Məhkəmə qərarları › İş №2(103)-3958/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3958/2025

25.06.2025 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3958/2025 25.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Babayev Fuad Fikrət oğlu və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi Cəfərli Pəri İlham qızının katibliyi ilə, İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh1 MMC-yə, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3 qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, pulun tutulması” ərizəsi üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 02 may 2025-ci il tarixli, e-2(004)- 1709/2025 nömrəli qətnaməsindən İddiaçı3 tərəfindən verilmiş şikayəti üzrə apellyasiyanın mümkünlüyünü açıq məhkəmə iclasında yoxlayaraq, MÜƏYYƏN ETDİ: İddiaçı1 və qeyriləri cavabdehlər Cavabdeh1 MMC-yə, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3 qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh3 arasında bağlanılmış “kooperativ binada mənzil alqı-satqısı haqqında” 10 iyul 2023-cü il tarixli müqavilənin etibarsız hesab edilməsi, Cavabdeh1 MMC ilə İddiaçı2 arasında bağlanılmış 29 yanvar 2018-ci il tarixli alqı-satqı müqaviləsinin qüvvədə olması və etibarlılığının tanınması, cavabdehlərdən öhdəliklərini yerinə yetirmədiklərinə görə müştərək qaydada iddiaçıların xeyrinə 50000 manat məbləğində dəbbə pulunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 02 may 2025-ci il tarixli, e-2(004)- 1709/2025 nömrəli qətnaməsi ilə (hakim Kərim Xudayev) iddia rədd olunmuşdur. Həmin qətnamədən İddiaçı3 tərəfindən apellyasiya şikayəti verilmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətini nəzərdən keçirib, iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qeyri-mümkün hesab edilməli, mülki iş şikayətin mülki prosessual qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin (bundan sonra, MPM) 360-cı maddəsinə əsasən, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. MPM-nin 361.3-cü maddəsinə əsasən şikayətə dövlət rüsumunun ödənilməsini təsdiq edən sübutlar əlavə edilir. MPM-nin 112.1.10-cu maddəsinə əsasən bir neçə müstəqil tələbdən ibarət olan iddialarda iddianın qiyməti bütün tələblərin ümumi məbləği ilə müəyyən olunur. MPM-nin 112.2 və 112.3-cü maddələrinə əsasən iddia qiymətinə həm də iddia ərizəsində göstərilən dəbbə pulu (cərimələr, penyalar) da daxil edilir. İddianın qiyməti iddiaçı tərəfindən göstərilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 1.1-ci maddəsinə görə, dövlət rüsumu - dövlət orqanları və müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumlar tərəfindən hakimiyyət səlahiyyətlərinin icrası zamanı göstərilən və hüquqi nəticələrin yaranmasına səbəb olan xidmətlərə və hüquqi hərəkətlərə görə (sənədlərin tərtibi, qeydiyyatı, razılıqların verilməsi və s.) ödənilən haqdır (ödənişdir). Həmin Qanunun 8.1.3-cü maddəsinə əsasən iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 8.6-cı maddəsinə əsasən, apellyasiya, kassasiya və ya əlavə kassasiya şikayətinin, qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması üçün ərizənin verilməsinə görə bu Qanunun müvafiq olaraq 8.1-ci, 8.2ci, 8.8-ci (müvəqqəti təminat tədbirlərinin tətbiqinə münasibətdə), 8.10-cu və 8.11ci maddələrində müəyyən edilmiş dövlət rüsumunun 50 faizi məbləğində dövlət rüsumu ödənilir. Göründüyü kimi, qiymətləndirlən iddialar üzrə iddianın qiyməti iddiaçı tərəfindən göstərilməli, eləcə də tələb bir neçə müstəqil hissədən ibarət olduqda, iddianın qiyməti bütün tələblərin ümumi məbləği ilə müəyyən olunmalıdır. Bundan başqa, iddianın qiymətinə həmçinin dəbbə pulu (cərimələr, penyalar) da daxildir. İddia ərizəsindən görünür ki, digər tələblərlə yanaşı, həmçinin cavabdehlərdən 50000 manat dəbbə pulu tələb olunmuşdur. Belə olan halda isə, qətnamədən apellyasiya şikayəti vermək üçün iddiaçı tərəfindən qanunvericliyin tələblərinə uyğun məbləğdə (həmçinin “Dövlət rüsumu haqqında” Qanunun 8.1.3-cü maddəsi nəzərə alınmaqla) dövlət rüsumu ödənilməli idi. Lakin, şikayətə əlavə olunmuş qəbzdən görünür ki, iddiaçı tərəfindən cəmi 50 manat dövlət rüsmu ödənilmişdir ki, bu da qanunveriliklə müəyyən olunmuş məbləğdən kifayət qədər aşağıdır. Bundan başqa, iddiaçı şikayətə dövlət rüsmunun ödənilməsindən azad olması barədə hər hansı sübut da əlavə etməmişdir (şikayət üzrə 50 manat dövlət rüsumunun ödənilməsi faktı özü-özlüyündə iddiaçının rüsum ödəməkdən azad olmamasını ehtiva edir). Həmçinin qeyd edilməlidir ki, birinci instansiya məhkəməsinə iddia ərizəsi üzrə cəmi 100 manat dövlət rüsumunun ödənilməsi halı da vəziyyəti dəyişdirmir. Çünki, apellyasiya şikayətinin verilməsinə görə dövlət rüsumu faktiki birinci instansiya məhkəməsinə ödənilmiş dövlət rüsumunun 50 faizi məbləğində deyil, qanunla ödənilməli olan müvafiq məbləğin 50 faizini təşkil edir. MPM-nin 363.1.2-ci maddəsinə əsasən apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa, qanunla dövlət rüsumunun ödənilməsinə möhlət verilməsi, hissə-hissə ödənilməsi və ya onun məbləğinin azaldılması imkanı nəzərdə tutulmuşdursa, bu barədə vəsatət olmadıqda və ya vəsatət rədd edilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Göründüyü kimi, birinci instansiya məhkəməsi qeyd edilən hallara diqqət yetirməmiş, şikayətin qanunvericiliyin tələblərinə uyğunluğunu tam və hərtərəfli yoxlamamışdır. Bu səbəbdən də məhkəmə kollegiyası hesab edir ki, şikayət qeyrimümkün hesab edilməli, iş şikayətin mülki prosessual qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Şərh olunanlara əsasən və MPM-in 263-264, 357-358, 366 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh1 MMC-yə, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3 qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, pulun tutulması” ərizəsi üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 02 may 2025-ci il tarixli, e-2(004)- 1709/2025 nömrəli qətnaməsindən İddiaçı3 tərəfindən verilmiş şikayət üzrə apellyasiya qeyri-mümkün hesab edilsin. İş şikayətin mülki prosessual qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması üçün Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar