Məhkəmə qərarları › İş №2(103)-3980/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3980/2022

17.05.2022 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3980/2022 17.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi ilə İddiaçı Cavabdeh qarşı «müqaviləyə xitam verilməsi və s.» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2513/2022 saylı, 15 aprel 2022-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə əsasən işə yazılı icraat qaydasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı «müqaviləyə xitam verilməsi və s.» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə arasında bağlanmış 12.04.2006-cı il tarixli şifahi borc müqaviləsinin icrası ilə əlaqədar həmin borc müqaviləsinə xitam verilməsi və Cavabdeh qarşısında heç bir öhdəliyinin olmaması barədə barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2513/2022 saylı, 15 aprel 2022-ci il tarixli qərardadı ilə İddiaçı Cavabdeh qarşı «müqaviləyə xitam verilməsi və s.» tələbinə dair iddia ərizəsi qəbul edilməkdən imtina edilmiş, iddiaçı tərəfindən dövlət büdcəsinə dövlət rüsumu kimi ödənilmiş 100 manat məbləğində pul iddiaçıya geri qaytarılmışdır. Həmin qərardaddan iddiaçı şikayət verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayəti onunla əsaslandırmışdır ki, Cavabdeh qarşı aralarında bağlanmış şifahi müqavilənin icrası ilə əlaqədar xitam verilməsi barədə məhkəməyə iddia ərizəsi təqdim etmişdir, həmçinin iddia ərizəsinə əlavə etdiyi sənədlərdən də görünür ki, Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 22.11.2006-cı il tarixli 2-2540/2006 saylı qiyabi qətnaməsindən bu vaxta kimi məlumatı olmamış, yalnız 2021-ci ilin axırlarında həmin qiyabi qətnamənin mövcudluğu barədə məlumatı olmuş və bundan sonra həmin qiyabi qətnamənin ləğvi ilə əlaqədar ərizənin verilməsi üçün nəzərdə tutulmuş prosessual müddətin bərpası barədə məhkəməyə müraciət etmişdir. Lakin məhkəmə əsassız olaraq həmin müddəti bərpa etməmişdir. Bununla əlaqədar da hal-hazırda Avropa Məhkəməsinə müraciət etmişdir. İşin hallarından da onun Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 22.11.2006-cı il tarixli 2-2540/2006 saylı qiyabi qətnaməsindən məlumatı olmadığı və həmin qiyabi qətnamə qəbul edilərkən məhkəmə prosesləri barədə ona heç bir məlumat verilmədiyi və onun bu işlə əlaqədar məhkəmə proseslərində iştirak edə bilmədiyi və öz prosessual hüquqlarını müdafiə edə bilmədiyi sübut olunsa da, məhkəmə tərəfindən halhazırki iddia ilə əlaqədar bu məsələlərin aradan qaldırılması və cavabdeh ilə aralarında olan bu məsələyə daha ədalətli və obyektiv baxılması üçün şərait yaradılmamışdır. Eyni zamanda qeyd edir ki, 2006-cı ildə qəbul edilmiş bu qiyabi qətnamə Cavabdeh ona qarşı pul tələbi barədə iddiası əsasında qəbul edilmişdir. Onun hal-hazırdakı iddiasının mahiyyəti isə müqavilə üzrə öhdəliklərə xitam verilməsidir. Yəni hər iki iş üzrə tərəflər eyni olsa da, mübahisənin predmeti başqadır. Eyni zamanda bu iki iş üzrə cavabdeh və iddiaçı da başqadır. Ona görə də hesab edir ki, məhkəmənin gəldiyi bu nəticə tamamilə əsassızdır. Həmin qərardad ləğv edilməli və iddia ərizəsi məhkəmə tərəfindən icraata qəbul edilməlidir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2513/2022 saylı, 26 aprel 2022-ci il tarixli qərardadı ilə şikayət təmin olunmamış və baxılması üçün mülki işin materialları ilə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2513/2022 saylı, 15 aprel 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan Binəqədi Rayon Məhkəməsinin 22.11.2006-cı il tarixli 2-2540/2006 saylı qiyabi qətnaməsindən görünür ki, hazırki iddia ərizəsi üzrə Cavabdeh hazırki iddia ərizəsi üzrə İddiaçı və Sevda Sultanovaya qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2006-cı ilin aprel ayının 12-də Almaniya istehsalı, 1991-ci il buraxılışlı, “Mersedec Benz-190” markalı avtomaşını cavabdeh İddiaçıla 7200 ABŞ dollarına razılaşdıqdan sonra avtomaşını Gürcüstan Respublikasından gətirərək ona satmışdır. Aralarında olan razılaşmaya əsasən cavabdeh İddiaçı 150 ABŞ dolları məbləğində behi ona ödəyərək avtomaşını Sənaye Bankına girov qoymuş və sonra avtomaşını iş üzrə digər cavabdeh Sevda Sultanovanın adına rəsmiləşdirmişdir. 12 aprel və 26 aprel 2006-cı il tarixlərdə cavabdeh İddiaçı ona avtomaşının pulundan hissə-hissə cəmi 3000 ABŞ dolları pul ödəmiş, qalan 4200 ABŞ dollarını isə borclu qalmış və bu barədə qəbz vermişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 22.11.2006-cı il tarixli 2-2540/2006 saylı qiyabi qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, Cavabdeh xeyrinə İddiaçı və X1 4000 ABŞ dolları və ödənilmiş 19 manat 80 qəpik övlət rüsumunun tutulması və qalan hissədə iddianın təmin edilməməsi qət edilmişdir. Hazırda isə İddiaçı iddia ərizəsində İddiaçı Cavabdeh ilə arasında bağlanmış 12.04.2006-cı il tarixli şifahi borc müqaviləsinin icrası ilə əlaqədar həmin borc müqaviləsinə xitam verilməsi və Cavabdeh qarşısında heç bir öhdəliyinin olmaması barədə barədə qətnamə qəbul edilməsini xahiş etmişdir, iddia ərizəsində isə göstərmişdir ki, 1991-ci il buraxılışlı, “Mersedec Benz-190” markalı avtomobili ona verərkən Cavabdeh onun etibarından sui-istifadə edərək ona borcu olması barədə qəbzə imza etdirmişdir. Göründüyü kimi ilk olaraq Cavabdeh 1991-ci il buraxılışlı, “Mersedec Benz-190” markalı avtomobilə görə ödənilməmiş pulun geri qaytarılmasını tələb etmiş və bu barədə qəbul edilmiş Binəqədi Rayon Məhkəməsinin 22.11.2006-cı il tarixli 2-2540/2006 saylı qiyabi qətnaməsi 04.12.2006-cı il tarixində qanuni qüvvəyə minmişdir. İddiaçı 1991-ci il buraxılışlı, “Mersedec Benz-190” markalı avtmobili ilə bağlı Cavabdeh onun etibarından sui-istifadə edərək qəbz imzaltmasına istinad edərək hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, göstərilən hər iki iddia tələbi eyni əsaslı olmaqla, predmet olaraq da eyni olmuşdur. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq belə nəticəyə gəlmişdir ki, eyni tərəflər arasında eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi mövcud olduğundan iddia yolverilməz olmaqla iddia ərizəsinin qəbul edilməsindən imtina edilməlidir. Mülki Prosessual Məcəllənin 153.2.2-ci maddəsinin tələbinə əsasən, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Bununla da məhkəmə kollegiyasının qənaətinə görə, İddiaçı icraata qəbul edilməsindən imtina olunan tələbləri üzrə qanuni qüvvədə olan məhkəmə qərarı olduğundan, adı çəkilən iddiaçının eyni predmetli tələbinə mahiyyəti üzrə yenidən baxılması mülki-prosessual qanunverciliyin mənasına, habelə hüquqi müəyyənlik prinsipinə uyğun deyildir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi Ryabix Rusiya Federasiyasına qarşı iş üzrə 24 iyul 2003-cü il tarixli qərarında qeyd edir ki, “hüquqi müəyyənlik res judicata prinsipinə, yəni bir dəfə həll edilmiş işə təkrar baxılmanın yolverilməzliyi prinsipinə hörmət edilməsini nəzərdə tutur. Prinsip onu əks etdirir ki, tərəflərdən heç biri yalnız işə təkrar baxılması və yeni qərara nail olmaq məqsədilə yekun, qanuni quvvəyə minmiş qərara yenidən baxılmanı tələb edə bilməz”. Bundan başqa iddiaçı şikayətində Binəqədi Rayon Məhkəməsinin 22.11.2006-cı il tarixli 2-2540/2006 saylı qiyabi qətnaməsinin ləğvi ilə əlaqədar ərizənin verilməsi üçün nəzərdə tutulmuş prosessual müddətin bərpası barədə məhkəməyə müraciət etdiyini, lakin həmin müddəti bərpa edilmədiyini və bununla əlaqədar da hal-hazırda Avropa Məhkəməsinə müraciət etdiyini bildirsə də, məhkəmə kollegiyası qeyd edir ki, qeyd olunan qətnamə hal-hazırda qüvvədə olmuşdur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı əsaslı şəkildə qəbul edilmiş, şikayətdə göstərilən dəlillər isə əsassızdır və onun ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də, şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 397, 398, 400 və 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2513/2022 saylı, 15 aprel 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Məmməd Məmmədov Rəşad Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar