Məhkəmə qərarları › İş №2(103)-4022/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4022/2022

05.07.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4022/2022 05.07.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X6, Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “aliment məbləğin azaldılması” tələbinə dair mülki iş üzrə Bakı şəhər Nizami Rayon Məhkəməsinin 2(007)-597/2022 saylı, 10 mart 2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “aliment məbləğin azaldılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 05 yanvar 2005-ci il təvəllüdlü X4 və 25 iyul 2018-ci il təvəllüdlü X2 üçün ondan tutulan alimentin miqdarı aşağıdakı qaydada azaldılmalı, hər iki uşağın saxlanılması üçün ondan 1/3 miqdarında (hər uşağa 1/6 hissə) aliment tutulmalı, X3 üçün alimentin tutulması yuxarıda göstərilən azaldılma nəzərə alınmaqla xx.xx.2017-ci il tarixdən, X2 üçün isə alimentin tutulması yuxarıda göstərilən azaldılma nəzərə alınmaqla xx.xx.2018-ci il tarixdən hesablanmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh1 ilə xx.xx.2004-cü il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuşdur. Birgə nikahlarından xx.xx.2005-ci il təvəllüdlü X7 doğulmuşdur. Bakı şəhəri Nizami Rayon qeydiyyat şöbəsində 20 iyul 2004-cü il tarixdə nikahları rəsmi olaraq pozulmuşdur. Bundan sonra digər Cavabdeh2 ilə rəsmi nikaha daxil olaraq ailə qurmuşdur. Birgə nikahlarından 25 iyul 2018-ci il təvəllüdlü qızları X8 doğulmuş, nikahları pozulmuşdur. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-50/2020 nömrəli xx.xx.2020-ci il tarixli qətnamə ilə iddia qismən təmin edilərək ondan 25 iyul 2018-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanması üçün 22 oktyabr 2018-ci il tarixdən başlayaraq onun qazancının və ya (başqa gəlirlərinin) dörddə bir hissəsi miqdarında aliment və 25 iyul 2018-ci il təvəllüdlü X8 3 (üç) yaşına çatana qədər hər ay 50 (əlli) manat sabit pul məbləğində aliment Cavabdeh2 xeyrinə qət edilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 1002/2021 nömrəli xx.xx.2021-ci il tarixli qətnaməsi ilə ondan xx.xx.2017-ci il tarixdən başlayaraq, xx.xx.2005-ci il təvəllüdlü X4 yetkinlik yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay qazancının (başqa gəlirlərinin) 1/4 hissəsi miqdarında aliment tutularaq Cavabdeh1 xeyrinə ödənilməsi, ondan 10 (on) manat dövlət rüsumunun tutulması və dövlət büdcəsinə ödənilməsi, qətnamənin alimentin tutulması hissəsində dərhal icra olunması qət edilmişdir. Məhkəmə qətnamələrindən görünən budur ki, hər iki məhkəmə qətnaməsi ilə ona münasibətdə 1/4 hissəsi miqdarında aliment tutulmasını qət etmişdir. Hazırda həmin qətnamələr icra edilməmiş saxlanılmışdır. İddiaçı hazırda işləmədiyi, lakin əvvəllər işlədiyi müddət ərzində pulun tululması qeyd olunmuşdur. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)- 50/2020 nömrəli xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən tutulmuş məbləğ hər iki cavabdehin arasında bərabər olaraq bölünməli və qanunvericliyə əsasən uşağa görə qazancın (başqa gəlirlərin) üçdə bir hissəsində tutulmalıdır. Ondan 25 iyul 2018-ci il təvəllüdlü X5 və xx.xx.2005-ci il təvəllüdlü X1 görə alimentin tutulması ailə qanunvericiliyinə uyğun azaldılmalıdır. Cavabdeh2 Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-50/2020 nömrəli xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən ¼ hissədə gəlirlərindən və qazancından aliment tələb edir, halbuki həmin qətnamə ilə razılaşmayaraq onu mübahisələndirir, buna baxmayaraq birgə nikahlarından doğulmuş 25 iyul 2018-ci il təvəllüdlü X5 qidalanmasını təmin etmək məqsədi ilə hər təqvim ayı 220 manat pul vəsaiti ödəyir. Birinci arvadı Cavabdeh1 Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 1002/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən ¼ hissədə gəlirlərindən və qazancından aliment tələb edir, buna baxmayaraq birgə nikahlarından doğulmuş xx.xx.2005-ci il təvəllüdlü X4 qidalanmasını təmin elmək məqsədi ilə hər təqvim ayı 220 manat pul vəsaiti ödəyir. Göründüyü kimi iddia tələbi, qanuni qüvvəyə minmiş məhkəmə qətnamələri ilə müəyyən olunmuş alimeniin miqdarının azaldılmasından (dəyişdirilməsindən) ibarətdir. İşin faktiki hallarından görünür ki, iş üzrə 2 qətnamə mövcuddur. Belə olan halda hər iki uşağa görə alimentin ¼ hissədə tutulması hazırda işləmədiyi, eyni zamanda yeni ailə qurduğu, qazancı və gəlirləri azaldığı halda yolverilməzdir. Eyni zamanda ailə qanunvericiliyi hər iki qaydada tutulan alimentin miqdarını müəyyən edərkən məhkəmənin üzərinə bəzi hüquq və vəzifələr qoymuşdur. Belə ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 1002/2021 nömrəli xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən iddia təmin edilərək ondan xx.xx.2017-ci il tarixdən başlayaraq, 05 yanvar 2005 ci il təvəllüdlü X4 yetkinlik yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay qazancının (başqa gəlirlərinin) 1/4 hissəsi miqdarında aliment tutularaq Cavabdeh1 xeyrinə ödənilməsi, ondan 10 (on) manat dövlət rüsumunun tutulması və dövlət büdcəsinə ödənilməsi, qətnamənin alimentin tutulması hissəsində dərhal icra olunması qət olunmuşdur. Qətnamə qanuni qüvvəyə minmişdir. Bakı şəhər Nizami Rayon Məhkəməsinin 2(007)-597/2022 saylı, 10 mart 2022-ci il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. Qeyd olunan qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Ailə Məcəlləsinin 76.1.2 maddəsinə əsasən 2 uşağa görəqazancın (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarında aliment tutulur. Göründüyü kimi maddədən aydın olur ki, 2 uşaq olduqda 1/3 hissəsində aliment tutulur, lakin Ailə Qanunvericiliyi fərq qoymur ki, uşaq və ya uşaqlar eyni atadan və anadan doğulmalıdırlar. Hesab edir ki, birinci instansiya məhkəməsi hamının qanun və məhkəmə qaydasında bərabərlik prinsipini pozmuşdur. Ailə Məcəlləsində məhz bu hallarda alimentin azaldılmasına dair norma olmadığına görə analoji olaraq Ailə Məcəlləsinin 112.1 maddəsinin tətbiq etməli idi. Qeyd edir ki, qanunverici iki uşağa görə 1/3 miqdarında alimentin tutulmasını tələb edir və bu zaman həmin uşaqların məhz bir valideyndən olmasını nəzərdə tutmur. Hazırki vəziyyətdə isə iddiaçı ¼+¼=1/2 miqdarında aliment ödəməlidir bu isə Ailə Məcəlləsində üç və daha çox uşaq üçün nəzərdə tutulan miqdardır. Proses iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, rədd edilməsini xahiş etdi. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iddiaçı məhkəmə kollegiyasının iclasına gəlmədiyindən və bunun səbəbləri barədə məhkəməyə məlumat vermədiyindən, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətinin hədləri birinci instansiya məhkəməsinin qətnaməsinin tam yoxlanılmasını təşkil edir. Beləliklə, məhkəmə kollegiyası işdə iştirak edən cavabdehin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti təmin edilməməli və iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verməzdən əvvəl onu qeyd etməyi zəruri hesab edir ki, yetkinlik yaşına çatmayan uşaqlar üçün aliment təyin edilərkən aşağıdakı hallar xüsusilə nəzərə alınmalıdır. 1) Təyin ediləcək alimentin miqdarı yetkinlik yaşına çatmayan uşaqların hüquq və mənafeləri, o cümlədən onların psixi və fiziki inkişafına uyğun həddə təyin edilməli, hər bir halda uşaqların hüquq və mənafeləri birinci gözlənilməlidir. 2) Təyin ediləcək alimentin miqdarı aliment ödəmək vəzifəsi qoyulan valideynin hüquq və mənafelərini zərbə altında qoymamalı, onların hüquqlarını pozmamalıdır. Bu hal uşaqların hüquq və mənafeləri nəzərə alınmaqla həyata keçirilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qeyd edilən tələbləri gözləməklə iddianı rədd edərkən, istər azyaşlı uşaqların hüquq və mənafeyini, istərsə də valideynlərin hüquq və mənafelərini gözlənilmişdir. İşin müəyyən olunmuş hallarından görünür ki, İddiaçı ilə Cavabdeh1 rəsmi nikah qeyd etdirmişlər, birgə nikahlarından xx.xx.2005-ci il təvəllüdlü X7 adlı uşaqları doğulmuşdur. Tərəflərin ailə münasibətlərinin pozulması nəticəsində ayrılmışlar, bu zaman uşaq ananın yanında qalmış, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1002/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən İddiaçı xx.xx.2017-ci il tarixdən başlayaraq, xx.xx.2005-ci il təvəllüdlü X4 yetkinlik yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay qazancının (başqa gəlirlərinin) 1/4 hissəsi miqdarında aliment tutularaq Cavabdeh1 xeyrinə ödənilməsi qət edilmişdir. Bundan başqa, İddiaçı ilə digər Cavabdeh2 rəsmi nikah qeyd etdirmişlər, birgə nikahlarından 25 iyul 2018-ci il təvəllüdlü X8 adlı uşaqları doğulmuşdur. Tərəflərin ailə münasibətlərinin pozulması nəticəsində ayrılmışlar, bu zaman uşaq ananın yanında qalmış, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-50/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi ilə İddiaçı 25 iyul 2018-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanması üçün 22 oktyabr 2018-ci il tarixdən başlayaraq İddiaçı qazancının və ya (başqa gəlirlərinin) dördə bir hissəsi miqdarında aliment və 25 iyul 2018-ci il təvəllüdlü X8 3 (üç) yaşına çatana qədər hər ay 50 (əli) manat sabit pul məbləğində alimentin Cavabdeh2 xeyrinə tutulması qət edilmişdir. Qətnamə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(103)-5317/2021 nömrəli qətnaməsi ilə dəyişdirilmədən saxlanılmışdır. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 8(007)-77/2021 saylı qərardadına əsasən Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-50/2020 saylı xx.xx.2020-ci il tarixli icra sənədinin icrasını təmin etmək məqsədi ilə xx.xx.1981-ci il tarixdə Bakı şəhərində anadan olan və ünvan 1 ünvanında qeydiyyatda olan borclu İddiaçı ölkədən getmək hüquqları müvəqqəti məhdudlaşdırılmışdır. Daha sonra isə İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı “aliment məbləğinin dəyişdirilməsi” tələbinə dair Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2451/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuş aliment məbləğinin dəyişdirilərək İddiaçı məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən başlayaraq, xx.xx.2005-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanədək saxlanılması üçün hər ay 175 manat sabit pul məbləğində aliment Cavabdeh1 xeyrinə tutulması, iddianın qalan hissədə (Cavabdeh2 münasibətdə) təmin edilməməsi qət edilmişdir. Qətnamə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(103)-10610/2021 nömrəli qətnaməsi ilə dəyişdirilmədən saxlanılmışdır. Tərəflər arasında olmuş yuxarıda sadalanan məhkəmə mübahisələrindən dərhal sonra, yəni xx.xx.2022-ci il tarixdə İddiaçı hazırki iddia tələbi ilə yenidən məhkəməyə müraciət etmişdir. Məhkəmə kollegiyası ilk öncə uşaqların aliment almaq hüquqları ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 17 və 34-cü maddəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 55.1-ci maddəsinə əsasən, uşaq öz valideynlərindən və ailənin digər üzvlərindən bu Məcəllənin beşinci bölməsində müəyyən olunmuş qaydada və miqdarda vəsait almaq hüququna malikdir. Həmin Məcəllənin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) məhkəmə qaydasında tutulur. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən valildeynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «Uşaq hüquqlarına dair BMT Konvensiyası»nın 3-cü maddəsinə görə, məhkəmələr uşaqlar barəsində görülən bütün tədbirlərdə, uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət etməlidirlər. Məhkəmə xüsusi ilə vurğulayır ki, hər bir uşağın layiqli həyat tərzi yaşamağa hüquqi vardır və uşağın inkişafı üçün valideynlərin maddi və mənəvi dəstək olmaları onların vəzifəsi və borcudur. Mövcüd qanunvericilik normaları istənilən yaranmış vəziyyətdə uşağın mənafeylərinin daha üstün tutulmasını imperativ olaraq göstərir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.1 və 78.2 maddələrinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Göründüyü kimi, məhkəmə aliment tutularkən iddiaçının işləməsini, tərəflərin maddi və ailə vəziyyətini, hər bir uşağın öz anasının yanında yaşamasını, eyni zamanda diqqətəlayiq olan digər hallar nəzərə almaqla uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlamaqla əsas götürülməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2016-cı il tarixli qərarında məhkəmələrə tövsiyə olunmuşdur ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən iddiaçının maddi vəziyyətini nəzərə almış, onun maddi vəziyyətində pisləşmənin olmasını müəyyən etməmiş və haqlı olaraq iddia tələbini rədd etmişdir. Bundan başqa məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı bir ata kimi övladlarının qayğısına qalmalı, onları zəruri vəsaitlə təmin etməli, onların təminatını əvvəlki kimi yüksək saxlamalı və bundan irəli gələn vəzifələrini layiqincə yerinə yetirməlidir. O, valideynlik vəzifələrinə malik olduğunu başa düşərək həm öz tələbatını, həm də uşaqlarının tələbatını təmin etməlidir. Kollegiya apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, tərəflərin birgə nikahından olan uşaqlar anaları ilə qaldıqlarından, cavabdehlər ana kimi öz borclarını yerinə yetirərək uşaqlarının qeydinə qalır və onları saxlayır. Belə olan halda isə iddiaçı ata kimi öz borcunu yerinə yetirərək, uşaqlarının saxlanılmasında iştirak etməli və qanuni qüvvəyə minmiş məhkəmə qətnamələri ilə müəyyən olunmuş aliment məbləğlərini ödəməlidir. Göründüyü kimi apellyasiya şikayətinin dəlilləri iddiaçının şəxsi mülahizələrinə əsaslanır və apellyasiya şikayətinin təmin edilməsinə əsas ola bilməz. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilməlidir. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə məhkəmə kollegiya qeyd edir ki, iddiaçının apellyasiya şikayətində irəli sürdüyü dəlillər yalnız formal mülahizələrə əsaslanır və birinci instansiya məhkəməsi qətnaməsinin ləğvi üçün MPM-nin 385-ci maddəsində nəzərdə tutulmuş əsaslar yoxdur. Qeyd olunanlara əsasən, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 372, 384-386, 388, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhər Nizami Rayon Məhkəməsinin 2(007)-597/2022 saylı, 10 mart 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar