Məhkəmə qərarları › İş №2(103)-3994/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3994/2024

13.08.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3994/2024 13.08.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “aliment üzrə borcları ödəməkdən azad edilmə tələbi barədə” iddiasına dair Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi İbrahimova Pərvin Adil qızının katibliyi ilə, hazırkı iş üzrə Bakı Şəhər Binəqədi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 24 iyul 2023-cü il tarixli qətnamədən İddiaçı verdiyi apellyasiya şikayətinə əsasən işə, İddiaçı, cavabdehin vəkili (nümayəndəsi) X1 və cavabdehin nümayəndəsi (anası) Nümayəndə iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia tələbi barədə məlumat

1. İddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət etmiş iddiaçı, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(001)-4505/2020 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin ödənilməsindən azad edilməsi və hazırki vaxtadək ödənilməmiş qalan 20.000 manat aliment borcunun ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(001)-4505/2020 saylı qətnaməsinə əsasən xx.xx.2007-ci il təvəllüdlü Gülsüm, xx.xx.2008-ci il təvəllüdlü Ağa Muhəmməd, xx.xx.2009-cu il təvəllüdlü Fatimeyi-Zəhra və xx.xx.2015-ci il təvəllüdlü Ağa İbrahimrzanın yetkinlik yaşına çatanadək saxlanılması üçün iddiaçıdan hər ay, hər bir uşaq üçün 170 manat olmaqla, cəmi 680 manat sabit pul məbləğində alimentin tutularaq cavabdehə verilməsi qət edilmişdir. Həmin qətnamənin icrası ilə əlaqədar iddiaçı 6.337 manat aliment ödəmişdir. Bundan əlavə, cavabdehlə faktiki olaraq birlikdə yaşadıqları müddətdə 6.000 manata qədər ərzaq alınmış və ailənin tələbatının ödənilməsinə xərclənmişdir. 2022-ci ilin avqust ayında cavabdeh uşaqlarla birlikdə İran İslam Respublikasına getmiş və hazırki vaxtadək geri qayıtmamışlar. İddiaçının övladları ilə ünsiyyət hüququ pozulmuşdur, uşaqlardan məlumatsızdır. Həmçinin iddiaçının yüksək şəkər xəstəliyi vardır. Bu səbəblərdən 20.000 manat yığılıb qalmış aliment borcu silinməlidir. b) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat

3. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnamə ilə iddianın rədd edilməsini qət etmişdir.

4. Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddia ərizəsində qeyd edilənlər iddiaçını bir valideyn kimi öz uşaqlarını saxlamaq vəzifəsindən azad edə bilməz. c) apellyasiya şikayəti barədə məlumat

5. İddiaçı həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. İddia ərizəsinin məzmununa uyğun əsaslandırılmış apellyasiya şikayətində həmçinin qeyd olunmuşdur ki, işə baxmış Rayon Məhkəməsi işin faktiki hallarını düzgün müəyyən etməmiş, maddi və prosessual hüquq normalarının pozulması ilə qanunsuz və əsassız qətnamə qəbul etmişdir. d) apellyasiya instansiya məhkəməsində birinci icraat barədə məlumat

7. İddiaçının verdiyi apellyasiya şikayətinə əsasən işə baxmış Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyası iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnamə (iş № 2(103)-5752/2023) ilə apellyasiya şikayətinin təmin edilməməsini, Rayon Məhkəməsi tərəfindən iş üzrə qəbul edilmiş xx.xx.2023-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını qət etmişdir. e) kassasiya instansiyasında icraat barədə məlumat

8. İddiaçının verdiyi kassasiya şikayətinə əsasən mülki işə baxmış Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qərar (iş № 2(102)-712/2024) ilə kassasiya şikayətinin təmin edilməsini, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və mülki işin yenidən baxılması üçün işin apellyasiya instansiya məhkəməsinə göndərilməsi qərara almışdır.

9. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi Ailə Məcəlləsinin 112.1-ci maddəsinin tərəflərin diqqətəlayiq başqa maraqlarının da nəzərə alınması barədə müddəasını mövcud mübahisə baxımından təhlil etməmiş, iddiaçının arqumentlərinə münasibətdə sözügedən normanın tələblərinin tətbiqi imkanlarına hüquqi qiymət verməmişdir. Məhz bu mənada, cavabdehin uşaqları da götürüb başqa ölkəyə köçübköçməməsi, orada yaşayıb-yaşamaması, yenidən başqa şəxslə nikah münasibətlərinə girib-girməməsi, bu münasibətlərin uşaqların minimum təminatını qarşılayıbqarşılamaması məhkəmə araşdırmasının predmeti olmalı idi. İşə apellyasiya instansiyası məhkəməsində yenidən baxılarkən bu qərarda müzakirə edilən hallara, bildirilən hüquqi mövqelərə uyğun qaydada işin faktiki halları ilə birlikdə dəyərləndirilməklə, aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. f) yeni apellyasiya baxışı iclasında iş üzrə tərəflərin iştirakı və iclasda iştirak etmiş şəxslərin izahatları barədə məlumat

10. Apellyasiya baxışında iştirak etmiş iddiaçı apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, apellyasiya şikayətinin, habelə iddia ərizəsinin məzmununa uyğun izahat verdi.

11. Cavabdehin vəkili (nümayəndəsi) X2 və cavabdehin nümayəndəsi (anası) Nümayəndə apellyasiya baxışında iştirak edərək, apellyasiya şikayətinin dəlillərinə etiraz etdilər və Rayon Məhkəməsinin qətnaməsinin əsaslarına uyun izahat verdilər. Onlar əlavə olaraq bildirdilər ki, cavabdeh uşaqları ilə birlikdə həqiqətən də İran İslam Respublikasına getmiş, hazırda da orada yaşayır. Lakin bu müvəqqəti xarakter daşıyır, iddiaçı və uşaqlar haçansa Azərbaycana qayıdacaqlar. g) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi barədə məlumat

12. Məhkəmə, apellyasiya şikayətinin dəlillərini və mülki işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Rayon Məhkəməsinin qətnaməsi ləğv edilməli, iddianın təmin edilməsi barədə iş üzrə yeni qəbul edilməlidir.

13. Belə ki, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(001)-4505/2020 saylı qətnaməsinə əsasən, 3 uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hazırki iş üzrə iddiaçıdan hər ay hər bir uşağa görə 170 manat olmaqla, cəmi 680 manat sabit pul məbləğində alimentin tutularaq hazırki iş üzrə cavabdehə verilməsi qət edilmişdir.

13. İşdə olan ödəniş qəbzlərindən görünür ki, iddiaçı tərəfindən cavabdehin xeyrinə xx.xx.2021-ci il tarixdə 200 manat, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il tarixlərdə 50 manat, xx.xx.2022-ci il tarixdə 20 manat, xx.xx.2022-ci il tarixdə 30 manat, xx.xx.2022-ci il tarixdə 90 manat məbləğlərində ödənişlər edilmişdir.

14. Bakı Şəhəri Binəqədi Rayon İcra Şöbəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, yuxarıda qeyd edilən qətnamə əsasında verilmiş icra sənədinə əsasən hazırki iş üzrə iddiaçının aliment üzrə 21.550 manat məbləğində qalıq borcu var.

15. İddiaçı hesab edir ki, onun aliment borcu silinməli və aliment öhdəliyindən azad edilməlidir.

16. Göstərilənləri nəzərə alan Məhkəmə iş üzrə tərəflər arasında yaranmış hazırkı mülki mübahisənin həlli ilə bağlı bildirir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 107.2 və 112.1-ci maddələri müəyyən üzrlü səbəblərdən tələbkarın aliment borcunu ödəməkdən tam və ya qismən azad edilməsi imkanını nəzərdə tutmuşdur. Lakin həmin normalara əsasən aliment öhdəliyindən azad olunmanı tələb edən şəxs bu halın xəstəliyi və digər üzrlü səbəblərə görə əmələ gəldiyini, ailə və maddi vəziyyətinin bu borcları ödəməyə imkan vermədiyini, ailə və ya maddi vəziyyətində dəyişiklik olduğunu sübuta yetirməlidir.

17. Ailə Məcəlləsinin tələblərinə görə, məhkəmə aliment ödəməli şəxsin iddiası üzrə aliment borcunun şəxsin xəstəliyi və digər üzürlü səbəblərə görə əmələ gəldiyini, ailə və maddi vəziyyətinin bu borcları ödəməyə imkan vermədiyini müəyyən edərsə, onu həmin borcları ödəməkdən tamamilə və ya qismən azad edə bilər (maddə 107.2.). Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər (maddə 112.1.).

18. İddiaçının göstərilən tələbləri irəli sürməkdə əsasları isə bunlardan ibarətdir ki, cavabdeh uşaqları İran İslam Respublikasına apardığından və geri dönmədiklərindən o, uşaqlarını görə bilmir və ünsiyyət qura bilmir. O, şəkərli diabet xəstəliyindən əziyyət çəkir və onun müalicə xərcləri və işsiz olması aliment öhdəliyi icra etməsinə imkan vermir.

19. Konstitusiya Məhkəməsi Plenumunun “S.Əliyevanın şikayəti üzrə” qəbul etdiyi xx.xx.2006-cı il tarixli qərarında təsbit edilmiş hüquqi mövqeyə görə, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilibedilməməsinin səbəbləri aydın göstərilməlidir.

20. Mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs bilavasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (MPM-in 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri).

21. Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında qeyd etmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir (“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2016-cı il tarixli qərar).

22. Cavabdehin xx.xx.2022-ci il tarixli ərizəsindən görünür ki, o, ali təhsilini davam etdiyinə görə İran İslam Respublikasına köçmüş və bu səbəbdən övladını məktəbdən çıxarmışdır.

23. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Bakı şəhəri üzrə Təhsil İdarəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, uşaqların təhsil aldıqları müəssisənin müəyyənləşdirilməsi məqsədilə “Ümumi təhsil müəssisələrinin informasiya sistemində” axtarış aparılmış, onların adları Bakı şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan ümumi təhsil müəssisələrinin hər hansı birində aşkar edilməmişdir.

24. Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, hazırkı iş üzrə cavabdeh və onun 4 yetkinlik yaşına çatmayan övladlarının sonuncu dəfə İAMAS bazasında xx.xx.2022-ci il tarixdə X3 Hava Limanından Bakı-Tehran aviareysi ilə dövlət sərhədindən hərəkətləri qeydə alınmışdır.

25. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Ambulator Kitabçadan çıxarışdan görünür ki, hazırkı iş üzrə iddiaçı şəkərli diabet xəstədir. O, ötən illər ərzində daima REMdə müayinə və müalicələr alıb. Şikayətləri-susuzluq, ağızda quruluq, ayaq və baş ağrıları, tez-tez sidik ifrazı, çoxlu maye qəbulu, əsəbilik, görmənin zəifləməsi, ümumi zəiflik, halsızlıqdandır. Dəfələrlə stasionar müalicələr qəbul edib. Dermoid kista səbəbi ilə əməliyyat keçirib. 10 ilə yaxındır ki, REM-də ambulator müalicə alır. Tez-tez hipo və hiperqlikemik vəziyyətlərə düşür.

26. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi DOST Agentliyi 1 saylı Bakı DOST Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, hazırkı iş üzrə iddiaçı Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək və Məşğulluq” altsisteminə əsasən işsiz kimi qeydiyyatdadır.

27. Göründüyü kimi, iddianın faktiki əsasları iş materialları ilə öz təsdiqini tapır. Hazırda ölkə ərazisində olmayan cavabdeh birinci instansiya məhkəməsində icraat zamanı məhkəmə iclaslarında iştirak etməmiş, apellyasiya baxışında iştirak edən cavabdehin vəkili (nümayəndəsi) X2 və cavabdehin nümayəndəsinin (anasının) cavabdehin həqiqətən İran İslam Respublikasında olduğunu təsdiq etmişlər, cavabdehin 4 uşaqla birgə ölkə ərazisini uzun müddətə tərk etməsi, iddiaçı tərəfindən 2 ildən çox müddət ərzində aliment ödənişi həyata keçirilməməsinə baxmayaraq, cavabdehin faktiki ailə və maddi vəziyyəti, cavabdeh tərəfindən özünün və 4 uşağının yaşayışının necə təmin olunması barədə ağlabatan dəlillər təqdim edə bilməmişlər.

28. Məhkəmə bildirir ki, Ailə Məcəlləsinin 107.2 və 112.1-ci maddələrinin tətbiqi baxımından tərəflərin maddi vəziyyətinin araşdırılması zamanı, onların gəlirləri, digər qazanc mənbəyi, təhsili, hansı peşəyə sahib olması, əvvəlki iş yeri, yaşayış səviyyəsi (hansı şəraitdə yaşaması və sair), əmlak vəziyyəti (daşınar və daşınmaz əmlaklarının olubolmaması), özünün saxlanılması üçün minimum tələbatını ödəyə bilməsi və sair qanunvericiliyə müvafiq olaraq müəyyən edilməlidir.

29. Həmçinin ailə vəziyyətinin araşdırılması zamanı tərəflərin yenidən ailə qurubqurmaması, yeni ailədə uşaqların olub-olmaması, başqa aliment ödəmələrinin olubolmaması, tutulacaq alimentin miqdarının digər uşaqların təminatının əsaslı dərəcədə aşağı düşməsinə səbəb ola biləcəyinə və sair məsələlərə diqqət yetirilməlidir.

30. Diqqətəlayiq digər halların araşdırılması zamanı tərəflərin əmək qabiliyyəti və sağlamlıq vəziyyəti, öhdəsində əmək qabiliyyəti olmayan digər şəxslərin olub-olmaması və sair məsələlər nəzərə alınmalıdır.

31. Məhkəmə Ailə Məcəlləsinin 112.1-ci maddəsinin tərəflərin diqqətəlayiq başqa maraqlarının da nəzərə alınması barədə müddəasını mövcud mübahisə baxımından təhlil edərək hesab edir ki, iddiaçının arqumentlərinə münasibətdə sözügedən normanın tələblərinin tətbiqi imkanı mövcuddur.

32. Belə ki, cavabdehin uzun müddətdir İran İslam Respublikasına köçməsi və uşaqlar ilə birlikdə orada yaşaması, həmin müddətdən bəri iddiaçı tərəfindən aliment ödənişi həyata keçirilməməsi, buna baxmayaraq cavabdehin həmin ölkədə yaşamını davam etdirə bilməsinin səbəbləri və maddi əsaslarının bəlli olmaması, iddiaçının sağlamlıq vəziyyəti, işsiz olması halları müəyyən edilir və Məhkəmə tərəfindən diqqətəlayiq hallar kimi qəbul edilir.

33. Beləliklə, Məhkəmə yuxarıda göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, Rayon Məhkəməsi işdəki sübutları və işin hallarını düzgün qiymətləndirməmiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, qətnaməni iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırmamış, bununla da səhv nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri əsaslı hesab edilir. h) apellyasiya baxışının nəticəsi

34. Beləliklə apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, iddia tələbi əsaslıdır. Lakin işə baxmış Rayon Məhkəməsi iddianı rədd etməklə işin hallarına və iş üzrə tərəflər arasında yaranmış hüquq münasibətlərinə uyğun olmayan səhv nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri əsaslıdır və formal mülahizə xarakteri daşımır.

35. MPM-in 385-ci maddəsinin tələbinə görə isə, qeyd edilənlər birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamənin apellyasiya qaydasında ləğv edilməsi və iş üzrə yeni qətnamənin qəbul edilməsi üçün əsasdır.

36. Məhkəmə həmçinin bildirir ki, apellyasiya şikayəti təmin edildiyindən və iddia tələbi tamamilə təmin edildiyindən iddiaçı hazırki qətnamədən kassasiya şikayəti verə bilməz.

37. Cavabdehə qarşı iddia tələbi qətnamədən kassasiya şikayəti verməyə imkan verən həddə təmin edildiyindən MPM-in tələbləri və “MPM-ə əlavə 3-də” müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilməklə qətnamədən kassasiya şikayəti vermək hüququna malikdir.

38. Odur ki, göstərilənləri nəzərə alan, MPM-in 384-cü maddəsində təsbit olunmuş səlahiyyətlərindən çıxış edən və MPM-in 119, 392, 393, 402, 405-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə

QƏT ETDİ:

İddiaçı verdiyi apelyasiya şikayəti təmin edilsin. Hazırkı iş üzrə Bakı Şəhər Binəqədi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 24 iyul 2023-cü il tarixli qətnamə ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilərək, iddia təmin edilsin. İddiaçı Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(001)- 4505/2020 saylı qətnaməsi ilə müəyyən edilmiş alimenti və hazırki vaxtadək ödənilməmiş qalan 20.000 manat aliment borcunu ödəməkdən azad edilsin. Cavabdeh hazırki qətnamədən, qətnamə ona rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına MPM-in tələblərinə və “MPM-ə əlavə 3-də” müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilmiş qaydada kassasiya şikayəti verə bilər. İddiaçı hazırkı qətnamədən kassasiya şikayəti verə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar