Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4025/2023 13.06.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri X6 (sədrlik edən və məruzəçi), X7 və X3 ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinə qarşı “rəyin ləğv edilməsi, valideynnamizəd olaraq uçotun bərpa edilməsi və yenidən müsahibə keçirilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1398/23 saylı, xx.xx.2023-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə əsasən işə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Agentliyin övladlığa götürmə ilə bağlı verdiyi rəyin qanunsuz hesab edilərək ləğv edilməsi, valideyn-namizəd olaraq uçota bərpa edilməsi və yenidən müsahibə keçirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir İddia onunla əsaslandıırlmışdır ki, o, 01 oktyabr 2016-cı il təvəllüdlü nəvəsi X2 övladlığa götürmək üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinə müraciət etmişdir. X1 və gəlini X5, yəni nəvəsinin atası və anası xarici dövlətdə işləmək üçün getməyi planlaşdırdıqlarından, həmçinin uşağın elə körpəlikdən iddiaçı ilə birlikdə yaşadığını nəzərə alıb onu övladlığa götürmək qərarına gəlib və uşağın valideynləri də buna razılıqlarını bildiriblər. Lakin Sosial Xidmətlər Agentliyi qanunsuz olaraq mənfi rəy verməklə onu uçotdan çıxarmış və fikrini onunla əsaslandırmışdır ki, 1-ci səbəb: onun sağ əli əsir; 2-ci səbəb: o, guya əməkdaşlarla aqressiv danışıb; 3-cü səbəb: uşaqdan soruşublar ki, nənənin sənə ana olmasını istəyirsən? Uşaq cavab verib ki, yox. O, Agentliyin imtinasını əsassız və qanunsuz hesab edir, buna görə də məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(005)- 1398/2023 nömrəli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinə qarşı "rəyin ləğv edilməsi, valideyn-namizəd olaraq uçotun bərpa edilməsi və yenidən müsahibə keçirilməsi" tələbinə dair iddiasının yolverilməzliyinə görə qəbul edilməsindən imtina edilmişdir. Birinci instansiya məhkəməsi iddianın qəbulundan imtina edilməsi barədə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, iddia ərizəsində öz əksini tapan məsələlərlə bağlı publik hüquqi şəxs olan Agentliyin funksiyaları onun Nizamnaməsində öz əksini tapmaqla, birbaşa vəzifələrindən irəli gəlir. Yəni, Agentliklə iddiaçı arasında olan münasibət mülkihüquqi xarakterli deyil, publik hüquqi xarakterlidir. Həmin qərardaddan İddiaçı şikayət verərək ləğv edilməsini və iddia ərizəsinin icraata götürülməsi barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, “İnzibati orqanların Təsnifatı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarında Sosial Xidmətlər Agentliyi inzibati orqan kimi qeyd edilməmişdir. Bu səbəbdən həmin xidmətin qəbul etdiyi rəy inzibati akt hesab edilə bilməz. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1398/2023 saylı, 03 may 2023cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, şikayətin baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin tələblərinə riayət edilməklə verilməsi yoxlanılmalıdır. Həmin Məcəllənin 153.2.1-ci maddəsinə görə isə, ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə hakim, yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2-ci maddəsinə əsasən qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. “İnzibati icraat haqqında” Qanunun 2.0.1-ci və 2.0.2-ci bəndlərinə görə inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs. İnzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” 10 aprel 2015-ci il tarixli qərarında qeyd edilmişdir ki, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Ümumi (publik) hüquq publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. Lakin inzibati orqanın iştirak etdiyi hüquq münasibətinin inzibati və ya xüsusi hüquqi münasibət olduğunu müəyyənləşdirərkən inzibati orqanın həmin münasibətdə xüsusi hüququn subyekti (mülki dövriyyənin iştirakçısı) kimi iştirak etdiyinin, yaxud hakimiyyət səlahiyyətlərinin subyekti kimi inzibati orqanın yalnız ona xas olan fəaliyyəti həyata keçirdiyinin müəyyən edilməsi vacibdir. Bu zaman ümumi (publik) hüquq sahəsinin ictimai idarəetmə ilə bağlı olması və hakimiyyət səlahiyyətlərinin tətbiq edilməsi ilə müşayiət olunduğu nəzərə alınmalıdır. İşdə olan xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, iddiaçı xx.xx.2022-ci il tarixdə Nazirliyin “Valideyn himayəsindən məhrum olmuş uşaqlar və övladlığa götürmə altsistemi”ndə övladlığa uşaq götürmək istəyən şəxs kimi müraciət etmişdir. Müraciəti üzrə onunla xx.xx.2022-ci il tarixində müsahibə aparılmışdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 118.3.1-ci maddəsinə əsasən müsahibə mərhələsindən övladlığa götürmənin məqsədlərinin uşağın mənafeyinə uyğun olmaması səbəbindən Ailə Məcəlləsinin 119.10.2-ci mddəsinə əsasən o, uçotdan çıxarılmışdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 119.10.2-ci maddəsinə əsasən uçotdan çıxarıldığı üçün həmin Məcəllənin 119.11-ci maddəsinə uyğun olaraq 1 (bir) ildən sonra təkrar müraciət etmək hüququ var. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki mübahisə üzrə cavabdeh qismində cəlb edilmiş Sosial Xidmətlər Agentliyi (bundan sonra – Agentlik), Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyun tarixli 1077 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sosial Xidmətlər Agentliyinin Nizamnaməsi”nin 1.1 və 1.2-ci bəndlərinə əsasən sosial xidmətə ehtiyacı olan şəxslərə (ailələrə) “Sosial xidmət haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş forma və növlər üzrə sosial xidmət göstərilməsi, onların sosial müdafiəsi və rifahının yaxşılaşdırılması, habelə övladlığagötürmə ilə bağlı dövlət siyasətinin və tənzimləmənin həyata keçirilməsi sahəsində (bundan sonra – müvafiq sahə) fəaliyyət göstərən publik hüquqi şəxsdir. Agentlik Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərir. Uşağın övladlığa götürülməsinə aid Mülki Prosessual Məcəllənin 39-cu fəslində və Ailə Məcəlləsinin 19-cu fəslində Sosial Xidmətlər Agentliyi övladlığa götürmənin övladlığa götürülən uşağın mənafeyinə uyğunluğu barədə rəy verən müvafiq icra hakimiyyəti orqanı kimi müəyyən edilmişdir. Yuxarıda sadalanan maddələrdən göründüyü kimi inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxslər – inzibati orqan sayılır. “İnzibati icraat haqqında” Qanuna görə müvafiq şəxsə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edən həm fiziki həm hüquqi şəxs inzibati orqan anlamına gələ bilər. İddia ərizəsinə əlavə edilmiş materiallardan müəyyən edildiyi kimi hazırki münasibətlərdə “Sosial Xidmətlər Agentliyi” Publik hüquqi şəxs hakimiyyət səlahiyyətlərinin subyekti olaraq qanunla yalnız ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirmiş və digər tərəfə münasibətdə yalnız özünə aid səlahiyyətləri tətbiq etmişdir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyun tarixli 1077 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sosial Xidmətlər Agentliyinin Nizamnaməsi”nin 3.1.23cü və 3.1.22-ci bəndlərinə görə övladlığagötürmənin əsaslandırılmasını və övladlığa götürülən uşağın mənafeyinə uyğunluğu haqqında rəy verilməsini təmin etmək və valideyn himayəsindən məhrum olmuş və övladlığa götürülən uşaqların və onları övladlığa götürməyi arzu edən şəxslərin (Azərbaycan Respublikası vətəndaşlarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin) vahid uçotunun elektron qaydada aparılmasını təmin etmək Agentliyin vəzifəsi kimi müəyyən edilmişdir. İddiaçı da məhkəməyə müraciət edərək cavabdehin qəbul etdiyi rəyin, hazırki halda isə rəyin verilməsindən imtina edildiyindən faktiki olaraq (inzibati orqanın hərəkətsizliyindən (məcburetmə haqqında iddia)) qanunsuz olması ehtimal olunan imtina cavabından narazıdır və onun valideyn-namizəd olaraq uçota bərpa olunması və yenidən müsahibə keçirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması (inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi) barədə qətnamə çıxarılmasını xahiş edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2 və 2.2.3-cü maddələrinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) və inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Yuxarıda göstərilənlərə əsasən belə nəticəyə gəlmək olar ki, iddia tələbi inzibati orqanın hərəkətsizliyi və inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi barədə olduğundan, mübahisənin ümumi publik hüquq sahəsindən irəli gəldiyindən və cavabdeh bu mübahisəli münasibətlərdə inzibati orqan kimi iştirak etdiyindən hazırki işə mülki məhkəmə icraatı qaydasında baxıla bilməz və ona görə də iddianın yolverilməzliyinə görə qəbul edilməsindən imtina edilməldir. Məhkəmə kollegiyası həmçinin Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3446/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə əlaqədar iddiaçıya izah etməyi zəruri sayır ki, o, müvafiq tələblərə inzibati məhkəmədə yenidən baxılmasını məhdudlaşdıran iddianın mümkünlüyü haqqında bu qərardaddan buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə əlavə etməklə şikayət verə bilər. Beləliklə yuxarıda şərh edilənlərə əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq ərizəni yolverilməzliyinə görə qəbul etməkdən imtina etmişdir. Şikayətdə göstərilən dəlillər isə əsassız olduğundan hazırki şikayət təmin edilməyərək birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 263, 267, 397, 398, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1398/2023 saylı 22 fevral 2023cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən hakim imza: Cəmilə Musayeva Hakimlər imzalar: Məhəmməd Rüstəmli Günay Axundova
Məhkəmə qərarları › İş №2(103)-4025/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4025/2023
13.06.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver