Məhkəmə qərarları › İş №2(103)-3980/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3980/2024

22.08.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3980/2024 22.08.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə (Açar sözlər: alimentin tutulması) X1 (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlundan və X3 ibarət tərkibdə, Məhkəmə iclasının katibi X6, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “alimentin tutulması” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(007)- 525/2024 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. İddiaçı (bundan sonra iddiaçı) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 anasıdır. “Elektron Məhkəmə İnformasiya Sistemi”ndən əldə edilmiş məlumata əsasən iddiaçının əmək müqaviləsi üzrə əmək fəaliyyətində olması, o cümlədən ona əlillik və digər əsaslara görə pensiya təyin edilməsi müəyyən olunmur.

Birinci instansiya məhkəməsindəki icraat

2. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlərin hər birindən 220 manat, ümümilikdə 440 manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehlər xx.xx.1987-ci il təvəllüdlü Cavabdeh1 və xx.xx.1989-cu il təvəllüdlü Cavabdeh2 onun övladlarıdır. Övladları və həyat yoldaşı X10 ilə birgə qeydiyyatda olduqları ünvanda yaşamışlar. Həyat yoldaşı Ələs Bayramov xx.xx.2022-ci il tarixdə dünyasını dəyişdikdən sonra o, sümük, böyrək və sair xəstəliklərdən əziyyət çəkməkdədir və işləyə bilmir, sərbəst hərəkət edə bilmir. Övladları ona qulluq etmək, onun məişət qayğılarını, qida və dərman xərclərinə kömək etməyərək ondan uzaqlaşmışlar, maddi və ya mənəvi heç bir dəstək göstərmirlər. Məcburiyyət qarşısında o, bacısının evinə yerləşmiş və maddi və mənəvi dəstəyi bacısı və yaxın qohumları qarşılayır. Dəfələrlə yataq xəstəsi olduğunu, dərman və məişət xərclərində ona kömək etmələrini xahiş etsə də müsbət nəticə olmamışdır. Qanunvericiliyin tələbinə uyğun aliment tələbi ilə mediasiya qurumu vasitəsi ilə müraciəti də cavabsız qalmışdır. Məcburiyyət qarşısında məhkəməyə müraciət etməli olmuşdur. Hesab edir ki, mübahisəli məsələyə məhkəmə qaydasında baxılmalı, məsələ hüquqi müstəvidə öz həllini tapmalıdır.

4. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(007)- 525/2024 nömrəli qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “alimentin tutulması” tələbinə dair iddiası rədd edilmiş, məhkəmə xərcləri iddiaçıya aid edilmişdir (hakim X8).

5. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək, qeyd etmişdir ki, yetkinlik yaşına çatmış övladların valideynləri üçün aliment öhdəlikləri hər bir halda yox, yalnız valideynlərin əmək qabiliyyəti olmadıqda və maddi yardıma ehtiyacı olduqda yaranır. Göstərilən şərtlərdən biri olmadıqda onlarda aliment öhdəliyi yaranmır. Valideyinlərin əmək qabiliyyətsizliyi onların pensiya yaşına çatması, yaxud da ki, əlilliyi ilə əlaqədar ola bilər. “Maddi yardıma ehtiyacı olma” müddəası valideynlərin yaşayış minimumu üçün çatışmayan vəsaitlərinin olmaması anlayışını xarakterizə edir. Hazırki halda iddiaçı əmək qabiliyyətinin olmaması və maddi yardıma ehtiyacı olması barədə məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Müayinə vərəqələri və reseptlər isə onun əmək qabiliyyətinin olmaması və maddi yardıma ehtiyacı olmasını təsdiq etmir. Həmçinin məhkəmə iclasında müəyyən olunmuşdur ki, əvvəllər yaşadıqları evi iddiaçı kirayəyə vermişdir və kirayə haqqını da o, götürür. Belə olan halda qanunvericiliyin tələbinə əsasən göstərilən şərtlərdən biri olmadıqda aliment öhdəliyi yaranmır. Odur ki, iddia tələbi təmin edilə bilməz.

6. Məhkəmə, həmçinin, qeyd etmişdir ki, iddia tələbi rədd edildiyindən məhkəmə xərcləri iddiaçıya aid edilməlidir.

7. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Ailə Məcəlləsinin 82-ci, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci, 76.1-ci, 77.1-ci, 88-ci, 119.1-ci, 217.4cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

8. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

9. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iş materiallarına əlavə olunmuş sənədlərdən cavabdehlərin onun övladları olduğu, onun nə təqaüd, nə də hər hansı bir sosial təminat almadığı, başqa sair gəlirlərinin olmadığı və xəstə olduğu tam təsdiqi tapmaqdadır. Bütün bu hallar onun maddi yardıma ehtiyacının olduğunu sübut edən hallardır. Lakin məhkəmə bu halların heç birini nəzərə almadan göstərilən maddənin tələbini pozmaqla qanunsuz və əsassız qətnamə çıxarmışdır. Birinci instansiya məhkəməsində məhkəmə araşdırması zamanı cavabdehlərin maddi vəziyyəti araşdırılan zaman müəyyən olunmuşdur ki, cavabdehlərdən biri hərbi qulluqçudur və hər ay üçün müəyyən olunmuş məbləğdə əmək haqqı alır, digər cavabdeh ilə xırda bizneslə məşğuldur və maddi vəziyyəti normaldır. Hər ikisinin iddia tələbində göstərilən aliment məbləğini ödəməyə kifayət qədər maddi imkanları vardır. İşin göstərilən bu halları məhkəmə araşdırması zamanı tam təsdiq olunsa da, lakin məhkəmə heç bir əsas olmadan bu halları nəzərə almamış və nəticədə istinad olunan maddi hüquq normasının tələbini pozmaqla qətnamə çıxarmışdır. Belə ki, əmək qabiliyyətinin olub-olmaması meyarı yalnız hər hansı bir dövlət qurumunun rəsmi sənədi ilə ölçülmür və qanunvericilik bunu belə qiymətləndirmir. Qanunvericilik şəxsin əmək qabiliyyətinin olmaması anlayışını həm də onun işləyə bilib-bilməməsi ilə, yəni şəxsin səhhəti və sair halları onun hər hansı bir işlə məşğul ola bilib-bilməyəcəyinə təsirini də nəzərdə tutmuşdur.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

10. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

11 Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili X4 apellyasiya şikayətini müdafiə edərək, iddia ərizəsinin və apellyasiya şikayətinin məzmununa uyğun izahat vermiş və apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.

12. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 apellyasiya şikayətini qəbul etməyərək, məhkəməyə verdiyi izahatında bildirmişdir ki, onlar əvvəllər order əsasında atalarına məxsus olan mənzildə yaşamışlar. Sonradan ataları rəhmətə getmişdir. Həmin mənzil hazırda da mövduddur və anası tərəfindən aylıq 300 manat haqq müqabilində kirayə verilir. Lakin onlar bu məbləğin anaları tərəfindən götürülməsinə müdaxilə etmirlər ki, anaları dolansın. Halbuki, o, ailəsi ilə birlikdə hazırda kirayə əsaslarla başqa bir mənzildə yaşayır. Atalarına məxsus olmuş mənzil yaşayış üçün tam yararlı və lazımi məişət və sair avadanlıqla tam təmin edilmiş vəziyyətdə olmasına baxmayaraq, anaları öz istəyi ilə oranı tərk edərək, Şəmkir rayonuna öz bacısının evinə getmişdir. Hazırda da orada yaşayır. Baxmayaraq ki, onunla anası arasında hər hansı narazılıq və mübahisə olmamış, dəfələrlə anasına gəlib onunla birlikdə yaşamağı təklif etmişdir. Anasının atalarından qalmış mənzildə yaşaması üçün də hər hansı maneə yoxdur. Lakin anası gəlmir. Belə ki, öz bacısının təsiri altındadır. Hazırki iddia da xalasının təhriki ilə qaldırılmışdır. Anasının əlliyi yoxdur, təqaüdə də çıxmayıbdır. Göstərilənlərin nəzərə alınmasını və apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.

13. Məhkəmə iclasında Cavabdeh1 apellyasiya şikayətini qəbul etməyərək, Cavabdeh2 izahatına uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.

Tətbiq edilən hüquq

14. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: 82.1-ci maddəsinə əsasən əmək qabiliyyəti olan yetkinlik yaşına çatmış övladlar maddi yardıma ehtiyacı olan əmək qabiliyyəti olmayan valideynlərini saxlamağa və onlara qayğı göstərməyə borcludurlar; 82.2-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan valideynlər üçün aliment əmək qabiliyyəti olan və yetkinlik yaşına çatmış övladlardan məhkəmə qaydasında tutulur.

15. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.2-ci maddəsinə əsasən əmək qabiliyyəti olmayan şəxslər - əlilliyi olan şəxslər, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci və 8-ci maddələri ilə müəyyən edilmiş yaş həddinə çatan şəxslər, vəfat etmiş şəxsin 18 yaşına çatmamış (əyani təhsil alanlar təhsili bitirənədək, lakin 23 yaşdan çox olmamaqla), yaxud 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan övladları hesab edilir.

16. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun: 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır; 7-ci maddənin qeyd hissəsinə əsasən Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır; 8-ci maddəsinə əsasən valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş səkkiz yaşınadək övladlığa və ya qəyyumluğa götürülmüş uşaqlar da daxil olmaqla beş və daha çox uşağı olan və ya əlilliyi müəyyən edilmiş uşağı olan qadınların və kişilərin, uşaqların səkkiz yaşınadək sağ olması şərtilə, bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır.

17. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda - bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.1-ci maddəssinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

18. Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən əhalinin əsas sosialdemoqrafik qrupları üzrə yaşayış minimumunun məbləği 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə 246 manat, əmək qabiliyyətli əhali üçün 261 manat, pensiyaçılar üçün 199 manat, uşaqlar üçün 220 manat məbləğində müəyyən edilsin. Apellyasiya baxışının hədləri

19. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

20. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

21. Hazırkı apellyasiya şikayətində qətnamənin ləğv edilərək, iddianın təmin edilməsi xahiş olunduğundan, qətnamə tam yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

22. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmışdır. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsinə və ya dəyişdirilməsinə hər hansı əsas yoxdur.

23. Məhkəmə kollegiyası Ailə Məcəlləsinin 82-ci maddəsinin tələblərini rəhbər tutub, işin hallarına, habelə apellyasiya şikayətinin dəlillərinə istinadən qeyd etməyi zəruri hesab edir ki, qanunverici valideynə (iddiaçıya) övladlarından (cavabdehlərdən) alimentin ödənilməsini tələb etmək hüququ versə də, bu hüququn reallaşmasını hüquqi nəticə etibarı ilə valideynin əmək qabiliyyətinin olmamasından, maddi yardıma ehtiyacının olmasından, övladlarının yetkinlik yaşına çatmasından və əmək qabiliyyətli olmasından asılı etmişdir. Belə ki, maddənin dispozisiyasından da göründüyü kimi, aliment istisnasız və qeyri-şərtsiz olaraq bu şərtlərin hər birinin eyni zamanda mövcud olduğu halda tutula bilər.

24. Hazırki mülki iş üzrə cavabdehlər qeyd edilən maddənin dispozisiya şərtlərinə uyğun hesab edilsə də, iddiaçı həmin maddənin tələblərinə cavab vermir. Belə ki, həmin maddəyə əsasən iddiaçının aliment tələbi ilə çıxış etməsi üçün qeyd edilən hər iki şərt eyni anda mövcud olmalı, yəni iddiaçının həm əmək qabiliyyəti olmamalı, həm də onun maddi yardıma ehtiyacı olmalıdır.

25. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununda əmək qabiliyyəti olmayan şəxslərin dairəsi müəyyən edilmiş və əlilliyi olan şəxslər, habelə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci və 8-ci maddələri ilə müəyyən edilmiş yaş həddinə çatan şəxslər bu kateqoriyaya aid edilmişdir (həmin maddələrdə göstərilən digər halların iddiaçıya hər hansı aidiyyəti yoxdur).

26. İddiaçı xx.xx.1964-cü il təvəllüdlüdür və bu baxımdan nəinki iddia qaldırılan tarixdə, hətta hazırda belə pensiya yaşına çatmamışdır. Eyni zamanda, iddiaçının əlillik dərəcəsinin olması da müəyyən edilmir. Belə ki, əlilliyin müəyyən edilməsi və əlillik dərəcəsinin təyin edilməsinin qanunvericiliklə müəyyən edilmiş proseduru mövcuddur. Bu baxımdan iddiaçı tərəfindən təqdim edilmiş və 2021-2022-ci ilin aprel aylarına aid olan müayinə nəticələri və reseptlər (yalnız bir resept xx.xx.2023-cü il tarixə təsadüf edir) heç bir halda (reallığı əks etdirdiyi və həqiqiliyi qəbul edildiyi təqdirdə belə) iddiaçının əlil olmasını təsdiq edə bilməz. Bununla belə, iddiaçı əmək qabiliyyəti olmayan şəxslər kateqoriyasına aid deyil. Bu halın mövcudluğu artıq iddianın rədd edilməsini şərtləndirir.

27. Məhkəmə kollegiyası hər bir halda iddiaçının maddi yardıma ehtiyacının olması ilə bağlı məsələyə də münasibət bildirilməsini zəruri hesab edir və bununla bağlı qeyd edir ki, iddiaçı hazırda da ünvan 1 ünvanında pasport qeydiyyatındadır. İddiaçı onun 2022-ci ildə dünyasını dəyişmiş əri və cavabdehlərlə birlikdə həmin evdə yaşamışdır. Həmin ev hazırda da mövcuddur. Lakin cavabdehlərin nəinki bu evdə yaşaması, ümumiyyətlə evin onların istifadə və sahibliyində olması, eyni zamanda, onların mülkiyyətində hər hansı başqa yaşayış sahəsinin olması müəyyən edilmir. Cavabdeh2 başqa bir şəxslə aralarında bağlanmış xx.xx.2023-cü il tarixli kirayə müqaviləsinə əsasən hər ay 450 manat məbləğində kirayə haqqı ödəməklə ailəsi ilə birlikdə Bakı şəhəri, Nizami rayonunun ərazisində yerləşən 81 saylı evin, 64 saylı mənzilində yaşayır. Qeyd edilənlər evin cavabdehlər üçün əlçatanlı olmadığını, məhz iddiaçının sahibliyində olmasını, onun iradəsinə uyğun istifadə və idarə edildiyini təsdiq edir. Əks halda, cavabdeh ailəsi ilə birlikdə bu evə köçüb yaşayardı və bununla da hər ay 450 manat kirayə haqqının ödənilməsindən azad olunardı. Belə ki, aldığı aylıq əmək haqqının məbləği, ailə üzvlərinin sayı, övladının səhhəti ilə bağlı müalicənin tələb edilməsi, habelə kredit borcunun olması qarşılığında onun hər ay bu məbləğin qənaət edilməsində maraqlı olması açıq və aşkardır.

28. Məhkəmə kollegiyası o halı da nəzərə alır ki, iddiaçının bu evdən məcburi qaydada çıxarılması, habelə onun bu evdə yaşamasına hər hansı maneənin yaradılması müəyyən edilmir. Bu baxımdan belə qənaətə gəlmək olur ki, iddiaçı həmin evi öz iradəsinə uyğun olaraq tərk edərək, Şəmkir rayonu, Çinarlı qəsəbəsi, İsmət Qayıbov küçəsində yerləşən və bacısı X2 məxsus olan evə köçmüş, hazırda da orada yaşayır. Cavabdehlərin bu evin iddiaçı tərəfindən başqa şəxsə kirayə verilməsi və kirayə haqqının onun tərəfindən alınması barədə fikirlərinə də apellyasiya şikayətində hər hansı münasibət bildirilmir və bu halın mövcudluğu təkzib edilmir. İddiaçının nümayəndəsi və vəkili məhkəmə iclasında bu evin ümumiyyətlə yaşayış üçün yararsız olduğunu bildirir. Halbuki iddia ərizəsində bu barədə hər hansı məlumat verilmir, əksinə onun məzmunundan iddiaçının bir müddət əvvələ kimi, həmin evdə yaşadığı müəyyən edilir. Ondan sonrakı dövrdə isə hansı hadisənin baş verməsi nəticəsində evin şəraitsiz vəziyyətə düşməsi açıqlanmır. Bu da evin yaşayış üçün yararlı olmasını təsdiq edir. Bununla belə, 27-ci və hazırki bəndlərdə göstərilənlər cavabdehlərin evlə bağlı söylədiklərinin həqiqəti əks etdirdiyinə dəlalət edir.

29. Beləliklə, məhkəmə kollegiyası göstərilənləri nəzərə alıb, belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddianı rədd etməkdə haqlı olmuşdur. Bu səbəbdən apellyasiya şikayəti əsassızdır və təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi iddiaçının apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır.

30. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-in 372-ci, 382-ci, 384-cü, 392-ci, 393-cü, 403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(007)-525/2024 nömrəli qətnaməsi İddiaçı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar