Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4036/2021 29.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Məhərrəmova Şeyda Ədalət qızı və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balakişiyeva Aynurə Əyyub qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı “sığorta məbləğinin ödənilməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 24 noyabr 2020-ci il tarixli qətnaməsindən cavabdeh Şirkətin adından verilmiş apellyasiya şikayəti üzrə apellyasiyanın mümkünlüyünü yoxlayaraq MÜƏYYƏN ETDİ: Hazırki mülki işə baxmış Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qətnamə ilə iddiaçının cavabdeh Şirkətə qarşı irəli sürdüyü “sığorta məbləğinin ödənilməsi tələbi barədə” iddiasının təmin edilməsini qət etmişdir. Cavabdeh Şirkətin adından həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verilmişdir. Məhkəmə hesab edir ki, apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkündür. Belə ki, cavabdeh Şirkətin adından verilmiş apellyasiya şikayəti Şirkətin sədrinin birinci müavini tərəfindən imzalanmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 69.3-cü maddəsinə görə, təşkilat rəhbərinin səlahiyyəti onun tərəfindən məhkəməyə təqdim edilmiş xidməti vəzifəsini bildirən sənədi, zəruri olduqda isə təsis sənədləri ilə (nizamnamə, müqavilə ilə) təsdiq olunur. MPM-nin 74-cü maddəsinin tələbinə görə, məhkəmə aktından şikayət verilməsi ilə əlaqədar nümayəndənin səlahiyyəti təmsil olunan tərəfin verdiyi etibarnamədə xüsusi göstərilməlidir. Lakin cavabdeh Şirkətin sədrinin birinci müavininin Şirkətin adından apellyasiya şikayətini imzalamaq səlahiyyətinin olması iş materialları ilə müəyyən olunmur. Belə ki, şikayəti imzalayan şəxsin belə bir səlahiyyətinin olmasını təsdiq edən etibarnamə (vəkalətnamə) məhkəməyə təqdim edilməmiş, eyni zamanda onun, cavabdehin adından etibarnaməsiz çıxış etmək səlahiyyətinin olmasını təsdiq edən sübut da (nizamnamənin (əsasnamənin) ona bu səlahiyyəti verən müddəası, qurumun daxili əmri və sair) şikayətə əlavə edilməmişdir. Bu vəziyyəti nəzərə alan Məhkəmə hesab edir ki, apellyasiya şikayəti cavabdeh Şirkətin adından buna səlahiyyəti olmayan şəxs tərəfindən imzalanmışdır. Səlahiyyəti olmayan şəxs tərəfindən verilmiş apellyasiya şikayəti isə birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılmalı idi. Lakin Rayon Məhkəməsi şikayəti qaytarmamış, onu baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərmişdir. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 366-cı maddəsini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı “sığorta məbləğinin ödənilməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 24 noyabr 2020-ci il tarixli qətnaməsindən cavabdeh Şirkətin adından verilmiş apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilsin və şikayət mülki işlə birlikdə Nəsimi Rayon Məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 10 gün müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-4036/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4036/2021
29.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver