Məhkəmə qərarları › İş №2(103)-4041/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4041/2023

04.11.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4041/2023 04.11.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə (Açar sözlər: uşaq tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər İsgəndərov Akif Əsgər oğlu (sədrlik edən və məruzəçi), Sadıqov Vahid Nəriman oğlundan və X1 ibarət tərkibdə, Məmmədova Səyalı Əziz qızının katibliyi, İddiaçı, onun nümayəndəsi (vəkili) Nümayəndə, Cavabdeh və onun nümayəndəsi (vəkili) X2 iştirakları ilə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 05 aprel 2023-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 04 noyabr 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. İddiaçı ilə cavabdeh (qarşılıqlı iddiaçı) Cavabdeh xx.xx.2014-cü il tarixdə rəsmi nikaha daxil olmuş, həmin nikahdan 25.05. 2015-ci il təvəllüdlü Aysel, xx.xx.2018-ci il təvəllüdlü Atilla adlı uşaqları anadan olmuşdur. Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə tərəflər arasındakı nikah pozulmuş, Cavabdeh razılığı nəzərə alınmaqla hər iki uşaq atalarının yanında saxlanılmışdır. Həmin işdə aliment tələbi olmamışdır. Cavabdeh xx.xx.2022-ci il tarixdən "xxxx" MMC-də fəhlə-operator vəzifəsində işləyir və 500 manat əmək haqqı alır.

a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı cavabdeh (qarşılıqlı iddiaçı) Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə mürasiət edərək cavabdehdən uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 193 manat sabit pul məbləğində alimentin alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, cavabdeh övladları ilə maraqlanmır, onların heç bir tələbatını ödəmir. Buna görə də cavabdehdən aliment alınaraq ona ödənilməlidir

4. Cavabdeh qarşılıqlı iddia verərək, uşaqların cavabdehdən alınaraq onun himayəsinə verilməsi və ilkin iddia tələbinə ehtiyac qalmadığından həmin iddianın rədd edilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir.

5. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, nikahları pozulandan indiyə kimi o, övladları ilə görüşməkdən məhrum edilmişdir. Nikahın pozulması zamanı səhhəti ilə əlaqədar məhkəmə proseslərində iştirak etməmişdir. Cavabdeh nikahın pozulmasına dair məhkəməyə müraciət edən zaman heç bir işlə məşğul olmamışdır. Atasının təkidi nəticəsində övladlarının atasının himayəsinə verilməsinə razı olmuş, atasına və cavabdehin ailəsinə bildirmişdir ki, özünə iş tapandan sonra uşaqlarını geri alacaq. Halhazırda işləyir, valideyinləri ilə yaşayır və anası övladlarına baxmağa ən böyük köməkçidir.

6. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 05 aprel 2023-cü il tarixli qətnaməsi ilə (hakim T.Əsədova, iş №2(008)-490/23) ilkin iddia qismən təmin olunmuş, uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2022-ci il tarixdən başlayaraq hər ay hər uşaq üçün 100 manat sabit pul məbləğində alimentin Cavabdeh alınaraq İddiaçı ödənilməsi qət edilmiş, ilk iddia qalan hissədə və qarşılıqlı iddia bütünlüklə rədd olunmuşdur.

7. Məhkəmə öz mövqeyini Ailə Məcəlləsinin 49.2, 49.3, 50.2, 75.1, 78.1, 100.2ci maddələri, X4 və X5 BMT-nin Kovensiyasının 18-ci maddəsinin 1-ci bəndi, BMT-nin «Uşaq hüquqları haqqında» Konvensiyasının 9-cu maddəsinin 3-cü bəndi, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli, № 8-2/2016 Qərarına istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

8. Cavabdeh (qarşılıqlı iddiaçı) apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və qarşılıqlı iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddianın təmini tədbiri olaraq uşaqlarla ananın ünsiyyəti haqqında ərizə təmin edilsə də, uşaqlarla ananın ünsiyyət saxlaması düzgün icra olunmur. Cavabdeh uşaqları müxtəlif bəhanələrlə görüşə gətirmir, gətirdiyi zaman isə ananın uşaqlarla sərbəst ünsiyyət saxlamasına mane olur və Aysellə ananın görüşü zamanı cavabdeh baxışı, əl hərəkətləri ilə uşağa təsir edə bilir. İlk dəfə Aysel anası ilə çox mehriban görüşməsinə baxmayaraq, ikinci dəfə onunla görüşməyə çəkinmişdir və mənim Arzu adında anam var demişdir. Ata qızı Aysellə ananın ünsiyyətinə demək oalr ki, heç cür imkan vermir. Belə olan halda uşaqla ana necə ünsiyyət yarada bilər. Ananın uşaqlarla görüşü zamanı cavabdeh onlarla eyni otaqda olmaqla istədiyi kimi uşaqlara təsir edə bilir. İcracı da ona şərait yardır. Ana uşaqlardan ayrılandan sonra dəfələrlə cavabdehə və onun ailəsinə müraciət edib, amma onlar ananın balaları ilə görüşməsinə imkan verməyiblər. Onu şantaj edərək, fikrindən yayındırmağa çalışıblar. Uşaqlara anası haqqında müxtəlif yalanlar uyduraraq onun yaxşı ana olmadığı fikrini aşılayıblar. Hazırda Zaur faktiki olaraq ailə qurub və uşaqlara öz doğma anası ola-ola ögey ana baxır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

10. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

11. Cavabdeh (qarşılıqlı iddiaçı) və nümayəndəsi məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdilər.

12. İddiaçı və nümayəndəsi apellyasiya şikayətini qəbul etməyərək onun rədd olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər.

Tətbiq edilən hüquq

13. Azərbaycan Respublikası Ailə Məcəlləsi

Maddə 49.2. Hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, uşağın maraqlarına zidd olan hallar istisna olmaqla, onlarla birğə yaşamaq hüququna malikdir. Maddə 49.3. Uşaq öz valideynləri tərəfindən tərbiyə olunmaq, öz maraqlarının təmin olunması, hərtərəfli inkişafı, onun ləyaqətinə hörmət olunması hüququna malikdir. Maddə 50.2. Valideynlərinin nikahının pozulması və ya etibarsız sayılması, valideynlərinin ayrı yaşaması uşağın hüquqlarına təsir etmir. Maddə 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Maddə 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Maddə 99. Ailə üzvləri arasında aliment ödənilməsi barədə saziş olmadıqda, aliment məhkəmə qətnaməsinə əsasən tutulur. Maddə 100.2. Aliment məhkəməyə müraciət edilən vaxtdan tutulur.

14. xx.xx.2021-ci il tarixdə qəbul edilmiş və xx.xx.2022-ci il tarixdə qüvvəyə minmiş «Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanunu

2022-ci il üçün yaşayış minimumu uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir.

Apellyasiya baxışının hədləri

15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

16. Hazırkı apellyasiya şikayətində qətnamə iş üzrə cavabdeh (qarşılıqlı iddiaçı) tərəfindən qarşılıqlı iddianın rədd edilməsi və ilkin iddianın təmin olunan hissəsində mübahisələndirildiyindən, iddiaçı isə apellyasiya şikayəti vermədiyindən qətnamənin əsaslılığı yalnız uşağın ananın himayəsinə verilməsi və aliment tutulması hissəsində yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

17. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsaslı sayır və hesab edir ki, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə işin müəyyən edilən həqiqi hallarına uyğun gəlmədiyindən və maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmadığından qətnamə mübahisələndirilən hissədə ləğv edilməli və həmin hissədə ilk iddianın rədd, qarşılıqlı iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmalıdır.

18. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır.

19. Birinci instansiya məhkəməsi araşdırma nəticəsində xx.xx.2015-ci il təvəllüdlü Ayselin anası Cavabdeh ilə bağlı fikirlərinə və ünsiyyətdə olmaq istəyinə kənar psixoloji təsir əlamətlərinin olduğunu müəyyən etsə də, Ayselin qardaşından ayrılıb anasının himayəsinə verilməsinin hər iki uşağın psixoloji vəziyyətinə mənfi təsir göstərəcəyini və hazırkı vəziyyətdə Ayselin anası ilə qalmağa hələ hazır olmadığını, bununla bağlı mütəmadi görüşlərin keçirilməli olduğunu, ana-qız arasında bağlılıq yaranmalı olduğunu qeyd edərək qarşılıqlı iddianın əsassız olduğu qənaətinə gəlmişdir.

20. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, Cavabdeh qarşılıqlı iddia verməkdə məqsədi uşaqları bir-birindən ayırmaq deyil, onların hər ikisini öz himayəsinə almaqdan ibarətdir. Onun iddia tələbi məhz bu barədədir.

21. Digər tərəfdən, həm birinci instansiya məhkəməsində, həm də apellyasiya baxışı zamanı uşaqların ananın himayəsinə verilməsini məhdudlaşdıran və bununla bağlı uşaqların mənafeyinə zidd olan hər hansı hal müəyyən edilməmişdir. Birinci instansiya məhkəməsinin özünün də qətnamədə qeyd etdiyi kimi, xx.xx.2015-ci il təvəllüdlü Ayselin anası Cavabdeh ilə bağlı fikirlərinə və ünsiyyətdə olmaq istəyinə kənar psixoloji təsir əlamətləri vardır. Bu fakt istər birinci instansiya məhkəməsində, istərsə də apellyasiya baxışı zamanı (əlavə) keçirilmiş məhkəmə psixoloji ekspertizaların rəyləri ilə tam təsdiq olunur. Apellyasiya baxışı zamanı Aysel dinlənilərkən onun anası ilə bağlı söylədikləri sözlərin də onun öz sözləri olmadığı açıq şəkildə görünür. Uşaq və Gənclər üçün Sosial Reabilitasiya Mərkəzinin xx.xx.2023-cü il tarixli məktubunda da Ayselin ata tərəfindən təsirlərə məruz qaldığı qeyd olunmuşdur.

22. Məhkəmə kollegiyası hesab edir ki, tərəflər arasında onların toqquşan maraqlarından azyaşlı uşaqların zərər görməməsi üçün onlar bir-birindən ayrılmamalı və hər ikisi ananın yanında saxlanılmalıdır.

23. Məhkəmə kollegiyası uşaqların ananın himayəsinə verilməsini onların maraqlarına, həm də bu maraqlarda ifadə olunan ictimai mənafeyə uyğun sayır və qeyd edir ki, uşaqların ananın yanında qalması cavabdeh ataya mane olmur ki, bir valideyn kimi istədiyi vaxt uşaqları ilə ünsiyyət saxlasın və onların tərbiyəsi, inkişafı üçün əlindən gələni etsin.

24. Məhkəmə kollegiyasının qənaətinə görə uşaqlar valideynlər arasındakı gərgin münasibətdən əziyyət çəkməməlidirlər və bu münasibətdən asılı olmayaraq onlar, yəni hazırkı işdə bacı-qardaşlar öz aralarındakı münasibətlər çərçivəsində ailə həyatına hörmət hüququna malikdirlər və onların bir-birindən ayrı yaşamağa məhkum edilmələri bu hüququ pozmuş olar.

25. Məhkəmə kollegiyası bu qənaətə gələrkən həmçinin onu da nəzərə alır ki, İddiaçı yenidən evlənmişdir, arvadı hamilədir və bununla bağlı özünün kifayət qədər qayğıları var.

26. Avropa İnsan Hüquqları Məhkəməsinin xx.xx.1988-ci il tarixli “Olsson İsveçə qarşı” iş üzrə qərarından görünür ki, İsveçin dövlət orqanları eyni valideynlərə malik olan uşaqları bir-birindən ayrı yaşamağa məhkum etmişdir. Avropa İnsan Hüquqları Məhkəməsi həmin iş üzrə qərarında qeyd etmişdir ki, doğma bacı və qardaşlar uşaqlarla valideynlər arasındakı münasibətdən asılı olmayaraq öz aralarındakı münasibətlər çərçivəsində ailə həyatı hüququna malikdirlər və İsveç höküməti üç qardaşı bir-birindən ayrı saldığına görə “İnsan Hüquqları və X3 üzrə Avropa Konvensiyası”nın şəxsi və ailə həyatına hörmət hüququnu nəzərdə tutan 8-ci maddəsinin tələblərini pozmuşdur.

27. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, cavabdehin işləməməsi, yaxud gəlirlərinin az olması uşaqların onun himayəsinə verilməsindən imtina üşün tutarlı əsas ola bilməz. Həm də, işdən müəyyən olunmuş hallarından göründüyü kimi ana hazırda işləyir və sabit əmək haqqı alır.

28. Məhkəmə kollegiyası onu da qeyd edir ki, tərəflər arasındakı nikah pozulduqdan sonra uşaqların atanın himayəsində qalması və buna ananın razılıq ərizəsi yazması uşaqların hazırda ananın himayəsinə verilməsinə mane ola bilməz. Digər tərəfdən, işin araşdırılan hallarından həmin razılıq ərizəsinin böyük basqı, təzyiq altında verildiyi aydın görünür.

29. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən apellyasiya şikayətinin dəlillərini əsaslı sayır və hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə ləğv edilməli, həmin hissədə yeni qətnamə çıxarılmaqla ilkin iddia rədd, qarşılıqlı iddia təmin olunmalıdır.

30. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

31. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

32. Qanunvericiliyin mənasına görə, sübutların qiymətləndirilməsi təfəkkür prosesi olub, iş üzrə toplanmış sübutetmə materialının həm qanunun tələbinə uyğunluğunun, həm də tamlığının, işə aidliyinin, mümkünlüyünün, obyektivliyinin, mötəbərliyinin müəyyən edilməsini və onların əsasında nəticəyə gəlinməsini ehtiva edir. Sübutların düzgün qiymətləndirilməsi baxılan işin mahiyyəti üzrə həll edilərək, qanuni və əsaslı qətnamənin çıxarılması üçün mühüm əhəmiyyət kəsb edir. Sübut o halda mötəbər hesab olunur ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatlar işin həqiqi halına uyğun olur.

33. Məhkəmə kollegiyası işin müəyyən edilən faktiki hallarını və sadalanan qanunvericilik normalarının tələblərini nəzərə alaraq hesab edir ki, qətnamədə göstərilmiş nəticə işin hallarına uyğun gəlmədiyindən və bununla da maddi və prosessual hüquq normaları pozulduğundan qətnamə ləğv edilməli və ilk iddianın rədd, qarşılıqlı iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmalıdır (MPM-nin 385.1.1, 385.1.4-cü maddələri).

34. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

35. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 385.1.1, 385.1.4, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti təmin olunsun. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 05 aprel 2023-cü il tarixli qətnaməsi ilk iddianın təmin edilən və qarşılıqlı iddianın rədd olunan hissələrində ləğv edilsin və ləğv olunan hissədə yeni qətnamə çıxarılsın. İddiaçı Cavabdeh qarşı aliment təlbinə dair iddiası təmin edilməsin. Qarşılıqlı iddia təmin olunsun. xx.xx.2015-ci il təvəllüdlü Aysel və xx.xx.2018-ci il təvəllüdlü Atilla ataları İddiaçı himayəsindən alınıb anaları Cavabdeh himayəsinə verilsinlər. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar