Məhkəmə qərarları › İş №2(103)-3953/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3953/2020

11.08.2020 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3953/2020 11.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), X7 və X3 ibarət tərkibdə, Dadaşzadə Günay Möhübbət qızının katibliyi, Cavabdehin nümayəndəsi Vəkil1 iştirakı ilə, X1 cavabdeh “xxxx” MMC-yə qarşı müqavilənin ləğv edilməsi və icarə haqqının ödənilməsi tələbinə dair iddia ərizəsi ilə bağlı mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(005)-364/2020 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: X2 cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı müqavilənin ləğv edilməsi və icarə haqqının ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla cavabdeh “'xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış xx xxxxxx 2017ci il tarixli müqavilənin ləğv olunması və cavabdeh cəmiyyətin üzərinə onun tərəfindən Bakı şəhəri Nərimanov rayonu Təbriz 99A ünvanında tikilən binanın Təbriz küçəsinə baxan hissəsində 1-ci mərtəbədə onun xüsusi mülkiyyətində olan obyektinə uyğun formalı 55 kv.metrlik qeyri-yaşayış sahəsinin tam təmirli vəziyyətdə ona təhvil verilməsi barədə yeni müqavilə bağlanılması öhdəliyinin qoyulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx xxxxxx 2017-ci il tarixdə cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə onun arasında bağlanmış müqaviləyə əsasən, iddiaçının xüsusi mülkiyyətində olan, ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 38 kv.metr olan (torpaq sahəsi 0,00466 ha) qeyri-yaşayış sahəsinin sökülməsi üçün həmin cəmiyyətə təhvil verilməsi və əvəzində cəmiyyət tərəfindən söküləcək qeyri-yaşayış sahəsinin yerində tikiləcək hündür mərtəbəli binanın 2-ci mərtəbəsində ona 18 ay müddətində tam təmirli 55 kv.metr sahəsi olan qeyri-yaşayış sahəsinin tikilib təhvil verilməsi nəzərdə tutulmuşdur. Cəmiyyətin direktoru ilə müqavilə bağlamazdan əvvəl aralarında aparılan işgüzar danışıqlar nəticəsində razılıq əldə olunmuşdur ki, ona söküləcək obyektin yerləşdiyi sahəyə uyğun formada qeyri-yaşayış sahəsini təhvil verəcəklər. O, obyektin 1-ci mərtəbəsində ayrıca tikili formasında olmaqla birbaşa Təbriz küçəsinə çıxışının olmasını əsas tutaraq cavabdeh cəmiyyətdən ona veriləcək obyektin də qeyd etdiyi şərtlərə uyğun Təbriz küçəsində birinci mərtəbədə verilməsini tələb etdikdə, ona bildirilmişdir ki, guya yeni tikiləcək binanın birinci mərtəbəsi yeraltı maşın dayanacağı kimi nəzərdə tutulduğu üçün bütün qeyri-yaşayış sahələri, o cümlədən ona veriləcək qeyri-yaşayış sahəsi yalnız obyektin ikinci mərtəbəsində yerləşəcəkdir. O da cavabdehin bu sözlərinə inanaraq, onunla bağlanan müqavilədə ona veriləcək qeyri-yaşayış sahəsinin obyektin 2-ci mərtəbəsində olmasına razılıq vermişdir. Hazırda bina tikilib başa çatmaq üzrədir və o, cavabdehdən ona veriləcək qeyri-yaşayış sahəsinin ona göstərilməsini tələb etdikdə, məlum olmuşdur ki, cavabdeh MMC onu aldatmışdır. Belə ki, binaya baxış keçirərkən görmüşdür ki, tikilən obyektin birinci mərtəbəsi maşın dayanacağı deyil, qeyri-yaşayış sahələrindən ibarətdir. Ona məxsus obyektin yerində başqa şəxsə məxsus qeyri-yaşayış sahəsi tikilmişdir. Eyni zamanda, ona veriləcək qeyriyaşayış sahəsi binanın ikinci mərtəbəsində olmaqla obyekt kimi (kafe) istifadəyə tam yararsızdır. Halbuki, onun xüsusi mülkiyyətində olan qeyri-yaşayış sahəsini o, rəsmi olaraq kafe kimi icarəyə verərək ailəsini dolandırırdı. Həmin obyekt onun yeganə qazanc mənbəyi idi. Ona cavabdeh MMC tərəfindən təklif olunan qeyri-yaşayış sahəsi isə obyekt kimi tam yararsızdır. Belə ki, ona təklif olunan qeyri-yaşayış sahəsi onun mülkiyətində olmuş qeyriyaşayış sahəsi kimi kvadrat formasında deyil, labirint formasında olmaqla obyekt kimi tam yararsızdır. Ona görə də cavabdeh cəmiyyət onu aldatdığına və xx xxxxxx 2017-ci il tarixli müqavilənin 1.2-ci bəndində göstərilən formada ona qeyri-yaşayış sahəsi vermədiyinə görə həmin müqavilə ləğv olunmalı və cavabdeh cəmiyyətin üzərinə onunla həmin binanın Təbriz küçəsinə baxan hissəsində birinci mərtəbədə onun xüsusi mülkiyyətində olan obyektinə uyğun formalı 55 kv.metrlik qeyri-yaşayış sahəsinin tam təmirli vəziyyətdə ona təhvil verilməsi barədə yeni müqavilə bağlanılması öhdəliyi qoyulmalıdır. Daha sonra X2 iddianın dəqiqləşdirilməsi və iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə onun arasında bağlanmış xx xxxxxx 2017-ci il tarixli müqavilənin ləğv olunması və cavabdehin üzərinə onun tərəfindən Bakı şəhəri Nərimanov rayonu Təbriz 99A ünvanında tikilən binanın Təbriz küçəsinə baxan hissəsinin birinci mərtəbəsində onun xüsusi mülkiyyətində olan obyektinə uyğun formalı 55 kv.metrlik qeyri-yaşayış sahəsini tam təmirli (işıq, qaz, su və telefonla təchiz olunmuş vəziyyətdə), düzbucaqlı formada olmaqla ön və yan küçələrə açılan iki qapısı və dörd böyük vitrin pəncərəsi olan vəziyyətdə ona təhvil verməsi barədə yeni müqavilə bağlamaq və cavabdeh tərəfindən ona aylıq ödənilməli olan 600 manat məbləğində pul vəsaitinin ödənilməyən ayları da daxil olmaqla qeyri-yaşayış sahəsi tam təmirli vəziyyətdə təhvil verilənədək hər ay 600 manat məbləğində pul vəsaitinin ödənilməsi öhdəliyinin qoyulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(005)- 364/2020 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətindən 2400 manat icarə haqqının tutulub X2na ödənilməsi qət edilmiş, iddia tələbi müqavilənin ləğv edilməsi hissəsində rədd edilmişdir. Qətnamədən narazı qalan iddiaçı apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti iddia ərizəsinin məzmunu ilə eynidir. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi Vəkil1 apelyasiya şikayətinin əsassız olduğunu bildirərək şikayətin təmin olunmamasını xahiş etdi. İştirak etdiyi məhkəmə iclasında iddiaçının nümayəndəsi Vəkil2 apelyasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin olunmasını xahiş etdi. Məhkəmə kollegiyası tərəflərin nümayəndələrinin izahatını dinləyib, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(005)- 364/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Mülki iş materiallarında olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, Bakı şəhəri Nərimanov rayonu Təbriz küçəsi, 99A ünvanında yerləşən ümumi sahəsi 38 kv.metr olan qeyri-yaşayış binası X4 adına daşınmaz əmlakın dövlət reyestrində xx xxxxxxx 2016-cı il tarixdə qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti (“MMC” adlanacaq) ilə X6 (“sakin” adlanacaq) arasında bağlanmış xx xxxxxx 2017-ci il tarixli 17Q/Y nömrəli müqavilənin surətindən görünür ki, Bakı şəhəri Nərimanov rayonu Təbriz, F.Yusifov, Ağa Neymətulla, X13 küçələrinin kəsişməsində yerləşən torpaq sahəsində mövcud yaşayış və qeyri-yaşayış binası və qurğularının sökülərək, yerində çoxmərtəbəli yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin tikintisinin layihələndirilməsi üçün 7,5 ha torpaq sahəsi “X11” Məhdud Məsuliyyətli Cəmiyyətinin istifadəsinə verilmişdir. Müqaviləyə əsasən, həmin ünvandakı bütün yaşayış və qeyri-yaşayış tikililəri “MMC” tərəfindən sökülür, söküləcək binalarda yaşayan sakinlər inşaat işləri dövründə müvəqqəti olaraq kirayə mənzillərə və qeyri-yaşayış sahələrinə köçürülür, kirayə qeyri-yaşayış sahələrinə aylıq haqqı hazırki müqavilədə göstərilmiş müddətdə tikinti işlərini həyata keçirən “MMC” tərəfindən bank vasitəsi ilə plastik kartla ödənilir. Bu müqaviləyə əsasən “Sakin” mülkiyyətində olan, Bakı şəhəri Nərimanov rayonu Təbriz küçəsi 99a binasının həyətində yerləşən ümumi sahəsi 46,6 kv.metr olan qeyri-yaşayış sahəsini “MMC”-yə təhvil verir (1.1-ci bənd); “MMC” isə qeyriyaşayış sahəsinin əvəzinə Bakı şəhəri Nərimanov rayonu Təbriz küçəsində inşa olunacaq 16 mərtəbəli yaşayış binasında ümumi sahəsi 55 kv.metr olan 3-cü bina 6-cı blok 2-ci mərtəbə həyət tərəfdə (14-15 oxları ilə O-Q-R oxlarının kəsişməsində) təmirli qeyrı-yaşayış sahəsini 18 ay müddətinə “Sakin”ə təhvil verir (1.2-ci bənd). Mövcud qeyri-yaşayış sahəsi söküldükdən sonra və yeni qeyri-yaşayış sahəsi təhvil verilənə qədər “Sakin”xxxx“MMC” tərəfindən aylıq olaraq hər ayın müqavilə bağlandığı gündən 5 gün ərzində ödənilir. İşin faktiki hallarına əsasən tərəflər arasında bağlanmış müqavilədən irəli gələn öhdəliklər yaranmış, cavabdeh MMC həmin müqavilə üzrə götürdüyü aylıq icarə haqqının ödənilməsi barədə öhdəliyi tam icra etməmiş, icarə haqqını müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422.1-ci maddəsinə əsasən, tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar. Tərəflərin müqavilənin əsasında durmuş təsəvvürlərinin yanlış çıxması şəraitin dəyişməsinə bərabər tutulur. Həmin Məcəllənin 448.1-ci maddəsinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə kollegiyası hesab edir ki, tərəflər arasında bağlanmış xx xxxxxx 2017-ci il tarixli müqavilənin ləğv edilməsinə əsas olmadığına görə birinci instansiya məhkəməsi həmin hissədə iddianı təmin etməməkdə haqlı olmuşdur. Belə ki, tərəflər müqavilə azadlığı prinsipinə uyğun olaraq aralarında müqavilə bağlamış, müqavilənin şərtlərini sərbəst şəkildə razılaşdırmışlar. Müqavilənin 1.2-ci bəndinə əsasən, “MMC” qeyri-yaşayış sahəsinin əvəzinə Bakı şəhəri Nərimanov rayonu Təbriz küçəsində inşa olunacaq 16 mərtəbəli yaşayış binasında ümumi sahəsi 55 kv.metr olan 3-cü bina 6-cı blok 2-ci mərtəbə həyət tərəfdə (14- 15 oxları ilə O-Q-R oxlarının kəsişməsində) təmirli qeyrı-vaşayış sahəsini 18 ay müddətinə X5 təhvil verməyi öhdəsinə götürmüşdür. İşin faktiki hallarından görünür ki, MMC müqavilənin həmin bəndinə əsasən öz üzərinə düşən öhdəliyin icrasından yayınmır. İddiaçı tərəf müqavilə bağlanarkən cavabdeh tərəfindən aldadıldığını sübuta yetirə bilməmişdir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir və apelyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Şərh edilənlərə əsasən, Azərbaycan Respublikası MPM-in 382, 384, 392, 393, 402- 404, 405 və 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: X1 apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(005)- 364/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apelyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına yazılı formada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar