Məhkəmə qərarları › İş №2(103)-3948/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3948/2022

25.05.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3948/2022 25.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Sarıyevin sədrliyi ilə, Namiq Şamil oğlu Cəfərov və Emin Əlixan oğlu Mehdiyevdən ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi ilə, İddiaçı, Cavabdeh iştirakı ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 23 fevral 2022-ci il tarixli, 2(010)-778/2022 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə birgə nikahlarından olan 05.07.2015-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay bir uşağa 190 manat sabit pul məbləğində alimentin və mediatorun hesabına ödənilmiş 50 manat pulun Cavabdeh tutularaq iddiaçıya ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılır ki, o, Cavabdeh ilə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuş və həmin nikahdan bir övladları 05.07.2015-ci il təvəllüdlü X3 dünyaya gəlmişdir. Ailə həyatı qurduqdan sonra cavabdehlə ilk vaxtlar münasibətləri yaxşı olsa da, sonradan tez-tez mübahisələr baş vermiş və bu səbəbdən faktiki ayrılmaq məcburiyyətində qalmışdır. Cavabdeh 3 ildir ki, onu valideynlərinin yaşadığı evə qoyaraq çıxıb getmiş və həmin vaxtdan nə onunla nə də ki, azyaşlı övladı ilə maraqlanmamışdır. Yetkinlik yaşına çatmayan övladının saxlanması üçün daha çox xərc tələb edildiyindən, uşağın gündəlik xərcləri artdığından və o, bu xərcləri təkbaşına təmin edə bilmədiyindən uşağın saxlanması üçün cavabdeh də valideynlik vəzifələrini həyata keçirməli və aliment ödəməlidir. Cavabdeh hal-hazırda azyaşlı uşağın saxlanılması üçün heç bir maddi yardım göstərmir. Cavabdeh hal-hazırda taksi fəaliyyəti ilə məşğul olur və kifayət qədər gəlir əldə edir. Buna görə də hər ay 190 manat sabit pul məbləğində alimentin və ödədiyi mediasiya xərcinin cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 23 fevral 2022-ci il tarixli, 2(010)-778/2022 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh 06.01.2022-ci il tarixdən hesablanmaqla 05.07.2015-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay bir uşağa 100 (yüz) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməsi, mediasiya xərci - 50 (əlli) manat Cavabdeh tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin olunmaması, məhkəmə xərcləri - 32 (otuz iki) manat dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməsi, qətnamənin aliment hissəsində dərhal icra olunması qət olunmuşdur. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin iddianın qismən təmin edilən hissəsində ləğv edilməsi, iddianın tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılır ki, o, 3 ildir ki, valideynlərinin yanında yaşayır, cavabdeh çıxıb getmiş, onunla və uşağı ilə maraqlanmır. Uşağın saxlanılması üçün daha çox xərc tələb olunur. Cavabdeh uşağın saxlanılması üçün heç bir köməklik göstərmir. Cavabdehin adına maşın var və taksi fəaliyyəti ilə məşğul olur. Alimentin hər ay 100 manat tuluması uşağın maraqlarına cavab vermir. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətini müdafi etdi, şikayətdə göstərilənlərə uyğun məzmunda izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətini qəbul etmədi, izahatında qeyd etdi ki, o, heç bir yerdə işləmir. Buna görə də, hesab edir ki, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin iddianın qismən təmin edilən hissəsində qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Məhkəmə kollegiyası bu kontekstdə tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq, işdə olan sübutları tədqiq edərək hesab edir ki, qətnamə alimentin məbləği ilə bağlı hissədə dəyişdirilməlidir. Belə ki, işin mübahisəsiz halı ondan ibarətdir ki, tərəflər 20.08.2014-cü ildə rəsmi nikah qeyd etdirməklə ailə qurmuş, onların birgə nikahlarından 05.07.2015-ci ildə X4 adlı iki uşaqları dünyaya gəlmişdir. İddiaçı işləməklə, 332 manat əmək haqqı alır. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin dördüncü bəndinə əsasən uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən valideynlər uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1 və 75.4-ci maddələrinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqlarının saxlanması barədə vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə 2022-ci il üçün yaşayış minimumu uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli Qərarının 8.2-ci bəndinə əsasən məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi uşağın saxlanılmaları üçün alimentin məbləğini müəyyən edərkən mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlsə də, alimentin məbləğini düzgün olaraq müəyyən etməmişdir. Qanunvericilik alimentin məbləğinin müəyyənləşdirilməsi zamanı əsas meyar kimi uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir. Lakin bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar da nəzərə alınmalıdır. Ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu özlüyündə müəyyən meyar kimi çıxış etsə də, minimum təminat səviyyəsini nəzərdə tutur. Kollegiya hesab edir ki, tərəflərin maddi və əmlak vəziyyəti, yetkinlik yaşına çatmayan uşağın mənafeyi və uşağın təminatının əvvəlki vəziyyətdə saxlanılmasının vacibliyi nəzərə alınmaqla, qətnamə uşağın saxlanılmaları üçün alimentin məbləğinin müəyyən edilməsi hissəsində dəyişdirilməli, uşağa görə alimentin məbləği 160 manat müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 384.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 23 fevral 2022-ci il tarixli, 2(010)-778/2022 saylı qətnaməsi mübahisələndirilən-uşağın saxlanılması üçün alimentin məbləğinin müəyyən edilməsi hissəsində dəyişdirilsin, alimentin məbləği 160 (yüz altmış) manat müəyyən edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Namiq Cəfərov Emin Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar