Məhkəmə qərarları › İş №2(103)-3949/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3949/2020

18.06.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3949/2020 18.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi X12 oğlunun katibliyi, Cavabdeh Yasin oğlunun iştirakı ilə, İddiaçı Cavabdeh Yasin oğluna qarşı “aliment tələbi”nə dair ilk, iddiaçı Cavabdeh Yasin oğlunun cavabdeh İddiaçı qarşı “aliment tələbi”nə dair qarşılıqlı iddia ərizələri barədə mülki iş üzrə Bakı şəhəri Nərimaov Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən ilkin iddia üzrə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh Yasin oğluna qarşı aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Yasin oğlundan hər ay 350 (üç yüz əlli) manat sabit pul məbləğində alimentin onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, o, Cavabdeh Yasin oğlu ilə xx.xx.1999-cu il tarixdə rəsmi nikaha daxil olmuşdur. Birgə nikahdan xx.xx.2000-ci il təvəllüdlü X7 və xx.xx.2002-ci il təvəllüdlü X2 anadan olmuşdur.Evliliyin ilk dövründə normal ailə münasibətləri olsa da, sonradan Cəbrayılın xasiyyətində dəyişikliklər biruzə verməyə başlamışdır. Belə ki aralarında tez-tez ailə münaqişələri yaşanmış, bu münaqişələrin birindən sonra cavabdeh 2018-ci ilin dekabr ayının 2-də onu evdən qovmuş, o, Qazax rayonunun Yuxarı Salahlı kəndində yerləşən atası evinə getmiş və həmin vaxtdan valideynlərinin himayəsində yaşamağa başlamışdır. Cavabdeh Mustafayev X6 Rayon Məhkəməsində ona qarşı “nikahın pozulması tələbinə dair”iddia qaldırmış, həmin məhkəmənin xx.xx.2019-cu il tarixli, 2(005)-1037/2019 nömrəli qətnaməsinə əsasən nikah pozulmuş, birgə nikahdan doğulmuş xx.xx.2002-ci il təvəllüdlü X1 atasının himayəsində saxlanılması qət edilmişdir. O, əsəb xəstəsidir, təxminən 3 ildir ki, Bakı şəhəri “xxxxxxx” MMC-nin “Əhmədli” Tibb Mərkəzində müalicə alır, heç bir yerdə işləmir, başqa gəliri və qazancı yoxdur, valideynlərinin himayəsində yaşayır və onun bütün maddi ehtiyaclarını, mütəmadi müalicə xərclərini onlar ödəyir. Atası pensiyaçıdır, anası isə heç yerdə işləmir. Atası aldığı pensiyası ilə ailənin dolanışığını təmin edir. Cavabdeh Yasin oğlu keçmiş polis işçisidir, hal-hazırda pensiya alır, eyni zamanda sahibkardır, Bakı şəhəri “Moskva” Univermağında qızıl-zinət əşyalarının alqı-satqısı ilə məşğul olur. O isə maddi cəhətdən çox acınacaqlı vəziyyətdədir və nikahı pozulduqdan sonra cavabdeh ona heç bir maddi yardım göstərməmişdir. O, nə dolanışığını təmin edə bilmir, nə də mütəmadi müalicəsi üçün lazım olan dava-dərmanları almağa maddi imkanı yoxdur. Qeyd olunanlara əsasən iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh Yasin oğlu İddiaçı qarşı aliment tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə nikahdan doğulmuş qızları X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün İddiaçı hər ay 180 manat sabit pul məbləğində alimentin onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia tələbi belə əsaslandırılmışdır ki, ilk iddiada İddiaçı ilə faktiki olaraq xx.xx.1999-cu ildə, rəsmi qaydada isə xx.xx.2003-cü il tarixdə Qazax rayonu Qeydiyyat şöbəsində nikaha daxil olmuşdur. Birgə nikahdan xx.xx.2000-ci il təvəllüdlü X7 və xx.xx.2002-ci il təvəllüdlü X2 doğulmuşdur. İddiaçı ilə nikahları Nərimanov Rayon Məhkəməsinin 2(005)- 1037/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə pozulmuş və birgə nikahdan doğulmuş uşaqların hər ikisi öz istəklərinə əsasən onun himayəsində qalmışlar. Birgə nikahdan olan X7 hazırda Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) “X13” fakültəsinin 2-ci kursunda əyani təhsil alır və onun bütün yaşayış və təhsil xərcləri onun üzərindədir. Birgə nikahdan doğulmuş qızları X2 isə yetkinlik yaşına çatmamışdır və hazırda Azərbaycan Dövlət Pedaqoji Universiteti nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecində təhsil alır. Onun da saxlanılması və təhsili üçün müəyyən xərclər tələb olunur. O, hazırda pensiyaçıdır, heç bir yerdə işləmir. Aldığı aylıq pensiya məbləğindən başqa heç bir başqa gəliri yoxdur. Qeyd olunanlara əsasən iddianın təmin edilməsini xahiş etmişdir. İddiaçı Cavabdeh Yasin oğluna qarşı “aliment tələbinə dair” ilk və Cavabdeh Yasin oğlunun iddiaçı X3 qarşı “aliment tələbinə dair” qarşılıqlı iddialarına əsasən mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2019-cu tarixli, 2(005)-4872/2019 saylı qətnaməsinə əsasən iddia ərizələri təmin edilməmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(005)- 4872/2019 saylı qətnaməsindən ilkin iddia üzrə İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsinin,iddianın təmin edilməsini qarşılıqlı iddianın isə rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsində göstərilən dəlillərə istinad edilməklə onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmamış və nəticədə ədalətsiz,əsassız və qeyri-qanuni qətnamə çıxardılmışdır. Məhkəmə iclasında ilkin iddia üzrə Cavabdeh Yasin oğlu apellyasiya şikayətinə etiraz edərək göstərdi ki, İddiaçı olan psoxoloji pozuntu onda anadangəlmə olmaqla, irsi xarakter daşıyır. Əlavə olaraq bildirmişdir ki, birgə nikahdan doğulmuş uşaqların hər ikisi öz istəklərinə əsasən onun himayəsində qalmışlar. O, hazırda pensiyaçıdır, heç bir yerdə işləmir. Aldığı aylıq pensiya məbləğindən başqa heç bir başqa gəliri yoxdur. Qeyd olunanlara əsasən apelyasiya şikayətinin təmin olunmamasını və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş ilkin iddia üzrə iddiaçı (apellyator) İddiaçı məhkəmə iclasına gəlməmişdir və ərizə göndərərək işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Birinci instansiya məhkəməsində toplanmış sübutlarla müəyyən olunmuşdur ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(005)-1037/2019 nömrəli qətnaməsinin surətindən görünür ki, iddiaçı Cavabdeh Yasin oğlunun iddiası təmin edilmiş, Cavabdeh Yasin oğlu ilə Əlizadə (Mustafayeva) Mehriban Nazim qızı arasında Qazax rayon Qeydiyyat şöbəsində xx.xx.2003-cü il tarixdə bağlanmış və nikahın bağlanması haqqında akt qeydləri kitabında 70 nömrə ilə qeyd edilmiş nikahın pozulması, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2002-ci il təvəllüdlü X1 atası Cavabdeh Yasin oğlunun yanındasaxlanılması qət edilmişdir. İş materiallarına əlavə edilmiş “xxxxxxx” MMC-nin “Əhmədli” Tibb Mərkəzi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli arayışdan görünür ki, İddiaçı xx.xx.20118-ci il tarixdə klinikaya əsəbilik, yuxusuzluq şikayətləri ilə müraciət etmişdir. Nevropatoloq tərəfindən ona “sayrışan nevroz” diaqnozu qoyulmuş, müalicə yazılmışdır. Psixoloqa müraciət etməsi məsləhət görülmüşdür. İş materiallarına əlavə edilmiş Qazax rayonu İcra Hakimiyyəti Başçısının Yuxarı Salahlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli,11-21/766 nömrəli arayışdan görünür ki, İddiaçı Bakı şəhəri, Nərimanov rayonunda qeydiyyatda olmasına baxmayaraq, xx.xx.2019-cu il tarixdən atası X5 himayəsində Qazax rayonun Yuxarı Salahlı kəndində yaşayır və heç bir yerdə işləmir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi qənaəti əsaslı hesab edir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 85.1-ci maddəsinə əsasən aşağıdakı şəxslər nikah pozulduqdan sonra məhkəmə qaydasında buna zəruri vəsaitə malik olan keçmiş ərdən (arvaddan) aliment ödəməyi tələb etmək hüququna malikdirlər: 85.1.1-ci maddəyə əsasən hamiləlik dövründə və ümumi uşaqlarının doğulduğu gündən 3 il ərzində keçmiş arvad; 85.1.2-ci maddəyə əsasən sağlamlıq imkanları məhdud ümumi uşağa və ya 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı İ qrup əlil olan ümumi uşağa qulluq edən və maddi yardıma ehtiyacı olan keçmiş ər (arvad); 85.1.3-cü maddəyə əsasən nikah pozulana qədər və ya nikah pozulduğu gündən bir il ərzində əmək qabiliyyətini itirən və maddi yardıma ehtiyacı olan keçmiş ər (arvad); 85.1.4-cü maddəyə əsasən ər-arvad uzun müddət nikahda olmuşlarsa, nikah pozulduğu andan 5 il müddətindən gec olmayaraq pensiya yaşına çatan və maddi yardıma ehtiyacı olan keçmiş ər (arvad). Ailə Məcəlləsinin 86-cı maddəsinə əsasən aliment ödənilməsi barədə ər-arvad və ya keçmiş ər-arvad arasında saziş olmadıqda, məhkəmə qaydasında ərə (arvada) və ya keçmiş ərə (arvada) ödənilməli olan alimentin miqdarı məhkəmə tərəfindən keçmiş ərin (arvadın) ailə və maddi vəziyyəti, tərəflərin digər diqqətəlayiq olan maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləği formasında müəyyən edilir. İşin faktiki hallarını nəzərə alaraq kollegiya hesab edir ki, hazırkı işdə qeyd edilən maddələrin dispozitiv şərtləri mövcud deyildir. Belə ki, iddiaçı tərəfindən onun saxlanılması üçün cavabdehdən 350 manat pul tələb olunsa da, onun tələbinin əsaslılığı ilə bağlı sübutlar təqdim olunmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçının təqdim etdiyi “xxxxxxx” MMC-nin “Əhmədli” Tibb Mərkəzi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli arayışda göstərilmişdir ki, İddiaçı xx.xx.2018-ci il tarixdə klinikaya əsəbilik, yuxusuzluq şikayətləri ilə müraciət etmişdir. Nevropatoloq tərəfindən ona “sayrışan nevroz” diaqnozu qoyulmuş, müalicə yazılmışdır. Psixoloqa müraciət etməsi məsləhət görülmüşdür. İddiaçının təqdim etdiyi həmin sənədlə onda “sayrışan nevroz” xəstələyənin olması təsdiq olunsa da, onun əmək qabiliyyətini itirməsi müəyyən edilmir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən təqdim olunmuş həmin arayışa əsasən hər ay cavabdehdən sabit pul məbləği formasında aliment tutulub ona ödənilməsiqənaətinə gəlmək üçün əsaslar yoxdur. Şərh olunanlara əsasən məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(005)- 4872/2019 saylı qətnaməsi verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: imza Hakimlər: imzalar Əsli ilə düzdür: Hakim: Rəşad Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar