Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3981/2022 25.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlundan və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Səfərli Xədicə Əlicabbar qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 31 mart 2022-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Bakı Şəhər Təcili və X1rşı “əmək haqqının artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Nazirlər Kabinetinin 10.05.1994-cü il tarixli 185 saylı qərarına əsasən ona 25% maaş artımının tətbiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 31 mart 2022-ci il tarixli qətnaməsi ilə (hakim R.Səmədov, iş №2(006)-1426/22) iddia təmin edilməmişdir. İddiaçı qətnamədən narazı qalaraq apellyasiya şikayəti vermişdir. İşin halları: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 1990-cı ildən bu günə kimi Bakı şəhəri Təcili və Təxirəsalınmaz TibbiYardım Stansiyasında həkim vəzifəsində çalışır. 2019-cu ilin aprel ayında İİ qrup əlillik dərəcəsi alıb. Xəstəliyini bu idarədə işləyərkən qazanıb. Cavabdehə maaş artımının tətbiq edilməsi ilə bağlı 16.03.2020-ci ildə müraciət edib və heç bir cavab almayıb. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayətində qətnamənin ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsi ilə eyni məzmun daşıyan apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçı hazırda çalışdığı müəssisədə əmək vəzifələrinin icrasını həyata keçirməklə əlaqədar olaraq əlillik dərəcəsi almışdır. Hesab edir ki, məhkəmə bu faktı yetəri qədər nəzərə almayıb. İddiaçı məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat verdi və təmin olunmasını xahiş etdi. Cavabdehin nümayəndəsi apellyasiya şikayətini qəbul etməyərək rədd olunmasını xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 372.6 və 372.7-ci maddələrinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası sədrlik edənin işin hallarına dair məruzəsini, tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin iş üzrə 31 mart 2022ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. İşin müəyyən edilmiş hallarından göründüyü kimi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 10 may tarixli 185 nömrəli qərarı ilə Azərbaycan Respublikasında əlillərin və sağlamlıq imkanları məhdud uşaqların problemləri üzrə kompleks Proqram təsdiq edilmişdir. Əlillərin və ya sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsinə yönəldilmiş tədbirlər sırasında 1994-cü ildən başlayaraq müəssisə və təşkilatlarda əmək kollektivlərinin razılığı ilə kollektivdə işləyən İİİ qrup əlillərin və ya sağlamlıq imkanları məhdud uşaqların əmək haqqının (tarif dərəcəsinin) digər işçilərə nisbətən 10-15 faiz, l və İİ qrup əlillərin və ya sağlamlıq imkanları məhdud uşaqların əmək haqqının isə 20-25 faiz artırılmasının təmin edilməsi də qeyd edilmişdir. Göründüyü kimi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 10 may tarixli 185 nömrəli Qərarı Proqram çərçivəsində bazar iqtisadiyyatına keçid dövründə əhalinin həssas olan təbəqələrinin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə qəbul edilmişdir. İddiaçı da məhz qeyd edilənlərə əsaslanaraq İİ qrup əlil olduğundan əmək haqqının 25% artırılmasını tələb edir. Azərbaycan Respublikası Prezidentinin 30 dekabr 2007-ci il tarixli Sərəncamı ilə Bakı şəhərində və ölkə regionlarında əhaliyə göstərilən təcili və təxirəsalınmaz tibb xidmətlərin səviyyəsinin yaxşılaşdırılması və bu sahədə çalışan işçilərin maddi təminatının yaxşılaşdırılması məqsədi ilə Təcili və X3 stansiyalarının (bölmələrinin) rəhbərlərinin, həkimlərinin, dispetçerlərinin, orta və kiçik tibb heyəti işçilərinin və sürücülərinin X4 ilə müəyyən olunmuş tarif (vəzifə) maaşlarında 2 dəfə artım əmsalının tətbiq edilməsi qərara alınmışdır. Həmçinin, 1994-cü ildən bu günədək mütəmadi olaraq tibb işçilərinin tarif (vəzifə) maaşlarına edilən artımlar nəzərə alınmış, iddiaçının da tarif (vəzifə) maaşına 2 dəfə artım əmsalı tətbiq edilmişdir. Bakı şəhəri Təcili və X3 Stansiyasında işçilərlə bağlanmış fərdi əmək müqaviləsində, eləcə də Həmkarlar İttifaqı Komitəsi ilə bağlanmış fərdi əmək müqaviləsində, eləcə də Həmkarlar İttifaqı Komitəsi ilə bağlanmış kollektiv əmək müqaviləsində əlillərin əmək haqqına 25% əlavə nəzərdə tutuİmamışdır. Məhkəmə həmçinin hesab etmişdir ki, 20-25 faiz artım əmək haqqına əlavə kimi deyil, artırma kimi nəzərdə tutulmuş, iddiaçının vəzifə maaşı 2.0 dəfə artırılmış, sözügedən proqramda qeyd edildiyi kimi nə iddiaçı ilə bağlanmış fərdi əmək müqaviləsində, nə də Həmkarlar ittifaqı Komitəsi ilə bağlanmış kollektiv əmək müqavilələri ilə kollektivdə işləyən əlillərin əmək haqqının əlavə 20-25 faiz artırılması nəzərdə tutulmamışdır. Məhkəmə qeyd olunanları nəzərə alaraq iddianın əsassız olduğu qənaətinə gəlmişdir. Məhkəmə gəldiyi nəticəni hüquqi cəhətdən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1-ci maddələri ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddiaçının dəlillərinə verdiyi qiymətlə razılaşır. Məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz və ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürülmüşdür. İddiaçı və cavabdeh öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandırdığı faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Göründüyü kimi, qanunvericilik sübutlar təqdim edilməsi və sübut edilməsi vəzifəsini hər bir tərəfin öz üzərinə qoymuş, öz zərərinə olan hər hansı sübutun təqdim edilməli olması şərt kimi nəzərdə tutulmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı işdə iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirə bilməmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin iş üzrə 31 mart 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-3981/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3981/2022
25.05.2022 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver