraq, iddia tələbi təmin edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv, iddia tələbinin isə rədd olunmasını xahiş etmişdir.

a) Birinci instansiya məhkəməsində icraat:

2. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə, daha sonra isə iddia ərizəsinin dəqiqləşdirilməsi barədə xx.xx.2024-cü il tarixli ərizə ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə (bundan sonra mətndə - birinci instansiya məhkəməsi) müraciət edərək, cavabdehlə birgə nikahlarından doğulmuş xx.xx.2014-cü il təvəllüdlü X4 və xx.xx.2015-ci il təvəllüdlü qızı X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay ödənilən alimentin miqdarının artırılaraq, hər uşağa görə 235 manat, cəmi 470 manat məbləğində müəyyən edilməsini xahiş etmişdir.

3. İddiaçı tələbini belə əsaslandırmışdır ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(011)- 5196/2016 nömrəli qətnaməsi ilə xx.xx.2014-cü il təvəllüdlü oğlu X4 və xx.xx.2015-ci il təvəllüdlü qızı X1 üçün Cavabdeh hər ay qazancının və başqa gəlirlərin 1/3 hissəsi məbləğində aliment tutulması qət edilmişdir. Hal-hazırda cavabdeh hər iki uşağa görə cəmi 265 manat məbləğində aliment ödəyir. Artıq 2016-cı ildən indiyədək həm pullar infilyasiyaya uğramış, həm kəskin bahalaşma getmiş, eyni zamanda 2023-cü ilin yanvarından Azərbaycan Respublikasında hər uşağa görə alimentin miqdarı 220 manat təşkil etmişdir. Ona görə də alimentin artırılması barədə tələblə müraciət etmək məcburiyyətində qalmışdır.

4. Birinci instansiya məhkəməsinin xx.xx.2024-cü il tarixli (2(001)-1045/2024 nömrəli mülki iş üzrə, hakim R.Qoşqarlı) qətnaməsi ilə iddia tələbi təmin edilmiş, tutulan alimentin miqdarı dəyişdirilərək hər ay hər uşaq üçün 235 manat, ümumilikdə 470 manat sabit pul məbləğində müəyyən edilmiş, hazırkı qətnamə qanuni qüvvəyə mindiyi gündən həmin miqdarda alimentin Cavabdeh tutularaq İddiaçı ödənilməsi və Cavabdeh 30 manat məbləğində dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir.

5. Məhkəmə qətnaməsini belə əsaslandırmışdır ki, cavabdehdən qazancının və başqa gəlirlərinin 1/3 hissəsi miqdarında alimentin tutulması haqqında məhkəmə qətnaməsinin qəbul edilməsindən 1 ildən çox müddət keçmiş, ödəmələrin miqdarını müəyyənləşdirən hallar artıq dəyişmiş və alimentin ödənilməsinin əvvəlki qaydada davam etməsi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün yetərli deyildir. Beləliklə, uşağın saxlanmasının hər iki valideynin vəzifəsi olduğu nəzərə alınaraq, iddia təmin edilməlidir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:

a) Apellyasiya şikayətinin dəlilləri:

6. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv, iddia tələbinin isə rədd olunmasını xahiş etmişdir.

7. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, qətnamə qəbul edilərkən cavabdehin ailə şəraiti, maddi vəziyyəti, himayəsində xəstə valideynlərinin olması, yeni ailə qurması, faktiki nikahdan bir uşağının olması və digər hallar məhkəmə tərəfindən nəzərə alınmayıb. Belə ki, birinci instansiya məhkəməsi alimentin miqdarının məhkəmə tərəfindən müəyyən edilməsi ilə bağlı gəldiyi qənaətinin əsaslandırmasında tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla, uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilməli olmasını göstərsə də, bu zaman iddiaçının bununla bağlı tələbinin əsası kimi istinad etdiyi hallara düzgün qiymət verməmişdir. Aliment təyin edilərkən, uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutulmalıdır, bununla belə üzərinə aliment ödənilməsi öhdəliyi qoyulmuş tərəfin həmin məbləğin ödənilməsinin mümkün olubolmaması araşdırılmalıdır. İddiaçı bir uşaq üçün 235 manat olmaqla, iki uşağa görə 470 manat aliment tələb etmişdir. Halbuki, “Elektron məhkəmə” informasiya sistemindən çıxarılmış arayışdan görünür ki, cavabdeh polis şöbəsində növbətçi köməkçisi işləyir və aylıq əmək haqqı 801 manat 49 qəpik təşkil edir. Əgər şəxs bu barədə məhkəmədə kifayət qədər sübutlar təqdim edərsə və həmçinin, həyat şəraitini, maddi vəziyyətini məhkəməyə sübut kimi təqdim etdiyi halda məhkəmə həmin şəxsin apellyasiya şikayətini təmin edə bilər. İşə cavabdehin iştirakı olmadan baxıldığı üçün onun tərəfindən məhkəməyə sübutlar təqdim edilə bilməmişdir. İş üzrə cavabdehin maddi və ailə vəziyyəti, aylıq qazancı nəzərə alınmaqla cavabdehdən tutulmalı olan aliment ağlabatan məbləğdə müəyyən edilməlidir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:

8. Apellyasiya şikayətinə dair etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları:

9. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etmişdir.

10. İddiaçı və cavabdeh isə məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, məhkəmə iclasına gəlməmiş, habelə bu barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq:

Azərbaycan Respublikasının Konstitusiyası:

11. Maddə 17 (hissə 1). Cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir.

12. Maddə 17 (hissə 2). Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir.

13. Maddə 34 (hissə 4). Ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur.

BMT-nin Baş Məclisinin xx.xx.1989-cu il tarixli “Uşaq hüquqları” haqqında Konvensiyası:

14. Maddə 3. Uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. İştirakçı dövlətlər uşağın valideynlərinin, qəyyumlarının və ya qanuna görə onun üçün məsuliyyət daşıyan digər şəxslərin hüquq və vəzifələrini nəzərə alaraq, uşağı onun rifahı üçün zəruri olan müdafiə və qayğı ilə təmin etməyi öhdələrinə götürür və bu məqsədlə bütün qanunvericilik tədbirlərini və inzibati tədbirləri görürlər.

Azərbaycan Respublikasının Ailə Məcəlləsi (bundan sonra mətndə - Ailə Məcəlləsi):

15. Maddə 49.3. Uşaq öz valideynləri tərəfindən tərbiyə olunmaq, öz maraqlarının təmin olunması, hərtərəfli inkişafı, onun ləyaqətinə hörmət olunması hüququna malikdir.

16. Maddə 50.2. Valideynlərinin nikahının pozulması və ya etibarsız sayılması, valideynlərinin ayrı yaşaması uşağın hüquqlarına təsir etmir.

17. Maddə 56.1. Valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər.

18. Maddə 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar.

19. Maddə 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər.

20. Maddə 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir.

21. Maddə 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.

“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu:

22. Maddə 13. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.

23. Maddə 19. Valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi (bundan sonra mətndə - MPM):

24. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

25. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

26. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Apellyasiya baxışının hədləri:

27. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

28. Hazırkı işdə iddia tələbi təmin olunduğundan və apellyasiya şikayətində qətnamə iş üzrə cavabdeh tərəfindən mübahisələndirildiyindən qətnamənin əsaslılığı tam həcmdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

29. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız sayır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara, tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

30. Belə ki, məhkəmə kollegiyası iş materiallarını araşdıraraq müəyyən etmişdir ki, iddiaçı tələbində vaxtilə birgə nikahlarından doğulmuş uşaqlarının saxlanılması üçün cavabdehin ümumi gəlirlərinin 1/3 miqdarı həcmində tutulan alimentin artırılaraq, ümumilikdə 470 manat həddində müəyyən edilməsini xahiş etmişdir.

31. Göründüyü kimi, iddiaçının tələbi iki hissədən ibarət olmuşdur. Onlardan biri hazırda hissəvi şəkildə tutulan alimentin dəyişdirilərək, sabit pul məbləği şəklində tutulması, digəri isə həmin sabit pul məbləğinin hissəvi şəkildə tutulan alimentin miqdarından daha artıq, yəni hər uşaq üçün 235 manat, ümumilikdə isə 470 manat həddində müəyyən olunmasıdır.

32. Tələblərin hər birinə ayrı-ayrılıqda qiymət verən kollegiya izah edir ki, ailədə uşaqların hüquqlarının və mənafelərinin müdafiəsinin və bununla bağlı digər məsələlərin tənzimlənməsinin hüquqi əsasları Ailə Məcəlləsində təsbit olunmuşdur. Ailə Məcəlləsi konstitusiyon prinsiplərə əsaslanaraq valideynlərin üzərinə uşaqları saxlamaq və qayğısına qalmaq vəzifəsini qoymuşdur (Məcəllənin 75.1-ci maddəsi). Hazırkı mübahisə də bilavasitə uşaq hüquqları və həmin hüquqların həyata keçirilməsi ilə bağlı valideyinlərin üzərinə qanunla qoyulmuş vəzifələrlə bağlıdır. Mübahisənin düzgün həlli üçün isə Ailə Məcəlləsinin 11 və 13-cü fəsillərinə diqqət yetirilməsi zəruridir. Belə ki, qeyd olunan fəsillər ailədə uşaqların hüquqlarını müəyyən edən müddəaları və bu hüquqların həyata keçirilməsi üçün valideynlərin üzərinə qoyulmuş vəzifələri özündə əks etdirir.

33. Ailə Məcəlləsinin 11-ci fəslində yer alan 55.1-ci maddədə qeyd olunmuşdur ki, uşaq öz valideynlərindən və ailənin digər üzvlərindən bu Məcəllənin beşinci bölməsində müəyyən olunmuş qaydada və miqdarda vəsait almaq hüququna malikdir. Digər tərəfdən həmin Məcəllənin 13-cü fəslində (beşinci bölməsində) yer alan 75-ci maddədə valideynlərin uşaqlarını saxlamaq vəzifəsindən bəhs olunur. Qeyd olunan maddəni təfsir etdikdə belə nəticəyə gəlinir ki, uşaqları saxlamaq vəzifəsinin icra edilməsi məqsədilə valideynlərin üzərinə “aliment öhdəliyi” qoyulmuşdur. “Aliment öhdəliyi” dedikdə isə valideynlər və uşaqlar arasında yaranan elə hüquq münasibətləri başa düşülür ki, burada bir tərəf digər tərəfin saxlanılması üçün onlar arasında olan razılıq əsasında və ya qanunvericiliyə uyğun olaraq məcburi qaydada müəyyən edilən vəsaiti (alimenti) ödəməyə borclu olur.

34. Ailə qanunvericiliyində alimentin miqdarını, tutulma üsullarını və şərtlərini özündə əks etdirən müddəalar da mövcuddur. Həmin müddəalardan biri də Ailə Məcəlləsinin 76-cı maddəsidir. Göstərilən maddənin tələblərinə görə, aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən uşaqların sayından asılı olaraq hər ay qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin müəyyən hissəsi aliment qismində tutulur.

35. Vaxtilə Bakı şəhəri Xətai Rayon Məhkəməsi də tərəflər arasındakı nikahı pozarkən iddiaçının himayəsinə 2 uşağın verildiyini nəzərə almış və Ailə Məcəlləsinin qeyd olunan maddəsinə istinad edərək, uşaqların saxlanılması üçün cavabdehin qazancının və gəlirlərinin 1/3 hissəsi miqdarında aliment tutmuşdur.

36. Digər tərəfdən, Ailə Məcəlləsində alimentin miqdarını, tutulma üsullarını və şərtlərini özündə əks etdiən 78-ci maddə də mövcuddur. Hansı ki, həmin maddədə uşaqların saxlanılması üçün alimentin hissəvi şəkildə deyil, sabit pul məbləğində tutulmasından bəhs olunur. Maddənin tələblərinə görə, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Maddənin tələblərindən aydın olur ki, hər ay ödənilməli olan sabit pul məbləğində alimentin tutulması üçün bəzi əsasların mövcud olması zəruridir. Həmin əsaslardan biri də, alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulmasının tərəflərin marağını əhəmiyyətli dərəcədə pozmasıdır.

37. İş materiallarından müəyyən edilmişdir ki, cavabdehin aldığı aylıq əməkhaqqı vergilər çıxıldıqdan sonra 801.4 manat məbləğindədir (əsas xx.xx.2024-cü il tarixli sorğuya cavab məktubu). Həmin məbləğin 1/3 hissəsi isə 267.13 manatdır (801.4 : 3 = 267.13). İddiaçının himayəsində iki uşaq olduğundan bu məbləğdən onların hər birinə 133.56 manat məbləğində (267.13 : 2 = 133.56) pay düşür. Hazırkı mübahisə üzrə iddiaçı alimentin ödənilməsi üsulunun dəyişdirilməsini uşaqlar üçün yaşayış minimumunun artırılmasına, bu səbəbdən cavabdehin aylıq qazancından hissəvi şəkildə tutulan alimentin uşaqların ehtiyaclarını ödəməyə imkan verməməsinə əsaslanmaqla tələb etmişdir.

38. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı qeyd olunan əsaslarla alimentin ödənilməsi üsulunun dəyişdirilməsini tələb etməkdə haqlıdır.

39. Belə ki, “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.

40. "Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında" Azərbaycan Respublikası Qanununa əsasən, 2024-cü il üçün yaşayış minimumu uşaqlara görə 235 (iki yüz otuz beş) manat məbləğində müəyyən edilmişdir.

41. Uşaqların yaşayış minimumunun 2024-cü il üçün bu məbləğdə müəyyən edilməsi mübahisəsiz ki, onların maddi tələbatlarının qarşılanması üçün çəkilən xərclərin əvvəlki illərə nisbətən artmasını göstərir. Hazırda hissəvi şəkildə tutulan alimentin miqdarı ilə uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumu arasında (235 – 133.56 = 101.44) 101.44 manat məbləğində fərq mövcuddur. Bu fərq isə uşağın təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasına, uşağa lazımi şəkildə qulluq, onun sağlamlıq, təhsil, inkişaf və məişət qayğılarının yetərincə çəkilməsinə ciddi şəkildə maneə törədir, habelə uşağa qarşı qanunvericiliklə müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsində ananın yükünü çoxaldır, nəticədə onların maraqları əhəmiyyətli dərəcədə pozulur.

42. Göstərilən faktorların mövcudluğu nəzərə alındıqda belə nəticəyə gəlmək olar ki, Ailə Məcəlləsinin 78.1-ci maddəsində qeyd olunan əsaslardan biri olan – “alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulmasının tərəflərin marağını əhəmiyyətli dərəcədə pozması ilə nəticələnməsi” halı hazırkı mübahisədə mövcudur, bu səbəbdən birinci instansiya məhkəməsi hissəvi şəkildə tutulan alimentin dəyişdirilərək, sabit pul məbləğində tutulmasını qət etməkdə haqlı olmuşdur.

43. İddiaçının digər tələbi isə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarının artırılmasından (dəyişdirilməsindən) ibarət olduğu üçün Ailə Məcəlləsinin 112.1-ci maddəsinin qeyd edilməsi zəruridir. Həmin maddəyə görə, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Göründüyü kimi, qanunverici məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra onun miqdarının dəyişdirilməsinin (artırılmasının və ya azaldılmasının) və ya aliment ödəməkdən ümumiyyətlə azad edilmənin mümkünlüyünü nəzərdə tutur. Lakin bunun ən əsas şərti məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olduğunun sübuta yetirilməsidir.

44. Hazırkı mübahisə üzrə iddiaçı alimentin miqdarının artırılmasını uşaqlar üçün yaşayış minimumunun artırılmasına, bu səbəbdən müəyyənləşdirilmiş əvvəlki alimentin uşağın ehtiyaclarını ödəməyə imkan verməməsinə əsaslanmaqla tələb etdiyindən, məhkəmə kollegiyası hesab edir ki, iddiaçı bu tələbində də haqlıdır.

45. Belə ki, Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir.

46. Yuxarıda da qeyd olunduğu kimi, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.

47. Bununla yanaşı, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir (“Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarı).

48. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanması prinsipi və uşağın minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ əsas götürüldükdə, onun maddi tələbatının qarşılanması üçün çəkilən xərclərin (yaşayış minumumunun) artması maddi vəziyyətin dəyişməsi kimi qiymətləndirilməli və alimentin miqdarı həmin yaşayış minimumuna uyğun olaraq artırılmalıdır.

49. Cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillər isə bundan ibarət olmuşdur ki, onun himayəsində digər nikahından olan uşaq və xəstə valideyinləri var, hazırda aldığı əməkhaqqı 470 manat məbləğində aliment ödəməsinə imkan vermir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, bu hallar onu iddiaçı ilə nikahından olan uşaqlarının saxlanılmasında və getdikcə artan tələbatlarının qarşılanmasında iştirak vəzifəsindən azad etmir.

50. Belə ki, “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinin 2-ci bəndinə görə də, valideyn (valideynlər) və ya uşağı tərbiyə edən digər şəxslər özlərinin qabiliyyəti və maliyyə imkanları çərçivəsində uşağın inkişafı üçün zəruri olan həyat şəraitini təmin edilməsinə görə məsuliyyət daşıyırlar.

51. Həmçinin, “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2016-cı il tarixli Qərarında Konstitusiya Məhkəməsinin də mövqeyi ondan ibarət olmuşdur ki, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir.

52. Maddi gəlirlə bağlı Ali Məhkəmənin Pelnumunun mövqeyi isə bundan ibarət olmuşdur ki, aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir (“Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarı).

53. Qeyd olunanlardan belə nəticəyə gəlinir ki, şəxsin nəinki az əməkhaqqı alması, hətta işsiz olması belə uşağını saxlamaq, ona qarşı qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Cavabdehin də övladlarının yetkinlik yaşına çatanadək saxlanılması üçün qanunvericiliklə müəyyən olunmuş yaşayış minumumu miqdarında, yəni 235 manat məbləğində aliment ödəmək vəzifəsi vardır və onun göstərdiyi səbəblər bu vəzifəni icra etməmək üçün əsas ola bilməz.

54. Apellyasiya şikayətinin digər dəlili cavabdehin birinci instansiya məhkəməsinin iclasında iştirakının təmin edilməməsi, nəticədə onun tərəfindən sübutların təqdim edilə bilməməsi olmuşdur. Məhkəmə kollegiyası bu barədə araşdırma aparmış və müəyyən etmişdir ki, cavabdehin mobil telefon nömrəsinə məhkəmə iclaslarının keçirilməsinin vaxtı və yeri barədə SMS bildirişlər göndərilmişdir. MPM-in 135.7-ci maddəsinə görə, “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişlərsə, onlara məhkəmə sənədləri barədə məlumat bu sistem vasitəsilə şəxsin təqdim etdiyi mobil telefon nömrəsinə SMS-lə çatdırılır. Bu halda işdə iştirak edən şəxs məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş hesab edilir. Göründüyü kimi, cavabdeh SMS bildirişlə məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış, lakin o məhkəmə iclaslarında iştirak etməmişdir. Cavabdehə SMS bildirişin göndərildiyi mobil telefon nömrəsi ilə apellyasiya şikayətində qeyd etdiyi nömrənin eynilik təşkil etməsi onun həmin mobil telefon nömrəsini istifadə etdiyini sübut edir. Odur ki, sübutların təqdim edilməməsində təqsirkar birinci instansiya məhkəməsi deyil, məhz cavabdehin özü olmuşdur.

55. Beləliklə, cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsindən şikayət verərkən, formal mülahizələrə istinad etmiş və şikayətinin dəlillərini əsaslandıra bilməmişdir. MPM-in 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

56. Qətnamənin dövlət rüsumunun tutulması hissəsinə münasibətdə qeyd edilməlidir ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən, alimentin alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azaddırlar. MPM-in 119.1 və 124.1-ci maddələrinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İşə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edlidiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Belə olan halda, birinci instansiya məhkəməsi iddia tələbinin təmin edildiyini nəzərə alaraq, 30 manat məbləğində rüsumu dövlət mədaxilinə cavabdehdən almaqda haqlı olmuşdur.

57. Bununla yanaşı məhkəmə kollegiyası izah edir ki, MPM-in 402.1-ci maddəsinə əsasən, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olan iddialar üzrə qətnamədən kassasiya şikayəti verilə bilməz. Həmin Məcəllənin 112.1.3-cü maddəsində iddianın qiymətinin alimentin alınması haqqında iddialarda bir il ərzində ödəmənin məcmusu ilə hesablanması müəyyən olunmuşdur. Hazırkı mülki iş üzrə alimentin mübahisələndirildiyi hissə (ödəniləcək alimentin miqdarı arasındakı fərq: 470 - 267.13 = 202.87) 202.87 manat məbləğindədir. Həmin məbləğin bir il ərzində məcmusu (202.87 x 12= 2434.44) 5000 manatı keçmədiyindən qətnamədən kassasiya şikayəti verilə bilməz.

58. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə ayrı-ayrılıqda qiymət verib, iş materiallarını araşdıraraq, onları qanunvericiliyin tələblərinə uyğun şəkildə təhlil edərək, habelə MPM-in 372, 382, 384.0.1, 392, 393, 402, 404-406-cı maddələrini rəhbər tutaraq,

q ə t e t d i:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(001)-1045/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar