Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3958/2023 01.08.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “mənəvi zərərin əvəzinin ödənilməsi tələbi barədə” iddiasına dair Bakı Apellyasiya Məhkəməsi, hakimlər xnun katibliyi ilə, hazırki iş üzrə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 11 aprel 2023-cü il tarixli qətnamədən iş üzrə tərəflərin ayrı-ayrılıqda verdikləri apellyasiya şikayətlərinə əsasən işə, İddiaçı özünün və onun vəkili (nümayəndəsi) Vəkil, Cavabdeh nümayəndəsi X1 iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia tələbi barədə məlumat
1. İddia ərizəsi ilə Səbail Rayon Məhkəməsinə müraciət etmiş iddiaçı, ona dəymiş mənəvi zərərin əvəzinin ödənilməsi məqsədi ilə 500.000 manat məbləğində pulun cavabdeh MMC-dən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırmışdır ki, iddiaçı körpə olduğu zaman atası ailədən getmiş və başqa ailə qurmuşdur. Bundan sonra iddiaçının anası X3 ailə qurmamış, yeganə olan övladını təşkbaşına böyütmüşdür. Mehriban Hüseynova xx.xx.2019-cu il tarixdə 06:30-da evdən çıxıb işlədiyi "xxxx" MMC-yə getmişdir. Saat 08:00 radələrində Mehriban Hüseynovanın telefonundan sonuncunun qardaşına – iddiaçının dayısı X4 zəng gəlmiş və tanımadıqları şəxs bildirmişdir ki, Mehriban Hüseynovanı avtobus vurmuş və o, xəsarət aldığı üçün 1 saylı X9 aparılmışdır. Bundan sonra iddiaçı dayısı ilə birlikdə xəstəxanaya getmiş və anasının artıq vəfat etdiyi bilmişdir. Bununla da, həmin vaxt 14 yaşı olan iddiaçı yetim qalmışdır. Həmin hadisə ilə bağlı icraatı başlanmış cinayət işinə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən baxılmış (İş № 1(006)-234/2019) və iş üzrə qəbul edilmiş xx.xx.2019-cu il tarixli hökmlə hökm edilmişdir ki, hadisəni törətmiş və hazırki iş üzrə cavabdeh olan MMC-yə məxsus “İveco Crealis” markalı, **-JH-*** dövlət qeydiyyat nişanlı avtobusu idarə etmiş MMC-nin sürücüsü X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinib, 1 il, 6 ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 3 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. İddiaçı bildirir ki, anasının faciəvi vəfatı ona həddindən çox pis təsir etmiş, o, hazırda yetkinlik yaşına çatsa da 14 yaşında aldığı mənəvi sarsıntı bugünə kimi keçməmişdir. Göstərilənlərə əsasən iddiaçı hesab edir ki, cavabdeh MMC yüksək təhlükə mənbəyinin sahibi və hadisəni törətmiş sürücüsü Elxan Məmmədova münasibətdə işəgötürən olduğu üçün ona dəymiş mənəvi zərərin ödəməlidir. İddiaçı hesab edir ki, ona dəymiş mənəvi zərərin ödənilməsi üçün MMC-dən onun xeyrinə 500.000 manat məbləğində pul tutulmalıdır. b) iddia tələbinə qarşı cavabdeh tərəfin münasibəti barədə məlumat
3. Cavabdeh MMC-nin iddiaya qarşı etirazı onunla əsaslandırılmışdır ki, hadisəni törətmiş sürücü X6 ilə MMC arasında xx.xx.2015-ci il tarixdə bağlanmış “Əmək müqaviləsinə” xx.xx.2019-cu il tarixdə xitam verilmiş və o, işdən azad olunmuşdur. Qeyd edilməlidir ki, MMC, hadisənin onun sürücüsü tərəfindən törədilməsini nəzərə alaraq mərhum Mehriban Hüseynovanın qardaşı (hüquqi varisi) Şahin Hüseynova dəfnin və üzür məclislərinin təşkili ilə bağlı xərcləri ödəmişdir. Bu hal Nəsimi Rayon Məhkəməsinin 1(006)-234/2019 saylı iş üzrə qəbul etdiyi xx.xx.2019-cu il tarixli hökmündən də görünür. Bundan başqa nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108-ci maddəsinə görə, MMC, yüksək təhlükə mənbəyin sahibi olaraq hadisəni törətmiş şəxslə paralel məsuliyyət daşıyır. Lakin yuxarıda artıq qeyd edildiyi kimi, MMC, mərhumun hüquqi varisi Şahin Hüseynova maddi yardım göstərmişdir. Bundan 4 il keçdikdən sonra iddiaçı tərəfindən MMC-yə qarşı bu kimi iddia tələbinin irəli sürülməsi anlaşılan deyil. MMC iddiaya cavab verməli olan şəxs deyil. c) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat
4. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnamə ilə iddianın qismən təmin edilməsini, iddiaçıya dəymiş mənəvi zərərin əvəzinin ödənilməsi məqsədi ilə 10.000 manat məbləğində pulun cavabdeh MMC-dən tutularaq iddiaçıya ödənilməsini, dövlət rüsumunun əvəzi olaraq 120 manat məbləğində pulun cavabdeh MMC-dən tutularaq dövlət nəfinə ödənilməsini, qalan hissədə iddianın təmin edilməməsini qət etmişdir.
5. Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh MMC, onun iddiaya cavab verməli olan şəxs olmadığını bildirsə də, iddiaçının anasının ölümünə səbəb olmuş yol-nəqliyyat hadisəsi cavabdeh MMC-nin işçisi (sürücüsü) olmuş Elxan Məmmədov tərəfindən törədilmişdir. Hadisənin törədilməsində Elxan Məmmədovun təqsirli olması, həmin təqsirli hərəkət nəticəsində iddiaçıya mənəvi zərər dəyməsi işin mübahisəsiz halıdır. Bu kimi zərərin əvəzinin ödənilməsinin qarşısını ala biləcək hallar müəyyən edilmədi. Buna görə də, iddiaçıya dəymiş mənəvi zərər cavabdeh MMC tərəfindən ödənilməlidir. İddiaçı, ona dəymiş mənəvi ziyanın əvəzinin ödənilməsi məqsədi ilə cavabdeh MMC-dən onun xeyrinə 500.000 manat məbləğində pulun tutulmasını tələb etsə də, həmin məbləği şərtləndirən halları əsaslandırmamışdır. Bundan başqa nəzərə alınmalıdır ki, iddiaçının anasının ölümünə səbəb olmuş hadisə ehtiyatsızlıqdan baş vermişdir, buna görə də, iddiaçıya dəymiş mənəvi zərərin əvəzinin ödənilməsi məqsədi ilə cavabdeh MMC-dən iddiaçının xeyrinə 10.000 manat məbləğində pul tutulmalıdır. e) apellyasiya şikayətləri barədə məlumat
6. İş üzrə iddiaçı həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin təmin edilməyən hissədə ləğv edilməsini və iddianın tam təmin edilməsini xahiş etmişdir.
7. Əsasları iddia tələbinin əsasları ilə eynilik təşkil edən apellyasiya şikayətində əlavə olaraq göstərilmişdir ki, işə baxmış Rayon Məhkəməsi iddiaçıya dəymiş mənəvi zərərin əvəzinin 10.000 manat məbləğində müəyyən etməklə səhv nəticəyə gəlmişdir. Həmin məbləğ həddindən artıq azdır və iddiaçıya dəymiş mənəvi zərərin adekvat əvəzi kimi qəbul edilə bilməz.
8. İş üzrə cavabdeh MMC də öz növbəsində qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın tam həcmdə rədd edilməsini xahiş etmişdir.
9. Bu apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxmış Rayon Məhkəməsi iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş və nəticədə iş üzrə əsassız qətnamə qəbul etmişdir. Belə ki, iddiaçı sarsıntı və iztirabları hansı formada və necə keçirdiyini öz iddiasında sübuta yetirə bilməmişdir. Həmçinin Rayon Məhkəməsi nəzərə almamışdır ki, MMC, mərhumun hüquqi varisi Şahin Hüseynova maddi yardım göstərmişdir. Bundan 4 il keçdikdən sonra iddiaçı tərəfindən MMC-yə qarşı bu kimi iddia tələbinin irəli sürülməsi anlaşılan deyil. MMC iddiaya cavab verməli olan şəxs deyil. f) apellyasiya baxışı iclasında iş üzrə tərəflərin iştirakı və iclasda iştirak etmiş şəxslərin izahatları barədə məlumat
10. İş üzrə iddiaçı və onun vəkili (nümayəndəsi) apellyasiya baxışı iclasında iştirak edərək, cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərinə etiraz etdilər və özləri tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, bu şikayətin, habelə iddia ərizəsinin məzmununa uyğun izahat verdilər.
11. Cavabdeh MMC-nin nümayəndəsi apellyasiya baxışı iclasında iştirak edərək, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərinə etiraz etdi və MMC tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, bu şikayətin məzmununa uyğun izahat verdi. g) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi
12. Məhkəmə apellyasiya şikayətlərinin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, cavabdeh MMC-nin apellyasiya şikayəti təmin edilməməli, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, Rayon Məhkəməsinin qətnaməsi cavabdeh MMC-dən iddiaçının xeyrinə tutulmalı olan mənəvi zərərin əvəzinin məbləğinin həcminin müəyyən edilməsi hissəsində dəyişdirilməlidir.
13. Belə ki, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 1(006)-234/2019 saylı iş üzrə qəbul etdiyi xx.xx.2019-cu il tarixli hökmündən görünür ki, hazırki iş üzrə cavabdeh olan MMC-nin sürücüsü olan X6 MMC-yə məxsus “İveco Crealis” markalı, **-JH-*** dövlət qeydiyyat nişanlı avtobusu xx.xx.2019-cu il tarixdə idarə edərkən, təxminən saat 07:40 radələrində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun tələblərini pozmuş, yol-nəqliyyat hadisəsi törətmiş, idarə etdiyi avtobusun ön sağ hissəsi ilə (iddiaçının anası) Mehriban Hüseynovanı vurmuş, sonuncu isə aldığı həyat üçün təhlükəli olan xəsarətlər alaraq ölmüşdür. Həmin hökmlə Elxan Məmmədov Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinib, 1 il, 6 ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 3 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir.
14. Şamaxı Rayonu İcra Hakimiyyəti başçısının xx.xx.2020-ci il tarixli, 130 nömrəli sərəncamından görünür ki, (iddiaçının xalasının əri) X5 26.01. 2005-ci il təvəllüdlü iddiaçının himayəçi təyin edilmişdir.
15. Göstərilənləri nəzərə alan Məhkəmə hazırki iş üzrə tərəflər arasında yaranmış mövcud mübahisənin həlli ilə bağlı bildirir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə görə, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın (maddə 21.1.). Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (maddə 21.2.). Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır (maddə 21.3.). Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir (maddə 1097.1.). Zərərin ödənilməsi zərərin əvəzini naturada ödəməklə və ya vurulmuş zərərin əvəzini pulla ödəməklə həyata keçirilə bilər (maddə 1115.). Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur (maddə 1108.1.). Hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir (maddə 1099.1.).
16. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2022-ci il tarixli qərarında qeyd edilmişdir ki, əmək və ya mülki hüquq müqaviləsi üzrə əmək (xidməti) vəzifələrinin icra edilməsi ilə əlaqədar olaraq nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən vurulmuş zərərə görə işəgötürən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099-cu maddəsinə əsasən mülki hüquq məsuliyyəti daşıyır. Zərərin vurulmasında işçinin təqsiri olduğu halda Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1114-cü maddəsinə uyğun olaraq zərərin əvəzini ödəmiş işəgötürən ona qarşı reqress tələb hüququna malikdir.
17. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Zərər yetirmə şəxsin və ya təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır.
18. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli qərarında qanunvericiliyin, “İnsan Hüquqlarının və X2 Haqqında Konvensiyanın” müddəalarından və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından verilən anlayışa görə, mənəvi zərər - insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərər çəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin onun şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumu həmin qərarla məhkəmələrə tövsiyə etmişdir ki, mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkənin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Həmin qərarda həmçinin qeyd edilir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkənin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır
19. İşə baxmış Rayon Məhkəməsi hesab etmişdir ki, iddiaçının anasının baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində vəfat etməsi, həmin hadisənin cavabdeh MMC-nin işçisi tərəfindən törədilməsi işin mübahisəsiz halıdır. Deməli, hazırkı işdə zərərçəkənin anasının ölümünün cavabdeh təşkilatın işçisinin qanunsuz hərəkəti nəticəsində baş verməsi, həmin hərəkətlə mənəvi zərər arasında səbəbli əlaqənin olması sübuta yetirilmişdir. Anasının hadisə nəticəsində vəfat etməsinin iddiaçı üçün mənəvi məhrumiyyətlərlə nəticələnməsi labüddür. Çünki işdə belə zərərin vurulmasını istisna edən halları məhkəmə müəyyən etməmişdir.
20. Məhkəmə qeyd edir ki, Rayon Məhkəməsi iddiaçıya mənəvi zərərin vurulması və həmin zərərin cavabdehdən onun xeyrinə tutulmalı olması ilə bağlı düzgün qənaətə gəlmiş olsa da, buna görə 10.000 manat kompensasiya məbləğinin müəyyən edilməsi “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli qərarında göstərilənlərə əsasən ədalətli məbləğ kimi qəbul edilə bilməz.
21. Məhkəmə bildirir ki, mənəvi zərərin məbləğinin müəyyən edilməsi ilə bağlı qanunverici konkret məbləğləri müəyyən etməmişdir. Mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkənin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Mənəvi zərərin miqdarının müəyyən edilməsi qanunverici tərəfindən müəyyən edilməsə də bununla bağlı Azərbaycan Respublikasında məhkəmə təcrübəsi formalaşmışdır. Formalaşmış məhkəmə təcrübəsinə görə isə, bədbəxt hadisə nəticəsində yaxın qohumunu itirmiş şəxslərə mənəvi zərərin əvəzi olaraq 20.000-40.000 manat məbləğində pulun ödənilir.
22. Məhkəmə hesab edir ki, baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində anasının həlak olması ilə bağlı həmin vaxt 14 yaşında olmuş iddiaçıya dəymiş mənəvi zərərin əvəzinin ödənilməsi ilə bağlı cavabdeh MMC-dən iddiaçının xeyrinə 30.000 manat məbləğində pul vəsaitinin tutulması ədalətli və ağlabatandır.
23. Göründüyü kimi cavabdeh MMC-nin apellyasiya şikayətinin tam və ya qismən təmin edilməsi üçün əsaslar mövcud deyil. MMC-nin apellyasiya şikayəti əsassızdır. İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi üçün əsaslar mövcuddur. Bu apellyasiya şikayəti qismən əsaslıdır.
24. Göstərilənlərə əsasən Məhkəmə hesab edir ki, cavabdeh MMC-nin apellyasiya şikayəti təmin edilməməli, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, Rayon Məhkəməsinin qətnaməsi cavabdeh MMC-dən iddiaçının xeyrinə tutulmalı olan kompensasiyanın məbləğinin müəyyən edilməsi hissəsində dəyişdirilməli və iddiaçıya dəymiş mənəvi zərərin əvəzi 30.000 manat məbləğində müəyyən edilməli, qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
25. Beləliklə də göstərilənləri nəzərə alan, MPM-nin 384-cü maddəsində təsbit olunmuş səlahiyyətlərindən çıxış edən və MPM-nin 392, 393, 405-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə
QƏT ETDİ:
Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Hazırkı mülki iş üzrə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 11 aprel 2023-cü il tarixli qətnamə qismən, yəni İddiaçı dəymiş mənəvi zərərin əvəzinin ödənilməsi məqsədi ilə onun xeyrinə Cavabdehndən tutulmalı olan pul məbləğinin müəyyən edilməsi hissəsində dəyişdirilsin və 30.000 (otuz min) manat məbləğində müəyyən edilsin. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi 11 aprel 2023cü il tarixli qətnamənin qalan hissəsi, yəni İddiaçı Cavabdehnə qarşı irəli sürdüyü “mənəvi zərərin əvəzinin ödənilməsi tələbi barədə” iddiasının qismən təmin edilməsi, İddiaçı dəymiş mənəvi zərərin pul məbləğində Cavabdehndən tutularaq iddiaçıya ödənilməsi, dövlət rüsumu olaraq 120 (yüz iyirmi) manat məbləğində pulun Cavabdehndən tutularaq dövlət nəfinə ödənilməsi hissəsində dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün Cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Hakimlər x