Məhkəmə qərarları › İş №2(103)-4036/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4036/2022

13.07.2022 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4036/2022 13.07.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi və məruzəsi ilə, Məmmədova Şərafət Asif qızı və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, İsmayılova Günel Rza qızının katibliyi, Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə2 iştirakı ilə, İddiaçı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin DƏDRX-nin 1 saylı Ərazi İdarəsi göstərilməklə) Cavabdeh qarşı müqavilənin və çıxarışın ləğv edilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-204/2022 saylı 30 mart 2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin DƏDRX-nin 1 saylı Ərazi İdarəsi göstərilməklə) Cavabdeh qarşı müqavilənin və çıxarışın ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X16 ilə Cavabdeh arasında Bakı şəhəri 9 saylı Notariat Kontorunda bağlanmış ünvan 1 ünvanına dair xx.xx.2019-cu il tarixli renta müqaviləsinin ləğv edilməsi, həmin renta müqaviləsinə əsasən Cavabdeh adına ünvan 1 ünvana verilmiş çıxarışın ləğv edilməsi, ünvan 1 ünvanına dair mərhum X6 vəsiyyətnamə üzrə vərəsəsi İddiaçı mülkiyyət hüquqlarının rəsmiləşdirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, atası X11 xalası X16 öz mülkiyyətində olan ünvan 2 ünvanındakı mənzili xx.xx.2016-cı il tarixdə ünvan 3 təsdiq etdirməklə ona vəsiyyət etməsi barədə vəsiyyətnamə tərtib etmişdir. Həmin mənzilə sonradan ünvan 1 ünvanı verilmişdir. Bu Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Şəhər Ərazi İdarəsinin xx.xx.2019-cu il tarixli arayışından da aydın olur. Atasının xalasına tez-tez baş çəkir, maddi tələbatlarının ödənilməsində ailələri yaxından kömək edirdi. Lakin xx.xx.2021-ci il tarixdə İqlimə Feyzullayeva COVİD-19 virusuna yoluxduğundan vəfat etmişdir. Vəfat etməmişdən öncə atasının xalasının qonşusu olan Cavabdeh 82 yaşlı İqlimə Feyzullayevanı aldadaraq Bakı şəhəri 9 saylı Notariat Kontoruna aparmış və onunla adıçəkilən mənzilə dair renta müqaviləsi bağlamışdır. Həmin renta müqaviləsi xx.xx.2019cu il tarixdə bağlanmışdır və həmin müqavilənin 4-cü bəndinə əsasən Cavabdeh hər ay 400 manat İ.Feyzullayevaya ödəməli idi. Lakin inandırıcı olmayan məqam ondan ibarətdir ki, İ.Feyzullayeva özü ayda 700-800 manat civarında pensiya alırdı. İ.Feyzullayeva vəfat edərkən onun nəşini evdən çıxarmaq üçün onlar gələndə aydın oldu ki, mərhum bir neçə gündür evdə baxımsız vəziyyətdə qalmış və onun vəfat etməsindən heç Cavabdeh da məlumatı olmamışdır. Tərəflərindən dərhal AR DİN, AR FHN və təcili tibbi yardıma məlumat verildikdən sonra onun mənzilinin seyf qapısı FHN əməkdaşları tərəfindən açıldıqdan sonra İqlimə Feyzullayevanın nəşini evdən götürmək mümkün olmuşdur. Bundan sonra, onların ailəsinə məlum olmuşdur ki, İ.Feyzullayeva vəfat etməmişdən öncə Səbail Rayon Məhkəməsinə Cavabdeh qarşı renta müqaviləsinin ləğvi ilə bağlı iddia ərizəsi ilə müraciət etmiş, məhkəmədə hüquqlarının təmsil və müdafiə olunması məqsədilə vəkil ilə də müqavilə bağlamışdır. Lakin məhkəməyə müraciət etməmişdən öncə aralarındakı müqaviləni rəsmiləşdirən Bakı şəhəri 9 saylı Notariat Kontorunun xüsusi notariusu Rəşadət Sadıqova müraciət edərək renta müqaviləsinin ləğv etdirməsini, Cavabdeh onu aldatdığını, ona heç bir ödəniş etmədiyini bildirdikdə notarius ona bu hal ilə əlaqədar olaraq məhkəməyə müraciət etməsini tövsiyyə etmişdir. Bundan sonra Səbail Rayon Məhkəməsinə etdiyi müraciətə əsasən mülki iş icraata götürülmüş, lakin Səbail Rayon Məhkəməsinin hakimi Rəna Qafarovanın xx.xx.2021-ci il tarixli qərardadına əsasən iddiaçı vəfat etdiyinə görə mülki işə xitam verilmişdir. O, yəni İddiaçı hüquqlarının təmin edilməsi ilə bağlı Bakı şəhəri 46 saylı Notariat Kontoruna müraciət etmişdir və müraciətinə əsasən İqlimə Feyzullayevanın vərəsəlik işi açılmış və o, onun vəsiyyətnamə üzrə vərəsəsi kimi tanınmışdır. İqlimə Feyzullayevanın pensiya kartını da Cavabdeh almış və aylıq pensiyasını o çıxarmışdır. Onların arasında mübahisə də İqlimənin Hicrandan öz pensiya kartını istəyəndən sonra düşmüşdür. Səbail Rayon Məhkəməsinə mərhum İ.Feyzullayevanın özünün iddia ərizəsi ilə müraciət etməsi öz iradəsini ifadə etməsi kimi qiymətləndirilməli və həmin renta müqaviləsi ləğv edilməli, renta müqaviləsinə əsasən ünvan 1 ünvana Cavabdeh adına verilmiş Çıxarış ləğv edilməli, mənzil əvvəlki vəziyyətə qaytarılmalı, İddiaçı mərhum İqlimə Feyzullayevanın vəsiyyətnamə üzrə vərəsəsi kimi tanınaraq mübahisəli mənzil üzərində onun mülkiyyət hüquqları rəsmiləşdirilməlidir. Çünki Səbail Rayon Məhkəməsinə verdiyi iddia ərizəsində İqlimə Feyzullayeva konkret göstərir ki, müqaviləyə əməl etməyən Cavabdeh pensiya kartını da ondan almış və ona baxmamışdır, yəni müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri layiqincə yerinə yetirməmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-204/2022 saylı 30 mart 2022-ci il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. Qeyd olunan qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qətnaməsinin ləğv edilməsini, iddianın təmin edilməsini xahiş etmiş, şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmışdır Məhkəmə kollegiyasının iclaslarında iştirak edən cavabdehin nümayəndəsi-vəkili apellyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini xahiş etdi. Məhkəmə iclası barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq iddiaçı və üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər; işin halları və Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinin tələbi nəzərə alınmaqla işə həmin proses iştirakçılarının iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası izahatı dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, 20 aprel 2016-cı il tarixli İ.Feyzullayevanın vəsiyyətnaməsində qeyd olunmuşdur ki: “Mən, ünvan 5 ünvandan qeydiyyatda olan X16 həmin vəsiyyətnaməilə aşağıdakılar barədə sərəncam verirəm: 1. ünvan 6 ünvanında mənə məxsus olan mənzilimi ünvan 7 ünvanında qeydiyyatda olan İddiaçı vəsiyyət edirəm. 2. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1166-1178 və 1193-cü maddələrinin məzmunu notarius tərəfindən mənə izah edildi. 3. Vəsiyyətnamə iki nüsxədən ibarət tərtib edildi, nüsxənin biri Bakı şəhəri 46 saylı Notariat Kontorunda saxlanıldı, digəri isə vəsiyyət edənə verildi.” 17 sentyabr 2021-ci il tarixli, № 05/Q-1489/69 saylı Şəhadətnamədən görünür ki, X16 09 sentyabr 2021-ci ildə ölmüşdür. Ölümün səbəbi COVİD-19 qeyd olunmuşdur. Ölüm haqqında “14” sentyabr 2021-ci il tarixli 886 №-li akt qeydi tərtib olunmuşdur. İş materiallarında olan xx.xx.2019-cu il tarixli renta müqaviləsində qeyd olunmuşdur:

1. Renta alan ünvan 8 ünvanında yerləşən ümumi sahəsi 98.32 kv/m, yaşayış sahəsi 50.5 kv/m olan 2 otaqlı mənzilin tam mülkiyyət üzrə on(lar)a məxsus hissəsindən aşağıda göstərilən hissəni (hissələri) “Renta ödəyicisinin” mülkiyyətinə verir(lər): - Renta alan X16 (tam hissə, 98.32 kv/m, 2 otaq) – Renta ödəyicisi Cavabdeh

2. Özgəninkiləşdirilən daşınmaz əmlak aşağıdakı hüququmüəyyənedici sənədə əsasən Renta alana məxsusdur: - ƏMDK-nin yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən xx/xx/2006 tarixdə X16-na verilmiş **********556-05101-093001 reyestr nömrəli, ********* qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən tam mülkiyyət üzrə 98.32 kv/m, 2 otaq;

3. Real vaxt rejimində daşınmaz əmlakın dövlət reyestrindən əldə edilmiş xx/xx/2019 il tarixli, qeydiyyat nömrəsi ********** olan arayışa əsasən müqavilə bağlananadək daşınmaz əmlak ipoteka ilə yüklü edilməmiş, həbs altında deyil və özgəninkiləşdirilməsinə qadağan qoyulmamışdır.

4. Ömürlük renta üçün özgəninkiləşdirilən əmlakı “Renta alan(lar)” “Renta ödəyicisinin(ödəyicilərinin)” mülkiyyətinə pulsuz verir(lər). Renta müqaviləsi üzrə öhdəliklər aşağıdakı kimi müəyyən edilir: - Renta ödəyicisi Cavabdeh Renta alan X7 özgəninkiləşdirilən tam hissə (98.32 kv/m) müqabilində aylıq 400 manat 00 qəpik haqq ödəməlidir. Həmin 400.00 manat məbləğindən Cavabdeh, X8 ömrünün sonuna qədər hər ay 200.00 manat dəyərində ərzaq, geyim, həkim xidməti, dərman, lazım olan qulluq və tələb olunan digər yardımla təmin etməyi, bundan əlavə də ona hər ay 200.00 manat nəğd ödəməyi öz öhdəsinə götürür. xx.xx.2006-cı il tarixli, MH №0012196 saylı DƏDRX-ın Çıxarışından görünür ki, Bakı şəhəri, Səbail rayonu, Ələkbərova Şövkət küçəsində istifadədə olan 0.10578 ha torpaq sahəsində yerləşən 9 nömrəli, 3 mərtəbəli binada yerləşən 98.32 kv.m ümumi, 50.5 kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı 17 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə X6 adına daşınmaz əmlakın dövlət reyestrində 129 nömrəli reyestr kitabının 11651 nömrəli vərəqində qeydiyyata alınmışdır. İ-ЖГ № 377483 saylı Nikahın X1ydada təsdiq edilmiş kserosurətindən görünür ki, X20 ilə X25 arasında 15 iyul 1976-cı il tarixdə nikah bağlanmışdır. AZ-İİ № 130639 saylı 15 aprel 2005-ci il tarixli X19 görünür ki, vətəndaş X21 14 aprel 2005-ci il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 15 aprel 2005-ci il tarixdə №342 nömrə ilə qeyd edilmişdir. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-in 1 saylı Bakı Ərazi İdarəsinin İqlimə Feyzullayevaya ünvanladığı xx.xx.2019-cu il tarixli, №**********83 saylı məktubunda qeyd olunmuşdur ki, ünvan 10 ünvanı bölündüyü üçün sizə məxsus mənzil sahəsinə Bakı Şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən verilmiş 18/03 8/3757 saylı, xx.xx.2006-cı il tarixli ünvan arayışına əsasən ünvan 12si təyin edilmişdir. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-in 1 saylı Bakı Ərazi İdarəsinin 21 yanvar 2022-ci il tarixli məktubdan görünür ki, Bakı şəhəri, Səbail rayonu, Ş.Ələkbərova küçəsi, ev 9, mənzil 16 (17) ilkin olaraq xx.xx.1993-cü il tarixdə X5 adına qeydiyyatdan keçmişdir. 46 saylı DNKnın 4Ə-2/230 reyestr nömrəli xx.xx.2003-cü il tarixli bağışlama müqaviləsinə əsasən sözügedən mənzilin 2 otağı X9 adına qeydiyyatdan keçmişdir. 2 saylı DNK-nın 4Ə/1-18 reyestr nömrəli xx.xx.2005-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən X12 məxsus 2 otaq X13 adına qeydiyyatdan keçmişdir. 13 saylı DNK-nın 2V/1-199 reyestr nömrəli xx.xx.2005-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən X13 vəfatından sonra ona məxsus 2 otağı X6 adına qeydiyyatdan keçmişdir. Daha sonra Memarlıq və Şəhərsalma Baş idarəsinin 18/03- 8/3757 saylı xx.xx.2006-cı il tarixli məktubuna, X6, X4 ərizələrinə və forma-2 arayışlarına əsasən sorğuda qeyd olunan mənzil 16 (2 otaq) və 17 (2 otaq) nömrə altında getməklə ayrılmışdır. 3 saylı ASAN Xidmət mərkəzinin notariusu tərəfindən təsdiqlənmiş 4Ə-2362 reyestr nömrəli xx.xx.2014-cü il tarixli bağışlama müqaviləsinə əsasən İ.A.Feyzullayeva 2 otaqlı olan 17 nömrəli mənzilini X26 bağışlamışdır. 3 saylı ASAN Xidmət mərkəzinin notariusu tərəfindən təsdiqlənmiş 3M/246 reyestr nömrəli xx.xx.2015-ci il tarixli bağışlama müqaviləsinin ləğvi barədə sazişə əsasən 4Ə-2362 reyestr nömrəli xx.xx.2014-cü il tarixli bağışlama müqaviləsi ləğv edilmişdir. 9 saylı DNK-da xx.xx.2019-cu il tarixdə bağlanmış renta müqaviləsinə əsasən (elektron müqavilə olduğu üçün İdarənin arxivində saxlanılmamışdır) 17 nömrəli mənzil Cavabdeh adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Bakı şəhəri, Səbail rayonu, Ş.Ələkbərova küçəsi, ev 9, 16 saylı mənzil isə X4 mülkiyyətindədir. Birinci instansiya məhkəməsində dindirilmiş şahid X31 bildirmişdir ki, İqlimə xanımla bir evli kimi yaşamışlar. İqlimə xanımın yoldaşının kubinkada atasından qalma evi var idi, sonra həmin ev plana düşmüş və 6 nömrəli məktəbin yanında 3 otaqlı ev almışdılar. İqlimə xanım ilə Hicran xanımın münasibətləri bir qonşu kimi yaxşı idi. İqlimə xanımın evinə bacısı ilə gedib-gəliblər heç vaxt Hicran xanımla aralarında müqavilə olmağı barədə nə isə deməyib. İqlimə xanım bazarlıq üçün Hicran xanıma pul verirdi, o da nə lazımdırsa alıbgətirirdi. İqlimə xanım 700 manatdan çox pensiya alırdı. İqlimə xanım deyirdi pensiya gəlsin, Hicrana verim alış-veriş etsin. Hicran xanım qəpiyinə qədər qaytarırdı. İqlimə xanım ölməmişdən bir həftə öncə zəng edərək xəstə olduğunu, Hicran xanımın ona baxmadığını dedi. O, Hicran xanıma zəng etdikdə, İqlimə xanımın etdiyi hərşeyi başına vurduğunu, özünün də xəstə olduğunu demişdi. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X17 bildirmişdir ki, İqlimə xanımla kubinkada qonşu olmuşlar. Bir-birinin evinə gedib-gəlmişlər. 6 nömrəli məktəbin yanına köçəndən sonra da gedib-gəlirdilər. İqlimə xanımın 2 otaqlı evi var idi. İqlimə xanım Hicran xanıma pul verirdi, o da hər şeyi alıb-gətirirdi. Qəpiyinə qədər qaytarırdı. Həmişə deyirdi, evi Kamrana vəsiyyət edəcək. Əti həmişə bacısının böyük oğlu Adil alıb göndərirdi. İqlimə xanım 759 manat pensiya alırdı. Pensiya kartı Hicran xanımda idi, o alırdı. Ola bilər yaşlı idi deyə getmirdi. Orada olanda Hicran xanım alıb-gətirirdi, qəpiyinə qədər pulu da geri qaytarırdı. İqlimə xanıma ƏDV qəbzlərini atma deyəndə, onların Hicran xanımın kontur pulu olduğunu deyirdi. Hicran xanımdan başqa kimisə görməmişəm. Bir rəqqasə var idi, bir də bir qonşunu görmüşəm. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X14 bildirmişdir ki, hazırda 80 yaşı var, bu ünvanda 16 yaşından yaşayır. İqlimə xanım təxminən 15 il olar oraya köçüb. Köçəndən az müddət sonra da yoldaşı vəfat etdi. Pəncərələri elədir ki, gedib-gələni görürdü. Pəncərədən baxanda Hicran xanım hər zaman orada olurdu. Başqa heç kəs gəlmirdi. Hicran xanım çətin gün dostudur. Dünyasını dəyişən günədək Hicran xanım İqlimə xanıma vəfalı dost kimi baxıb. O, Hicran xanımın ona necə baxdığını soruşanda, o onun ürəyidi, olmasa o sağ qalmazdı deyirdi. 15 ildir ki, hər gün saat 8-in yarısı-8-dən əlində paketlər daşıyırdı. Qonşulardan biri bir şey xahiş etsə, heç vaxt sonra gələrəm deməyib, hər zaman baş üstə deyib. Həm yuyundurub, həm gəzməyə aparıb. Hicran xanımın uşaqları da ona kömək edib. Mənzili İqlimə xanımın yoldaşına satmışdır. Şövkət Ələkbərova mənzil 16 idi. Sonra ünvanları ayırıb, onun evi mənzil 16, İqlimə xanımın evi mənzil 17 olmuşdur. Yas mərasimini Hicran xanım edib. İqlimə xanım tərəfdən heç kəs yox idi. Kamran, Bəxtiyar adlı şəxsləri tanımır. İqlimə xanım və Hicran xanım arasında müqavilə olmasından, Hicran xanımın pul ödəyib-ödəmədiyindən məlumatı olmamışdır. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X27 bildirmişdir ki, Şövkət Ələkbərova mənzil 29 ünvanında anadan olandan yaşayır. 1977-ci ildə anadan olmuş, 2003-cü ildə ailə qurub, 7 il ailəli olmuş, 2010-cu ildən isə boşanıb ata evimə qayıtmışdır. İqlimə xanım ilə divar qonşusudur. O evdə nə danışır, eşidilir. Hər səhər Hicran xanım ilə İqlimə xanımın danışığına açılırdı. Bəzən Hicran xanıma biraz gec getməyini deyirdi. Gecə 2-də zəng etsələr də Hicran xanım qaça-qaça gəlirdi. İqlimə xanım rəhmətə gedəndə o Türkiyyədə olmuşdur. 26 ya da 27 avqust tarixində İqlimə xanım qapını döydü. O, özü də təəccübləndi ki, nə səbəbə gəlib. Həmin ərəfədə təzə sağalmışdılar deyə, onun xəstələnməsindən qorxdu, dedi içəri keçməyin. Nə olduğunu soruşduqda, təcili tibbi yardım çağırdığını, lakin gəlmədiyini, özünü pis hiss etdiyini dedi. O, TƏBİB-ə zəng edəcəyini dedi. Düşündü ki, nə əcəb Hicran xanım yoxdur ki, İqlimə xanım onlara gəlib. Sonra gedib baxdı ki, Hicran xanım xəstələnib, yatır. Axşam evə qayıdanda İqlimə xanımın qapısını açıq görüb içəri girdi. Təcili yardım gəlmişdi, ev isə çox soyuq idi. Səhər ona zəng edərək cavabın nə zaman çıxacağını və 5 manat kontur yükləyə biləcəyini soruşdu. Səhər zəng edərək covid olduğunu dedi və tibb bacısı göndərməyini istədi. O, qohumlarının harada olduğunu soruşduqda rayonda olduqlarını, ayın 5-i gələcəklərini dedi. Sonra zəng edərək tibb bacısının gəldiyini, ehtiyac olmadığını dedi. 12-si qayıdan zaman qardaşı İqlimə xanımın coviddən xəstəxanada vəfat etdiyini demişdi. İqlimə xanımın çox çətin xasiyyəti var idi. Onlar evdə hamamı təmir etmək istəyirdi, qardaşından İcra Hakimiyyətinə şikayət etmişdi. Qonşunun evinə su axırdı. İqlimə xanımın evindən idi. İqlimə xanım evə ustanı buraxmırdı ki, suyun hardan axdığını öyrənsinlər. Hicran xanım onu razı salmağa çalışırdı ki, ustalar yoxlasın. Nə zaman baxırdın Hicran xanım əlində paket daşıyırdı. Nə aldığını deyəndə, İqlimə xanıma ya Valentina xanıma dərman aldığını deyirdi. Ərzaqların ya dərmanın kimin pulu ilə alındığını bilməmişdir. Aralarında müqavilə olmağından xəbəri olmayıb. Qardaşı danışıb qohumu gəlib qapını aça bilməyib, sonra Hicran xanım açmaq istəyib amma içəridən bağlı imiş. Axırda qapını FHN əməkdaşları açıb. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X18 bildirmişdir ki, 5-6 il olar, həmin binada xadimə işləyir. Səhərdən uzağı 1-ə qədər orada olurdu. Hicran xanım həmişə İqlimə xanıma qulluq edib, ərzaq alıb. Hər gün səhər binanın yanında 3-4 market var, oradan gedib ərzaq alırdı. Xəstələnən zaman 1 həftə yarım-10 gün olar Hicran xanım ona pul verib, o alıb gətirib qapısına qoyurdu. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X32 bildirmişdir ki, 1986-cı ildən orada yaşayır. İqlimə xanım 15-16 il olar ki, orada yaşayır. Hicran xanım İqlimə xanıma daima baxıb, dəstək olub, hətta vəkillik də edirdi. Aynurə xanımla İqlimə xanımın evindən mənzilinə su axırdı, hansından olduğunu bilmirdi. İqlimə xanımın evinə girmək istəyirdi, Hicran xanımı çağırdı. Hicran xanım ona vəkillik edirdi. İqlimə xanım tək qadın idi, heç kəslə də əlaqə qurmurdu. Hicran xanımla dil tapmışdılar. Hicran xanım bütün qonşulara kömək etməyə qadir olan insandır. Uşaqları balaca olanda ona ümid edib gedirdi. İqlimə xanımla onu haradansa qol-qola gələndə görürdü. Səhər tezdən Hicran xanımın əlində paketlərlə gəlirdi. O özü səhər işə gedib, axşam gəlir. Çox vaxt nəvələrinin yanında qalır. İqlimə xanımın xəstə olmağını sonradan eşitmişdir. Covid olub, təcili tibbi yardım gəlibaparıb. Kamran və Bəxtiyar adlı şəxləri tanımır. O, ümumiyyətlə İqlimə xanımla söhbət etməmişdir. Aralarında müqavilənin olmasından xəbərdar olmamışdır. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X15 bildirmişdir ki, İqlimə xanım ikinci mərtəbədə yaşayırdı, o isə üçüncü mərtəbədə yaşayır. O orada 11 ildir ki, yaşayır. Hicran xanım həmişə İqlimə xanımla bir yerdə olurdular. Onu da onunla tanış edib, bizim yeni qonşumuzdur demişdi. İqlimə xanım çox baxımlı bir qadın idi. Hicran xanım həmişə ona köməklik göstərirdi. Hətta ona da deyirdi ki, o onsuz İqlimə xanım üçün pensiyanı götürməyə gedir, istəyirsə onun üçün də götürə bilər. Düşünürdü ki, bəlkə də qohumdurlar. Onların münasibəti barədə əlavə heç bir sual verməmişdir. Bəzən gecə vaxtlarında belə, ona dərman lazım olanda Hicran xanımla əlaqə saxlayanda, İqlimə xanımın yanında olduğunu deyirdi. Onlar eyni həyətdə qalırlar, o, 11 il ərzində bir dəfə belə görməyib ki, İqlimə xanımın evinə kimsə gəlsin. Belə bir halın heç vaxt şahidi olmamışdır. Birinci instansiya məhkəməsində dindirilmiş X10 bildirmişdir ki, təlimata əsasən mülkiyyət hüququnu təsdiq edən sənədi tələb etməli deyillər. Ola bilsin ki, imza çəkmək xanımın yadından çıxıb. Öz xətti ilə yazıb, reyestrdə imzası var. Vəsiyətnamədə imza olmamasını mübahisələndirmək düzgün deyil. Vəsiyətnamə xanımın özü tərəfindən tərtib olunduğu üçün, özü öz xətti ilə yazdığından şahidsiz təsdiq edirlər. Öz xətti ilə yaza bilmədikdə, hər hansı texniki vasitə ilə tətbiq olunduqda 2 şahid olur. Azərbaycan Respublikası Mülki Məcəllənin 864-cü maddəsinə əsasən renta müqaviləsinə görə bir tərəf (renta alan) əmlakı digər tərəfin (renta ödəyicisinin) mülkiyyətinə verir, renta ödəyicisi isə alınmış əmlakın müqabilində renta alana vaxtaşırı müəyyən pul məbləği şəklində renta ödəməyi öhdəsinə götürür. Renta müqaviləsinə görə rentanı müddətsiz ödəmək (daimi renta) və ya renta alanın ömrü boyu ödəmək (ömürlük renta) vəzifəsinin müəyyənləşdirilməsinə yol verilir. Həmin Məcəllənin 879-cu maddəsinə əsasən renta ödəyicisi ömürlük renta müqaviləsini əhəmiyyətli dərəcədə pozduqda renta alan renta ödəyicisindən rentanı satın almağı və ya müqaviləni ləğv etməyi və zərərin əvəzini ödəməyi tələb edə bilər. Əgər ömürlük renta ödənilməsi üçün mənzil, yaşayış evi və ya başqa əmlak pulsuz özgəninkiləşdirilmişdirsə, renta ödəyicisi müqaviləni əhəmiyyətli dərəcədə pozduqda renta alan həmin əmlakın qaytarılmasını və onun dəyərinin rentanın satınalma qiyməti ilə əvəzləşdirilməsini tələb edə bilər. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 1166-ci maddəsinə əsasən fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər. Həmin Məcəllənin 1179.1-ci maddəsinə əsasən vəsiyyətnamə yazılı formada tərtib edilməlidir. Həm də notariat formasında və ya bunsuz yazılı vəsiyyətnaməyə yol verilir. Həmin Məcəllənin 1179.2-ci maddəsinə əsasən notariat forması tələb edir ki, vəsiyyətnaməni vəsiyyət edən tərtib etsin və imzalasın, notarius, notariusun olmadığı yerlərdə isə müvafiq icra hakimiyyəti orqanları təsdiqləsin. Həmin Məcəllənin 1182-ci maddəsinə əsasən əgər vəsiyyət edən hər hansı səbəbdən vəsiyyətnaməni özü imzalaya bilmirsə, onun xahişi ilə başqa fiziki şəxs imzalaya bilər. Bu zaman vəsiyyət edənin hansı səbəbdən vəsiyyətnaməni imzalaya bilmədiyi göstərilməlidir. Həmin Məcəllənin 1224-cü maddəsinə əsasən vəsiyyət edilmiş əmlak vəsiyyət edənin sağlığında itirildikdə və ya onun tərəfindən özgəninkiləşdirildikdə vəsiyyətnamənin qüvvədən düşmüş sayılır. Bakı şəhəri 46 saylı Notariat ofisinin notariusu Tamilla Kərimova tərəfindən vəkil sorğusuna verilmiş cavab məktubunda qeyd olunmuşdur ki, 20 aprel 2016-cı il tarixində Bakı şəhəri 46 saylı notariat ofisində 2V-32 reyestr nömrəsi ilə təsdiq edilmiş vəsiyyətnamə ilə X2 Kamran Bəxtiyar oğluna ünvan 6 ünvanında yerləşən mənzili vəsiyyət etmişdir. ....İddiaçı mirasın qəbulu barədə ərizəsi tərtib edilərkən miras əmlak ünvan 6 əvəzinə texniki səhv nəticəsində Bakı şəhəri, Səbail rayonu, Şövkət Ələkbərova küçəsi, ev 9, mənzil 17 qeyd edlmişdir. Daha sonra məktubda qeyd olunmuşdur ki, sözügedən vəsiyyətnamədə göstərilən əmlak Bakı şəhəri, Səbail rayonu, Şövkət Ələkbərova küçəsi, ev 9 ünvanında yerləşən 16 saylı mənzildir. Həmçinin, məktubda qeyd olunmuşdur ki, vəsiyyətnamədə göstərilən ünvan 6 ünvanında yerləşən mənzilə dair mülkiyyət hüququnu təsdiq edən sənəd və eləcə də vəsiyyətnamədə göstərilən miras əmlaka ölən günədək vəsiyyət edənin mülkiyyətində olması barədə arayış təqdim edildiyi halda İddiaçı Bakı şəhəri, Səbail rayonu, Şövkət Ələkbərova küçəsi, ev 9 ünvanında yerləşən 16 saylı mənzilə dair vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilə bilər. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, yalnız Bakı şəhəri, Səbail rayonu, Şövkət Ələkbərova küçəsi, ev 9, mənzil 17 mülkiyyət hüququ üzrə X6 adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı halda o, mülkiyyət hüququ üzrə ona məxsus olmayan ünvan 6-nı 2017-ci ildə iddiaçıya vəsiyyət etmişdir. Hazırda isə iddiaçı mərhum İ.Feyzullayeva ilə cavabdeh arasında Bakı şəhəri, Səbail rayonu, Şövkət Ələkbərova küçəsi, ev 9, mənzil 17-yə dair renta müqaviləsinin ləğvini xahiş edir. Digər tərəfdən iş materialları ilə müəyyən olunur ki, ünvan 10 ünvanı bölündüyü üçün İ.Feyzullayevaya məxsus mənzil sahəsinə Bakı Şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən verilmiş 18/03 8/3757 saylı, xx.xx.2006-cı il tarixli ünvan arayışına əsasən ünvan 12si təyin edilmişdir. Həmçinin, iş materialları ilə müəyyən olunur ki, Bakı şəhəri, Səbail rayonu, Ş.Ələkbərova küçəsi, ev 9, 16 saylı mənzil X4 mülkiyyətindədir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, iddiaçı mübahisələndirdiyi mənzilə (müqaviləyə) aidiyyəti müəyyən olunmadığından onun hazırki tələbi irəli sürməyə subyektiv hüququ yoxdur. Belə ki, məhkəmə müdafiəsi hüququ öz təbiəti etibarı ilə mütləq hüquq olmayıb müəyyən şərtlərin mövcudluğunda konkret məhdudiyyətlərə məruz qala bilər və yalnız qanunla qorunan pozulmuş və ya barəsində mübahisə edilən hüquq və azadlıqları məhkəmə vasitəsi ilə həyata keçirilməsini nəzərdə tutur. Bu mənada hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə alınmalıdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərini məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüququa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır. Qeyd olunan məsələ ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqelərə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məcəllənin 77-ci və 217.4-cü maddələrinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi və ya dəyişdirilməsi üçün əsas təşkil etmir. Xüsusi ilə nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti verərkən iddiaçının ödədiyi dövlət rüsumu onun özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-204/2022 saylı, 30 mart 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumu onu ödəyən şəxsin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Fuad Babayev Hakimlər: Şərafət Məmmədova Rafael Eyvazov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar