Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3975/2023 21.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “aliment miqdarının artırılması” tələbinə dair mülki iş üzrə Açar sözlər: (alimentin artırılması) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimlər Xəyal Əjdər oğlu Sarıyevin (sədrlik edən və məruzəçi), X9 və X2 ibarət tərkibdə, İlahə Novruz qızı Həsənzadənin katibliyi, İddiaçı nümayəndəsi X3, Cavabdeh nümayəndəsi X4 iştirakları ilə, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 05 aprel 2023-cü il tarixli, 2(003)-1267/2023 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı 1.Bakı şəhər Xəzər Rayon Məhkəməsinin xx.xx.2016-cı tarixli 2(003)-253/2016 saylı qətnaməsindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında xx.xx.2012-ci il tarixdə bağlanmış nikahın pozulması, birgə nikahdan olan xx.xx.2014-cü il təvəllüdlü X5 anası, İddiaçı yanında saxlanılması və uşağın saxlanılması üçün xx.xx.2015-ci il tarixdən başlayaraq 117 manat sabit pul məbləğində alimentin və uşağın üç yaşına çatanadək hər ay 50 manat məbləğində alimentin İddiaçı xeyrinə tutulması qət edilmişdir. 2.Hazırda iddiaçı aliment məbləğinin artırılmasını tələb edir. a)Birinci instansiya məhkəməsində icraat 3.İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhər Xəzər Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(003)-253/2016 saylı qətnaməsi əsasında cavabdehdən onun xeyrinə övladı xx.xx.2014-cü il təvəllüdlü X1 üçün müəyyən edilən alimentin miqdarı artırılaraq hər ay 220 manat miqdarında müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 4.İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə onun arasında 24 noyabr 2012-ci il tarixdə nikah bağlanmış və birgə nikahlarından xx.xx.2014-cü təvəllüdlü X7 doğulmuşdur. Onlar ailə qurduqdan sonra bir müddət normal münasibətlərdə yaşasalarda, sonradan münasibətləri pozulmuşdur. Onun müraciətinə əsasən xx.xx.2016-ci il tarixli, 2(003)-253/2016 saylı qətnamə ilə nikahları pozulmuş, övladlarının onun yanında qalması qət edilmiş və uşağın saxlanması üçün onun xeyrinə cavabdehdən 150 manat məbləğində alimentin tutulması müəyyən edilmişdir. Cavabdehin ödədiyi aliment övladının xərcələrini qarşılamır, nəticədə o, ciddi sosial problemlərlə üzləşir. Həmçinin ölkədə yetkinlik yaşına çatmamışlar üçün yaşayış minimumu da dəyişdirilmiş və 2023-ci ildə hər uşaq üçün 220 manat müəyyən edilmişdir. Buna görə də görə “aliment miqdarının artırılmas” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. 5.Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin (bundan sonra-məhkəmə) 05 aprel 2023-cü il tarixli, 2(003)-1267/2023 saylı qətnaməsi (sədrlik edən-İlham Cəfərzadə) ilə iddia qismən təmin edilərək, Bakı şəhər Xəzər Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(003)-253/2016 saylı qətnaməsi əsasında Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarının artırılması, hazırkı qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq xx.xx.2014-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə hər ay 200 manat sabit pul məbləğində aliment tutulması, Cavabdeh 30 manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməsi qət olunmuşdur. 6.Məhkəmə hesab etmişdir ki, qanuna əsasən valideynlər uşaqlarını saxlamağa borclu olduqlarından, məhkəmə qətnaməsi ilə müəyyən edilən aliment isə uşağın saxlanması üçün yetərli olmadığından, bununla da müəyyən edilmiş alimentin ödənilməsi cavabdehin qanunla müəyyən edilmiş uşağını saxlamalı olmasına dair vəzifəsinin icrasını tam əhatə etmədiyindən, iddiaçı məhkəmə tərəfindən təyin edilmiş alimentin miqdarının artırılmasını tələb etməkdə haqlıdır. 7.Cavabdehin ikinci dəfə nikaha daxil olması və həmin nikahdan himayəsində bir uşağının olması, həmçinin az miqdarda əmək haqqı alması səbəbindən tələb edilən miqdarda alimenti ödəmək üçün kifayət qədər imkanının olmaması dəlillərinə münasibətdə isə nəzərə almaq lazımdır ki, bu hallar onu birinci nikahından olan övladının saxlanılmasında və getdikcə artan tələbatlarının qarşılanmasında iştirak vəzifəsindən azad etmir. 8.Odur ki, tərəflərin birgə nikahlarından anadan olmuş uşaqlarının saxlanması üçün təyin edilmiş alimentin məbləği məhkəmə tərəfindən artırılmalıdır. 9.Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3, 124.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. a) Apellyasiya şikayətinin dəlilləri 10.Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, alimentin qismən artırılaraq hər ay üçün 150 manat müəyyən edilməsini xahiş etmişdir. 11.Apellyasiya şikayəti onunla əsaslandırılır ki, o, ikinci dəfə ailə qurub, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Təhlükəsizlik İdarəsində mühafizəçi vəzifəsində işləməklə az əmək haqqı alır. Borcları əmək haqqına yönəlir. Buna görə də, uşaqlarını saxlamağa maddi imkanı yoxdur. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri 12.Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları 13.Məhkmə kollegiyasının iclasında Cavabdeh nümayəndəsi X8 apellyasiya şikayətini müdafiə etdi, onun məzmununa uyğun izahat verərək onun təmin edilməsini, qətnamənin ləğv edilməsini xahiş etdi. 14.Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi X6 apellyasiya şikayətini qəbul etmədi, onun təmin olunmamasını, qətnamənin dəyişdirilmədən saxlanmasını xahiş etdi, izahatında əlavə olaraq qeyd etdi ki, uşaq artıq böyüyüb, onun tələbatları da artmışdır. Əvvəlki alimentin məbləği ilə uşağı saxlamaq mümkün deyildir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Ailə Məcəlləsi: 15.Maddə 112.1.Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. 16.Maddə 75.Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 17.Maddə 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyrimüntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 18.Maddə 78.2.Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu: 19.Maddə 13.Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 20.Maddə 112.1.3.İddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. 21.Maddə 124.1.İşə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. 22.“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1-ci maddəsinin tələbinə görə iddia qiyməti 1.000 manatadək olduqda, 30 manat məbləğində dövlət rüsumu ödənilir. Apellyasiya baxışının hədləri 23.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. 24.Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin tam olaraq yoxlanılması təşkil edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi 25.Bakı şəhər Xəzər Rayon Məhkəməsinin xx.xx.2016-cı tarixli 2(003)-253/2016 saylı qətnaməsindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında xx.xx.2012-ci il tarixdə bağlanmış nikahın pozulması, birgə nikahdan olan xx.xx.2014-cü il təvəllüdlü X5 anası, İddiaçı yanında saxlanılması və uşağın saxlanılması üçün xx.xx.2015-ci il tarixdən başlayaraq 117 manat sabit pul məbləğində alimentin və uşağın üç yaşına çatanadək hər ay 50 manat məbləğində alimentin İddiaçı xeyrinə tutulması qət edilmişdir. 26.Beləliklə hazırkı iddia tələbi, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarının artırılmasından (dəyişdirilməsindən) ibarətdir. 27.Alimentin miqdarının artırılması (dəyişdirilməsi) növündə iddia tələblərinin həllinin qanuni əsaslarını isə Ailə Məcəlləsinin 112.1-ci maddəsi təşkil edir. Həmin maddəyə görə aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. 28.Göründüyü kimi qanunverici, prinsip etibarı ilə məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra onun miqdarının dəyişdirilməsinin (artırılmasının və ya azaldılmasının) və ya aliment ödəməkdən ümumiyyətlə azad edilmənin mümkünlüyünü nəzərdə tutur. Lakin bunun ən əsas şərti məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olduğunun sübuta yetirilməsidir. 29.Hazırkı mübahisə üzrə iddiaçı, alimentin miqdarının artırılmasını müəyyənləşdirilmiş alimentin uşağın tələbatlarının çoxalması və uşağın təlim-tərbiyyəsi ilə məşğul olmaqla yanaşı onların maddi tələbatlarını ödəməyin tək qadın olaraq ona çox çətin olmasına, ölkədə uşaqlar üçün müəyyənləşdirilmiş yaşayış minumumunun artırılmasına əsaslanmaqla tələb etmişdir. 30.İşin araşdırılmış halları ilə müəyyən olunur ki, tərəflərin birgə nikah münasibətlərindən anadan olmuş uşaq iddiaçının himayəsindədir, işdə olan sübutlardan aydın olur ki, iddiaçının uşağın saxlanması üçün artan tələbatı ödəməyə maddi imkanı çatmır. 31.Kollegiya hesab edir ki, iddiaçı alimentin miqdarının artırılmasını tələb etməkdə haqlı olmuşdur. Belə ki, Bakı şəhər Xəzər Rayon Məhkəməsinin xx.xx.2016-cı tarixli, 2(003)-253/2016 saylı qətnaməsi ilə onun xeyrinə cavabdehdən uşağa görə 117 manat miqdarında aliment tutulmasını müəyyənləşdirərkən həmin dövrün həyat standartlarını əsas götürmüşdür. Hazırda isə bu vəziyyət dəyişməklə iddiaçı daha yüksək məbləğdə aliment tələb etməkdədir, həm də uşağa görə müəyyənləşdirilmiş yaşayış minumumu 2023-cü il üçün 220 manat nəzərdə tutulmuşdur. 32.Kollegiya qeyd edir ki, göstərilənlər alimentin məbləğinin müəyyən olunduğu tarixdən bu günədək artmış həyat standartları və istehlak qiymətləri, eləcə də uşağın böyüdüyü də nəzərə alınmaqla, tərəflərin maddi vəziyyətlərində yaranmış dəyişiklik kimi qəbul edilməlidir. 33.Qanunvericiliyin yuxarıda sadalanan müddəaları alimentin məbləğinin müəyyənləşdirilməsi və sonradan dəyişdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir; lakin bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar da nəzərə alınmalıdır. 34.Bu baxımdan kollegiya, “uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması” prinsipini, tərəflərin maddi və ailə vəziyyətlərini, eləcə də işin konkret hallarını əsas götürərək cavabdehdən iddiaçının xeyrinə tutulacaq alimentin uşağa görə 200 manat məbləğində müəyyən edilməsini ədalətli və ağlabatan hesab edir. 35.Cavabdehin ikinci dəfə nikaha daxil olması və həmin nikahdan himayəsində bir uşağının olması, həmçinin az miqdarda əmək haqqı alması, məcburi köçkün olması səbəbindən tələb edilən miqdarda alimenti ödəmək üçün kifayət qədər imkanının olmaması ilə bağlı dəlillərinə münasibətdə kollegiya qeyd edir ki, bu hallar onu birinci nikahından olan övladının saxlanılmasında və getdikcə artan tələbatlarının qarşılanmasında iştirak etmək vəzifəsindən azad etmir. 36.Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi alimentin miqdarının müəyyən edilməsi ilə bağlı məsələni həll edərkən mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. 37.Apellyasiya araşdırması zamanı birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması halları aşkar edilməmişdir. 38.Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur. 39.Apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası, yuxarıda şərh olunan əsaslara görə onları əsassız hesab edərək, qətnamənin dəyişdirilmədən saxlanılması qənaətinə gəlir. 40.“Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. 41.MPM-nin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. 42.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabadeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 05 aprel 2023-cü il tarixli, 2(003)-1267/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şıkayəti verilə bilməz. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Fuad Abdıyev Fərrux Qasımov
Məhkəmə qərarları › İş №2(103)-3975/2023
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3975/2023
21.07.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver