Məhkəmə qərarları › İş №2(103)-3978/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3978/2021

12.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3978/2021 12.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Namiq Şamil oğlundan və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi, İddiaçı və onun vəkili Vəkil, Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X4 nümayəndəsi və vəkili Aynur Musayevanın iştirakı ilə, İddiaçı cavabdeh “Daşınar və Daşınmaz Əmlakın Qiymətləndirilməsi Xidməti MMC-yə qarşı (Sabunçu rayon İcra və Probasiya şöbəsi, X7, X9 və X5 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər qismində işə cəlb edilməklə) “əmlakın qiymətləndirilməsi barədə hesabatın etibarsız hesab edilməsi tələbinə dair” 2(005)-399/2021 saylı mülki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 09.02.2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" MMC tərəfindən X6 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Natavan küçəsi, 19 saylı fərdi yaşayış evinə dair verilən əmlakın qiymətləndirilməsi barədə 26.09.2019-cu il tarixli, 184 saylı hesabatın etibarsız hesab edilməsi və həmin evin yenidən ekspert qiymətləndirilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin 15.11.2016-cı il tarixli, 2(103)-7193/16 saylı icra vərəqəsinə əsasən Bakı şəhəri, Sabunçu qəsəbəsi, Natavan küçəsi 19 saylı evə dair 23.07.2015-ci il tarixli alqı-satqı müqaviləsi etibarsız hesab edilmiş, həmin evin çıxarışı ləğv edilmiş, X3 94500 manat məbləğində pul vəsaiti alınaraq ona verilməsi, sözü gedən evin açıq hərracdan satılması və satışdan əldə edilən vəsait hesabına 94500 manat pulun ona ödənilməsi qərara alınmışdır. Sabunçu rayon İcra və Probasiya Şöbəsinin 23.08.2019-cu il tarixli, 7728-63449/17 saylı sifariş məktubuna əsasən Daşınar və Daşınmaz Əmlakın Qiymətləndirilməsi Xidməti MMC tərəfindən X6 məxsus Bakı şəhəri Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Natavan küçəsi, 19 saylı fərdi yaşayış evinin qiymətləndirilməsi aparılmışdır. Sonuncunun verdiyi 26.09.2019-cu il tarixli, 184 saylı hesabata əsasən evin qiyməti 150.000 manat təşkil etmişdir. Həmin hesabatla razı deyil. Belə ki, evin hal-hazırda qiyməti 90.000-100.000 manat olduğu halda onun dəyəri bilərəkdən yüksək qiymətə qiymətləndirilmişdir. "xxxx" MMC tərəfindən qiymətləndirilmə qüvvədə olan qiymətləndirmə fəaliyyəti və aparılması qaydaları barədə Azərbaycan Respublikasının qanunvericiliyinin tələblərinin kobud şəkildə pozulması ilə aparılmışdır. Ona görə də həmin qiymətləndirmə barədə rəy etibarsız hesab edilməlidir və həmin torpaq üzrə yenidən obyektiv qiymətləndirmə aparılmalıdır. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 09.02.2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmışdır. Apellyasiya baxışı zamanı iddiaçı və onun vəkili apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdilər və əlavə olaraq bildirdilər ki, mübahisələndirilən qiymətləndirmə rəyi Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Natavan küçəsi, 19 saylı fərdi yaşayış evinin real qiymətini əks etdirmir, həmin qiymətlə evin hərraca çıxarılması iddiaçının hüquqlarını poza bilər. Hazırkı mülki mübahisəyə görə icra məmuru icra hərəkətlərinin həyata keçirilməsini dayandırıbdır. Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X4 nümayəndəsi və vəkili apellyasiya şikayətinin əsassız olduğunu göstərərək, təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdeh “Daşınar və Daşınmaz Əmlakın Qiymətləndirilməsi Xidməti MMC-nin nümayəndəsi, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər Sabunçu rayon İcra və Probasiya şöbəsinin nümayəndəsi, X9 və X5 iclasda iştirak etməmiş və bunun səbəblərini bildirməmişdir. Kollegiya işə cavabdehin nümayəndəsinin və üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası proses iştirakçılarını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 09.02.2021-ci il tarixli qətnaməsi ləğv edilməli və iddianın qismən təmin olunması barədə yeni qətnamə çıxarılmalıdır.. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Hazırkı apellyasiya baxışı zamanı iddianın rədd edilməsinə dair qətnamə tam yoxlanılır. Birinci instansiya məhkəməsində iş üzrə tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin 15.11.2016-cı il tarixli, 2(103)-7193/2016 nömrəli icra vərəqəsinin surətinə əsasən qeyd edilən qətnamə ilə Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Natavan küçəsi, 19 saylı evin alqı-satqısına dair İddiaçı ilə X1 nümayəndəsi X9 arasında bağlanmış 23.07.2015-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin daşınmaz əmlaka dair X8 adına aparılmış daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyatın və RX seriyalı ******* çıxarışın ləğv edilməsi, X3 94500 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilməsi, tutmanın Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Natavan küçəsi 19 saylı evə yönəldilməsi, həmin evin açıq hərracdan satılması və satışdan əldə olunan vəsait hesabına 94500 manat İddiaçı ödənilməsi və evin satılmasından əldə olunan vəsaitin qalan hissəsinin X2 verilməsi qət edilmişdir. Həmin icra sənədi üzrə Sabunçu rayon İcra Şöbəsi tərəfindən verilmiş sifarişə əsasən "xxxx" MMC-nin “Əmlakın qiymətləndirilməsi barədə” 26.09.2019-cu il tarixli, 184 saylı hesabatına əsasən həmin ev 150 000 manat dəyərində qiymətləndirilmişdir. Birinci instansiya məhkəməsində işə baxılan zaman qiymətləndirmə təyin edilmiş və "xxxx" MMC-nin 24.12.2020-ci il tarixli, ƏEM/D 46735/20 nömrəli rəyində aparılmış hesablamalara və təkliflərə əsasən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin 24.12.2020-ci il tarixinə bazar qiyməti 78 000 manat, likvid dəyəri 70 000 manat təşkil etdiyi göstərilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyindən, məhkəmənin qətnamədə göstərdiyi nəticələr işin hallarına uyğun gəlmədiyindən qətnamə ləğv edilməli və iş üzrə yeni qətnamə çıxarılmalı, iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Birinci instansiya məhkəməsi iddianın təmin olunmaması barədə mövqeyini onunla əsaslandırmışdır ki, mübahisələndirilən hesabatda göstərilmiş qiymətlərin açıq-aşkar əsassız olduğunu təsdiq edən sübutlar məhkəmə baxışı zamanı iddiaçı tərəfindən təqdim edilməmişdir. Məhkəmə hər iki ekspert rəyi ilə müəyyən edilmiş qiymətləri müqayisəli şəkildə təhlil edib belə qənaətə gəlmişdir ki, "xxxx" MMC tərəfindən iddiaçının əmlakı qiymətləndirilərkən, fərdi yaşayış evinin texniki göstəricilərinə dair düzgün məlumatlar yazılmış və əmlakın bazar dəyəri təyin edilərkən ekspert rəyləri ilə müəyyən edilmiş qiymətlər arasında fərqlər digər rəyin əsassız və ya qeyri-obyektiv olması üçün əsas yaratmır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qeyd edilən mövqeyi ilə razı deyildir. Belə ki, “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinə əsasən qiymətləndirici tərəfindən obyektin qiymətləndirilməsi üçün əsas sifarişçi ilə bağladığı müqavilədir. Mülki qanunvericilikdə nəzərdə tutulmuş hallarda obyektin qiymətləndirilməsi məhkəmənin ekspertiza haqqında, o cümlədən təkrar ekspertiza haqqında qərarı əsasında da aparıla bilər. Belə hallarda məhkəmə qiymətləndirici seçməkdə tam müstəqildir. “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə görə qiymətləndirmə nəticələri haqqında hesabatların tərtib olunma qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir. Qiymətləndirmənin nəticələri haqqında hesabatda əmlakın bazar və ya digər dəyərlərinin yekun göstəricisi məhkəmə qaydasında ləğv edilmədikdə, həqiqi sayılır. Qiymətləndirmə obyektinin qiymətləndirici tərəfindən müəyyən edilmiş bazar və ya digər dəyəri haqqında hesabat məhkəmə tərəfindən müvafiq mübahisələrə baxıldığı bütün hallarda nəzərə alına bilər. “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən qiymətləndiricinin hesabatında qiymətləndirilən obyektin bazar və digər dəyərinin həqiqiliyi ilə əlaqədar mübahisələrə məhkəmə tərəfindən baxılır. Bu halda mübahisəni baxılmaq üçün qəbul etmiş məhkəmənin mövcud prosessual qanunvericiliyin və bu Qanunun müddəalarını nəzərə alaraq qiymətləndirilən obyektin yenidən ekspert qiymətləndirilməsini təyin etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 97.1-ci maddəsinə əsasən, işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. İşdə iştirak edən şəxsin vəsatəti rədd edildikdə məhkəmə bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir. Həmin Məcəllənin 102.2-ci maddəsinə əsasən, məhkəmə, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda, ekspertiza aparılmasını başqa ekspertə və ya ekspertlərə tapşırmaqla, təkrar ekspertiza təyin edə bilər. Apellyasiya baxışı zamanı iş üzrə qiymətləndirmə təyin edilmiş və "xxxx" MMC-nin 14.06.2021-ci il tarixliu, M-35/2021 saylı rəyində ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin 10.06.2021-ci il tarixinə bazar qiyməti 77 000 manat, likvid dəyəri 69 000 manat təşkil etdiyi göstərilmişdir. Göründüyü kimi, mübahisələndirilən qiymətləndirilmə rəyi qeyd edilən fərdi yaşayış evinin real satış qiymətini əks etdirmir, bunu iş üzrə keçirilmiş digər qiymətləndirmə rəyləri də təsdiq edir. Birinci instansiya məhkəməsi həmin rəyin nəticəsi ilə razılaşmasını əsaslandırmamış, özünün təyin etdiyi qiymətləndirmə rəyi ilə ilkin satış qiymətindəki kəskin fərqin səbəblərini araşdırmamış, həmin qiymətlə daşınmaz əmlakın hərraca çıxarılmasının iddiaçının mənafeyinə zidd olduğunu, onun hüquqlarını poza biləcəyini nəzərə almadan iddianı rədd etməklə mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı mahiyyəti üzrə düzgün olmayan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyasının mövqeyinə görə, “Qiymətləndirmə fəaliyyəti haqqında” qanunda əmlakın dəyərini müəyyənləşdirən qiymətləndiricinin hesabatının məhkəmə qaydasında mübahisələndirilməsi imkanının nəzərdə tutulması istənilən halda qiymətləndiricinin hesabatının ləğv edilməli olması kimi başa düşülə bilməz. Həmin qiymətləndirmə hesabatı yalnız tərəfin hüququnun pozuntusunun yarandığı güman edilən real vəziyyətlərdə ləğv oluna bilər. Odur ki, kollegiyanın gəldiyi qənaətə görə, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi qismən təmin olunmalı, cavabdeh "xxxx" MMC-nin Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Natavan küçəsi, 19 saylı fərdi yaşayış evinin qiymətləndirilməsi barədə 26.09.2019-cu il tarixli, 184 saylı hesabatı etibarsız hesab edilməli, iddia qalan “fərdi yaşayış evinin yenidən ekspert qiymətləndirilməsinin keçirilməsi” hissəsində icra sənədinin icrası üzrə icra qaydasında həll edilməli olan məsələ olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfındən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğində münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 09.02.2021-ci il tarixli, 2(005)-399/2021 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi qismən təmin olunsun. Cavabdeh "xxxx" MMC-nin Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Natavan küçəsi, 19 saylı fərdi yaşayış evinin qiymətləndirilməsi barədə 26.09.2019-cu il tarixli, 184 saylı hesabatı etibarsız hesab edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh “Daşınar və Daşınmaz Əmlakın Qiymətləndirilməsi Xidməti MMC-dən 10,40 manat (on manat qırx qəpik) dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar