Məhkəmə qərarları › İş №2(103)-399/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-399/2022

25.04.2022 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-399/2022 25.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi İbrahimli Sevinc Şofiq qızının katibliyi, Cavabdeh Ləğv prosesində olan Cavabdeh1 açıq səhmdar cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X1 iştirakı ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-429/2021 saylı, 21 aprel 2021-ci il tarixli qətnaməsindən cavabdeh LPO Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş apellyasiya şikayətinə, Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Ləğv prosesində olan Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna və Cavabdeh3 qarşı öhdəliklərin xitam edilməsi tələbinə dair iddia ərizəsi ilə, daha sonra iddia ərizəsinə dəqiqləşmə barədə ərizə ilə məhkəməyə müraciət edərək tələb etmək hüququnun müddəti keçdiyinə görə 29 avqust 2013-cü il tarixdə Cavabdeh1 ASC ilə Cavabdeh3 arasında bağlanmış 001/01 nömrəli istehlak kredit müqaviləsi üzrə kredit öhdəliklərinə, həmin müqavilənin təminatı olaraq bağlanmış 001/01 nömrəli ipoteka müqaviləsi əsasında İddiaçı məxsus Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, 861a ünvanında yerləşən daşınmaz əmlakın Dövlət reyestrində RX seriyalı ******* nömrəli çıxarışlı bağ sahəsi üzərində olan ipoteka müqaviləsi üzrə öhdəliklərin qüvvəsi itirilmiş hesab edilməklə xitam verilməsi, kredit və ipoteka müqavilələri üzrə aktiv öhdəliklərin olmasına dair Azərbaycan Kredit Bürosunun Mərkəzləşdirilmiş Kredit Reyestrində olan məlumatların reyestrdən çıxarılmasına dair təsdiqləyici hesabatın AKB MKR-yə təqdim edilməsi vəzifəsinin Əmanətlərin Sığortalanması Fonduna həvalə olunması barəsində qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbində göstərir ki, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, 861a saylı bağ sahəsi tam mülkiyyət hüququ ilə iddiaçıya məxsusdur. Mülkiyyət hüququ 28.03.2013-cü ildə daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyatdan keçmişdir, bu barədə ona çıxarış verilmşdir. 29.08.2013-cü il tarixdə Cavabdeh1 ASC ilə Cavabdeh3 arasında istehlak krediti müqaviləsi bağlanılmışdır. Kredit müqaviləsinin şərtlərinə əsasən bank 29.08.2014-cü il tarixədək borcalana 12 ay müddətinə illik 20% ödəmək şərtilə 80.000 manat kredit vermişdir. Bundan başqa aralarında razılaşdırılmış şərtə əsasən 1 il müddətinə 29.08.2013-cü il tarixdə Cavabdeh1 ASC, Cavabdeh3 və İddiaçı arasında ipoteka müqaviləsi bağlanılmışdır. Həmin ipoteka müqaviləsinə əsasən o, borcalan Cavabdeh3lə bank arasında 1 il müddətinə bağlanılan kredit müqaviləsində olan öhdəliklərin yerinə yetirilməsinin təminatı olaraq tam mülkiyyət hüququ ilə ona məxsus Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, 861a saylı bağ sahəsini banka ipotekaya qoymuşdur. Lakin 7 ilə yaxın müddət keçməyinə baxmayaraq mülkiyyət hüququ ilə məxsus olan Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, 861a saylı bağ sahəsi üzərində hələ də məhdudiyyət qalmaqdadır. Belə ki, borcalan bank qarşısında öz öhdəliklərini 1 il müddətində yerinə yetirməli olduğundan və onun da öhdəliyi bu şərtlə məhdudlaşdığından, bu günə kimi, yuxarıda qeyd olunduğu kimi 7 il keçsə də bağ sahəsi hələ də ipoteka müqaviləsi ilə yüklü qalmışdır. Mülki Məcəllənin 550, 551.2.1, 554.1, 554.3-cü maddələrinə əsaslanaraq hesab edir ki, tələb etmək hüququnun müddəti keçdiyinə görə 29 avqust 2013-cü il tarixdə Cavabdeh1 ASC ilə Cavabdeh3 arasında bağlanmış kredit müqaviləsi üzrə, habelə həmin tarixli Cavabdeh1 ASC, Cavabdeh3 və o, İddiaçı arasında bağlanılmış ipoteka müqaviləsi üzrə öhdəliklərə xitam verilməlidir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-429/2021 saylı, 21 aprel 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək 29 avqust 2013-cü il tarixdə Cavabdeh1 ASC ilə Cavabdeh3 arasında bağlanmış 001/01 nömrəli İstehlak Kredit Müqaviləsinin təminatı olaraq bağlanmış eyni tarixli 001/01 nömrəli ipoteka müqaviləsi əsasında İddiaçı məxsus Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, 861a ünvanında yerləşən daşınmaz əmlakın Dövlət reyestrində RX seriyalı ******* nömrəli çıxarışlı bağ sahəsi üzərində olan ipotekaya xitam verilməsi; İddiaçı məxsus Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, 861a ünvanında yerləşən daşınmaz əmlakın Dövlət reyestrində RX seriyalı ******* nömrəli çıxarışlı bağ sahəsi ilə bağlı 29 avqust 2013-cü il tarixli 001/01 nömrəli ipoteka müqaviləsi üzrə aktiv öhdəliklərin olmasına dair Azərbaycan Kredit Bürosunun Mərkəzləşdirilmiş Kredit Reyestrində olan məlumatların reyestrdən çıxarılmasına dair təsdiqləyici hesabatın AKB MKR-yə təqdim edilməsi vəzifəsinin LPO Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna həvalə olunması; iddianın qalan hissələrdə təmin edilməməsi qət edilmişdir. Cavabdeh Ləğv prosesində olan Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti bununla əsaslandırılmışdır ki, qətnamə maddi və prosessual hüquq normalarını pozmaqla qəbul edildiyindən ləğv edilməli və iddia rədd edilməlidir. Belə ki, “İpoteka haqqında” Qanunun müddəaları məhkəmə tərəfindən nəzərə alınmamış, tətbiq edilməməli hüquq normaları tətbiq edilmiş, tətbiq edilməli hüquq normaları isə tətbiq edilməmişdir. “İpoteka haqqında” Qanunun 48-ci maddəsində ipoteka müqaviləsinə xitam verilməsinin əsasları konkret şəkildə göstərilib. Lakin ipotekaya xitamın əsasları olmadığı halda, məhkəmə iddianı qismən təmin edib. Mülki iş apellyasiya instansiyası məhkəməsinin icraatında olarkən Bakı Apellyasiya Məhkəməsinin 2(103)-8196/2021 saylı, 11 oktyabr 2021-ci il tarixli qərardadı ilə hazırki mülki iş üzrə icraat Balakən Rayon Məhkəməsinin müraciətinə əsasən, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin icraatında olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2 və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 48.1.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsi barədə konstitusiya işi baxılıb həll edilənədək dayandırılmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 48.1.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Qərarı 11 fevral 2022-ci il tarixdə qəbul edildikdən sonra hazırki mülki iş üzrə icraat təzələnmişdir. Məhkəmə iclasında cavabdeh Ləğv prosesində olan Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X2 apellyasiya şikayətinin dəlillərini müdafiə edib onun məzmununa uyğun izahat verərək təmin olunmasını xahiş etdi. İşə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq İddiaçı və digər Cavabdeh3 məhkəmə iclasında iştirak etmir, İddiaçı nümayəndəsi və vəkili Vəkil ərizə ilə məhkəməyə müraciət edərək sağlamlıq durumu ilə əlaqədar iştirak edə bilmədiyindən məhkəmə iclasının təxirə salınmasını xahiş etmiş, lakin müraciətində göstərilənlərə dair ərizəsinə sübut əlavə etməmiş, digər cavabdeh isə səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, mülki işə iddiaçının, eləcə də digər cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Birinci instansiya məhkəməsində icraat: Birinci instansiya məhkəməsi iş üzrə yekun nəticəyə gələrkən Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələrinə; Mülki Məcəlləsinin 59.4, 60.2, 61.7, 152.1, 152.2, 152.3, 152.4, 152.5, 550, 551.2.1, 554.1, 554.3-cü maddələrinə; “Banklar haqqında” Qanunun 62-ci maddəsinə; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu R.Ağalarovun şikayəti üzrə 26 sentyabr 2007-ci il tarixli Qərarına; Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına əlavə 1 saylı Protokolun 1-ci maddəsinə; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin MİÜMK-nın 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 30 iyul 2008-ci il tarixli qərarına istinad edərək qənaətini bununla əsaslandırmışdır ki, işin araşdırılmış hallarından məlum olur ki, 29 avqust 2013-cü il tarixdə Cavabdeh1 ASC ilə Cavabdeh3 arasında 001/01 nömrəli istehlak kredit müqaviləsi bağlanılmış və həmin müqavilənin şərtlərinə əsasən bank 29.08.2014-cü il tarixədək borcalana 12 ay müddətinə illik 20% ödəmək şərtilə 80.000 AZN məbləğində kredit vermişdir. Eyni tarixdə Cavabdeh1 ASC, Cavabdeh3 və İddiaçı arasında 001/01 nömrəli İpoteka Müqaviləsi bağlanılmış və bu müqavilənin şərtlərinə əsasən də borcalan Cavabdeh3lə Bank arasında 1 il müddətinə bağlanılan kredit müqaviləsində olan öhdəliklərin yerinə yetirilməsinin təminatı olaraq tam mülkiyyət hüququ ilə İddiaçı məxsus Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, 861a saylı bağ sahəsini banka ipotekaya qoymuşdur. İddiaçı tərəfin izahatlarına əsasən borcalan Bank qarşısında öz öhdəliklərini 1 il müddətində yerinə yetirməli olduğundan və onun da öhdəliyi bu şərtlə məhdudlaşdığından, bu günə kimi yuxarıda qeyd olunduğu kimi 7 il keçsə də, bağ sahəsi hələ də ipoteka müqaviləsi ilə yüklü qalmışdır. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Cavabdeh1 ASC ilə Cavabdeh3 arasında bağlanmış 001/01 nömrəli istehlak kredit müqaviləsi üzrə borclunun öhdəliklərinin icra etməməsi ilə bağlı məhkəməyə müraciət edilməməsini etiraf etməklə, hazırda onun bu müqavilə ilə hansı məbləğdə borcunun qalmasına dair də sübutları izahatında qeyd etdiyi səbəblərdən təqdim edə bilməmişdir. Məhkəmə hesab etmişdir ki, borcalan, hazırki iş üzrə Cavabdeh3 bank qarşısında öz öhdəliklərini 1 il müddətində yerinə yetirməli olduğundan və onun da öhdəliyi bu şərtlə məhdudlaşdığından, bu günə kimi yuxarıda qeyd olunduğu kimi 7 il keçsə də iddiaçının mülkiyyətində olan bağ sahəsi hələ də ipoteka müqaviləsi ilə yüklü qalması sonuncunun mülkiyyət hüquqlarının pozulmasına gətirib çıxarır. Belə ki, məhkəmənin qənaətinə görə sözügedən kredit müqaviləsində olan öhdəliklərin yerinə yetirilməsinin təminatı olaraq tam mülkiyyət hüququ ilə iddiaçı özünə məxsus Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, 861a saylı bağ sahəsini banka ipotekaya qoyulmasının qanuniliyini mübahisələndirilməsə də, o, hazırki vaxta kimi borcalanın bank qarşısında öz öhdəliklərini 1 il müddətində yerinə yetirməməsi və bankın da bu öhdəliklərin yerinə yetirməməsi ilə bağlı qanunvericiliyə uyğun müvafiq hərəkətlər etməməsi (məhkəməyə iddia vermək və s.) nəticəsində hazırda bağ sahəsi üzərində olan ipoteka müqaviləsi üzrə öhdəliklərin qüvvəsi itirilmiş hesab edilməklə xitam verilməsinə dair cavabdeh banka qarşı iddia qaldırmaqda tam haqlıdır. Bankın isə ləğv etmə prosesində olmasına baxmayaraq isə bu tələb üzrə cavabdeh olması qanunvericiliklə tənzimlənir. Məhkəmə hesab etmişdir ki, 29 avqust 2013-cü il tarixdə Cavabdeh1 ASC ilə Cavabdeh3 arasında bağlanmış 001/01 nömrəli istehlak kredit müqaviləsi üzrə borclunun kredit öhdəliklərinin (əsas tələb) tam icra edib-etməməsi barədə sübut təqdim edilmədiyindən və icra etmədiyi halda bundan sonrakı hansı müddət ərzində icra edilməsi aydın olmadığı üçün həmin müqavilənin təminatı olaraq bağlanmış 001/01 nömrəli ipoteka müqaviləsi əsasında İddiaçı məxsus Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, 861a ünvanında yerləşən daşınmaz əmlakın Dövlət reyestrində RX seriyalı ******* nömrəli çıxarışlı bağ sahəsinin ipoteka ilə yüklü qalması mülkiyyətçinin mülkiyyət hüquqlarını pozduğuna görə bu müqavilə üzrə öhdəliklərə xitam verilməlidir. Məhkəmə iddia tələblərinə hüquqi qiymət verməkdə davam edərək həmçinin hesab etmişdir ki, xitam verilməsi mübahisələndirilən ipoteka müqaviləsi 29 avqust 2013-cü il tarixdə Cavabdeh1 ASC ilə Cavabdeh3 arasında bağlanmış 001/01 nömrəli istehlak kredit müqaviləsi üzrə kredit öhdəliklərinə, həmin müqavilənin təminatı olaraq bağlansa da iddiaçının sözügedən kredit müqaviləsi üzrə kredit öhdəliklərin qüvvəsi itirilmiş hesab edilməklə xitam verilməsinə dair iddiası əsaslı sayıla bilməz. Belə ki, iddiaçı qeyd edilən müqavilə üzrə tərəf olmamaqla belə bir iddia qaldırmaqda da subyektiv hüquqa malik deyildir. Kredit müqaviləsi üzrə kredit öhdəlikləri ilə bağlı mübahisə qaldırma müqavilə tərəflərinin hüquqlarıdır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin qismən ləğv edilməsi və iddianın təmin edildiyi hissədə də rədd edilməsi üçün əsasdır. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin (və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir. Apellyasiya şikayətinin nəticə hissəsində qətnamənin ləğv edilməsi göstərilsə də, şikayətin məzmunundan görünür ki, şikayətin obyektini qətnamənin bir hissəsi, yəni iddianın təmin edilən hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin yalnız iddianın təmin edilmiş hissəsində ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır. Demək mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə mübahisələndirilən hissələrdə yoxlanılmalıdır. İddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dizpozisiya əlamətləri ilə uzlaşmadığından birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmamışdır. Əvvəla, irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayıla bilər, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə təmin edilən hissə üzrə faktiki hallar maddi hüquq normalarının dispozisiya şərtləri ilə uzlaşmadığından, üstəlik cavabdeh bankın etiraz və müdafiə hüquqlarına görə aradan qalxdığı üçün də iddia haqlı sayıla bilməz. Belə ki, təmin edilən hissə üzrə iddia tələbinin qanuni əsası kimi Mülki Məcəllənin 550, 551.2.1, 554.1, 554.3-cü və “İpoteka haqqında” Qanunun 48-ci maddələri nəzərdən keçirilə bilər. Lakin bu hissədə faktiki hallar həmin yaxud digər hansısa maddi hüquq normalarının dispozisiya şərtlərinə uyğun gəlmir. İddia tələbi açıq-aşkar əsassız görünməyə bilər. Belə ki, işdən bəlli olur ki, nə borc alan, nədəki borc verən öz öhdəliklərini lazımi qaydada icra etməmiş, bunun nəticəsində isə borcalan olmayan ipoteka qoyan üçün əlverişsiz bir hal yaranmışdır. Başqa sözlə 2013-cü ildə bir il müddətinə bağlanmış kredit müqaviləsi üzrə borcalan öhdəliklərini lazımi qaydada icra etmir, bank isə indiyədək borcalanın müqavilə üzrə öhdəliyini yerinə yetirmədiyini görsə və bilsə də heç bir tədbir görmür yaxud görmək istəmir. Bu cür vəziyyət isə əlbətdə ki, borcalan olmayan ipoteka qoyanı qane edə bilməz. Hazırki iddianın irəli sürülməsi də məhz bu vəziyyətdən yaranmışdır. Qeyd olunduğu kimi iddiaçı bu hissədə tələbin qanuni əsası kimi Mülki Məcəllənin 550, 551.2.1, 554.1, 554.3-cü maddəsinə istinad edib və məhkəmə də həmin normaları tətbiq edrək hesab edib ki, iddiaçının əmlakı uzun müddət, yəni 7 ildən çox ipoteka ilə yüklü qalması onun mülkiyyət hüququnu pozduğundan ipoteka müqaviləsi üzrə öhdəliklərə xitam verilməlidir. Ancaq Mülki Məcəllənin 551.2.1-ci maddəsində nəzərdə tutulan yəni, 5 il keçdikdən sonra qüvvəsini itirən tələblər siyahısında ipoteka müqaviləsi üzrə tələblər nəzərdə tutulmamışdır. Eyni zamanda həmin maddənin məzmunu da məhz 5 il keçdiyinə görə ipoteka müqaviləsi üzrə tələblərin qüvvəsini itirməsi qənaətinə gəlməyə də əsas vermir. Ona görə də məhz 5 il müddət keçdiyinə görə ipoteka müqaviləsi üzrə tələblərin qüvvəsini itirməsi qənaəti düzgün olmamışdır. Bununla yanaşı, Konstitusiya Məhkəməsi Plenumunun 11 fevral 2022-ci il tarixli qərarı da hazırki xarakterili mübahisər üzrə yeni yanaşma və hüquqi mövqe formalaşdırdı. Belə ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 48.1.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 11 fevral 2022-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 376-cı maddəsinə əsasən, həmin Məcəllənin 375.2-ci maddəsinin tətbiqi nəticəsində əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər üzrə də iddia müddəti keçmiş hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269-cu maddəsinə uyğun olaraq, ipoteka hüququ ipoteka saxlayanın əşya üzərində məhdud əşya hüququ olduğundan, əsas tələb üzrə iddia müddətinin keçməsi ipotekanın xitamına və ipoteka predmetinin yüklülükdən azad olmasına səbəb olmur. Qeyd olunan qərarda Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə... qanunverici borc müqaviləsi üzrə iddia müddətinin keçməsini ipotekaya xitam verən hallar sırasına daxil etməmişdir... Vurğulanmalıdır ki, iddia müddəti öhdəliyin aradan qalxması üçün hüquqi əsas deyildir, iddia müddətinin keçməsi öz-özlüyündə kreditorun tələb hüququnu aradan qaldırmır... Beləliklə, iddia müddəti hüquqi təyinat və mahiyyəti etibarı ilə haqların və öhdəliklərin mövcud olması və onların aradan qalxması ilə bağlı olmayıb, borclunun özünü müdafiəsi üçün nəzərdə tutulmuş mülki hüquqi vasitədir... Qanunvericilik mülki münasibət iştirakçılarının pozulmuş hüquqlarının məhkəmə vasitəsi ilə müdafiəsinə müvafiq müddətlər daxilində təminat verir... Qeyd olunduğu kimi, iddia müddətinin keçməsinin əsas öhdəliyin xitamına səbəb olmadığı nəzərə alınarsa, iddia müddətinin keçməsi “İpoteka haqqında” Qanunun 48.1.2-ci maddəsi üzrə əsas öhdəliyin icrasının təmini vasitəsi olaraq ipotekanın xitamı əsası kimi qəbul edilə bilməz... Beləliklə, əlavə öhdəlik kimi ipoteka müstəqil deyil, əsas öhdəlikdən asılıdır və əsas öhdəlik üzrə pozulmuş hüquqların məhkəmə qaydasında bərpası imkanı məhkəmə tərəfindən Mülki Məcəllənin 375.2-ci maddəsi tətbiq edilərək aradan qalxırsa, bu halda əsas öhdəliyin təminatı olan ipoteka üzrə də pozulmuş hüquqların məhkəmə qaydasında müdafiə imkanı itirilmiş olur...Bununla yanaşı o da göstərilməlidir ki, girov (ipoteka) hüququ ipoteka saxlayanın əşya üzərində məhdud əşya hüququ olduğundan, əmlak hüququ olaraq müddətsiz xarakter daşıyır... Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu mövcud qanunvericilikdən çıxış edərək belə qənaətə gəlir ki, əsas tələb üzrə iddia müddəti keçdiyi halda əlavə tələb olaraq ipotekaya məcburi tutma yönəldilə bilməsə də, ipotekaya xitam verilmir və ipoteka predmetinin yüklülüyü davam edir. Göründüyü kimi, Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarında formalaşdırdığı hüquqi mövqe də hazırki iddianın təmin olunan mübhisələndirilən hissəsinin hazırki vəziyyətdə, yəni məhz 5 il keçdiyinə görə təmin olunmalı olduğunu istisna edən bir vəziyyət yaratdı. Ancaq hazırda bu iddianın rədd olunması o demək deyil ki, gələcəkdə yeni əsasların yaranacağı halında iddiaçı yeni əsasla məhkəməyə müraciət edə bilməz. Təbii ki, yeni əsas yaranması yaxud məhkəmə təcrübəsinin vahidliyinin yeni əsaslarla yaradacağı reallıqlar nəticəsində ipotekaya yeni əsasla xitam verilə bilər. Mülki Prosessual Məcəlləsinin 384.0. və 384.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1., 385.1.1 və 385.1.4-cü maddəsinə əsasən, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən, maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun. Həmin Məcəllənin 390-cı maddəsinə əsasən, məhkəmənin qətnamədə və ya qərardadda göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o hallarda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur. Şərh olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi hesab edir ki, cavabdeh LPO Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-429/2021 saylı, 21 aprel 2021-ci il tarixli qətnaməsi qismən, yəni iddianın təmin edildiyi hissəsində ləğv edilərək həmin hissədə də iddia təmin edilməməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: Cavabdeh Ləğv prosesində olan Cavabdeh1 açıq səhmdar cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun apellyasiya şikayəti təmin edilsin. Mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-429/2021 saylı, 21 aprel 2021-ci il tarixli qətnaməsi qismən, yəni iddianın təmin edilən hissəsində ləğv edilsin və həmin hissədə də iddia təmin edilməsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar