Məhkəmə qərarları › İş №2(103)-3988/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3988/2025

16.09.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3988/2025 16.09.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçiMusayeva Cəmilə Ceyhun qızı və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Cəfərli Pəri İlham qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “birgə nikah dövründə inşa edilmiş daşınmaz əmlakın inşasına çəkilən xərcin yarısının tutulması” tələbinə dair mülk iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin e-2(003)-408/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra, iddiaçı) Cavabdeh (bundan sonra, cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən İsmayıll rayonunun Qarabağ qəsəbəsi deyilən ərazidə 0,03 ha torpaq sahəsində tikilmiş 3 otaqlı evin tikintisinə sərf edilmiş 20000 manat pulun yarısının və ödənilmiş 120 manat məbləğində dövlət rüsumunun alınıb iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, tərəflərlər 02 iyun 2016-cı il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuş, birgə nikahdan xx.xx.2017-ci il təvəllüdlü X3 və xx.xx.2019-cu il təvəllüdlü X5 anadan olmuşdur. Nikahları Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 17 mart 2022-ci il tarixli qətnaməsi ilə pozulmuşdur. Birgə nikah dövründə cavabdehin bibisi olan X2 İsmayıllı rayonunun Qarabağ qəsəbəsi deyilən ərazidən 0,03 ha torpaq sahəsini 3000 manata almış, lakin aralarında olan alqı-satqını notariat qaydasında rəsmiləşdirməmişlər. Bundan sonra həmin torpaq sahəsində 20000 manat xərcləyərək 3 otaqlı ev inşa etmişdir. Cavabdehlə ailə münasibətləri pisləşdiyindən onlar əlbir olub onun tikdiyi evi mənimsəmək istəyirlər. Həmin tikintiyə 20000 manatdan artıq xərc çəkmiş, bununla bağlı şahidləri vardır. Cavabdeh isə ona düşən pulu verməkdən boyun qaçırır. Bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. O, hətta İsmayıllı rayon Polis İdarəsinə müraciət etmiş, lakin ona mülki məhkəmə icraatı qaydasında məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin e-2(003)-408/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə (hakim Əkrəm Qəhrəmanov) iddia təmin olunmamışdır. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını, iddianın təmin olunmasını xahiş etmişdir. Apellasiya şikayəti – qətnamənin əsassız olması, maddi və prosessual hüquq normalarının pozulması, işin hallarının tam, hərtərəfli və obyektiv araşdırılmaması və s. kimi əsaslandırmışdır. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək, orada göstərilənlərə uyğun eyni məzmunlu izahat vermiş, əlavə olaraq cavabdehlə aralarında ailə münasibətlərindən irəli gələn mübahisənin olduğunu, lakin daha əvvəl məcburi mediasiya prosesini keçməsini xatırlamadığını, mediasiyaya müraciət etməsinə dair birinci instansiya məhkəməsinə sənəd (arayış) təqdim etmədiyini bildirmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdeh apellyasiya şikayətinə etiraz edərək, onun əsassız olduğunu bildirmiş, əlavə olaraq hazırkı mübahisə üzrə mediasiyaya müraciət edildiyini xatırlamadığını qeyd etmişdir. Tərəflərə hazırki məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilmiş, lakin onlar məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbələri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, qətnamə ləğv olunmalı, iddia baxılmamış saxlanılmalıdır. Belə ki, MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. MPM-in 385.1.1-ci maddəsinə əsasən, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. MPM-in 387.2.8-ci və 387.3-cü maddələrinə əsasən, iddianın baxılmamış saxlanılması və ya iş üzrə icraata xitam verilməsi üçün bu Məcəllədə müəyyən edilmiş əsaslar olduğu halda məhkəmə işə mahiyyəti üzrə baxmışsa şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi və ya qərardadı ləğv edilməlidir. Bu Məcəllənin 387.2.1-387.2.9-cu maddələrində göstərilmiş halların mövcudluğu birinci instansiya məhkəməsi tərəfindən prosessual normaların kobud pozulması kimi qiymətləndirilməlidir. «Ərizənin baxılmamış saxlanması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 31 mart 2011-ci il tarixli, 3 saylı qərarında göstərilmişdir ki, ərizənin baxılmamış saxlanılması Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində müəyyən edilmiş elə prosessual qaydadır ki, həmin qaydaya görə mülki işlər üzrə məhkəmə müdafiəsi hüququ həyata keçirildikdə hüquqi şərait imkan vermədiyi üçün qətnamə qəbul edilmədən məhkəmə baxışı başa çatdırılır. Kollegiya, aşağıda qeyd olunanlara əsasən hesab edir ki, birinci instansiya məhkəməsi iddianın baxılmamış saxlanılması üçün qanunla müəyyən edilmiş əsaslar olduğu halda işə mahiyyəti üzrə baxaraq, qətnamə çıxarmaqla prosessual normaların tələblərini pozmuşdur. Belə ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Ailə Məcəlləsi nikahın bağlanması, nikaha xitam verilməsi və onun etibarsız sayılması qaydaları və şərtlərini müəyyən edir, ailə üzvləri (ər-arvad, valideynlər və uşaqlar), eləcə də ailə qanunvericiliyində nəzərdə tutulmuş hallarda və həddə başqa qohumlar və digər şəxslər arasında yaranan əmlak və şəxsi qeyri-əmlak münasibətlərini tənzimləyir, habelə valideyn himayəsindən məhrum olan uşaqların tərbiyəyə götürülməsi qaydalarını müəyyən edir. MPM-in 4.5 və 4.6-cı maddələrinin tələbinə görə, tərəflərin hər hansı mübahisə ilə bağlı məhkəməyə müraciət etməmişdən əvvəl mediasiya prosesində iştirakını tələb edən müqavilə, müqavilə şərti, yaxud hər hansı digər sənəddə şərt (mediasiyaya dair qeyd-şərt) olduğu halda, həmin qaydaya riayət edildikdən sonra mübahisə məhkəmənin həllinə verilə bilər. Ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. “Mediasiya haqqında” Qanunun 3.1.2 və 3.2-ci maddələrinə əsasən, ailə münasibətlərindən irəli gələn mübahisələr üzrə mediasiya tətbiq olunur. Ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə bu Qanunun 28-ci və 29-cu maddələrinə uyğun olaraq məhkəməyə müraciət etməmişdən əvvəl ilkin mediasiya sessiyasında iştirak tələb olunur. Həmin Qanunun 28.1-ci maddəsinə əsasən, ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl tərəflər ilkin mediasiya sessiyasında iştirak etməlidirlər. İşdə olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(003)- 1089/2022 nömrəli qətnaməsindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında 02 iyun 2016-cı il tarixdə İsmayıllı rayon qeydiyyat şöbəsində bağlanmış 76 №-li akt qeydli nikahın pozulması, birgə nikahdan doğulmuş 29 sentyabr 2017-ci il təvəllüdlü X1 və 20 aprel 2019-cu il təvəllüdlü X4 anası Cavabdeh yanında qalması, İddiaçı Cavabdeh xeyrinə, uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün 10 fevral 2022-ci il tarixdən başlayaraq hər ay hər uşaq üçün 150 manat, cəmi 300 manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. Hazırkı halda isə, iddiaçı məhkəməyə müraciət edərək, cavabdehlə birgə nikahda olduqları zaman inşa edilmiş evə (özbaşına tikili) sərf olunmuş pulun yarısının cavabdehdən tutularaq ona ödənilməsini xahiş etmiş, lakin iddia ərizəsinə tərəflərin ilkin mediasiya prosesində iştirakını təsdiq edən heç bir sübut ərizəyə əlavə olunmamışdır. Halbuki, hazırki tələb məhz “Mediasiya haqqında” Qanunun 26.1-ci maddəsində qeyd edilmiş ailə münasibətlərindən irəli gələn mübahisədir və qeyd edilən tələblə bağlı ilkin mediasiya prosesi məcburi idi, lakin bununla bağlı birinci instansiya məhkəməsinə hər hansı sübut təqdim olunmamışdır. Bununla yanaşı, qeyd edilən məsələ apellyasiya baxışı zamanı tərəflərlə müzakirə olunmuş, müvafiq sübutun təqdim olunması üçün iddiaçıya vaxt verilərək məhkəmə iclası təxirə salınmış, lakin bu istiqamətdə hər hansı sənəd təqdim olunmamışdır. MPM-in 259.0.1-ci maddəsinə əsasən, məhkəməyə müraciət etmiş iddiaçı mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işlər üçün qanunla müəyyən edilmiş, yaxud tərəflər arasında müqavilə ilə nəzərdə tutulmuş qaydaya əməl etməmişsə və bu qaydanı tətbiq etmək imkanı itirilməmişsə məhkəmə ərizəni baxılmamış saxlayır. MPM-in 259.0.13-cü maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 21.9-cu maddəsində göstərilən hallarda məhkəmə ərizəni baxılmamış saxlayır. “Mediasiya haqqında” Qanunun 21.9-cu maddəsinə əsasən, aşağıdakı tələblərin birinə əməl edilmədən məhkəməyə müraciət edildikdə müraciət məhkəmə tərəfindən baxılmamış saxlanılır: - 21.9.1. bu Qanunun 28-ci və 29-cu maddələrində nəzərdə tutulmuş hallarda tərəf bu Qanunun 29.7-ci maddəsində nəzərdə tutulmuş müvafiq arayışı və ya protokolu məhkəməyə etdiyi müraciətinə əlavə etmədikdə; - 21.9.2. tərəflər arasında “mediasiya prosesinin tətbiqi barədə müqavilə” bağlandığı və ya tərəflər arasında mediasiyaya dair qeyd-şərt olduğu hallarda bu Qanunun 32.2-ci maddəsində nəzərdə tutulmuş protokol məhkəməyə edilmiş müraciətə əlavə edilmədikdə. Beləliklə, məhkəmə kollegiyası, qeyd olunanlara əsasən, hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia baxılmamış saxlanılmalıdır. Həmçinin qeyd edilməlidir ki, iddiaçı tərəf göstərilən nöqsanları aradan qaldırmaqla, qanunvericiliyin tələblərinə uyğun qaydada tərtib edilmiş iddia ərizəsi ilə yenidən ümumi qaydada məhkəməyə müraciət etmək imkanını özündə saxlayır. Şərh olunanlara əsasən və MPM-in 261, 263-264, 357-358, 391, 405.0.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı “birgə nikah dövründə inşa edilmiş daşınmaz əmlakın inşasına çəkilən xərcin yarısının tutulması” tələbinə dair mülk iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(003)-408/2025 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(003)- 408/2025 nömrəli qətnaməsi ləğv edilsin, iddia baxılmamış saxlanılsın. Qərardad çıxarıldığı andan qüvvəyə minir, ondan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar