Məhkəmə qərarları › İş №2(103)-3952/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3952/2023

05.07.2023 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3952/2023 05.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh “X9 Limited” şirkətinin Azərbaycan Respublikasındakı filialına qarşı iş üzrə (Açar sözlər: pul tələbi, sübutetmə yükü) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər İsgəndərov Akif Əsgər oğlu (sədrlik edən və məruzəçi), Sadıqov Vahid Nəriman oğlundan və X1 ibarət tərkibdə, Məmmədova Səyalı Əziz qızının katibliyi, cavabdehin nümayəndəsi (vəkili) Vəkil iştirakları ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 09 sentyabr 2019-cu il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 14 iyun 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. İddiaçı və “X9 Limited” şirkətinin Azərbaycan Respublikasındakı filialı arasında xx.xx.2012-ci il tarixdə S0410 saylı əmək müqaviləsi bağlanmışdır.

2. Əmək müqaviləsinin müddəti xx.xx.2012-ci il tarixdən xx.xx.2012-ci il tarixədək, əmək haqqı hər iş günü üçün 149 manat, istirahət günü 98 manat (qarşılıqlı razılığa əsasən istirahət günü üçün əmək haqqı əsas iş günün əmək haqqı ilə bir yerdə ödənilə bilər) müəyyən edilmişdir.

3. 23.04.2013-cü il tarixdə əmək müqaviləsinə 001 saylı əlavəyə görə müqavilənin 4.1-ci maddəsinə dəyişiklik edilərək, işçinin gündəlik əmək haqqı vergilər daxil olmaqla, hər iş günü üçün 256 manat müəyyən edilmişdir.

4. Tərəflər arasında yenidən xx.xx.2014-cü il tarixdə S0410 saylı müddətli əmək müqaviləsi bağlanmış, müqavilənin qüvvəyə minmə tarixi xx.xx.2015-ci il, müddəti isə xx.xx.2015-xx.xx.2015-ci il olaraq razılaşdırılmışdır. Müqaviləyə görə əmək haqqı işçiyə ayda bir dəfə, növbəti təqvim ayının 6-cı iş günündən gec olmayaraq bank hesabına köçürülməklə, hər iş günü üçün 371 manat, istirahət günü üçün 217 manat məbləğində müəyyən edilmişdir.

5. Həmin müqaviləyə dəyişiklik haqqında xx.xx.2015-ci il tarixdə bağlanmış (xx.xx.2016-cı il tarixdən qüvvəyə minməklə) 1 saylı sazişə görə işçinin gündəlik əmək haqqı vergilər daxil olmaqla hər iş günü üçün 419 manat, hər istirahət günü üçün 244 manat, xx.xx.2015-ci il tarixdə bağlanmış (xx.xx.2016-cı il tarixdən qüvvəyə minməklə) 2 saylı sazişə görə işçinin əmək haqqı vergilər daxil olmaqla 10778 manat, xx.xx.2016-cı il tarixdə bağlanmış (xx.xx.2016-cı il tarixdən qüvvəyə minməklə) 3 saylı sazişə görə işçinin əmək haqqı vergilər daxil olmaqla 14467 manat, xx.xx.2017-ci il tarixdə imzalanmış (xx.xx.2018-ci il tarixdən qüvvəyə minməklə) 5 saylı sazişlə 15648 manat müəyyən edilmişdir. Həmçinin, həmin müqavilənin müddətsiz bağlanması barədə xx.xx.2017-ci il tarixdə (xx.xx.2017-ci il tarixdən qüvvəyə minməklə) 6 saylı saziş də bağlanmışdır.

6. xx.xx.2018-ci il tarixdə tərəflər arasında əmək müqaviləsinə xitam verilməsi barədə qarşılıqlı razılaşma sazişi bağlanmış, xx.xx.2018-ci il tarixli, 045/TO/18 saylı əmrlə iddiaçı ilə cavabdeh arasında xx.xx.2014-cü il tarixdə bağlanmış S0410 saylı əmək müqaviləsinə xitam verilmiş, həmin tarixdə 16619,80 manat pul vəsaiti iddiaçıya ödənilmiş və iddiaçı həmin tarixdə əmək kitabçasını almışdır.

a) Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, hər ay üçün “Tabel-Qeydiyyat (uçot)” cədvəlinə müvafiq olaraq bayram günlərində iş üçün əmək haqqı və işlədiyi artıq saatlar üçün əmək haqqının qanunvericiliyə uyğun olaraq hesablanıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

8. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onunla cavabdeh arasında 1 may 2012ci il tarixində 50410 tabel nömrəli, gəmi kapitanı vəzifəsi üçün müqavilə imzalanmışdır. Bundan sonra müqavilənin kökü qalmaqla, düzəlişlər və əlavələr edilməklə əmək haqqı artımı ilə bağlı dəyişikliklər olunmuşdur. 05 fevral 2014-cü il tarixə qədər "X4" dalğıc gəmisində, 26 fevral 2014-cü il tarixdən 21 İyun 2018-ci İİ tarixə qədər "X10" (X6) şirkətinə məxsus Xüsusi xidmət və tədqiqat "Seabed Supporter" gəmisində müddətsiz müqavilə ilə qeyd olunan vəzifədə işləmişdir. 21 iyun 2018-ci il tarixdən etibarən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 75-ci maddəsinin, 2a bəndinə əsasən Proyektin başa çatması ilə əlaqədar olaraq, tərəflərin qarşılıqlı razılığı əsasında əmək müqaviləsinə xitam verilmişdir. Əmək fəaliyyətinə başladığı gündən 2014-cü ilin iyun ayına qədər hər iş günü və istirahət günü üçün gündəlik ödənilən əmək haqqı ilə işləmişdir. Lakin 2014-cü ilin iyun ayından etibarən aylıq əmək haqqı metoduna keçirilmiş, bu metod tətbiq olunduqdan sonra indiyə qədər hələ də qaranlıq olan "B" bayram günlərinin hansı düstura əsasən hesablanması ilə əlaqədar şifahi və yazılı sorğusuna kadrlar şöbəsindən və mühasibatlıqdan cavab verən olmamışdır. Uzun yazışmadan sonra mühasibatlıqdan ona bu düsturu göndərmişlər: "Salam. Aylıq maaşınız (10788) bölünür ayın iş günlərinə və vurulur işlədiyiniz günün sayına, yəni 10778/30*30 və əgər bayram günü varsa həmin gün 10778/30* bayram günlərinin sayına. İyun ayı Sizin maaşınız 28 iş, 2 istirahət və 2 bayram 10778/30*32=11496.53”. Bu hesablama düsturunun onu qane etmədiyi, hətta belə hesablama metodu qanunda olmadığı üçün uzun-uzadı mübahisələr və yazışmalar davam etdi. Sonda kadrlar şöbəsinin əməkdaşları ilə görüşsələr də, ona həmin hesablama metodunun Əmək Məcəlləsinə uyğun olduğuna dair sübut təqdim edə bilmədilər. Müzakirənin sonunda kadrlar şöbəsinin meneceri Səbinə Əliyeva bu barədə X3 sorğu göndərəcəyini bildirdi. Lakin "B" bayram günlərinin hansı qaydada hesablanması bərədə heç bir əsaslı cavab verilmədi. O, bununla əlaqədar X3 müraciət etmiş, həmin qurum tərəfindən ona cavab məktubunda qeyd olunub ki, şikayəti haqlıdır və artıq saatlar aşkar olunub və ödənilməsi üçün cavabdeh şirkətin rəhbərliyinə məktub göndərilib. X2 rəsmi cavabını xx.xx.2019-cu il tarixdə aldıqdan sonra, Novruz bayram günlərini gözləmiş və prosesin uzun olmasını nəzərə alaraq cavabdehə xx.xx.2019-cu il tarixdə müraciət etsə də, ona heç bir cavab verilməmişdir.

9. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-6790/2019 nömrəli iş üzrə 9 sentyabr 2019-cu il tarixli qətnaməsi ilə (hakim Pərviz Zamanlı) iddia rədd olunmuşdur.

10. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı ilə cavabdeh xx.xx.2014-cü il tarixli, S0410 saylı əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2018-ci il tarixdə qarşılıqlı razılaşma sazişi bağlamış, həmin sazişlə tərəflər üzərinə müəyyən öhdəliklər də götürmüşlər. Cavabdeh saziş imzalandıqdan sonra 1 iş günü müddətində əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar son haqq-hesab ödəmələrindən əlavə iddiaçıya orta aylıq əmək haqqının 2 misli məbləğində birdəfəlik ödəniş etməyi (sazişin 1-ci bəndi) öhdəsinə götürmüş, iddiaçı isə həmin sazişin 1-ci bəndində göstərilən ödəlikləri yerinə yetirdikdən sonra cavabdehə qarşı hər hansı iddia və tələblərinin olmayacağını təsdiq etmişdir. Həmçinin, xx.xx.2018-ci il tarixdə iddiaçı ilə cavabdehin nümayəndəsi arasında “Qeyd vərəqəsi” adlı saziş imzalanmış, iddiaçı həmin sənəddə cavabdehlə əmək münasibətlərinə xitam verməsini, işlədiyi zaman qanunvericiliyə və əmək müqaviləsinə əsasən bütün əmək haqqı, müavinətlər və digər ödənişləri aldığını, bu səbəbdən şirkətdə çalışdığı müddətdə, indi və ya yaxın gələcəkdə yarana biləcək hər hansı iddia və öhdəliklərdən azad etməsini, ərizəni özü könüllü olaraq yazdığını qeyd etmişdir. Məhkəmə həmçinin iddia müddətinin ötürüldüyünə istinad edərək iddianı rədd etmişdir.

11. Məhkəmə gəldiyi nəticəni hüquqi cəhətdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 3-cü, 4-cü, 6-cı maddələrinə və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə” dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 dekabr 2001-ci il tarixli qərarına istinadla əsaslandırmışdır.

b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

12. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilərək iddia tələblərinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

13. İddiaçı şikayətini belə əsaslandırmışdır ki, onunla şirkət arasında bağlanmış müddətsiz əmək müqaviləsinə xitam verilən zaman ona işdən çıxarma müavinəti ödənilmişdir. Bu da Əmək Məcəlləsinin tələbinə əsasən olmuşdur. Onun hazırkı tələbi isə işlədiyi bütün müddətdə artıq işlədiyi saatlar üçün əmək haqqının Əmək Məcəlləsinə əsasən hesablanıb ödənilməsi ilə bağlıdır. Rayon məhkəməsi onun tərəfindən bir illik iddia müddətinin ötürülməsinə və cavabdeh tərəfindən iddia müddətinin tətbiq edilməsi barədə ərizəyə istinad etməklə iddia tələbini təmin etməmişdir. Halbuki, onun tərəfindən iddia müddəti ötürülməmişdir. Belə ki, onun əmək müqaviləsinə xitam verilməsi ilə bağlı Şirkətlə bağlanmış xx.xx.2018-ci il tarixli sazişdən sonra, ilk dəfə xx.xx.2018-ci il tarixdə o, hazırkı tələblə bağlı məsələ ilə şirkətə müraciət etdi, lakin onun müraciətinə cavab verilmədi. Bundan sonra o, xx.xx.2018-ci il tarixdə X5 Xidmətinə müraciət etmiş, X5 Xidməti onun məktubuna cavab olaraq şikayətdə haqlı olması, artıq saatların aşkar edilməsi və ödənilməsi üçün cavabdeh şirkətə məktub göndərilməsin bildirmişdir. Həmin məktubu rəsmi olaraq xx.xx.2019-cu il tarixdə aldığından, Əmək Məcəlləsində nəzərdə tutulan bir illik müddət həmin tarixdən hesablanmalıdır. Bundan başqa cavabdeh hazırkı məsələ ilə bağlı 2015-ci ildə müraciət etdiyini qeyd edir. Halbuki, o, 2015-ci ildə Əmək Məcəlləsinin 164-cü maddəsinə istinad edərək şirkətə məktub yazmışdır. Hazırda iddia tələbinin maddi əsasını isə Əmək Məcəlləsinin 165-ci maddəsi təşkil edir.

14. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-59/2021 nömrəli iş üzrə 20 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər – İkram Şirinov (sədrlik edən və məruzəçi), İlham Kərimli və Anar Tanrıverdiyev) apellyasiya şikayəti təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iddia qismən təmin edilərək cavabdehdən 22940,69 (iyirmi iki min doqquz yüz qırx manat, altmış doqquz qəpik) manat məbləğində pul vəsaitinin alınıb iddiaçıya ödənilməsi qət edilmiş, iddia qalan hissədə təmin olunmamışdır.

c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat

15. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – kassasiya instansiyası məhkəməsi) 10 aprel 2023-cü il tarixli, 2(102)-1217/2023 saylı qərarı ilə (hakimlər Ə.Nurməmmədov (sədrlik edən və məruzəçi), A.Hüseynov, Z.Əliyev) kassasiya şikayəti qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-59/2023 nömrəli mülki iş üzrə 20 oktyabr 2022-ci il tarixli qətnaməsi iddianın təmin olunması hissəsində ləğv edilmiş, iş həmin hissədə yenidən baxılması üçün apellyasiya baxışına qaytarılmışdır. ç) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

17. İddiaçı məhkəmə kollegiyasının xx.xx.2023-cü il tarixli iclasında iştirak etmiş olsa da, xx.xx.2023-cü il tarixli məhkəmə iclasına gəlməmiş, ərizə göndərərək xəstəliyi ilə bağlı məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Məhkəmə kollegiyası iddiaçının məhkəmə iclasında iştirak etməməsinin üzrlü səbəbdən baş verməsini təsdiq edən hər hansı sübut təqdim olunmadığına görə MPM-nin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan işə baxılmasını mümkün saymışdır.

18. İddiaçı eyni zamanda Azərbaycan Respublikası MPM-nin 47.2-ci maddəsinə uyğun olaraq iddia ərizəsi ilə eyni məzmunlu olan yazılı izahat göndərmiş və həmin izahatda birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və tələbinin tam təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

19. Cavabdehin nümayəndəsi məhkəmə kollegiyasının iclasında izahat verərkən apellyasiya şikayətini qəbul etmədi və onun rədd olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Əmək Məcəlləsi

20. Maddə 165. Hissə 1. İşçilərə iş vaxtından artıq vaxt ərzində görülən işin hər saatı üçün əmək haqqı aşağıdakı kimi ödənilir.

21. Hissə 2. Əməyin vaxtamuzd ödənilmə sistemində saatlıq tarif (vəzifə) maaşının ikiqat məbləğindən aşağı olmamaqla; Hissə 3. Əməyin işəmuzd ödənilmə sistemində işəmuzd əmək haqqı tam ödənilməklə müvafiq dərəcəli (ixtisaslı) vaxtamuzd işçinin saatlıq tarif (vəzifə) maaşından aşağı olmamaqla əlavə haqq məbləğində. Əmək müqaviləsində, kollektiv müqavilədə iş vaxtından artıq vaxt ərzində görülən işə görə işçilərə daha yüksək məbləğdə əlavə haqqın ödənilməsi nəzərdə tutula bilər. İş vaxtından artıq işlərin əlavə istirahət günü ilə əvəz edilməsinə yol verilmir.

22. Maddə 296. Bənd 1. Bu Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər.

23. Hissə 2. Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər.

24. Hissə 3. Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür.

25. Hissə 4. Pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir.

26. Hissə 5. İşəgötürən bu Məcəllə ilə müəyyən edilmiş hallarda işçiyə qarşı iddia ərizəsi ilə məhkəməyə hüquqlarının və qanuni mənafelərinin pozulduğu gündən 1 təqvim ayı müddətində, ona maddi ziyan vurulması məsələləri ilə əlaqədar isə ziyanın vurulmasını aşkar etdiyi gündən 1 il müddətində müraciət edə bilər.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

27. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

28. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

Apellyasiya baxışının hədləri

29. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

30. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi kassasiya məhkəməsi tərəfindən iddianın təmin olunan hissəsində ləğv edilib yeni apellyasiya baxışına qaytarıldığı üçün hazırkı apellyasiya baxışında qətnamənin əsaslılığı iddianın təmin olunan hissəsində, yəni cavabdehdən 22940,69 manat məbləğində pul vəsaitinin alınıb iddiaçıya ödənilməsi hissəsində yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

31. Məhkəmə kollegiyası aşağıdakılara görə apellyasiya şikayətinin dəlillərini əsassız sayır və qeyd edir ki, birinci instansiya məhkəməsi hazırkı apellyasiya baxışının predmeti olan hissədə tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz və ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.

32. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır.

33. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası işin yeni apellyasiya baxışına göndərilməsi barədə qərarında göstərmişdir ki, işə baxan apellyasiya məhkəməsi tələb olunan məbləğin iddiaçının əlavə iş saatlarına görə işəgötürən tərəfindən artıq hesablanmış məbləğ olmasını nəzərə almamış, bu məbləğin əmək müqaviləsinin qüvvədə olduğu dövrdə və əmək müqaviləsinə xitam verilərkən iddiaçıya ödənilib-ödənilmədiyini müəyyən etməmiş, iddia tələbinin isə əlavə iş saatlarına görə hesablanmamış əmək haqqının ödənilməsi barədə olmasını diqqətdən qaçırmışdır.

34. Kassasiya məhkəməsinin qənaətinə görə cavabdeh tərəfin nə iddia tələbinin mahiyyəti ilə bağlı halları, nə də ki, tələb olunan məbləği mübahisələndirməməsi barədə apellyasiya instansiyası məhkəməsinin qənaəti işin hallarına uyğun olmamışdır.

35. MPM-in 420-ci maddəsinə müvafiq olaraq kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.

36. Hazırkı işin müəyyən edilmiş hallarından və eləcə də iddia ərizəsinin məzmunundan göründüyü kimi, iddiaçı hazırkı işdə həqiqətən də cavabdeh tərəfindən əlavə iş saatlarına görə hesablanmamış əmək haqqının ödənilməsini tələb edir.

37. Cavabdeh isə həm birinci, həm də apellyasiya instansiyası məhkəməsində iddiaya qarşı verdiyi etirazlarında iddiaçı tərəfindən iddia müddətinin ötürülməsini göstərməklə bərabər iddiaçı ilə olan əmək müqaviləsinə 21 iyun 2018-ci il tarixdə tərəflər arasında imzalanmış qarşılıqlı razılıq sazişi əsasında xitam verildiyini, iddiaçıya son haqqhesabdan əlavə onun orta aylıq əmək haqqının 2 mislində bir dəfəyə könüllü olaraq ödəniş edildiyini, cavabdehin iddiaçı qarşısında hər hansı öhdəliyinin qalmadığını, bütün ödənişlərin həyata keçirildiyini qeyd etmişdir. Cavabdeh şirkət iddiaçıya işlədiyi əlavə saatlara və digər əsaslara görə borclu qalması, hər hansı ödənişlərin verilməli olması ilə bağlı hər hansı etirafedici hallar göstərməmiş, əksinə iddanın əsassız olması və rədd edilməli olduğunu bildirmişdir.

38. İşdən görünür ki, cavabdeh əmək müqaviləsinə xitam verildiyi gün, yəni xx.xx.2018ci il tarixdə əmək kitabçasını, əmri və son haqq-hesabı almışdır.

39. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü bəndinə görə pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər.

40. İddiaçı xx.xx.2018-ci il tarixdə əmək müqaviləsinə xitam verilməsi barədə sazişi imzalayaraq, həmin gün müvafiq kitaba imza edərək əmək kitabçasını və son haqqhesabını alsa da, iddia ərizəsi ilə xx.xx.2019-cu il tarixdə məhkəməyə müraciət etmişdir.

41. İddiaçı qanunla müəyyən edilmiş iddia müddətini ötürməklə hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.

42. İddiaçı müddətin ötürülmədiyini xx.xx.2018-ci il tarixdə X5 Xidmətinə müraciət etməsi, X5 Xidmətinin məktubunu rəsmi olaraq xx.xx.2019-cu il tarixdə alması, iddia müddətinin başlanğıcının həmin tarixdən hesablanması ilə əsaslandırmışdır.

43. Halbuki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinin şərh edilməsinə dair” 11 aprel 2023-cü il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyə görə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü hissəsinə uyğun olaraq, işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən 1 il ərzində ödəncin verilməsi barədə məhkəməyə müraciət edə bilər.

44. İddiaçı isə hüququnun pozulduğunu xx.xx.2018-ci il tarixdə bilmiş, lakin həmin tarixdən 1 il ərzində məhkəməyə müraciət etməmişdir.

45. Bundan əlavə Kollegiya hesab edir ki, iddia müddəti ötürülməmiş olsa belə, iddia özü-özlüyündə əsassızdır.

46. Belə ki, əvvəlki apellyasiya baxışında təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının xx.xx.2020-ci il tarixli və xx.xx.2021-ci il tarixli ekspert rəylərinə görə iddiaçıya işlədiyi əlavə saatlara görə ödənilməli olan vəsaitin məbləği 22940,69 manat təşkil edir. Ekspertlərin bu qənaətə gəlməsinə əsas isə cavabdeh “X7 Limited” şirkəti tərəfindən ekspertizaya təqdim olunmuş sənədlərdir.

47. Həmin sənədlərdə iddiaçının işlədiyi dövrdə əlavə işə cəlb olunması haqqında əmrlər, iş saatları və əlavə iş saatlarına görə ödənilməli olan məbləğlər öz əksini tapmışdır, bu məbləğ cavabdeh şirkət tərəfindən hesablanmışdır.

48. Məhkəmə kollegiyası işin müəyyən edilmiş hallarına əsaslanaraq qeyd edir ki, cavabdeh şirkət tərəfindən əlavə iş saatlarına görə hesablanmış məbləğlər iddiaçıya ödənilmişdir. İddiaçının hazırkı tələbi əlavə iş saatlarına görə hesablanmamış məbləğlərin ödənilməsi barədədir. Hesablanmamış məbləğin mövcudluğu isə hazırkı işin halları ilə təsdiq olunmur.

49. Məhkəmə kollegiyası iş materiallarına əsasən onu da qeyd edir ki, tərəflər arasında əmək müqaviləsinə xitam verildikdən sonra onlar xx.xx.2018-ci il tarixdə qarşılıqlı razılaşma imzalamışlar. Razılaşmaya əsasən cavabdeh saziş imzalandıqdan sonra 1 iş günü müddətində əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar son haqq-hesab ödəmələrindən əlavə iddiaçıya orta aylıq əmək haqqının 2 misli məbləğində birdəfəlik ödəniş etməyi (sazişin 1-ci bəndi) öhdəsinə götürmüş, iddiaçı isə həmin sazişin 1-ci bəndində göstərilən öhdəlikləri yerinə yetirdikdən sonra cavabdehə qarşı hər hansı iddia və tələblərinin olmayacağını təsdiq etmişdir. xx.xx.2018-ci il tarixdə iddiaçı ilə cavabdehin İR nümayəndəsi arasında “Qeyd vərəqəsi” adlı saziş imzalanmış, iddiaçı həmin sənəddə cavabdehlə əmək münasibətlərinə xitam verməsini, işlədiyi zaman qanunvericiliyə və əmək müqaviləsinə əsasən bütün əmək haqqı, müavinətlər və digər ödənişləri aldığını, bu səbəbdən şirkətdə çalışdığı müddətdə, indi və ya yaxın gələcəkdə yarana biləcək hər hansı iddia və öhdəliklərdən azad etməsini, ərizəni özü könüllü olaraq yazdığını qeyd etmişdir.

50. Kollegiyanın qənaətinə görə həmin razılaşmanın imzalanmasında məqsəd tərəflər arasında əmək münasibətlərinə xitam verildikdən sonra bütün ödənişlərin yerinə yetirilməsini və iddiaçının gələcəkdə həmin müqavilədən irəli gələn hər hansı iddia və tələblərinin olmayacağını təsdiq etmək olmuşdur. İddiaçı da həmin razılaşmanı təsdiq etməklə əmək müqaviləsindən irəli gələn tələblərinin olmayacağına dair cavabdeh qarşısında öhdəlik götürmüşdür.

51. Beləliklə, Kollegiyanın qənaətinə görə iddiaçıya ödənilən məbləğ daxilində iddiaçının əlavə iş saatlarına görə işəgötürən tərəfindən artıq hesablanmış məbləğ də olmuş, bu məbləğ əmək müqaviləsinin qüvvədə olduğu dövrdə və əmək müqaviləsinə xitam verilərkən iddiaçıya ödənilmişdir.

52. Əlavə iş saatlarına görə hesablanmayan əmək haqqı ilə bağlı sübutlar isə məhkəməyə təqdim edilməmişdir.

53. Məhkəmə kollegiyasının qənaətinə görə apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.

54. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini formal mülahizə xarakterli dəlillər sayaraq hesab edir ki, MPM-nin 385.2-ci maddəsinin tələbinə əsasən həmin dəlillər faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı, mahiyyəti üzrə düzgün olan qətnamənin ləğvi üçün əsas ola bilməz.

55. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 372, 382, 384.0.1, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

q ə t e t d i:

İddiaçı apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 09 sentyabr 2019-cu il tarixli qətnaməsi hazırkı apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar