Məhkəmə qərarları › İş №2(103)-3999/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3999/2022

08.06.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3999/2022 08.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, Cavabdeh ASC-nin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-932/2022 saylı 15 mart 2022-ci il tarixli qətnaməsindən Cavabdeh ASC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı Cavabdeh ASC-yə qarşı “mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət edərək Cavabdeh ASC-dən 25000 manat mənəvi zərər və ödənilmiş dövlət rüsumunun əvəzi olan 165 manat məbləğində pulun onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh ASC-nin işçisi Əliyev Şirin Rəcəb oğlunun 23 sentyabr 2013-cü il tarixdə saat 10:00 radələrində idarə eldiyi, texniki cəhətdən saz vəziyyətdə olan “Mitsubishi L200” markalı, **-PK-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhər Nərimanov rayonu Heydər Əliyev prospekti ilə “Koroğlu” melrostansiyası istiqamətində saatda 50 kilometr sürətlə hərəkətdə olarkən, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozması nəticəsində iddiaçının oğlu Rəhimov Kamil ölmüşdür. Belə ki, Şirin Əliyev həmin prospektdə yerləşən 74 saylı ünvanın qarşısına düşən yol hissəsində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməyə dair tələbləri pozaraq, piyada Rəhimli Kamil Eldar oğlunun yolu onun hərəkət istiqamətinə nəzərən sağdan sola keçdiyini gördükdə avtomobilin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün lazimi lədbir görməyərək, idarə etdiyi avtomobilin qabaq sol tərəfi ilə Kamil Rəhimlini vuraraq, ehtiyatsızlıqdan onun sağlamlığına baş-beyin toxumasının əzilməsi, kəllə qapağı sümüklərinin kəllə əsasına keçən xətti sınıqları kimi həyat üçün təhlükəli olan və ölümü ilə birbaşa səbəbli əlaqədar olan ağır zərər vurmaqla ölməsinə səbəb olmuşdur. Həmin hadisə ilə əlaqədar cinayət işi açılmış, Nərimanov Rayon Məhkəməsinin 09 dekabr 2013-cü il tarixli 1(005)-267/2013 nömrəli hökmünə əsasən Əliyev Şirin Rəcəb oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinib, 2 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 4 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Hökm 29 dekabr 2013-cü il tarixdə qanuni qüvvəyə minmişdir. Cavabdehin məsul vəzifədə çalışan əməkdaşının qanunsuz və hüquqazidd cinayət xarakterli hərəkətləri və baş verən hadisə nəticəsində iddiaçının oğlu öldüyünə görə ona mənəvi zərər dəymişdir. Mənəvi təzminatın həcmi müəyyən edilərkən iddia irəli sürən insanla ölən və ya sağlamlığına zərər vurulmuş şəxs arasındakı şəfqət və mənəvi bağlılığının möhkəmliyi, keçirilmiş iztirabın və sarsıntının dərəcəsi nəzərə alınmalıdır. Baş vermiş cinayət hadisəsi nəticəsində yaxın qohum sayılan övladının faciəvi şəkildə ölməsindən sonra hər gün iztirablara məruz qalır. Tək oğlu olduğundan, onu bir daha görə bilməyəciyini dərk etdiyindən iddiaçı acizlik çəkir, sarsıntılar keçirir. Bu hal hər gün baş verdiyindən iztirabları davamlı xarakter daşıyır. Başqalarının oğlunu, toyunu, oğul övladlarını görmək çox ağır gəldiyindən hadisədən 8 il keçməsinə baxmayaraq çəkdiyi iztirablar yüngülləşməmişdir.Əlavə olaraq bildirir ki, tələb olunan məbləğ analoji işlərdə vardır. Tələb olunan məbləğ cavabdehin əmlakı qarşısında cuzi məbləğdir. Varislik məsələsinə gəldikdə isə həmin məsələnin hazırki vəziyyətə aidiyyəti yoxdur. Belə ki, ata sağdır. Əgər ata sağ olmasaydı və onun yerinə başqası müraciət etsəydi cavabdehin nümayəndəsinin mülahizəsi mübahisələndirilə bilərdi. Suala cavab olaraq bildirir ki, onun çəkdiyi iztirabların sübut edilməsinə ehtiyac yoxdur. Bir ata üçün övladının itirilməsi kifayət qədər ağırdır. İddianın təmin edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-932/2022 saylı 15 mart 2022-ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh ASC-dən 20000 (iyirmi min) manat mənəvi zərərin və ödənilmiş dövlət rüsumunun əvəzi olan 150 (yüz əlli) manat məbləğində pulun İddiaçı xeyrinə tutulası, iddia tələbinin qalan hissədə təmin edilməməsi, dövlət rüsumu qalan hissədə iddiaçıya aid edilməsi qət edilmişdir. Qətnamədən Cavabdeh ASC apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi əsassızdır, məhkəmə əhəmiyyətli olan bütün faktiki halları araşdırmamış, maddi hüquq normalarının pozulması ilə çıxarılmışdır, ona görə də qətnamə apellyasiya qaydasında ləğv edilməli, iddia tələbi bütünlüklə rədd edilməlidir. İş üzrə mülki pozuntut törətmiş şəxs Cavabdeh ASC-də sürücü işləmiş Əliyev Şirin Rəcəb oğludur. Həmin şəxs hal-hazırda Cavabdeh ASC-də işləmir. Həmin şəxs cəmiyyətdə işləmədiyi üçün məhkəmə tərəfindən zərər cəmiyyətdən tutulmalı deyil. İş üzrə Şirin Əliyev cavabdeh qismində cəlb edilərək iddia tələbi məhz ona qarşı yönəldilməli idi. Bu barədə vəsatət verilsə də, məhkəmə yalnız həmin şəxsi iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi prosesə cəlb etmişdir. Göstərilənlərə əsasən hesab edir ki, məhkəmə qətnamə çıxarakən maddi hüquq normasını düzgün tətbiq etməmişdir. İşə baxan məhkəmə tərəfindən mənəvi ziyanın məbləği ilə bağlı dəyərləndirmə aparılmamışdır. Belə ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkənin fərdi xüsusyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.) habelə işin sair diqqətə əlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Ümumiyyətlə, qanunvericilikdə mənəvi zərəin məbləğinin müəyyən edilməsi üçün konkret kriteriyalar müəyyən edilməmişdir. Mənəvi zərərin məbləği təqsirli şəxsin təqsiri və ya zərərçəkənin suyektiv vəziyyəti nəzərə almadan obyektiv əsaslara görə müəyyən edilir. Mənəvi təzminatın əsas məqsədi zərərin kompensasiyası olduğundan, gələcəkdə baş verəcək zərərin qarşısının alınması üçün yüksək məbləğdə zərər tələb edə bilməz. İztrirab və sarsıntının nəticəsi olan zərər, zərərçəkənin hiss etdiyi fiziki və ya psixolojiağrı şəkilində ortaya çıxdığına görə təzminat bu ağrının dərəcəsinə mütənasib olmalıdır. Ağrının şiddəti obyektivfaktorlara görə dəyərləndirilir. Belə oyektiv faktorlara, törədilən hüquqazidd əməlin növi, ölçüsü, şiddəti, davam etdiyi müddət, zərərçəkən şəxsdə mənfi fiziki və psixoloji təsiri misal göstərmək olar. Zərərin ağırlığının çox olması təzminat miqdarının yüsək olmasını, zərərin ağırlığının az olması isə təzminat miqdarının aşağı olmasını şərtləndirir. Məsələn, bir şəxsin avtomobil qəzasında ehtiyatsızlıqdan vəfat etməsi ilə şəxsin qəsdən həyatdan məhrum edilməsinin məruz qoyduğu mənəvi zərərin məbləği fərqləndirilməlidir. İddiaçının zərərçəkmişin hüquqi varisi kimi, cinayət işi üzrə məhkəmə prosessində, “baş vermiş hadisəni təsadüfi yol-nəqliyyat hadisəsi hesab etmiş və bu səbəbdən təqsirləndirilən şəxs Ş.Əlievə qarşı heç bir şikayətinin olmadığını bildirmişdir. "Digər tərəfdən məhkəmənin gedişində iddiaçının “çəkdiyi iztirablara”dair konkret fakt və ya sübut təqdim edilməsi sualına, nümayəndə “iddiaçının çəkdiyi iztrabları sübut etməyə ehtiyac olmadığı” cavabını bildirmişdir. Təzminatın miqdarının çox aşağı olmaması vacib olduğu kimi, miqdarın çox yüksək olmaması da nəzərə alınmalıdır. Əks təqdirdə zərərçəkənə şişirdilmiş bir məbləğin verilməsi əsassız varlanmaya gətirib çıxarmış olar. Mənəvi təzminatın məbləğinə təsir edən ünsürlərdən biridə zərərçəkənin iqtisadi vəziyyətidir.Bu hal həm məhkəmə təcrübəsi, həm də hüquq ədəbiyyatları tərəfindən birmənalı olaraq qəbul edilir. Çünki hər kəsin qane olma səviyyəsi eyni deyildir. Maddi vəziyyəti aşağı olan şəxsə çox gələn bir məbləğ, maddi vəziyyəti yüksək olan başqasına az gələ bilər və bu da qanedici olmaz. Eyniz amanda təqsirli tərəfin maddi vəziyyəti mənəvi zərərin müəyyən edilməsində əhəmiyyətli faktorlardan hesab olunur. Təqsirkarın təqsirinin dərəcəsi də təzminatın miqdarının müəyyən edilməsində əhəmiyyət kəsb edir. Çünki ehtiyatsızlıqla törətmiş şəxsdən tutlan zərərin məbləği, qəsdən cinayət tərətmiş şəxsdən tutlan zərərin məbləğindən fərqləndirilməlidir. Ona görə ki, ehtiyatsızlıqla cinayət törətmiş şəxs həmin əməlin ictimai-təhlükəli nəticələrini ya görmür, və yaxud arzu etmir, amma qəsdən cinayət tərətmiş şəxslər əksinə, ictimai-təhlükəli nəticələrini görür, arzu edir (daha təhlükəli əməl). Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Hadisədən uzun müddət keçdikdən sonra mənəvi zərərin təsirinin azalması labüddür. Hazırkı işin materiallarından da görünür ki, iddiaçı baş vermiş hadisədən ağlabatan müddət ərzində deyil, 9 il sonra mənəvi zərər tələbi ilə məhkəməyə müraciət etmişdir. Beləliklə, iddiaçı mənəvi zərərə görə 25000 (iyirmi beş min) manat pul tələb edir, lakin həmin məbləği şərtləndirən halları əsaslandırmır. Məhkəmə isə öz növbəsində, iddia tələbi məbləğinin 4/5-ni 20000 (iyirmi min) məbləği təmin edir, lakin öz qərarını ümumi sözlərlə və Cavabdeh ASC-nin çox milyonluq əmlak dəyərini yanlış qiymətləndirərək maliyyə vəziyyəti ilə əsaslandırmış olur. Məhkəmə kollegiyasının iclasında Cavabdeh ASC-nin nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək təmin edilməsini, qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş İddiaçı məhkəmə kollegiyasının iclasına gəlməmiş və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə İddiaçı iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Kollegiya ilk növbədə qeyd edir ki, cavabdeh iddianın təmin olunan hissəsində mübahisələndirdiyi üçün hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin yalnız həmin hissəsinin qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir, başqa sözlə, qətnamə iddia tələbinin təmin edilməməsi hissəsində hazırki apellyasiya baxışı çərçivəsində yoxlanılmır. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-932/2022 saylı 15 mart 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 1(005)- 267/2013 saylı, xx.xx.2013-cü il tarixli hökmün təsdiq edilmiş surətinə əsasən Əliyev Şirin Rəcəb oğlu Rəhimli Kamil Eldar oğlunun ölümü ilə nəticələnən hadisədə AR CM-in 263.2ci maddəsi ilə təqsirli bilinərək iki il müddətinə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilməklə dörd il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. İşin məhkmə tərəfindən müəyyən edilmiş halları odur ki, Əliyev Şirin Rəcəb oğlu nəqliyyat vasitəsini idarə edərkən baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində ehtiyatsızlıqdan Rəhimli Kamil Eldar oğlunun sağlamlığına həyat üçün təhlükəli olan və ölümü ilə birbaşa əlaqəli olan zərər vurmaqla onun ölümünə səbəb olmuşdur. Məhkəmənin hömü ilə Əliyev Şirin Rəcəb oğlu təqsirli bilinərək 4 il müddətinə azadlıqdan məhrum edilmişdir. Hadisə baş verən zaman Əliyev Şirin Rəcəb oğlu Cavabdeh ASC-də sürücü vəzifəsində işləmişdir Məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, iddiaçının mənəvi sarsıntı keçirməsi övladının faciəvi şəkildə ölməsinin onda səbəb olduğu mənfi psixi reaksiyada ifadə olunur. İşin mübahisəsiz halı ondan ibarətdir ki, iddiaçının övladının Cavabdeh ASC-nin əməkdaşı Əliyev Şirin Rəcəb oğlunun təqsiri nəticəsində ölməsi İddiaçı yüksək dərəcəli mənəvi sarsıntı və iztiraba səbəb olmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, övladının vəfat etməsi nəticəsində iddiaçının çəkidiyi mənəvi ağrının hər hansı pul vəsaiti ilə azaldılması və övladının həyata qaytarılması mümkün olmasa da, mövcud şəraitdə pul kompensasiyası vasitəsi ilə o, müəyyən qədər təsəlli ala bilər. Məhkəmə haqlı olaraq iddiaçının övladının çox gənc yaşda vəfat etməsini, onun yeganə oğul övladı olmasını, bu cür gözlənilməz itkinin onun valideyninə verdiyi sarsıntını və mənəvi iztirabı, iddiaçının yaşını və maddi vəziyyətini, eləcə də zərərə görə məsul olan Cavabdeh ASC-nin maliyyə vəziyyətini nəzərə alaraq hesab etmişdir ki, iddia tələbi cavabdehdən dəymiş mənəvi zərərin əvəzi olaraq 20000 manat məbləğində pulun iddiaçının xeyrinə tutulması hissəsində əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Mülki Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1099.1-ci maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 aprel 2020-ci il tarixli qərarına əsasən, şəxsin yaxınlarının, o cümlədən ailə üzvlərinin ölməsi və ya sağlamlığına zərər vurulması halında mənəvi zərərə görə ödənilən təzminat şəxsin keçirdiyi sarsıntı və iztirabın müəyyən dərəcədə yumşaldılmasına, pozulan mənəvi tarazlığın bərpa edilməsinə yönəlmiş olur. Belə halda zərərçəkmiş şəxsi müəyyən miqdarda təzminat ilə təmin etməklə yaxınının itirilməsi nəticəsində keçirdiyi sarsıntı və iztirabın unutdurulması, yaşama sevincindəki azalma və mənəvi hüzursuzluğun aradan qaldırılması məqsədi ilə ona mənəvi cəhətdən dəstək olunmasına xidmət edilmiş olur. Mənəvi təzminatın həcmi (miqdarı, məbləği) müəyyən edilərkən iddia irəli sürən insanla ölən və ya sağlamlığına zərər vurulmuş şəxs arasındakı şəfqət və mənəvi bağlılığının möhkəmliyi, keçirilmiş iztirabın və sarsıntının dərəcəsi, onların birlikdə və ya ayrı yaşamaları, ər-arvad olduqları təqdirdə, həmçinin evlilik həyatının müddəti və s. amillər nəzərə alınmalıdır. Plenumun qərarında əlavə olaraq qeyd edilmişdir ki, ölənin yaxınının mənəvi təzminat tələbi ailə başçısını itirməyə görə zərərin əvəzi tələbi ilə eyniləşdirilməməlidir. Belə ki, Mülki Məcəllənin 1121-ci maddəsi ilə tənzimlənən ailə başçısının ölümü nəticəsində zərər çəkmiş şəxslərə zərərin əvəzinin ödənilməsi məhz maddi zərərin qarşılanması məqsədli olub müvəqqəti əvəzləşdirici xarakter daşıyır. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 7 №-li 03 noyabr 2008-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiya»nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Azərbaycan Respublikası Mülki prosesual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Göstərilənlərə əsasən məhkəmə haqlı olaraq hesab etmçdir ki, iddia qismən təmin edilməli, Azərsu” ASC-dən 20000 (iyirmi min) manat mənəvi zərər və ödənilmiş dövlət rüsumunun əvəzi olan 150 (yüz əlli) manat məbləğində pul İddiaçı xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Apellyasiya şikayətinin dəlilləri ilə bağlı isə kollegiya qeyd edir ki, iddiaçının övladının Cavabdeh ASC-nin əməkdaşı Əliyev Şirin Rəcəb oğlunun təqsiri nəticəsində ölməsi iş materialları ilə təsdiq olunur. Həmin hadisə nəticəsində İddiaçı yüksək dərəcəli mənəvi sarsıntı və iztiraba səbəb olması isə hər hansı sübutla təsdiqə ehtiyacı olmayan haldır. Əlavə olaraq kollegiya qeyd edir ki, sığorta ödənişi və yas mərasimi üçün ödənilən pul maddi zərərin qarşılanması məqsədilə edilmişdir və bu mənəvi ziyanın əvəzi kimi qiymətləndirilə bilməz. Kollegiya eyni zamanda apellyasiya şikayətinin hazırki iş üzrə iddiaya cavab verməli olan şəxs Cavabdeh ASC deyil, onun sürücüsü Əliyev Şirin Rəcəb oğlu olması ilə bağlı dəlilinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099.1-ci maddəsinə görə hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Hazırki işdəndə müəyyən edilir ki, işçi müvafiq hüquqi şəxsin tapşırığı ilə fəaliyyə göstərmişdir (avtomobili idarə etmişdir). Qanunvericiliyin yuxarıda göstərilən müddəsından da məlum olduğu kimi, hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və hazırki halda iddiaçı mənəvi ziyanın əvəzi kimi Cavabdeh ASC-yə qarşı iddia tələbi irəli sürməkdə haqlı olmuşdur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla mübahisələndirilən hissədə iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apellyasiya şikayətində qeyd edilənlər formal mülahizələr olmaqla yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.01-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu halda məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-932/2022 saylı 15 mart 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: Cavabdeh ASC -nin apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-932/2022 saylı 15 mart 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar