Məhkəmə qərarları › İş №2(103)-3975/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3975/2021

03.05.2021 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3975/2021 03.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X1 (sədrliyi və məruzəsi ilə), Eyvazov Rafael Əmir oğlu və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Nizamlı Aygün Ülviyyət qızının katibliyi, İddiaçı nümayəndəsi vəkil X2 və cavabeh Cavabdeh1 nümayəndəsi vəkil X3 iştirakları ilə, İddiaçı - cavabehlər Cavabdeh1 və Cavabdeh2 (3-cü şəxs qismində Bakı şəhəri 1 saylı notariat kontoru və DƏDRX-nin 1 saylı Bakı Ərazi idarəsi göstərilməklə) qarşı “müqavilənin ləğv (etibarsız hesab) edilməsi və mülkiyyət hüquqlarının bərpa edilməsi" barədə iddia tələbinə dair Səbail Rayon Məhkəməsinin 2(009)-65/2021 saylı işi üzrə 29 yanvar 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçının Bakı şəhəri 1 Saylı Notariat Kontorunda təsdiq edilmiş 19.07.2012-ci il tarixli bağışlama müqaviləsindən imtina edərək və həmin müqavilə ləğv olunaraq (etibarsız hesab edilərək) ona məxsus Bakı şəhəri, Yasamal rayonu, İslam Səfərli küçəsində yerləşən 10 saylı evin:-kv.m. ümumi, 89,4 kv.m. yaşayış sahəsindən ibarət 7,8,9 nömrəli mənzilə dair mülkiyyət hüquqlarının bərpa edilməsi barədə iddiası Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-65/2021 saylı işi üzrə 29 yanvar 2021 ci ıl tarixli qətnaməsi ilə əsassız olduğundan təmin edilməmişdir. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsinə, iddia tələbinin tam təmin olunması dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi vəkil X2 apellyasiya şikayətini müdafiə edərək, Cavabdeh2lə 2014-cü ildə nikaha daxil olduqlarını, nikahdan əvvəl Cavabdeh2 məhkəmələrdə və sair orqanlarda təmsil etməsini və iddiaçını aldadaraq bağışlama müqaviləsi ilə 2012-ci ildə mənzillərin oğlunun adına rəsmiləşdirildiyini, daha sonra isə başqa məznilin cavabdehin qızının adına bağışlama müqaviləsinə əsasən rəsmiləşdirildiyinin, lakin sonradan qızının bağışlamanı ləğv etdiyini, mənzilin açarlarının iddiaçıda olduğunu və əşyalarınında mənzildə olduğunu, onun bağışlamanın hüquqi nəticələrini bilmədən bunu həyata keçirdiyini, iddiaçının uzun müddət Azərbaycanda olmadığını, bu səbəbdən də hüquqlarının pozulmasından gec xəbərdar olduğunu, Cavabdeh2 qarşı biləvasitə yönələn tələb olmasa da iddiaçının münasibətlərinin onunla olduğundan onu cavabdeh kimi qeyd etdiklərini bildirmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabeh Cavabdeh1 nümayəndəsi vəkil X5 apellyasiya şikayətini qəbul etməyərək, iddia müddətinin ötürüldüyünü bildimişdir. Məlumatlandırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlərin görülməsi nəticə vermədiyindən Cavabdeh2, üçüncü şəxslər Bakı şəhəri 1 saylı notariat kontoru və DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsinin iştirakları olmadan işə baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 50-58, 149-152, 259.0.12, 371, 372, 384.0.4, 385.1.1, 387.1-cu maddələrinin tələblərinə uyğun ərizə təqdim edilən zaman prosessual qanunvericiliyin tələblərinə tam riayyət edilmədiyini nəzərə alaraq iddia ərizəsinin baxılmamış saxlanılmaqla apellyasiya şikayətinin qismən təmin edilməsini qanuni hesab edir. Belə ki, iddia ərizəsi tərtib edilərkən mülki prosessual qanunvericiliyinin müvafiq normalarına uyğun tərtib (forma və məzmuna riayyət) edilməmiş, ərizədə qeyd edilən tələb (müqavilənin ləğvi və ya etibarsızlığı) aydın olmamaqla hər bir cavabdehə yönələn tələbin nədən ibarət olduğu müəyyən edilməmiş, cavabeh Cavabdeh2 ilə nikah münasibətlərində olması qeyd edilsədə buna dair rəsmi sənədlər təqdim edilməmiş, bağışlama müqaviləsindən imtina (müqavilənin ləğv) edilməsi barədə tələbdə müddəa olsada pretenziya qaydalarına uyğun cavabdeh olmalı olan tərəfə bildiriş göndərilməmişdir. Apellyasiya baxışının hədlərində qeyd edilən nöqsanların aradan qaldırılması səlahiyyət baxımından mümkün olmamışdır. Diqqətə çatdırılmalıdır ki, Mülki Prosessual Məcəllənin 259.0.12-ci maddəsinə görə ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.0.1- 150.0.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda məhkəmə iddia ərizəsini baxılmamış saxlayır. Məcəllənin 149.2.2, 149.2.3, 149.2.4 və 149.4-cü maddələrinə əsasən, işdə iştirak edən şəxslərin adları, onların poçt ünvanları, iddiaçının və ya ərizəçinin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb, müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumat, mübahisənin düzgün həll edilməsi üçün zəruri olan digər məlumatlar, həmçinin iddiaçının vəsatətləri iddia ərizəsində göstərilməlidir. Məcəllənin 150.0.5-ci maddəsinə görə, iddiaçının öz tələblərini əsaslandırdığı hallara dair sənədlər, əgər bu sənədlərin surətləri cavabdehlər və üçüncü şəxslərdə yoxdursa, onlara verilmək üçün bu sənədlərin surətləri iddia ərizəsinə əlavə edilməlidir. Məcəllənin 76.1, 77.1 və 78.1-ci maddələrinin tələblərinə görə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur; Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məcəllənin 151.1-ci maddəsinə görə, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 423-cü maddəsinə əsasən Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır; Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Məcəllənin 673.1 və 673.3-cü maddələrin tələblərinə görə, Hədiyyə verən müəyyən edilən hallarda bağışlamaqdan imtina edə bilər, İmtina yalnız onun əsasının hədiyyə verənə məlum olduğu gündən bir il ərzində imtina haqqında bildirişin hədiyyə alana çatdığı halda qüvvədədir. Məhkəmə kollegiyası izah etməyi vacib bilir ki, işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən nöqsanlar aradan qaldırmaqla iş üzrə prosessual tərəfləri və mahiyyətinə uyğun tələbi düzgün müəyyən etməklə iddiaçının məhkəməyə müraciət etmək hüquqları məhdudlaşdırılmır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 384.0.4, 400-cü maddələrini rəhbər tutaraq, kollegiya q ə r a r a a l d ı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Səbail Rayon Məhkəməsinin 2(009)-65/2021 saylı işi üzrə 29 yanvar 2021-ciil tarixli qətnaməsi ləğv edilsin İddiaçı - cavabehlər Cavabdeh1 və Cavabdeh2 (3-cü şəxs qismində Bakı şəhəri 1 saylı notariat kontoru və DƏDRX-nin 1 saylı Bakı Ərazi idarəsi göstərilməklə) qarşı “müqavilənin ləğv (etibarsız hesab) edilməsi və mülkiyyət hüquqlarının bərpa edilməsi " tələbi baxılmamış saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar