Məhkəmə qərarları › İş №2(103)-3955/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3955/2024

12.06.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3955/2024 12.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlundan və X2 ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “uşaqla ünsiyyətdə olma qaydasının müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(004)-2357/2024 nömrəli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayət üzrə apellyasiyanın mümkünlüyünü yoxlayaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, cavabdehin üzərinə onun yetkinlik yaşına çatmayan nəvəsi, xx.xx.2013cü il təvəllüdlü X5 ilə xx.xx.2024-cü il tarixdən etibarən ayda 1 dəfə, həftənin 6-cı günü 2 saat olmaqla ünsiyyətdə olmasına şərait yaradılması vəzifəsinin qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(004)-2357/2024 nömrəli qərardadı ilə İddiaçı Cavabdeh qarşı “uşaqla ünsiyyət” tələbinə dair mülki iş üzrə İddiaçı üçün xx.xx.2013-cü il təvəllüdlü nəvəsi X5 ilə görüş vaxtının müəyyən edilməsinin yetkinlik yaşına çatmayanın mənafeyinə uyğunluğunun müəyyən edilməsi üçün müvafiq rəyin verilməsi məqsədilə Bakı şəhəri Maraqlı şəxs2 Qəyyumluq və Himayəçilik Komissiyasına göndərilməsi qərara alınmışdır. Həmin qərardaddan Cavabdeh şikayət verərək, qərardadın ləğv edilməsini, İddiaçı ona qarşı “uşaqla ünsiyyət” tələbinə dair iddia ərizəsinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(004)-2357/2024 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası şikayəti nəzərdən keçirib, belə qənaətə gəlir ki, şikayət qeyrimümkün hesab edilməli və geri qaytarılması üçün mülki işlə birlikdə həmin məhkəməyə göndərilməlidir. Belə ki, birinci istansiya məhkəməsi iş materiallarını araşdırıb, hesab etmişdir ki, uşağın nənəsi (iddiaçı) ilə ünsiyyət saxlamasının uşağın mənafeyinə uyğun olub-olmaması məsələsi Bakı şəhəri Maraqlı şəxs2 yanında Qəyyumluq və Himayəçilik Komissiyasında araşdırılmalı və araşdırmanın nəticələrinə dair Komissiya tərəfindən müvafiq rəy tərtib edilməli və həmin rəy məhkəməyə təqdim edilənədək, iş üzrə icraat dayandırılmalıdır. Məhkəmə kollegiyası qüvvədə olan mülki-prosessual qanunvericiliyin tələblərinə istinadən qeyd etməyi zəruri hesab edir ki, belə hallarda məhkəmənin müvafiq qərardadı ilə iş üzrə icraatın dayandırılmasının mümkünlüyü Mülki Prosessual Məcəllənin 255-ci maddəsində təsbit edilməklə məhz rəyin məhkəməyə təqdim edilməsi müddəti ilə məhdudlaşdırılmışdır. Lakin bu qəbildən olan qərardadların yalnız iş üzrə icraatın dayandırılması hissəsindən şikayətin verilməsi nəzərdə tutulmuşdur. Birinci instansiya məhkəməsi isə bu məsələyə diqqət yetirməyərək, qərardaddan şikayət vermə müddətini müəyyən etmiş və şikayətin nəzərdə tutulmaması əsası ilə cavabdehin şikayətini geri qaytarmalı olduğu halda, həmin şikayətə baxaraq, təmin etməmiş və baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərmişdir. Bununla da mülki prosessual qanunvericiliyin tələblərini pozmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 255.0.7-ci maddəsinə əsasən qəyyumluq və himayəçilik orqanının iş üzrə rəy verməsi tələb olunduqda hakim işdə iştirak edən şəxlərin ərizəsi üzrə və ya öz təşəbbüsü ilə iş üzrə icraatı dayandıra bilər; 256.0.2-ci maddəsinə əsasən bu Məcəllənin 254.1.3-cü və 255-ci maddələri ilə nəzərdə tutulmuş hallarda tərəfin Azərbaycan Respublikası Silahlı Qüvvələrinin, digər qoşunların və qoşun birləşmələrinin tərkibində olub dövlət vəzifəsini yerinə yetirməsi qurtaranadək, qulluq ezamiyyətindən qayıdanadək, tərəfin müalicə müəssisəsindən buraxılmasınadək, cavabdehin axtarışının nəticələri məlum olanadək, ekspertin rəyi və ya qəyyumluq və himayəçilik orqanının rəyi məhkəməyə təqdim edilənədək, məhkəmə tapşırıgına cavab alınanadək iş üzrə icraat dayandırılır; 258.1-ci maddəsinə əsasən iş üzrə icraatın dayandırılması və onun təzələnməsi barədə məhkəmə qərardad çıxarır; 366.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apelyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apelyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir; 366.2-ci maddəsinə əsasən əgər apelyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər; 395-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər qətnamədən ayrılıqda birinci instansiya məhkəmələrinin qərardadlarından bu Məcəllədə göstərilən hallarda, habelə məhkəmənin qərardadı işin sonrakı hərəkətinə mane olduqda şikayət verə bilərlər. Birinci instansiya məhkəmələrinin digər qərardadlarından şikayət verilmir. İşdə iştirak edən şəxslər bu qərardadlardan narazı qaldıqda qərardada olan etirazlarını apellyasiya şikayətlərinə daxil edə bilərlər. Beləliklə, məhkəmə kollegiyası yuxarıda göstərilənləri nəzərə alıb, hesab edir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(004)-2357/2024 nömrəli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayət üzrə apellyasiya qeyri-mümkün hesab edilməli və şikayət geri qaytarılması üçün mülki işlə birlikdə həmin məhkəməyə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264-cü, 366-cı, 402-ci, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(004)- 2357/2024 nömrəli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayət üzrə apelyasiya qeyri-mümkün hesab edilsin və şikayət geri qaytarılması üçün mülki işlə birlikdə həmin məhkəməyə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar