Məhkəmə qərarları › İş №2(103)-404/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-404/2021

26.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-404/2021 26.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Səmədov Tofiq Səməd oğlunun və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Məmmədova Nigar Kərəm qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh2, QSC “xxxx” KB-nin nümayəndəsi X6, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Cavabdeh3 nümayəndəsi X2 iştirakları ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-7693/2017 saylı, 28 noyabr 2017ci il tarixli qətnaməsindən LPO QSC “xxxx” KB tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “etibarnamələrin və müqavilələrin etibarsız hesab edilməsi, çıxarışların ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 tərəfindən etibarnamə əsasında X8 rayonu 1 saylı notariat kontorunda verdiyi 11764, 11765, 11766, 11763 reyestr nömrəsi ilə qeydə alınmış etibarnamələrin etibarsız hesab edilməsi, etibarnamə əsasında 17.09.2014-cü il tarixdə «xxxx» QSC ilə İddiaçı adından etibarnamə əsasında çıxış edən Cavabdeh1 ilə bağlanmış 100/00/77836/14 nömrəli ipoteka müqaviləsinin etibarsız hesab edilməsi, həmin ipoteka müqaviləsi əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsi tərəfindən «xxxx» QSC-nin xeyrinə yüklü edilməsinə dair Dövlət reyestrində 31 nömrəli reyestr kitabının, 53 nömrəli vərəqində qeydiyyatının ləğv olunması və onun əsasında verilmiş 18.10.2014-cü il tarixli, ******* nömrəli Dövlət reyestrində 30 nömrəli reyestr kitabının, 89 nömrəli vərəqində qeydiyyatının ləğv olunması və onun əsasında verilmiş 18.10.2014-cü il tarixli ******* nömrəli, Dövlət reyestrində 30 nömrəli reyestr kitabının, 54 nömrəli vərəqində qeydiyyatının ləğv olunması və onun əsasında verilmiş 18.10.2014-cü il tarixli, ******* nömrəli, Dövlət reyestrində 30 nömrəli reyestr kitabının, 90 nömrəli vərəqində qeydiyyatının ləğv olunması və onun əsasında verilmiş 18.10.2014-cü il tarixli, ******* nömrəli çıxarışların ləğv olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinin 2(004)- 7693/17 saylı, 28 noyabr 2017ci il tarixli qətnaməsi ilə iddia tələbləri təmin edilib Cavabdeh2 tərəfindən etibarnamə əsasında İddiaçı adından 02.08.2014-cü il tarixdə Kriman X8 rayonu 1 saylı notariat kontorunda verdiyi 11764, 11765, 11766, 11763 reyestr nömrəsi ilə qeydə alınmış etibarnamələrinin etibarsız hesab edilməsi, 17.09.2014-cü il tarixdə “xxxx” QSC ilə İddiaçı adından etibarnamə əsasında çıxış edən Cavabdeh1 ilə bağlanmış 100/00/77836/14 nömrəli ipoteka müqaviləsinin etibarsız hesab edilməsi, qeyd edilən ipoteka müqaviləsi əsasında Azərbaycan Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı ərazi idarəsi tərəfindən “xxxx” QSC xeyrinə yüklü edilməsinə dair Dövlət reyestrinin 31 nömrəli reyestr kitabının 53 nömrəli vərəqində 18.10.2014-cü il tarixdə qeydə alınmaqla verilmiş ******* nömrəli, 30 nömrəli reyestr kitabının 89 nömrəli vərəqində qeydə alınmaqla verilmiş ******* nömrəli, 31 nömrəli reyestr kitabının, 54 nömrəli vərəqində qeydə alınmaqla verilmiş ******* nömrəli, 30 nömrəli reyestr kitabının 90 nömrəli vərəqində qeydə alınmaqla verilmiş ******* nömrəli çıxarışların ləğv olunması qət edilmişdir. Qətnamədən “xxxx” KB apellyasiya şikayəti vermişdir. “xxxx” KB apellyasiya şikayətində rayon məhkəməsi tərəfindən qətnamə qəbul olunarkən maddi və prosessual hüquq normalarının pozulduğu, işin faktiki hallarına düzgün qiymət verilmədiyi və bu səbəbdən də düzgün olmayan qətnamənin qəbul olunduğu göstərilməklə qətnamənin ləğv olunması və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş olunmuşdur. LPO “xxxx” KB tərəfindən verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2627/18 saylı, 06 mart 2018-ci il tarixli qətnaməsi ilə, Bakı şəhəri, Yasamal rayon məhkəməsinin 28 noyabr 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasının 10 oktyabr 2018-ci il tarixli qərarı ilə LPO “xxxx” KB-nin kassasiya şikayəti qismən təmin edilərək Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının bu iş üzrə olan 06 mart 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, işə yenidən apellyasiya qaydasında baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 10 yanvar 2019-cu il tarixli qətnaməsi ilə QSC “xxxx” KB-nin apellyasiya şikayəti qismən təmin edilərək Bakı şəhəri Yasamal rayon məhkəməsinin 28 noyabr 2017-ci il tarixli, qətnaməsi “Cavabdeh2 tərəfindən etibarnamə əsasında İddiaçı adından 02 avqust 2014-cu il tarixdə Kriman X8 rayonu 1 saylı notariat kontorunda verdiyi 11764, 11765, 11766, 11763 reyestr nömrəsi ilə qeydə alınmış etibarnamələrin etibarsız hesab edilməsi’’ hissədə ləğv edilmiş və İddiaçı iddiası həmin hissədə rədd edilmiş, Bakı şəhəri Yasamal rayon məhkəməsinin 28 noyabr 2017-ci il tarixli qətnaməsi qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 10 iyun 2019-cu il tarixli qərarı ilə LPO QSC “xxxx” KB-nin kassasiya şikayəti qismən təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi “İpoteka müqaviləsinin” etibarsızlığı hissədə ləğv edilərək, həmin hissədə iş yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 06 sentyabr 2019-cu il tarixli qətnaməsi ilə LPO QSC “xxxx” KB-nin apellyasiya şikayəti hazırkı apellyasiya baxışının predmetini təşkil edən hissədə təmin edilməmiş, iş üzrə Bakı şəhəri Yasamal rayon məhkəməsinin 28 noyabr 2017-ci il tarixli qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən LPO QSC “xxxx” KB-nin verdiyi kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 24 fevral 2020-ci il tarixli qərarı ilə təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-10730/2019 nömrəli iş üzrə 06 sentyabr 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Tərəflərin izahatı: Məhkəmə kollegiyasının iclasında QSC “xxxx” KB-nin nümayəndəsi T.Quliyev apellyasiya şikayətini müdafiə edərək və şikayətin məzmununa uyğun izahat verərək rayon məhkəməsinin qətnaməsinin hazırda apellyasiya baxışının predmeti olan hissə də də ləğv edilərək həmin hissədə də iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə qəbul olunmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayəti ilə razılaşmayaraq qeyd etdi ki, 17.09.2014-cü il tarixdə «xxxx» QSC ilə İddiaçı adından etibarnamə əsasında çıxış edən Cavabdeh1 arasında bağlanmış 100/00/77836/14 nömrəli ipoteka müqaviləsi görünüş üçün bağlanan əqddir. Belə ki, iddiaçı və R.Abbbasov heç bir-birini tanımırlar, 11.08.2014-cü il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh3 ayrılmış pulu, mülki işdə olan Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı mübarizə Baş İdarəsinin İstintaq İdarəsinin 24.10.2017-ci il tarixli ********* saylı və 29.05.2019-cu il tarixli ********* saylı məktublarından da göründüyü kimi, həmin vaxt bankın idarə heyətinin sədri olmuş Cavabdeh1 əvvəlcədən planlaşdırılmış şəkildə ələ keçirərək talamışdır, bu baxımdan da 11.08.2014-cü il tarixli kredit müqaviləsi heç bir hüquqi öhdəlik doğurmamışyaratmamışdır. Çünki Cavabdeh3 adına müqavilə bağlanarkən həmin pul vəsaitinin bank rəhbərliyinin cinayət xarakterli əməlləri ilə ələ keçirilərək talanacağı əvvəlcədən planlaşdırılmışdır, bankın idarə heyətinin sədri olan Cavabdeh1 həmin ipoteka müqaviləsini bağlamaqda yeganə məqsədi öz cinayət əməllərini pərdələmək və cinayət yolu ilə talamış olduğu pul vəsaitinin zahirən təminatı görüntüsünü yaratmaq olmuşdur. Mülki Məcəllənin 269.5-ci maddəsinə görə girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (xxxx) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur. Belə olan halda, 11.08.2014-cü il tarixdə bağlanmış heç bir mülki-hüquqi öhdəlik yaratmayan müqavilədən, 37 gün sonra 17.09.2014-cü il tarixdə bağlanmış ipoteka müqaviləsi açıq-aşkar uydurma əqddir və bu səbəbdən də əhəmiyyətsiz əqddir. Bankın rəhbər şəxsləri barəsində olan cinayət işi üzrə bank zərərçəkən tanınmışdır ki, bu da öz növbəsində həmin əqdlərin həqiqətən də uydurma əqd olduğunu isbat edir. Bu baxımdan, rayon məhkəməsi ipoteka müqaviləsinin etibarsız hesab edilməsi ilə iş üzrə düzgün nəticəyə gəlmişdir. Bu səbəbdən, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Məhkəmə kolegiyasının iclasında Cavabdeh2 apellyasiya şikayəti ilə razılaşmayaraq qeyd etdi ki, iddiaçının biznesi ilə əlaqədar işləri o həll edir. Onun iddiaçıya məxsus 4 villaya görə etibarnaməni Cavabdeh1 verməkdə məqsədi iddiaçının biznesi üçün iddiaçıya bankdan kredit götürmək olmuşdur. Bankın idarə heyətinin sədri Cavabdeh1 isə onların ümumiyyətlə tanımadıqları şəxsin adına böyük məbləğdə kredit sənədləşdirərək həmin vəsaiti özü ələ keçirərək talamış, bundan iki ay sonra isə onun adından verilmiş etibarnamənin özündə olmasından sui-istifadə edərək, həm də özü üçün uydurma ipoteka müqaviləsi bağlamışdır. Bu səbəbdən, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında üçüncü şəxs Cavabdeh3 nümayəndəsi E.Abbasova qeyd etdi ki, onun oğlu Cavabdeh3 öz yerlilərinin tikinti şirkətində qeyri-rəsmi işləyirdi, həmin şirkətin rəhbərləri ona demişlər ki, bina tikirlər, öz adlarına kredit götürüblər, krediti də ödəyirlər, buna görə də onun adına 5-10 min kredit götürmək istədiklərini bildirmişlər. Elə həmin gün onu “xxxx”-a apararaq bir otaqda sənədlərə imza etdiriblər, o, heç bilməyib nəyə qol çəkir, çevrilib məbləği görəndə dərhal etirazını bildirib, oradan tikintiyə gələrək onu banka göndərənlərə narazılığını bildirib, səhərisi gün saat 10da bank açılan kimi o banka gedərək etirazını bildirmiş və onun imzaladığı sənədlərin təcili şəkildə ləğv edilməsini tələb edərək orada böyük hay-küy salmış, bunu görən bank işçiləri onu sakitləşdirərək, onun hec bir borcunun olmadığını bildirmişlər və ona banka borcu olmaması barədə rəsmi sənəd verimişlər, o da arxayın olub ki, onun adına heç bir borc yoxdur. Bu hadisədən bir il üç ay sonra oğlu kredit götürmək istəyib, bu vaxt ona X3 Kredit Reyestri Xidmətindən bildiriblər ki, onun adına 2.000.000 ABŞ dolları kredit var, həmin kreditin cüzi hissəsi, 66000 ABŞ dolları ödənilib, həmin məbləğin kim tərəfindən ödənildiyini isə bilmir. Yəni, onlar 1 il üç ay sonra bu kredit, zaminlik və ipoteka müavilələrindən xəbər tutublar. Onun oğlu Ruslan nə iddiaçını, nə də Cavabdeh1ı tanımır. Bütün bunlardan sonra o, müxtəlif dövlət orqanlarına baş verənlərlə bağlı şikayətlər yazmışdır. Bu da həmin adamların xoşuna gəlməyib, onu izləyirdilər, maşından düşəndə Ruslanı arxadan vurublar, döyüblər, bu da küçədə olan kameraya düşmüşdü. Ruslanı sonra dostları Türkiyəyə apardılar, o hələ də müalicə olunur. Bütün bu hadisələr nəticəsində onun yoldaşı infark keçirdi, keçən həftə rəhmətə getdi, özünün də ayaqları tutulub. Sonradan onlara məlum olmuşdur ki, bankı rəhbəri kimlərləsə əlbir olub yalandan Ruslanın adına yazdıqları böyük məbləğdə pulu cinayət yolu ilə ələ keçirərək talamışlar. Həmin müqavilə 11 avqust 2014-cü ildə imzalanmış, əslində olmayan öhdəliyə görə ipoteka müqaviləsini isə 37 gün sonra bağlayıblar. Sonra istintaq orqanı oğlu Ruslanı zərərçəkən kimi tanımışdır, həmin qərarı o, götürməyib, lazım olsa götürə bilər, istintaqda bankın özü də zərərçəkən tanınıb, orada Ruslan kimi zərərçəkmiş 40-dan çox adam var, bu səbəbdən, bankın şikayətinin təmin olunmamasını xahiş etdi. Apellyasiya şikayəti ilə bağlı mülki işə məhkəmə kollegiyasında baxılmasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, Cavabdeh1 məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi: İddiaçı 24.12.2013-cü il tarixdə Abşeron rayonu 1 saylı Notariat kontorunda Bakı şəhəri, Yasamal rayonu, Şəhriyar küç. Ev 2 m. 45-də qeydiyyatda olan Cavabdeh2 adına verdiyi 10 il müddətinə etibarlı olması göstərilən etibarnamədən görünür ki, iddiaçı cavabdehə özündə geniş səlahiyyətləri əks etdirən hərəkətləri etməyi etibar etsə də, mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evlərini konkret olaraq göstərməmişdir. Bankın adından verilmiş etibarnamə əsasında çıxış edən İdarə Heyəti sədrinin müavini X1 ilə 02.08.2014-cü il tarixli 7E-11763, 7F-117R4 7F-11766 saylı etibarnamələr əsasında iddiaçının adından çıxış edən Cavabdeh1 şəxsində bağlanmış “İpoteka müqaviləsinə” əsasən (ipoteka saxlayan) Bank ilə (borc alan) iş üzrə üçüncü şəxs olan Cavabdeh3 arasında bağlanmış 11.08.2014-cü il tarixli 100/00/77836/14 nömrəli “Kredit müqaviləsinə” müvafiq olaraq Bank Cavabdeh3 fərdi evin tikintisi və abadlaşdırılması üçün kreditdən istifadəyə görə illik 12 faiz ödənilməsi şərti ilə 36 ay müddətinə 2.000.000 ABŞ dolları məbləğində kredit verir və Cavabdeh3 kreditdən istifadəyə görə faizləri hər ay “Kredit müqaviləsi” və ona edilmiş “Əlavələrdə” müəyyən edilmiş qaydada, Banka ödəyir. “Kredit müqaviləsi” üzrə Cavabdeh3 öhdəliyinin icrasını təmin etmək məqsədilə iş üzrə iddiaçı aşağıdakı əmlakını – yuxarıda qeyd edilən E/2, E/3, E/4, E/6 saylı evləri və onlara aid torpaq sahələrini Bankın xeyrinə ipoteka ilə yüklü edir. DƏDRX-nin 4 saylı Əİ tərəfindən “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən” 18.10.2014-cü il tarixdə verilmiş RX seriyalı ******* saylı, RX seriyalı ******* saylı, RX seriyalı ******* saylı, RX seriyalı ******* saylı “Çıxarışlardan” görünür ki, yuxarıda qeyd edilən evlərin və torpaq sahələrinin Bankın xeyrinə ipoteka ilə yüklülüyü qeydə alınmışdır. Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı mübarizə Baş İdarəsinin İstintaq İdarəsinin rəisi Əli Quliyevin məhkəməyə ünvanladığı 24.10.2017-ci il tarixli ********* saylı məktubundan görünür ki, 15.03.2017-ci il tarixdə QSC “xxxx” KB-nin vəzifəli şəxsləri, həmçinin qeyd edilən bankda adlarına müqavilələri rəsmiləşdirilmiş borcalanlar tərəfindən qeyd edilən banka vurulmuş külli miqdarda ziyan faktına görə Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.4, 179.3.2, 193-1.3.2 və 308.2-ci maddələri ilə ********* saylı cinayət işindən ********* saylı cinayət işi ayrılaraq icraata qəbul edilməklə istintaq aparılmışdır. Aparılmış istintaq zamanı 28.09.2016-cı il tarixdə QSC “xxxx” KB-nin idarə heyyətinin sədri işləmiş Cavabdeh1 Azərbaycan Respublikası CM-nin 308.2-ci maddələri 41 epizod üzrə cəmi 114.757.155,76 manat ziyan vurulması aşkar edilməklə təqsirləndirilən şəxs qismində cəlb edilməsinə dair qərar qəbul edilmiş, lakin istintaqdan gizləndiyinə görə həmin ittihamı ona elan etmək mümkün olmamış və həmin tarixdə barəsində axtarış elan olunmuş, Binəqədi Rayon Məhkəməsinin 05.10.2016-cı il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilmiş, eyni zamanda Cavabdeh1 barəsində interterpol xətti ilə axtarış elan edilmişdir. Qeyd edilən 41 epizoddan biri isə məhz sorğu edilən əmlaklarla bağlı olmuşdur. Belə ki, Cavabdeh1 göstərilən vəzifədə işləyərkən öz qulluq mövqeyindən istifadə edərək təkrarən eyni məqsədlə, 12.08.2014-cü il saylı əmri ilə 11.08.2014-cü il tarixli 100/00/77836/14 saylı müqavilə əsasında “fərdi evinin tikintisi və abadlaşdırılması üçün” 36 ay müddətinə Cavabdeh3 adına ayrılmış 2.000.000 ABŞ dolları (həmin dövrün məzənnəsi ilə 1.568 600 manat) məbləğində kredit vəsaiti üzrə, şəxsən özü zamin kimi çıxış etməklə ona təqdim edilmiş Abşeron rayonu, Saray qəsəbəsi «Villa Badam» yaşayış kompleksindəki E2, E3, E4 və E6 saylı fərdi yaşayış evlərini girov kimi təqdim edərək müqavilədə nəzərdə tutulan müddətdə cüzi ödənişlər aparıb, Cavabdeh3 adına ayrılmış qeyd olunan pul vəsaitini, yəni 2.000.000 ABŞ dollarını Cavabdeh3 məlumatı olmadan nağd qaydada məxaric orderləri əsasında çıxararaq ona etibar edilmiş külli miqdarda özgə əmlakını qulluq mövqeyindən istifadə etməklə mənimsəyərək təkrarən talamışdır (1-ci cild, i/v 86-87). Eyni məzmunlu 29.05.2019-cu il tarixli ********* saylı məktub Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı mübarizə Baş İdarəsinin İstintaq İdarəsinin rəisi Nemət Əvəzov tərəfindən Ali Məhkəməyə də göndərilmişdir ki, həmin məktubda qeyd edilir ki, da Cavabdeh3 adına ayrılmış qeyd olunan pul vəsaitini, yəni 2.000.000 ABŞ dollarını Cavabdeh1 Cavabdeh3 məlumatı olmadan nağd qaydada məxaric orderləri əsasında çıxararaq ona etibar edilmiş külli miqdarda özgə əmlakını qulluq mövqeyindən istifadə etməklə mənimsəyərək təkrarən talamışdır (1-ci cild, i/v 290- 291). Mülki işdə olan QSC “xxxx” KB-nin X5 ünvanladığı 12.08.2014-cü il tarixli, 14/5407 saylı məktubdan görünür ki, 11.08.2014-cü il tarixli, kredit müqaviləsinin 100/00/77836/14 № li kredit müqaviləsi üzrə öhdəliklərin verilməsi müqaviləsinə əsasən borcluya qarşı tələb hüququnun saxlanılmasını nəzərə alaraq, Bankın sizə qarşı heç bir iddia tələbi yoxdur və gələcəkdə də olmayacaq (1-ci cild, i/v 243). Hüquqi dəyərləndirmə: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hazırkı iş üzrə qəbul etdiyi 10 yanvar 2019-cu il tarixli qətnaməsinin bir hissəsinin Azərbaycan Respublikası Ali Məhkəməsinin 10 iyun 2019-cu il tarixli qərarı ilə qüvvədə saxlanılması nəzərə alınaraq qətnamənin həmin hissələri, yəni İddiaçı adından 02.08.2014-cu il tarixdə cavabdeh Kriman X8 rayonu 1 saylı notariat kontorunda verdiyi 11764, 11765, 11766, 11763 reyestr nömrəsi ilə qeydə alınmış etibarnamələrin etibarsız hesab edilməsinin rədd olunması hissəsi hazırkı apellyasiya baxışının predmetini təşkil etmir. Hazırkı halda məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini LPO “xxxx” KB-nin apellyasiya şikayətinə münasibətdə apellyasiya baxışının predmeti olan hissədə, yəni “ipoteka müqaviləsinin etibarsız hesab edilməsi hissəsində” tam yoxlayır. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, hazırkı halda işə dördüncü dəfə apellyasiya qaydasında baxılır və bu zaman apellyasiya instansiyası məhkəməsinin iş üzrə əvvəlki qətnamələrini ləğv etmiş kassasiya məhkəməsinin mövqeyi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin tələbinə görə kasassiya qaydasında işə baxan məhkəmənin qərarında şərh olunan göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsi”nə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28.02.2012-ci il tarixli Qərarında da müəyyən edilmişdir ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsində təsbit edilmiş kassasiya instansiya məhkəməsinin göstərişləri həmin Məcəllənin 416, habelə 407.1.4, 407.2 və 408.1.5-ci maddələrində nəzərdə tutulmuş qanuni hədlər daxilində olduqda və həmin Məcəllənin 419.2.9-cu maddəsinin tələbinə uyğun əsaslandırıldıqda, işə yenidən baxan apellyasiya instansiya məhkəməsi üçün məcburidir. Məhkəmə Kollegiyası hazırkı mülki işlə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının Qərarında qeyd edilmiş göstərişlər Konstitusiya Məhkəməsinin qeyd edilən Qərarında nəzərdə tutulmuş “qanuni hədlər daxilində” olduğundan, həmin göstərişlərlə razılaşaraq onları nəzərə alır. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti apellyasiya baxışının predmeti olan hissədə əsassız olduğundan təmin edilməməli və qətnamə həmin hissədə dəyişdirilmədən saxlanılmalıdır. Hazırkı işin halları ilə müəyyən olunmuşdur ki, İddiaçı Cavabdeh2 24.12.2013-cü il tarixdə müəyyən səlahiyyətləri özündə əks etdirən etibarnamə vermiş və orada iddiaçı özünə məxsus hansı əmlakların mövcudluğu sadalamamışdır. Cavabdeh2 02.08.2014-cu il tarixdə Abşeron rayonu 1 saylı Notariat Kontorunda Cavabdeh1 etibarnamə vermiş və Cavabdeh1 etibarnamə əsasında özünün rəhbər olduğu Bankda 17.09.2014-cü il tarixdə iddiaçının adından mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsi, “Villa Badam” yaşayış kompleksində olan E2, E3, E4 və E6 nömrəli fərdi yaşayış evlərini özünün müavini X1 ilə ipoteka müqaviləsi bağlayaraq iddiaçının tanımadığı Cavabdeh3 Bankla bağladığı 11.08.2014-cü il tarixdə 100/00/77836/14 nömrəli 36 ay müddətinə, illik 12 faizlə məbləği 2.000.000 ABŞ dolları olan “Kredit müqaviləsi” üzrə Cavabdeh3 öhdəliklərinin icrasının təminatı kimi ipoteka ilə yüklü etmişdir. Hazırkı iş üzrə, apellyasiya məhkəməsinin 06 sentyabr 2019-cu il tarixli qətnaməsini ləğv etmiş Ali Məhkəmə 24 fevral 2020-ci il tarixli qərarında aşağıdakıları qeyd etmişdir. Mülki işdəki 17.09.2014-cü il tarixli 100/00/77836/14 № li ipoteka müqaviləsi bankla Cavabdeh3 arasında 11.08.2014-cü il tarixdə bağlanmış kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təmin edilməsi üçün bağlanmışdır. Kredit müqaviləsi üzrə borc alan kimi Cavabdeh3 çıxış etmişdir. İş materiallarında kredit müqaviləsi olmadığına görə bankın təmsilçisi kimi həmin müqavilənin Cavabdeh1, yaxud başqa şəxs tərəfindən imzalanması müəyyən deyildir. Məhkəmə kollegiyası Ali Məhkəmənin həmin göstərişi ilə bağlı iddiaçı “xxxx” QSC-nin cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Əlİddiaçı qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi və s.” tələbinə dair 2(009)-31/2020 saylı mülki işi Səbail Rayon Məhkəməsindən tələb edilərək öyrənilmişdir. Həmin mülki işdə olan 11.08.2014-cü il tarixli kredit müqaviləsinin əslindən görünür ki, müqaviləni “xxxx” qismində QSC “xxxx” KB-nin İdarə Heyətinin sədri Cavabdeh1 Eldaroviç, “borcalan” qismində isə Cavabdeh3 imzalamışdır (2(009)-31/2020 saylı mülki iş, i/v 10-11). Ali Məhkəmə, həmçinin qeyd etmişdir ki, Cavabdeh1 İddiaçı nümayəndəsi kimi 17.09.2014-cü il tarixli ipoteka müqaviləsi bağlayarkən, İdarə Heyətinin sədri olduğu ipoteka saxlayan QSC “xxxx” KB-nın mənafeyini deyil, öz maraqlarından çıxış etmiş, 11.08.2014-cü il tarixli kredit müqaviləsi üzrə Cavabdeh3 adına bankdan götürdüyü ******* ABŞ dolları məbləğində kreditin təminatı kimi işgüzar münasibətlərdə olduğu İddiaçı əmlakını ipoteka ilə yüklü etmişdir. Apellyasiya instansiyası məhkəməsi işin nəticəsi üçün mühüm əhəmiyyət kəsb edən həmin halı, yəni 2 milyon ABŞ dolları məbləğində pulun bankdan kimin tərəfindən götürüldüyünü də müəyyən etməmişdir. Bununla bağlı isə Kollegiya qeyd edir ki, mülki iş materiallarında Azərbaycan Respublikası Prokurorluğunun Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsindən daxil olmuş 24.10.2017-ci il tarixli (1-ci cild, i/v 86-87) və 29.05.2019-cu il tarixli (1-ci cild, i/v 290-291) eyniməzmunlu məktublardan görünür ki, ...Cavabdeh1 göstərilən vəzifədə işləyərkən öz qulluq mövqeyindən istifadə edərək təkrarən eyni məqsədlə, 12.08.2014-cü il tarixli 1602 saylı əmri ilə 11.08.2014-cü il tarixli 100/00/77836/14 saylı müqavilə əsasında “fərdi evin tikintisi və abadlaşdırılması üçün” 36 ay müddətinə Cavabdeh3 adına ayrılmış 2.000.000 ABŞ dolları (həmin dövrün məzənnəsi ilə ******* manat) məbləğində kredit vəsaiti üzrə, şəxsən özü zamin kimi çıxış etməklə Cavabdeh3 məxsus olmayan Abşeron rayonu. Saray qəsəbəsi “Villa Badam” yaşayış kompleksindəki E2, E3, E4 və E6 saylı fərdi yaşayış evlərini girov kimi təqdim edərək müqavilədə nəzərdə tutulan müddətdə cüzi ödənişlər aparıb, Cavabdeh3 adına ayrılmış qeyd olunan pul vəsaitini, yəni 2.000.000 ABŞ dollarını Cavabdeh3 məlumatı olmadan nağd qaydada məxaric orderləri əsasında çıxararaq ona etibar edilmiş külli miqdarda özgə əmlakını qulluq mövqeyindən istifadə etməklə mənimsəyərək təkrarən talamışdır. Həmin məktubdan da pul vəsaitinin, yəni 2.000.000 ABŞ dollarının Cavabdeh1 tərəfindən çıxarıldığı müəyyən edilir. Ali Məhkəmə həmin qərarında, həmçinin, İddiaçı nümayəndəsi kimi 17.09.2014- cü il tarixli ipoteka müqaviləsi bağlayan zaman Cavabdeh1 İdarə Heyətinin sədri olduğu, ipoteka müqaviləsində 2-ci tərəf kimi iştirak edən bankın maraqlarından çıxış etməsi, bank üçün müqavilə bağlaması qənaətinə gələrkən yuxarıda göstərilən hallara hüquqi qiymət vermədiyini qeyd etmişdir. Kollegiya bununla bağlı isə qeyd edir ki, işə apellyasiya qayasında baxılarkən QSC “xxxx” KB-nin nümayəndəsi T.Quliyev də təsdiq etmişdir ki, ipoteka müqaviləsinin bağlandığı 17.09.2014-cü il tarixdə Cavabdeh1 həmin bankın idarə heyətinin sədri vəzfəsində çalışmışdır. Beləliklə, Kollegiyanın araşdırmaları nəticəsində müəyyən edilmişdir ki, 11.08.2014cü il tarixli müqavilə əsasında “fərdi evinin tikintisi və abadlaşdırılması üçün” 36 ay müddətinə Cavabdeh3 adına ayrılmış 2.000.000 ABŞ məbləğində kredit vəsaitini Cavabdeh1 şəxsən özü zamin kimi çıxış etməklə Cavabdeh3 adına ayrılmış pul vəsaitini, yəni 2.000.000 ABŞ dollarını Cavabdeh3 məlumatı olmadan nağd qaydada məxaric orderləri əsasında çıxararaq talamışdır və həmin vaxt o, bankın idarə heyətinin sədri olmuşdur. Bu halı, Azərbaycan Respublikası Prokurorluğunun Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsindən daxil olmuş 24.10.2017-ci il tarixli (1-ci cild, i/v 86-87) və 29.05.2019-cu il tarixli (1-ci cild, i/v 290-291) eyniməzmunlu məktublar da təsdiq edir. Bundan əlavə, 11.08.2014-cü il tarixli kredit müqaviləsininin bağlandığının səhərisi günü, QSC “xxxx” KB tərəfindən X5 ünvanlanmış 12.08.2014-cü il tarixli, 14/5407 saylı rəsmi məktubda da 11.08.2014-cü il tarixli, kredit müqaviləsinin 100/00/77836/14 № li kredit müqaviləsi üzrə öhdəliklərin verilməsi müqaviləsinə əsasən borcluya qarşı tələb hüququnun saxlanılmasını nəzərə alaraq, bankın ona qarşı heç bir iddia tələbinin olmadığı və gələcəkdə də olmayacağı göstərilmişdir. Həmin müqavilənin bağlandığı 11.08.2014-cü il tarixdən, 37 gün sonra, yəni 17.09.2014-cü il tarixli 100/00/77836/14 № li ipoteka müqaviləsi bankla Cavabdeh3 arasında 11.08.2014-cü il tarixdə bağlanmış kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təmin edilməsi üçün bağlanmışdır. Həmin vaxt bankın idarə heyətinin sədri olan Cavabdeh1 11.08.2014-cü il tarixdə Cavabdeh3la bağlanmış müqavilədə göstərilən 2.000.000 ABŞ dolları məbləğində pul vəsaitini bankdan özü məxaric edərək talamışdır. Belə olan halda, yəni əslində mövcud olmayan öhdəliyə görə həmin müqavilənin bağlanmasından 37 gün sonra, yəni 17.09.2014-cü il tarixdə Cavabdeh1 iddiaçıya məxsus əmlakları dair özündə olan etibarnamələrdən istifadə etməklə rəsmi rəhbəri olduğu bankın xeyrinə ipoteka ilə yüklü etmişdir. Məhkəmə kollegiyası iddiaçının vəkilinin həmin vaxt bankın idarə heyətinin sədri Cavabdeh1 11.08.2014-cü il tarixdə Cavabdeh3la bağlanmış müqavilədə göstərilən 2.000.000 ABŞ dolları məbləğində pul vəsaitini bankdan özü məxaric edərək talaması, həmin müqavilənin hər hansı mülki-hüquqi öhdəlik yaratmadığını, həmin pul vəsaitinin Cavabdeh1 tərəfindən talanmasından tam 37 gün sonra bağlanmış ipoteka müqaviləsinin, məhz həmin pul vəsaitinin ələ keçirilərək talanmasını pərdələmək məqsədi ilə və yalnız görünüş üçün bağlanmasına dair bildirdiklərinin işin müəyyən olunmuş hallarına uyğun olması səbəbindən əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.5-ci maddəsinə əsasən, girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (xxxx) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur. Bununla da müəyyən olunur ki, ipoteka girov qoyanın (borclunun) girov saxlayan (xxxx) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququ olduğundan, 11.08.2014-cü il tarixdəki heç bir mülki-hüquqi öhdəlik yaratmayan müqavilənin (əsas öhdəliyin) təminatı kimi 37 gün sonra bağlanmış 17.09.2014-cü il tarixli ipoteka müqaviləsi uydurmə əqd olmaqla öz-özlüyündə etibarsız olan əqddir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə görə bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.2-ci maddəsinə görə əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Məcəllənin 337.3 və 337.4-cü maddələrinə görə əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Qanunun tələbinə görə,uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir, uydurma əqd əhəmiyyətsizdir (madddə, 340.1.). Beləliklə, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, rayon məhkəməsi 17.09.2014cü il tarixdə QSC “xxxx” KB ilə İddiaçı adından etibarnamə əsasında çıxış edən Cavabdeh1 Eldaroviçlə bağlanmış 100/00/77836/14 № li ipoteka müqaviləsinin etibarsız hesab edilməsi və həmin müqavilə əsasında dövlət reyestrində edilmiş qeydiyyatların və verilmiş çıxarışların ləğv olunması barədə iş üzrə düzgün nəticəyə gəldiyindən, apellyasiya şikayəti təmin edilə bilməz. MPM-nin 14.2-ci maddəsi görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsini əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Nəticə: Göstərilənlərə əsasən, Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi “ipoteka müqaviləsinin etibarsız hesab edilməsi hissəsində” iş üzrə düzgün hüquqi nəticəyə gələrək, iddianı təmin etməkdə haqlı olmuş, qətnamə qanuni və əsaslı, apellyasiya şikayətinin dəlilləri isə əsassız olmaqla, həmin hissədə qətnamənin ləğvinə səbəb olmadığından şikayət təmin edilməməli və qətnamə “ipoteka müqaviləsinin etibarsız hesab edilməsi hissəsində” dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunmadığından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən onun verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu şikayəti vermiş QSC “xxxx” KB-nin özünə aid edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 393 , 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, QƏT ETDİ: QSC “xxxx” KB tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-7693/2017 saylı, 28 noyabr 2017ci il tarixli qətnaməsi onun apellyasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu QSC “xxxx” KB-nin özünə aid edilsin. Qətnamə rəsmən təqdim edildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İkram Şirinov Hakimlər: Tofiq Səmədov Anar Tanrıverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar