Məhkəmə qərarları › İş №2(103)-4006/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4006/2021

01.06.2021 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4006/2021 01.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri – Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Şirinov Ziya Allahverdi oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi Türkmənli Lamiyə Elman qızının katibliyi, İddiaçı, Cavabdeh1, Cavabdeh Orucova Gülbahar Şiri qızının vəkili X2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Orucova Gülbahar Şiri qızına qarşı «bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv olunması» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 12 fevral 2020-ci il tarixli, 2(002)- 127/2020 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Orucova Gülbahar Şiri qızına qarşı «bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv olunması» tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Dostluq küçəsi, 3 saylı evin 26 saylı mənzilinə dair Cavabdeh1 ilə Orucova Gülbahar Şiri qızı arasında bağlanmış bağışlama müqaviləsinin etibarsız hesab edilərək, sonuncunun adına daşınmaz əmlakın dövlət reyestrindən verilmiş 12 aprel 2017ci il tarixli RX seriyalı, ******* nömrəli çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, 2010-cu il tarixdə Cavabdeh1 ilə faktiki nikaha daxil olaraq ailə həyatı qurmuş, həmin nikahdan 05 iyul 2014-cü il tarixdə X5 anadan olmuşdur. 10 yanvar 2015-ci il tarixdən daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Dostluq küçəsi, 3 saylı evin, 26 saylı mənzili Cavabdeh1 xüsusi mülkiyyətində olmuş, sonuncu onun xəbəri olmadan Bakı şəhəri Qaradağ Rayon məhkəməsinə müraciət etmiş və həmin məhkəmənin 20 fevral 2017-ci il qətnaməsi ilə onun qeyd edilən mənzilə istifadə hüququ itirilmiş hesab edilmiş, nəticədə mənzildən qeydiyyatdan çıxarılmışdır. Bundan sonra, mənzil Orucova Gülbahar Şiri qızına bağışlanmış və sonuncunun xüsusi mülkiyyətinə keçmişdir. O, həmin mənzildən qeydiyyatdan çıxarıldığını xəbər tutan kimi qətnamənin surətini almış və ondan apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 7 mart 2018-ci il tarixli qətnaməsi ilə Qaradağ Rayon Məhkəməsinin qətnaməsi ləğv edilmiş, iddia təmin olunmamışdır. Həmçinin, qətnamənin icrasına dönüş edilmiş, onun mənzilə istifadə hüququnun və qeydiyyatının bərpa edilməsini qərara alınmışdır. Eyni zamanda, onun mənzildən çıxarılması və kirayə pulunun ödənilməsi barədə Cavabdeh2 iddiası da təmin olunmamışdır. Beləliklə, o, Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Dostluq küçəsi, 3 saylı evin, 26 saylı mənzildə qeydiyyatda olduğu üçün həmin mənzilin özgəninkiləşdirilməsi zamanı onun da yazılı razılığı alınmalı idi. Lakin, tərəfindən razılıq verməyəcəyini dəqiq bildikləri üçün Cavabdeh1 ilə Orucova Gülbahar Şiri qızı Bakı şəhəri Qaradağ rayon məhkəməsini aldadaraq, onu həmin mənzildən qeydiyyatdan çıxartmış, qanuna zidd yolla mənzili Orucova Gülbahar Şiri qızının adına keçirtmişlər. Bağışlama müqaviləsi bağlanarkən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli 167 saylı qərarı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında» Təlimatın 49-cu bəndinin tələbləri pozulduğundan müqavilə etibarsız hesab edilməli, həmin müqavilə əsasında verilmiş çıxarış ləğv edilməlidir. Qeyd edilənlərə əsasən məhkəmədən iddia ərizəsinin təmin olunması xahiş edilmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 12 fevral 2020-ci il tarixli, 2(002)- 127/2020 saylı qətnaməsi ilə (hakim Günay Həşimova) iddia rədd olunmuşdur. İddiaçı məhkəmənin qeyd edilən qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını, iddianın təmin olunmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 18 avqust 2020-ci il tarixli, 2(103)-4568/2020 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 12 fevral 2020-ci il tarixli, 2(002)-127/2020 saylı qətnaməsi ləğv edilmiş, iddia təmin olunmuşdur. Həmin qətnamədən narazı qalan cavabdeh Orucova Gülbahar Şiri qızı kassasiya şikayəti vermiş, şikayət Azərbaycan Respubliksı Ali Məhkəməsinin mülki kollegiyasının 09 fevral 2021-ci il tarixli, 2(102)-457/2021 saylı qərarı ilə təmin edilmiş, iş üzrə Bakı Apellyasiya Məhkəməsinin 18 avqust 2020-ci il tarixli qətnaməsi ləğv edilmiş, mülki iş yenidən baxılması üçün göndərilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: İddiaçı apellyasiya şikayətini – iddia ərizəsində göstərilən dəlillərə uyğun qaydada əsaslandırmış, əlavə olaraq birinci instansiya məhkəməsinin qətnaməsinin əsassız olmasını, maddi və prosessual hüquq normalarının pozulmasını, iddianın təmin olunmalı olmasını, mübahisəli mənzilə istifadə hüquqlarının olmasını, orada qeydiyyatda olmasını, mənzilin özgəninkiləşdirilməsi zamanı onun razılığının alınmamasını, bu halların həmin müqavilənin etibarsız hesab edilməsi üçün əsas olmasını və s. göstərmiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. İZAHATLAR, PROSESSUAL MƏSƏLƏLƏR: Məhkəmə baxışında iştirak edən iddiaçı apellyasiya şikayətinin dəlillərinə, həmçinin əvvəllər verdiyi izahatlara uyğun izahat vermiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olumasını, qətnamənin ləğv olunaraq iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə baxışında iştirak edən cavabdeh tərəf apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək, əvvəllər verilmiş izahatlara uyğun izahat verilmiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər. HÜQUQİ MƏSƏLƏLƏR : MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini və izahatları dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. Belə ki, işdə olan 3 saylı Bakı «Asan Xidmət» mərkəzinin notariat ofisində bağlanmış 09.04.2017-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsindən görünür ki, Cavabdeh1 ünvan 1 ünvanda yerləşən, yaşayış sahəsi 72,85 kv.m. olan 3 (üç) otaqlı mənzilini Orucova Gülbahar Şiri qızına bağışlamışdır. İşdə olan RX seriyalı ******* saylı Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş çıxarışın surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən mənzil Orucova Gülbahar Şiri qızının adına xüsusi mülkiyyət kimi daşınmaz əmlakın dövlət reyestrində 2255 nömrəli reyestr kitabının 209838 nömrəli vərəqində qeydiyyata alınmışdır. İşdə olan Qaradağ Rayon Məhkəməsinin 2(002)-818/2017 saylı 20 fevral 2017-ci il tarixli qiyabi qətnaməsi ilə cavabdeh İddiaçı Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Dostluq küçəsi, 3 saylı evin, 26 saylı mənzilinə istifadə hüququnun itirilmiş hesab edilməsi qət olunmuşdur. İşdə olan Qaradağ Rayon Məhkəməsinin 2(002)-818/2017 saylı 19 dekabr 2017-ci il qətnaməsinə əsasən həmin iş üzrə iddiaçı Cavabdeh1 həmin iş üzrə cavabdeh İddiaçı qarşı mənzildən istifadə hüququna xitam verilməsi tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməsi qət edilmişdir. İşdə olan Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3318/2018 saylı 07 mart 2018-ci il qətnaməsi ilə Qaradağ Rayon Məhkəməsinin 2(002)-818/2017 saylı 19 dekabr 2017-ci il qətnaməsi ləğv edilmiş, iddia başqa əsasla rədd olunmuşdur. İşdə olan Bakı Apellyasiya Məhkəməsinin 16.04.2019-cu il tarixli qərardadı ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin qətnaməsinin icrasında dönüş edilməsinə dair həmin iş üzrə cavabdeh İddiaçı ərizəsinin təmin edilməsi, Qaradağ Rayon Məhkəməsinin 20 fevral 2017-ci il qiyabi qətnaməsinin icrasında dönüş edilməsi, cavabdeh İddiaçı mübahisəli mənzilə istifadə hüququnun və qeydiyyatının bərpa edilməsi qərara alınmışdır. İşin birinci instansiya məhkəməsi tərəfindən müəyyən olunmuş hallarına əsasən – mübahisəli mənzil Cavabdeh1 xüsusi mülkiyyətində olmuş, iddiaçının həmin mənzildə istifadə hüquqları mövcud olmuşdur. Qaradağ Rayon Məhkəməsinin 20 fevral 2017-ci il tarixli qiyabi qətnaməsi ilə cavabdeh İddiaçı həmin mənzilə istifadə hüququ itirilmiş hesab edilmişdir. 09.04.2017-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsi ilə Cavabdeh1 mübahisəli mənzili Orucova Gülbahar Şiri qızına bağışlamışdır. Həmin müqavilə təsdiq edilən zaman notarius tərəfindən iddiaçının həmin yaşayış sahəsində yaşayış yeri üzrə qeydiyyatda olması barədə məlumat müvafiq informasiya sistemində olmadığından onun müvafiq razılığı alınmamışdır. Sonradan Bakı Apellyasiya Məhkəməsinin 16.04.2019-cu il tarixli qərardadı ilə Qaradağ Rayon Məhkəməsinin 20 fevral 2017-ci il qiyabi qətnaməsinin icrasında dönüş edilmiş, cavabdeh İddiaçı mübahisəli mənzilə istifadə hüququ və qeydiyyatı bərpa olunmuşdur. Beləliklə qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə iddiaçının mübahisəli mənzilə istifadə hüquqlarının olması təsdiq olunmuşdur. Mübahisəli mənzil özgəninkiləşdirilən zaman iddiaçının razılığının alınmaması həmin müqavilənin etibarsız hesab edilməsi üçün əsas deyildir. Həmçinin, mübahisəli mənzilin mülkiyyətçisinin dəyişməsi, iddiaçının mübahisəli mənzilə olan istifadə hüququnu həyata keçirməsinə heç maneə törətmir. Bununla yanaşı, iddiaçı əqdi mübahisələndirməkdə 1 illik kəsici iddia müddətini də ötürmüşdür (iddiaçı özü də qeyd etdiyi kimi, mübahisəli mənzilin Cavabdeh2 mülkiyyətinə keçməsindən 2017-ci ildə məlumatı olmuşdur). Göründüyü kimi, birinci instansiya məhkəməsi iddianı rədd edərkən – iddiaçının sübutetmə yükünü həyata keçirə bilməməsinə, mülkiyyətçinin əmlak üzərində müstəqil sərəncam hüququnun olmasına, bu hüququn iddiaçının razılığından asılı olmamasına, mübahisəli mənzilin mülkiyyətçisinin dəyişməsinin iddiaçının istifadə hüququnu həyata keçirməsinə maneə törətməməsinə və s. istinad etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası iddianın təmin olunması barədə apellyasiya instansiyasının əvvəlki qətnaməsini ləğv edərkən 09 fevral 2021-ci il tarixli qərarında göstərmişdir ki, Cavabdeh1 mübahisəli mənzil üzərində mülkiyyət hüququ, o cümlədən mənzil üzərində sərəncam vermək hüququ həmin mənzildə yaşayan İddiaçı istifadə hüquq ilə məhdudlaşdırıla bilməz. Eyni zamanda mənzilin özgəninkiləşdirilməsi zamanı İddiaçı yazılı razılığın alınmaması Cavabdeh1lə bacısı Gülbahar Orucova arasında bağlanış bağışlama müqaviləsinin etibarsız hesab edilməsinə əsas vermir. Çünki Mülki Məcəllənin 228.4-cü maddəsinin tələbinə görə, yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir. Digər tərəfdən nəzərə alınmalıdır ki, müqavilənin notariat qaydasında rəsmiləşdirilməsi üçün mənzildə yaşayan şəxslərin mənzilin satılmasına razılığının olub-olmamasının müəyyənləşdirilməməsi «Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında» Təlimatda nəzərdə tutulmuş vəzifələrin notarius tərəfindən icra olunmadığını təsdiq edə bilər və bu hal əqdin etibarsız hesab edilməsi üçün o vaxt əhəmiyyətli ola bilər ki, mənzil ümumi birgə mülkiyyətdə olmuş olsun. Habelə ər-arvaddan başqa orada yaşayan digər şəxslərin həmin mənzilə mülkiyyət və onunla bağlı digər hüquqları pozulmuş olsun. Mənzildən istifadə edilməsi ilə əlaqədar yaranmış hüquq münasibətlərinin mövcudluğunda notarius tərəfindən özgəninkiləşdirilən yaşayış sahəsində kimlərin yaşayış yeri üzrə qeydiyyatda olması barədə arayışın tələb edilməməsi və daimi qeydiyyatda olan yetkinlik yaşına çatmış bütün ailə üzvlərinin razılığının alınmaması bağışlama müqaviləsinin aldatma yolu ilə bağlanması və Mülki Məcəllənin 339.2 və 339.3-cü maddələrinə istinadən bu əqdin etibarsız hesab edilməsi üçün səbəb ola bilməz. Eyni zamanda qanunvericiliyin tələblərini pozmadığına görə aldatmanın olmadığını və əqdin etibarlı olduğunu sübut etmək cəhdləri də əsassızdır. Həmçinin iddiaçı mübahisəli mənzilə dair bağışlama müqaviləsinin bağlanmasından 2 il 4 aydan sonra hazırki iddia ilə məhkəməyə müraciət edib. Apellyasiya instansiyası məhkəməsi iddia müddəti ilə kəsici müddətin fərqli anlayışlar olmasını nəzərə almadan, iddiaçının bağışlama müqaviləsinin etibarsız sayılmasına əsas verən halları nə vaxtdan bilməsini və ya bilməli olmasını aydınlaşdırılmadan, onun apellyasiya şikayətinin dəlillərini əsaslı hesab etmişdir. Məhkəmə kollegiyası iddianın rədd olunması ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı sayaraq, həmçinin kassasiya instansiyasının qeyd edilən mövqeyini nəzərə alaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Müqavilə tərəflərin iradə ifadəsinə əsaslanan və tərəflər üçün hüquq və vəzifələr yaradan, öhdəliklərin əmələ gəlməsinə səbəb olan əqddir. Müqavilə bağlanarkən tərəflərin iradə ifadəsi həmin müqavilənin bağlanılmasının zəruri şərtidir. Müqavilənin bağlanılmasının zəruri şərtlərindən biri də müqavilə azadlığı prinsipinə riayət edilməsidir. Yəni, müqavilə azadlığı fiziki və hüquqi şəxslərin azad surətdə müqavilələr bağlamaq, onların məzmununu müəyyənləşdirmək, habelə mülki qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr bağlamaq hüquqlarını ehtiva edən bir anlamdır. Müqaviləni bağlayıb-bağlamamaq məsələsini şəxs öz iradəsi ilə həll edir (MM-nin 389, 390 və s. maddələri). MM-nin 390-cı maddəsində müəyyən edilən müqavilə azadlığı Azərbaycan Respublikası Konstitusiyasının 29-cu və həmin Məcəllənin 152.1-ci maddələrində nəzərdə tutulmuş mülkiyyət hüququnın reallaşdırılması elementlərindən biri kimi çıxış edir. Qeyd olunan normalarda şəxslərin azad surətdə müqavilələr bağlamaq və bu müqavilələrin məzmununu müəyyənləşdirmək təminatı verilir. Mülki qanunvericilikdə nəzərdə tutulan müqavilə növlərindən biri də bağışlama müqaviləsidir. Bağışlama müqaviləsinə əsasən - bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur (MM-nin 666.1-ci maddəsi). MM-nin 668.1-ci maddəsinə əsasən daşınmaz əşyaların və ya həmin əşyalara hüquqların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqləndikdə bağışlama etibarlıdır. MM-nin 334.1-ci maddəsinə əsasən əqdin notariat qaydasında təsdiqlənməsi bu Məcəllənin 331-ci maddəsinin tələblərinə uyğun gələn sənəddə notariusun və ya bu cür notarial hərəkəti yerinə yetirməyə hüququ çatan digər vəzifəli şəxsin təsdiqləyici qeyd etməsi yolu ilə həyata keçirilir. Qeyd edilməlidir ki, əqdin əsasında mülki hüquq subyektlərinin iradəsi və həmin iradənin ifadəsi dayanır. Yazılı əqdin bağlanmasında ən başlıca şərtlərdən biri tərəflərin onu imzalaması, daşınmaz əmlakın özgəninkiləşdirilməsi zamanı isə müqavilənin (əqdin) həmçinin, notariat qaydasında təsdiqlənməsi tələb olunur. İşdə olan sübutlardan aydın olur ki, mübahisəli mənzil Cavabdeh1 xüsusi mülkiyyətində olmuş, iddiaçının isə həmin mənzildə yalnız istifadə hüquqları mövcud olmuşdur. Bu hal (iddiaçının istifadə hüququnun mövcudluğu) isə mülkiyyətçiyə (Cavabdeh1) əmlakı üzərində sərəncam hüququnu həyata keçirməyə maneə təşkil edə və ya onun sərəncam hüququnu iddiaçının razılığından asılı edə bilməz. Mülkiyyət hüququnun tərkib hissəsi olan sərəncam hüququnun həyata keçirilməsi əmlakın mənsubluğunun, vəziyyətinin və ya təyinatının dəyişdirilməsinə yönələn hüquqi fakt kimi çıxış edir. Sərəncam vermək hüququ mülkiyyətçiyə öz əmlakı barəsində qanunvericilikdə nəzərdə tutulmuş qaydada istənilən mülki-hüquqi əqd, o cümlədən girov və ya ipoteka müqaviləsi bağlamaq imkanı verir (M.Şahverdiyevanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 23.07.2013-cü il tarixli qərarı). Eyni zamanda, daşınmaz əmlak mülkiyyətçisinin əmlakı üzərində sərəncam hüququnun həyata keçirilməsi qeydiyyatda olan şəxslərin razılığından asılı edilə, bağlanmış əqd isə bu əsasa görə etibarsız sayıla bilməz. Kassasiya instansiya məhkəməsi bu halla bağlı qeyd etmişdir ki, müqavilənin notariat qaydasında rəsmiləşdirilməsi üçün mənzildə yaşayan şəxslərin mənzilin satılmasına razılığının olub-olmamasının müəyyənləşdirilməməsi «Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında» Təlimatda nəzərdə tutulmuş vəzifələrin notarius tərəfindən icra olunmadığını təsdiq edə bilər və bu hal əqdin etibarsız hesab edilməsi üçün o vaxt əhəmiyyətli ola bilər ki, mənzil ümumi birgə mülkiyyətdə olmuş olsun. Habelə ər-arvaddan başqa orada yaşayan digər şəxslərin həmin mənzilə mülkiyyət və onunla bağlı digər hüquqları pozulmuş olsun. Mənzildən istifadə edilməsi ilə əlaqədar yaranmış hüquq münasibətlərinin mövcudluğunda notarius tərəfindən özgəninkiləşdirilən yaşayış sahəsində kimlərin yaşayış yeri üzrə qeydiyyatda olması barədə arayışın tələb edilməməsi və daimi qeydiyyatda olan yetkinlik yaşına çatmış bütün ailə üzvlərinin razılığının alınmaması bağışlama müqaviləsinin aldatma yolu ilə bağlanması və Mülki Məcəllənin 339.2 və 339.3-cü maddələrinə istinadən bu əqdin etibarsız hesab edilməsi üçün səbəb ola bilməz. MM-nin 337-354-cü maddələrində əqdlərin etibarsızlığının anlayışı və hansı hallar nəticəsində bağlanmış əqdin etibarsız sayılması üçün əsaslar konkret olaraq göstərilmişdir. İddiaçı isə tələbinin əsası kimi istinad etdiy halları əsaslandıra və sübut edə bilməmişdir. Həmçinin qeyd edilməlidir ki, Mülki Məcəllənin 228.4-cü maddəsinin tələbinə görə, yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir. Göründüyü kimi, iddiaçının iddia ərizəsində və apellyasiya şikayətində göstərdiyi əsaslar (mənzilə istifadə hüquqlarının olması, mənzilin özgəninkiləşdirilməsi zamanı razılığının alınmaması və s.) əqdin etibarsızlığı ilə nəticələnə bilməz. Əks hal, mülkiyyət hüququnun əsassız məhdudlaşdırılması ilə nəticələnə bilər. Halbuki, mülkiyyətin müdafiəsi konstitusion prinsipdir (Konstitusiyanın 13-cü mad.) «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və ya beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. «Marks Belçikaya qarşı» işdə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarilə mülkiyyət hüququna təminat verir. «Mançini İtaliyaya qarşı» işdə Avropa Məhkəməsi qeyd etmişdir ki, şəxsin müəyyən müddət öz mülkiyyətindən istifadə edə bilməməsi, onun öz əmlakından maneəsiz istifadə etməsinə müdaxilədir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının əqdi mübahisələndirməkdə müvafiq subyektiv (tələb) hüquqlarının yaranması halı müəyyən edilməmişdir (belə olan halda iddia müddətinin ötürülüb-ötürülməməsi halının yoxlanılmasına zərurət yoxdur, çünki iddia özü-özlüyündə əsassızdır). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 30 iyul 2008-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüququn tətbiqi təcrübəsində məhkəmələr tərəfindən rəhbər tutulması məcburi olan hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. MPM-in 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Prosessual qanunvericiliyin qeyd edilən normalarına əsasən, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübut etmək yükünü daşıyır. Əks halda iddia özü-özlüyündə əsassızdır və cavabdehin etirazlarını araşdırmağa zərurət yoxdur. Avropa Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına qarşı» işüzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir. İşin fatkiki halları və qanunvericililin qeyd edilən normalarına əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd etməklə düzgün hüquqi nəticəyə gəlmişdir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin tələbinə görə, məhkəməyə müraciət olunan istənilən fərdi şikayət açıq əsaslandırılmamış və ya şikayət vermə hüququndan sui-istifadə edilmiş hesab edirsə, qəbul olunmayan elan edilə bilər. MPM-in 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və MPM-in 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Orucova Gülbahar Şiri qızına qarşı «bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv olunması» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 12 fevral 2020-ci il tarixli, 2(002)- 127/2020 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 12 fevral 2020-ci il tarixli, 2(002)-127/2020 saylı qətnaməsi apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 02 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar