Məhkəmə qərarları › İş №2(103)-4044/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4044/2021

07.04.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4044/2021 07.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Dadaşzadə Günay Möhübbət qızının katibliyi ilə, İddiaçı Cavabdeh, Cavabdeh İddiaçı nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh İddiaçı qarşı uşaqların atanın yanında saxlanılması tələbinə dair iddia ərizəsi ilə bağlı mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli 2(001)-181/2021 saylı qərardadından cavabdeh tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı uşağın atadan alınması tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, birgə nikahlarından doğulmuş uşaqları---xx xxxxxx 2012-ci il təvəllüdlü X2 və xx xxxxxx 2015-ci il təvəllüdlü X1 Cavabdeh dərhal alınaraq onun himayəsinə verilməsi barədə ilk iddia ərizəsi, Cavabdeh isə İddiaçı qarşı uşaqların atanın yanında qalmaları və tutulan maddi vəsaitin qaytarılması tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh sonradan iddia tələbinin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, birgə nikahlarından doğulmuş uşaqlarının onun yanında saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etmiş və aliment tələbinin olmamasını bildirmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(001)-181/2020 saylı qərardadına əsasən İddiaçı Cavabdeh qarşı uşaqların atadan alınaraq ananın himayəsinə verilməsi tələbinə dair ilkin iddia ərizəsi baxılmamış saxlanılmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(001)- 181/2020 saylı qiyabi qətnaməsi ilə qarşılıqlı iddia təmin edilmişdir. Cavabdeh İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qiyabi qətnaməsinin ləğv edilməsini, işə əyani qaydada baxılması üçün icraatın təzələnməsini xahiş etmişdir. Qiyabi qətnamənin ləğvi barədə ərizə onunla əsaslandırılmışdır ki, Yevlax rayonunda qeydiyyatda olsa da, faktiki olaraq Bakı şəhərində yaşayır. Məhkəmənin hazırlıq iclasında iştirak etdikdən sonra qarşılıqlı iddiaçı onu hədələyərək məhkəmə iclaslarına çıxmamasını bildirmişdir. TƏBİB-in Bakı şəhər Baş Səhiyyə İdarəsinin 18 nömrəli Birləşmiş Şəhər xəstəxanasında tibb bacısı işləyir. Xəstəxananın xx.xx.2020-ci il tarixli 6 nömrəli əmri ilə Covid-19 pandemiyasının yayılması səbəbindən gücləndirilmiş iş rejiminə keçilməsi ilə əlaqədar olaraq hava limanına ezam olunmuşdur. Qeyd olunan səbəblərdən məhkəmə iclaslarının yeri və vaxtı barədə məlumatı olmamışdır. Çıxarılmış qiyabi qətnamədən Bakı şəhəri Xətai rayon İcra və Probasiya Şöbəsi vasitəsilə məlumat almışdır. Buna görə də qiyabi qətnamənin ləğv olunub işə yenidən əyani icraat qaydasında baxılmasını xahiş edir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli 2(001)- 181/2021 saylı qərardadı ilə qiyabi qətnamənin ləğv edilməsi barədə ərizə təmin edilməmişdir. Cavabdeh İddiaçı həmin qərardaddan şikayət verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayət qiyabi qətnamənin ləğv olunması barədə ərizədə göstərilən dəlillərlə əsaslandırılmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli 2(001)- 181/2021 saylı qərardadı ilə cavabdehin şikayəti təmin edilməmiş, şikayət mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi şikayəti müdafiə edərək təmin edilməsini, iddiaçı isə şikayətin təmin edilməməsini məhkəmədən xahiş etdilər. İş materiallarından görünür ki, 2(001)-181/2020 saylı mülki iş xx xxxx 2019-cu il tarixində Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin icraatına daxil olmuşdur. İddiaçı xx xxxx 2019-cu il tarixində keçirilən məhkəmənin hazırlıq iclasında iştirak etmiş, həmin tarixdən sonra yekun məhkəmə aktı qəbul edilənədək məhkəmə iclaslarında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Binəqədi RİH nəzdində Qəyyumluq və Himayəçilik Komissiyasının rəyinə əlavə edilən xx.xx.2019-cu il tarixli telefonoqramdan görünür ki, İddiaçı məhkəmənin xx.xx.2019-cu il tarixli qərardadının icrası üçün komissiyada iştirak etməsi üçün çağırılsa da, o, uşaqlarının yanında olması səbəbindən mülki işin rəy verilmədən məhkəməyə qaytarılmasını xahiş etmişdir. xx.xx.2019-cu il tarixində İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək məhkəmənin ədalətinə güvəndiyini və məhkəmənin verdiyi qərarı qəbul edəcəyini bildirmişdir. Məhkəmənin xx.xx.2019-cu il tarixli 2(001)-3517/2019 saylı qərardadı ilə rəy alınması üçün iş yenidən Binəqədi RİH nəzdində Qəyyumluq və Himayəçilik Komissiyasına göndərilmişdir. Rəyə əlavə olunan telefonoqramdan görünür ki, komissiya tərəfindən onunla telefon vasitəsi ilə əlaqə saxlanılmış, İddiaçı isə komissiya tərəfindən təyin ediləcək vaxtda uşaqların dərsdə olması səbəbindən onları gətirə bilməyəcəyini, özünün isə tək gələcəyini bildirsə də, komissiyanın iclasında iştirak etməmişdir. Bu səbəbdən məhkəmə mübahisənin ədalətli həlli üçün mülki işi rəy verilməsi üçün xx.xx.2020-ci il tarixli 2(001)-181/2020 saylı qərardadı ilə yenidən İddiaçı qeydiyyatda olduğu rayon üzrə Yevlax Rayon İcra Hakimiyyəti başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasına göndərmişdir. Komissiya öz rəyində qeyd etmişdir ki, İddiaçı ilə əlaqə saxlanılmış, o isə ünvan 1 ünvanında qeydiyyatda olmasına baxmayaraq, hal-hazırda Bakı şəhərində yaşadığını bildirmiş, lakin yaşadığı ünvanı bildirməkdən imtina etmişdir. Göründüyü kimi, İddiaçı məhkəmə iclaslarında iştirak etməsə də, qaldırdığı iddia tələbi üzrə mülki işin məhkəmənin icraatında olmasından və baxılmasının davam etdiyindən məlumatı olmuşdur. Cavabdeh məhkəmə iclasları barədə bildirişlərin ona çatdırılmadığını bildirsə də, məhkəmədə iddia qaldırdığı zaman məhkəməyə qeydiyyat ünvanı barədə məlumat təqdim etmiş, faktiki ünvanı barədə rəsmi məlumat verməmişdir. Həmçinin cavabdeh məhkəməyə müxtəlif vaxtlarda ərizə ilə müraciət etsə də, iclaslarda iştirak edə bilməməsinin üzrlü səbəbləri barədə məhkəməyə teleqram, ərizə və s. ünvanlamamış, eyni zamanda faktiki ünvanı barədə məlumat verməmişdir. Halbuki, o, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 146-cı maddəsinə əsasən, iş üzrə icraat zamanı öz ünvanını dəyişdirməsi barədə məhkəməyə məlumat verməli idi. Bundan başqa cavabdeh Komissiyaya ünvanladığı müraciətlərdə və tərtib edilmiş telefonoqramda Bakı şəhərində daimi yaşayış yerinin olmadığını bildirmişdir. Onun iddia ərizəsində qeyd etdiyi telefon nömrəsinə bütün məhkəmə iclasları barədə AZEMİS vasitəsilə sms bildiriş göndərilmişdir. Odur ki, cavabdehin məhkəmə iclasları barədə məlumatı olmuş və iclaslara gələ bilməməsi və ya hər hansı üzrlü səbəbdən məhkəmə iclaslarında iştirak edə bilməyəcəyi barədə vaxtında məlumat vermək imkanı olmuşdur. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, ilk iddianı İddiaçı qaldırsa da, yalnız xx xxxx 2019-cu il tarixdə məhkəmənin hazırlıq iclaslarında iştirak etmiş, məhkəmə baxış iclaslarında iştirak etməmiş, onun iddia ərizəsi baxılmamış saxlanılsa da, həmin qərardaddan şikayət verməmiş, işin baxılmasında maraqlı olmamasını nümayiş etdirmişdir. Birinci instansiya məhkəməsində işə onun iştirakı ilə baxılması üçün zəruri olan bütün addımlar atılmışdır. Cavabdeh İddiaçı xx.xx.2020-ci il tarixdən tibb işçisi kimi koronaviruslu xəstələrin müalicəsinə cəlb olunduğuna görə məhkəmə iclalarından məlumatlı olmadığını bildirmişdir. Halbuki, İddiaçı iddia ərizəsi bundan 1 il əvvəl---xx xxxx 2019-cu il tarixdə, Cavabdeh qarşılıqlı iddia ərizəsi isə xx xxxxx 2019-cu il tarixdə məhkəməyə daxil olmuş və dəfələrlə məhkəmə iclasları keçirilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 250-ci maddəsinə əsasən əgər məhkəmə cavabdehin iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməməsini və ya cavabdehin üzürlü səbəblərdən məhkəmə iclasına gəlməməsini vaxtında məhkəməyə bildirməyə imkanının olmamasını müəyyən etsə, qiyabi məhkəmə qətnaməsi ləğv edilməlidir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsi qiyabi qətnamənin ləğvi haqqında cavabdeh İddiaçı ərizəsini təmin etməməkdə haqlı olmuşdur. Buna görə də şikayət təmin edilməməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli 2(001)-181/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 398-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Şərh edilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398 və 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Qiyabi qətnamənin ləğvi haqqında ərizənin təmin edilməməsi barədə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli 2(001)-181/2021 saylı qərardadından cavabdeh İddiaçı şikayəti təmin edilməsin, qərardad dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar