Məhkəmə qərarları › İş №2(103)-4001/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4001/2024

05.08.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4001/2024 05.08.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iş üzrə (Açar sözlər: aliment tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X4 (sədrlik edən və məruzəçi), X3 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Şahbazlı Nəzrin Elmar qızının katibliyi, Сavabdehin nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair mülki iş üzrə Pirallahı Rayon Məhkəməsinin e-2(094)-173/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. İddiaçı ilə Cavabdeh ilə birgə nikahdan xx.xx.2010-cu il təvəllüdlü X9 və xx.xx.2013-cü il təvəllüdlü X10 övladları vardır.

2. İş materiallarında olan Xəzər Rayon Məhkəməsinin e-2(003)-185/2024 saylı 25. 01.2024-cü il tarixli qətnaməsindən görünür ki, Cavabdeh və İddiaçı arasında xx.xx.2009cu il tarixində Bakı şəhəri Xəzər rayon Qeydiyyat şöbəsində 1197 saylı akt qeydi ilə rəsmiləşdirilmiş nikah pozulmuşdur. Birgə nikahdan doğulmuş xx.xx.2010-cu il təvəllüdlü X9 atası İddiaçı himayəsində, xx.xx.2013-cü il təvəllüdlü X10 isə anası Cavabdeh yanında qalsın. İddiaçı xx.xx.2023-cü il tarixdən başlayaraq tərəflərin birgə nikahdan anadan olmuş xx.xx.2013-cü il təvəllüdlü X2 üçün hər ay sabit pul şəklində 220,0 manat aliment tutularaq Cavabdeh ödənilsin.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı Cavabdeh qarşı “sabit pul məbləğində aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

4. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Xəzər rayonu məhkəməsinin iş e-2(003)-185/2024 xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş və iddiaçı Cavabdeh və X6 arasında xx.xx.2009-cu il tarixində Bakı şəhəri Xəzər ıayon Qevdiyyat şöbəsində 1197 saylı akt qeydi ilə rəsmiləşdirilmiş nikah pozulmasnı, nikah pozulduqdan sonra tərəflərin birgə nikahından doğulmuş xx.xx.2010-cu il təvəllüdlü X9 atası İddiaçı himayəsində, xx.xx.2013-cü il təvəllüdlü X10 isə anası Cavabdeh yanında qalmasını, İddiaçı xx.xx.2023-cü il tarixdən başlayaraq tərəflərin birgə nikahdan anadan olmuş xx.xx.2013-cü il təvəllüdlü X2 üçiin hər ay sabit pul şəklində 220,0 manat aliment tutularaq Cavabdeh ödənilməsi qət etmişdir. Göstərilənlərə əsasən, yetkinlik yaşına çatmayan uşaqları xx.xx.2010-cu il təvəllüdlü X1 üçün Cavabdeh hər ay sabit pul şəklində 220,0 manat aliment tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

5. Pirallahı Rayon Məhkəməsinin e-2(094)-173/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddi tələbi təmin edilərək Cavabdeh xx.xx.2024-cü il tarixdən başlayaraq xx.xx.2010-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 220,0 (iki yüz iyirmi) manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.

6. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, cavabdeh yetkinlik yaşına çatmamış uşağın valideyni olduğundan və yetkinlik yaşına çatmamış uşaq iddiaçının yanında qaldığından, uşağın saxlanması üçün cavabdehdən aliment tutulmasına dair iddia tələbi əsaslıdır.Məhkəmə qeyd edir ki, qanunvericilik alimentin məbləğinin müəyyənləşdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir. Lakin bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar da nəzərə alınmalıdır. İddiaçı uşaqların əvvəlki təminatı ilə bağlı sübutlar təqdim etməmişdir. Ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu özlüyündə müəyyən meyar kimi çıxış etsə də, minimum təminat səviyyəsini nəzərdə tutur. Bir uşağın saxlanmasına çəkilən xərclə, çox uşağın saxlanmasına çəkilən xərci eyniləşdirmək olmaz. Məhkəmə qətnamə çıxararkən tərəflərin əsaslı mənafelərini nəzərə almalıdır. Məhkəmə tərəflərin yetkinlik yaşına çatmamış uşaqların təminatının mümkün qədər maksimal saxlanması imkanlarını, eyni zamanda cavabdehin aliment verməsinə dair maddi imkanlarını, həmçinin tərəflərin onların maddi və ailə vəziyyətini, cavabdehin uşaqlarını saxlamağa borclu olduğunu, mövcud iqtisadi vəziyyətdə infilyasiyanı və diqqətəlayiq olan digər halları nəzərə alaraq hesab edir ki, iddia təmin edilərək, cavabdehdən tutulacaq alimentin məbləği hər ay hər uşaq üçün 220,0 manat müəyyən edilməlidir. Bundan başqa, məhkəmə alimentin tutulma müddətini araşdıraraq, hesab edir ki, alimentin tutulma müddəti iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi vaxtdan başlanmalıdır.

7. Məhkəmə gəldiyi nəticəni “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsi,Ailə Məcəlləsinin 75.4,78.1,78.2,100.2-ci maddələri və Mülki Prosessual Məcəllənin 14.2,77.1,119.1, 217.1, 234.2.1,217.4,218.3, 216-220,227, 360 və 362-ci maddəsinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

8. Qətnamədən Cavabdeh apelyasiya şikayəti verərək Pirallahı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli və e-2(094)-173/2024 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.

9. Apellyasiya şikayətində göstərilmişdir ki, qətnamə maddi və prosessual hüquq normalarını düzgün tətbiq edilmədən qəbul edilmişdir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

10. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

b) Proses iştirakçılarının izahatı

11. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Nümayəndə çıxış edərək bildirir ki, nikah pozulan zaman məhkəmə maddi vəziyyəti nəzərə alaraq ananın yanında qalan uşaq üçün aliment tutub. İddiaçının hazırda aliment öhdəliyinə xitam verilib, maddi və prosessual hüquq normaları pozulub.İddiaçının məqsədi aliment ödəməkdən qaçmaqdır. Apellyasiya şikayətinin təmin edilməsini xahiş edir.

12. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası iddiaçının üzrlü səbəb barədə hər hansı sübut təqdim etmədiyini nəzərə alaraq işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab edir.

Tətbiq edilən hüquq normaları:

13. Azərbaycan Respublikası Konstitutsiyası Maddə 17. İİ bənd. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir.

14. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin Məcəlləsi: Maddə 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Maddə 75.2. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Maddə 75.3. Valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. Maddə 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Maddə 75.5. Aliment ödənilməsi barədə valideynlər arasında saziş olmadıqda, valideynlər (onlardan biri) uşaqları saxlamadıqda və məhkəməyə bu barədə iddia verilmədikdə müvafiq icra hakimiyyəti orqanı yetkinlik yaşına çatmayan uşaqlar üçün aliment tutulması barədə valideynlərə (onlardan birinə) qarşı iddia qaldırmaq hüququna malikdir. Maddə 76.1. Aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay aşağıdakı miqdarda aliment tutulur: Maddə 76.1.1. 1 uşağa görə—qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi; Maddə 76.1.2. 2 uşağa görə—qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi; Maddə 76.1.3. 3 və daha çox uşağa görə—qazancın (başqa gəlirlərin) yarısı. Maddə 76.2. Bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Maddə 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Maddə 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Maddə 78.3. Tərəflərdən hər biri ilə uşaq qalıbsa, bir valideyndən az təminatlı digər valideynin xeyrinə hər ay tutulan alimentin miqdarı bu Məcəllənin 78.2-ci maddəsinə uyğun olaraq məhkəmə tərəfindən sabit pul məbləğində müəyyən edilir. Maddə 100.2. Aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur.

15. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

Apellyasiya baxışının hədləri

16. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

17. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

18. Hazırki halda iddiaçının apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyi üçün kollegiya qətnamənin əsaslılığını tam yoxlayır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

19. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia tələbi təmin edilməməlidir.

20. İşin halları ilə müəyyən edilir ki, tərəflərin birgə nikahından xx.xx.2010-cu il təvəllüdlü X9 və xx.xx.2013-cü il təvəllüdlü X10 anadan olmuşdur.

21. Bakı Şəhəri Xəzər Rayon məhkəməsinin e-2(003)-185/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə tərəflər arasında 15 dekabr 2009-cu il tarixində Bakı şəhəri Xəzər rayon Qeydiyyat Şöbəsində 1197 saylı akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması, nikah pozulduqdan sonra tərəflərin birgə nikahından doğulmuş xx.xx.2010-cu il təvəllüdlü X9 atası İddiaçı himayəsində, xx.xx.2013-cü il təvəllüdlü X10 isə anası Cavabdeh yanında qalması və İddiaçı xx.xx.2023-cü il tarixdən başlayaraq tərəflərin birgə nikahdan anadan olmuş xx.xx.2013-cü il təvəllüdlü X2 üçün hər ay sabit pul şəklində 220,0 manat alimentin tutularaq Cavabdeh ödənilməsi qərara alınmışdır.

22. Hazırda İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, yetkinlik yaşına çatmayan uşaqları xx.xx.2010-cu il təvəllüdlü X1 üçün Cavabdeh hər ay sabit pul şəklində 220,0 manat alimentin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

23. Birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia tələbi təmin edilmiş və Cavabdeh xx.xx.2024-cü il tarixdən başlayaraq xx.xx.2010-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 220,0 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.

24. Məhkəmə kollegiyası iddia tələbinin təmin edilməsi qənaətinə gələn birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq qeyd edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.3-cü maddəsində qeyd edilir ki, tərəflərdən hər biri ilə uşaq qalıbsa, bir valideyndən az təminatlı digər valideynin xeyrinə hər ay tutulan alimentin miqdarı bu Məcəllənin 78.2-ci maddəsinə uyğun olaraq məhkəmə tərəfindən sabit pul məbləğində müəyyən edilir.

25. İş materiallarında olan 30 aprel 2024-cü il tarixli 18-1-16/3-336/2024 saylı arayışdan müəyyən olunur ki, Cavabdeh “X8” PHŞ-də Xəstə xidmətləri vəzifəsində qeydiyyatçı işləyir və aylıq əmək haqqısı 573 manat təşkil edir.

26. Məhkəmə kollegiyası qeyd edir ki, xx.xx.2024-cü il tarixdə nikahın pozulması tələbinə baxılarkən uşaqlardan biri İddiaçı , digəri isə Cavabdeh himayəsinə verilmişdir. İddiaçı həmin işə baxılarkən uşaq onun yanında saxlanılacağı təqdirdə onun xeyrinə aliment tutulması barədə məhkəməyə ərizə ilə müraciət etməmişdir. Məhkəmə isə Cavabdeh yanında qalan uşağın saxlanılması üçün İddiaçı alimentin tutulmalı olması barədə qənaətə gəlmişdir. Qətnamə qanuni qüvvəsini almışdır. Göründüyü kimi həmin dövrdə işə baxan məhkəmə Cavabdeh az təminatlı valideyn olaraq nəzərə almışdır.

27. Şərh olunanlara əsasən məhkəmə kollegiyası bu qənaətə gəlir ki, Cavabdeh apellyasiya şikayəti təmin edilməli, Pirallahı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli və e-2(094)-173/2024 saylı qətnaməsi ləğv edilməli, İddiaçı Cavabdeh qarşı tərəflərin birgə nikahından doğulmuş yetkinlik yaşına çatmayan övladı xx.xx.2010-cu il təvəllüdlü X1 üçün Cavabdeh hər ay sabit pul şəklində 220,0 manat alimentin tutularaq ona ödənilməsi barədə iddia tələbi təmin edilməməlidir.

28. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə görə qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

29. Məhkəmə kollegiyası o cümlədən qeyd edir ki, hazırki iş üzrə iddianın qiyməti (alimentin artırılması tələb edilən hissəsi) beş min manatdan az olduğundan qətnamədən kassasiya şikayəti verilə bilməz.

30. MPM-in 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda—bir il ərzində ödəmənin məcmusu ilə müəyyən olunur.

31. MPM-in 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

32. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi:

Cavabdeh apellyasiya şikayəti təmin edilsin. Pirallahı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(094)-173/2024 saylı qətnaməsi ləğv edilsin. İddiaçı Cavabdeh qarşı tərəflərin birgə nikahından doğulmuş yetkinlik yaşına çatmayan övladı xx.xx.2010-cu il təvəllüdlü X1 üçün Cavabdeh hər ay sabit pul şəklində 220,0 manat alimentin tutularaq ona ödənilməsi barədə iddia tələbi təmin edilməsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu tərəfin özünə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Cəmilə Musayeva Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar